Məhkəmə qərarları › İş №e-2(006)-3632/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3632/2023

15.12.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3632/2023 15.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "işə bərpa və s” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "işə bərpa və s” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, 533GL-İR nömrəli əmrinin ləğv edilməsi, işə bərpa edilən günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə bərpa edilməsini, ona dəymiş zərərin məbləğinin və əmək haqqının verilməsi gecikdirildiyindən hər gecikdirilmiş gün üçün əmək haqqının iki faizi məbləğində cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 11 yanvar 2023-cü ildən işləməyə başlasa da, rəsmi olaraq cavabdehin xx.xx.2023-cü il tarixli əmri və xxxxxxx000300 nömrəli əmək müqaviləsi əsasında “Şabran filialı” bölməsinə xəzinədar-əməliyyatçı vəzifəsinə qəbul olunmuşdu. İşlədiyi müddətdə işin öhdəsində layiqincə gəlmişdi. Cavabdehin onu işdən azad etməsinə səbəb bu ilin may ayında onun hər hansı təqsiri olmadan baş vermis hadisə olmuşdur. Belə ki, bu ilin may ayının 20-də işlədiyi Şabran filialının meneceri Bəhrəm Orucəliyev başqasının adına özü üçün kreditə pul vəsaiti götürdü, bu zaman qaydaya görə əvəzində qızıl-zinət əşyalarını verməyərək kredit üzrə mütəxəsis Nərmin Mahmudovaya qızıl-zinət əşyalarının şəkillərini göstərib dedi ki, sabah qızılları təqdim edəcək. Müdürləri olduğuna və bundan əvvəl də belə hal olmuşdu deyə ona inanıb mütəxəsis Nərmin Mahmudova, xəzinadar kimi o və zərgər birlikdə kredit sənədlərini imzaladılar. Onlardan əvvəl isə müştəri, yəni adına kredit götürülən şəxs də həmin kredit sənədlərini imzalamışdı. Menecerləri ona vəd verdi ki, işin sonuna yaxın, yaxud da ən geci bir gün sonra qiymətli əşyaları təqdim edəcək və onlar da həmişə olduğu kimi qızıl-zinət əşyalarını xüsusi qaydada Bakı şəhərinə baş ofisə göndərəcəklər. Onlar menecerlərinin göstərişlərinə əməl etməliydilər ona görə ki, adına pul verilən müştəri kredit sənədlərini Bakı şəhərində baş ofisdə imzalamışdı. Buna görə də onlar əmin oldular ki, baş ofis vəziyyətdən məlumatlıdır. Əslində müştəri kredit sənədlərini baş ofisdə imzalayan zaman ondan qızıl-zinət əşyaları tələb edilməli idi. Ancaq nədənsə bunu etməmişdilər və onlar da arxayın olub xəzinədən pulun verilməsinə razı oldular. Bundan sonra məlum oldu ki, menecerləri Bəhrəm Orucəliyev verdiyi vədi yerinə yetirməmiş, verilən kreditə görə qiymətli əşyaları nə baş ofisə, nə də filiala təqdim etməmişdir. Və bundan az sonra filialımıza baş ofisdən yoxlama gəldi, hər biriləri baş vermis pozuntu ilə bağlı izahat verməli oldular. Yoxlama işini bitirib baş ofisə qayıtdıqdan sonra onlara telefonla məlumat verdilər ki, hamını, yəni onu, kredit mütəxəsisini, zərgəri və meneceri işdən azad ediblər. Lakin onların Quba regional müdirləri ona dedi ki, sən işini davam elə, baş verən pozuntuda heç bir təqsirin yoxdur. O da ona arxayın olub təxminən 10 günə yaxın filialda işini davam etdirdi. Lakin sonradan ona da baş ofisdən işdən azad edilməyi barədə əmr verildi və bundan sonra filialdan uzaqlaşdı. Yuxarıda qeyd edilən daxili nizam-intizam qaydalarının pozulmasında onun hər hansı təqsiri olmamışdır. Ona görə ki, birbaşa tabe olduğları menecerin göstərişini yerinə yetirmişdir. Habelə şəxsəm o yox, meneceri cavabdehə hər hansı məbləğdə maddi zəzər vurmuşdur, hansı ki, bu vaxta qədər həmin zərər onun tərəfindən ödənilməmişdir. Bundan başqa, baş vermis pozuntuya görə barəsində daha yüngül intizam tənbehi tətbiq edilə bilərdi. Bundan başqa, cavabdeh onların hər birindən baş vermiş pozuntuya görə ona dəymiş maddi zərəri tələb də edə bilərdi, hansı ki, şəxsən o sözügedən pozuntuya görə qiymətli metallar qoyulmadan götürülmüş kredit məbləğini üzərinə düşən hissəni ödəməyə hazır idi ki, ilk iş yerini itirməsin. Lakin cavabdeh heç bir ağlabatan əsaslandırma olmadan, aşağıda sadalanacaq qanunvericilyin tələblərini pozaraq onu AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndininə əsəsan işdən azad etməsi barədə xx.xx.2023-cü il tarixli, 553 GL-İR nömrəli əmr verməklə onun bir daha başqa işə düzəlməyinə ciddi maneə yaradacaq şərait yaratdı. Daha sonra İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, cavabdehin əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, 533GL-İR nömrəli əmrinin ləğv edilməsi, işə bərpa edilən günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə bərpa edilməyi, hazırki iş üzrə vəkillə müqavilə bağlamaq üçün ödədiyi 200 manat və mediasiya xərci olaraq 50 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi, həmçinin əmək haqqının verilməsi gecikdirildiyindən hər gecikdirilmiş gün üçün əmək haqqının iki faizi məbləğində cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ilə "xxxx" ASC arasında xx.xx.2023- cü il tarixində Əmək müqaviləsi bağlanmış və o Əməliyyatçı Xəzinədar vəzifəsinə işə qəbul edilmişdir. Xəzinadar Əməliyyatçı kimi iddiaçının əsas vəzifələrindən biri Gün ərzində verilmiş kreditlərlə bağlı əməliyyatların proqrama yığılması, Girov əsasında götürümlüş qızıl - zinət əşyalarının zərgər tərəfindən qiymətləndirildikdən sonra təhvil-təsliminin edilməsi, Girov əsasında götürümlüş qızıl - zinət əşyalarını iş gününü sonunda saxlanca təhvil verir, Lombard krediti üzrə ödənişləri qəbul etmək, Kredit ödənişləri üzrə yığılan vəsaitləri baş ofisə və yaxud Cəmiyətin Banklarda olan hesablarına mədaxil edir və s. İddiaçı iddia ərizəsinin 3-cü bəndində bildrir: "belə ki, bu ilin may ayının 20- də işlədiyim Şabran filialının meneceri Bəhrəm Orucəliyev başqasının adına özü üçün kreditə pul vəsaiti götürdü, bu zaman qaydaya görə əvəzində qızıl-zinət əşyalarını verməyərək kredit üzrə mütəxəsis Nərmin Mahmudovaya qızıl-zinət əşyalarının şəkillərini göstərib dedi ki, sabah qızılları təqdim edəcəm. Müdirimiz olduğuna və bundan əvvəl də belə hal olmuşdu deyə ona inanıb mütəxəssi Nərmin Mahmudova, xəzinədar kimi mən və zərgər birlikdə kredit sənədlərini imzaladıq. Bizdən əvvəl isə müştəri, yəni adna kredit götürülən şəxs də həmin kredit sənədlərini imzalamışdı. Menecerimiz bizə vəd verdi ki, işin sonuna yaxın, yaxud da ən geci bir gün sonra qiymətli əşyaları təqdim edəcək və biz də həmişə olduğu kimi qızıl-zinət əşyalarını xüsusi qaydada Bakı şəhərinə baş ofisə göndərəcəyik". Göründüyü kimi iddiaçı iddia ərizəsində öz qanunsuz əməlini etirafedərək lombard kreditini qızıl əşyalar olmadan rəsmiləşdirərək pul verildiyini etiraf edir. Eyni zamanda iddiaçı iddia ərizəsinin 8-ci bəndində də yol verdiyi pozuntunu etirafedir: " bundan başqa, baş vermiş pozuntuya görə barəmdə daha yüngül intizam tənbehi tətbiq edilə bilərdi. Bundan başqa, cavabdeh bizim hər birimizdən baş vermiş pozuntuya görə ona dəymiş maddi zərəri tələb edə bilərdi, şəxsən mən sözügedən pozuntuya görə qiymətli metallar qoyulmadan götürülmüş kredit məbləğinin üzərimə düşən hissəsini ödəməyə hazır idim". İddia ərizəsində artıq iddiaçı oz təqsirini və törətdiyi əməlin qanunsuz olduğunu, işəgötürənə zərər vurduğunu etiraf edir. Bunlardan başqa İddiaçı filialda aparılan yoxlamalar zamanı da verdiyi izahatlarda etdiyi əməlləri etiraf etmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli İzahatında İddiaçı bildirir ki, Bəsdi Abdurəhimova tərəfindən kassaya ödənilən 759 manat pul vəsaitinə görə ona qəbz verməmiş və həmin pul vəsaitini qanunsuz olaraq filialın meneceri Bəhrəm Orucəliyevə vermişdir. (izahatlar iş materiallarına əlavə edilmişdir). İş materiallarına əlavə edilmiş İddiaçı öz tərəfindən yazılan və imazlanan izahatlarında yol verdiyi pozuntuları etiraf etməsi onun Cəmiyyət tərəfindən qanuni şəkildə işdən azad edilməsini sübut edir. İddiaçı İddia ərizəsinin 10-cu bəndinin ikinci abzasında əmək funksiyasına etinasızlıq etdiyini də etiraf etmişdir. Məcəllənin göstərilən maddəsində də işçinin öz əmək funksiyasına etinasız yanaşması nəticəsində işəgötürənə zərər dəyməsi öz əksini tapmışdır. Bunlardan başqa İddiaçı ona etibar edilmiş filialın möhürün və digər sənədləri öz stolunun siyirtməsində, bağlı vəziyyətdə saxlayaraq vaxtında onu əvəz edən şəxsə təhvil verməmişdir. 4-5 saatdan sonra, nahar fasiləsindən sonra işə gələrək möhürü təhvil vermişdir. Bu halı təsdiq edən şahidimizinin məhkəmədə dindirilməsini xahiş etmişik. Filialın möhürünün təhvil verilməməsi, gecikdirilməsi filialın işinə mane olmaqla Cəmiyyətə zərər vurulmasına səbəb olmuşdur. İşçi İddiaçı ilə bağlanmış Əmək Müqaviləsinin əlavəsi olan "Tam maddi Məsuliyyət haqqında" müqavilənin 1.5-ci bəndində deyilir: "işçi qəsdən və ya ehtiyatsızlıqdan işəgötürənə zərər vurarsa o, zərərin əvəzini tam ödəməklə yanaşı qanunla müəyyən edilmiş qaydada mülki, inzibati və ya cinayət məsuliyyəti daşıyır. Hazırda şikayətləri üzrə Şabran rayon prokurorluğunda "xxxx" ASC-nin Şabran filialında yol verilmiş qanun pozuntuları araşdırılmaqdadır. Yuxarıda göstərilənləri nəzərə alaraq iddia ərizəsinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı cavabdehin onun əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, 533GL-İR nömrəliəmrinin ləğv edilməsini, işə bərpa edilən günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə bərpa edilməsini, ona dəymiş zərərin məbləğinin və əmək haqqının verilməsi gecikdirildiyindən hər gecikdirilmiş gün üçün əmək haqqının iki faizi məbləğində cavabdeh tərəfindən ona ödənc verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini rədd edərək, etirazın məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahat verərək bildirmişdir ki, onunla Nəzrin arasında heç bir münasibət, ədavət olmayıb və onlar 2023-cü ilin 14 yanvarından tanışdırlar. Onlar eyni filialda işləyiblər, o menecer, xanım isə kassir idi. O işdən çıxarılmaqda özünü günahkar bilir, hər kəsi haqsız yerə işdən çıxarıblar. Xanımın vəzifəsi ona təqdim olunan qiymətli əşyaları saxlamaq, günün sonunda isə baş ofisə təhvil verməkdir. Kredit müqaviləsi Baş Ofisdə 20 mayda bağlanıb, onun kredit götürmək səlahiyyəti yoxdur, çünki qızılı filiala o qoymalı idi. Nurəliyev Vüsal adlı şəxs Baş Ofisə yaxınlaşıb və sənədlərə imza atıb. Bu kreditin təyinatı da yoxdur. Vüsalın adına kredit müqaviləsi oldu, amma pulu o götürdü. Etiraf etmişdi ki günah ondadır, orada hamı məsələdən agah idi və demişdilər ki, işdən ancaq o azad olunacaqdır. Yoxlamada iştirak etməmişdi. Monitorinq rəyi ilə də tanış deyil, audit rəyi olmayıb, Vüsal İlyasov adlı şəxs gəlib yazıb. Əmri veriləndən öncə onu işdən kənarlaşdırıblar, 20 gün sonra isə əmri verilib. Monitorinq birbaşa kredit idarəsinin tabeliyində fəaliyyət göstərir, audit isə ancaq sədrə tabedir. Onlar gəlib kassanı da yoxlaya bilərlər. Monitorinq keçiriləcəyindən xəbəri olub, amma iştirak etməmişdir. Fərəcəov Fərəc auksionda iştirak edən bir şəxsdir, rəy tərtib olunanda o, zərgər kimi bir vəzifədə idi. Onun bu söhbətlə heç bir əlaqəsi yoxdur.O izahatını monitorinq rəyi əsasında verməmişdir, ümumiyyətlə rəylə tanış belə deyildir. Pul onda qalmışdı, bu söhbətin üstü açılanda onun başı işdən çıxarılmağına qarışmışdı, lakin sonradan ödəniş olunmuşdur. 3711 AZN-i geri qaytarmamışdır. Filialdakılar menecer kimi ona tabedilə, onun dediyini şərtsiz icra etməlidirlər. Məhkəmə bundan öncə keçirilmiş iclaslarda ki izahatları dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan “GL" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli əmri əsasında İddiaçı 26 yanvar 2023-cü ildən etibarən 3 aylıq sınaq müddətinə “Şabran filialı” bölməsinə xəzinədar-əməliyyatçı vəzifəsinə qəbul olunmuşdur. Mülki işin materiallarında olan “tam maddi məsuliyyət” haqqında müqavilə və “kommersiya sirlərinin qorunması və konfidensiallığa” dair iltizamdan görünür ki, İddiaçı həmin sənədləri imzalayaraq müddəaları ilə tanış olmuşdur. Mülki işin materiallarında olan İddiaçı öz tərəfindən yazılan və imzalanan izahatlarından görünür ki, o, etdiyi əməlləri etiraf etmişdir. Mülki işin materiallarında olan “GL" Açıq Səhmdar Cəmiyyətinin Şabran filialın monitorinq rəyindən görünür ki, Şabran GL filialında aşkarlanmış bu fraud halları və müştərilərin ödənişlərinin mənimsənilməsi ilə bağlı Şabran GL filialının meneceri X1, filialın satış məsləhətçisi X3, filialın əməliyyat-xəzinədarı İddiaçı müvafiq maddə ilə işdən azad edilməsi və filialın zərgəri X4 ilə bağlanmış müqaviləyə xitam verilməsi məqsədəuyğun hesab olunur. Mülki işin materiallarında olan “GL" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 533GL-İR nömrəli əmri əsasında İddiaçı əmək müqaviləsi Əmək Məcəlləsinin 70 “ç” bəndinə əsasən ləğv edilmişdir. Mülki işin materiallarında olan GL" Açıq Səhmdar Cəmiyyətinin Şabran filialında yol verilmiş nöqsanlarla bağlı audit rəyindən görünür ki, "xxxx" ASC-nin Şabran filialında, iş prossesi əsnasında baş vermiş (yuxarıda qeyd edilən) halların, saxtakarlıq və fırıldagcılıq əməllərinə nəzərə alaraq, Qanunvericilikdə nəzərdə tutulmuş qaydada araşdırılması eləcədə dəymiş zərərin ödənilməsi ilə baglı, Hüquq mühafizə orqanlarına müraciət edilməsini məqsədə müvafiq hesab edirlər. İş materiallarında olan Bakı şəhəri 15 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş MŞB/MT015/2023-00329/02 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2023cü il tarixdə 09:15-də keçirilən ilkin mediasiya sessiyasında “GL" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi iştirak etməmişdir. İlkin mediasiya xərci olan 50 manat məbləğ İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən ödənilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsində göstərildiyi kimi, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə əsasən işçinin əsas vəzifələri hesab olunur. Həmin Məcəllənin 11-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsini bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla ləğv etmək işəgötürənin hüquqları sırasına daxildir. Eyni Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin «c» bəndinə əsasən əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir. Həmçinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə görə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilmə əsaslarından biri də işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasıdır. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186.2-ci maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli İddiaçı öz tərəfindən yazılan və imzalanan izahatlarından görünür ki, İddiaçı əmək funksiyalarında kobud pozuntulara yol verdiyini qismən qəbul etmişdir. Həmin pozuntular nəticəsində xidməti araşdırma aparılmış və araşdırma ilə bağlı yekun akt qəbul olunaraq, Şabran GL filialında aşkarlanmış bu fraud halları və müştərilərin ödənişlərinin mənimsənilməsi ilə bağlı Şabran GL filialının meneceri X1, filialın satış məsləhətçisi X3, filialın əməliyyatxəzinədarı İddiaçı müvafiq maddə ilə işdən azad edilməsi və filialın zərgəri X4 ilə bağlanmış müqaviləyə xitam verilməsi məqsədəuyğun hesab edilmişdir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən olunmuşdur ki, İddiaçı işə qəbul olarkən “tam maddi məsuliyyət” haqqında müqavilə bağlamışdır. Beleləliklə yuxarıda göstərilmiş rəydən də göründüyü kimi, İddiaçı müştərilərin ödənişlərinin mənimsənilməsi ilə bağlı hüququpozmaya yol vermiş və həmin hüquqpozma nəticəsində həm “tam maddi məsuliyyət” haqqında müqavilənin, həm də əmək müqaviləsinin müddəalarına zidd olaraq öhdəliklərini yerinə yetirməmiş, müəssisənin və mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirmiş və əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Məhkəmə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı əmrinin ləğv edilməsi tələbinə dair iddiasını əsassız hesab edir. Belə ki, “GL" Açıq Səhmdar Cəmiyyətinin Şabran filialında xəzinədar-əməliyyatçısı İddiaçı əmək intizamını və işlədiyi müəssənin daxili qaydalarını, habelə əmək müqaviləsinin şərtlərini kobud şəkildə pozduğu görə işdən çıxarılmışdır. Məhkəmə həmçinin hesab edir ki, İddiaçı xx.xx.2023-cü il tarixli, 533GL-İR nömrəli əmrinin ləğv edilməsi tələbini əsassız olduğundan, işə bərpa edilən günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə bərpa edilməsi, hazırki iş üzrə vəkillə müqavilə bağlamaq üçün ödədiyi 200 manat və mediasiya xərci olaraq 50 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi, həmçinin əmək haqqının verilməsi gecikdirildiyindən hər gecikdirilmiş gün üçün əmək haqqının iki faizi məbləğində cavabdeh tərəfindən ona ödənilməsi tələbləri ilk tələblə birbaşa bağlı olduğundan prosessual qənaət prinsipini nəzərə almaqla rədd edilməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "işə bərpa və s" tələbi dair iddiası rədd edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar