Məhkəmə qərarları › İş №e-2(006)-3436/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3436/2023

07.09.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3436/2023 07.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh «Bakı şəhər Təcili və X3 Stansiyası» PHŞ-ya qarşı «əmrin ləğvi və işə bərpa» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Bakı şəhər Təcili və X3 Stansiyası» PHŞ-ya qarşı «əmrin ləğvi və işə bərpa» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli PHŞ-6-96/3-1-2204/2023 nömrəli əmrinin ləğv edilməsi və onun işə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.1990-cı il tarixdən xx.xx.2023-cü il tarixədək Təcili və Təxirə salınmaz X6 müxtəlif bölmələrində həkim vəzifəsində çalışmışdır. 2014 və 2019-cu illərdə müvafiq olaraq sertifikasiyadan keçmişdir və bu barədə ona şəhadətnamələr verilmişdir. xx.xx.2015-ci ildə Azərbaycan Respublikası Səhiyyə Naziri O.Şirəliyevin 69-k nömrəli əmrinə əsasən 1-ci Avropa Oyunlarında tibbi xidmətin təmin edilməsində öz vəzifəsini yüksək səviyyədə icra etdiyinə görə fəxri fərmanla təltif edilmişdir. xx.xx.2019-cu il tarixdən isə 2-ci qrup əlildir. Heç bir əsas olmadan «Bakı şəhəri X4 Yardım Stansiyası» publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli əmri ilə «Bakı şəhəri X4 Yardım Stansiyası» publik hüquqi şəxsi ilə arasında bağlanmış 2652 nömrəli əmək müqaviləsinə xitam verilmişdir. Əmrin verilməsinə əsas kimi direktor vəzifəsini icra edən Təranə Şahməmmədovanın təqdimatı, «BŞT TTYS» publik hüquqi şəxsin HİK-nin xx.xx.2023-cü il tarixli 577 nömrəli protokolu, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin «ə» bəndini nəzərə alaraq əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq, altı ay ərzində təkrarən əmək funksiyasını pozması, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi göstərilmişdir. «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən cavabdehə mediasiyanın tətbiqi barədə müvafiq qaydada təklif göndərilmiş, bundan sonra cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmək üçün dəvət olunmuşdur. Cavabdeh tərəf ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Bununla bağlı Bakı 10 saylı Mediasiya təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixdə müvafiq arayış verilmişdir. Bununla da, məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Hesab edir ki, əmrin verilməsi üçün göstərilmiş əsaslar qanunsuzdur, Azərbaycan Respublikası Əmək Məcəlləsinin normaları pozulmuşdur və həmin əmr ləğv olunmalıdır. Bildirir ki, işlədiyi son bir il ərzində «Bakı şəhəri X4 Yardım Stansiyası» publik hüquqi şəxsi tərəfindən ona heç bir intizam tənbehi verilməmiş, hər hansı növ intizam tədbirinin verilməsi barədə ona əmr təqdim edilməmiş və yaxud da barəsində intizam tənbehinin tətbiq edilməsindən əvvəl ondan hər hansı izahat alınmamışdır. Lakin «Bakı şəhəri X4 Yardım Stansiyası» publik hüquqi şəxsi xx.xx.2023-cü il tarixli əmrin əsaslarından biri kimi 72-ci maddəsinin «ə» bəndinə istinad etmişdir. «Bakı şəhəri X4 Yardım Stansiyası» publik hüquqi şəxsi tərəfindən işlədiyi son bir il ərzində ondan hər hansı izahat tələb edilməmişdir. Bundan başqa, qeyd etmək istəyir ki, «Bakı şəhəri X4 Yardım Stansiyası» publik hüquqi şəxsi tərəfindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilərkən yenə də onun izahatı alınmamış, müqaviləyə xitam verilməsinin əsasları və işdən azad olunmasına dair səbəblər ona izah olunmamışdır. Yalnız əmrin verildiyi gün işdə olduğu zaman onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə məlumat verilmişdir. Göründüyü kimi, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli əmrdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndində qeyd olunan şərtlərin hər hansı birinin mövcud olması barədə qeyd öz əksini tapmamış, müqaviləyə xitam verilməsinin zəruriliyi əsaslandırılmamışdır. Hansı hadisə baş vermişdi ki, onu işdən azad etmişlər sualına indi cavab vermək istəmir. O, pul almamışdır. Kimsə onun adından pul ala bilər, amma o, pul almamışdır. İclasda da bildirmişdir ki, ona pul verilməyib, ona pul çatmamışdır. O, bu barədə yazılı izahat yazmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə etdi, iddiaçının izahatı ilə razı olduğunu bildirdi və əlavə olaraq qeyd etdi ki, Həmkarlar İttifaqının iclası keçirilmiş və bu barədə protokol tərtib edilmişdir. Həmin iclasda bir məsələ müzakirə edilmişdir. Bu məsələ iddiaçının xəstədən pul alması və xəstənin şikayəti olmuşdur. Həmçinin protokoldan görünür ki, iddiaçı 2016-cı ildə yol verdiyi pozuntular birbir sadalanmışdır. Ona qarşı “Qarayaxma kampaniyası” aparılmışdır. Hesab edir ki, bütün bunlar məsələni ağırlaşdırmaq məqsədilə edilmiş hərəkətlərdir. Bütün bu sənədlər sonradan tərtib edilmişdir. Əlavə olaraq onu da qeyd edir ki, iddiaçıdan şikayət vermiş Zakir Həsənov adlı şəxsə zəng edilərək, məhkəmədə şahid kimi ifadə verməsi təklif edilsə də, sonuncu bildirmişdir ki, şikayəti o etsə də, iddiaçını tanımır. Zakir Həsənov həmçinin onu da bildirmişdir ki, cavabdeh tərəf ona gəlib orada ərizə yazmağı təklif etmişdir. Bu səbəbdən, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddiaçı uzun illər «Bakı şəhəri X4 Yardım Stansiyası» publik hüquqi şəxsində işləmişdir. İşlədiyi müddətdə xeyli intizam pozuntusu törətmiş və buna görə intizam tədbirləri verilmişdir. İddiaçı onun barəsində verilmiş intizam tədbirlərindən heç bir nəticə çıxarmamışdır. İddiaçı pozuntu törətməyə davam etmişdir və ondan izahat almaq istəyərkən izahat verməkdən imtina etmişdir. Sonuncu dəfə 17 yanvar 2023-cü il tarixdə iddiaçıya töhmət verilmişdir. İddiaçı dəfələrlə çağırışda olmuş və bununla bağlı tələbnamə yazmalı olduğu halda, bunu etməmişdir. 14 may 2023-cü il tarixdə iddiaçı xəstədən çağırış zamanı pul almışdır. Tibb bacısı xəstədən pul almış, pulu iddiaçıya uzatmış və iddiaçı da həmin pulu qəbul etmişdir. Tibb bacısının bununla bağlı izahatı da vardır. Daha sonra xəstə bununla bağlı şikayət etmişdir. Bundan sonra iddiaçı aldığı pulu tibb bacısına geri vermişdir ki, xəstəyə qaytarsın, xəstə də şikayətini geri götürsün. Bu hadisələrədən sonra iddiaçının barəsində tədbirlər görülmüşdür. Əmri təqdim etmək üçün işçini dəvət edib, əmri təqdim edirlər. İşçi əmri ya qəbul edir və imza edərək götürür, yaxud götürməkdən imtina edir. İşçi sənədləri götürməkdən imtina etsə, bu müvafiq aktla rəsmiləşdirilir. Əmrlər kitabını məhkəməyə təqdim etmişdir. PHŞ 2016-cı ildə düşünə bilməzdi ki, 2023-cü ildə iddiaçını işdən azad edəcək, ona görə də iddiaçının barəsində qarayaxma kampaniyası aparılsın. Ümumiyyətlə, iddiaçı intizamsız işçi olmuş və barəsində dəfələrlə intizam tənbeh tədbirləri görülmüşdür. Cavabdeh tərəfindən məhkəməyə iddiaçının törətdiyi əməli təsdiq edən videogörüntü və Zakir Həsənovun vermiş olduğu şikayətin surəti təqdim edilmişdir. Həmin sübutlarda iddiaçının törətmiş olduğu əməllər öz əksini tapmışdır. Bu səbəbdən, iddianı əsassız hesab edir. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının, onun nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsinin izahatlarını, şahid ifadəsini dinləyib, onların izahatlarını və ifadəsini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki iddia rədd edilməlidir. Belə ki, Şahid məhkəmə iclasında ifadə verərək bildirdi ki, onlar həkimlə növbədə olduqları gün Zakir Həsənov adlı xəstə yaxınlaşmış və ağrılarının olduğunu bildirmişdir. Onlar isə həmin şəxsi “Covid-19” virusu ilə əlaqədar avtomobilə aparmış və orada qəbul etmişlər. Həkim Abasov onu müayinə etdikdən sonra həmin şəxsi hospitala aparmışlar. Hospitala gedərkən xəstə ona 20 manat məbləğində pul vermişdir. O, isə həmin pulu avtomobilin pəncərəsindən həkim Abasova vermişdir. Xəstəni hospitala yerləşdirdikdən sonra “103” xidmətinin baş həkimi Bayramova zəng edərək xəstədən pul alıb-almadıqlarını soruşmuşdur. Həkim isə pul almadığını bildirmişdir. Sonra onu telefona çağırmışlar. O, isə telefonda heçnə danışmamışdır. Daha sonra onları X8 çağırmışlar. Mərkəzə çağırıldıqdan sonra ərizə yazaraq hadisəni olduğu kimi etiraf etmişdir. Bu hadisədən sonra ona sonuncu xəbərdarlıqla şiddətli töhmət vermişlər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - 03 fevral 2014-cü il tarixli və 18 dekabr 2019-cu il tarixli sertifikasiya şəhadətnamələrindən görünür ki, İddiaçı həkimlərin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikası ərazisində terapiya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. - 30 iyun 2015-ci il tarixli fəxri fərmandan görünür ki, İddiaçı 1-ci Avropa Oyunlarında tibbi xidmətin təmin edilməsində öz vəzifəsini yüksək səviyyədə icra etdiyinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilmişdir. - Xasiyyətnamədən göründüyü kimi, iddiaçının cavabdeh PHŞ-da əmək fəaliyyəti dövründə üzərinə düşən vəzifələrin icrası ilə bağlı yol verdiyi nöqsanlar sadalanmışdır. - «Bakı şəhər Təcili və X3 Stansiyası» PHŞ-nın 17 yanvar 2023-cü il tarixli 108 saylı əmrindən görünür ki, xx.xx.2022-ci il tarixdə 21/09 iş növbəsində 15 saylı bölmənin təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkimi İddiaçı çağırışların icrası zamanı istifadə etdiyi dərmanların tələbnaməsini yazmamış və iş növbəsi bitdikdən sonra bölməni tərk etmişdir. Bölmə müdiri tərəfindən həkimə irad bildirilərək, izahat yazması tələb edildikdə İddiaçı imtina etmişdir. Bu barədə bölmədə akt tərtib edilmişdir. Əmək funksiyasını keyfiyyətsiz yerinə yetirərək, məsuliyyətsizliyə yol verdiyinə görə PHŞ-nın həkim heyətinin təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkimi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin «a» bəndinə əsasən töhmət verilmişdir. Əmrə inzibati tənbeh verilməsi haqqında təqdimatlar, akt, tibb bacılarının izahatları əlavə olunmuşdur. - «Bakı şəhər Təcili və X3 Stansiyası» PHŞ-nın 05 mart 2022-ci il tarixli 690-k saylı əmrindən görünür ki, xx.xx.2022-ci il tarixdə 15 saylı bölmədə İddiaçı 21:00-da iş növbəsindən çıxarkən narkotik və psixotrop dərman preparatları saxlanan 2 saylı qutunu təhvil vermək istədikdə, qutunun olmadığının aşkar edilməməsi səbəbindən, əmək funksiyasını keyfiyyətsiz yerinə yetirərək, məsuliyyətsizliyə yol verdiyinə görə PHŞ-nın həkim heyətinin təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkimi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin «b» bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətlə töhmət verilmişdir. Əmrə akt və izahat əlavə olunmuşdur. - X7 tərəfindən yazılmış 13 may 2023-cü il tarixli ərizəsindən görünür ki, o, Lökbatan qəsəbəsindən təcili yardım avtomobilində Semaşko adına xəstəxanaya aparılmış, xəstəxanada ona gec baxılmış, təcili tibbi yardım şöbəsində işləyən həkimə 20 manat, sürücüyə 10 manat pul vermişdir, həmin pulların ona geri qaytarılmasını istəyir. - «Bakı şəhər Təcili və X3 Stansiyası» PHŞ-nın direktoru vəzifəsini müvəqqəti icra edən X1 həmin PHŞ-nın HİK-in sədri Hikmət Əhmədova yazdığı təqdimatdan görünür ki, 15 saylı bölmənin təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkimi İddiaçı iş fəaliyyətində dəfələrlə səhlənkarlıq edərək ciddi nöqsanlara yol vermişdir. Belə ki, 18 saylı bölmədə işləyərkən xx.xx.2017-ci il tarixdə saat 22:35-də Zirə qəsəbəsində 23 yaşlı X2 «hal pis» səbəbi ilə çağırışını yerinə yetirəndə səhlənkarlıq etmiş, xəstənin vəziyyətini düzgün qiymətləndirməmiş, cərrahi patalogiyanı inkar etməmiş, valideynlərin hospitalizasiya tələbini nəzərə almadan ünvanı tərk etmişdir. Saat 00:15 radələrində həkim İddiaçı həmin ünvanda xəstənin meyitini aşkar etmişdir. Xəstənin anası Məleykə Mayılova həkim S.Abbasovu qızının ölümündə günahlandırmış və işdən çıxarılmasını tələb etmişdir. Hadisə ilə bağlı TTYS Həkimlərin Məsləhət Komissiyası iclasında S.Abbasovun iştirakı ilə məsələyə baxılmış, sənədlər Bakı Baş Səhiyyə İdarəsinə təqdim edilmişdir. Mərhumənin anası müxtəlif mətbuat xidmətləri və televiziya kanallarına hadisə ilə bağlı müraciət etmiş və hadisə işıqlandırılmışdır. Eyni zamanda Xəzər rayon Prokurorluğuna anası şikayət ərizəsi ilə müraciət etmişdir. xx.xx.2017-ci il tarixdə S.Abbasova son xəbərdarlıqla «şiddətli töhmət» elan edilərək 15 saylı bölməyə keçirilmiş, praktik fəaliyyətdən kənarlaşdırılaraq kursa göndərilmişdir. xx.xx.2017-ci il tarixdə Qaradağ rayonu Lökbatan qəsəbəsi Şəfiqə Şərifova 82 yaş «halı pis» səbəbi ilə çağırışı icra edərkən «şəkərli diabet, xroniki ürək çatmamazlığı, aritmiya» diaqnozu qoyub, müvafiq yardım etmədən, yer almadan xəstəni Bakı Sağlamlıq Mərkəzinə hospitalizasiya etmişdir. Hospitalizasiya zamanı səs siqnallarından aramsız istifadə edərək narazılığa və şikayətə səbəb olmuşdur. xx.xx.2022ci il tarixdə 15 saylı bölmədə İddiaçı 21:00-da iş növbəsindən çıxarkən narkotik və psixotrop dərman preparatları saxlanan 2 saylı qutunu təhvil vermək istədikdə, aşkar olunmuşdur ki, qutu yoxdur. Həkim qutunu harada itirdiyini xatırlamadığını bildirmişdir. İtirilən 2 saylı qutuda olan dərman preparatları qeyd olunmuşdur. Bölmə müdiri tərəfindən akt tərtib edilərək 10 saylı Polis Bölməsinə məlumat verilmişdir. Əmək funksiyasını keyfiyyətsiz yerinə yetirdiyinə görə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən son xəbərdarlıqla «şiddətli töhmət» verilmişdir. xx.xx.2022-ci il tarixdə 21/09 növbəsində 15 saylı bölmədə çağırış icrası zamanı həkim İddiaçı dərman tələbnaməsi yazmamış və bölməni tərk etmişdir. Bölmə müdiri izahat yazılmasını tələb etdikdə İddiaçı imtina etmiş, akt tərtib edilmişdir. İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən «töhmət» verilmişdir. 15 may 2023-cü il tarixdə 00:08-də 15 saylı bölmənin ambulatoriyasına Həsənov Zakir 39 yaş «qarında ağrı» səbəbi ilə müraciət etmişdir. Həkim İddiaçı xəstəyə «kəskin qarın» ağrısı diaqnozu qoyaraq KTM-ə hospitalizasiya etmişdir. Saat 01:40 radələrində Həsənov Zakir «103» xidmətinə gələrək təcili yardım həkimi və sürücüsünə pul verdiyini bildirib (30 manat), pulun geri qaytarılmasını tələb etmişdir. Çağırışda olan tibb bacısı Şahid öz izahatında pulu götürüb həkim İddiaçı verdiyini etiraf etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq həkim İddiaçı əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq 6 ay ərzində təkrar əmək funksiyasını pozduğuna görə, vəzifə səlahiyyətlərini aşdığına görə – vətəndaşdan pul aldığına görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin «ə» bəndinə istinad edərək, Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə münasibət bildirilməsi xahiş olunmuşdur. - «Bakı şəhər Təcili və X3 Stansiyası» PHŞ-nın 15 may 2023-cü il tarixli 577 saylı iclas protokolundan görünür ki, İddiaçı barədə təqdimat ətraflı şəkildə müzakirə edilərək, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə etiraz edilməmişdir. - «Bakı şəhər Təcili və X3 Stansiyası» PHŞ-nın 16 may 2023-cü il tarixli PHŞ-6- 96/3-1-2204/2023 saylı əmrindən görünür ki, həmin PHŞ-nın həkim heyətinin təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkimi İddiaçı ilə bağlanmış 2652 nömrəli əmək müqaviləsinə, Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. Əmrdə həmçinin işçinin istifadə etmədiyi əmək məzuniyyətinə görə 18 təqvim günü ödənilməsi və işçi ilə son haqq-hesabın aparılması, işçiyə son haqqhesabın, əmək kitabçasının və həmin əmrin surətinin Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq son iş günü verilməsi barədə göstəriş yer almışdır. Əmrin verilməsinə əsas direktor vəzifəsini müvəqqəti icra edən X1 təqdimatı, HİK-nin xx.xx.2023-cü il tarixli 577 №li protokolu göstərilmişdir. - 14 iyul 2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/10-00354 saylı arayışdan görünür ki, cavabdeh «Bakı şəhər Təcili və X3 Stansiyası» PHŞ-nın nümayəndəsi 14 iyul 2023-cü il tarixdə saat 10:00-da keçirilən ilkin mediasiya sessiyasına gəlməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, 50 manat mediasiya xərcini, 6 manat poçt xərcini ödəmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. - 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarətdir. Göstərilən qanun normasında işçinin əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək funksiyası təsbit edilmişdir. Həmçinin, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. - 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. - 70-ci maddəsinin «ç» maddəsinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcələnin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. - 71-ci maddəsinin 2-ci hissəsinə əssasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə, əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. - Qeyd edilən maddənin 3-ci hissəsinə əsasən işəgötürən bu məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. - 72-ci maddənin «ə» bəndinin tələbinə əsasən əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması əmək vəzifələrnin kobud şəkildə pozulması hesab edilir. - 83-cü maddəsinin İ hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. - 186-cı madddənin 1-ci hissəsinə əsasən işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından suiistifadə etdikdə, yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətnə cəlb edilir. - həmin normanın 2-ci hissəsinə əsasən işçi əmək funksiyasının tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə işəgötürən işçiyə inzibati tənbeh növlərindən biri olan «əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək» intizam tənbeh növünü verə bilər. - qeyd edilən maddənin 3-cü bəndinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. - 187-ci maddəsinin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. - Həmin normanın 2-ci hissəsinə əsasən intizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən 1 ay keçənədək verilə bilər. İş materiallarından görünür ki, iddiaçıya əvvəllər, yəni, 17 yanvar 2023-cü il, 05 mart 2022-ci il tarixlərdə işəgötürən tərəfindən intizam tənbehləri verilmişdir. Lakin iddiaçı işlədiyi son bir il ərzində «Bakı şəhəri X4 Yardım Stansiyası» publik hüquqi şəxsi tərəfindən ona heç bir intizam tənbehi verilməməsini, hər hansı növ intizam tədbirinin verilməsi barədə ona əmr təqdim edilməməsini və yaxud da barəsində intizam tənbehinin tətbiq edilməsindən əvvəl ondan hər hansı izahat alınmamasını göstərsə də, bu halların təsdiqi olaraq heç bir sübut təqdim etməmişdir. Əksinə iş materiallarında olan iddiaçının son intizam tənbehi ilə bağlı xx.xx.2022-ci il tarixdə verdiyi izahatı onun bu dəlillərini təkzib edir. Həmçinin müəyyən edilmişdir ki, iddiaçıya 16 may 2023-cü il tarixdə tətbiq edilmiş intizam tənbehinin əsasını xəstə Zakir Həsənovun «103» xidmətinə gələrək təcili yardım həkimi olan ididaçıya və sürücüyə pul verdiyini bildirərək (30 manat), həmin pulun geri qaytarılmasını tələb etməsi ilə bağlı olmuşdur. Həmin ərizə ilə bağlı araşdırma zamanı çağırışda olan tibb bacısı Şahid öz izahatında pulu götürüb həkim İddiaçı verdiyini etiraf etmişdir. İddiaçı heçkimdən pul almamasını, onunla bağlanmış əmək müqaviləsinə xitam verilərkən onun izahatının alınmamasını, müqaviləyə xitam verilməsi əsasları və işdən azad olunmasına dair səbəblər ona izah olunmamasını göstərsə də, məhkəmə hesab edir ki, iddiaçının izahatı özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Belə ki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual Qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə iddiaçının barəsində qəbul edilmiş əmrin qanunsuz olması və barəsində verilən əmrin əsaslandırılmadan işdən çıxarılmağı barədə dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, onun işdən azad edilməsinə dair əmrin verilməsinə mühüm əsaslar mövcud olmuşdur. Bu əsaslar həm əmrin verilməsinə əsas direktor vəzifəsini müvəqqəti icra edən X1 təqdimatının, həm də cavabdehin işçisi Şahid hadisə ilə bağlı işəgötürənə verdiyi izahatın məzmunları ilə təsdiq edilir. Məhkəmə araşdırması zamanı da şahid qismində ifadə vermiş Şahid öz ifadəsində Zakir Həsənov adlı xəstədən pulu götürüb həkim İddiaçı verdiyini etiraf etmişdir. Həmçinin iş materiallarından görünür ki, iddiaçı Bakı şəhər Təcili və X3 Stansiyası» PHŞ-nın 15 may 2023-cü il tarixli iclasında iştirak edərək bu məsələ ilə bağlı izahat verərək həqiqətən də 20 manat pulun tibb bacısının ona ötürdüyünü etiraf etmiş, ona verilmiş pulun həmin anda xəstəyə qaytarmayaraq xəstə şikayət etdikdən sonra həmin pulu tibb bacısına verməsi barədə sualı isə cavablandırmaqda çətinlik çəkmişdir. Qeyd edilən iclasın 577 saylı iclas protokolundan görünür ki, İddiaçı barədə təqdimatın ətraflı şəkildə müzakirəsindən sonra onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə etiraz edilməmişdir. Məhkəmə şahid ifadəsinə qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludur (MPM-nin 62-ci və 104.1-ci maddələri). Mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. Məhkəmə qeyd edir ki, hər bir şahidin ifadəsinin kökündə özünün gördüyü canlı hadisənin təsviri dayanır. Şahid xəstə X7 ilə iddiaçı arasında baş vermiş pul alınıb verilməsi ilə bağlı hadisəni aydın və müfəssəl təsvir etmişdir. Özünün də ifadəsindən görünür ki, baş vermiş hadisə ilə bağlı ona qarşı da intizam tənbeh tədbiri görülmüşdür. Belə olan halda isə şahidin verdiyi ifadəsi ilə iddiaçıya münasibətdə hər hansı qərəzli münasibət olmasından söhbət gedə bilməz. Məhkəməyə təqdim edilmiş audiovizual materiallardan da göründüyü kimi, Bakı şəhər Təcili və X3 Stansiyasının həkimi olmuş İddiaçı tibb bacısından xəstənin verdiyi pul vəsaitini qəbul etmişdir. Məhkəmə hesab edir ki, göstərilənlər iddiaçının törətmiş olduğu əməllə bağlı onun barəsində hazırki intizam tədbiri görülməsinə əsas olduğundan, başqa sözlə, İddiaçı Əmək Məcəlləsinin 72-ci maddəsinin «ə» bəndində nəzərdə tutulmuş əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq 6 ay ərzində təkrar əmək funksiyasını pozduğuna görə işəgötürən qanunla ona verilən səlahiyyətlər çərçivəsində Əmək Məcəlləsinin 186-cı maddəsinin tələblərinə uyğun ona «əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək» intizam tənbeh növünü vermək hüququndan istifadə etməkdə haqlı olmuş və əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulması hallarına yol verilməmişdir. Belə ki, iddiaçıya intizam tənbehi onun tərəfindən yol verilən pozuntunun aşkar edildiyi müddət ərzində qanuni əsaslarla verilmiş əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71.3-cü maddəsində nəzərdə tutulan qaydada cavabdeh tərəfindən əsaslandırılmış, iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı”). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı barəsində verilən əmrin qanunsuz olması ilə bağlı öz hüquqi mövqeyini sübut edilə bilməmiş və hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə də məhkəmə hesab edir ki, iddiaçı barəsində işdən azad edilməsi barədə əmrin qanunvericiliyin tələblərinə uyğun olmamasına dair irəli sürdüyü dəlilləri isə heç bir sübut növü ilə təsdiq edilməməklə əsassızdır və mülahizə xarakterlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının barəsində verilmiş əmrin qanunsuzluğuna dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız sayıldığı üçün digər, yəni, işə bərpa edilmə tələbinə hüquqi qiymət verilməsinə zərurət yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh «Bakı şəhər Təcili və X3 Stansiyası» PHŞ-ya qarşı «əmrin ləğvi və işə bərpa» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 50 manat mediasiya xərci və 6 manat poçt xərci iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh «Bakı şəhər Təcili və X3 Stansiyası» PHŞ-ya qarşı «əmrin ləğvi və işə bərpa» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 50 manat mediasiya xərci və 6 manat poçt xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar