Məhkəmə qərarları › İş №e-2(006)-3385/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3385/2022

19.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3385/2022 19.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abidova Günay Çingiz qızı, İddiaçı ASC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli bank hesabı müqaviləsinə əsasən cavabdehin adına plastik kart hesabı açılmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq hesab sahibi olan Cavabdeh açılmış AZ91AZEN******************** saylı plastik kart hesabına daxil olan pul vəsaitlərini qəbul etməyi və hesaba salmağı, hesabdan pul vəsaitlərini köçürməyi və verməyi, habelə hesab üzrə digər əməliyyatların aparılmasına dair imkan yaradılır. Bu müqavilənin şərtlərinə əsasən hesab üzrə əməliyyatlar hesabda mövcud olan pul vəsaiti həcmində aparılır. Həmin vəsaitin həcmindən artıq məbləğ istifadə edildikdə texniki Overdraft yaranır. (Overdrat – hesabda olan qalıq vəsaitdən artıq miqdarda vəsaitin xərclənməsi) və hesab sahibi Bankın tələbi ilə müvafiq vəsaiti Banka dərhal qaytarmalıdır. Lakin Cavabdeh tərəfindən plastik kart hesabında olan vəsaitin həcmindən artıq məbləğdə vəsait istifadə edilib və vaxtında banka ödəniş edilməmiş, yəni öhdəlik yarandığı tarixdən bu günədək öhdəliyi icra etməyərək müqavilənin 4.11 və 4.13-cü bəndlərini pozmuşdur. xx.xx.2018-ci il tarixli Bank hesabı müqaviləsinin 4.12-ci bəndində overdraftın yaranma səbəbləri göstərilir. Belə ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh cari hesabında 1410,89 manat məbləğində pul vəsaiti var idi. Həmin gün onun hesabından offline qaydada (şəbəkədən xaric) HOS Elite internet vasitəsi ilə 1475,68 manat məbləğində pul vəsaiti silinmişdir. Silinmə aparılan zaman onun kart hesabında kifayət qədər pul vəsaiti mövcud olmamışdır. Odur ki, hər hansı şirkətlərin internet səhifəsində qeydiyyatda keçdiyi zaman ödənişlərin aparılması üçün müştərilər öz bank hesabı məlumatlarını təqdim edir və həmin məlumatlar onların online bazasında saxlanılır. Həmin şirkətlərə internet vasitəsi ilə ödənişlər edilərkən kart balansında yetərincə pul vəsaiti olmasa da lazım olan ödəniş civarında pul vəsaiti offline qaydada qəbul edilir və daha sonra kart hesabı olan banka məlumat göndərilir. Məlumat daxil olduqdan sonra kartda kifayət qədər pul vəsaiti olmadığına görə silinmə bank hesabından aparılmış və bu səbəbdən də 64,79 manat məbləğində overdraft yaranmışdır. Cavabdeh onun kart hesabında kifayət qədər pul vəsaitinin mövcud olmadığı barədə məlumatı olmasına baxmayaraq, bu ödənişi etmiş və balansa lazım olan məbləğdə pul vəsaiti mədaxil etməmişdir. Yuxarıda qeyd olunan halların baş verməsi əməliyyat sistemlərində (Azəricard, Millikart, Visa, Mastercard) mövcud olan nöqsanlar səbəbindən baş verir və gələcəkdə bu cür halların baş verməməsi üçün təkmilləşdirmə işləri aparılır. Cavabdehə xəbərdarlıq məktubu təqdim edilərək ona mübahisənin məhkəməyə qədər nizama salınması təklif edilmişdir. Həmçinin, cavabdehə dəfələrlə verilmiş şifahi xəbərdarlıqlara baxmayaraq, o, üzərinə düşən öhdəlikləri icra etməmişdir. xx.xx.2022-ci il tarixinə borclunun Bank hesabı müqaviləsinə əsasən overdraft üzrə 64,79 manat məbləğində əsas borcu yaranmışdır. Göstərilənlərə əsasən, iddiaçı cavabdehdən şəxsi bank hesabında olan qalıq vəsaitindən artıq miqdarda xərclədiyi 64,79 (altmış dörd manat, yetmiş doqquz qəpik) manat məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 30.40 (otuz manat, qırx qəpik) manat məbləğində vəsaitin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllənin) 284-1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən məhkəməyə təqdim edilmiş məlumat sənədində cavabdehin qeydiyyatda olduğu ünvanda yaşamaması qeyd edilmişdir. Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə görə, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 543555/20180704 №-li bank hesabı müqaviləsindən görünür ki, “Bank” “Hesab sahibi”nə hesab açmağı, açılmış hesaba daxil olan pul vəsaitlərini qəbul etməyi və hesaba salmağı, hesabdan pul vəsaitlərini köçürməyi və verməyi, habelə hesab üzə digər əməliyyatların aparılmasına dair “Hesab sahibi”nin sərəncamlarını yerinə yetirməyi, “Hesab sahibi” isə Bankın qüvvədə olan tarifləri əsasında müəyyən edilmiş limitləri qəbul etməyi, bu limitlərə riayət etməyi, göstərilən bank xidmətlərinə görə müvafiq komisyon haqlar ödəmək və limitdən artıq pul vəsaitini istifadə edərsə, yaranmış overdraftı ödəməyi öhdəsinə götürür. Mülki işin materiallarında olan İddiaçı ASC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə 543555/20180704 №-li bank hesabı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə AZ91AZEN******************** saylı bank hesabında olan qalıq vəsaitindən artıq miqdarda (overdraft hesabına) istifadə edilmiş vəsait üzrə 64,79 (altmış dörd manat, yetmiş doqquz qəpik) manat borcu vardır. Mülki işin materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, cavabdehə bank hesabı müqaviləsi üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Mülki işin materiallarında olan İddiaçı ASC tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, ərizənin verilməsinə görə 30 (otuz) manat rüsum ödənilmiş, 0.40 manat isə xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 543555/20180704 №-li bank hesabı müqaviləsinə əsasən, bank tərəfindən cavabdehin adına plastik kart hesabı açılmışdır. Müqavilənin şərtlərinə əsasən “Bank” “Hesab sahibi”nə hesab açmağı, açılmış hesaba daxil olan pul vəsaitlərini qəbul etməyi və hesaba salmağı, hesabdan pul vəsaitlərini köçürməyi və verməyi, habelə hesab üzə digər əməliyyatların aparılmasına dair “Hesab sahibi”nin sərəncamlarını yerinə yetirməyi, “Hesab sahibi” isə Bankın qüvvədə olan tarifləri əsasında müəyyən edilmiş limitləri qəbul etməyi, bu limitlərə riayət etməyi, göstərilən bank xidmətlərinə görə müvafiq komisyon haqlar ödəmək və limitdən artıq pul vəsaitini istifadə edərsə, yaranmış overdraftı ödəməyi öhdəsinə götürür. Bank tərəfindən üzərinə götürdüyü öhdəliklər yerinə yetirilsə də, borclu müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, müqavilə üzrə üzərinə düşən öhdəliyini tam icra etməmiş və nəticədə onun İddiaçı ASC-yə xx.xx.2018-ci il tarixli müqavilə üzrə 64,79 (altmış dörd manat, yetmiş doqquz qəpik) manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə, özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2018-ci il tarixli bank hesabı müqaviləsi üzrə şəxsi bank hesabında olan qalıq vəsaitindən artıq miqdarda xərclədiyi 64,79 (altmış dörd manat, yetmiş doqquz qəpik) manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumu, 0.40 manat isə bank xidmət haqqının əvəzi olmaqla, ümumilikdə 95,19 manat məbləğində pul alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 76.1 və 76.2-ci maddələrinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli bank hesabı müqaviləsi üzrə 64,79 (altmış dörd manat, yetmiş doqquz qəpik) manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumu, 0.40 manat isə bank xidmət haqqının əvəzi olmaqla, ümumilikdə 95,19 manat məbləğində pul alınaraq İddiaçı ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar