Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3423/2025 18.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, qanuni qüvvəsini almış məhkəmə qərarının icrası gecikdirilərək icra olunduğunu nəzərə alaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən, hesablanan 379,27 manat məbəğində (5%) faiz borc, bildiriş (pretenziyanı) göndərilməsi üçün ödənilmiş 1,80 manat məbəğində pul və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəfimizdən ödənilmiş 30,40 manat məbəğində dövlət rüsumu olmaqla, cəmi 411,47 (dörd yüz on bir manat 47 qəpik) manat məbəğində pul tutularaq İddiaçı (Sunny Electronics mağazasına) ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı (sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs) İddiaçı (Sunny Electronics mağazası) (bundan sonra iddiaçı) Cavabdeh1 (bundan sonra cavabdeh) ilə arasında bağlanmış 12 aprel 2014-cü il tarixli, 14601 saylı alğı-satqı müqaviləsinə əsasən borcluya 1258 manat dəyərində olan aldığı malın dəyərinin ödənilməsi məqsədi ilə 12 ay müddətinə hissə-hissə ödənilməsi ilə bağlı üzərinə öhdəlik götürmüşdür. Həmin müqavilənin təminatı olaraq Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi tam icra etsə də, cavabdehlər müqavilənin şərtlərini pozaraq kreditin ödənilməsinə ayrılmış aylıq qrafik üzrə ödənişlərdən yayınmışdılar. Daha sonra borcun ödənilməsi üçün məhkəməyə müraciət olunmuş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3787/2018 saylı, xx.xx.2018-ci il tarixli məhkəmə qərarına əsasə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 cəmi 1655 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması qərara alınmışdır. Qəbul olunmuş məhkəmə qərarı qanuni qüvvəsini almış və 04 il, 07 ay, yəni (55 ay) müddətində xx.xx.2023-cü il tarixdə icra olunmuşdur (ödənilmişdir). Cavabdehlər qəbul olunmuş məhkəmə qərarı üzrə məbləği zamanında ödəyərək icra etsəydilər iddiaçı, öz sahəsində istifadə etməklə daha çox gəlir əldə edə bilərdi. Lakin, cavabdehlərin məhkəmə qərarı üzrə öhdəliklərini icra etməməsi səbəbindən və həmin məbləğ vaxtında geri qaytarılmadığına görə iddiaçı, həmin pulu dəyərləndirə bilməmişdir. Buna görə də, iddiaçı, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum olmuşdur. Buna görə də, məhkəmə qərarı üzrə kreditora ödənilən 1655 manat borca görə məhkəmə qərarı qanuni qüvvəsini aldığı müddətdən icra olunanadək illik (5 %) faiz hesablanmaqla məhkəmə qərarı üzrə ümumi məbləğdən əlavə faiz ödənilməlidir. Bu da, (1655 AZN x 0,05 % = 82,75 / 12 ay = 6,89 x 55 ay = 379,27 AZN) təşkil edir. Bununla bağlı qanunvericilikdə nəzərə tutulmuş qaydada, işin məhkəmədən kənar həll olunması üçün cavabdehlərə rəsmi qaydada bildiriş (pretenziya) göndərilmiş və 5 (beş) gün müddətində icra olunması (ödənilməsi) xahiş olunmasına baxmayaraq, cavabdehlər icra etməmişlər.
3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırkı mülki işə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
4. İddiaçı “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə təqdim edərək, iş üzrə qiyabi qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır.
a) Məhkəmə prosesi:
6. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, İddiaçı “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə təqdim edərək, iddia ərizəsinə iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, cavabdehlər isə gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə iddiaçı tərəfindən verilmiş ərizəni nəzərdən keçirib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli e-2(006)-3787/2018 saylı məhkəmə əmrindən görünür ki, borclular Cavabdeh1 və Cavabdeh2 kreditor İddiaçı ilə bağlanmış 14601 nömrəli, xx.xx.2014-cü il tarixli öhdəlik müqaviləsi üzrə 1635 manat məbləğində pulun və 20 manat dövlət rüsumunun tutulması əmr edilmişdir.
9. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
10. İddiaçı tərəfindən cavabdehlərə ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziyadan görünür ki, onlardan məhkəmə qərarının icrası 04 il 07 ay gecikdirilərək icra edildiyindən 379,27 manat məbləğində hesablanmış faiz borcunun 5 gün müddətində ödənilməsi tələb edilmişdir.
11. İcra işinin materiallarına əlavə olunmuş: - xx.xx.2018-ci il tarixli qərardan və bildirişdən görünür ki, həmin tarixdə iş üzrə icraata başlanılmış və 10 gün müddətində könüllü icra edilməsi təklif edilmişdir; - "xxxx" QSC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, borclu Cavabdeh2 icra sənədini könüllü icra etmədiyindən əmək haqqından hər ay 50 faiz miqdarında tutularaq tələbkarın hesabına ödənilməsinin təmin edilib, 1655 manat borc ödənilib qurtardıqdan sonra 115,85 manat icra ödənişinin tutulması xahiş edilmişdir; - xx.xx.2023-cü il tarixli icraata xitam verilməsi barədə ərizədən görünür ki, tələbkar İddiaçı Bakı şəhər Nəsimi rayon İcra Şöbəsinə müraciət edərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli e-2(006)-3787/2018 saylı məhkəmə əmri üzrə icraata xitam verilməsini xahiş etmişdir; - xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e- 2(006)-3787/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə xitam verilməsi qərara alınmışdır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
12. Beləliklə, iş üzrə məhkəmə tərəfindən müəyyən edilən hallar ondan ibarət olmuşdur ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli e-2(006)-3787/2018 saylı məhkəmə əmrinə əsasən borclular Cavabdeh1 və Cavabdeh2 kreditor İddiaçı xeyrinə 1655 manat məbləğində pulun tutulması əmr edilmişdir. Borclular məhkəmə əmrini könüllü icra etməmiş, məcburi icra tədbiri kimi borc məbləği əmək haqqına yönəldilməklə cavabdehlərdən tutulmuş, nəticədə xx.xx.2023-cü il tarixində borcun ödənilməsi başa çatmışdır.
13. Hazırda İddiaçı 1655 manat borcun gecikdirilməsinə görə həmin məbləğə illik 5 faiz hesablanmaqla, 55 ay gecikdirilməyə görə 379,29 manat pul məbləği və məhkəmə xərclərinin cavabdehlərdən tutulmasını tələb edir.
c) Məhkəmənin mövqeyi:
14. Məhkəmə hesab edir ki, icra işinin materiallarından da göründüyü kimi, cavabdehlər icra sənədi üzrə borcu könüllü şəkildə icra etməmiş, borc məbləği məcburi icra tədbirləri nəticəsində könüllü icra müddəti verildiyi vaxtdan icra sənədi üzrə icraata xitam verilməsinə qədər olan müddətdə – 4 il 7 ay müddətində gecikdirilməklə tələbkara ödənilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş məbləğə illik beş faiz ödənilməsini tələb etmək hüququ yaranmış, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
15. Bu səbəbdən, cavabdehlər tərəfindən borc məbləğinin gecikdirildiyi 55 ay üçün icra sənədi üzrə tələb olunan məbləğə hesablanmış 5 %, yəni 379,27 manat ((1655 manat x 5 % / 12 ay) x 55 ay) pul iddiaçının xeyrinə cavabdehlərdən tutulmalıdır.
d) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddə. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 442-ci maddə. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddə. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1-ci maddə. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.7-ci maddə. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir (xx.xx.2023-cü il tarixədək qüvvədə olmuş redaksiyada); 445.7-ci maddə. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər (hazırkı redaksiyada). 448.1-ci maddə. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;
17. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.
18. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 379,27 (üç yüz yetmiş doqquz manat iyitmi yeddi qəpik) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir.
17. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 1,80 manat bildirişlərin (pretenziyaların) göndərilməsi üçün poçt xərci, 30 manat məbləğində dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
18. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddə. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddə. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddə. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddə. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddə. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 241.1-ci maddə. Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır.
Nəticə:
19. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 379,27 (üç yüz yetmiş doqquz manat iyitmi yeddi qəpik) manat məbləğində pul, 1,80 (bir manat səksən qəpik) manat bildirişlərin (pretenziyaların) göndərilməsi üçün poçt xərci, 30 (otuz) manat məbləğində dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat bank xidmət haqqının əvəzi alınaraq İddiaçı verilsin. Cavabdehlər qiyabi qətnamə onlara rəsmən təqdim edildiyi gündən 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Nəsimi Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, rəsmən verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova