Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3641/2025 28.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında xx.xx.2014-cü il tarixdə bağlanmış müddətsiz əmək müqaviləsinə Azərbaycan Respubikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilməsinə dair cavabdeh tərəfindən verilmiş 15 yanvar 2025-ci il tarixli X-05 saylı Əmrin ləğv edilməsi, əvvəlki vəzifəyə (işə) bərpa olunmağı və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 1998-ci ildən 15 yanvar 2025-ci il tarixədək, yəni ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyinin X-05 saylı Əmrinə əsasən “Memar Əcəmi” stansiyasının mərkəzləşmə məntəqəsi üzrə növbətçi vəzifəsinin ştat cədvəlindən çıxarılaraq ixtisara alınması günədək, 27 il fasiləsiz olaraq Metropolitendə işləmişdir. Mütəxəssisdir. İşlədiyi müddət ərzində iş sahəsində heç bir narazılığı olmamış, əksinə, kollektiv arasında nüfuz qazanmışdır. Öhdəsində ahıl, azyaşlı olmaqla 3 nəfər əmək qabiliyyəti olmayan ailə üzvü yaşayır, ailədə yeganə işləyən şəxsdir. Bildirir ki, “Memar Əcəmi“ stansiyasının 6-cı dərəcəli mərkəzləşmə məntəqəsi üzrə növbətçisi vəzifəsi ştat ixtisarı adı altında ləğv edilsə də, onu işdən azad edəndən sonra həmin vəzifə 5-ci dərəcə adlanmaqla, digər ad verməklə başqa şəxslər işə qəbul olunmuşdur. Onun isə Metropoliten sistemində 27 il işləməyini rəhbərlik nəzərə almamışdır. Barəsində əmr veriləndən sonra, mübahisə ilə əlaqədar Cəmiyyətin rəhbərliyinə, həmçinin Həmkarlar İttifaqına müraciətlər etsə də, onu qəbul etməmiş, ona heç bir cavab verməmişlər. Bundan sonra, əmək mübahisələrinə dövlət nəzarətini həyata keçirən orqana, X4 Xidmətinə ərizə ilə müraciət etmişdir. Lakin, Metropoliten rəhbərliyi tərəfindən DƏMX-ə heç bir sənəd təqdim edilməmişdir. Məlumat üçün bildirir ki, əmək kitabçası, barəsində verilmiş əmr və digər sənədlər bu günədək ona təqdim edilməmişdir. Məcbur olub mübahisənin həlli ilə əlaqədar mediasiya təşkilatına müraciət etmişdir. Cavabdehin nümayəndəsi mediasiya sessiyasında iştirak etsə də, “rəhbərliyin mövqeyi dəyişməzdir” deməklə, sonda məhkəmə müstəvisində mübahisəyə qiymət verilməsi üçün hazırki iddia tələbi üzrə ərizəni məhkəməyə təqdim edir. Məlumat üçün bildirir ki, o, metropoliten sistemində Bakı Dəmiryol Texnikomunda “daşınmanın təşkilatçı mexaniki” ixtisası üzrə tam kursu bitirdikdən sonra, müvafiq diplom almış, bundan sonra Azərbaycan Politexnik Universitetində “dəmiryol nəqliyyatında avtomatika, telemexanika və rabitə” ixtisası üzrə ali təhsil alıb magistr diplomu almışdır. Cavabdeh təşkilatda işlədiyi müddətdə (2015-2022) müxtəlif vəzifələrdə işləmiş, 2015-2022-ci illər ərzində xx.xx.2014-cü il tarixdə bağlanmış müddətsiz əmək müqaviləsi üzrə qatarların Hərəkət Xidmətinin dörd stansiyasında stansiya rəisi vəzifəsində işləmişdir. Sonuncu dəfə o, qatarların hərəkət xidmətinin “Memar Əcəmi” stansiyasının mərkəzləşmə məntəqəsi üzrə növbətçisi (HSMM) vəzifəsinə keçirilmiş və həmin vəzifənin icrası zamanı “vəzifənin ştat cədvəlindən çıxarılaraq ləğv olunması” barədə "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli 3-1-1493 saylı əmrinə əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin şərtləri nəzərə alınmaqla, 15 yanvar 2025-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə (işçilərin sayı və ştatı ixtisar edildikdə) xx.xx.2014-cü il tarixdə bağlanmış müddətsiz əmək müqaviləsinə xitam verilmişdir. Əmrdən çıxarış barədə məlumat İnsan Resursları İdarəsi İR əməliyyatları şəbəsində ona bildirilsə də, əmrin tam mətni, əmək kitabçası və digər haqq-hesab sənədləri (ödənclər) verilmədiyindən, vəzifəsində qalıb işləməyi təkrar olaraq təkid etsə də, heç bir nəticə əldə edilməmişdir. Cavabdehin hərəkətləri nəticəsində o, işsiz qalmaqla bərabər, aylıq əmək haqqından da məhrum olmuşdur. Həmin gündən hal-hazıradək mənəvi cəhətdən sarsılmış, maddi çətinliklərlə üzləşmiş, dolayısı yollarla təzyiqlərə məruz qalmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, "xxxx" QSC-də tutduğu vəzifənin ştat ixtisarına düşməsi əsası ilə heç bir toplantı keçirilməmiş, Həmkarlar Komitəsinin üzvü olduğuna baxmayaraq, həmin Komitə və Cəmiyyət rəhbərliyi tərəfindən “vakansiya vəzifələr” olduğu halda, analoji, digər vəzifədə çalışmanı davam etdirmə yönümündə heç bir təkliflər verilməmiş, nəticədə uzun illər fasiləsiz əmək fəaliyyətinə xitam verilmişdir. Digər baxımdan, işlədiyi müddət ərzində dəfələrlə peşə səviyyəsi yoxlanılaraq (5 dəfədən artıq attestasiya olunmuşdur) müsbət rəy verilməsinə baxmayaraq, “optimallaşma” adı altında bilik səviyyəsinin yoxlanılması, imtahan edilməsi nəticələrini gündəmə gətirən Cəmiyyət belə bir mövqedən çıxış etməklə əmək qanunvericiliyinin tələblərini təkrar olaraq pozmuşdur (halbuki, əldə etdiyi nəticələr digərlərinə nisbətən daha uğurlu olmuşdur). Həmçinin, xx.xx.2014-cü il tarixdə bağlanmış müddətsiz əmək müqaviləsinə Cəmiyyət tərəfindən xx.xx.2024-cü il tarixli “Əmək müqaviləsinə dəyişiklik edilməsi barədə № 7” adı altında 3 aylıq sınaq müddəti ilə müqavilə bağlanılması da əmək qanunvericiliyin tələblərinin pozulması hesab edilir. Çünki, Əmək Məcəlləsinin 47-ci maddəsində bir mənalı şəkildə qeyd olunur ki, müddətli əmək müqaviləsi hansı hallarda bağlanır. Onun çalışdığı iş sahəsi isə daimi xarakter daşıyan iş sahəsi olduğundan, əmək müqaviləsi müddətsiz bağlanılır və müddətsiz başlanmış əmək müqaviləsinə uzun illər keçdikdən sonra sınaq müddəti tətbiq edilməklə hər hansı dəyişiklliyin edilməsi də əsassızdır. Hesab edir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə işdən kənarlaşdırılmağı, onunla müddətsiz bağlanmış əmək müqaviləsinə xitam verilməsi rəhbərlik tərəfindən Əmək qanunvericiliyinin pozulması sayılır. Digər baxımdan, cavabdehin ona qarşı tutduğu mövqe qərəzli omaqla bərabər, həm də ayrı-seçkilik etmək baxımından da qəbuledilməzdir. Hesab edir ki, əmək qanunvericiliyinin tələblərinə əməl edilməməklə cavabdeh tərəfindən barəsində verilmiş Əmr məhkəmə qaydasında ləğv edilməli, məcburi iş buraxmaya görə məhrum olduğu aylıq əmək haqqı civarında maddi zərərin ödənilməsi, onun "xxxx" QSC-də əvvəlki vəzifəsinə bərpa olunmağı barədə qərar qəbul edilməlidir. Sonradan iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, "xxxx" QSC-nin sədrinin xx.xx.2024-cü il tarixli 3-1-1493 nömrəli əmrinin və həmin əmrin əsasında verilmiş 15 yanvar 2025-ci il tarixli X-05 saylı əmrin ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəyə (işə) bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, hal-hazırda əmək kitabçasını götürmək üçün idarəyə girə bilmir. Əlində metropoliten vəsiqəsi olub orada işləyənləri belə idarəyə buraxmırlar. İşdən çıxma ilə bağlı vitse-prezidentə müraciət etmiş və həmin məktub metropolitenə göndərilmişdir. Buna baxmayaraq onu çağırıb məsələni araşdırmamışlar. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, Əmək Məcəllləsinin 175-ci maddəsinin tələblərinə əsasən "xxxx" QSC-də bütün vakant vəzifələr olduğu təqdirdə, ştat ixtisarı aparmaq əmək qanunvericiliyinə ziddir. Məhkəmə tərəfindən verilmiş sorğuya əsasən sonrakı proseslərdə cavab verilib və bu gün həmin sənədlər əsasında müəyyən edilir ki, işdən çıxarılma əmri veriləndə vakant vəzifə mövcud idi. Vakant vəzifə olduğu təqdirdə hesab edir ki, işdən çıxarmaya səbəb olan 1 oktyabr 2024-cü il tarixli əmr qanunsuz əmrdir. O baxımdan iddia tələblərinin dəqiqləşdirilməsi zərurəti yarandığı üçün həmin əmrin ləğv edilməsi və işəbərpa edilmə və məcburi işburaxma günləri üçün əməkhaqqının ödənməsi qaydasında iddia tələbinin təmin edilməsini xahiş edir. Dəqiqləşdirməni də müdafiə edir və qeyd edir ki, 1998-ci ildən əmr verilən günə qədər metropolitendə işləyib, müəyyən vaxtlarda müxtəlif vəzifələrdə işləyib və adi işçi olmayıb. Əmək kitabçası surətindən görünür ki, stansiya rəisi vəzifəsinə qədər yüksəlib. Sonradan idarədaxili məsələlərdən dolayı öz vəzifəsindən azad olunandan sonra uzun illər mərkəzləşmiş məntəqə növbətçisi vəzifəsində işləyib. 6-cı dərəcə ilə davam etdirib və sonuncu dəfə “İnşaatçılar” metrostansiyasında işlədiyi təqdirdə onu yenidən sınaq müddəti kimi “Memar Əcəmi” metrostansiyasına göndərmişlər. 2024-cü ilin 1 iyul tarixi sınaq müddəti başlayıb. Əmək müqaviləsi bağlanır. Rəhbər vəzifəyə gələnə qədər ona qarşı müəyyən narazılıqlar olub. 1 oktyabrda metropoliten əmr verir ki, ştat məsələsini atır ortaya hansı ki, sınaq müddəti bitib. Əgər müddət bitibsə, elə birdəfəlik azad edə bilərdilər. Əgər hardasa belə bir vəzifənin ixtisarı gedirsə, optimallaşdırma məsələsi ilə gəlib hazırki əmrin verilməsinə səbəb olub. Hesab edir ki, qəsd-qərəzlik və ayrı-seçkilik olub. Bununla yanaşı əmək qanunvericiliyinə də ziddir. Məşğulluq Agentliyi nümayəndəsi də izahat verib ki, qanunvericilik tələbinə uyğun olaraq ümumiyyətlə "xxxx" QSC-də vakant vəzifələrin olması şübhə doğurmur və sənədlərdən də görünür ki, 2024-cü ildən mərkəzləşmiş məntəqə növbətçiləri sayı dekabrda sıfır, yanvar fevral mart aylarında 1 göstərir. Vakant vəzifə varsa, ştat ixtisarı qanunvericiliyə ziddir. Belə bir qanunsuz əmrin verilməsi hansı ki sınaq müddəti bitəndən sonra əmək fəaliyyətini davam etdirirsə, sonrakı qaydada verilən işdənçıxarma əmri də ləğv edilməlidir. Qarşı tərəf deyir ki, gətirib işçiyə veriblər, tanış olub və imzalayıb ki, 2 aylıq müddətədir və müəyyən kompensasiya və məzuniyyət yazılacaq. Ancaq, əmək fəaliyyəti əks etdirən yeganə sənəd hansı ki, bu gün də məhkəmə mübahisəsində başlayan gündən müzakirə edilir. Nümayəndə də deyir ki, gəlib əmək kitabçasını götürmür. Əmək kitabçasının orada saxlanılması işçiyə ümid verib ki, ola bilsin işə bərpa ola bilər. Hesab edir ki, tərəf məhkəməyə iddia müddəti ilə bağlı ərizə təqdim edib, onu da deyir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü bəndinə əsasən işçinin hüququnun pozulduğu gün əmrin, əmək kitabçasının təqdim olunmasıdır. Bu gün əmək kitabçası təqib olunmur. Hesab edir ki, 1 aylıq müddət əmək mübahisələrinə işarədir, ötürülməyib, yəni hüququnun pozulması bu gün də davam edir. Buna baxmayaraq, Metropolitendə bundan sonra da belə halların davamı gözlənilir. Əmrlə tanış olandan sonra dərhal rəhbərliyə müraciət edir ki, onu qəbul etsinlər, heç biri qəbul etmir. Sonrakı müddətdə bu vaxta qədər ştat ixtisarı ilə bağlı məsələlər əmək qanunvericilik normalarına əsasən Həkarlar İttifaqı üzvü olduğu üçün Həmkarların razılığı alınandan sonra verilə bilər. İcraiyyə Komitəsinin 4 üzvünün iştirakı ilə verilmiş protol tərtib olunur, hamısı dəstəkləyib. Amma hər hansısa qaydada işçinin taleyi həll olunur. Heç olmasa çağırıb iştirakını təmin edə bilərdilər. Cavab gəlmədikdən sonra Əmək Müfəttişliyinə müraciət edir, köməklik üçün. İş mediasiyaya gedəndən sonra 25 səhifəlik sənədləri göndərib, əvvəldən deyirdilər ki, heç bir sənəd təqdim etmirlər. Belə vədlərdən sonra mediasiyaya müraciət etmişlər. Cəhdləri yenə uğursuz olub. İddia müddətini ötürməmişlər, əmək kitabçası olmadığı üçün heç yerdə işləyə bilmir, məcburi iş buraxıb. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, ixtisarla bağlı qanuna riayət olunub. İddia müddəti ötürülüb. Bütün sənədlər 25 səhifədə təqdim olunub. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materialları: Bakı Dəmiryol Nəqliyyatı Texnikomu tərəfindən verilmiş PT-1 seriyalı 127953 nömrəli xx.xx.1998-ci il tarixli ali təhsil haqqında diplomun surətindən görünür ki, İddiaçı “daşınmanın təşkili və hərəkətin idarə olunması” ixtisası üzrə təhsil almışdır. Azərbaycan Texniki Universiteti tərəfindən verilmiş B seriyalı 0222 qeydiyyat nömrəli xx.xx.2007-ci il tarixli ali təhsil haqqında diplomun surətindən görünür ki, Dövlət Attestasiya Komissiyasının xx.xx.2006-cı il tarixli qərarı ilə İddiaçı “dəmiryol nəqliyyatı və təsərrüfatı, dəmiryolu nəqliyyatında avtomatika, telemexanika və rabitə ali peşə” istiqaməti üzrə bakalavr dərəcəsi verilmişdir. İddiaçı adına xx.xx.1998-ci il tarixdə açılmış ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1998-ci il tarixdən xx.xx.2025-ci il tarixədək "xxxx" QSC-də müxtəlif vəzifələrdə işləmişdir. Sonuncu fəaliyyəti xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək 6-cı dərəcə ilə Mərkəzləşmə məntəqəsi üzrə növbətçi-HSMM vəzifəsində çalışmışdır. xx.xx.2025-ci il tarixdə X-05 nömrəli əmr ilə iddiaçının tutduğu vəzifədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən azad edilmişdir. İddiaçı ilə "xxxx" QSC arasında bağlanmış xx.xx.2014-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, Dadaşov X2 Xidmətinin “Memar Əcəmi” metrostansiyasına rəis müavini vəzifəsinə qəbul olunmuşdur. İşçinin işə başlama tarixi xx.xx.2003-cü il tarixli əmək müqaviləsinə əsasən müəyyən edilmişdir. "xxxx" QSC-nin “Hərəkət xidmətinin stansiyalarında işçi sayının optimallaşdırılması layihəsinin həyata keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli 3-1-875 nömrəli əmrinin surətindən görünür ki, gecə işindən sonra, təmas relsinə gərginlik verilənə qədər yoldəyişdiricilərə baxışın keçirilməsi stansiya növbətçiləri tərəfindən həyata keçirilməsi və bu barədə HQ-46 jurnalında qeydiyyat aparılmasının təmin edilməsi, stansiyalara yeni təyin edilmiş stansiya üzrə növbətçilərin nasazlıq zamanı yoldəyişdiricinin çevrilmə qaydaları haqqında bilikləri yoxlanılaraq imtahan edildikdən sonra sərbəst işə buraxılması, stansiya üzrə növbətçilərin bilik və bacarıqlarını daha da təkmilləşdirmək məqsədi ilə TTMdə yoldəyişdiricidə nasazlıq baş verən zaman davranış qaydaları mövzusunda qısamüddətli təlimlərə cəlb edilmələri və bu təlimlərin ildə iki dəfədən az olmayaraq keçirilməsinin təmin edilməsi və optimallaşdırmanın növbəti mərhələsi ilə əlaqədar təqdimat hazırlanaraq QSC Sədrinə təqdim edilməsi, Hərəkət xidmətinin rəisi Elxan Məmmədova; əmrin icrasına nəzarətin İnsan Resursları və Layihələrin idarə edilməsi Departamentinin rəisi Əli Əliyevə həvalə edilməsi əmr edilmişdir. "xxxx" QSC-nin əmək müqaviləsinə 7 nömrəli xx.xx.2024-cü il tarixli dəyişikliyin surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixindən 3 ay sınaq müddəti ilə Hərəkət xidmətinin “Memar Əcəmi” stansiyasına 6-cı dərəcəli mərkəzləşmə məntəqəsi üzrə növbətçisi-HSMM vəzifəsinə təyin edilmişdir. "xxxx" QSC-nin “Hərəkət xidmətinin ştat cədvəlində dəyişikliyin edilməsi haqqında” xx.xx.2024-cü il tarixli 3-1-1493 nömrəli əmrinin surətindən görünür ki, “Neftçilər” stansiyasında 5 (beş) ədəd Vİ dərəcəli mərkəzləşmə məntəqəsi üzrə növbətçi, “Nizami” stansiyasında 5 (beş) ədəd Vİ dərəcəli mərkəzləşmə məntəqəsi üzrə növbətçi, “Memar Əcəmi" stansiyasında 5 (beş) ədəd Vİ dərəcəli mərkəzləşmə məntəqəsi üzrə növbətçi ştatlarının çıxarılması; “Neftçilər” stansiyasında 5 (beş) ədəd V dərəcəli stansiya növbətçisi, “Nizami" stansiyasında 5 (beş) ədəd V dərəcəli stansiya növbətçisi, “Memar Əcəmi" stansiyasında 5 (beş) ədəd V dərəcəli stansiya növbətçisi ştatlarının daxil edilməsi əmr edilmişdir. "xxxx" QSC-nin İnsan Resursları və Layihələrin idarə edilməsi Departamentinin rəisi tərəfindən "xxxx" QSC-nin Hərəkət xidmətinin "Memar Əcəmi" stansiyasının mərkəzləşmə məntəqəsi üzrə növbətçisi - HSMM İddiaçı ünvanlanmış xəbərdarlıq məktubunun surətindən görünür ki, "xxxx" QSC Sədrinin xx.xx.2024-cü il tarixli 3-1-1493 saylı əmrinə əsasən “Memar Əcəmi” stansiyasından çalışdığımərkəzləşmə məntəqəsi üzrə növbətçisi ştat vahidinin ştat cədvəlindən çıxarılaraq ləğv olunması qərara alınmışdır. Bununla əlaqədar olaraq nəzərə çatdırılmışdır ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi bildirişi aldığı gündən doqquz təqvim həftəsi sonra ləğv ediləcəkdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 2-ci bəndinə uyğun olaraq iddiaçı, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədilə bir iş günü əmək funksiyasının icrasından azad edilmişdir. Məlumat üçün bildirilmişdir ki, ştatlar ləğv edilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü bəndinə əsasən iddiaçıya orta əmək haqqının 2 mislindən az olmamaqla işdənçıxarma müavinəti ödəniləcəkdir. Qeyd olunan xəbərdarlıq bildirişi İddiaçı xx.xx.2024-cü il tarixdə təqdim edilmiş və İddiaçı bununla əlaqədar öz imzasını icra etmişdir. X1 İttifaqı tərəfindən "xxxx" QSC-nin sədrinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, MİHİ-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli №-li 13-19/2- 1277/2024 saylı məktuba (təqdimata) X1 İttifaqının İcraiyyə Komitəsinin xx.xx.2024-cü il tarixində keçirilmiş iclasında baxılmışdır. Bildirilmişdir ki, MİHİ-nin İK-nin qərarına görə optimallaşdırmanın növbəti mərhələsini həyata keçirmək məqsədilə xx.xx.2024-cü il tarixdən Hərəkət xidmətinin ştat cədvəlində mövcud olan mərkəzləşmə məntəqəsi üzrə növbətçi ştat cədvəlinin ixtisar edilərək ştat cədvəlindən çıxarılmasının, əvəzində stansiya növbətçisi ştat vahidinin daxil edilməsinin məqsədəuyğun hesab edilməsini, xidmətin ştat cədvəlində dəyişiklik edilməsi, “Neftçilər” stansiyasında 5 (beş) ədəd Vİ dərəcəli, "Nizami” stansiyasında 5 (beş) ədəd Vİ dərəcəli, “Memar Əcəmi” stansiyasında 5 (beş) ədəd Vİ dərəcəli mərkəzləşmə məntəqəsi üzrə növbətçi ştat vahidlərinin çıxarılmasını, müvafiq olaraq 5 (beş) ədəd V dərəcəli stansiya növbətçisi, 5 (beş) ədəd V dərəcəli stansiya növbətçisi, 5 (beş) ədəd V dərəcəli stansiya növbətçisi ştat vahidləri daxil edilməsini və mərkəzləşmə məntəqəsi üzrə növbətçi peşəsində çalışan işçilərin ştat vahidləri ixtisar olunaraq stansiya növbətçisi ştat vahidi ilə əvəz olunmasını nəzərə alaraq, həmin ştat vahidləri üzrə çalışan işçilər ilə bağlanmış əmək müqavilələrinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77, 78, 79 və 80-ci maddələrinin tələblərinə əməl etməklə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən ləğv edilməsinə etiraz edilməmiş və müsbət rəy verilmişdir. X1 İttifaqının İcraiyyə Komitəsinin İclasının 2 saylı xx.xx.2024-cü il tarixli protokolundan çıxarışın surətindən görünür ki, "Bakı Metropoliteni” QSC-nin Hərəkət xidmətinin Mərkəzləşmə məntəqəsi üzrə növbətçi-HSMM vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77, 78, 79 və 80-ci maddələrinin tələblərinə əməl etməklə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən ləğv edilməsinə etiraz edilməmiş və müsbət rəy bildirilmişdir. "xxxx" QSC-nin sədri Vüsal Aslanov tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli X-05 nömrəli əmrin surətindən görünür ki, İddiaçı- Hərəkət xidmətinin "Memar Əcəmi" stansiyasının 6-cı dərəcəli mərkəzləşmə məntəqəsi üzrə növbətçisi-HSMM ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) xx.xx.2025-ci il tarixdən ləğv edilməsi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü bəndinə əsasən orta aylıq əmək haqqının iki misli miqdarında işdənçıxma müavinətinin ödənilməsi və xx.xx.2024-xx.xx.2025-ci il tarixinədək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 22,1 təqvim günü pul əvəzinin ödənilməsi əmr edilmişdir. İddiaçı tərəfindən "xxxx" QSC-nin sədrinə və aparat rəhbərinə ünvanlanmış xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli məktubların surətindən görünür ki, İddiaçı onunla "xxxx" QSC-nin Hərəkət Xidməti arasında yaranmış mübahisə ilə əlaqədar QSCnin sədri və aparat rəhbəri tərəfindən qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən "xxxx" QSC-nin sədrinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, iddiaçı xx.xx.1998-ci il tarixdən "xxxx" QSC-də müftəlif vəzifələrdə işlədiyini, dəmiryolu ixtisası üzrə ali təhsilli olduğunu, 2024-cü ilin oktyabr ayında ixtisara düşməyi haqda bildiriş aldığını və xx.xx.2025-ci il tarixdə əmək müqaviləsinə xitam verildiyini bildirmişdir. Qeyd olunan səbəbdən onun qəbul edilərək dinlənilməsini xahiş etmişdir. İddiaçı tərəfindən X4 Xidmətinə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizənin surətindən görünür ki, iddiaçı öz müraciətində "xxxx" QSC-nin sədri Vüsal Aslanov tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-1-1493 saylı iddiaçı ilə bağlanmış xx.xx.2014cü il tarixdə bağlanmış müddətsiz əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilməsi barədə əmr haqqında araşdırma aparılaraq, iddiaçının həmin və ya oxşar işə bərpa olunmasına dair köməklik göstərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubunun surətindən görünür ki, iddiaçının "xxxx" QSC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə ünvanladığı müraciətə Xidmətin Bakı şəhər idarəsində baxılmışdır. Müraciətlə əlaqədar iddiaçı tərəfindən müvafiq izahat və əmək haqqı bank çıxarışı təqdim edilmişdir. Araşdırma zamanı "xxxx" QSC ünvanına (AZ1071, Bakı şəhəri, Qaradağ rayonu, Qızıl Daş Ə/V, Qızıldaş qəsəbəsi) və məlumat üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətə (AZ1010, Bakı şəhəri, Nizami küçəsi 114) 3-17-5/2- 25565/2025 saylı xx.xx.2025- cü il tarixli məktubla müraciət olunaraq iddiaçıya aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi xahiş olunmuşdur. Tələb olunan sənədlərin təqdim olunması müəssisə tərəfindən təmin edilmədiyindən müraciətin araşdırılmasını başa çatdırmaq mümkün olmamışdır. Tərəflərindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən onunla "xxxx" QSC arasında xx.xx.2014-cü il tarixində bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) xitam verildiyi və təqdim etdiyi əmək haqqı bank çıxarışından əmək müqaviləyə xitam verilərkən 3064,90 (üç min altmış dörd manat 90 qəpik) manat məbləğində ödənişin ödənildiyi məlum olmuşdur. “Bakı Metropoliteni" QSC tərəfindən sənədlər X4 Xidmətinin Bakı şəhər idarəsinə təqdim ediləcəyi təqdirdə müraciətə yenidən baxılaraq cavablandırılacağı bildirilmiş və müraciətdə qeyd edilmiş məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah edilmişdir. Bakı 3 saylı Mediasiya təşkilatının xx.xx.2025-ci il tarixli MŞB/3/2024-00275 saylı ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə arayışından görünür ki, mübahisə üzrə tərəflər olan iddiaçı və cavabdehin nümayəndəsi xx.xx.2025-ci il tarixdə saat 11:00-da keçirilən mediasiya prosesində iştirak etsələr də, prosesin davam etdirilməsi mümkün olmamışdır. 50 manat İMS xərci və 10 manat kargüzarlıq xərci İddiaçı tərəfindən ödənilmişdir. Cavabdeh "xxxx" QSC xx.xx.2025-ci il tarixdə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə müraciət edərək bildirmişdir ki, "xxxx" QSC sədrinin xx.xx.2024-cü il tarixli 3-1-875 saylı əmrinə əsasən Hərəkət xidmətinin stansiyalarında işçi sayının optimallaşdırılması nəzərdə tutulmuşdur. Optimallaşdırmanın növbəti mərhələsini həyata keçirmək məqsədilə xx.xx.2024-cü il tarixdən Hərəkət xidmətinin ştat cədvəlində mövcud olan mərkəzləşmə məntəqəsi üzrə növbətçi ştat cədvəlinin ixtisar edilərək ştat cədvəlindən çıxarılması, əvəzində stansiya növbətçisi ştat vahidinin daxil edilməsi məqsədəuyğun hesab edilmişdir. Belə ki, xidmətin ştat cədvəlində dəyişiklik edilmiş, “Neftçilər” stansiyasında 5 (beş) ədəd Vİ dərəcəli, “Nizami” stansiyasında 5 (beş) ədəd Vİ dərəcəli, “Memar Əcəmi” stansiyasında 5 (beş) ədəd Vİ dərəcəli mərkəzləşmə məntəqəsi üzrə növbətçi ştat vahidləri çıxarılmış, müvafiq olaraq 5 (beş) ədəd V dərəcəli stansiya növbətçisi, 5 (beş) ədəd V dərəcəli stansiya növbətçisi, 5 (beş) ədəd V dərəcəli stansiya növbətçisi ştat vahidləri daxil edilmişdir. Hərəkət xidmətinin yol davamiyyəti olan stansiyalarında işçi sayının optimallaşdırılması üçün test üsulu ilə “Neftçilər”, “M. Əcəmi” və “Nizami” stansiyalarında mərkəzləşmə məntəqə növbətçisi vəzifəsində işləyən işçilər üçün imtahan keçirilmiş, imtahanın göstəricilərinə görə daha yüksək nəticə əldə etmiş işçilər Vİ dərəcəli mərkəzləşmə məntəqəsi üzrə növbətçi vəzifəsində qalmışdır. MİHİ-nin təşəbbüsü ilə "xxxx" QSC-nin rəhbərliyi arasında aparılan şifahi danışıqlara əsasən imtahanın göstəricilərinə görə daha az nəticə yığan İddiaçı uzun müddət metropolitendə işləməsini nəzərə alaraq stansiya növbətçisi-HSM vəzifəsinə keçmələri təklif olunsa da, o ərizə yazmaqdan imtina etmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq mərkəzləşmə məntəqəsi üzrə növbətçi peşəsində çalışan işçilərin ştat vahidləri ixtisar olunaraq stansiya növbətçisi ştat vahidi ilə əvəz olunduğundan onların əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən ləğv edilməsinə münasibət bildirməsi üçün "xxxx" QSC-nin sədri MİHİ-yə xx.xx.2024-cü il tarixli 13-19/2-1277/2024 nömrəli məktubla (təqdimatla) müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən 70-ci maddəsinin b) bəndində göstərilən əsasla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Yuxarıda qeyd olunan məsələni MİHİ tam, hərtərəfli araşdıraraq mərkəzləşmə məntəqəsi üzə növbətçi peşəsində çalışan işçilərin ştat vahidləri ixtisar olunaraq stansiya növbətçisi ştat vahidi ilə əvəz olunduğundan onların əmək müqaviləsinin ləğv edilməsinə müsbət rəy bildirilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin 1 “b” bəndində qeyd edildiyi kimi “bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək” və “ə” bəndində göstərildiyi kimi “bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək” əmək münasibətləri sahəsində işəgötürənə verilmiş əsas hüquqlardandır. Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə uyğun olaraq müəyyən olunan əmək stajında asılı olaraq xəbərdar edilməlidir. İddiaçı bildiriş (xəbərdarlıq) təqdim edilib və o, həmin bildirişi 10.11,2024-cü il tarixində “tanış oldum və əslini aldım” qeyd edərək imzalamışdır. İddiaçıya qanunun tələblərinə əməl edilməklə son-haqq hesab və əmək stajına uyğun olaraq işdənçıxarma müavinəti ödənilmişdir. Həmçinin qeyd etməyi zəruri hesab edir ki, hazırki məhkəmə mübahisəsi üzrə iddia müddəti tətbiq edilərək məhkəmə tərəfindən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi 15 yanvar 2025-ci il tarixdə ləğv edilmiş (AR ƏM 70-ci maddəsinin “b” bəndinə əsasən) iddiaçı ilə son haqqhesab aparılmış, ona ƏM-nin 77.3 və 77.4-cü bəndlərinə uyğun olaraq işdənçıxma müavinəti verilmiş, xx.xx.2024-xx.xx.2025-ci il tarixinədək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə pul əvəzi ödənilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərdən göründüyü kimi, iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş bir ay iddia müddəti ötürülmüşdür. X4 Xidmətinə müraciət etməsi də iddia müddətinin axımını kəsmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli Qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu vurğulamağı vacib hesab edir ki, X4 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti haqqında” Əsasnaməyə görə təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz”. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsinin tələbinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddiaçı iddia ərizəsində göstərir ki, “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı Şəhər İdarəsinə müraciət etmişəm, lakin metropoliten rəhbərliyi tərəfindən DƏMX-ə heç bir sənəd təqdim edilməmişdir”. Bildirilir ki, "xxxx" QSC bu məsələyə 13-19/2- 542/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktubla cavab vermişdir. Yuxarıda qeyd olunan halları və müvafiq qanunvericilik normalarını, o cümlədən Əmək Məcəlləsinin 296-ci maddəsinin 2-ci və 3-cü hissələrini, Mülki Məcəlləsinin 375.2-ci maddəsini nəzərə alaraq, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, iş buraxmaya görə əmək haqqının ödənilməsi” barədə iddianın rədd edilməsinə dair qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. "xxxx" QSC tərəfindən tərtib edilmiş 2024-2025 iyul ayı dövrünü əhatə edən hərəkət xidməti üzrə vakant yerlərin izlənməsi cədvəlinin surətindən görünür ki, mərkəzləşmə məntəqəsi üzrə növbətçi vəzifəsi üzrə 2024-cü ilin: yanvar və fevral aylarında 6, mart ayında 7, aprel ayında 6, may və iyun aylarında 5, iyul ayında 2, avqust ayında 1, sentyabr ayında 2, oktyabr ayında 1, noyabr və dekabr aylarında 0; 2025-ci ilin: yanvar-aprel aylarında 1, may və iyun aylarında 0 ştat vahidi mövcud olmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci maddəsinin 3-cü bəndinə əsasən, həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 11-ci maddəsinə əsasən, əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarına əmək müqaviləsi bağlayarkən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və müddətə sınaq müddətini müəyyən etmək də aid edilmişdir. 42-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 77-ci maddəsinin: - 1-ci bəndinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq, on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi rəsmi xəbərdar edilməlidir. - 3-cü bəndinə əsasən, əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq, on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında işdənçıxarma müavinəti ödənilir. 296.2-ci maddəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296.3-cü maddəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 296.6-cı maddəsinə əsasən, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, Əmək Məcəlləsinin 77-ci maddəsinin 1, 2 və 3-cü hissələrinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq rəsmi xəbərdar edilməlidir. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq işdənçıxarma müavinəti ödənilir. Həmin Məcəllənin 78-ci maddəsinin 1-ci hissəsinə görə isə müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun: 3.2-ci maddəsinə əsasən, ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 35.1-ci maddəsinə əsasən, mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. 21.5-ci maddəsinə əsasən, mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır. 35.2-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. 32.1 və 32.4.2-ci maddəsinə əsasən, mediasiya prosesinə “Mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayış tərəflərə təqdim edildiyi gündən xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və cavabdeh də məhkəməyə ərizə ilə müraciət edərək, müddət ötürüldüyündən iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd olunduğu kimi Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Bu zaman məhkəmə tərəfindən göstərilən məqamlar aydınlaşdırılmalıdır: 1) Hazırki iş üzrə iddiaçı hüququnun pozulduğunu nə zaman aşkar etmişdir? 2) Həmin andan etibarən 1 aydan az müddət ərzində məhkəməyə müraciət etmişdirmi? 3) Həmin müddətin axımını dayandıran və ya müddət ötürülmüşdürsə, bunu üzrlü hesab etməyə əsas verən hallar mövcud olmuşdurmu? İş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2025-ci il tarixli X- 05 nömrəli əmrindən bəlli olur ki, xx.xx.2025-ci il tarixində İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Həmçinin, xx.xx.2024-cü il tarixdə iddiaçıya 9 təqvim həftəsindən sonra əmək müqaviləsinə xitam veriləcəyi ilə bağlı xəbərdarlıq bildirişi rəsmi şəkildə təqdim edilmişdir. Məhkəmə ilk növbədə iddiaçının hüququnun pozulduğunu nə zaman aşkar etməsini müəyyənləşdirməlidir. Belə ki, Əmək Məcəlləsinin 296.3-cü maddəsinə əsasən hüququn pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Məhkəmə ilk növbədə iddiaçının sözügedən maddənin tələblərinə əsasən qeyd olunan bütün sənədlərin verilməsi halında iddia müddətinin başlanmasının mümkünlüyünə dair dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, normanın məzmunundan da göründüyü kimi işçinin hüququnun pozulduğunu, yəni indiki halda onunla bağlanılan əmək müqaviləsinə məhz Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilməsini bilməsi üçün heç də adı çəkilən sənədlərin hamısının eyni vaxtda təqdim edilməsi şərtləndirilməmiş, onlardan birinin olması yetərli hesab olunmuşdur. Çünki həmin sənədlərin hər biri özlüyündə işçinin müvafiq hüquqi və faktiki vəziyyətini əks etdirməklə ona bu hüquqların pozulmasını aşkar etmək üçün kifayət qədər əsas təşkil edir. Hətta iddiaçı özü də işəgötürənə xx.xx.2025-ci il tarixli müraciətində də onun əmək müqaviləsinə xx.xx.2025-ci il tarixli əmrlə xitam verilməsini göstərmişdir. Belə ki, ən azından iddiaçıya əmək kitabçası təqdim edilməsə belə, son haqqı məbləği ona dərhal ödənilmişdir ki, iddiaçı da bundan məlumatsız olduğunu bildirə bilməz. Qeyd edilənlərə əsasən müəyyən olunur ki, iddiaçının Məcəllə ilə təsbit olunmuş hüququnun pozulduğunu aşkar etmək imkanı olmuş, həmin vaxtdan etibarən məhkəməyə müraciət etmək üçün müəyyən olunmuş müddətin axımı başlanmışdır. Lakin iddiaçı bu müddət ərzində mübahisənin həlli üçün yalnız işəgötürənə və X3 müraciət etmiş, mübahisənin məhkəməyəqədər həllinə uyğun olaraq tərəfə mediasiya təklifi göndərməmişdir. Əmək Məcəlləsində müddətin ötürülməsini üzürlü hesab etməyə əsas verən hallar qeyd edilmiş, həmin hallara işçinin işəgötürənə və X3 müraciəti kimi hallar qeyd edilməmişdir. Belə olan təqdirdə şəxsin xx.xx.2025-ci il tarixdə verilmiş işdən çıxma barədə əmr barədə məlumatlı olduğu halda bundan irəli gələn əmək mübahisəsinin həlli ilə bağlı 4 ay sonra mediasiyaya müraciət etməsi müddətin ötürülməsi ilə nəticələnmişdir. Yuxarıda qeyd olunanları əsas gətirərək məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə yazılı müraciət təqdim edildiyindən, hazırkı iş üzrə iddia müddəti keçdiyindən, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-3641/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3641/2025
28.07.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver