Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-3580/2023 31.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abbasov Nail İbad oğlu, İddiaçı Cavabdeh qarşı torpağın qanunsuz sahiblikdən geri qaytarılması və sairə tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi 4954 saylı bağın (0.12 ha) cavabdehin qanunsuz sahibliyindən geri qaytarılması, həmin torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi, qanunsuz inşa edilmiş tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi, sonradan açılmış qapı pəncərənin hörgü ilə bağlanaraq əvvəlki vəziyyətə qaytarılmasının cavabdehin üzərinə qoyulması, dəymiş mənəvi zərərin əvəzi kimi 30 000 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib müəyyən etdi ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, iddia ərizəsinin məzmunundan və iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının qanunsuz sahiblikdən geri qaytarılması tələb etdiyi torpaq sahəsi Bakı şəhəri Nəsimi rayonu ərazisində deyil, Bakı şəhəri Sabunçu rayonu ərazisində yerləşir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının mövcud iddia tələbi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalı olan iddia tələbi olmayıb, müstəsna aidiyyətə görə mübahisəli daşınmaz əmlakın yerləşdiyi ərazi üzrə baxılmalı olan iddia tələbidir. Azərbaycan Respublikası MPM-in 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyati qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçı həmçinin dəymiş mənəvi zərərə görə 30 000 manat tələb etməklə, iddia ərizəsinə 180 manat məbləğində dövlət rüsumu ödəməli olduğu halda cəmi 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Halbuki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.3cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə həmçinin qeyd edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarıldığından ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən ("xxxx" ASC, mədaxil qəbzi № ********** tarix:xx.xx.2023, saat: 12:56) görünür ki, İddiaçı hazırki iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı torpağın qanunsuz sahiblikdən geri qaytarılması və sairə tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər və ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263-264 və 268ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı torpağın qanunsuz sahiblikdən geri qaytarılması və sairə tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərardadın təsviri hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla yenidən ərazi aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. İddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən ödənilmiş 100 manat ("xxxx" ASC, mədaxil qəbzi № ********** tarix:xx.xx.2023, saat: 12:56) dövlət rüsumu Azərbaycan Respublikasının Dövlət Büdcəsindən İddiaçı qaytarılsın. Dövlət rüsumunun qaytarılması hissəsində qərardadın icrası Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-3580/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-3580/2023
31.07.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver