Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3562/2022 23.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı, cavabdeh LPO "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər LPO "xxxx" ASC və LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “borcun olmaması barədə məlumatın verilməsi və s." tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər LPO Cavabdeh2 ASC-yə və LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “borcun olmaması barədə məlumatın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit tarixçəsinin “borcalanın aktiv öhdəlikləri” qrafasında 19 aprel 2012-ci il tarixli müqavilənin və müvafiq olaraq borcun olmaması haqqında Mərkəzləşdirilmiş Kredit Reyestrinə və Azərbaycan Kredit Bürosuna müvafiq məlumatların ləğv prosesində olan "Royal Bank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilməsi və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun LPO "xxxx" ASC-dən tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2021-ci il yanvar ayında kredit götürülməsi üçün müvafiq bank və bank olmayan kredit təşkilatlarına müraciət edildiyində ona məlum olmuşdur ki, LPO Cavabdeh2 ASC-yə borc öhdəliyi mövcuddur. Dərhal bu barədə ətraflı məlumat almaq üçün Azərbaycan Kredit Bürosundan çıxarış əldə etdi. Bu zaman təəccüb içində adına 19 aprel 2012-ci il tarixli 2.915 ABŞ dolları məbləğində kredit müqaviləsi barədə məlumat daxil olmasını gördü. İlkin olaraq qeyd etmək istəyir ki, göstərilən tarixdə kredit müqaviləsi bağlanılmamış və hər hansı pul vəsaitini təhvil almamışdır. Dərhal bankın ləğvedicisinə rəsmi olaraq müracitə edərək, Mərkəzləşdirilmiş Kredit Reyestrinin məlumat bazasında (00)**********00493 saylı hesab nömrəsi üzrə əks olunan borc öhdəliyinin kredit tarixçəsindən silinməsi barədə tələbi olmuşdur. Ləğv prosesində olan Cavabdeh2 ASC-nin 02 aprel 2021-ci il tarixli **********487 nömrəli məktubu ilə ona cavab verilmişdir ki, kredit tarixçəsində borc öhdəliyinin əks olunmaması ilə bağlı hər hansı düzəlişin edilməsi ləğvedicinin səlahiyyətləri xaricindədir. Təqdim etdiyi MKR çıxarışında kreditin verilmə tarixi xx.xx.2012, kreditin bitmə tarixi isə xx.xx.2012 göstərilmişdir. Bu hal sübut edir ki, kredit tarixçəsində əks olunan borc öhdəliyi texniki səhv nəticəsində ötürülmüş məlumatdır. Yanlış məlumatların silinməsi tələbi ilə cavabdehlərə müraciət olunmasına baxmayaraq tərəfindən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, cavabdehlər bunun üçün heç bir təşəbbüs göstərməmişlər. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, onun LPO "xxxx" ASC ilə bağlanmış xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə borcun cavabdeh LPO "xxxx" ASC-nin daxili kredit sistemindən silinməsi və borcun olmaması barədə məlumatın "xxxx" MMC-yə, Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi vəzifəsinin LPO "xxxx" ASC-yə həvalə edilməsini və ödənilmiş dövlət rüsumunun LPO "xxxx" ASC-dən tutularaq ona qayatrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd olunan məzmunda izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh LPO "xxxx" ASC-nin nümayəndəsi X3 Cavabdeh2 ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin əslinin aşkar edilmədiyini, sözügedən kredit müqaviləsi üzrə hesab nömrəsi verilmiş müştərinin X4 olduğunu bildirmişdir. Müqavilənin tərtibi zamanı texniki səhvlik olub, müqavilə üzrə öhdəlik başqa şəxsə məxsusdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsinə etiraz etməmişdir. Digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia cavabdeh LPO Cavabdeh2 ASC-yə münasibətdə təmin edilməli, cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna münasibətdə isə rədd edilməlidir xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək **********0493 saylı hesab üzrə çıxarışdan görünür ki, sözügedən hesab X2 məxsusdur. "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli SF-1834 saylı Çıxarışdakı “Borcalan aktiv öhdəlikləri” qrafasından görünür ki, İddiaçı xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə (00)**********00483 hesab nömrəsi ilə LPO Cavabdeh2 ASC-yə kreditin qalıq məbləği üzrə 1.608,16 USD, o cümlədən faiz məbləği üzrə 947,38 USD məbləğində borcu vardır. Kreditin bitmə tarixi xx.xx.2012-ci ildir. LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasında (00)**********0493 saylı hesab nömrəsi üzrə əks olunan borc öhəliyinin kredit tarixçəsində əks olunmaması ilə bağlı hər hansı düzəliş edilməsi ləğvedicinin səlahiyyətləri xaricindədir. LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Cavabdeh2 ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin əsli aşkar edilməmişdir. Ödəniş qəbzindən (№ 8********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, iş materiallarında olan "xxxx" MMC-də İddiaçı adına tərtib edilmiş xx.xx.2022-ci il tarixli çıxarışa əsasən onun Cavabdeh2 ASC-dən xx.xx.2012-ci il tarixdə götürdüyü kredit borcunu bu günə kimi qaytarmaması, müqavilə üzrə qalıq borcunun 1.608,16 ABŞ dolları məbləğində olması, bir gün müddətinə bağlanmış müqavilə üzrə 2.747 gün gecikmənin mövcud olması müəyyən edilmişdir. Hazırda iddiaçı qeyd olunan tarixdə kredit verilməsi ilə bağlı nəinki Cavabdeh2 ASC-yə, ümumiyyətlə heç bir banka müraciət etmədiyini və kredit götürmədiyini bildirərək, onun "xxxx" MMC-nin kredit bürosundan çıxarışda qeyd olunmuş 1.608,16 ABŞ dolları borcunun olmamasının müəyyən olunması və borclu olmamağı barədə qeydin aparılmasının LPO Cavabdeh2 ASC-nin öhdəsinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bu maddənin məzmunundan göründüyü kimi borc müqaviləsi real müqavilədir, əşya bir şəxsdən digərinə verildiyi halda bağlanmış hesab olunur, tərəflərin hüquq və vəzifələri əşyaların verilməsi anına qədər yarana bilməz. Yəni real müqavilənin əsasını real hərəkət - əşyanın verilməsi, təşkil edir. İşin məhkəmə tərəfindən araşdırılmış hallarından müəyyən edildiyi kimi cavabdeh xx.xx.2022-ci il tarixdə Cavabdeh2 ASC ilə iddiaçı arasında kredit müqaviləsinin bağlandığını, həmin kredit müqaviləsi üzrə pulun verildiyini təsdiq edən hər hansı sübutu (kreditin götürülməsi ilə bağlı müraciət, kredit müqaviləsi, kassa məxaric orderi və sair) təqdim etməmiş, əksinə işdə olan sübutlara əsasən sözügedən kredit müqaviləsi üzrə hesab nömrəsi verilmiş müştərinin İddiaçı deyil, X4 olduğu müəyyən edilmişdir. Beləliklə İddiaçı xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə tərəf olması halı müəyyən edilmədiyindən məhkəmə tərəflər arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranmadığı və bununla da iddiaçının mübahisəli müqavilə üzrə cavabdeh qarşısında öhdəliklərin olmasını təsdiq edən "xxxx" MMC-dəki borcun olması barədə qeydin əsassız olduğu nəticəsinə gəlməklə hesab edir ki, həmin məlumat silinməlidir. “İnformasiya əldə etmək haqqında” Qanunun 2.4-cü maddəsinə əsasən fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. Həmin Qanunun 10.4.8-ci maddəsinin tələblərinə görə informasiya sahibi həqiqətə uyğun olmayan, natamam və ya qeyri-dəqiq informasiya verməməli, şübhə yarandığı hallarda informasiyanın düzgünlüyünü və mötəbərliyini yoxlamalıdır. "xxxx"na (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydalarının 2.1, 4.1 və 4.2-ci bəndlərinə əsasən Büroya borc haqqında məlumatları məlumat təchizatçıları təqdim edirlər. Məlumat təchizatçıları Büroya təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidir. Büroda olan məlumatlara hər hansı düzəliş yalnız məlumat təchizatçılarının təqdim etdikləri məlumat və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır. “Mərkəzləşdirilmiş kredit reyestri haqqında” Qaydaların 6.1-6.4-cü maddələrinə əsasən bütün banklar qanuna və bu Qaydalara uyğun olaraq MKR-ə məlumatları təqdim etməlidirlər. Məlumatlar təqdim edilmədikdə, bank dərhal MKR-in məlumatlarından istifadə hüququndan məhrum olunur. MKR-də toplanan və oradan alınan məlumatlara qanunla müəyyən olunmuş bank sirrinin qorunması rejimi tətbiq edilir və MKR-dən məlumat alan banklar bu sirrin qorunmasını təmin etməlidirlər. Borcalanların düzgün eyniləşdirilməsinə görə banklar məsuliyyət daşıyırlar. Beləliklə qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, LPO Cavabdeh2 ASC kredit məlumatlarının təchizatçısı kimi "xxxx" MMC-yə və Mərkəzləşdirilmiş kredit reyestrinə iddiaçının xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə borcunun olmaması barədə məlumatı verməməklə, öz daxili bank sistemində bu barədə müvafiq qeydləri aparmamaqla onun hüquqlarını pozmuşdur. Məhkəmə iddiaçının LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı olan tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Göründüyü kimi, Büroya borc haqqında məlumatları təqdim etmək vəzifəsi məlumat təchizatçılarına aid edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd edilən funksiya və vəzifələr məlumat daşıyıcısı olanlara aid edildiyindən, bu işdə məlumat daşıyıcısı isə LPO Cavabdeh2 ASC olduğundan, Əmanətlərin Sığortalanması Fondunun isə hazırki iddia üzrə cavabdehlik daşıdığı müəyyən edilmədiyindən, ona qarşı irəli sürülən iddia təmin edilə bilməz. Məhkəmə həmçinin xatırladır ki, məhkəmə araşdırmasının predmeti olan iddia ərizəsi ləğv prosesində olan bankın bilavasitə bank fəaliyyəti ilə bağlıdır və hazırda Bankın ləğv prosesində olması onun kreditor tələbi olmayan bu cür iddia tələbləri üzrə birbaşa məsuliyyət daşımasını istisna etmir. Belə ki, Mülki Məcəllənin 60.2 və 60.3-cü maddələrinə uyğun olaraq, ləğvetmə prosesi ərzində hüquqi şəxsin hüquq qabiliyyəti tam həcmdə saxlanılır. Hüquqi şəxsin ləğv edilməsi haqqında qərar qəbul etmiş hüquqi şəxsin iştirakçıları və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı ləğv barədə qərar qəbul edildiyi tarixdən etibarən yalnız ləğvetmə prosesi çərçivəsində fəaliyyət göstərir. Ləğv edilən hüquqi şəxsin adından məhkəmədə ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) çıxış edir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iddia LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna münasibətdə əsl olmayan cavabdehə qarşı qaldırıldığından rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia LPO Cavabdeh2 ASC-yə münasibətdə təmin edilsin. İddiaçı LPO Cavabdeh2 ASC-yə 19 aprel 2012-ci il tarixli kredit müqaviləsi üzrə mövcud borcunun LPO Cavabdeh2 ASC-nin daxili kredit sistemindən silinməsi, bu müqavilə üzrə İddiaçı borcunun olmaması barədə məlumatın "xxxx" MMC-yə və Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi vəzifəsi LPO Cavabdeh2 ASC-yə həvalə edilsin. İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul cavabdeh LPO Cavabdeh2 ASC-dən tutularaq İddiaçı ödənilsin. İddia LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna münasibətdə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-3562/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3562/2022
23.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver