Məhkəmə qərarları › İş №e-2(006)-345/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-345/2025

29.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-345/2025 29.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı (Azərbaycan Respublikasının Mərkəzi Bankı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «silinmiş pul vəsaitinin bərpa olunması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı «silinmiş pul vəsaitinin bərpa olunması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən 8.439,08 manat pul vəsaitinin onun kart hesabına bərpa olunması və keçən müddət ərzində hesablanmış bütün faiz və dəbbələrin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 1 yanvar 2024-cü il tarixdə gecə saatlarında - 04:10 radələrində ona məxus olan və "xxxx" Kommersiya Bankı tərəfindən «Leobank» layihəsi daxilində verilmiş 4098 5844 6282 6445 nömrəli bank kartından onun icazəsi və məlumatı olmadan 8.439 manat 08 qəpik pul vəsaiti «TikTok» platformasına köçürülmüşdür. Onun bu əməliyyat barədə məlumatı yalnız günorta vaxtlarında olmuşdur. Telefonunda «Leobank» tətbiqindən bu əməliyyatın aparıldığını və vəsaitin onun hesabından silindiyini görmüşdür. Dərhal banka zəng edərək bu barədə məlumat vermişdir. Həmin gün bayram günü olduğundan və bank işləmədiyindən fiziki olaraq banka gedə bilməmişdir. Lakin qaynar xətt vasitəsilə əlaqə saxladığı "xxxx" əməkdaşlarına demişdir ki, bayram günü olduğundan bank əməliyyatları ola bilsin ki, gözləmədədir və ola bilsin ki, növbəti iş günündə onlar tərəfindən təsdiqlənmədən pul qarşı tərəfin hesabına oturmayacaqdır. Lakin cavabında ona bildirmişlər ki, o, «Leobank» tətbiqi vasitəsilə əməliyyatı təsdiq etdiyinə görə avtomatik olaraq qeyri-iş günü olsa da, əməliyyat yekunlaşıb və artıq qarşı tərəfin hesabına köçürülüb. O isə əvəzində heç nəyi təsdiq etmədiyini, razılıq vermədiyini, bunun onların təhlükəsizlik problemi olduğunu bildirmişdir. Vəsaitini hesaba bərpa etmələrini xahiş etmişdir. Onlar isə demişlər ki, qeyri-mümkündür. Həmin gün xeyli stress, qorxu və qayğı hissi keçirmişdir. Qeyd etmək istəyir ki, o, 1992-ci ildən Laçın rayonundan məcburi köçkün düşmüşdür. Ölkə başçısının müdrik siyasəti və möhtəşəm qələbəsi nəticəsində Laçın şəhəri işğaldan azad olunmuşdur. Hal-hazırda o, Laçın şəhərinə geri qayıtmışdır və orada işləyir. Zülm və əziyyətlə dolanmağa çalışır. Leobankın ona verdiyi kartda olan həmin məbləği də ona heç özünün xəbəri olmadan bank kredit kimi yerləşdirmişdir. O, banka əvvəllər də bunu istəmədiyini demişdir. Ona demişlər ki, istifadə etməsə heç bir faiz və ya borc yazılmayacaq. Daha sonra da bu hadisə baş vermiş və hal hazırda gündəlik müəyyən qədər faiz borcu yazılır. O, Dövlətə öz təhlükəsizliyini əmanət etmişdir və bilir ki, Azərbaycan Respublikası vətəndaşlarının təhlükəsizliyi Dövlət tərəfindən təmin olunur. Unibankın təhlükəsizlik protokollarına əməl etməməsi nəticəsində onun hesabından silinmiş bu məbləğin ona ödətdirilməsi nə ədalətli deyil, nə də qanuni. Onun təsdiqi olmadan Unibank hesabına pul qoyur, sonra yenə onun təsdiqi olmadan hesabından sildirib «TikTok»-a köçürür. Nəticədə həmin pula faiz hesablayaraq ondan geri tələb edir. Bu ədalətsizlikdir. Qeyd etmək istəyir ki, «Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında» Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən ödəniş xidməti istifadəçisinin ödəniş alətinə və fərdiləşdirilmiş təhlükəsizlik məlumatlarına münasibətdə vəzifələri aşağıdakı kimidir: ödəniş xidməti istifadəçisinin ödəniş alətinə münasibətdə vəzifələri aşağıdakılardır: 38.1.1. ödəniş alətindən ödəniş alətinin emissiya və istifadəsi şərtlərinə uyğun olaraq istifadə etmək; 38.1.2. ödəniş alətini əldə etdikdən dərhal sonra onun fərdiləşdirilmiş təhlükəsizlik məlumatlarının təhlükəsiz saxlanmasını təmin etmək; 38.1.3. ödəniş alətinin itirilməsini, oğurlanmasını və ya səlahiyyətli olmayan şəxs tərəfindən istifadə olunmasını müəyyən etdikdə ödəniş xidməti təchizatçısını və ya onun tərəfindən səlahiyyətləndirilmiş digər şəxsi dərhal məlumatlandırmaq. Əlavə olaraq həmin Qanunun 41.3-cü maddəsinə əsasən ödəyici bu Qanunun 38-ci maddəsinin tələblərini qəsdən və ya kobud ehtiyatsızlıqdan pozması halında, avtorizə edilmədən həyata keçirilən ödəniş əməliyyatları üzrə yaranan itkilərə görə tam məsuliyyət daşıyır. Əlavə olaraq 25.5-ci maddədə qeyd olunur ki, ödəniş xidməti istifadəçisi ödəniş əməliyyatını avtorizə etdiyini inkar etdikdə və ya ödəniş əməliyyatının səhv icra olunduğunu bildirdikdə, ödəniş xidməti təchizatçısı ödəniş əməliyyatının autentifikasiya olunduğunu, düzgün qeydə alındığını, ödəniş əməliyyatı üzrə məbləğin ödəniş xidməti istifadəçisinin müəyyən etdiyi ödəniş hesabına mədaxil edildiyini və ödəniş əməliyyatının texniki nasazlıq və ya ödəniş xidməti təchizatçısının digər nöqsanı nəticəsində təsirə məruz qalmadığını sübuta yetirməlidir. Buradan göründüyü kimi, o, göstərilən tələblərin heç birini pozmamış və bu hadisə onun məsuliyyətindən kənar baş vermişdir. «Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi X3 10 iyul 2012-ci il tarixli 16/3 saylı Qərarında qeyd olunmuşdur ki, 3.8. Emitentin aşağıdakı vəzifələri vardır: kart sahibi ilə bağlanmış müqavilə şərtlərinə əsasən kartı təqdim etmək; kart istifadəçisini kartdan və PİN-koddan istifadə qaydaları ilə tanış etmək; bu Qaydaların 7.8-ci bəndi istisna olmaqla 7-ci hissəsində nəzərdə tutulmuş tələblərə riayət etmək; real vaxt rejimində internet üzərindən aparılan ödənişlərın avtorizasiyası üzrə emitent (və ya kart təşkilatı) tərəfindən verilmiş şifrə ilə kart istifadəçisini eyniləşdirmək üçün tədbirlər görmək; bu Qaydaların 3.9-cu bəndi ilə müəyyən edilmiş bildirişi aldıqdan sonra kartı dərhal bloklaşdırmaq. Bu Qərarın 3.8.3cü maddəsinə əsasən emitent tərəfindən şifrə verilməli idi və eyniləşdirmə aparılmalı idi. Lakin Unibank tərəfindən bütün bunlar üçün heçbir tədbir görülməmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddiaya etiraza yazılı münasibət göndərərək qeyd etmişdir ki, cavabdeh məhkəməyə verdiyi yazılı etirazda və şifahi izahatarında qeyd etmişdir ki, «Əməliyyatın müştərinin qeydiyyatdan keçdiyi mobil tətbiqdə özü tərəfindən qabaqcadan təyin olunmuş PİN-kodun (şifrənin) daxil edilməsiylə təsdiq edilməsi müştərinin autentifikasiya olunması üçün kifayətdir...» Bu izahatla cavabdeh sanki «Ödəniş kartları emissiyası və istifadə Qaydaları»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Mərkəzi X3 10 iyul 2012-ci il tarixli 16/3 saylı Qərarının 3.8.4-cü bəndində qeyd olunan «şifrə» anlayışı ilə yuxarda qeyd etdiyi PİN-kod anlayışını eyniləşdirməyə uğursuz bir cəhd göstərir. Qeyd etmək itəyir ki, bu mülahizəsində cavabdehin gəlmiş olduğu nəticə qanunvericiliyin tələbi ilə ziddiyyət təşkil edir. Belə ki, iddia ərizəsində də qeyd olunduğu kimi, yuxarda qeyd olunan Qərarın 3.8.4-cü maddəsinə əsasən bu eyniləşdirmə real vaxt rejimində aparılmalıdır və qeyd olunan «şifrə» emitent tərəfindən verilməlidir. Yəni ki, «şifrə» hər hansı bir proqrama daxil olmaq üçün kart istifadəçisi tərəfindən əvvəlcədən təyin edilmiş hər hansı bir PİN-kod deyil. Daha sonra cavabdeh özlərinə məxsus olan sistem üzərindən hər hansısa bir «push bildirişin» çatdırılmasını və «confirm_method_3ds – accept» metodu ilə müştərinin «tətbiq daxili 3DS push bildiriş» ilə ödəniş təsdiq etdiyini iddia edir. İddiaçının mobil telefonuna gələn bütün sms-lər arasında 3DS ilə bağlı heç bir şifrə aşkarlanmamışdır. Bundan əlavə yuxarda qeyd olunan Qərarda bildirilən «şifrə» istifadəçi tərəfindən də visual olaraq görülən bir şifrə olmalıdır. Hər hansı bir tətbiq daxili baş verən daxili əmliyyatların kodlarının bu «şifrə» ilə eyniləşdirilməsi düzgün deyildir. Çünki rəqəmsal proseslərdə baş verən bütün hərəkətlər və bütün proseslər kodlarla baş verir və bu heç bir zaman şifrə olaraq qəbul olunmur. Cavabdehin müştərilərinin istifadəsi üçün yaratdığı və köçürmələrin həyata keçirildiyi mobil tətbiqinin fəaliyyəti qaydaları yuxarda göstərilən Qərarın tələblərinə ziddir. Buna görə də, iddiada qeyd olunan köçürmənin baş verməsi üçün cavabdeh eyniləşdirməni düzgün aparmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Cavabdehin nümayəndəsi X2 mülki işə iddiaçının iştirakı olmadan baxılmasını tələb etdiyindən, məhkəmə mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddia tələbi aşağıdakı səbəblərdən əsassız və qanunsuz olduğundan rədd edilməlidir. 1) xx.xx.2024-cü il tarixdə saat 04:10-da İddiaçı məxsus 409858****6445 nömrəli Leobank kartından 4.158 USD (7.152,08 manat əsas məbləğ, 1.287,32 manat ƏDV, cəmi 8.439,08 manat) məbləğin «TikTok» platformasına köçürülməsi iş materiallarına əlavə edilmiş hesabdan çıxarışda öz təsdiqini tapır. Belə ki, iş materiallarına əlavə edilmiş hesabdan çıxarışın qeyd edilən hissəsindən də görünür ki, xx.xx.2024-cü il tarixdə saat 02:34:18-də müştəriyə bank depozitinə hesablanmış faiz 0,13 AZN məbləğ daxil olduqdan sonra müştərinin balans məbləği 8.584,17 manat təşkil etmişdir. Bundan sonra, xx.xx.2024-cü ildə saat 04:10-da kartdakı vəsaitdən 8.439,08 manat istifadə edilmiş və müştərinin balans məbləği 145,07 manat təşkil etmişdir. 2) xx.xx.2024-cü il tarixdə saat 04:10-da İddiaçı məxsus 409858****6445 nömrəli Leobank kartından 4.158 USD məbləğin (7.152,08 manat əsas məbləğ, 1.287,32 manat ƏDV, cəmi 8.439,08 manat) «TikTok» platformasına köçürülməsi əməliyyatı tətbiq daxili 3DS push bildirişin təsdiqi vasitəsi ilə icra olunmuşdur. Bunu etiraza əlavə edilmiş çıxarışlar təsdiq edir. Qeyd edir ki, 3DS texnologiyası VİSA və MasterCard beynəlxalq ödəniş sistemləri tərəfindən yaradılmış, ödəniş kartları ilə online sifariş əməliyyatlarını daha da təhlükəsiz edən qlobal protokoldur. Belə ki, qoşmaya əlavə edilmiş 1-ci sistemdən çıxarış Leobank mobil tətbiqində push bildirişin göndərilmə saatını (xx.xx.2024, saat 04:10); 2-ci sistemdən çıxarış göndərilmiş push bildirişin mobil tətbiqdə ona çatdırılmasını; 3-cü sistemdən çıxarışda əks olunan «confirm_method_3ds – accept» qeydi ilə müştərinin həmin ödənişi tətbiq daxili 3DS push bildiriş vasitəsi ilə həyata keçirdiyini təsdiq edir. 3) Qeyd edilənlərdən göründüyü kimi, iddiaçı köçürmə əməliyyatlarını tətbiq daxili 3DS push bildirişin təsdiqi vasitəsi ilə təsdiq etdiyindən mobil tətbiqdə cihaz dəyişikliyi də olmamışdır. Bunu bankın xx.xx.2024-cü il tarixli məktubu və etiraza əlavə edilmiş sistemdən çıxarışlar da təsdiq edir. Belə ki, bankın xx.xx.2024-cü il tarixli məktubunda qeyd edildiyi kimi xx.xx.2024-cü il tarixdə 409858******6445 nömrəli kartdan 4.158 USD məbləğində həyata keçirilən əməliyyat aşağıda təqdim edilən İP ünvanından və mobil cihazdan idarə edilmişdir: saat 04:08:02, 94.20.46.98, Samsung_SM A235F. Bundan başqa, qoşmaya əlavə edilmiş sistemdən çıxarışlardan görünür ki, xx.xx.2023, saat 01:03:35-dən – xx.xx.2024, saat 09:05:55-ə qədər müştərinin istifadəsində Samsung_SİM-A235F markalı mobil telefon olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 14:03:37 və 18:21:35-də (əməliyyat tarixindən öncə) müştəri mobil tətbiqdən çıxış edib yenidən daxil olmuş, bununla bağlı bank tərəfindən iddiaçının təqdim etdiyi mobil nömrəsinə (**********) «şifrəni başqa birinə ötürmədiyinizə əminsiniz, «Leobank» əməkdaşları heç vaxt müştəridən şifrəni soruşmurlar» formasında məlumat mesajı göndərilmişdir. xx.xx.2024-cü il tarixdə saat 09:05:55-də (əməliyyat saatından sonra) istifadə etdiyi mobil telefonu dəyişərək Samsung_SİM-A105F markalı mobil telefonla mobil tətbiqə daxil olmuşdur. Bununla bağlı bank tərəfindən iddiaçının təqdim etdiyi mobil nömrəsinə (**********) «şifrəni başqa birinə ötürmədiyinizə əminsiniz, Leobank əməkdaşları heç vaxt müştəridən şifrəni soruşmurlar» formasında məlumat mesajı göndərilmişdir. Göründüyü kimi, əməliyyatın edilməsindən 2 dəqiqə öncə saat 04:08:02-də müştəri istifadəsində olan Samsung_SİM-A235F markalı mobil telefon ilə mobil tətbiqə daxil olmuş və əməliyyatı həyata keçirmişdir. xx.xx.2024-cü il tarixdə həyata keçirilmiş əməliyyat bank tərəfindən «Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları»na uyğun olaraq icra olunmuşdur. Belə ki, əməliyyat müştərinin qeydiyyatdan keçdiyi mobil cihaz vasitəsi ilə mobil tətbiqdə təsdiq edilmişdir. Əməliyyatın müştərinin qeydiyyatdan keçdiyi mobil tətbiqdə özü tərəfindən qabaqcadan təyin olunmuş PİN-kodun (şifrənin) daxil edilməsi ilə təsdiq edilməsi müştərinin autentifikasiya olunması üçün kifayətdir və həyata keçirilmiş həmin əməliyyatlara görə müştəri şəxsən məsuliyyət daşıyır. Belə ki, İddiaçı tərəfindən təsdiq olunmuş «Standart Şərtlər»ə əsasən müştərinin kartı və ya onun PİNkodunu üçüncü şəxslərə ötürməsi qadağandır və kart və PİN-kodla əlaqəli təhlükəsizlik tədbirlərinə riayət edilməlidir. Müştəri kartın itməsi, oğurlanması, üzərində təhriflər edilməsi və üçüncü şəxslər tərəfindən qanunsuz istifadə edilməsinin qarşısının alınması üçün bütün mümkün tədbirləri görməli və bu hal yaranan zaman bankı dərhal məlumatlandırmalıdır. Mobil telefon SİM-kartının və/və ya mobil cihazısının itirilməsi, o cümlədən oğurlanması və digər vasitələrlə müştərilərin sahibliyindən çıxması, üçüncü şəxslər tərəfindən qanunsuz istifadə edilməsi nəticəsində müştəriyə dəymiş zərərə görə bank məsuliyyət daşımır. Yuxarıda sadalananlardan görünür ki, iddia ərizəsində qeyd edilənlərin əksinə İddiaçı xx.xx.2024-cü il tarixdə saat 04:08:02-də istifadəsində olan Samsung_SİM-A235F markalı mobil telefon ilə mobil tətbiqə daxil olmuş, 4.158 ABŞ dolları (7.152,08 manat əsas məbləğ, 1.287,32 manat ƏDV, cəmi 8.439,08 manat) vəsaitin «TikTok» platformasına köçürülməsinə dair mobil tətbiqə göndərilmiş 3DS push bildirişi təsdiq etmiş, bununla da əməliyyat icra olunmuşdur. Odur ki, İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı «silinmiş pul vəsaitinin bərpa olunması» tələbinə dair iddiasının tam əsassız olduğundan təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilə bilməz. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Azərbaycan Respublikasının Mərkəzi Bankının məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, müştərinin bank hesabından ödəniş əməliyyatının həyata keçirilməsi zamanı qüvvədə olan «Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları»nın 3.8.4-cü yarımbəndinə əsasən real vaxt rejimində internet üzərindən aparılan ödənişlərın avtorizasiyası üzrə emitent (və ya kart təşkilatı) tərəfindən verilmiş şifrə ilə kart istifadəçisini eyniləşdirmək üçün tədbirlər görməli idi. Qaydanın 2.10 avtorizasiya - kartdan istifadə edilməklə əməliyyatların aparılması üçün emitentdən və ya onun xidmət olunduğu kart təşkilatından icazənin alınmasıdır. Göründüyü kimi, Qaydanın 3.8.4-cü yarımbəndi emitentdən və ya onun xidmət olunduğu kart təşkilatından ödəniş əməliyyatı üçün icazənin alınması qaydasını tənzimləyir. Formal olaraq Qaydanın şifrə ilə eyniləşdirmə tələbinin pozulması görünsə də bildiririk ki, Qaydanın 3.8.4-cü yarımbəndinin məqsədi ödənişlərin kart istifadəçinin özü tərəfindən həyata keçirilməsinə əmin olmaq, səlahiyyətli olmayan şəxslər tərəfindən kartların həyata keçirilməsinin məhdudlaşdırılmasıdır. Bu baxımdan ödəniş əməliyyatının həyata keçirilməsi üçün öncə zəruri şifrə daxil edilməklə və ya biometrik eyniləşdirmə ilə mobil tətdiqə daxil olunduğu və daha sonra eyni fasiləsiz sessiya çərçivəsində daxil olan ödəniş bildirişi təsdiqləndiyi halda bu, Qaydanın 3.8.4-cü yarmbəndinə riayət olunması anlamına gələ bilər. Belə olduğu təqdirdə Qayda yalnız 1 elementdən (şifrə) ibarət eyniləşdirmə tələb etdiyi halda bank tərəfindən 3 elementdən ibarət eyniləşdirmənin həyata keçirildiyi qənaətinə gəlmək olar. Əlavə olaraq bildirilir ki, xx.xx.2023-cü il tarixində qüvvəyə minən «Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında» Qanunda qeyd olunan məqsədlər üçün «Gücləndirilmiş müştəri autentifikasiyası» anlayışı istifadə edilmiş və ədalətli məsələlər tənzimlənmişdir. Qanunun 35-ci maddəsinə əsasən ödəniş xidməti təchizatçılarının xidmətindən istifadə olunarkən tətbiq edilən gücləndirilmiş müştəri autentifikasiyası ilə bağlı tələblər Mərkəzi Bank tərəfindən müəyyən olunur. Mərkəzi Bank tərəfindən müvafiq tələblər xx.xx.2024-cü il tarixli 12\2 №li Qərarı ilə təsdiq edilmiş «gücləndirilmiş müştəri autentifikasiyasının tətbiqi Qaydası» ilə müəyyən edilmişdir. Bankın həyata keçirdiyi əməliyyatı «gücləndirilmiş müştəri autentifikasiyasının tətbiqi Qaydası»na uyğun hesab etmək olar. İddia tələblərindən görünür ki, iddiaçı Leobankın ona verdiyi kartda olan həmin məbləği də ona heç özünün xəbəri olmadan bank kredit kimi yerləşdirmiş, o, banka əvvəllər də bunu istəmədiyini demiş, ona istifadə etməsə heç bir faiz və ya borc yazılmayacağını bildirilmişdir. Beləliklə də, iddiaçı kartında bank tərəfindən ona kredit məbləğinin yerləşdirilməsindən tam məlumatlı olmuşdur. İşin mübahisələndirilən və məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilməli olan halı ondan ibarətdir ki iddiaçı onun icazəsi və məlumatı olmadan 8.439,08 manat məbləğin «TikTok» platformasına köçürülməsindən məlumatsız olmasını bildirərək iddia tələbini əsaslandırarkən «Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında» Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinə istinad edərək, məsuliyyətini istisna etmiş, həmin məbləğin kart hesabına bərpa olunması və keçən müddət ərzində hesablanmış bütün faiz və dəbbələrin silinməli olmasını iddia etmişdir. Cavabdeh isə iddiaya etirazın əsası kimi xx.xx.2024-cü il tarixdə həyata keçirilmiş əməliyyat bank tərəfindən «Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları»na uyğun olaraq icra olunmasına istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. - 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. - 417.1-ci maddəsinə əsasən, müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. - 418.1-ci maddəsinə əsasən, müqavilənin standart şərtləri onu təklif etmiş tərəflərə digər tərəf arasında bağlanmış müqavilənin tərkib hissəsinə yalnız o halda çevrilir ki, təklif etmiş tərəf müqavilənin bağlandığı yerdə əyani qeyd yazsın və bu şərtlərə istinad etsin, digər tərəf isə həmin şərtlərlə tanış olmaq və razıdırsa, bu şərtləri qəbul etmək imkanına malik olsun. - 418.2-ci maddəsinə əsasən, əgər müqavilənin digər tərəfi sahibkardırsa, müqavilənin standart şərtləri bu şərtlə müqavilənin tərkib hissəsi olur ki, işgüzar münasibətlərdə zəruri olan ehtiyat göstərdiyi halda o bunu nəzərdə tutmalı olsun. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, tərəflər arasında "xxxx" Kommersiya Bankı tərəfindən Leobank layihəsi daxilində verilmiş 4098 5844 6282 6445 nömrəli bank karta dair müvafiq müqavilə bağlanmış və müqaviləyə əsasən kartdan istifadə olunmaqla aparılmış bütün əməliyyatlara görə müştəri (Borcalan) məsuliyyət daşıyır. İddiaçı faktiki olaraq kartından pul vəsaitinin silinməsi ilə ona zərər vurulmasını iddia etmiş, bunda cavabdehi «Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi X3 10 iyul 2012-ci il tarixli 16/3 saylı Qərarının 3.8, 3.8.3-cü maddələrinin tələblərinə riayət etməməkdə, köçürmənin baş verməsi üçün cavabdeh eyniləşdirməni düzgün aparmamasında günahlandırmışdır. Qanunvericiliyə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Şəxsin hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) “zərər” anlayışı ilə əhatə olunur (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 21.2-ci maddələri). Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki hissədən ibarətdir- real zərər və əldən çıxmış fayda. Mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Zərər yoxdursa, əmlak hüququ pozulmur və ya öhdəlik yaranmır. Bu hallar olmadıqda pozulmuş öhdəliklərə görə məsuliyyətin həcmini müəyyənləşdirmək olmur. Beləliklə də, Mülki Məcəllənin 21-ci maddəsinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: -zərərin mövcud olması; -zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması; -zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə daha sonra qeyd edir ki, plastik ödəmə kartı - əsasən kredit, ödəmə və debit (hesabdan nağd vəsaitlərin alınması) kart olaraq bilinən, vəsaitlərin mübadiləsi, pulun saxlanılması, məsafədən ödənişlərin həyata keçirilməsi, başqa hesablara pulun köçürülməsi və digər əməliyyatlar üçün istifadə olunan vasitədir. Belə ki, kart vasitəsilə yuxarıda qeyd olunan əməliyyatlar müxtəlif üsullarla (postterminal vasitəsi ilə pul ödənilməsi, ATM vasitəsi ilə hesabdan nağd vəsaitlərin alınması, internet resursları vasitəsilə online pul köçürmələri, ölkə daxili və ölkə xarici hesablara pul köçürülməsi və s.) müxtəlif vasitələrlə həyata keçirilir. Plastik kartların aid olduğu hesaba dair məlumatlar kartın məxsus olduğu müəsissə tərəfindən saxlanılır, kartın istifadəçisi və həmin müəssisə tərəfindən idarə olunur. Kartlarda informasiya təhükəsizliyinin təmin edilməsi üçün (kartın nömrəsi, PİN-kod, təhlükəsizlik şifrəsi, bank resurslarına aid şifrələr, kredit limiti, əməliyyatların tarixçəsi və s.) xüsusiyyətlərin qorunmasına diqqət yetirilməlidir. Məhkəmə daha sonra qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Həmçinin, hər bir kəsin məhkəmə müdafiəsi hüququ onun konstitusion hüququ olmaqla həmin hüququn məhdudlaşdırılması qanunla qadağandır. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar və faktlar əsasında hüquqi qiymət verməlidir. Məhkəmənin qənaətinə görə iddiaçının izahatı isə özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Belə ki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı”). Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı iddiasının əsaslı olmasına dair mötəbər və tutarlı sübutlar təqdim etməmiş, bununla bağlı öz hüquqi mövqeyini sübut edə bilməmişdir. Belə ki, iddiaçının xx.xx.2024-cü il tarixdə saat 04:08:02-də istifadəsində olan Samsung_SİM-A235F markalı mobil telefon ilə mobil tətbiqə daxil olması, 4.158 ABŞ dolları (7.152,08 manat əsas məbləğ, 1.287,32 manat ƏDV, cəmi 8.439,08 manat) vəsaitin «TikTok» platformasına köçürülməsinə dair mobil tətbiqə göndərilmiş 3DS push bildirişi təsdiq etməsi, bununla da əməliyyat icra olunması təqdim edilmiş sənədlərlə öz təsdiqini tapmışdır. Bu hallar həm cavabdehin məhkəməyə təqdim etdiyi etirazın məzmununda, həm Azərbaycan Respublikasının Mərkəzi Bankının məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli cavab məktubunda, həm də, cavabdehin məhkəmənin qərardadının icrası ilə bağlı İcra Şöbəsinə verdiyi cavab məktubunda da ətraflı əks edilmişdir. İş materiallarından görünür ki, əməliyyat iddiaçının qeydiyyatdan keçdiyi mobil cihaz vasitəsi ilə (**********) mobil tətbiqdə təsdiq edilmişdir. Məhkəmə əməliyyatın müştərinin qeydiyyatdan keçdiyi mobil tətbiqdə özü tərəfindən qabaqcadan təyin olunmuş PİN-kodun (şifrənin) daxil edilməsi ilə təsdiq edilməsi müştərinin audentifikasiya olunması üçün kifayət olması və həyata keçirilmiş həmin əməliyyatlara görə də müştərinin şəxsən məsuliyyət daşımasına dair cavabdeh tərəfin mövqeyi ilə razılaşır. Belə ki, İddiaçı tərəfindən təsdiq olunmuş «Standart Şərtlər»ə əsasən müştərinin kartı və ya onun PİN-kodunu üçüncü şəxslərə ötürməsi qadağandır və kart, eləcə də PİNkodla əlaqəli təhlükəsizlik tədbirlərinə riayət edilməlidir. Müştəri kartın itməsi, oğurlanması, üzərində təhriflər edilməsi və üçüncü şəxslər tərəfindən qanunsuz istifadə edilməsinin qarşısının alınması üçün bütün mümkün tədbirləri görməli və bu hal yaranan zaman bankı dərhal məlumatlandırmalıdır. Mobil telefon SİM-kartının və/və ya mobil cihazısının itirilməsi, o cümlədən oğurlanması və digər vasitələrlə müştərilərin sahibliyindən çıxması, üçüncü şəxslər tərəfindən qanunsuz istifadə edilməsi nəticəsində müştəriyə dəymiş zərərə görə bank məsuliyyət daşımır. Göründüyü kimi, pul vəsaitinin iddiaçının hesabından «TikTok» platformasına köçürülməsi cavabdehin hər hansı təqsirli hərəkət, yaxud hərəkətsizliyi ilə bağlı deyil. Təqdim olunmuş sənədlərdən göründüyü kimi, cavabdeh tərəfindən Azərbaycan Respublikasında elektron bankçılıq xidmətlərinin göstərilməsi və bu xidmətlər üzrə təhlükəsizliyin təmin olunmasına dair metodoloji rəhbərliyin tələbləri yerinə yetirilmiş, Ebankçılıq xidmətlərindən istifadə zamanı məsafədən həyata keçirilən hücumların növləri, onların aşkar edilməsi və qarşısının alınması üzrə zəruri tədbirlər görülmüşdür. Hazırki iş üzrə iddiaçının hesabına kənardan hər hansı kiberhücum və s. olmamış, bank tərəfindən müştərinin hesablarının təhlükəsizliyinin təmin edilməsi üçün zəruri addımlar atılmış, iddiaçıya əməliyyatın təsdiq edilməsi üçün 3DS push bildirişi göndərilmişdir. Beləliklə də, iddiaçı cavabdehə qarşı iddia tələbinin əsası kimi istinad etdiyi hallara (cavabdehin təqsirli hərəkət, yaxud hərəkətsizliyi səbəbindən ona ziyan vurulması və s.) dair mötəbər sübutlar təqdim etməmişdir. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunması üçün 105 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" KB ASC-yə (Azərbaycan Respublikası Mərkəzi Bankı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «silinmiş pul vəsaitinin bərpa olunması» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 105 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" KB ASC-yə (Azərbaycan Respublikası Mərkəzi Bankı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «silinmiş pul vəsaitinin bərpa olunması» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 105 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar