Məhkəmə qərarları › İş №e-2(006)-3422/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3422/2025

05.08.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3422/2025 05.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X9 oğlunun katibliyi, İddiaçı, vəkili-nümayəndəsi Vəkil, Cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı X6 Xidməti və “Dövlət Mülki Aviasiya Agentliyi” PHŞ mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh "xxxx" QSC-yə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə:

1. İddiaçı X6 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh "xxxx" QSC-yə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə xx.xx.2024-cü il tarixdə bağlanmış müddətsiz əmək müqaviləsinə Azərbaycan Respubikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndi ilə xitam verilməsinə dair cavabdeh tərəfindən 18 fevral 2025-ci il tarixdə verilmiş 122/ş saylı Əmrin ləğv edilməsi, əvvəlki vəzifəyə (işə) bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2010-cu ildə Milli Aviasiya Akademiyasını bitirmiş, 2010-2011-ci illərdə hərbi xidmətdə olmuşdur. 2011-2013-cü illər ərzində Zabrat aeroportunda 155 saat uçuş təlimi keçmiş, təlimlərdə olduğu müddətdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Administrasiyasında 14 ATPL imtahanlarını verərək 2013-cü ildə CPL pilot şəhadətnaməsinə yiyələnmişdir.

3. İddiaçı Azərbaycan Milli Aviasiya Akademiyasında ali təhsil alaraq “mühəndis-təyyarəçi, hava gəmilərinin uçuş istismarı” ixtisası üzrə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə 23 may 2017-ci il tarixdən müddətsiz Əmək müqaviləsi (kontraktı) bağlamış, əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq (Müqavilənin 2.1 və 2.2-ci bəndləri) 3 ay sınaq müddəti ilə əmək fəaliyyətinə başlamışdır. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Sərnişin Aviasiya Şirkətinin Heyətin Hazırlığı İdarəsinin Embraer-170/190 hava gəmisinin stajçı pilotu kimi işimi davam etdirmiş, Azərbaycan Respublikası Əmək Məcəlləsində və “Beynəlxalq Aviasiya haqqında” Qanuna uyğun olaraq “Əmək müqaviləsi” üzrə işçinin funksiyalarını tamamilə, qüsursuz yerinə yetirmişdir. Ümumi olaraq 1919 saat 55 dəqiqə uçuş saatı var. İşlədiyi müddət ərzində heç bir təhlükəsizlik qaydalarını pozmayıb, sərnişinlərin təhlükəliliyinə heç bir şərait yaratmamışdır. Heyyətdə olan bütün Embraer 170/190 təyyarəsinin kapitanları ilə uçuşlar yerinə yetirmişdir. Uçduğu uçuş müddətində onların heç biri iddiaçı haqqında mənfi rəy bildirməyib. Şəxsi işi yoxlanılıb. Heç bir qüsur tapılmayıb. İldə iki dəfə tələb olunan uçuş təlim simulyatorunda imtahanlar vermişdir. Altı dəfə Fransa, bir dəfə Hollandiya, bir dəfə Rusiya Federasiyasında və bir dəfə Türkiyə Respublikasında təlimdə olmuşdur. Uçduğu təyyarə tipləri Cessna-172S, Atr-72, Diamond-20, Diamond-42, Piper-28, Embraer-170, Embraer-

190. Hər il keçirilən təlimlərdə iştirak edib, bütün imtahanları yüksək nəticə ilə vermişdir. Flyco onlayn imtahanlarından ildə iki dəfə uğurla keçmişdir. 17 oktyabr 2018-ci il tarixdə yeni, müddətsiz “Əmək müqaviləsi” bağlanmış, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Sərnişin Aviasiya Şirkətinin Heyətin Hazırlığı İdarəsinin Embraer 170/190 hava gəmisinin 2-ci pilotu vəzifəsinə təyin edilmişdir. İşlədiyi müddət ərzində müqavilə üzrə nəzərdə tutulmuş tədris-təlimlərdə iştirak etmiş, xx.xx.2018-ci il tarixli “Əmək müqaviləsi”nə dəyişiklik edilmiş (Müqavilənin 8.2 bəndinə 12 yarım bəndlə əlavələr edilmişdir), əlavədə həmçinin, Cəmiyyətin xx.xx.2021-ci il tarixli 374 saylı Əmri ilə "xxxx" Sərnişin Aviasiya Şirkətinin Uçuşların İstehsalı İdarəsinin Uçuş xidmətinin Embraer 170/190 hava gəmisinin 2-ci pilotu İddiaçı oluna xx.xx.2022-ci il tarixdən etibarən təsbit olunmuş 6800 manat əmək haqqı təyin edilməsi əks olunmuşdur. Əmək müqaviləsi üzrə işçinin funksiyalarını layiqincə yerinə yetirdiyi nəzərə alınmaqla xx.xx.2024-cü il tarixdə cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin yeni işəgötürəni (Nümayəndə) ilə müddətsiz “Əmək müaviləsi” bağlanmış, 09 yanvar 2024-cü il tarixdən Uçuşların İstehsalı İdarəsinin Uçuş xidmətinin Embraer-190 HG-nin ikinci pilotu vəzifəsində hesab olunmağı, aylıq əmək haqqının 1207 manat ödənilməsi (Əmək müqaviləsinə əlavə, Müqavilənin 8.2-ci maddəsi) təsdiq edilmişdir. Xidmətdə olduğu müddət ərzində müqavilə və əlavə olunmuş digər şərtləri yerinə yetirdiyi halda, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti 2024-cü ilin sonu və 2025-ci ilin fevral ayında bir neçə dəfə iddiaçıya könüllü olaraq ərizə yazıb (öz xahişi ilə) işdən çıxmağı təkid etmiş, əks təqdirdə ixtisas üzrə digər iş yerlərində işləyə bilməyəcəyini bildirmişdir. İddiaçı bu halla razılaşmadığı üçün, 18 fevral 2025-ci il tarixdə Cəmiyyət rəhbərliyinin 122/ş saylı Əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin “e” bəndinə əsasən (tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hal olaraq uçuş işinin həyata keçirilməsinə buraxılmaq hüququnu təsdiq edən sənədlər ləğv edildikdə və ya qüvvəsi dayandırıldıqda və ya uçuş işinın yararsız olduğu haqqında Tibbi komissiyanın rəyi olduğu əsası ilə) bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmrdən çıxarış İnsan Resursları İdarəsi İR əməliyyatları şəbəsində xx.xx.2025-ci il tarixdə iddiaçıya təqdim edilsə də, Əmrin tam mətni, əmək kitabçası və digər haqq-hesab sənədləri (ödənclər) bu günədək ona verilməmişdir. Etirazını təkrar olaraq bildirsə də, nəticəsi olmamışdır. Cavabdehin hərəkətləri nəticəsində iddiaçı işsiz qalmaqla bərabər, aylıq əmək haqqından da məhrum olmuşdur. Həmin gündən hazıradək mənəvi cəhətdən sarsılmış, maddi çətinliklərlə üzləşmiş, dolayısı yollarla təzyiqlərə məruz qalmışdır. “Əmək müqaviləsi”ndə (Müqavilənin 3.1-3.1.21-ci bəndləri) göstərilən işçinin funksiyalarına layiqincə əməl etməyinə baxmayaraq, barəsində verilmiş Əmri əsassız hesab edir. Mübahisənin qarşılıqlı anlaşma qaydasında həlli mümkün olmadığından, xx.xx.2025-ci il tarixdə Əmək qanunvericiliyinə dövlət nəzarətini həyata keçirən səlahiyyətli orqana, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə müraciət etmişdir. Əmək Müfəttişliyi Bakı şəhər İdarəsi tərəfindən müraciət qeydiyyata alınmış və iddiaçıya xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərdə bildirilmişdir ki, “qanunvericilikdə nəzərdə tutulmuş müddətə müraciətə baxılıb cavabı ünvanınıza göndəriləcəkdir”. DƏMX-i 05 may 2025-ci il tarixli 3-17-5/2-M-40769/2025 saylı cavabla bildirilmişdir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Əmək Müfəttişliyi Bakı şəhər İdarəsinə müvafiq sənədlər təqdim edildiyi təqdirdə müraciətinizə baxılaraq cavab veriləcəkdir. Bununla yanaşı, Xidmət nümayəndəsi cavabı iddiaçıya təqdim etdiyi zaman, “Cəmiyyət bizə sənəd təqdim etmir, məhkəməyə müraciət et, məhkəmədə bizim nümayəndə də iştirak edəcəkdir” demişdir. Təəssüf olsun ki, hazırkı iddianı məhkəməyə təqdim etdiyi günədək DƏMX tərəfindən əlavə məlumat verilməmişdir. Bundan sonra əmək mübahisələrinin məhkəməyədək həlli baxımından, 07 may 2025-ci il tarixdə aidiyyəti üzrə Bakı 3 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Cavabdeh Cəmiyyət Mediasiya prosesində iştirak etmədiyindən, məcbur olub hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət edir. Aldığı ali təhsilə uyğun eyni sistemdə qüsursuz işlədiyinə baxmayaraq Cəmiyyət rəhbərliyinin iddiaçı barəsində verdiyi Əmr qanuna ziddir. Çünki, onun qüsursuz xidməti əmək fəaliyyəti Cəmiyyət tərəfindən nəzərə alınmamış, müqavilə şərtlərinə əməl etməyinə baxmayaraq, əmək müqaviləsinə xitam verilməsi əsasları üzrə gəlinmiş nəticə qəbul edilməzdir və qərəzli xarakter daşıyır. İddiaçı hesab edir ki, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndi ilə işdən kənarlaşdırılmağı, onunla müddətsiz bağlanmış əmək müqaviləsinə xitam verilməsi rəhbərlik tərəfindən Əmək qanunvericiliyinin pozulması sayılr. Müqavilənin 9.5.2-ci bəndinə müvafiq olaraq səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışması sağlamlığı üçün təhlükəli olduğu barədə səhiyyə müəssisəsinin müvafiq rəyi olduqda əsası göstərilmişdir. İddiaçı Cəmiyyətdə xidmət etdiyi müddət ərzində Tibbi komissiyanın rəyi ilə həmişə sağlam hesab edilmiş və bu barədə rəylər verilmişdir. Bu əsasla onunla bağanmış Müqaviləyə birtərəfli qaydada xitam verilə bilməz. Barəsində verilmiş xx.xx.2025-ci il tarixli 122/ş saylı Əmrin tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hal olaraq uçuş işinin həyata keçirilməsinə buraxılmaq hüququnu təsdiq edən sənədlər ləğv edildikdə və ya qüvvəsi dayandırıldıqda əsası isə, tərəfimizdən Əmək müqaviləsinə edilmiş əlavələrdə əks olunmamışdır. xx.xx.2024-cü il tarixdə cavabdehlə aramızda bağlanmış Müqaviləyə əsasən əmək fəaliyyətinin davam etdirilməsi həmin əsasla Əmək müqaviləsinə xitam verilməsi halı təkzib olunur. Digər baxımdan, cavabdehin mənə qarşı tutduğu mövqe qərəzli omaqla bərabər, həm də ayrı-seçkilik etmək baxımndan da qəbul edilməzdir. İddiaçı hesab edir ki, əmək qanunvericiliyinin tələblərinə əməl edilməməklə cavabdeh tərəfindən onun barəsində verilmiş Əmr məhkəmə qaydasında ləğv edilməli, iddiaçının əvvəlki pilot vəzifəsinə bərpa olunmağı barədə qərar qəbul edilməlidir.

4. Cavabdeh "xxxx" QSC məhkəməyə ərizə təqdi edərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Ərizə onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2024-cü il tarixdə bağlanmış əmək müqaviləsinin (elektron müqavilə) 9-cu bəndində əmək müqaviləsinə xitam verilməsinin əsasları göstərilmişdir. Həmin əsaslardan biri kimi “uçuş işinin həyata keçirilməsinə buraxılmaq hüququnu təsdiq edən sənədlər ləğv edildikdə və ya qüvvəsi dayandırıldıqda və ya uçuş işinə yararsız olduğu haqqında müvafiq tibbi komissiyanın rəyi olduqda” (əmək müqaviləsinin 9.5.8-ci bəndi) şərti müəyyən edilmişdir. Dövlət Mülki Aviasiya Agentliyi (DMAA) tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli 124-1-7/3677-22 nömrəli məktubunda bildirilir ki, Beynəlxalq Mülki Aviasiya Agentliyi aparılmış audit yoxlamasının nəticəsinə uyğun olaraq DMAA-nın xx.xx.2022-ci il tarixli 81 nömrəli əmri ilə 134 pilotun mülki aviasiya pilotunun şəhadətnamələrinin hüquqi qüvvəsi xx.xx.2022-ci il tarixdən etibarən dayandırılmışdır. Bu barədə İddiaçı məxsus kommersiya pilotunun şəhadətnaməsinə əlavədə “suspended” dayandırılıb qeydi yazılmışıdır. Uçuş işinin həyata keçirilməsinə buraxılmaq üçün müvafiq sənədlərin yenilənməsi, bunun üçün lazımlı təlimlərdə iştirak üçün cavabdeh tərəfindən iddiaçı ilə dəfələrlə əlaqə saxlansa da onun tərəfindən müvafiq addımlar atılmamışdır. Bununla da işəgötürənin əmək müqaviləsinin 9.5.8-ci bəndində göstərilən əsasla (uçuş işinin həyata keçirilməsinə buraxılmaq hüququnu təsdiq edən sənədlər ləğv edildikdə və ya qüvvəsini dayandırdıqda) əmək müqaviləsinə xitam vermək hüququ yaranmışdır. İşəgötürən tərəfindən əmək müqaviləsinin 9.5.8-ci bəndinə istinad etməklə həmin müqaviləyə xitam verilməsi Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndinin və 75-ci maddəsinin 2-ci hissəsinin “d” bəndinin tələblərinə uyğundur.

6. Cavabdeh "xxxx" QSC ərizə ilə məhkəməyə müraciət edərək iddia müddəti ötürüldüyü üçün İddiaçı iddia tələbinə Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş iddia müddətinin tətbiq edilməklə “əmrin ləğv edilməsi və s.” iddia tələblərinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı “iddia tələbinin dəqiqləşdirməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında xx.xx.2024-cü il tarixdə bağlanmış müddətsiz əmək müqaviləsinə Azərbaycan Respubikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndi ilə xitam verilməsinə dair cavabdeh tərəfindən 18 fevral 2025-ci il tarixdə verilmiş 122/ş saylı əmrin ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəyə (işə) bərpa olunması, onun məhkəməyə müraciət etdiyi günədək maddi ziyan olaraq 136.679 manat məbləğində düzgün hesablanmamış əmək haqqı və son haqq-hesabın, 18.217 manat məbləğində ödənilməyən ezamiyyə xərclərinin və 20000 manat məbləğində mənəvi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsinin “əmək haqqı, son haqq-hesab və ezamiyyə xərclərinin ödənilməsi” hissəsi ayrılaraq, ayrıca icraatda baxılması qərara alınmışdır.

a) Məhkəmə prosesi:

9. Məhkəmə iclasında İddiaçı və vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə etdiklərini bildirib, təmin olunmasını xahiş etdilər. Vəkil əlavə olaraq bildirdi ki, iddia müddətinin ötürülmədiyini hesab edir. Çünki, əmək kitabçası və digər sənədlər iddiaçıya təhvil verilməmişdir. İddia müddəti müvafiq sənədlər təhvil verildiyi vaxtdan hesablanmalıdır. Məhkəmə iclasında cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X3 iddianın əsassız olduğunu, əmək müqaviləsinin 9.5.8-ci maddəsinə əsasən iddiaçının müvafiq uçuş şəhadətnaməsinin qüvvəsinin dayandırılması səbəbindən onunla bağlanmış əmək müqaviləsinin ləğv edildiyini bildirib, iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini xahiş etdi.

10. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X6 Xidməti və “Dövlət Mülki Aviasiya Agentliyi” PHŞ tərəfindən nümayəndələrinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir.

11. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iddia ərizəsini, cavabdehin etirazını nəzərdən keçirib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

12. İddia ərizəsinə əlavə edilmiş iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə xx.xx.2024-cü il tarixli əlavə və dəyişiklik barədə elektron əmək müqaviləsindən görünür ki, İddiaçı cavabdeh "xxxx" QSC/"xxxx" Sərnişin Aviasiya Şirkəti/Uçuşların İstehsalı İdarəsi/Uçuş xidmətinə Embraer-190 HG-nin ikinci pilotu vəzifəsinə təyin edilmişdir.

13. Həmin müqavilənin 9.5.8-ci bəndinə görə Uçuş işinin həyata keçirilməsinə buraxılmaq hüququnu təsdiq edən sənədlərin ləğv edilməsi və ya qüvvəsinin dayandırılması və ya uçuş işinə yararsız olduğu haqqında müvafiq Tibbi komissiyanın rəyinin olması əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərin müəyyən etdikləri hallardır.

14. Cavabdeh "xxxx" QSC-nin xx.xx.2025-ci il tarixli, 122/ş nömrəli əmrdən çıxarışdan görünür ki, İddiaçı uçuş işinin həyata keçirilməsinə buraxılmaq hüququnu təsdiq edən sənədinin (uçuş heyəti şəhadətnaməsinin) qüvvəsi xx.xx.2022-ci il tarixdən etibarən dayandırılmışdır. Uçuş heyəti şəhadətnaməsinin qüvvəsinin bərpasını təmin etmək üçün İddiaçı müvafiq təlimlərə cəlb edilsə də təlimlərin nəticələri uğurlu olmamış, habelə o, Cəmiyyət tərəfindən təyin olunan bəzi təlimlərdə iştirakdan imtina etmişdir. Buna görə də İddiaçı əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndinə əsasən xitam verilməsi, İddiaçı əmək müqaviləsinə xitam verildiyi gün son haqq-hesabının ödənilməsi Maliyyə və Mühasibat uçotu idarəsinə həvalə edilməsi, İnsan resursları idarəsinin İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrinin işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilməsinin və ya kağız daşıyıcıda ona təqdim edilməsinin təmin edilməsi əmr edilmişdir.

15. Bakı 3 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2025-ci il tarixli, MŞB/3/2025-00254 nömrəli arayışdan görünür ki, iddiaçı İMS-də iştirak etmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. İddiaçı tərəfindən 50 manat mediasiya xərci, 10 manat kargüzarlıq xərci ödənilmişdir.

16. Bakı 3 saylı Mediasiya Təşkilatının mediatoru X5 tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmiş arayışdan görünür ki, xx.xx.2025-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışın üçüncü bəndində xx.xx.2025-ci il tarix yazılmalı olduğu halda texniki səhv olaraq xx.xx.2025-ci il tarix qeyd edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

17. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2017-ci il tarixdə əmək müqaviləsi bağlanmış və əmək münasibətləri davam edən müddətdə müxtəlif vaxtlarda əmək müqaviləsinə əlavə və dəyişikliklər edilmişdir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixli əlavə və dəyişiklik barədə elektron əmək müqaviləsi bağlanmışdır. Həmin əmək müqaviləsinin 9.5.8-ci bəndinə əsasən Uçuş işinin həyata keçirilməsinə buraxılmaq hüququnu təsdiq edən sənədlərin ləğv edilməsi və ya qüvvəsinin dayandırılması və ya uçuş işinə yararsız olduğu haqqında müvafiq Tibbi komissiyanın rəyinin olması əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərin müəyyən etdikləri hallardır.

18. İşin mübahisəsiz halıdır ki, Dövlət Mülki Aviasiya Agentliyinin xx.xx.2022-ci il tarixli, 81 nömrəli əmri ilə həmin tarixdən etibarən əlavələrdə adları göstərilən mülki aviasiya müəssisələrinin aviasiya personalına məxsus şəhadətnamələrin qüvvəsinin müvəqqəti olaraq dayandırılması və onların əslinin 26 avqust 2022-ci il tarixdən gec olmayaraq Dövlət Mülki Aviasiya Agentliyinə təhvil verilməsi əmr edilmişdir. Əlavənin 109-cu sırasında İddiaçı qeyd edilmişdir.

19. Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən "xxxx" QSC-yə göndərilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Dövlət Mülki Aviasiya Agentliyi insan amili ilə bağlı uçuşların təhlükəsizliyinə təhdid yarada biləcək hər hansı təhlükənin baş verə biləcəyinin qarşısını almaq məqsədilə auditdən dərhal sonra müvafiq qabaqlayıcı tədbirlərə başlamış və görülmüş ilkin zəruri tədbirlərlə yanaşı “instrumental uçuş” təlimlərinin Azərbaycan Respublikasının qoşulduğu Çikaqo Konvensiyasının 1 saylı Əlavəsində müəyyən edilmiş tələblərə uyğun olaraq təşkili məqsədilə Agentliyin 10 iyun 2022-ci il tarixli 65 nömrəli və 25 avqust 2022-ci il tarixli 81 nömrəli əmrləri ilə 134 pilotun Mülki aviasiya pilotu şəhadətnamələrinin hüquqi qüvvəsi dayandırılmışdır. Sözügedən şəhadətnamələrin hüquqi qüvvəsinin bərpası məsələsinə müəyyən edilmiş müvafiq tədbirlərin icrasından sonra baxıla bilməsi qeyd olunmuşdur.

20. Cavabdeh "xxxx" QSC-nin xx.xx.2025-ci il tarixli, 122/ş nömrəli əmrinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndinə əsasən xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilərkən əmək müqaviləsinin 9.5.8-ci bəndinə istinad edilmişdir.

21. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən çıxarış iddiaçıya xx.xx.2025-ci il tarixdə təqdim edilmiş, iddiaçı daha sonra xx.xx.2025-ci il tarixdə mediasiyanın tətbiqi barədə cavabdehə təklif gödərmişdir. xx.xx.2025-ci il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışı almış və xx.xx.2025-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Cavabdeh məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. c) Məhkəmənin mövqeyi və iş üzrə gəldiyi nəticə:

22. Məhkəmə qeyd edir ki, tərəflər arasında əmək münasibətlərinin olması və iddiaçının Mülki aviasiya pilotu şəhadətnaməsinin hüquqi qüvvəsini dayandırması işin mübahisəsiz halıdır. İddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi də Mülki aviasiya pilotu şəhadətnaməsinin hüquqi qüvvəsinin bərpa edilməməsidir. İddiaçı bunun cavabdehin təqsiri səbəbindən olduğunu şifahi qeyd etsə də, mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə hesab edir ki, müvafiq şəhadətnamənin hüquqi qüvvəsi cavabdehdən aslı olmayan səbəblərdən - Dövlət Mülki Aviasiya Agentliyinin əmri ilə dayandırılmışdır. Belə əmrin verilməsində məqsəd insan amili ilə bağlı uçuşların təhlükəsizliyinə təhdid yarada biləcək hər hansı təhlükənin baş verə biləcəyinin qarşısını almaq olmuşdur. Həmin şəhadətnamənin etibarlılıq müddəti xx.xx.2023-cü il tarixdə bitmişdir. Tərəflər arasında bağlanmış əmək müqaviləsinin 9.5.8-ci bəndi əmək məcəlləsinin əsas prinsiplərinə zidd olmamaqla əmək şəraiti təhlükəli olan müəssisələrdə həmin şərtlərin razılaşdırılması işçi və işəgötürənlərin, eyni zamanda üçüncü şəxslərin hüquq və mənafeləri baxımından çox əhəmiyyətlidir.

23. Məhkəmə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə hesab edir ki, hazırkı iş üzrə iddia tələbinin “əmrin ləğvi və işə bərpa” hissəsinə münasibətdə iddia müddəti tətbiq edilməlidir. Belə ki, əmək mübahisələrində iddia müddətinin tətbiqi barədə ərizə verilibsə və iddia müddəti üzürsüz səbəbdən ötürülübsə işə baxan məhkəmə iddianı məhz iddia müddətinin keçməsi əsası ilə rədd etməlidir. Mübahisəyə mahiyyəti üzrə o zaman baxıla bilər ki, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa etmiş olsun. Məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir.

24. Hazırkı iş üzrə iddiaçı iddia müddətinin ötürülmədiyini hesab edir. Buna görə də iddia müddətinin üzrlü səbəbdən ötürülməsi barədə ərizə təqdim etməmişdir.

25. Qeyd olunmalıdır ki, iddiaçı xx.xx.2025-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən çıxarışı əldə etmiş (iddia ərizəsində qeyd edilmişdir) və hüquqlarının pozulduğunu bilmişdir. İddiaçı bu barədə X6 xidmətinə müraciət etsə də, məhkəməyə müraciət etmək üçün mediasiya təşkilatına və ya mediatora müraciət etməmişdir. İddiaçı qanunla müəyyən edilmiş (Əmək Məcəlləsi 296-cı maddəsinin 2-ci hissəsi) 1 aylıq iddia müddətini ötürdükdən sonra mediasiya təklifi göndərmiş və iddia müddətini ötürmüşdür.

26. Qanunverici “hüququnun pozulmasını aşkar etdiyi günü” işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi gün olaraq təsbit etsə də həmin normaya formal yanaşılmamalı, əmək müqaviləsinə xitam verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sisteminə məlumat (əmrin əsası, qısa məzmunu, tarixi və nömrəsi) yerləşdirilmiş, əmrdən çıxarış təqdim edilmiş, artıq işə getmədiyi üçün işdən çıxarıldığını bildiyi mübahisəsiz olan işçinin, sözügedən sənədləri əldə etmək üçün ağlabatan müddət ərzində təşəbbüs göstərməməsi “hüququnun pozulmasını aşkar etdiyi gün”ün müəyyənləşdirilməsi baxımından əhəmiyyət kəsb edir.

27. İddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli qərarında ƏM-in 2-ci maddəsinin 3-cü hissəsinə istinad edərək qeyd etmişdir ki, həmin maddədə göstərilən prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün ƏM həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir.

28. Avropa İnsan Hüquqları Məhkəməsi “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı”işi üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal iddımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.

29. Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı”iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında da göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

30. Məhkəmə iddia tələbinin “məcburi iş buraxma dövrü üçün ödənilməmiş əmək haqqının və mənəvi ziyanın ödənilməsi” hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi bu hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iddiaçının işə bərpa tələbi təmin edilmədiyi üçün dolayısı ilə məcburi iş buraxma dövrü də olmamış olur ki, iddia bu hissədə təmin edilə bilməz. Mənəvi ziyanın ödənilməsinə münasibətdə qeyd edilməlidir ki, mənəvi ziyan şəxsin hüquqlarının pozulmasının nəticəsidir. Yəni şəxsin hüquqları qanunsuz və əsssız pozulmalıdır ki, onun zərərvurandan vurulmuş mənəvi ziyanın kompensasiyasını tələb etmək hüququ yaransın. Hazırkı iş üzrə iddiaçı tərəfindən cavabdehin onun hüquqlarını pozması sübut edilmir. İşəgötürənin (cavabdehin) təqsirli hərəkətləri müəyyən edilmir. Bir sözlə, cavabdehin hansı qanunsuz hərəkətləri nəticəsində iddiaçının mənəvi ziyana məruz qalması sübut edilmir. Buna görə də iddia tələbi bu hissədə də təmin edilməməlidir. d) Tətbiq edilən hüquq:

31. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 2-ci maddə, 3. hissə. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. 68-ci maddə, 2-ci hissə “e” bəndi. tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar Əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. 75-ci maddə. 2-ci hissə. Əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə aşağıdakı əlavə hallar nəzərdə tutula bilər: - “d” bəndi. bu maddənin tələblərinə əməl edilməklə tərəflərin müəyyən etdiyi digər hallar. 75-ci maddə. 3-cü hissə. Tərəflər əmək münasibətlərinin gələcəkdə daha dolğun tənzimlənməsini təmin etmək məqsədi ilə bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş hallardan işçinin əmək şəraitinə uyğun olanını əmək müqaviləsinə hökmən daxil etməlidirlər. 75-ci maddə. 4-cü hissə. Əmək müqaviləsinə ona xitam verilməsi barədə tərəflərin nəzərdə tutduqları hallar bu Məcəllənin 2-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş işçinin və işəgötürənin hüquqlarının təminatı prinsiplərinə zidd olmamalıdır. 290-cı maddə,3-cü hissə. İşəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Qeyd: Bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. 296-cı maddə, 2-ci hissə. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296-cı maddə, 3-cü hissə. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 296-cı maddə, 6-cı hissə. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. 296-cı maddə, 7-ci hissə. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. 297-ci maddə. Fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. 300-cü maddə. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Qeyd: Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir.

32. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 35.1, 35.2. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Maddə 32.4.2. Mediasiya prosesinə aşağıdakı gündən xitam verilir: - bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən. Maddə 32.1.9. Mediasiya prosesinə aşağıdakı hallarda xitam verilir: - bu Qanunun 21.8-ci, 29.2-ci və 29.3-cü maddələrində göstərilən arayış tərtib olunduqda. Maddə 29.3. Tərəflərdən biri və ya hər ikisi mediasiya prosesini davam etdirməyə razılıq vermədikdə, habelə bu Qanunun 3.3-cü və 26.4-cü maddələrinə əsasən mediator mediasiya prosesinin həyata keçirilməsindən imtina etdikdə, mediator mediasiya prosesinə xitam verir və “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” ilə bağlı arayışı tərəflərə təqdim edir.

33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

34. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X2rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir.

35. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»: 13-cü bənd. Mənəvi zərərə aid məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib.

36. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

37. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyi və onun tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyi, həmçinin, məhkəməyə müraciət etmək üçün iddia müddəti ötürüldüyü üçün İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddiası təmin edilməməlidir.

38. İddia təmin edilmədiyinə görə iş üzrə çəkilmiş mediasiya xərcləri iddiaçıya aid edilməlidir.

Nəticə:

39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə çəkilmiş mediasiya xərci İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar