Məhkəmə qərarları › İş №e-2(006)-3560/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(006)-3560/2025

11.09.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3560/2025 11.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X2 oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh MMC-yə qarşı “əmək haqqının və s. ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqının və s. ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24 ay üzrə ödənilməmiş 20.800 manat əmək haqqının, əmək haqqı məbləğinin 1.4 misli miqdarında, yəni 1.120 manat işdən çıxartma müavinətinin, hər gecikdirilmiş gün üçün əmək haqqının azı bir faizi məbləğində ödənc vəsaitinin və istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya əvəzinin hesablanaraq cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2022-ci ildə Cavabdeh MMC ilə əmək müqaviləsi bağlayaraq, Cəmiyyətin “kadrlar üzrə mütəxəssis” vəzifəsinə qəbul edilmiş və həmin əmək müqaviləsinə əsasən 899 manat (tutulmalardan sonra 800 manat) əmək haqqı ödənişinin verilməsi razılaşdırılmışdır. Lakin əmək müqaviləsinin bağlandığı tarixdən etibarən şərtlərinə əməl edilməyərək əmək haqqı ödənişi həyata keçirilməmişdir. Bundan sonra əmək hüquqlarının bərpası məqsədilə iddiaçı tərəfindən əvvəlcə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti və daha sonra ölkə başçısı cənab İlham Əliyevə müraciət olunmuş və iddiaçıya müvafiq cavab olaraq 15 may 2024-cü il tarixli və 3-17-5/2- 2-29255/2024-cü il tarixli məktub əsasında MMC-nin direktoru Nümayəndə barəsində AR İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən 18 aprel 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edildiyi və həmin protokolun əsasında MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyi bildirilmişdir. Cavabdeh yalnız barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edildikdən sonra 21 avqust 2024-cü il tarixdə iddiaçıya məxsus bank hesabına 2000 manat və 23 avqust 2024-cü il tarixdə isə 401 manat ödəniş həyata keçirmişdir. Həmin tarixdən hal-hazırkı dövrə kimi isə yenidən iddiaçıya hər hansı ödəniş edilməmişdir. 09 aprel 2025-ci il tarixdə isə cavabdeh MMC-nin direktoru Nümayəndə tərəfindən İddiaçı xx.xx/2025-4 nömrəli məktub göndərilərək müəssisədə iqtisadi vəziyyətin pisləşməsi, gəlirliliyi olmaması səbəbindən “kadrlar üzrə mütəxəssis” ştatının ixtisar edildiyi, AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən aralarında bağlanmış 01 dekabr 2022-ci il tarixli əmək müqaviləsinin 07 may 2025-ci il tarixdən ləğv ediləcəyi, ƏM-nin 77-ci maddəsinin tələblərinə əsasən xəbərdar edildiyini və əmək stajından asılı olaraq işdən çıxartma müavinəti və istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin ödəniləcəyi bildirilmişdir. İddiaçı cavabdehlə aralarında əmək müqaviləsi bağlandıqdan sonra təxminən 2023-cü ilin sentyabr ayından etibarən işə getməmiş, rəhbərlik tərəfindən məlumat verilərək gözləməyi, səbrli olmalarını və əmək haqqı ödənişlərinin tezliklə veriləcəyini bildirmişdir. Cavabdeh GTS-AZ Məhdud Məsuliyyətli Cəmiyyətinin ilk direktoru və 2022-ci il 01 dekabr tarixdə iddiaçı ilə müqavilə bağlamış əvvəlki direktor Azər Xəlilov cinayət məsuliyyətinə cəlb edildikdən sonra şirkəti faktiki olaraq bacısı İradə Xəlilova idarə etmişdir. İddiaçı tərəfindən sonuncuya bu qeyri-normal vəziyyətin uzun müddət davam etdiyini və əmək müqaviləsinə xitam verilməsini bildirsə də İ.Xəlilova tərəfindən iddiaçıya yalnız müvafiq ərizə yazıb orada MMC-dən heç bir tələbinin olmadığını, əmək haqqı və son haqq hesabdan imtina etdiyini göstərdiyi təqdirdə işdən azad oluna biləcəyini bildirmişdir. İddiaçı iddia edir ki, tərəfindən rəhbərliyə əməkhaqqı ödənişinin həyata keçirilməsi ilə bağlı bildirildikdə AR Müdafiə Nazirliyi ilə aralarında bağlanmış müqavilə üzrə vəsaitlərin köçürülmədiyini bildirmişlər, hal-hazırda isə cavabdeh GTS-AZ Məhdud Məsuliyyətli Cəmiyyəti ilə AR Müdafiə Nazirliyiarasında bağlanmış 06 iyul 2021-ci tarixli, 11 nömrəli və 21 sentyabr 2023-cü il tarixli 17 nömrəli müqavilələrin tarixi uzadılmışdır. Lakin bununla belə iddiaçıya hər hansı ödəniş həyata keçirilməmiş, ödənilməmiş əməkhaqqı məbləğlərinin, işdənçıxartma müavinətinin və istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya əvəzinin tələb edilməsi üçün məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Cavabdeh tərəfindən törədilmiş mövcud hüquq pozuntusu ilə bağlı iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə şikayət göndərilmişdir. Tərəflər fərdi əmək mübahisəsinin həlli üçün mübahisənin ilk öncə məhkəmədən kənar qaydada həll olunması məqsədilə ilkin mediasiya prosesindən keçmişlər.

3. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək, iddia tələbinin 1-ci bəndinin “26 ay üzrə ödənilməmiş əmək haqqı məbləği – 20.800 manat vəsaitin” məzmununda nəzərə alınmasını xahiş etmişdir.

4. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəməyə ərizə təqdim edərək, işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir.

5. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır.

a) Məhkəmə prosesi:

6. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasında iştirak etməmiş, vəkili-nümayəndəsi Vəkil məhkəməyə “Elektron Məhkəmə” sistemi vasitəsilə hazırlanmış ərizə göndərərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, Cavabdeh MMC və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti tərəfindən məhkəmə iclasında nümayəndələrinin iştirakı təmin edilməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

8. Məhkəmə iddiaçı tərəfindən verilmiş ərizəni nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

9. İş materiallarında tərəflər arasında bağlanmış əmək müqaviləsi, hesabdan çıxarış, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış, cavabdeh tərəfindən iddiaçıya “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən onunla bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə xitam veriləcəyi” barədə bildiriş, X1 tərəfindən göndərilmiş məktublar və digər sənədlər vardır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

10. Beləliklə, məhkəmə müəyyən etdi ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bağlanmışdır. Həmin əmək müqaviləsinə əsasən iddiaçı kadrlar üzrə mütəxəssis vəzifəsinə müddətsiz olaraq işə qəbul edilmişdir. Onun əmək haqqının 899 manat olması, əmək haqqının və digər ödənclərin ayda bir dəfə (ayın 1-i) işçinin bank hesabına ödənilməsi və əsas məzuniyyətinin 30 gün olması əmək müqaviləsinin müvafiq bəndləri ilə razılaşdırılmışdır.

11. X1 Xidməti tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2025-ci il tarixli məktub və ona əlavə edilən sənədlərdən müəyyən edilir ki, Xidmət tərəfindən iddiaçının müraciəti araşdırılmış, cavabdeh tərəfindən Xidmətə məktub təqdim edilmişdir. Cavabdeh qeyd etmişdir ki, “MMC-nin hesabına vəsait daxil olmadığı üçün iddiaçının əmək haqqının ödənilməsində gecikmələr yaranmışdır. MMC-nin hesabına vəsait daxil olduğu təqdirdə əmək haqqı ödəniləcəkdir”. Buna görə də cavabdeh MMC-nin direktoru Nümayəndə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar (1200 manat cərimə) qəbul edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən müəyyən edilir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə işə başlamış, xx.xx.2025-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsini “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə icraatı zamanı sübutların təqdim edilməsi barədə qərardad qəbul edilərək cavabdehdən müvafiq sübutların tələb edilməsinə baxmayaraq cavabdeh qərardadı icra etməmiş, məhkəməyə heç bir sübut təqdim etməmişdir. Təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, iddiaçıya ümumilikdə 2401.89 manat əmək haqqı ödənilmişdir. Hazırda iddiaçı ödənilməmiş 20.800 manat əmək haqqının, əmək haqqının hər gecikdirilmiş günü üçün bir faizi məbləğində ödəncin, istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın və əmək haqqının 1.4 misli miqdarında işdənçıxarma müavinətinin cavabdehdən tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh isə ona məhkəmə iclasının vaxtı və yeri barədə, həmçinin iddiaya dair etirazlarını və ya münasibətini bildirməsi barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq iddia tələbinə dair heç bir etiraz bildirməmiş, məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmişdir. Buna görə də iddiaçının vəkili-nümayəndəsi tərəfindən işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyi barədə məhkəməyə ərizə təqdim edilmiş və məhkəmə tərəfindən işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır.

c) Məhkəmənin mövqeyi:

12. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia tələbi mötəbər sübutlarla əsaslandırıldığından və cavabdeh tərəfindən iddia tələbinə dair heç bir etiraz təqdim edilmədiyindən iddia təmin edilməlidir.

13. Məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilən cavabdeh ötən müddət ərzində iddiaya qarşı əsaslandırılmış etirazını, o cümlədən iddia ərizəsində göstərilən dəlilləri təkzib edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, sübutların tələb edilməsi ilə bağlı məhkəmənin müvafiq qərardadını icra etməmişdir.

14. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və iddiaçının məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşırsa, iddia haqlı sayılır, uzlaşmırsa, iddia rədd edilir. Bu halda, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatır, əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına isə ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

15. Prosessual qanunvericiliyin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

16. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

17. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

18. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən mötəbər sübutlar təqdim edilsə də cavabdeh onda olan sübutları məhkəməyə təqdim etməmiş və iddia tələbinə etiraz etməmişdir. Belə olan halda məhkəmə tərəfindən iddia tələbinin qanuni əsasları təsbit edilir. Belə ki, iş materialları ilə iddiaçıya işlədiyi müddətdə hər ay əmək haqqının ödənilmədiyi, məzuniyyət haqqının ödənilmədiyi, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verildiyi, lakin işdənçıxarma müavinətinin verilmədiyi və əmək haqqının gecikdirilməsi halları müəyyən edilir. İddiaçı bunu sübut edən sənədləri məhkəməyə təqdim edir. Cavabdeh isə etiraz bildirmir. Belə olan halda iddiaçının iddia tələbinin qanuni əsası Əmək Məcəlləsinin 77, 83 və 172-ci maddələrinə uyğun gəlir və həmin maddələrin dispozisiya əlamətləri ilə uzlaşır. Bu da iddia tələbinin haqlı və təmin edilməli olduğu qənaətinə gəlməyə imkan verir.

d) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:

19. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 70-ci maddə, “b” bəndi. İşçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 77-ci maddə, 3-cü hissə. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: - bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; - bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; - beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; - on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. 83-cü maddə, 4-cü hissə. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. 172-ci maddə, 1. hissə. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. 172-ci maddə, 4. hissə. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. 172-ci maddə, 5. hissə. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Qeyd: Bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. 297-ci maddə. Fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır.

20. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarı ilə müəyyən edilmişdir ki, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 77.1-ci maddə. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddə. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddə. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddə. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 241.1-ci maddə. Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır.

22. Göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən 20.800 (iyirmi min səkkiz yüz) manat məbləğində əmək haqqı, 1.120 (bir min bir yüz iyirmi) manat məbləğində işdən çıxarma müavinəti, hər gecikdirilmiş gün üçün əmək haqqının 1 %-i məbləğində ödənc və istifadə edilməmiş əmək məzuniyyəti günlərinə görə kompensasiya alınaraq İddiaçı verilməlidir.

23. İddia təmin edildiyindən, iş üzrə ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərci Cavabdeh MMC-dən tutularaq İddiaçı verilməlidir.

Nəticə:

24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh MMC-dən 20.800 (iyirmi min səkkiz yüz) manat məbləğində əmək haqqı, 1.120 (bir min bir yüz iyirmi) manat məbləğində işdən çıxarma müavinəti, hər gecikdirilmiş gün üçün əmək haqqının 1 %-i məbləğində ödənc və istifadə edilməmiş əmək məzuniyyəti günlərinə görə kompensasiya alınaraq İddiaçı verilsin. İş üzrə ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərci Cavabdeh MMC-dən tutularaq İddiaçı verilsin. Cavabdeh qiyabi qətnamə ona rəsmən təqdim edildiyi gündən 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Nəsimi Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, rəsmən verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar