Məhkəmə qərarları › İş №e-2(006)-3624/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-3624/2024

06.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-3624/2024 06.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakimi Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Nümayəndə1 Amir oğlunun, Cavabdeh nümayəndəsi Nümayəndə2 Füzuli qızının iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğvi və təhsilin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “əmrin ləğvi və təhsilin bərpa edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab etmişdir ki, iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina olunmalıdır. Belə ki, göstərilən tələbə mülki mühakimə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 təmsil etdiyi şəxslə cavabdeh arasında müqavilənin olmasını, habelə cavabdehin hüquqi şəxs kimi təşkilati hüquqi formasının cavabdehin təqdim etdiyi sənədlərdən dəqiq müəyyənləşdirməyin mümkün olmadığını, Vergilər Nazirliyinin internet informasiya resurslarında cavabdehin hüquqi şəxs kimi açıq səhmdar cəmiyyəti olmasını nəzərə alaraq, mübahisəyə ümumi məhkəmədə baxılmasının əsaslı olduğunu bildirərək, işin inzibati məhkəməyə aid olması ilə razı olmadığını qeyd etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında vəkilinin dedikləri ilə razı olduğunu bildirmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 izahatında təmsil etdiyi qurumun ali təhsil müəssisəsi olmasını qeyd edərək məsələnin həllini məhkəmənin mülahizəsinə həvalə etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli qərarında göstərmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 oktyabr 2012-ci il tarixli “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, dövlətin əsas sosial funksiyası insanların layiqli həyat səviyyəsini təmin etmək və cəmiyyətə xidmət etməkdir, “ictimai maraq" demokratik, hüquqi dövlətin qəti və son məqsədini təşkil edir. İctimai ehtiyacların ödənilməsinə yönələn ictimai xidmətlər inzibati, iqtisadi, sosial, elmi-texniki və mədəni xidmət növlərinə ayrılır. Onların hamısına davamlılıq və sabitlik, dəyişkənlik və keyfiyyət, obyektivlik və bərabərlik, qazanc məqsədinin güdülməməsi kimi prinsiplər xasdır. Məhkəmə qeyd edir ki, Ali Məhkəmənin Mülki Kollegiyasının formalaşdırdığı hüquqi mövqeyə əsasən ali təhsil müəssisələri bir sıra məsələlər üzrə mülki dövriyyənin subyekti kimi mülki hüquq münasibətlərində iştirak etsə də, ali təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsi, o cümlədən, tələblərin ali təhsil müəssisələrinə qəbul edilməsi və onların həmin müəssisələrdən xaric edilməsi ilə bağlı məsələlərdə inzibati hüquq münasibətlərinin subyekti kimi çıxış edir. (2(102)-4074/2023, xx.xx.2023-cü il tarixli qərar) Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki halda iddiaçı və cavabdeh arasında yaranan münasibətlər inzibati hüquq münasibətlərinə aid olduğundan və beləliklə də bu tələbə mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə baxılması mümkün olmadığından, İddiaçı cavabdeh “Cavabdehnə qarşı “əmrin ləğvi və təhsilin bərpa edilməsi” tələbinə dair iddiası üzrə mülki işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı “əmrin ləğvi və təhsilin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu (Azərbaycan Respublikasının Mərkəzi X1, VÖEN: **********, transaksiya nömrəsi: İB**********, tarix: xx.xx.2024, saat: 12:44:50) İddiaçıya izah edilsin ki, o, müvafiq tələblə əlaqədar inzibati orqana və ya məhkəmə aidiyyəti üzrə müraciət etmək hüququna malikdir. Qərardaddan qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar