Məhkəmə qərarları › İş №e-2(006)-360/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-360/2025

11.03.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-360/2025 11.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və X6rşı «işə bərpa, buraxılmış iş günlərinə görə itirilmiş əmək haqqnının və yekun məhkəmə aktı çıxarılanadək hər gecikdirilmiş gün üçün əmək haqqının 3 % məbləğində pul vəsaitinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və X6rşı «işə bərpa, buraxılmış iş günlərinə görə zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və X10 tərəfindən keçirilən qərəzli attestasiya komissiyasının qərarına uyğun verilən 3-24-2/3-01-k-78/2024 nömrəli qanunsuz əmrin ləğv edilməsi; 3-24-2/3-01-k-78/2024 nömrəli əmr nəticəsində işdən çıxarılan şəxs kimi onun işə bərpa edilməsi; ona işə bərpa olunana qədər işəgötürənin təqsiri ucbatından buraxılmış iş günlərinə görə itirilmiş əmək haqqının işəgötürən tərəfindən tam ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandılmışdır ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və X10 xx.xx.2024-cü il tarixdə attestasiya keçirərək, İddiaçı münasibətdə qanunsuz qərar qəbul etmiş və onun əmək fəaliyyətinə xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin «c» bəndi ilə xitam vermişdir. Keçirilən attestasiyanın qərəzli olmasını sübut edən hallar vardır. İlkin olaraq vurğulamaq lazımdır ki, xx.xx.2024-cü il tarixdə 3-24-2\3-01f 20/2024 nömrəli əmr Mərkəzin direktor vəzifəsini icra edən Akif Maarifli tərəfindən imzalanmışdır. Eyni zamanda attestasiya komissiyasının katibi qismində Zemfira Zeynalova tərəfindən xəbərdarlıq bildirişi və attestasiyaya hazırlaşmaq üçün iddiaçıya 30 mövzu təqdim edilərək attestasiyanın Novruz bayramından sonra keçiriləcəyi barədə məlumat verilmişdir. Xəbərdarlıq bildirişi iddiaçıya xx.xx.2024-cü ildə təqdim edilmişdir. İddiaçıya 30 mövzuya hazırlaşmaq üçün bir ay müddət verilmişdir. İddiaçı və digər işçilər sualların mədəniyyət, təhsil sahəsindən xəbəri olmayan, bilik səviyyəsi aşağı olan şəxslər tərəfindən hazırlandığını bildirmiş, onların narazılıqları nəzərə alınaraq həmin suallar proqramdan çıxarılmışdır. Daha sonra, xx.xx.2024-cü il tarixdə Mədəniyyət Nazirliyinin iki əməkdaşı tərəfindən heç bir rəsmi kommunikasiya vasitəsindən istifadə olunmayaraq «WhatsApp» platformasında qrup yaradılmış, İddiaçı qrupa əlavə edilmişdir. Həmin qrupa əvvəlki 30 mövzuya əlavə 35 mövzu da daxil edərək ümumilikdə 65 mövzu göndərilmiş və bu mövzular əsasında attestasiyanın aparılacağı vurğulanmışdır. Vurğulamaq zəruridir ki, attestasiyanın keçirilməsi qaydalarına müvafiq olaraq attestasiyanın keçirilməsi ilə bağlı şərtləri, qiymətləndirmə meyarlarını, attestasiya komissiyasının sədri və üzvləri haqqında məlumatları əks etdirən heç bir sənəd İddiaçı təqdim edilməmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçı və digər işçilər Novruz bayramı tətilindən sonra işə qayıtdıqda iş vaxtı qrupa attestasiyanın xx.xx.2024-cü il tarixdə keçiriləcəyi barədə məlumat göndərilmişdir. İddiaçının və digər işçilərin etirazlarına baxmayaraq attestasiya həmin tarixdə keçirilmişdir. İddiaçı və 30 nəfərə yaxın işçi zorla attestasiya komissiyasının qarşısına çıxarılmışdır. Attestasiyada iştirak etmiş iddiaçı və digər işçilər attestasiya zamanı mövzudan yayınmaların olduğu, kənar suallar verildiyini bildirmişlər. Attestasiyada iştirak etməyə qanuni əsaslarla etiraz edən əməkaşlar isə təhqirlərə məruz qalmışlar. Attestasiyada iştirak etməsindən asılı olmayaraq iddiaçıya və digər işçilərə hədə-qorxu gəlinmiş və öz ərizələri ilə işdən çıxmaları təklif edilmişdir. Əks halda əmək kitabçalarının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə ləkələnərək işdən çıxarılacaqları bildirilmişdir. 2023-cü ilin fevral tarixində X12 direktor vəzifəsini icra etməyə başlamışdır. İşçilər iddia edirlər ki, Akif Maarifli vəzifəyə təyin olunduqdan sonra onlara qarşı qərəzli davranmış, mərkəzin fəaliyyəti dayanmış, fəaliyyət üzrə heç bir iş görülməmiş və hətta 2023-cü il və 2024-cü il üçün illik iş planı hazırlanmamışdır. Plan hazırlanmamasına rəğmən işçilər arasında ayrı-seçkilik edilmiş və «fəaliyyətində fərqləndiyinə görə» yalnız bir neçə işçiyə mükafat verilmişdir. Baxmayaraq ki, illik iş planı əvvəl də vurğulandığı kimi olmamışdır. Eyni zamanda vurğulamaq lazımdır ki, İddiaçı Giləzi qəsəbəsində yerləşən yararlı vəziyyətdə olmayan, işçilər üçün əlverişsiz hesab edilən mədəniyyət mərkəzinə göndərilmiş və bir ay müddətinə orada fəaliyyət göstərmişdir. Hüquqlarının pozulması ilə əlaqədar iddiaçı və digər işçilər Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin Aparatına, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsinə və digər qurumlara müraciət etmişlər. Həmçinin, xx.xx.2024-cü il tarixdə İddiaçı tərəfindən mediasiya müraciəti olunmuşdur, xx.xx.2024-cü il tarixdə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə mediasiya arayışı əldə edilmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və X10 tərəfindən keçirilən qərəzli attestasiya komissiyasının qərarına uyğun verilən 3-24-2/3-01-k-78/2024 nömrəli qanunsuz əmrin ləğv edilməsi; 3-24-2/3-01-k-78/2024 nömrəli əmr nəticəsində işdən çıxarılan şəxs kimi onun işə bərpa edilməsi; ona işə bərpa olunana qədər işəgötürənin təqsiri ucbatından buraxılmış iş günlərinə görə itirilmiş əmək haqqının işəgötürən tərəfindən tam ödənilməsi; iddia tələbi ilə bağlı yekun məhkəmə aktı çıxarılanadək əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının 3 %-i məbləğində ödəncin hesablanaraq cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən məhkəməyə təqdim edilmiş ərizədə iddia ərizəsində qeyd olunanlara əlavə olaraq göstərilmişdir ki, Əmək Məcəlləsinin 65-ci maddəsinin 1-ci bəndinə əsasən işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. Həmin maddənin 3-cü bəndinə əsasən işəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. Həmin maddənin 5-ci bəndinə əsasən attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Qeyd olunan maddəyə əsasən bildirmək istəyirlər ki, keçirilən attestasiyada verilən suallar iddiaçının və digər işçilərin ixtisasına, peşəsinə, əmək funksiyasına uyğun olmamış və fəaliyyətlərini əhatə etməmişdir. Əmək Məcəlləsinin 67-ci maddəsinin 1-ci bəndinə əsasən attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin maddənin 5-ci bəndinə əsasən işçilərin və iş yerlərinin attestasiya komissiyalarının qərarlarını qanunsuz, əsassız, qərəzli və qeyri-obyektiv hesab edən şəxslər məhkəməyə müraciət edə bilər. Həmin maddənin 6-cı bəndinə əsasən attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilən və ya başqa vəzifəyə (peşəyə) keçirilən işçinin iddiası əsasında fərdi əmək mübahisəsinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada yalnız məhkəmələrdə baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi qaydaları haqqında təlimatın 1.2-ci bəndinə əsasən müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır. Lakin qeyd olunanlara əsasən bildirmək istəyirlər ki, müvafiq təlimatın 1.2-ci bəndinin tələbləri cavabdeh tərəfindən kobud şəkildə pozulmuşdur. İddiaçı və digər işçilər attestasiyanın keçiriləcəyi gün barədə məlumatı attestasiyaya 1 gün qalmış öyrəniblər. Həmin təlimatın 2.4-cü bəndinə əsasən attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. İş materiallarından göründüyü kimi, attestasiya olunan iddiaçı barəsində attestasiya komissiyasının qərarı yoxdur. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi qaydaları haqqında təlimatda müvafiq attestasiya komissiyası tərəfindən attestasiya olunana münasibətdə qərar qəbul etməlidir. Bundan əlavə işdə olan iddiaçıya münasibətdə olan attestasiya vərəqəsindən göründüyü kimi iddiaçıya 5 sual verildiyi qeyd edilmişdir. Halbuki, iş materiallarında olan attestasiyanın aparılmasının audio-video çəkilişindən göründüyü kimi iddiaçıya 15-20 sual verilmişdir və həmin sualların əksəriyyətini iddiaçı cavablandırmışdır. Buna baxmayaraq, komissiya nədənsə həmin sualları və cavabları müvafiq attestasiya vərəqəsində qeyd etməyi zəruri hesab etməyib. Attestasiya vərəqəsində qeyd olunan 5 sualdan iddiaçının cavablandırılmasını kommissiya üzvləri (baxmayaraq ki, kommisiyanın tərkibi verilən suallara cavabın doğruluğunu müəyyən etmək iqtidarında deyildilər) 2-ni natamam cavab, 2-ni yanlış cavab və 1-ni isə doğru cavab kimi qiymətləndiriblər. Attestasiya vərəqəsində 2-ci sualda komissiya iddiaçıya «Kitabxana sahəsi üzrə hər hansı metodiki vəsait hazırlamısınız» soruşmuşdu və həmin sualın cavablandırmasını natamam olduğu hesab edilmişdir. Əvvəla qeyd etmək lazımdır ki, cavabdeh tərəfindən verilən suala cavab heç bir halda natamam sayıla bilməz. Belə ki, həmin cavab konkretdir. Ya, metodiki vəsait hazırlanıb, ya da ki, xeyr. Bundan başqa, iddiaçı tərəfindən «kitabxana sahəsi üzrə hər hansı metodiki vəsait hazırlanması», tərəflər arasında bağlanılmış əmək müqaviləsinin əmək funksiyası bölməsində nəzərdə tutulmamışdır. Bununla yanaşı, komissiya iddiaçıya yalnız peşəsinə münasibətdə suallar vermişdir. Halbuki, iddiaçı 21 ildir ki, işlədiyi müəssisədə peşəsinə dair demək olar ki, əmək fəaliyyəti ilə məşğul olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi qaydaları haqqında təlimatın 2.4-cü maddəsində attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. Attestasiya vərəqəsinin 8-ci bəndində komissiya üzvlərinin attestasiyadan keçən işçi barəsində rəy və təklifləri qeyd olunmuşdur. Həmin rəydə komissiya iddiaçının düşüncə və savad səviyyəsinin aşağı olmasını, dünya görüşünün məhdud və zəif olmasını qeyd etmişdir. Müvafiq təlimatın 2.4-cü maddəsinə əsasən attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. Müvafiq attestasiya vərəqəsinin 9-cu və 12-ci bəndlərindən göründüyü kimi iddiaçı attestasiya olunan işçinin rəy və təkliflərinin qeyd etmək niyyətində olmasına baxmayaraq, ona komissiya tərəfindən bu imkan yaradılmamış və ümumiyyətlə attestasiya olunan işçi attestasiya vərəqəsi ilə tanış edilməmişdir. Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Həmin Konvensiyanın 13-cü maddəsinə əsasən bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddiaçının izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini qəbul etmədi, iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etdi və izahatında bildirdi ki, İddiaçı cavabdeh Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinə qarşı «işə bərpa» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Bildirir ki, iddia tələbi üzrə qanunvericiliklə müəyyən edilmiş iddia müddəti iddiaçı tərəfindən buraxıldığından, məhkəmədən aşağıda qeyd olunanlara əsasən iddia ərizəsinin rədd edilməsini xahiş edirik. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-cı hissəsinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, mövcud qanunvericilik əmək hüquqlarının müdafiəsi üçün müddətlər müəyyən etmişdir və yalnız həmin müddətlər ərzində səlahiyyətli şəxslər öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilərlər. İddia müddətinin əhəmiyyəti əsasən ondan ibarətdir ki, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, digər tərəfdən, iddia müddəti institutu hüquq münasibətlərində qeyri-müəyyənliyin və qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, ədalət mühakiməsi orqanlarına mübahisəni obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qeyd olunmalıdır ki, iddiaçının əmək müqaviləsinə 2024-cü ilin aprel ayının 26-da xitam verilməsi və bu barədə əmrin ona həmin gün təqdim edilməsi, iddiaçının mediasiyaya 2024-cü ilin may ayının 24-də müraciət etməsi, mediasiya prosesinə 2 iyul 2024-cü il tarixində xitam verilməsi, iddiaçının həmin tarixdən 10 gün keçdikdən sonra - 12 iyul 2024-cü il tarixində məhkəməyə müraciət etməsi işin mübahisəsiz hallarıdır. Belə olan halda, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, 3-24- 2/3-01-k-78/2024 nömrəli əmrin mübahisələndirilməsinə dair iddia müddətinin axımı 2024cü ilin aprel ayının 26-da başlanmış, iddiaçı həmin tarixdən 28 gün keçdikdən sonra - 2024-cü ilin 24 may tarixində mediasiyaya müraciət etmişdir. Beləliklə, iddia müddətinin əhəmiyyətli hissəsi iddiaçının mediasiyaya müraciət etdiyi tarixədək keçmişdir. «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 35.2-ci maddəsinə uyğun olaraq, tərəflər arasında mediasiya prosesinə xitam verildiyi 2 iyul 2024-cü il tarixindən etibarən iddia müddətinin axımı bərpa olunaraq davam etmiş, iddiaçı isə həmin tarixdən yalnız 10 gün keçdikdən sonra - 12 iyul 2024-cü il tarixində məhkəməyə müraciət etmişdir. Beləliklə, mediasiyaya müraciət edənədək 28 gün, mediasiyadan sonra isə 10 gün olmaqla, iddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ona təqdim olunduğu tarixdən 38 gün keçdikdən sonra məhkəməyə müraciət edərək, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsi ilə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi İddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddiaçı cavabdeh Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin qarşı «işə bərpa» tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materialları: İddiaçı ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi- Metodiki və X10 arasında bağlanmış 14 mart 2023-cü il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı təhlil-təlim və tədris şöbəsi Tədris proqramları ilə iş sektoruna aparıcı metodist vəzifəsinə işə qəbul edilmişdir. Dövlət Attestasiya Komissiyasının 29 iyul 2002-ci il tarixli qərarına əsasən verilmiş A seriyalı 097049 saylı ali təhsil haqqında diplomdan görünür ki, İddiaçı Bakı Dövlət Universitetində təhsilini başa vurmuş, ona İncəsənət, Kitabxanaşünaslıq və biblioqrafiya ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilmişdir. xx.xx.2024-cü il tarixdə tərtib edilmiş attestasiya vərəqində İddiaçı 270 mümkün baldan 35 bal toplaması əsası ilə tutduğu vəzifəyə uyğun olmadığı qeyd edilməklə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixdə tərtib edilmiş attestasiyanın nəticələrinə dair protokoldan görünür ki, “Təhsil, təlim və tədris şöbəsinin Tədris proqramları ilə iş sektoru”nun aparıcı metodisti İddiaçı tutduğu vəzifəyə uyğun hesab edilməmişdir. İddiaçıya ünvanlanmış № 09 xəbərdarlıq bildirişindən görünür ki, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktorunun xx.xx.2024-cü il tarixli 3-24-2/3- 01-f-20/2024 nömrəli əmrinə görə işçilərin peşəkarlıq səviyyəsini yoxlamaq və onların tutduğu vəzifəyə (peşəyə) uyğun olub-olmadığını aşkara çıxarmaq məqsədi ilə attestasiya komissiyası yaradılmışdır. Nəzərinə çatdırılmışdır ki, o, attestasiya olunacaq işçilər kateqoriyasına aiddir. xx.xx.2024-cü il tarixli 3-24-2/3-01-f-20/2024 nömrəli əmrlə təsdiq edilmiş Mədəniyyət üzrə Elmi-Metodiki və X1 Komissiyasının yaradılması haqqında sənədlə Mərkəzin İnsan resurslarının idarə edilməsi sektorunda tanış ola bilər. Attestasiyada iştirak etmədiyi halda attestasiyadan keçirilməmiş hesab olunmaqla, tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən son 5 il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılmasının nəticələri nəzərə alındığı üçün bununla bağlı sənədlərini (sertifikat, diplom və s.) attestasiya komissiyasına təqdim etməsi xahiş olunmuşdur. Xəbərdarlıqda attestasiya zamanı sualların verilməsi nəzərdə tutulmuş məsələlərin siyahısı əlavə edilmiş, eyni zaman bu xəbərdarlığın xx.xx.2024-cü il tarixdə qüvvəyə minəcəyi qeyd edilmişdir. «WhatsApp» tətbiqi üzərində aparılmış yazışmalardan görünür ki, attestasiyanın keçirilməsi ilə əlaqədar olaraq 25 mart 2024-cü il tarixli və 27 mart 2024-cü il tarixlərdə attestasiya ilə əlaqədar fikir mübadiləsi aparılmışdır. 29 aprel 2024-cü il tarixli 3-24-2/3-01-k-78/2024 saylı əmrdən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «c» bəndinə əsasən xitam verilmişdir. Mediasiya prosesinin tətbiqi barədə təklifdən görünür ki, İddiaçı 24 may 2024-cü il tarixdə cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi- Metodiki və X8 əmək mübahisəsi ilə əlaqədar (Bakı şəhəri 10 saylı Mediasiya təşkilatı mediasiya təşkilatı kimi təklif olunmuşdur) mediasiya prosesinin tətbiqi barədə təklif göndərmişdir. Bakı şəhəri 10 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş 02 iyul 2024-cü il tarixli MŞB/10/2024-00329 saylı ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə arayışından görünür ki, mübahisə üzrə tərəflər olan iddiaçı və cavabdehin nümayəndəsi 02 iyul 2024-cü il tarixdə saat 11:00-da keçirilən mediasiya prosesində iştirak etsələr də, prosesin davam etdirilməsi mümkün olmamışdır. İddiaçı işsiz olduğu üçün 50 manat ilkin mediasiya sessiyası üçün xidmət haqqı və 10 manat poçt və kargüzarlıq xərcinin dövlət hesabına ödənilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 yanvar 2025-ci il tarixli 9/7947 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı xx.xx.2024-cü il tarixdən ekspert rəyi tərtib olunan günədək hesablanmış əmək haqları 6.559,11 manat məbləğində müəyyən edilir (1-ci sual üzrə). Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı xx.xx.2024-cü il tarixdən ekspert rəyi tərtib olunan günədək ödənilməmiş əmək haqqının hər gecikdirilmiş gün üçün 3 faizi məbləğində ödənilməli ümumi məbləği 5.324,16 manat məbləğində müəyyən edilir (2-ci sual üzrə). Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Mediasiya prosesinin tətbiqi barədə təklif görünür ki, İddiaçı tərəfindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və X8 əmək mübahisəsi ilə bağlı təklif xx.xx.2024-cü il tarixdə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, iddiaçılar İddiaçı, X2 və X3 cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və X6rşı attestasiya komissiyasının qərarının ləğv edilməsi, işə bərpa, buraxılmış iş günlərinə görə itirilmiş əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 65-ci maddəsinin 1-ci bəndinə əsasən işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. 65-ci maddəsinin 7-ci bəndinə əsasən attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər. 67-ci maddəsinin 6-cı bəndinə əsasən attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilən və ya başqa vəzifəyə (peşəyə) keçirilən işçinin iddiası əsasında fərdi əmək mübahisəsinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada yalnız məhkəmələrdə baxılır. 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 7-ci hissəsinə əsasən mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikasinin Nazirlər Kabinetin Qərarının 1.2-ci bəndinə əsasən müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır. Atesstasiya komissiyasının əsasnaməsinin 6.1.7-ci bəndinə və “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikasinin Nazirlər Kabinetin Qərarının 2.6-cı bəndinə, əsasən attestasiyanın nəticələri əsasında attestasiya komissiyası işçilərə tutduğu vəzifəyə uyğun gəlməsi yaxud tutduğu vəzifəyə uyğun gəlməməsi qərarlardan birini verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının “Mediasiya haqqında” qanununun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Göründüyü kimi, iddiaçının əmək müqaviləsinə xitam verilməsi səbəbi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) göstərilmişdir. İddiaçı isə həmin əmri qanunsuz hesab edir. Attestasiya vərəqindən görünür ki, 270 mümkün baldan iddiaçı cəmi 35 bal toplamışdır. Bu səbəbdən iddiaçı tutduğu vəzifəyə uyğun olmaması əsası iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir. Məhkəmə araşdırması nəticəsində məlum olmuşdur ki, iş materiallarında olan sənədlərə əsasən attestasiyanın qanunvericiliklə nəzərdə tutulmuş qaydalardan kənar keçirilməsi və ya bu zaman prosedur pozuntularına yol verilməsi müşahidə olunmur, işçi topladığı bala münasibətdə qiymətləndirilməklə barəsində işəgötürən tərəfindən müvafiq qərar qəbul edilmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsaslarından biridir. Bu zaman attestasiya komissiyasını qərarı işəgötürən üçün tövsiyə xarakteri daşımaqla, bu əsasla əmək müqaviləsinə xitam verilməsi işəgötürənin vəzifəsi deyil, hüququdur. Həmçinin nəzərə alınmalıdır ki, attestasiya komissiyası işçinin tutduğu vəzifəyə uyğun gəlməməsi barədə qərar qəbul edərkən işçinin peşəkarlıq səviyyəsindən və işəgötürənin imkanlarından asılı olaraq onun digər vəzifəyə keçirilməsi mümkülüyü araşdırmalıdır. Hazırki mübahisədə işəgötürən qanunvericiliklə ona verilmiş hüquqdan istifadə edərək işçi ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Müəyyən edildiyi kimi işəgötürən tərəfindən attestasiya komissiyasının qərarına uyğun olaraq verilmiş əmr qanunidir, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuşdur. Odur ki, iddiaçının dəlillərinə əsasən işəgötürən tərəfindən qəbul edilmiş əmrin qanunsuz sayılması üçün əsaslar yoxdur. Məhkəmə qeyd edir ki, iddiaçının dəlilləri əsasında əmrin ləğv ediməklə iddiaçının işə bərpa edilməsi tələblərinin əsassız sayılması fonunda işçinin işə bərpa olunduğu günədək olan ödənilməmiş əmək haqqının və hər gün üçün faiz hesablanmaqla ödənilməsi barədə tələbi də özlüyündə əsaslı hesab edilə bilməz. Məhkəmə həmçinin cavabdeh tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibətdə bildirir ki, həmin ərizə əsassızdır. Belə ki, müəyyən olunur ki, iddiaçının işdən azad edilməsi barədə əmr 29 aprel 2024-cü il tarixdə verilmiş, iddiaçı tərəfindən işəgötürənə mediasiya təklifi 24 may 2024-cü il tarixdə göndərilmiş (5 gün), 02 iyul 2024-cü il tarixdə mediyasiya prosesinə xitam verilmiş, 03 iyul 2024-cü il (4 gün) tarixdə iddiaçı digər işçilərlə birlikdə iddia tələbi ilə məhkəməyə müraciət etmiş, 09 iyul 2024-cü il tarixdə iddia ərizəsi məhkəmənin qərardadına əsasən geri qaytarılmış, 11 iyul 2024-cü il (2 gün) tarixdə iddiaçı tərəfindən yenidən məhkəməyə hazırki iddia tələbi müraciət edilmişdir. Yəni Mülki Məcəllənin müddətlərin hesablanmasının tənzimlənməsi barədə müddəalarına əsasən 1 aylıq müddət 30 günlük dövrü əhatə etdiyindən iddiaçı tərəfindən həmin 30 günlük müddət, yəni iddia müddəti ötürülməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və X6rşı «işə bərpa, buraxılmış iş günlərinə görə itirilmiş əmək haqqnının və yekun məhkəmə aktı çıxaralanadək hər gecikdirilmiş gün üçün əmək haqqının 3 % məbləğində pul vəsaitinin ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Ödənilmiş 50 manat mediasiya xərci və 10 manat poçt-kargüzarlıq xərci iddiaçıya aid edilməlidir. 100 manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və X6rşı «işə bərpa, buraxılmış iş günlərinə görə itirilmiş əmək haqqının və yekun məhkəmə aktı çıxarılanadək hər gecikdirilmiş gün üçün əmək haqqının 3 % məbləğində pul vəsaitinin ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 50 manat mediasiya xərci və 10 manat poçt-kargüzarlıq xərci iddiaçıya aid edilsin. 100 manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba (X5, Kod: 21005, VÖEN:**********, müxbir hesab: AZ41NABZ**********0000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar