Məhkəmə qərarları › İş №e-2(006)-3455/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-3455/2023

24.11.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-3455/2023 24.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçılar İddiaçı3 və İddiaçı1, İddiaçıların nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı müqavilənin etibarsız hesab edilməsi və yeni müqavilənin bağlanılması tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların istifadəsində və sahibliyində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 67 kv.m olan mənzilin əvəzinə xx.xx.2022-ci il tarixli müqavilə əsasında Cavabdeh2 MMC tərəfindən verilmiş 2 otaqlı mənzilə pay hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişlərdir. Daha sonra iddiaçılar iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, onların istifadəsində və sahibliyində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 67 kv.m olan mənzilin əvəzinə xx.xx.2022-ci il tarixli müqavilə əsasında Cavabdeh2 MMC tərəfindən Cavabdeh1 verilmiş 2 otaqlı mənzilə pay hüquqlarının tanınması və Cavabdeh2 MMC ilə yeni müqavilənin bağlanmasına dair qətnamə qəbul edilməsini xahiş etdilər. Daha sonra iddiaçılar iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin “ünvan 2 ünvanında yerləşən 67 kv.m sahəyə 20% əlavə etməklə təmirli 2 otaqlı, 80 kv.m mənzilin Cavabdeh1 verilməsi” hissəsində etibarsız hesab olunması, həmin hissədə onlarla yeni müqavilənin bağlanması öhdəliyinin Cavabdeh2 MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iddiaçılar İddiaçı3, İddiaçı1 və onların nümayəndələri və vəkilləri iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini etiraf etməyərək, onun təmin olunmamasını xahiş etdilər. Cavabdeh2 MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh2 MMC-nin direktoru X1 və Cavabdeh1 qarşı müqavilənin etibarsız hesab edilməsi və yeni müqavilənin bağlanması tələbinə dair iddialarının təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-826/2023 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamənin 62-ci bəndində əgər iddiaçılar evə hüquqlarının olduğunu və onların razılığı alınmadan müqavilə bağlanması nəticəsində həmin hüquqlarının xələl gördüyünü hesab edirlərsə, müvafiq əsasa istinadla Cavabdeh1 qarşı onlara verilməli olan kompensasiya məbləği ilə bağlı (həmçinin əvəz kimi verilən mənzillə bağlı) tələb irəli sürməkdə haqlı olduqları göstərilmişdir. Hazırda icraatda olan mülki işdə iddia tələbinin əsası bundan əvvəl olan tələblərlə eyni çıxış etməsi müəyyən edilir. İddiaçılar yenidən məhkəməyə müraciət edərkən onların mübahisəli ünvanda qeydiyyatda olmalarını və cavabdehin müqavilə öhdəliyinə əsasən qeydiyyatda olan şəxslərdən razılığın alınmamamasını əsas gətirmişlər. Söklümüş daşınmaz əmlakın hüquqi statusu, iddiaçıların subyektiv hüququn olmaması, yeni müqavilənin bağlanması öhdəliyin cavabdehin üzərinə qoyulması barədə məsələlərə qanuni qüvvəyə minmiş qətnamələrdə münasibət bildirilmişdir. Beləliklə, eyni tərəflər arasında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ləğv olunmayan xx.xx.2022-ci il tarixli qətnaməsi mövcud olmaqla, sözügedən qətnamə üzrə mübahisələndiriən müqavilənin etibarsız hesab edilməsi və onlarla yeni müqavilənin bağlanması təmin edilmədiyindən, hazırda isə iddiaçılar yenə də həmin müqavilənin etibarsız hesab edilməklə onlarla yeni müqavilənin bağlanmasını xahiş etdiklərindən hazırki mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə həmçinin qeyd edir ki, mülki iş üzrə icraata xitam verilməli olunduğundan ödənilmiş dövlət rüsumu iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 geri qaytarılmalıdır. İş materiallarından görünür ki, iddiaçı hazırki iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat ("xxxx" ASC, qəbz № **********) məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 5.1.3-cü maddəsinə əsasən məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162, 191, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı müqavilənin etibarsız hesab edilməsi və yeni müqavilənin bağlanılması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddia ərizəsinin verilməsinə görə iddiaçıların nümayəndəsi və vəkili tərəfindən ödənilmiş 100 (bir yüz) manat ("xxxx" ASC, qəbz № **********) dövlət rüsumu Azərbaycan Respublikasının Dövlət Büdcəsindən Vəkil1 qaytarılsın. Dövlət rüsumunun qaytarılması hissəsində qərardadın icrası Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar