Məhkəmə qərarları › İş №e-2(006)-3549/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3549/2022

19.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3549/2022 19.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qzının katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil1, Cavabdeh2, onun və Cavabdeh1 vəkili-nümayəndəsi Vəkil2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 148.875,76 (yüz qırx səkkiz min səkkiz yüz yetmiş beş dollar, yetmiş altı sent) ABŞ dolları məbləğində əsas borc; gecikdirilmiş məbləğ üzrə hesablanmış 28.428,35 (iyirmi səkkiz min dörd yüz iyirmi səkkiz dollar otuz beş sent) ABŞ dolları məbləğində faiz borcu; vurulmuş maddi zərərə görə 22.290,00 (iyirmi iki min iki yüz doxsan) İsveçrə frankı və 8.488 (səkkiz min dörd yüz səksən səkkiz) ABŞ dolları məbləğlərində vəsaitin tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (qeydiyyat nömrəsi CHE-***.***.***) ilə cavabdehlər – birgə borclular Cavabdeh2 və Cavabdeh1 arasında 12749231 nömrəli xx.xx.2017-ci il tarixli Ümumi Şərtlər adlı müqavilə imzalanmışdır. Müqaviləyə əsasən, tərəflər iddiaçının cavabdehlərin tapşırıqları əsasında onlara fond birjalarının qüvvədə olan şərtlərinə əsasən İsveçrə və xarici qiymətli kağızların və hüquqların alqı-satqısı, valyuta mübadiləsi, satışla bağlı abunə hüquqlarının alışı və icrası, həmçinin, vergi orqanları üçün bəyannamələrin hazırlanması xidmətlərini göstərmək barədə razılığa gəlmişlər. Həmin tarixdə cavabdehlər iddiaçı vasitəsilə bank əməliyyatlarının icra edilməsi üçün ABŞ dolları valyutasında birgə hesab açmışlar. Cavabdehlər müqavilə və hesab üzrə səlahiyyətlərinin icra edilməsi məqsədi ilə xx.xx.2018-ci il tarixində “Simurgh SA” şirkətinə etibarnamə vermişlər. “Simurgh SA” şirkəti adından Atalay Kəndirli cavabdehlərin etibarnamə üzrə həvalə edilmiş hüquqlarını həyata keçirmək səlahiyyətinə malik olmuşdur. Tərəflər arasındakı mübahisə 2018-ci ilin avqust ayı ərzində hesab üzrə xarici valyuta (ABŞ dolları (USD) və Türkiyə lirəsi (TRY)) mübadiləsi əməliyyatlarından sonra yaranmışdır. Cavabdehlərin müştəri portfelindən 2018-ci ilin 01-31 avqust tarixləri üzrə olan çıxarışa əsasən, hesab üzrə aşağıdakı cədvəldə göstərilən ardıcıllıqda xarici valyuta mübadiləsi, nağd pul əməliyyatları aparılmışdır və nəticədə mənfi balans yaranmışdır: Tarix Alış Satış Balans (USD) xx.xx.2018 5.000.000,00 USD 31.435.650,00 TRY +5.754.852,94 xx.xx.2018 7.592.572,00 TRY 1.300.000,00 USD +4.454.852,94 xx.xx.2018 23.843.000,00 TRY 4.037.149,29 USD +417.703,65 xx.xx.2018 11.712.000,00 TRY 2.000.000,00 USD -1.582.296,35 xx.xx.2018 2.000.000,00 USD 12.400.000,00 TRY +417.703,65 xx.xx.2018 688.000,00 TRY 112.050,66 USD +305.652,99 xx.xx.2018 23.741.500,00 TRY 4.457.544,20 USD -4.151.891,21 xx.xx.2018 4.028.530,03 USD 23.843.000,00 TRY -123.361,18 xx.xx.2018 101.586,27 TRY 16.347,02 USD -139.708,20 Tərəflər arasında aparılmış e-poçt yazışmalarından aydın olur ki, yuxarıda qeyd edilən əməliyyatlar qarşılıqlı razılaşma əsasında icra edilmişdir. Belə ki, əməliyyatlar nümayəndə tərəfindən verilən tapşırığa uyğun olaraq, iddiaçı tərəfindən icra edilmiş və əməliyyatın nəticəsi barədə nümayəndəyə məlumat verilmişdir. Bundan başqa, cavabdehlərə 2018-ci ilin avqust ayında aparılmış əməliyyat barədə hesabat da təqdim edilmişdir və hesabatda ay üzrə bütün əməliyyatlar təfərrüatı ilə qeyd edilmişdir. İddiaçı tərəfindən tələb edilən məbləğ hesabatda göstərilən məbləğlə (139.708,20 ABŞ dolları) məhdudlaşmır. Belə ki, iddiaçı tərəfindən xx.xx.2018-ci il tarixindən başlayaraq sonuncusu xx.xx.2019-cu il tarixində olmaqla, cavabdehlərə məxsus kredit kartları üzrə hesab-fakturalar və tranzaksiyaların bağlanması üçün ümumilikdə 9167,56 (doqquz min yüz altmış yeddi dollar əlli altı sent) ABŞ dolları məbləğində ödəniş edilmişdir. Beləliklə, həm hesab üzrə yaranmış mənfi balansı, həm də qeyd edilən ödənişləri nəzərə alaraq, iddiaçının əsas borc üzrə ümumilikdə 148.875,76 (yüz qırx səkkiz min səkkiz yüz yetmiş beş dollar, yetmiş altı sent) ABŞ dolları məbləğində vəsaiti tələb etmək hüququ yaranmışdır. İddiaçı yaranmış vəziyyətin hər iki tərəf üçün sərfəli şəkildə həll edilməsi məqsədi ilə cavabdehlərə e-poçt vasitəsilə müraciət edərək, xx.xx.2019-cu, xx.xx.2019-cu və xx.xx.2019-cu il tarixlərində güzəştli ödəniş təklifləri təqdim etmişdir. Həmin təkliflərə əsasən, cavabdehlər yaranmış borc məbləğinin bir hissəsini dərhal, qalan hissəsini isə növbəti 3 il ərzində ödəməli idilər. Lakin həmin vaxtdan 3 ildən çox keçməsinə baxmayaraq, cavabdehlər hər hansı ödəniş etməmişlər. Bundan başqa, iddiaçı cavabdehlərin hərəkətləri nəticəsində ona dəymiş maddi zərəri də tələb edir. İddiaçı tərəfindən borc məbləği əsaslı olaraq tələb edilməyə başlandıqdan sonra, cavabdehlər xx.xx.2021-ci il tarixində Cenevrə Respublikası və X1 Məhkəməsinə müraciət edərək, iddiaçıya qarşı iddia irəli sürmüşlər. Cavabdehlər məkhəmə prosesinin davam etdirilməsi üçün depozit olaraq tələb olunan ödənişi etməkdən imtina etdiklərinə görə iddia baxılmamış saxlanılmışdır. İddiaçı həmin məhkəmə prosesində hüquqlarının müdafiəsi üçün “Barel və Barbey Advocats” hüquq firmasını işə cəlb etməli olmuş və göstərilən xidmətlərin haqqı olaraq 22.290,00 (iyirmi iki min iki yüz doxsan) İsveçrə frankı məbləğində vəsait ödəmişdir. Beləliklə, iddiaçı məhz cavabdehlərin ona qarşı iddia qaldırması səbəbindən xərc çəkməli olmuşdur ki, bu da ona maddi zərər vurmuşdur. Ona görə də cavabdehlər tərəfindən bu zərər də qarşılanmalıdır. Cavabdehlər Azərbaycan Respublikası vətəndaşları olduqlarından iddiaçı pozulmuş hüquqlarının məhkəmə vasitəsilə müdafiəsi və cavabdehlərin borc öhdəliklərini icra etməyə məcbur edilməsi üçün Azərbaycan Respublikasında məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı ona müvafiq hüquqi xidmətlərin göstərilməsi və onun məhkəmədə təmsil olunması üçün “MGB Lo Ofisis (Azərbaycan)” Qapalı Səhmdar Cəmiyyəti ilə xx.xx.2021-ci il tarixində müqavilə bağlamışdır. MGB tərəfindən göstərilmiş xidmətlər üçün iddiaçı 8.488 (səkkiz min dörd yüz səksən səkkiz) ABŞ dolları məbləğində ödəniş etmişdir. İddiaçı tərəfindən əlavə xərcin çəkilməsi və hüquqi xidmət üçün ödəniş edilməsi cavabdehlərin borclarını ödəməkdən imtina etmələri ilə birbaşa bağlıdır. Bu səbəbdən iddiaçının ödədiyi bu məbləğ ona dəymiş maddi zərər kimi qiymətləndirilməlidir və cavabdehlər tərəfindən qarşılanmalıdır. xx.xx.2018-ci ildən xx.xx.2022-ci ilə kimi olan dövrdə ödənilməmiş məbləğlərə onların yaranma anından illik beş faiz hesablanmaqla 28.428,35 (iyirmi səkkiz min dörd yüz iyirmi səkkiz dollar otuz beş sent) ABŞ dolları faiz məbləği hesablanmışdır. İddiaçı bu məbləğin də ödənilməsini tələb edir. Müqaviləyə edilən əlavələrə uyğun olaraq, cavabdehlər telefon, teleks, faks və digər telekommunikasiya vasitələri, həmçinin, e-poçt ilə verilən tapşırıqları icra etməklə bağlı iddiaçını tam səlahiyyətləndirirlər. Bu səbəbdən e-poçt vasitəsilə verilən tapşırıqlar iddiaçı tərəfindən rəsmi müraciət olaraq qəbul edilərək icra edilir. Bundan başqa, müqavilənin 4-cü maddəsinə əsasən, cavabdehlər əlaqə vasitələrindən istifadə nəticəsində ola biləcək gecikmə, itki, anlaşılmazlıq və s. halların səbəb olduğu hər hansı zərərlə bağlı məsuliyyət daşıyırlar. Ona görə də 2018-ci ilin avqust ayında verilən tapşırıqlar və onların mənfi nəticələri ilə bağlı cavabdehlər tam məsuliyyət daşıyırlar. İddiaçı 2018-ci ilin avqust ayı ərzində icra edilmiş əməliyyata dair hesabat hazırlayaraq cavabdehlərə təqdim etmişdir. Müqavilənin 7-ci maddəsində göstərilir ki, hesabat təqdim edildikdən sonra 1 ay ərzində onunla bağlı hər hansı etiraz edilmədikdə, hesabat təsdiq edilmiş hesab edilir. Beləliklə, cavabdehlər hesabata dair etiraz təqdim etmədiklərinə görə hesabatda göstərilmiş borc məbləği onlar tərəfindən qəbul və təsdiq edilmiş hesab olunur. Cavabdehlər müqavilənin 19-cu maddəsinin “b” bəndinə əsasən, valyuta mübadiləsi ilə bağlı əməliyyat da daxil olmaqla, digər xidmətlərlə əlaqədar hüquqları qorumağı öhdəsinə götürür və iddiaçı əks təlimat almadığı halda öz mülahizəsinə əsasən hərəkət etməkdə sərbəstdir və cavabdehlər risklər, ödənişlər və xidmətlərin nəticələri ilə bağlı məsuliyyət daşıyırlar. İşin faktiki hallarından göründüyü kimi, cavabdehlər iddiaçıya qarşı İsveçrədə iddia qaldırmış və iddiaçı həmin məhkəmə prosesində hüquqlarının müdafiəsi üçün “Barel və Barbey Advocats” hüquq firmasını işə cəlb etməli olmuş və göstərilən xidmətlərin haqqı olaraq 22.290,00 (iyirmi iki min iki yüz doxsan) İsveçrə frankı məbləğində vəsait ödəmişdir. Əlavə olaraq, cavabdehlər öhdəliklərini icra etmədiyindən və onların ölkə xaricində hər hansı əmlakları olmadığından, iddiaçı pozulmuş hüquqlarının məhkəmə vasitəsilə müdafiəsi və bərpası üçün cavabdehlərə qarşı Azərbaycan Respublikasında iddia qaldırmaq məcburiyyətində qalmışdır. İddiaçı bu məqsədlə MGB hüquq firmasını işə cəlb etməli olmuş və göstərilən xidmətlərin haqqı olaraq 8.488 (səkkiz min dörd yüz səksən səkkiz) ABŞ dolları məbləğində vəsait sərf etmişdir. Bu çəkilən xərclər iddiaçının əmlakından məhrum olması və hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclərdir. Odur ki, cavabdehlər bütün bu zərərin əvəzini ödəməlidirlər. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə iddiaçı və cavabdehlər arasındakı müqaviləyə əsasən, həmin müqavilə münasibətlərindən irəli gələn mübahisələrə İsveçrə qanunvericiliyinin tətbiq edilməli olduğunu, bununla belə, Azərbaycan Respublikası və İsveçrə Konfederasiyası arasında qarşılıqlı hüquqi yardıma dair beynəlxalq müqavilənin olmaması nəticəsində İsveçrə qanunvericiliyinin məhkəmə tərəfindən tətbiq edilməsində çətinlik yaratmasını bildirmişdir. İddiaçı, İsveçrə qanunvericiliyinin tətbiqi ilə əlaqədar hər hansı rəsmi dövlət orqanından müvafiq sənədin əldə edilməsinin çətinliyini (hətta mümkün olmadığını) və məhkəmə tərəfindən bugünədək həyata keçirilmiş hərəkətlərin nəticə vermədiyini nəzərə alaraq və bu mülki iş üzrə icraatın bu səbəbdən həddindən artıq uzanmaması niyyətilə, məhkəmənin öz mülahizəsinə əsasən, bu mülki iş üzrə iddiaçı və cavabdehlər arasındakı mübahisəyə Azərbaycan qanunvericiliyinin tətbiq edilməsinə etiraz etmir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil1 iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun çıxış edib, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyib, təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 və Cavabdeh1 vəkili-nümayəndəsi Vəkil2 iddianı qəbul etməyib, təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin, Cavabdeh2 və cavabdehlərin nümayəndəsinin izahatını, vəkillərin çıxışını dinləyib, iddia ərizəsini iş üzrə təqdim olunmuş digər sübutlarla və mütəxəssisin rəyi ilə yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan İddiaçı (bank) ilə Cavabdeh2 və Cavabdeh1 (müştərilər) arasında imzalanmış 12749231 hesab nömrəli xx.xx.2017-ci il tarixli “Ümumi Şərtlər”in 25, 45-46-cı maddələrindən görünür ki, Bank ilə Müştəri arasında bütün hüquqi münasibətlər yalnız İsveçrə qanunvericiliyi ilə tənzimlənir. Bu qaydalar Müştərinin tapşırıqlarına uyğun olaraq və idarə səlahiyyəti altında Bankın qarşılıqlı razılığı ilə həyata keçirilən və ya tənzimlənmiş bazarlar üzrə bütün qiymətli kağızların kreditləşdirilməsinə və bütün təcili və ixtiyari müqavilələrə tətbiq olunur. Ümumi müddəalar şiddətlə bu qaydalara, xüsusilə də 4, 7 və 9-cu Maddələrə tətbiq olunur. Bank təcili müqavilələr altında yaranan mövqeləri bağlamayanadək bazar qiymətlərinin və tariflərinin dalğalanmasına müvafiq olaraq Müştərinin aktivlərini dondura və tənzimləyə bilər. Vəziyyətə müvafiq olaraq, Bank eyni zamanda poçt, faks, teleks, telefon və ya digər hər hansı elektron kommunikasiya vasitələri ilə əlavə təminatların təqdim olunmasını tələb edə bilər. Bank təminatın xüsusiyyəti və onun uyğunluğu barəsində tək qərar verir. Mülki işin materiallarında olan 12749231 hesab nömrəli etibarnamə sazişinin (təkrar investisiyalar üçün) 4-cü bəndindən görünür ki, investisiyalar Sahibkarın müvafiq aktivləri limitləri daxilində yerləşdirilir. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankının mütəxəssisi Tural Eyvazlının xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, təqdim olunan materiallara əsasən, cavabdehlərə iddiaçı tərəfindən 01 aprel 2017-ci il tarixində Ümumi Şərtlər adlı müqavilə əsasında açılmış 12749231 saylı hesabından müxtəlif tarixlərdə kredit çiyini vasitəsilə foreks bazarında xarici valyuta mübadiləsi əməliyyatları aparılmışdır. Eyni zamanda, iddiaçı tərəfindən təqdim edilən kredit çiyini hesabına cavabdehlər onlara məxsus vəsaitlərdən daha böyük məbləğdə xarici valyuta mübadiləsi əməliyyatları etmək imkanına malik olmuşdur. İddia ərizəsinə əsasən, cavabdehlərin müştəri hesabında 2018-ci ilin 01-31 avqust tarixləri üzrə xarici valyuta mübadiləsi və nağd pul əməliyyatlarının aparılması nəticəsində mənfi balans (-139.7 min ABŞ dolları) yaranmış və cavabdehlərin tərəfinə borc olaraq hesablanmışdır. Eyni zamanda, iddia ərizəsində mənfi balansa səbəb olan əməliyyatların cavabdehlərin verilən tapşırıqlarına uyğun iddiaçı tərəfindən icra edilməsi qeyd edilmişdir. Lakin müəyyən edilmişdir ki, xx.xx.2018-ci il tarixində 5 mln. ABŞ dolları məbləğində əməliyyatın aparılması iddiaçının cavabdehlərə verilən təlimatı əsasında olmuşdur. Həmin təlimatın verilməsinə dair məlumat xx.xx.2018-ci il tarixli e-poçt yazışmasında (subject: 1274/9231 10:55 AM) cavabdehlərin iddiaçıya ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubunda iddiaçının təlimatı əsasında cavabdehlər tərəfindən 5 mln. ABŞ dollarının Türk lirəsinə qarşı (USD/TRY) 6.28 məzənnəsi ilə alışı qeyd edilmişdir. Araşdırma zamanı məhkəməyə təqdim edilən iş materiallarında aparılan əməliyyatların icra vaxtlarına dair dəqiq məlumatlar olmadığından USD/TRY məzənnəsinin 10 avqust 2018-ci il tarixinə bir dəqiqəlik intervalda məlumatları (Boomberg terminalından çıxarış) əldə edilmiş və e-poçt yazışmasının tarixində qeyd edilən məzənnə ilə müqayisə edilmişdir. Belə ki, e-poçt tarixinin (10:55 AM) İsveçrə vaxt zonası ilə olması nəzərə alındıqda iddiaçı tərəfindən 5 mln. ABŞ dolları məbləğində əməliyyatın icrası üçün təlimat edilən məzənnənin (USD/TRY 6.29) beynəlxalq valyuta bazarı qiymətlərinə uyğun olması ilə bağlı müəyyən şübhələr yaranmışdır. Belə ki, həmin zaman aralığında USD/TRY məzənnəsinin daha az qiymətlərdə (cavabdehlərin xeyrinə) ticarət edildiyi müəyyən edilmişdir. Bundan başqa, iddiaçı tərəfindən cavabdehlərə əməliyyatın icrası ilə bağlı təlimatın verilməsi şərti müqavilədə əks olunmamışdır. İş materiallarında olan elektron yazışmaların xronoloji ardıcılığına uyğun olaraq, cavabdehlərin tələbi ilə iddiaçı 12749231 nömrəli hesab üzrə 225 min ABŞ dolları məbləğində vəsaitin qalığı haqqında çıxarış (Subject: RE: Posilion 12749231 Saat 12:28) təqdim etmişdir. Bu da cavabdehlərin yuxarıda qeyd edilən əməliyyat sonrası kifayət qədər vəsaitə malik olmasını ehtiva edir. Beləliklə, cavabdehlərin hesabında kifayət qədər vəsaitin olması və bununla hesaba təzyiqin edilməməsi halında iddiaçının təlimatı əsasında 5 mln. ABŞ dolları məbləğində əməliyyatın aparılması iddiaçının öz müştərisini maliyyə itkilərinə məruz qoya biləcək əməliyyatlara sövq etməsi kimi qiymətləndirilə bilər. Bundan başqa, iş materiallarına əsasən, iddiaçı tərəfindən cavabdehlərə 12749231 nömrəli hesabın 225 min ABŞ dolları məbləğində qalığı əsasında xx.xx.2018-ci il tarixində 2 mln. ABŞ dolları məbləğində (təxminən 10 misli qədər) əməliyyatın açılmasına razılıq verilmişdir. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, qeyd olunan əməliyyat üzrə maksimal mümkün itki USD/TRY məzənnəsinin 6.2 səviyyəsində iddiaçı tərəfindən müəyyən edilərək cavabdehlər ilə razılaşdırılmışdır. Lakin xx.xx.2018-ci il tarixində iddiaçı tərəfindən cavabdehlərə ünvanlanan məktubda 12749231 nömrəli hesab üzrə 139.7 min ABŞ dolları məbləğində borcun yaranması bildirilmiş və onun ödənilməsi üçün müvafiq vəsaitin hesaba mədaxil edilməsi tələbi qeyd edilmişdir. Beləliklə, cavabdehlərin hesabında mənfi 139.7 min ABŞ dolları məbləğində borcun yaranması, iddiaçı tərəfindən 2 mln. ABŞ dolları məbləğində əməliyyat üzrə edilən və nəticədə cavabdehlər ilə razılaşdırılmış maksimal zərər səviyyəssinin (hesab qalığının 0 səviyyəsi) USD/TRY-nin 6.2 məzənnəsi ilə düzgün hesablanmasında şübhələr doğurur. Yuxarıda qeyd olunanları, eləcə də cavabdehlər tərəfindən verilən sifarişlər üzrə əməliyyatların və hesablanan vəsait qalıqlarının real vaxt rejimində izlənilməsinin mümkün olmadığını, bununla da iddiaçının müvafiq təlimatları əsasında cavabdehlər tərəfindən ticarət qərarlarının verildiyini, həmçinin USD/TRY məzənnəsinin xx.xx.2018-ci il tarixində yüksək volatil olduğunu nəzərə alaraq, iddiaçı tərəfindən müvafiq əməliyyat üzrə maksimal zərər səviyyəsinin düzgün hesablanmaması cavabdehlərin hesabında mənfi balansın yaranmasına səbəb olmuşdur. Qeyd edilməlidir ki, Azərbaycanda maliyyə alətləri ilə analoji ticarət (kredit çiyini vasitəsilə maliyyə alətlərinin alqısatqısı) “Marja Ticarət Qaydası”na uyğun olaraq tənzimlənir və Qaydanın 7.7-ci bəndinə əsasən, qiymət dəyişikliləri səbəbindən müştəri qoyduğu pul vəsaitindən daha artıq zərərə məruz qaldıqda (müştəri balansı 0-dan aşağı olduqda), həmin zərər müştəridən tələb edilə bilməz. Eyni zamanda, Qaydanın 3.10-cu bəndinə əsasən, marja ticarəti xidmətini göstərən investisiya şirkəti ticarət şərtlərindən asılı olmayaraq, müştərilərinə qarşı ədalətli və dürüst davranmalı, müştərilərlə aralarında baş verə biləcək maraqlar münaqişəsi ilə bağlı onları məlumatlandırmalı və müştərilərini maliyyə itkilərinə məruz qoya biləcək əməliyyatlara sövq etməməlidir. İddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsindən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 646 manat məbləğində ödəniş edilmişdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz halları ondan ibarət olmuşdur ki, iddiaçı “Banque Cramer & Cie SA” ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında xx.xx.2017-ci il tarixində “Ümumi Şərtlər” adlanan müqavilə imzalamışlar. Müqaviləyə əsasən, iddiaçı cavabdehlərin tapşırıqları əsasında onlara fond birjalarının qüvvədə olan şərtlərinə əsasən, İsveçrə və xarici qiymətli kağızların və hüquqların alqı-satqısı, valyuta mübadiləsi, satışla bağlı abunə hüquqlarının alışı və icrası, həmçinin, vergi orqanları üçün bəyannamələrin hazırlanması xidmətlərini göstərməyi öhdəsinə götürmüşdür və bank əməliyyatlarının icra edilməsi üçün cavabdehlərə ABŞ dolları valyutasında 12749231 nömrəli birgə hesab açılmışdır. Bundan sonra, xx.xx.2018-ci il tarixində cavabdehlər müqavilə və hesab üzrə səlahiyyətlərinin icra edilməsi məqsədi ilə “Simurgh SA” şirkətinə etibarnamə vermiş və “Simurgh SA” şirkəti adından Atalay Kəndirli cavabdehlərin etibarnamə üzrə həvalə edilmiş hüquqlarını həyata keçirmək səlahiyyətinə malik olmuşdur. 2018-ci ilin avqust ayı ərzində iddiaçı tərəfindən cavabdehlərin hesabı üzrə aparılan müxtəlif əməliyyatlar (nağd pul və valyuta mübadiləsi əməliyyatları) nəticəsində cavabdehlərin hesabının balansı mənfi 139.708,20 ABŞ dolları məbləğinədək azalmışdır. Hazırda iddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin əməliyyatların aparılması nəticəsində ona dəyən zərərlərin əvəzi olaraq, 148.875,76 ABŞ dolları məbləğində əsas borc; gecikdirilmiş məbləğ üzrə hesablanmış 28.428,35 ABŞ dolları məbləğində faiz borcu; vurulmuş maddi zərərə görə 22.290,00 İsveçrə frankı və 8.488 ABŞ dolları məbləğlərində vəsaitin cavabdehlərdən tutulmasını tələb edir. Məhkəmə, əvvəlcə, hazırki mübahisənin beynəlxalq xarakter daşımasını nəzərə alaraq, mübahisəyə tətbiq edilməli olan hüququn müəyyən edilməsi ilə əlaqədar qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında olan xx.xx.2017-ci il tarixli müqavilənin 25-ci maddəsində onlar arasında bütün hüquqi münasibətlərin yalnız İsveçrə qanunvericiliyi ilə tənzimlənməsi qeyd edilmişdir. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə görə, xarici hüququn tətbiqi zamanı məhkəmə bu hüquq normalarının məzmununu müvafiq ölkədə onların rəsmi təfsirinə və tətbiqi praktikasına uyğun olaraq müəyyən etmək üçün bütün zəruri tədbirləri görməyə borcludur. Bu Qanunun 2.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətlər nəticə vermədikdə və ya həddən çox xərc tələb etdikdə və proses iştirakçısı olan tərəflərdən heç biri öz tələb və etirazlarını əsaslandırmaq üçün istinad etdikləri hüquqi normaları təsdiqləyən sənədlər təqdim edə bilmədikdə məhkəmə Azərbaycan Respublikası qanunvericiliyini tətbiq edir. Yuxarıda istinad edilən hüquq normasının tələblərinə əməl edərək, məhkəmə iş üzrə tərəflərə İsveçrə qanunvericiliyinin mübahisəyə tətbiq edilməli olan normalarının rəsmi təfsiri və tətbiqi praktikası barədə müvafiq sənədləri təqdim etməyi təklif etmiş, eyni zamanda, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsi vasitəsilə müvafiq məzmunda sorğu vermişdir. Lakin məhkəmənin səyləri nəticə verməmiş, iddiaçının vəkili-nümayəndəsi isə ərizə təqdim edərək, mübahisəyə Azərbaycan Respublikasının qanunvericiliyinin tətbiq edilməsinə etiraz etmədiyini bildirmişdir. Bu səbəbdən də hazırki mübahisəyə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq hüquqi qiymət verilmişdir. Milli qanunvericiliyin tətbiqi nəticəsində hazırki iddia tələbi məhkəmə tərəfindən əsassız hesab edilir və beləliklə, məhkəmə iddia tələbinin təmin edilməməli olduğu qənaətinə gəlir. Belə ki, iddiaçı iddia edir ki, 2018-ci ilin avqust ayı ərzində cavabdehlərin hesabında aparmış olduğu əməliyyatlar nəticəsində onların hesabının balansında mənfi qalıq yarandığından, iddiaçıya həmin mənfi qalıq həddində ziyan dəymişdir. Lakin mənfi qalıq məbləğinin hansı əsasla, yəni məzənnənin hansı həddində və hansı formada hesablanmaqla (əməliyyat aparılan günə, saata olan USD/TRY məzənnəsi, hesablama forması və s.) yaranması ilə bağlı mötəbər sübut (hesabdan çıxarış, tarixçə və s.) məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən də məhkəmə yaranmış borcun məbləğini, yaranma əsasını və hesablama formasını, bir sözlə, iddiaçıya dəymiş zərərin məbləğini mübahisəli hesab edir. Bundan başqa, tərəflər arasında bağlanmış müqavilənin 46-cı maddəsində qeyd edilmişdir ki, Bank təcili müqavilələr altında yaranan mövqeləri bağlamayanadək bazar qiymətlərinin və tariflərinin dalğalanmasına müvafiq olaraq Müştərinin aktivlərini dondura və tənzimləyə bilər. Sözügedən maddədən görünür ki, iddiaçıya cavabdehlərin hesabında olan aktivləri dondurmaq və tənzimləmək səlahiyyəti verilmiş, lakin iddiaçı bu hüququnu həyata keçirmək əvəzinə, cavabdehləri maliyyə itkilərinə məruz qoymuşdur. Halbuki, Cavabdeh2 məhkəməyə verdiyi izahatında bundan əvvəl bir dəfə 500.000 ABŞ dolları məbləğində pul vəsaitini itirmə təhlükəsi yarandıqda iddiaçının bu hüququ həyata keçirdiyini, yəni onların hesabında əməliyyatlar aparılmasını dayandırdığını bildirmişdir. Lakin 2018-ci ilin avqust ayında buna hüququ olmasına baxmayaraq, iddiaçı həmin əməliyyatları dayandırmamış və nəticədə həm özü, həm də cavabdehlər maliyyə vəsaiti itirmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 2018-ci ilin avqust ayında ölkəmizdə qüvvədə olan Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin xx.xx.2015-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qiymətli kağızlar bazarında marja ticarətinə dair Qaydalar”da müştəri balansının sıfırdan aşağı olması halında həmin zərərlə əlaqədar məsuliyyəti hansı tərəfin daşıması ilə bağlı normaya rast gəlinmir. Eyni zamanda həmin qaydaların 7.2-ci bəndində qeyd edilir ki, marja ticarəti ilə əldə edilmiş baza aktivi üzrə təminat marjası son ticarət günü üçün yekun bazar qiymətin minimum 20 (iyirmi) faizi həcmində olmalı və yalnız pul vəsaiti ilə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.2-ci maddəsinə əsasən oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının xx.xx.2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Marja ticarətinə dair Qaydalar”ının 7.7ci bəndinə görə qiymət dəyişiklikləri səbəbindən müştəri qoyduğu pul vəsaitindən daha artıq zərərə məruz qaldıqda (müştəri balansı 0-dan aşağı olduqda), həmin zərər müştəridən tələb edilə bilməz. Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2021-ci il tarixli 23/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Marja ticarəti Qaydası”nın 7.7-ci bəndinə müvafiq olaraq, qiymət dəyişiklikləri səbəbindən müştəri qoyduğu pul vəsaitindən daha artıq zərərə məruz qaldıqda (müştəri balansı 0-dan aşağı olduqda), həmin zərər müştəridən tələb edilə bilməz. Tərəflər arasında mübahisənin yaranmasına əsas olan hal 2018-ci ilin avqust ayında baş verdiyindən və həmin vaxt qüvvədə olan qanunvericilik aktında müvafiq münasibətləri tənzimləyən konkret hüquq norması olmadığından, məhkəmə 2021-ci ildə qəbul edilmiş və hazırda qüvvədə olan “Marja ticarəti Qaydası”nın 7.7-ci bəndini qanunun geriyə qüvvəsinə əsaslanaraq hazırki mübahisəyə tətbiq etməyi məqsədəuyğun hesab edir. Sözügedən norma imperativ xarakter daşıyır və göründüyü kimi, müştəri balansı sıfırdan aşağı, yəni mənfi olduqda, qanunverici müştərini qoyduğu pul vəsaitindən daha artıq zərərə məruz qalmış hesab edir və buna görə də həmin zərərin müştəridən tələb edilməsi qanunazidd hesab olunur. Göründüyü kimi, qanunvericiliyin ruhu – investoru qorumaqdan, bununla da mənfi balansın yaranmasına mane olmaqdan, mənfi balans yarandıqda isə investoru məsuliyyətdən azad etməkdən ibarətdir. Əlavə olaraq qeyd edilməlidir ki, tərəflər arasında olan müqavilənin əksər maddələrindən görünür ki, itkilər, zərərlər, risklər və s.-lərlə bağlı bütün məsuliyyət cavabdehlərin üzərinə qoyulmuşdur. Lakin məhkəmə bu maddələri qanunvericiliyə zidd hesab edərək, bunu bankın öz hüquqlarından sui-istifadəsi kimi qiymətləndirir və həm də buna görə mənfi balansın cavabdehlərin təqsiri ucbatından yaranması iddiasını haqlı hesab etmir. Belə ki, müqavilədə həmin məzmunda olan maddələrin çoxluğu tərəflərin hüquq bərabərliyi prinsipini pozur. Konstitusiyanın 24-cü maddəsinin İİİ hissəsinə görə, hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan suiistifadəyə yol verilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16.1-ci maddəsinə müvafiq olaraq, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmçinin, qeyd edilməlidir ki, tərəflər arasında imzalanmış təkrar investisiyalar üçün etibarnamə sazişinin 4-cü bəndindən görünür ki, onlar investisiyaların sahibkarın müvafiq aktivləri limitləri daxilində yerləşdirilməsi barədə razılığa gəlmiş, lakin iddiaçı cavabdehlərin hesabı üzrə onların aktivlərindən artıq məbləğdə investisiyalar etmiş, nəticədə cavabdehlərin hesabının balansı mənfiyə düşmüşdür. Göstərilənləri ümumiləşdirərək məhkəmə qeyd edir ki, hazırki idda tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından, məhkəmə iddia tələbinin əsassız olduğu qənaətinə gələrək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Belə ki, Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 124.2-ci maddəsinə görə, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə xərcləri ilə bağlı qeyd edilməlidir ki, iddia təmin edilmədiyindən iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 646 manat məbləğində dövlət rüsumu İddiaçınə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 646 manat məbləğində dövlət rüsumu İddiaçınə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar