Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3608/2022 31.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı3, onun nümayəndəsi Nümayəndə, cavabdeh Azərbaycan Dövlət Neft və Sənaye Unı̇ versı̇ tetinin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı3 cavabdeh Azərbaycan Dövlət Neft və Sənaye Unı̇ versı̇ tetinə qarşı "işə bərpa və s. tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı3 cavabdeh Azərbaycan Dövlət Neft və Sənaye Unı̇ versı̇ tetinə qarşı "işə bərpa və s. tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı3 07 sentyabr 1987-ci ildə Cavabdehnə işə qəbul olmuş və 35 il müddətində universitetin “Xarici dillər” kafedrasında müəllim və baş müəllim vəzifələrində çalışmışdır. Bundan öncə isə 1980-1987 il tarixlərində Azərbaycan Memarlıq və İnşaat Universitetində baş laborant vəzifəsində işləmişdir. Cavabdeh müəssisədə çalışdığı 35 il ərzində 60-dan çox məqalələrin, bir neçə dərslik və lüğətlərin müəllifi olmuşdur. Məqalələri yerli və xarici nəşrlərdə dərc olunmuşdur. Mütəmadi olaraq Müəllimlərin təkmilləşdirmə İnstitutunda kurslar keçərək öz müəllim sənətini təkmilləşdirmişdir. Bundan başqa, bir neçə dəfə həm şəxsi, həm universitet hesabına ingilis dili kurslarında iştirak edərək yüksək nəticələr əldə etmişdir. Son dəfə 2021-ci ilin iyun-sentyabr aylarında (keçdiyi bu kursun yarısından çoxu məzuniyyət dövrünə təsadüf edib) Universitetin rektorunun göstərişinə əsasən nüfuzlu şirkət olan “British Council”-ın kurslarında iştirak edərək, yüksək nəticə əldə edərək B2 sertifikatına yiyələnmişdir. “Xarici dillər” kafedrasından yalnız 8 müəllim bu sertifikata yiyələnmişdir. 2018-ci ilin sonunda rektorun birbaşa göstərişi əsasında universitetdə seçki sisteminə dəyişiklik edilərək yeni formatda seçkilər təyin edilmişdir. Nəticədə kadrlar şöbəsi tərəfindən təhdid edilərək iddiaçıya ərizə yazdırdılar və yenidən 3 aylıq əmək müqaviləsi bağladılar, bu da iddiaçının fasiləsiz əmək stajına təsir etdi. 2019-cu ilin yanvarında kafedrada seçkilər keçirildi. Müəllimlər üçün keçid balı 35, dosentlər üçün 50 bal keçid balı kimi müəyyən olundu. İddiaçı uğurlu nəticə əldə edərək, 58 bal toplayıb yenidən öz vəzifəsinə seçildi. Seçkinin nəticəsi olaraq iddiaçı ilə 2019-cu ilin yanvar ayında 5 illik əmək müqaviləsi bağlandı, əmək müqaviləsinə qol çəkdirildi, lakin iddiaçıya aid olan nüsxə təqdim edilmədi. İddiaçı bir neçə dəfə bununla bağlı kadrlar şöbəsinə müraciət etmiş, lakin hər dəfə bir bəhanə gətirərək ona aid olan nüsxəni verməkdən boyun qaçırıblar. Yuxarıda göstərilənlərlə iddiaçının universitetdə fasiləsiz iş stajına son qoyulmuşdur, onun əmək hüquqları kobud şəkildə pozulmuşdur. 2021-ci ilin iyun ayından başlayaraq, sessiya zamanı və iyul, avqust aylarında, məzuniyyət zamanı iddiaçı “British Council”-ın kurslarında iştirak etməyə məcbur edildi, bir sıra təhdidlərlə üz-üzə qaldı. Belə ki, həftə içi hər gün, 3-4 saat çox sərt qaydalar ilə treyninqlər keçmişdi. Məzuniyyət zamanı istirahət və müalicəyə sərf etməyinin yerinə kompyuterin önündə saatlarla, stress altında dərs keçdi. Bütün bunlara baxmayaraq, imtahanı uğurla verərək, tələb edilən nəticəni alaraq B2 sertifikatına yiyələndi. Aşağı nəticə alan müəllimlər bir çox təhdid və hədə-qorxu ilə üz-üzə qaldılar. Bu ilin əvvəllərində universitetdə attestasiya olacağı ilə bağlı məlumat verilmişdir. Lakin attestasiya yalnız xarici dillər kafedrasına şamil edildi. Attestasiya komissiyasının üzvləri haqqında heç bir məlumat verilmədi. Ən böyük pozuntu isə ondan ibarət idi ki, aprel ayında attestasiya zamanı sədr daxil olmaqla 9 nəfər komissiya üzvü var idi və onlardan cəmi 3 nəfəri onların ixtisasına uyğun gələn üzvlər idi. Digər üzvlərin isə ingilis dili üzrə təhsili və ya peşəkarlığı yox idi. Bu da attestasiyanın düzgün keçirilməməsi və Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”na zidd olmasının anlamına gəlir. Bundan başqa, xx.xx.2022ci ildə keçirilən attestasiya zamanı iddiaçıya verilən suallar subyektiv suallar idi, bilik və savadını yoxlamaq üçün verilən suallar deyildir, sadəcə iddiaçının fikirlərini öyrənmək üçün verilən suallar idi. Belə sualların verilməsi yolverilməzdir. Attestasiyadan sonra iddiaçıya şifahi formada öz ərizəsi ilə işdən çıxarılması təklif edildi. İddiaçı buna etirazını bildirəndə dedilər ki, bu rektorun göstərişidir. İddiaçının apellyasiya vermək hüququ olmasına baxmayaraq, bu hüququ ona vermədilər, səhəri gün prorektora yaxınlaşanda “apellyasiya olmayacaq, rektorun göstərişi var!” kimi cümlələr ilə cavab verdilər. Attestasiya qaydalarına uyğun olaraq iddiaçıya attestasiya nəticələrini rəsmi qaydada təqdim etməli idilər, iddiaçı həmin nəticələr ilə tanış olmalı və imza atmalı idi, lakin ona şifahi qərarı açıqlayaraq yola saldılar. Yuxarıda qeyd olunanlar ciddi qanun pozuntularıdır. 05 may 2022-ci il tarixində iddiaçını və digər müəllimləri kadrlar şöbəsinə dəvət etdilər. Kadrlar şöbəsinin rəisi onların 04 may tarixində işdən azad olunduqlarını bildirdi. İddiaçının işdən azad olunmağı ciddi qanun pozuntuları ilə müşahidə olunurdu. İlkin olaraq 29 aprel 2022-ci il tarixində imzalanan 04- 448 saylı əmrlə onları işdən azad etmişdilər. İddiaçı buna baxmayaraq, 29 aprel tarixində və 04 aprel tarixində iş yerində olmuş və dərs demişdir. Sonra əmr dəyişdirilərək 04 may 2022-ci il tarixli ilə iddiaçıya 04-460 saylı əmr təqdim etdilər və köhnə tarix ilə əmrə qol çəkməklərini istədilər, lakin iddiaçı buna etiraz etdi və köhnə tarixlə əmrə qol çəkmədi. Müvafiq elektron sistemdə yoxlayanda ilkin olaraq 29 aprel tarixi ilə fərqli əmr nömrəsi ilə, sonra isə 04 may tarixi fərqli əmr nömrəsi ilə işdən azad olunduğunu gördü. Bunun özü çox ciddi qanun pozuntusu hesab edilir. Attestasiya zamanı komissiyanın üzvlərindən cəmi 3 nəfəri ingilis dili mütəxəssisi idi, bundan başqa attestasiyanın sonunda nəticələr iddiaçıya rəsmi təqdim edilməyib və iddiaçı tərəfindən imzalanmayıb. İddiaçı ilə bağlı verilən əmr 2 dəfə dəyişdirilib, verilən əmrə köhnə tarix ilə qol çəkdirmək istəyiblər. İndiki anadək iddiaçıya nə attestasiya nəticələri təqdim edilib, nə əmr təqdim edilib, nə əmək kitabçası təqdim edilib, son haqq-hesabın ödənişi nəyin əsasında aparılması məlum deyil və bunların hər biri, ayrı ayrılıqda qanun pozuntusudur. Bu günkü gündə iddiaçını universitetin daxilinə buraxmırlar və o, öz sənədlərini götürə bilmir. Kafedranın hamısı qadın olduğu üçün onlar kollektiv olaraq çox təhdid və hədə qorxu ilə üz-üzə qalmışlar. Kollektivin bir çox üzvü işdən çıxarılmışdır, bir çoxuna təzyiq göstərilərək öz istəkləri ilə ərizələri alınaraq işdən çıxarılmışdır. Göstərilənlərə əsasən Cavabdehndə xarici dilləri tədris edən müəllimlərin bilik və bacarıqlarının müəyyən edilməsi məqsədi ilə xx.xx.2022-ci il tarixdə keçirilmiş attestasiyanın nəticələrinin qanunsuz hesab edilərək ləğv edilməsi, onun əsasında rektor M.Babanlı tərəfindən imzalanmış əmək müqavilələrinə xitam verilməsi barədə 04 may 2022-ci il tarixli, 04-460 saylı əmrin ləğv edilərək cavabdeh müəssisədə əvvəlki vəzifəsinə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının hesablanıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı3, onun nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında cavabdeh Azərbaycan Dövlət Neft və Sənaye Unı̇ versı̇ tetinin nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz edərək, bildirmişdir ki, attestasiya komissiyası tam qanuni və əsaslı fəaliyyət göstərmişdir. Attestasiya keçirilən otaqda video və səs yazısı aparılmışdır. Bu video və səs yazısı iddianın əsassız olmasının sübutudur. Eyni zamanda, ərizə təqdim edərək, iddia müddətinin ötürülməsi səbəbindən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Dövlət Neft və Sənaye Unı̇ versı̇ tetinin xx.xx.2022-cı il tarixli, 04-460 saylı əmrindən görünür ki, İddiaçı3 04 may 2022-ci il tarixindən AR ƏM-nin 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmaması nəticəsində tutduğu vəzifəyə uyğun gəlmədiyi üçün tutduğu “xarici dillər” kafedrasının müəllimi vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bundan əlavə, işin materiallarında olan sənədlərdən görünür ki, İddiaçı3 işdən azad olunarkən ona qanunla müəyyən olunmuş qaydada son haqq-hesab verilmişdir. Əsaslandırıcı hissə: Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı3 Azərbaycan Dövlət Neft və Sənaye Unı̇ versı̇ tetində müəllim vəzifəsində işləmiş və attestasiyadan keçmədiyi üçün xx.xx.2022ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə xitam verilmişdir. Həmin əmrdən narazı qalmış iddiaçı yuxarıda göstərilən tələbləri irəli sürərək məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsini bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla ləğv etmək işəgötürənin hüquqları sırasına daxildir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin «c» bəndinə əsasən əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir. Eyni zamanda, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsinə əsasən işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. Həmin Məcəllənin 67.1-ci və 67.2-ci maddələrinə əsasən Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. İşəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər. Eyni Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmaması səbəbindən əmək müqaviləsinə 04- 462 saylı əmrlə xitam verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ADNSU-da keçirilmiş xarici dilləri tədris edən müəllimlərin attestasiyasının qaydalarını, məqsədlərini və həyata keçirilmə prinsiplərini özündə əks etdirən qaydalar ADNSU-nun Elmi Şurasının iclasında qəbul edilərək təsdiq edilmişdir. Sözügedən qaydalar Azərbaycan Respublikası Əmək Məcəlləsi və “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 97 saylı qərarına uyğun tərtib edilmişdir. Həmin qaydalara müvafiq olaraq ADNSU rektorunun əmri ilə attestasiyanın keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən ibarət attestasiya komissiyası yaradılmışdır. Həmin attestasiya komissiyasının üzvləri attestasiyadan keçən işçilərə yalnız tutduğu vəzifələrə, əmək funksiyalarına, ixtisaslarına dair, yerinə yetirdikləri işlər və onların nəticələri barədə, habelə əmək müqavilələri ilə müəyyən edilmiş hüquqlar və vəzifələr dairəsinə aid olan məsələlərlə əlaqədar suallar vermişdir. Xarici dilləri tədris edən müəllimlərin tutduqları vəzifələrə uyğun olub-olmamasını müəyyən etmək məqsədilə komissiya üç əsas meyar - sahə üzrə bilik və bacarıqlar, kommunikativ bacarıqlar və təqdimat bacarıqları əsasında attestasiyanı keçirmişdir. Yəni, komissiyanın əsas məqsədi təkcə iddiaçının ingilis dili biliyinin müəyyən edilməsi deyil, həmçinin müasir dövrün tələblərinə cavab verən müəllim vəzifəsinə uyğun olub-olmamağını müəyyən etmək idi. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yalnız ADNSU-nun rektoru işəgötürən qismində çıxış edir. Əmək müqavilələri, o cümlədən iddiaçı ilə bağlanmış əmək müqaviləsində işəgötürən qismində məhz ADNSU-nun rektoru tərəfindən imzalanır. İddiaçının bilavasitə rəhbəri “Xarici dillər” kafedrasının müdiridir, işəgötürəni isə rektordur. Tədris işləri üzrə prorektorun attestasiya komissiyasının tərkibində iştirakında hər hansı pozuntu yoxdur. Çünki bu vəzifədə çalışan şəxs nə işəgötürən, nə də ki müəllimin bilavasitə rəhbəri deyildir. İş üzrə iddia müddətinin tətbiqi ilə əlaqədar cavabdehin nümayəndəsinin ərizəsinə gəldikdə isə qeyd olunmalıdır ki, İddiaçı3 xx.xx.2022-ci il tarixli əmrə əsasən (əmrin məzmunu ilə xx.xx.2022-ci il tarixdə tanış olmuşdur) işdən azad olunmuş, xx.xx.2022-ci il tarixdə cavabdehə mediasiya prosesi barədə təklif daxil olub, xx.xx.2022-ci il tarixdə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış tərtib olunmuş, hazırki iddia ərizəsi ilə ilk dəfə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmiş və nəticədə iddia müddətini ötürməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinin tələbinə görə fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İşin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki hallarından da göründüyü kimi iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün iddia müddəti ötürülməmişdir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı3 cavabdeh Azərbaycan Dövlət Neft və Sənaye Unı̇ versı̇ tetinə qarşı "işə bərpa və s. tələbi"nə dair iddiası əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı3 cavabdeh Azərbaycan Dövlət Neft və Sənaye Unı̇ versı̇ tetinə qarşı "işə bərpa və s. tələbi"nə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №e-2(006)-3608/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3608/2022
31.10.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver