Məhkəmə qərarları › İş №e-2(006)-3631/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3631/2023

26.10.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3631/2023 26.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi ilə İddiaçı Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əmrin ləğvi, işə bərpa və məcburi işburaxma üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, k/22-05851 saylı əmrinin qanunsuz sayılaraq ləğv edilməsi, onun Şirvan RETSİ-nin Hacıqabul EŞ-nin Enerji satışı şöbəsində nəzarətçi mühəndis vəzifəsinə bərpa edilməsi, məcburi buraxılmış iş günlərinə görə əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2020-ci il tarixdən "xxxx" ASC-nin Şirvan RETSİ-nin X3 Enerji satış şöbəsində iki ay sınaq müddəti ilə nəzarətçi mühəndis vəzifəsinə təyin olunmuşdur. xx.xx.2021-ci il tarixdə həmin vəzifədə Şirvan RETSİ-nin Hacıqabul EŞ-nin Enerji satışı şöbəsinə keçirilmişdir və xx.xx.2022-ci il tarixədək həmin vəzifədə işləmişdir. 07 dekabr 2022-ci il tarixdə "xxxx"ASC-nin sədri Vüqar Əhmədovun k/22-05851 saylı əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləmə xitam verilmişdir. "xxxx"ASC-nin xx.xx.2022-ci il tarixli, k/22-05851 saylı əmrini qanunsuz hesab edir və sözügedən əmrin ləğv edilməsi, onun işə bərpa olunması və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının hesablanaraq ona ödənilməsini istəyir. Belə ki, X1 rəisi Ə.Abbaszadə onu yuxarı vəzifəyə yəni, Şirvan RETSİ-nin X3 Enerji satış şöbəsində aparıcı mühəndis vəzifəsinə təyin etdirəcəyi vədi ilə aldadaraq xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin sədri cənab Vüqar Əhmədovun adına ərizə alması, 07 dekabrda həmin vəzifəyə təyin edilməsini bildirmişdir. O, da vəifədə yüksəliş həvəsi ilə ərizə vermişdir ki, 07 dekabr 2022-ci il tarixdən başqa müəssisədə işə keçməsi ilə əlaqədar onu işdən azad etsin və əmək müqaviləsinə xitam versin. Ərizəni verərkən bir qədər tərəddüd etmişdir. Ə.Abbaszadə ona ərizənin aşağı hissəsindəki yazıları göstərib demişdir ki, onun vəzifəyə getməsinə Enerji satışı departamentinin direktoru E.Dadaşov, Şirvan RETSİ-nin rəisi Z.Ağayev və o, etiraz etmirlər. Belə ki, ərizənin aşağı hissəsində hər üçünün adı qeyd edilib. O, ərizəni imzaladıqdan sonra onlar da etiraz etmədikləri barədə imza atacaqlar və sonda ərizə cənab sədrə (V.Əhmədov) təqdim olunacaqdır. Bununla da o, yuxarı vəzifəyə təyin ediləcəkdir. Lakin, bir neçə gündən sonra bilmişdir ki, o, aldanmış ümumiyyətlə işdən azad edilmişdir. Halbu ki, o, həmin vaxt heç bir işəgötürənlə əmək müqaviləsi bağlamamışdır. Bundan başqa əmrin surəti və əmək kitabçası ona çox gec çatdırılmışdır. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, k/22-05851 saylı əmrini xx.xx.2023-cü il tarixdə rəsmi qaydada almışdır. Bundan sonra mediasiya üçün müraciət etmişdir. Mediasiya sessiyasında cavabdeh tərəf iştirak etməmişdir. xx.xx.2023-cü il tarixdə mediasiya arayışını almışdır və elə bu gün də yəni xx.xx.2023-cü il tarixdə iddia ərizəsini məhkəməyə göndərmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etməklə, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Həmçinin izahatında bildirdi ki, cavabdehlə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2022-ci il tarixli k/22-05851 saylı əmrin surətini xx.xx.2023-cü il tarixdə rəsmi qaydada almaqla onunla tanış olmuşdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbini etiraf etməyərək, iddia müddətinin ötürülməsi səbəbindən onun rədd edilməsini xahiş etdi və izahatında bildirdi ki, iddiaçı öz arzusu ilə işdən azad olunması barədə ərizə təqdim etmiş və bunun əsasında işdən azad olunmuşdur. O, iddia tələbində göstərdiyi dəlillərə dair sübut təqdim etməmişdir və odur ki, onların heç bir hüquqi əsası yoxdur. İddia müddətinin ötürülməsinə dair dəlillərini onunla əsaslandırdı ki, İddiaçı ilə "xxxx" ASC arasında xx.xx.2020-ci il tarixdən 2 ay sınaq müddəti ilə 3 aylıq əmək müqaviləsi bağlanaraq, Şirvan RETSİ-nin X3 ES şöbəsinə nəzərətçi mühəndis vəzifəsinə təyin olunmuşdur. İddiaçı xx.xx.2021-ci il tarixdə şəxsi ərizəsi ilə Şirvan RETSİ-nin X1 ES şöbəsinə nəzərətçi mühəndis vəzifəsinə təyin olunmuşdur. (xx.xx.2021-ci il tarixli əmr K/21-01439). xx.xx.2022-ci il tarixində İddiaçı şəxsi ərizəsi ilə müraciət edərək xahiş etmişdir ki, xx.xx.2022-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilsin. Şirvan RETSİ-nin X1 ES şöbəsinin nəzərətçi-mühəndisinin İddiaçı ilə bağlanmış əmək müqaviləsinə öz xahişi ilə xx.xx.2022-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən xitam verilmişdir (əmr N9 k/22-05851). "xxxx" ASC tərəfindən İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən xitam verildiyi səbəbindən xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən son haqq hesabı ödənilmişdir. Bundan sonra iddiaçı xx.xx.2023-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif vermiş, xx.xx.2023-cü il tarixdə Sabirabad 1 saylı Mediasiya Təşkilatında ilkin mediasiya sessiyası keçirilmiş və iddiaçıya ilkin mediasiya sessiyasında "xxxx" ASC-nin iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli MŞS/MT023/2023-01287 saylı arayış verilmişdir. İddiaçı iddia ərizəsinin xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində qeydiyyata alındığını nəzərə alsaq onun 1 aylıq iddia müddətinin ötürdüyü məlum olur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan İddiaçı adına xx.xx.2020-ci il tarixdə açılmış əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən Şirvan RETSİ-nin X3 Enerji satış şöbəsində iki ay sınaq müddəti ilə nəzarətçi mühəndis vəifəsinə təyin olunmuş, xx.xx.2021-ci il tarixdə həmin vəzifədə Şirvan RETSİ-nin Hacıqabul EŞ-nin Enerji satış şöbəsinə keçirilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin sədrinə ünvanlanmış ərizənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdən başqa müəssisədə işə keçməsi ilə bağlı onunla bağlanmış əmək müqaviləsinə xitam verməklə işdən azad edilməsini xahiş etmişdir. İş materiallarında olan "xxxx" ASC-nin sədri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli k/22-05851 saylı əmrin surətindən görünür ki, həmin əmr Şirvan RETSİ-nin X1 Enerji Satış şöbəsinin nəzarətçi mühəndisinin əmək müqaviləsinə öz xahişi ilə xx.xx.2022-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən xitam verilməsi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən son haqq hesabın (xx.xx.2022-xx.xx.2022-ci iş ilinə görə 5 t/g istifadə olunmamış məzuniyyət günləri üçün pul əvəzi və əmək haqqı) ödənilməsinin təmin edilməsi haqqında verilmişdir. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işəgötürən "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2020ci il tarixli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi elektron informasiya sistemində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı çəhər idarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda göstəilmişdir ki, müəssisə tərəfindən təqdim edilən sənədlərdən və tərəfimizdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq" altsisteminə baxış keçirilən zaman sizinlə “Azərişıq" ASC arasında bağlanmış xx.xx.2020ci il tarixli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixlində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a" bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən öz xahişinizlə xitam verildiyi məlum olmuşdur. Həmçinin, “Azərişıq" ASC-nin rəhbərliyi tərəfindən təqdim edilən sənədlərdə əmək məzuniyyətindən istifadə etməyi ilə bağlı xx.xx.2022-ci ildə işəgötürənə ərizə ilə müraciət edərək xx.xx.2022-ci il tarixindən əmək məzuniyyətinə çıxmaq istədiyiniz bildirilmiş və xx.xx.2022-ci il tarixli K/22-03801 nömrəli əmrlə xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək əmək məzuniyyətinə buraxılmış, işə başlama tarixinin isə xx.xx.2022-ci il kimi müəyyən edildildiyi məlum olmuşdur. Lakin xx.xx.2022-ci il tarixli 01/05-2/4-a nömrəli təqdimata əsasən öz razılığı ilə xx.xx.2022-ci il tarixində əmək məzuniyyətindən geri çağrıldığı müəyyən edilmişdir. Həmin sənədlərdən ərizəsi əsasında xx.xx.2021-ci il tarixli K/21-01439 nömrəli əmrlə Şirvan RETSİ X3 Enerji Satış şöbəsindən Şirvan RETSİ X1 Enerji Satış şöbəsinə nəzarətçi mühəndis vəzifəsinə keçirilməsi məlum olunmuşdur. Eyni zamanda istehsalat xarakterli xəsarət almağı ilə bağlı məsələ ilə əlaqədar tərəflərindən X4 Xidmətinin müvafiq şöbəsinə məlumat verilmişdir. Qeyd olunan məsələnin nəticəsi barədə ona müvafiq qayadada cavab veriləcəyi qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən, tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilə bilər. Həmin Məcəllənin 69-cu maddəsinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 76.1-ci bəndinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı, soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir. Məhkəmə araşdırmasında müəyyən olundu ki, iddiaçı ilə "xxxx" ASC arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən xitam verilməsinə əsas iddiaçının öz təşəbbüsü olmuş, o, işəgötürənə yazılı ərizə ilə müraciət etməklə “başqa müəssisədə işə keçməsi ilə bağlı” onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmiş, bunun əsasında da işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə iclasında iddiaçının işəgötürən tərəfindən aldadılaraq, onun Şirvan RETSİ-nin X3 Enerji satış şöbəsində aparıcı mühəndis vəzifəsinə təyin ediləcəyi vədi ilə ərizə yazdırması dəlilləri işin hər hansı halı ilə öz təsdiqini tapmamış, buna dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci bəndinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili vəsatət verərək əmri imzalamış "xxxx" ASC-nin sədri X2 əmr imzalanan gün, yəni xx.xx.2022-ci il tarixdə ölkə hüdudlarından kənarda olması şübhəsi olduğundan onun ölkəyə giriş çıxış hərəkətləri barədə məlumatın əldə edilməsi üçün Dövlət Sərhəd Xidmətinə sorğu gönərilməsini xahiş etmişdir. Vəsatət təmin edilmiş, sorğunun cavabı olaraq təqdim edilmiş məlumatlardan bəlli olmuşdur ki, V.C. Əhmədovun xx.xx.2022-ci il tarixdən etibarən dövlət sərhəddindən ilk hərəkəti xx.xx.2022-ci il tarixdə ölkədən çıxışı olmuşdur. Bununla da, onu əmr imzalandığı tarixdə ölkə hüdudlarında olması və vəsatətdə göstərilən şübhələrin əsassız olması təsdiqini tapmışdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən işdən azad edilməsinə dair "xxxx" ASC-nin sədri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli k/22-05851 saylı əmrinin ləğv edilməsi üçün əsaslar mövcud olmadığından təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının hesablanmaqla ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğvi üçün əsaslar olmadığından, bu hissədə iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə cavabdehin “iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsi” nə dair ərizəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İş materiallarında olan poçt zərfinin surətindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2022-ci il tarixli k/22-05851 saylı əmrin surəti sonuncuya xx.xx.2023-cü il tarixdə çatdırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.5-ci maddəsinə əsasən tərəflərin hər hansı mübahisə ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesində iştirakını tələb edən müqavilə, müqavilə şərti, yaxud hər hansı digər sənəddə şərt (mediasiyaya dair qeyd-şərt) olduğu halda, həmin qaydaya riayət edildikdən sonra mübahisə məhkəmənin həllinə verilə bilər. Həmin Məcəllənin 4.6-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İş materiallarında olan Sabirabad 1 saylı Mediasiya təşkilatının “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə xx.xx.2023-cü il tarixli arayışda göstərilmişdir ki, iddiaçı mediasiyanın tətbiqi barədə təklifi xx.xx.2023-cü il tarixdə göndərmiş, ilkin mediasiya sessiyasının keçirilməsi xx.xx.2023-cü il tarix müəyyən edilmiş, xx.xx.2023-cü il tarixdə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı cavabdehlə aralrında bağlanmış əmək müaviləsinə xitam verilməsi barədə əmrin surətini xx.xx.2023-cü il tarixdə qəbul etmiş, ilkin mediasiya sessiyasının keçirilməsi barədə təklifi xx.xx.2023-cü il tarixdə göndərmiş, xx.xx.2023-cü il tarixdə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışı əldə etməklə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərkən iddia müddətini ötürməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Odur ki, cavabdeh "xxxx" ASC-nin iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsinə dair ərizəsi təmin edilməməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əmrin ləğvi, işə bərpa və məcburi işburaxma üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əmrin ləğvi, işə bərpa və məcburi işburaxma üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar