Məhkəmə qərarları › İş №e-2(006)-3492/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-3492/2022

29.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-3492/2022 29.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil, Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “ipotekaya xitam verilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ipotekaya xitam verilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, iddia tələbinin təmin edilməsi, Xətai rayon icra şöbəsinin xx/xx-173733/2019-9 saylı, xx.xx.2021-ci il tarixli sifariş məktubu üzrə "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində keçirilmiş ilkin və təkrar hərracların nəticələrinə əsasən İddiaçı məxsus ünvan 1 ünvanındakı 0,28537 ha torpaq sahəsində yerləşən 3772,4 kv.m. ümumi, 1574,2 kv.m. əsas, 2198,2 kv.m. köməkçi sahədən ibarət əmlak kompleksinin cavabdeh ləğv prosesində olan Cavabdeh3 ASC qarşısında ipoteka yüklülüyünə (ipotekaya) xitam verilməsi və həmin əmlak kompleksinin ipotekasına dair DƏDRX-də aparılmış ipoteka yüklülüyünün qeydiyyatının ləğv edilməsi və ipotekaya xitam verilməsi ilə bağlı DƏDRX-də müvafiq qeydlərin aparılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən "xxxx" MMC-dən bankın xeyrinə xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə cəmi 240 132 manatın tutulması və ona məxsus əmlak kompleksinə tutma yönəldilməsi, əmlak kompleksinin açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi qət edilmiş, icra vərəqəsi icra edilməsi üçün Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, əmlak kompleksinin ilkin satış qiyməti 630 000 manat olmaqla açıq hərracdan satılması üçün “X2” MMC-yə sifariş verilmişdir. Əmlak kompleksinin açıq hərracdan satılması məqsədilə xx.xx.2018-ci il tarixdə birinci hərrac, satış qiyməti 535 500 manat olmaqla, xx.xx.2018-ci il tarixdə təkrar hərrac keçirilmiş, lakin hərrac baş tutmamışdır. “X2” MMC-nin Fonda ünvanladığı xx.xx.2018-ci il tarixli təklif məktubunda “əmlak kompleksinə dair keçirilmiş hərraclar baş tutmadığından “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətə ala biləcəyi”, “hərracın baş tutmaması ilə bağlı “Kaspi” qəzetində xx.xx.2018-ci il tarixdə elan dərc olunduğu” vurğulanmış, 30 təqvim günü ərzində ipoteka predmetinin əldə edilməsi ilə əlaqədar münasibət bildirilməsi xahiş edilmişdir. Lakin 30 təqvim günü ərzində bankla hərrac təşkilatçısı arasında əmlakın alqı-satqısına dair heç bir protokol bağlanmamışdır. “X2” MMC-nin Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə ünvanladığı xx.xx.2019-cu il tarixli 94 saylı məktubuna əsasən “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka predmetini təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində əldə etmədiyi üçün sənədlər toplusu Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə geri qaytarılmışdır. Bundan sonra iddiaçı 2018-ci ildə keçirilmiş hərracların nəticələrinə müvafiq olaraq cavabdehlər ləğv prosesində olan Cavabdeh3 ASC-nin (bank) ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna (Fond) və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə (DƏDRX) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanındakı 0,28537 ha torpaq sahəsində yerləşən 3772,4 m2 ümumi, 1574,2 m2 əsas, 2198,2 m2 köməkçi sahədən ibarət əmlak kompleksinə dair bankın xeyrinə olan ipoteka yüklülüyünə xitam verilməsi və həmin əmlak kompleksinə dair DƏDRX-də aparılmış ipoteka yüklülüyü qeydiyyatının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi “İpoteka haqqında” Qanunun 43.7-ci və 43.8-ci maddələri üzrə ipoteka predmetinin təkrar hərracın baş tutmaması barədə elan verildikdən 30 təqvim günü və ondan sonra da ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmaması ilə əsaslandırılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 may 2019cu il tarixli qətnaməsi ilə iddia tələbləri təmin olunmuşdur. Qətnamədən narazı qalan cavabdeh ləğv prosesində olan Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etsə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-12210/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən narazı qalan cavabdeh prosesində olan Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu həmin qətnamədən kassasiya şikayəti vermiş, Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-909/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin Məhkəməyə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5706/2020 saylı, xx.xx.2020-ci il tarixli Qətnaməsinə əsasən cavabdeh ləğv prosesində olan Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayətinin təmin edilməsi, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2427/2019 saylı, 21 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Daha sonra qətnamədən narazı qalan iddiaçı kassasiya şikayəti vermiş, Ali Məhkəmə tərəfindən kassasiya şikayəti təmin olunmamış və qətnamə qüvvədə saxlanılmışdır. Beləliklə, iş üzrə yekun qətnamə nəticəsində sözügedən icra sənədinin icrası ilə bağlı müəyyənlik yaranmamış, belə ki, bir tərəfdən mülkiyyətçinin 2018-ci il tarixdə keçirilmiş hərracların nəticələri üzrə ipotekaya xitam verilməsinə dair iddiası təmin edilməmiş, digər tərəfdən isə ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməsi istiqamətində heç bir real addım atılmamış, ipoteka predmetinin tam dəyəri (tələb həcmindən artıq olan hissəsi fərq), vergi öhdəlikləri və s. ödənilməmiş, hərrac protokolu əldə edilməmişdir. Bundan sonra Xətai rayon icra və probasiya şöbəsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli icra sənədi üzrə icra hərəkətləri davam etdirilmiş, icra şöbəsi tərəfindən əmlakın açıq hərracdan satışı ilə bağlı xx/xx-173733/2019-9 saylı, xx.xx.2021-ci il tarixli məktub əsasında "xxxx" MMC-yə sifariş verilmiş, ipoteka predmeti olan əmlak xx.xx.2021-ci il tarixdə ilkin, xx.xx.2021-ci il tarixdə təkrar hərracdan satışa çıxarılmış, keçirilmiş hərraclar baş tutmamışdır. Hərracın təşkilatçısı "xxxx" MMC tərəfindən 01/3177 saylı xx.xx.2021-ci il tarixli ipoteka predmetinin əldə olunmasına dair məktubla cavabdeh ləğv prosesində olan Cavabdeh3 ASC-yə müraciət edilmiş, əmlakın təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2021-ci il tarixli nömrəsində elanın dərc edildiyi, bununla da bankın ipoteka saxlayan qismində “İpoteka haqqında” Qanunun 43.7ci maddəsinə əsasən əmlakı təkrar hərracdakı satış qiymətindən 25% aşağı olmayan qiymətlə əldə etmək hüququnun yaranması barədə məlumat verilmişdir. Lakin buna baxmayaraq, ötən müddət ərzində əmlakın hərracdan əldə edilməsinə dair ipoteka saxlayan tərəfindən heç bir real addım atılmamış, əmlakın təkrar hərracdakı satış qiymətinin 25% aşağı qiyməti ilə (401 625 manat) icra sənədi üzrə tələb (240 132 manat) arasındakı fərq (161 493 manat) icra şöbəsinin depozit hesabına köçürülməmiş və ya mülkiyyətçiyə qaytarılmamış, bununla yanaşı, Vergi Məcəlləsinin 150.1.13, 150.3-1, 220.8, 220.8.1-ci maddələrinə müvafiq olaraq ödəmə mənbəyində tutulan sadələşdirilmiş vergini və ƏDV-ni ödəməmiş, “İpoteka haqqında” Qanunun 43.7-1-ci maddəsində müəyyən edilmiş, təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində müqavilə qüvvəsinə malik protokol imzalanmamışdır. Bununla da hərrac sifarişi xx.xx.2022-ci il tarixdə icra şöbəsinə geri qaytarılmışdır. Eyni zamanda tələbkar tərəfindən də həmin əmlak kompleksi qəbul edilməmişdir. Belə olan təqdirdə Xətai rayon icra şöbəsinin böyük icra məmuru Mehdi Zeynalovun İcra sənədinin məhkəməyə qaytarılması haqqında xx.xx.2022-ci il tarixli qərarına əsasən icra sənədi “İcra haqqında” Qanunun 53.3-cü maddəsinə müvafiq olaraq onu vermiş məhkəməyə qaytarılmışdır. Qanunvericiliyə əsasən, hazırki vəziyyətdə ləğv prosesində olan Cavabdeh3 ASC əmlakı əldə edə bilmək üçün kredit tələbinin məbləği həcmində, yəni 240 000 manat məbləğində əmlakın alış qiymətini ödəməkdən azad olsa da, alış qiymətinin qalan 161 493 manat (401 625 - 240 132) məbləğində artıq məbləği - fərqi pul şəklində iddiaçıya qaytarmalıdır. Göründüyü kimi, cavabdeh ləğv prosesində olan Cavabdeh3 ASC nəinki təkrar hərracın baş tutmaması elan edildikdən sonra 30 təqvim günü ərzində və ondan sonra da əmlak kompleksini "xxxx" MMC-dən əldə etməmiş, habelə əmlakın mümkün satışından artıq qalan tələb həcmindən artıq olan 161 493 manat pul vəsaitini müvafiq icra qurumunun depozit hesabına ödəməmişdir. Göründüyü kimi, dəfələrlə şərait yaradılmasına baxmayaraq, əmlak kompleksi ipoteka saxlayan ləğv prosesində olan Cavabdeh3 ASC tərəfindən əldə edilməmiş, bu istiqamətdə tələbkar tərəfindən heç bir addım atılmamış, 2019-cu ildən sonra 2021-ci ildə də növbəti dəfə əmlak kompleksinin əldə edilməsi üçün banka şərait yaradılmış, lakin birmənalı şəkildə əmlak kompleksi bank tərəfindən əldə edilməmişdir. Görünür ki, bankın əmlak kompleksinin əldə edilməsi ilə bağlı iradə ifadəsi, niyyəti mövcud deyil, yaxud əmlakın əldə edilməsi onun dəyərinin tələb həcmindən artıq hissəsinin ipoteka qoyana qaytarılması baxımından maliyyə cəhətdən rentabelli deyil. Ona görə də "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə keçirilmiş hərracların nəticələri üzrə əmlak kompleksinin ipotekasına “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinin tələbinə müvafiq olaraq xitam verilməli olduğu bildirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5706/2020 saylı, xx.xx.2020-ci il tarixli Qətnaməsində məhkəmə icraatının predmeti 2018-ci ildə “X2” MMC tərəfindən əmlak kompleksinin açıq hərracdan satılması ilə bağlı keçirilmiş hərracların nəticələri üzrə ipotekaya xitam verilməsi tələbinə baxılması olmuşdur. Hazırki iddia tələbinin predmetini isə 2021-ci ildə sözügedən əmlak kompleksinin "xxxx" MMC keçirilmiş hərracların nəticələri üzrə ipotekaya xitam verilməsi təşkil edir. Odur ki, hazırki iddia tələbi və onun əsasları (hərrac təşkilatçısı tərəfindən 2021-ci ildə keçirilmiş hərraclar) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarının müddəalarına müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5706/2020 saylı, xx.xx.2020-ci il tarixli Qətnaməsi ilə yekunlaşmış iş üzrə tədqiq olunmadığından preyudisiallıq institutunun predmeti deyildir. Belə ki, hazırki iddia tələbi üzrə ipotekaya xitam verilməsi üçün məlum qanuni qüvvəyə minmiş qətnamədən sonra yaranmış yeni əsaslar (2021-ci ildə keçirilmiş hərraclar nəticəsində də ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməməsi) üzrə ipotekaya xitam verilməsi tələbi irəli sürülmüşdür. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdeh LPO Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində Xətai rayonu, Əhmədli qəsəbəsi, Ş.Səmədov küçəsində yerləşən əmlak kompleksi satılması üçün açıq hərraca çıxarılmışdır. xx.xx.2021-ci il tarixində hərrac mərkəzi əmlakın qəbul edilməsi üçün banka oferta məktubu ünvanlamış, məktub xx.xx.2021-ci il tarixində banka daxil olmuş, xx.xx.2021-ci il tarixində bank tərəfindən əmlakın alınması üçün hərrac mərkəzinə aksept məktubu göndərilmiş və bank əmlakın alınmasına razılığını bildirmişdir. Bankın əmlakın qəbulu barədə məktubu xx.xx.2021-ci il tarixində "xxxx" MMC-yə çatsa da, hərracın nəticələri barədə protokol və və müqavilə imzalanması üçün banka təqdim edilməmişdir. Bank tərəfindən verilən oferta məktubuna banka daxil olan kimi aksept məktubu verməyi onu deməyə əsas verir ki, əslində tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsi ilə müəyyən edilmiş 30 günlük müddət ərzində razılığa gəlmişlər. Bununla da, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikləri andan müqavilə bağlanmış, LPO Cavabdeh3 ASC ipoteka predmetini 30 təqvim günü ərzində əldə etmişdir. Xüsusilə vurğulanmışdır ki, qanunvericiliyin qeyd olunan 30 gün müddətinin tətbiq olunmasında əsas meyar kimi bunun kökündə duran ipoteka saxlayanın ipoteka predmetini almaq niyyətinin olub-olmaması, olmadığı təqdirdə ipoteka saxlayanın həmin predmeti bu və ya digər yollarla realizə etməsində vaxt itkisi ilə üzləşməsinin qarşısını almaqdan ibarətdir. Lakin bu mübahisə ilə bağlı sırf qanunun hərfi mənasından çıxış edərək 30 gün müddətinin keçdiyini iddia edir. Odur ki, ipoteka saxlayan sonuncu hərracın keçirilməsindən 30 təqvim günü daxilində öz iradə ifadəsini aksept məktubunda ortaya qoymuş və hətta hərrac təşkilatının müəyyən etdiyi müddətin bitmə tarixindən əvvəl ipoteka predmetini əldə etməyə razılığını bildirmişdir. Bankın əmlakı qəbul etmək istəyini bildirməkdən başqa daha hansı addımları atması barədə qanunvericilikdə hansısa bir müddəa nəzərdə tutulmamışdır. Belə ki, bank tərəfindən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət edilmiş, qanunla müəyyən edilmiş müddət ərzində hərrac təşkilatına müraciət edilmişdir. Lakin bank üçün anlaşılmaz olaraq qalır ki, bank hansı addımlar, hüquqi hərəkətlər və tədbirlər görməli idi ki, onun əmlak hüquqları pozulmasın, 2012-ci ildə qəbul edilmiş qətnamə icra edilsin. Dolayısı ilə, bankın hazırki iş üzrə hərracın keçirilməsi zamanı hər hansı hüquq normasına riayət etməməsi və ya pozması halı müəyyən olunmur. Analoji iş üzrə iddiaçının iddiası Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5706/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə təmin olunmamışdır və Ali Məhkəmənin qərarı ilə qətnamə qüvvədə saxlanılmışdır. Göstərilənlərə əsasən, iddianın təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun çıxış edərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh LPO Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4 iddiaya etiraz edib, etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə digər cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil mülki işin aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında cavabdeh LPO Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4 mülki işin aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsinə etiraz etdiyini bildirdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını, vəkilin çıxışını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, hazırkı mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, mülki işin materiallarında olan xx.xx.2007-ci il tarixli 498 saylı təminatlı kredit müqaviləsindən görünür ki, borcverən Cavabdeh3 ASC borcalan "xxxx" MMC firmasının direktoru İddiaçı sahibkarlığın inkişafı məqsədilə 200 000 (iki yüz min) manat məbləğində kredit verməyi, borcalan isə müqaviləyə əsasən krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 4-cü bəndindən görünür ki, bu müqavilə ilə müəyyən edilən kredit öhdəliklərinin icrasının təminat üsulu ipotekadır. Təminat üsulu ilə bağlı münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada aidiyyatı olan subyektlər tərəfindən xx.xx.2007-ci il tarixində bağlanan və rəsmiləşdirilən ipoteka müqaviləsi ilə tənzimlənir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsinin X1 Reyestrindən çıxarışdan görünür ki, İddiaçı təsisçinin xx.xx.2007-ci il tarixli qərarı ilə "xxxx" MMC-yə direktor (qanuni təmsilçi) təyin edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2007-ci il tarixli 1 saylı ipoteka müqaviləsindən görünür ki, ipoteka verən İddiaçı, borcalan "xxxx" MMC firmasının direktoru İddiaçı və ipoteka saxlayan Cavabdeh3 ASC ipoteka saxlayanla ipoteka verən arasında bağlanmış xx.xx.2007-ci il tarixli kredit müqaviləsinə əsasən 200 000 (iki yüz min) manat 12 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi tərəflər müqavilə ilə müəyyən edilmiş əmlakın ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. Müqavilənin 2.2-ci bəndindən görünür ki, ipoteka predmeti İddiaçı məxsus olan ünvan 3 ünvanında istifadədə olan 0,28537 ha torpaq sahəsində yerləşən 3772,4 kv.m. ümumi, 1574,2 kv.m. əsas, 2198,2 kv.m. köməkçi sahədən ibarət əmlak kompleksi girov qoyulmuşdur. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsinin X1 Reyestrindən çıxarışdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti müvafiq qaydada dövlət qeydiyyatına alınmış kommersiya hüquqi şəxsidir. Bundan başqa, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilən məlumatdan görünür ki, İddiaçı (VÖEN: **********) Azərbaycan Respublikası Vergilər Nazirliyində xx.xx.2007-ci il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alınmış (VÖEN statusu: aktiv) və əsas fəaliyyət növünü mal-qara bazarının icarəyə verilməsi təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, hazırki iş üzrə tərəflər – İddiaçı (VÖEN: **********) və cavabdeh LPO Cavabdeh3 ASC (VÖEN: **********) vergi ödəyicilərinin eyniləşdirmə nömrəsinə malik olan, müvafiq qaydada dövlət qeydiyyatından keçmiş vergi ödəyiciləridir. Bundan əlavə, iddia ərizəsinin və iddia tələbinin mahiyyətindən, həmçinin, iş materiallarından aydın olur ki, iddiaçının ipoteka yüklülüyünə xitam verilməsini tələb etdiyi ona məxsus əmlak kompleksi cavabdeh tərəfindən iddiaçının qanuni təmsilçisi, yəni direktoru olduğu "xxxx" MMC-yə sahibkarlığın inkişafı məqsədilə kredit verilmiş 200 000 (iki yüz min) manat məbləğində pul vəsaitinin təminatı məqsədilə cavabdeh qarşısında ipoteka ilə yüklü edilmişdir. Burada məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ipoteka müqaviləsi əsas öhdəlikdən (sahibkarlığın inkişafı məqsədilə bağlanmış kredit müqaviləsindən) törədiyi və əsas öhdəliyin təminat üsulu olduğu üçün tərəflər arasında yaranmış münasibətlər kommersiya münasibətləri, bu münasibətlərdən yaranan mübahisələr isə kommersiya mübahisələri hesab olunur. Həmçinin, kredit müqaviləsinin tərəflərinin kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi şəxs olmaları da nəzərə alınmalıdır. Belə ki, hazırda ləğv prosesində olan Cavabdeh3 ASC-nin (VÖEN: **********) müqavilə bağlayarkən məqsədi verilən kreditdən gəlir əldə etmək, "xxxx" MMC-nin (VÖEN: **********) məqsədi isə əldə etdiyi kreditdən sahibkarlığın inkişafı məqsədilə xərcləmək və gəlir əldə etməkdən ibarət olmuşdur. Tərəflər arasında olan müqavilə münasibətlərinin predmetini sahibkarlıq fəaliyyətindən gəlir əldə etmək təşkil etmişdir ki, bu da onlar arasında kommersiya münasibətlərinin yaranmasına gətirib çıxarmışdır. İpoteka müqaviləsi də məhz kommersiya məqsədilə bağlanmış kredit müqaviləsinin təminatı məqsədilə bağlandığından, hazırki iş üzrə tərəflərin münasibətləri kommersiya xarakterli münasibətlərdən irəli gələrək yaranmışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, hazırki mülki iş sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan kommersiya xarakterli mübahisədir və işə Nəsimi Rayon Məhkəməsində baxılmalı deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllənin) 1-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilərlə müəyyən edilir. Maddənin qeyd hissəsinə əsasən bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Mülki-Prosessual Məcəllənin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Mülki Prosessual Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Mülki-Prosessual Məcəllənin 26.2-cı maddəsinə əsasən, kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə (Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında işlər üzrə icraat), habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 10 №-li Qərarının (bundan sonra – Qərarın) 10-cu bəndində göstərilmişdir ki, 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Qərarın 11-ci bəndində göstərilmişdir ki, o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Qərarın 12-ci bəndində göstərilmişdir ki, bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin Qərarın 13-cü bəndində göstərilir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Məhkəmə hesab edir ki, ipoteka müqaviləsi əsas öhdəlikdən (sahibkarlığın inkişafı məqsədilə verilmiş kredit müqaviləsindən) törədiyi və əsas öhdəliyin təminat üsulu olduğu üçün, həmin mübahisəyə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxıla bilməz. Göründüyü kimi, hazırki iş üzrə həm mübahisənin subyekt tərkibinin (tərəflər), həm də predmetin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması müəyyən edildiyindən, həmin məsələyə kommersiya məhkəməsində baxılmalıdır. Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinin tələbinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “ipotekaya xitam verilməsi və s.” tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə qarşı“ "xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “ipotekaya xitam verilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar