Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3730/2024 30.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "əmrin ləğv edilməsi və sair" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "əmrin ləğv edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən barəsində tərtib olunmuş “Xidməti cəza verilməsi barədə 268 nömrəli ƏMR”in ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2018-ci il tarixindən "xxxx" ASC-də “Hüquqşünas” vəzifəsində çalışır. Bu günədək fəaliyyəti ərzində heç bir zaman işinə xələl gətirəcək hər hansı hərəkət və apardığı məhkəmə işlərində şirkətin mənafeyinə zidd hərkətlərə yol verməmişdir. İş yoldaşı ilə yaranmış münasibətlərlə əlaqədər şirkətdən güya etik davranış qaydalarını pozmağı ilə bağlı bildirilmiş və onun dəfələrlə rəhbərlərlə görüşləri olmuş lakin izzahat tələb olunmamışdır. Görüşlər zamanı ona sadəcə bildirilirdi ki, “yaxşı olar ki işdən özünüz ərizə yazıb çıxasınız.” O isə heç bir günahı olmadığını hər zaman bildirirdi. Artıq 1 aydan çox danışıqlar aparıldıqdan sonra ondan iş yoldaşı ilə olan münasibətlərlə bağlı izzahat istənmiş və ondan etiraz etməyərək dərhal xx.xx.2024-cü il tarixində yazılı surədə izzahatını təqdim etmişdir. xx.xx.2024-cü il tarixində isə məzuniyyətə çıxmışdır. Məzuniyyət vaxtı xx.xx.2024-cü il tarixində bitmişdir. Şirkətilərinin HR əməkdaşı xx.xx.2024-cü il tarixində ona yaxınlaşaraq barəsində tərtib olunmuş əmrlə tanış olmağı bildirmişdi. O əmrin surətinin ona təqdim olunmasını xahiş etmiş lakin əmrin surətini tanış olduqdan sonra ona veriləcəyini bildirilmişdi. 20 may 2024-cü il tarixində iş saatının sonu olduğundan ona təqdim edilən əmrin surət olmasını hesab edərək tarixin keçmiş tarix yəni xx.xx.2024-cü il tarixində yazıldığını görmüş və texniki yalnışlıq olduğunu düşünüb əmri cırmışdı və əmrə düzəliş olunaraq ona təqdim olunmasını xahiş etmişdir. Lakin, bunu əməkdaşa bildirdikdə əmrin əslini cırdığını və bilərəkdən yəni texniki yalnışlıq olmadığını bu tarixin izahatı alındığı günə qeyd olunduğu ona bildirilmişdi. O öz etirazını bildirərək əməlində hər-hansı davranış qaydalarının poulmadığını və pozuntu olmuş olsa belə İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə biləcəyini bildirmişdi. Lakin əməkdaş israrla “izahat alındığı gündən 1 ay müddətə olduğunu” bildirmişdi. Əlavə olaraq isə heç əmr ona izahat verdiyi tarixdədə deyil izahat verildikdən sonra yəni 1 ay 15 gündən sonra arxa tarix qeyd olunaraq verilmişdir. O isə əmri mübahisələndirələcəyi barədə əməkdaşa və birbaşa rəhbərinə bildirmişdi. Daha sonra İddiaçı “iddia tələbinin artırılmasına” dair ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən barəsində tərtib olunmuş “Xidməti cəza verilməsi barədə 268 nömrəli və "Əmək müqaviləsinə xitam verilməsi barədə" 05 avqust 2024-cü il tarixli 569 nömrəli əmrlərin ləğv edilməsi və işə bərpa olması, bundan əlavə məcburi iş buraxma ilə əlaqədar ödənilməli olan əmək haqqının, həmçinin ilkin mediasiya sessiyası keçirilməsi üçün tərəfindən ödənilmiş 60,00 manatın "xxxx" ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. İddia tələbinin artırılmasına dair ərizə onunla əsaslandırılmışdır ki, tərəfindən məhkəməyə ərizə verildikdən sonra sığorta şirkəti tərəfindən xx.xx.2024-cü il tarixində ona işlədiyi Korporativ hüquq şöbəsinin məhkəmə istiqamətində “Hüquqşünas ” vəzifəsi üzrə bir ştat vahidinin ixtisar edilməsi barədə xəbərdarlıq bildirişi verilmişdir. Gedişatdanda göründüyü kimi şirkət tərəfindən verilmiş əsasassız tənbehin əslində əsil niyyəti onu işdən çıxaraq olmuşdur. O bu niyyəti aşkara çıxardıqdan sonra şirkət tərəfindən artıq başqa yola əl atılaraq güya işlər azaldığından “Hüquqşünas ” vəzifəsi üzrə bir ştat vahidinin ixtisar edilməsi barədə ona xəbərdarlıq etmişdir. Halbu ki, belə hal bu qədər böyük şirkətdə olması mümkünsüzdür. Bu yalnız işçini işdən çıxarmaq üçün edilən aşikar şəkildə görünən bir bəhanədir. Çox maraqlı hallardan biridə odur ki, “Hüquqşünas” vəzifəsi üzrə bir ştat vahidinin ixtisar edilməsi nəzərdə tutulduğu halda digər bir şöbəyə 2 vakansiya biri kiçik hüququşünas digəri isə aparıcı hüquqşünas axtarılması barədə elan verilmişdir. Bu elan internet səhifələrində paylaşılmış və maraqlanan şəxslər dəvət olunmuşdur. Bundan başqa “Hüquqşünas” vəzifəsi üzrə bir ştat vahidinin ixtisar edildiyi halda və şirkətdə əlavə hüquqşünas tələb olunduğu halda bu işə keçirilməyi ona təklif olunmur, və yalnız onun bu şirkətdə 6 il çalışmağına baxmayaraq onların şöbəyə 2024-cü il tarixində yeni 4 işçi şöbəyə götürülməsinə baxmayaraq məhz ixtisara o düşür. Daha sonra cavabdeh "xxxx" ASC məhkəməyə etiraz ərizəsi ilэ müraciət edərək, iddianın əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Cavabdeh etirazı onunla əsaslandırmışdır ki, "xxxx" ASC-də sığorta əməliyyatlarına dəstək üzrə mütəxəssis vəzifəsində çalışan Anar Cəbrayılovun öz rəhbərinə müraciəti əsasında başlamış daxili araşdırma nəticəsində onunla şirkətin digər əməkdaşı İddiaçı arasında borc münasibətlərinə görə mübahisənin yarandığı müəyyən edilmişdir. Araşdırma çərçivəsində ilk dəfə xx.xx.2024-cü il tarixində İddiaçı yazılı izahat alınmışdır. İzahat əsasında tərəflər arasında borc münasibətlərinin mövcudluğu və bundan irəli gələn fikir ayrılığının olması öz təsdiqini tapmışdır. "xxxx" ASC-nin Direktorlar Şurasının 21 iyun 2021-ci il tarixli 14-21 saylı protokolu ilə təsdiq edilmiş “X15”nin 7.6-cı bəndində, əməkdaşlar arasında, yaxud əməkdaş və başqa bir əməkdaşın ailə üzvü arasında borcun alınması kimi hallardan yayınmaq lazım olduğu təsbit edilmişdir. Bununla belə, araşdırma zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən pozuntunun xarakterini və İddiaçı humanist niyyətlə Anar Cəbrayılova kömək məqsədilə borc verməsini nəzərə alaraq ona intizam tənbehinin verilməsi üçün əsas yaranmadığı qənaətinə gəlinmişdir. Araşdırmanın nəticələri Anar Cəbrayılov ilə bölüşüldükdən sonra o müraciət və narahatlığının mahiyyətinin yalnız borcla bağlı mübahisə olmadığını və iş yoldaşı İddiaçı ona hədə-qorxu gəldiyini bildirmişdir. Anar Cəbrayılov xx.xx.2024-cü il tarixində yenidən izahat verərək İddiaçı verdiyi borcu geri tələb etmək məqsədilə mübahisə zəminində ona “səni padvallarda çürüdəcəm” deyərək hədə-qorxu gəldiyini bildirmişdir. Anar Cəbrayılovun izahatı onun təqdim etdiyi sübutlar və şirkətin inzibati binasında quraşdırılmış müşahidə kameralarından əldə olunmuş görüntülər əsasında yoxlanılmışdır. Nəticədə məlum olmuşdur ki, İddiaçı verdiyi borcu geri tələb etmək məqsədilə müxtəlif vaxtlarda Anar Cəbrayılovu iş prosesindən ayıraraq borcunu hesablanmış faizlərlə birlikdə dərhal ödəməsi barədə danışıqlar və yazışmalar aparmışdır. Tərəflər arasında “WhatsApp” mesajlaşma platforması vasitəsilə aparılmış danışıqların nəzərdə keçirilməsi üçün Anar Cəbrayılovun razılığı ilə onun mobil telefonuna baxış keçirilmiş və nəticələri aktlaşdırılmışdır. Yazışmalara keçirilmiş baxış nəticəsində Anar Cəbrayılovun izahatında göstərdiyi hallar öz təsdiqini tapmışdır. Hər iki tərəfdən alınmış izahatlar və araşdırmanın nəticələri əsasında xx.xx.2024-cü il tarixində İddiaçı intizam tənbehinin verilməsi barədə şirkətin insan resurslarının idarə olunması istiqamətinə Təqdimat ünvanlanmış və "xxxx" ASC-nin 24 aprel 2024-cü il tarixli 268 saylı Əmri ilə İddiaçı töhmət verilmişdir. İddiaçı iddia ərizəsində ona verilmiş tənbehin Anar Cəbrayılov ilə aralarında olan borc münasibətləri ilə bağlı olduğunu və bunun intizam tənbehi üçün əsas olmadığını bildirmişdir. İddiaçının bu mövqeyi ilə bağlı qeyd etmək istərdilər ki, "xxxx" ASC-nin 24 aprel 2024-cü il tarixli 268 saylı Əmri ilə İddiaçı verilmiş tənbeh borc münasibətləri ilə bağlı deyil, iddiaçının iş yoldaşı Anar Cəbrayılova hədə-qorxu gəlməsi ilə bağlıdır. Belə ki, "xxxx" ASC-nin Direktorlar Şurasının 21 iyun 2021-ci il tarixli 14-21 saylı protokolu ilə təsdiq edilmiş “X15”nin 4.4-cü bəndinə əsasən iş mühitində hədə-qorxu gəlmə qısnama hesab olunur və şirkət iş yerində qısnama hallarını qəbul etmir. Həmçinin, xx.xx.2019-cu il tarixli “Paşa Sığorta Əməkdaşının Əsasnaməsi”nin “təcavüzdən müdafiə üzrə korporativ siyasət” bölməsinin tələblərinə əsasən, şirkət əməkdaşlar üçün sağlam və təhlükəsiz iş mühitinin yaradılmasına və yüksək əxlaqi prinsipləri, şirkətin bütün əməkdaşlarına ədalətli münasibəti təmin edən idarəetmə praktikasının həyata keçirilməsinə görə məsuliyyəti öz üzərinə götürür. Şirkətin hər bir əməkdaşı onunla bağlı yaranmış problemlərə, münaqişəli vəziyyətlərə və şikayətlərə baxılması və onların həll edilməsi hüququna malikdir. Eləcə də, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin “b” bəndinə əsasən əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, “e” bəndinə əsasən isə iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq işçinin əsas vəzifələrindəndir. Göründüyü kimi İddiaçı həm X15, həm Əməkdaşın Əsasnaməsi, həm də AR Əmək Məcəlləsi ilə müəyyən edilmiş öhdəliklərini yerinə yetirməmiş, digər iş yoldaşının hüquqlarını pozmuş, bu səbəbdən də barəsində intizam tənbehi tətbiq edilmişdir. Öz iş yoldaşına qarşı “səni padvallarda (zirzəmilərdə) çürüdəcəm” kimi hədə-qorxu dolu ifadələrin işlədilməsi korporativ mühitdə etik davranış normalarını pozmaqla yanaşı ictimai təhlükəliliyi aspektindən ciddi hüquq pozuntusu hesab edilir. İddiaçı ixtisasca hüquqşünas və Korporativ hüquq şöbəsinin əməkdaşı olduğunu nəzərə aldıqda o, qanunvericiliyin və daxili intizam qaydalarının tələblərini digər əməkdaşlardan daha yaxşı bilməli, onlara ciddi əməl etməli və hətta digər əməkdaşları bu istiqamətdə yönləndirməklə onlara şəxsi nümunə olmalı idi. Lakin, bunun tamamilə əksinə olaraq şirkətin hüquqşünasının bu cür əməllər yol verilməsi xətanın xarakterinin ağırlığından və əməlin intizam tənbehinə layiq olmasına xəbər verir. İddiaçıya qarşı hər hansı qərəzli mövqeyin olmamasından və onun törətdiyi xətanın xarakterinə və ağırlıq dərəcəsinə uyğun intizam tənbehinin tətbiqindən xəbər verir. İddiaçı iddia ərizəsində müəssisənin intizam tənbehinin verilməsi ilə bağlı qanunvericiliklə təsbit edilmiş müddəti ötürdüyünü bildirmiş və bununla da 24 aprel 2024-cü il tarixli 268 saylı Əmrin qanunsuz olduğu üçün ləğv olunmasını tələb etmişdir. Daha öncə də qeyd etdikləri kimi, İddiaçı verilmiş intizam tənbehi borc münasibətləri ilə bağlı deyil, onun iş yoldaşı olan digər əməkdaşa hədə-qorxu gəlməsi ilə bağlı olmuşdur. Bu pozuntu halı isə Anar Cəbrayılovun xx.xx.2024-cü il tarixində verdiyi izahat əsasında aşkar edilmişdir. Bundan sonra yeni aşkar edilmiş faktla bağlı xx.xx.2024-cü il tarixdə İddiaçı yenidən izahatı alınmış, A.Cəbrayilovun izahatında göstərdiyi faktlara münasibət bildirməsi ondan xahiş edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 187-ci maddəsinin ikinci hissəsi ilə nəzərdə tutulan müddətin axımı İddiaçının ərizəsində qeyd etdiyi kimi borc münasibətləri ilə bağlı danışıqların aparıldığı tarixdən deyil, intizam tənbehinin verilməsinə əsas olan faktın işəgötürən "xxxx" ASC-yə məlum olduğu xx.xx.2024-cü il tarixindən hesablanmalıdır. AR Əmək Məcəlləsinin 189-cu maddəsinin 2-ci hissəsinə əsasən, intizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. Həmin maddəsinin 3-cü hissəsinə əsasən, intizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. Hazırkı mübahisə üzrə İddiaçı barəsində tətbiq olunmuş intizam tənbehi xx.xx.2024-cü il tarixdə, yəni iddiaçının (işçinin) işdə olduğu vaxt verilmiş, işçiyə əmrlə tanış olması təklif edilsə də o əmrlə tanış olmaqdan imtina etmişdir. Bundan sonra iddiaçı xx.xx.2024-cü il tarixdən işə çıxdıqdan sonra dəfələrlə əmrlə tanış olması üçün dəvət edilmiş, lakin, hər dəfə bundan imtina etmişdir. Bu hal isə müəssisə işçilərinin iştirakı ilə xx.xx.2024-cü il tarixdə müvafiq qaydada aktlaşdırılmışdır. Bundan sonra iddiaçı xx.xx.2024-cü il tarixdən məzuniyyətə çıxmışdır. Əlavə olaraq bildirmək istəyirlər ki, "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli “əməkdaşların mükafatlandırılması haqqında” Qərarı ilə İddiaçı əsas fəaliyyət göstəricilərinin qiymətləndirilməsi əsasında 2248,45 manat məbləğində əlavə mükafat verilmişdir. Göründüyü kimi İddiaçı barəsində xx.xx.2024-cü il tarixdə "xxxx" intizam tənbehi tətbiq edildikdən sonra xx.xx.2024-cü il tarixdə onun barəsində “əmək haqqına fərdi əlavə edilməsi” növündə həvəsləndirmə tədbiri tətbiq edilmiş, bununla da xx.xx.2024-cü il tarixli "xxxx" intizam tənbehi qüvvədən düşmüşdür. Bu səbəbdən də iddia tələbinin əsasını təşkil edən 24 aprel 2024-cü il tarixli 268 saylı Əmr qüvvədən düşdüyündən və öz əhəmiyyətini itirdiyindən iddiaçının iddia tələbi də öz mahiyyətini itirmişdir. İddiaçı xx.xx.2024-cü il tarixində iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək "xxxx" ASC tərəfindən onun barəsində tərtib olunmuş 24 aprel 2024-cü il tarixli 268 nömrəli və 05 avqust 2024-cü il tarixli 569 nömrəli əmrlərin ləğv edilməsini və özünün işə bərpa olunmasını, bundan əlavə məcburi iş buraxma ilə əlaqədar ödənilməli olan əmək haqqının, həmçinin ilkin mediasiya sessiyası keçirilməsi üçün ödədiyi 60,00 manatın, "xxxx" ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Belə ki, iddiaçının ilkin tələbi “intizam tənbehinin verilməsi barədə” PAŞA Sığorta” ASC-nin 24 aprel 2024-cü il tarixli 268 nömrəli Əmrinin ləğv edilməsi olmuş və xx.xx.2024- cü il tarixli “Mediasiya sessiyasında iştirak edilməməsi barədə Arayış” bu predmet üzrə mediasiya prosesinin keçirilməsini təsdiq edir. Hal-hazırda isə İddiaçı tələbini artıraraq “Əmək müqaviləsinə xitam verilməsi barədə” PAŞA Sığorta” ASC-nin 05 avqust 2024-cü il tarixli 569 nömrəli əmrinin ləğv olunmasını və özünün işə bərpa olunmasını, bundan əlavə məcburi iş buraxma ilə əlaqədar ödənilməli olan əmək haqqının, həmçinin ilkin mediasiya sessiyası keçirilməsi üçün ödədiyi 60,00 manatın, "xxxx" ASC-dən tutularaq İddiaçıya ödənilməsini tələb edir. Lakin, bu tələb üzrə (05 avqust 2024-cü il tarixli 569 nömrəli əmrinin ləğv olunması) iddiaçı ilkin medasiya prosesindən keçdiyi təsdiq edən heç bir sənədi məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi artırılan iddia tələbi ilkin iddiadan tamamilə fərqli mahiyyətdədir. Hətta ilkin iddia tələbi üzrə mediasiya sessiyasını yekunlaşan anda artırılması istənilən tələb üzrə münasibətlər yaranmamışdı. İlkin tələb üzrə mediasiya sessiyası xx.xx.2024-cü il tarixində yekunlaşsa da, “Əmək müqaviləsinə xitam verilməsi barədə” tarixli 569 nömrəli əmr xx.xx.2024-cü il tarixində verilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi və vəkili Vəkil izahat verərək idianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdən başlayaraq "xxxx" ASC-də çalışmışdır. 24 aprel 2024-cü il tarixdə Əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini pozduğuna görə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2 -ci hissəsinin "xxxx" bəndinə əsasən İddiaçı töhmət verilməsi əmr edilmişdir. Daha sonra ASC-də ştat vahidlərinin azaldımasına dair qərar qəbul edilmiş, ASC-nin 21 iyun 2024-cü il tarixli, 443 №-İi “bəzi ştatların ixtisarı ilə əlaqədar tədbirlərin həyata keçirlənməsi ilə bağlı” əmri ilə "xxxx" ASC-də Korporativ hüquq şöbəsinin subroqasiya işlərinin məhkəməyə göndərilməsi və subroqasiya qaydasında pul tələbləri üzrə iddiaların məhkəmədə müdafiə edilməsi üçün yaradılmış “Hüquqşünas” vəzifəsi üzrə 1 ştat vahidinin ixtisar edilməsi əmr edilmişdir. Bunun nəticəsində Paşa Sığorta” ASC-nin 05 avqust 2024cü il tarixli, 569 saylı əmri ilə "PAŞA Sığorta” Açıq Səhmdar Cəmiyyətində Hüquqşünas vəzifəsində işləyən İddiaçı tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə (‘işçilərin sayının və ya ştatları ixtisar edilməsi”) əsasən 05 avqust 2024-cü il tarixdən ləğv edilməsi əmr edilmişdir. Hazırda İddiaçı məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən barəsində tərtib olunmuş “Xidməti cəza verilməsi barədə 268 nömrəli və "Əmək müqaviləsinə xitam verilməsi barədə" 05 avqust 2024-cü il tarixli 569 nömrəli əmrlərin ləğv edilməsi və işə bərpa olması, bundan əlavə məcburi iş buraxma ilə əlaqədar ödənilməli olan əmək haqqının, həmçinin ilkin mediasiya sessiyası keçirilməsi üçün tərəfindən ödənilmiş 60,00 manatın "xxxx" ASC-dən tutularaq ona ödənilməsini xahiş edir. Cavabdeh "PAŞA Sığorta” Açıq Səhmdar Cəmiyyəti isə tələblərin əsassız olduğunu bildirərək iddianın rədd edilməsini xahiş edir. b) Mülki işin materialları: Mülki işin materiallarında olan: - İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 655 nömrəli əmək müqaviləsindən görünür ki, iddiaçı "xxxx" ASC-nin subroqasiya üzrə mütəxəssis vəzifəsinə müddətsiz olaraq işə götürülmüşdür. - 110618 saylı əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixində "xxxx" ASC-nin sığorta iddiaları və hüquqi təminat departamentində subroqasiya üzrə mütəxəssis vəzifəsinə qəbul edilmiş, xx.xx.2020-ci il tarixdə “hüquqşünas” vəzifəsinə keçirilmişdir. - "xxxx" ASC-nin 24 aprel 2024-cü il tarixli, 268 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin "xxxx" bəndində (əmək funksiyasını vicdanla yerinə yetirmək) nəzərdə tutulan, həmçinin Əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini pozduğuna görə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2 -ci hissəsinin "xxxx" bəndinə əsasən İddiaçı töhmət verilməsi əmr edilmişdir. Əmrin əsası xx.xx.2024-cü il tarixli кəhbərin təqdimatı və işçinin izahatı olmuşdur. - "xxxx" ASC-nin əməkdaşları Günay Teymurova, Azad Qurbanov, Aygün Həsənova tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, "PAŞA Sığorta” ASC-də Hüquqşünas vəzifəsində çalışan İddiaçı xx.xx.2024-cü il tarixli 268 saylı Əmrlə (bundan sonra “Əmr”) intizam tənbəhi olaraq töhmət verilmişdir. İddiaçı xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində əmək məzuniyyətində olmuş və xx.xx.2024-ci il tarixində işə qayıtmışdır. Həmin tarixdən resurstarı və istedadların idarə olunması departamentinə yaxınlaşması tələb edilsə də, əməkdaş Əmrlə tanış olmaq üçün xx.xx.2024-cü il tarixində müvafiq struktur bölməyə yaxınlaşmışdır. xx.xx.2024-cü il tarixində Cəmiyyətin rəsmi blankında tərtib edilmiş və Cəmiyyətin idarə Heyətinin sədri tərəfindən fiziki olaraq imzalanmış Əmr tanış olması üçün əməkdaş İddiaçı təqdim edilmişdir. İddiaçı ona təqdim olunmuş Əmri cırmaqla yararsız hala salmışdır. - İddiaçı xx.xx.2024-cü il tarixli “xəbərdarlığın ləğv edilməsi” barədə"xxxx" ASC-nin sədri Ülviyyə Cabbarovaya ünvanlanmış mürciətindən görünür ki, onlara etdiyi ilkin müraciətdən sonra xx.xx.2024-cü il tarixdə ona işlədiyi Korporativ hüquq şöbəsinin məhkəmə istiqamətində “Hüquqşünas” vəzifəsi üzrə bir ştat vahidinin ixtisar edilməsi barədə imzanızla təsdiqlənmiş xəbərdarlıq təqdim edilmişdir. Nəzərə alınsa ki, artıq 6 ildir şirkətdə çalışır ondan sonra şöbəyə 3 işçi qəbul olunmuşdur. Sonuncu işçi isə bir ildən az müddətdirki işə qəbul olunmuşdur Qeyd olunanları nəzərə alınmasını və "Əmək müqaviləsinə xitam verilməsi barədə” xəbərdarlığın ləğv edilməsini xahiş etmişdir. - "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli işçilərinin əməyinin qiymətləndirməsi cədvəllərindən görünür ki, İddiaçı 49 %, X11 93 %, X10 83 %, X8 79 % dərəcələri ilə qiymətləndirilmişdir. - "xxxx" ASC-nin 21 iyun 2024-cü il tarixli, 443 №-İi “bəzi ştatların ixtisarı ilə əlaqədar tədbirlərin həyata keçirlənməsi ilə bağlı” əmri ilə "xxxx" ASC-də Korporativ hüquq şöbəsinin subroqasiya işlərinin məhkəməyə göndərilməsi və subroqasiya qaydasında pul tələbləri üzrə iddiaların məhkəmədə müdafiə edilməsi üçün yaradılmış “Hüquqşünas” vəzifəsi üzrə 1 ştat vahidinin ixtisar edilməsi əmr edilmişdir. - "xxxx" ASC tərəfindən 21 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 ünvanlanmış məktubdan görünür ki, "xxxx" ASC İdarə Heyəti sədrinin 21 iyun 2024-cü il tarixli, 443 №-İi əmri əsasında Korporativ hüquq şöbəsinin subroqasiya işlərinin məhkəməyə göndərilməsi və subroqasiya qaydasında pul tələbləri üzrə iddiaların məhkəmədə müdafiə edilməsi üçün yaradılmış “Hüquqşünas” vəzifəsi üzrə 1 ştat vahidi ixtisar edilmişdir. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla sərbəstləşdirilən işçi barədə aşağıdakı məlumatlar təqdim edilir: Həmçinin, "xxxx" ASC-nin Hüquq departamenti tərkibində fəaliyyət göstərən Korparativ hüquq şöbəsinin yeni ştat cədvəli aşağıdakı qaydada təqdim edilir: Vəzifənin adı Ştat sayı Aylıq vəzifə Cəmi (manat) (vahid) maaşı (manat) 1 Şöbə rəhbəri 1 3959,08 2 Baş hüquqşünas 1 2304,50 3 Hüquqşünas 1 1912,95 4 Kiçik hüquqşünas 1 1242,00 - Bakı şəhəri 13 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş MŞB/13/2024-00832 saylı, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə 12:00-da keçirilən ilkin mediasiya sessiyasında "xxxx" ASC iştirak etməmişdir. İlkin mediasiya xərci olan 50 manat məbləğ iddiaçı tərəfindən ödənilmişdir. - "xxxx" ASC-nin 05 avqust 2024-cü il tarixli, 569 saylı əmri ilə "PAŞA Sığorta” Açıq Səhmdar Cəmiyyətində Hüquqşünas vəzifəsində işləyən İddiaçı tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə (‘işçilərin sayının və ya ştatları ixtisar edilməsi”) əsasən 05 avqust 2024-cü il tarixdən ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-cı maddəsinin 3-cü bəndinə uyğun olaraq (beş ildən on ilədək əmək stajı olduqda - orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında) işdənçıxarma müavinəti ödənilməsi əmr edilmişdir. - "xxxx" ASC-nin 22 avqust 2024-cü il tarixli, 615 saylı əmri ilə PAŞA Sığorta” ASCnin X1 əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 (a) bəndinə uyğun olaraq öz xahişinə əsasən xx.xx.2024-cü il tarixi sonuncu iş günü hesab edilməklə xitam verilməsi əmr edilmişdir. - "xxxx" ASC-nin mülahizəsindən görünür ki, hazırkı mübahisə üzrə işəgötürən "xxxx" ASC İddiaçı qarşı heç bir qərəzli mövqe tutmayaraq əmək qanunvericiliyinin tələblərinə tam riayət edərək ona verilmiş hüquqdan istifadə etmiş - ştat ixtisarını həyata keçirmiş və həmin ştat ixtisarında irəli gələrək iddiaçıya ilə bağlanmış əmək müqaviləsini ləğv etmişdir. İşçilərin sayının işin həcminə uyğunlaşdırılınası və kadr potensialının buna mütənasib optimallaşdırılmasının təmin edilməsinə dair məsələnin həlli hüquqi şəxsin yəni işəgötürən müəssisənin diskresion səlahiyyətlərinə aiddir. Belə ki, müəssisə istehsalın və idarəçiliyinin təşkilini təkmilləşdirmək, təsərrüfat fəaliyyətini yaxşılaşdırmaq, artıq xərclərin qarşısını almaq məqsədilə öz strukturunu və ştat tərkibini müstəqil surətdə müəyyən etmək hüququna malikdir. Hazırkı mübahisə üzrə işçi - İddiaçı qarşı heç bir qərəzli mövqe tutulmamışdır. Yəni, ştat ixtisarı iddiaçıya qarşı hər hansı bir qərəzli mövqedən deyil, subroqasiya işlərinin azlığı zərurətindən irəli gəlmişdir. Təqdim edilmiş sübutlar təsdiq edir ki, artıq 6 aydan uzun müddətdir ki, Cəmiyyət subroqasiya tələbinə dair iddia irəli sürülməsi hüququndan istifadə etmir. Subroqasiya mübahisələrinin olmadığı halda bununla bağlı ştat saxlamaq və həmin ştatı tutan işçiyə əlavə əmək haqqı və digər ödənişləri etmək təbii ki, müəssisənin mənafeyinə uyğun hesab edilmir və bu zərurətdən irəli gələrək İdarə Heyəti ştat ixtisarının həyata keçirilməsini zəruri hesab etmişdir. Belə ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin 08 may 2024-cü il tarixli 47-24 nömrəli protokoluna əsasən qəbul olunmuş qərarlarla xx.xx.2024-cü il tarixdən müəssisədə “Hüquqşünas” vəzifəsi üzrə 1 ştat vahidi ixtisar edilmişdir. İddiaçı ərizəsində iddia edir ki, onun müəssisədə 6 ilə yaxın müddətdə çalışması ştat ixtisarı zamanı ona işdə saxlanılmaqda üstünlük verən hal hesab edilməlidir. Bunun tamamilə əksinə olaraq bildirmək istəyirlər ki, iddiaçının tutduğu vəzifədə 6 ilə yaxın müddətdə çalışması ona digər işçilərə nisbətdə işdə saxlanılmaqda üstünlük verən hal kimi qiymətləndirilə bilməz. Çünki, Əmək Məcəlləsinin 78-ci maddəsinə əsasən, ixtisar zamanı ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. Yəni, göstərilən maddədən aydın olur ki, ştat ixtisarı zamanı işçinin müəssisədə topladığı staj deyil, onun ixtisası və peşəkarlıq səviyyəsi nəzərə alınır. Aparılmış yoxlama zamanı müəssisənin Korporativ şöbəsində işləyən bütün əməkdaşlar təhsil səviyyəsinə görə İddiaçı üstün qiymətləndirilmişdir. Belə ki, qiymətləndirmə zamanı şöbədə çalışan digər işçilərin hamısının tam ali təhsilli olmaları - yəni, hüquqşünaslıq ixtisası üzrə bakalavr və magistr təhsilli olmaları müəyyən edilmişdir. Hətta onlardan bəzilərinin magistratura səviyyəsi üzrə təhsillərini xarici ölkələrdə alması öz təsdiqini tapmışdır. Buna baxmayaraq, İddiaçı yalnız bakalavr təhsilinin olması, bu təhsilini isə uzun müddət bundan əvvəl hüquqşünaslıq ixtisası üzrə mütəxəssis hazırlığı dayandırılmış Odlar Yurdu Universitetində aldığı müəyyən edilmişdir. Eləcə də, müasir əmək bazarında işəgötürənlər tərəfindən dil bilikləri olan işçi qüvvəsinə daha çox üstünlük verildiyi danılmaz faktdır. İxtisar zamanı korporativ şöbənin əməkdaşları qiymətləndirilərkən digər işçilərin ən azı bir xarici dil (bəzi işçilərin iki xarici dil) bilməsi müəyyən edilsə də İddiaçı heç bir xarici dil biliyinin olmadığı məlum olmuşdur. Həmçinin, qeyd etmək istəyirlər ki, iddiaçı hüquqşünas vəzifəsi üzrə öz əmək funksiyalarının icrası zamanı da bir sıra pozuntulara yol vermiş, bəzi hallarda məhkəmələrə verilmiş sənədlərdə qüvvədən düşmüş qanunlara istinad etmiş, bəzən mülki hüquq institutlarını bir-birindən fərqləndirməkdə çətinlik çəkmiş, bəzi hallarda isə eyni şəxsə qarşı eyni predmet barəsində iki dəfə məhkəməyə iddia vermişdir. Həmçinin, məhkəmə sənədlərinin tərtibatında da İddiaçı həm qrammatik səhvlərə, həm də ümumi sənədlərin tərtibi qaydalarını pozmuşdur. Bütün bu hallar - həm müəssisənin subroqasiya işlərinin olmaması, həm də İddiaçı peşəkarlıq səviyyəsi nəzərə alınaraq digər işçilərlə deyil, məhz onunla bağlanmış əmək müqaviləsinin ləğv edilmişdir. “Məşğulluq haqqında” AR Qanununun “məşğulluğun təmin edilməsində işəgötürənlərin iştirakı” adlanan 18.2-ci maddəsinə görə işçilərin sayı və ya ştatları ixtisar edildikdə işəgötürənlər işdən çıxarılacaq işçilərin peşəsini, ixtisasını və əməkhaqqının məbləğini göstərməklə, onların sərbəstləşdiriləcəyi barədə Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilən xəbərdarlıq müddətindən az olmayaraq əvvəlcədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) rəsmi məlumat verməlidirlər. Bu məlumat Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda kağız daşıyıcıda, digər hallarda isə elektron informasiya sistemi vasitəsilə təqdim edilməlidir. Qeyd olunan maddədəki müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) funksiyasını Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 həyata keçirir. Cavabdeh "xxxx" ASC Əmək Məcəlləsi 11-ci maddəsinin “ə” bəndi ilə müəyyən edilmiş hüququndan istifadə edərək qanunvericiliyin tələblərinə riayət etməklə ştat ixtisarının həyata keçirilməsi barədə xx.xx.2024-cü il tarixdə qərar qəbul etmiş, bu barədə elə həmin tarixdə İddiaçı xəbərdarlıq bildirişi vermiş, həmçinin xx.xx.2024-cü il tarixli məktubla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 ştat vahidinin ixtisarı barədə rəsmi məlumat vermişdir. Bundan sonra isə 05 avqust 2024-cü il tarixli 569 nömrəli əmri ilə tamamilə qanuni və əsaslı şəkildə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam vermişdir. Bildirmək istəyirlər ki, ştat ixtisarı həyata keçirilərkən Hüquq departamentinin tərkibində olan Korporativ Hüquq şöbəsində 4 vəzifə, Subroqasiya Şöbəsində isə 3 vəzifə mövcud olmuş və həmin vəzifələrin hamısı dolu olmuşdur. Bu səbəbdən də iddiaçıya Hüquq Departamenti daxilində başqa bir vəzifə təklif etmək mümkün olmamışdır. Həmin vaxt mövcud olmuş “Komplayns Xidməti üzrə kiçik hüquqşünas/hüquqşünas” vakansiyası ilə bağlı isə qeyd etmək istəyirlər ki, Komplayns funksiyasının əsas vəzifəsi risklərin idarə edilməsi ilə bağlı olub, xüsusi ixtisaslaşmış bilik və təcrübə tələb edir. Bu funksiya Hüquq departamentindən tamamilə fərqli istiqaməti özündə ehtiva edir. Vakansiyada işə cəlb olunacaq əməkdaşın vəzifə öhdəliklərinə uyğun olaraq mükəmməl səviyyədə xarici dil (ingilis dili) biliyi, habelə korporativ idarəetmə və daxili nəzarət sahələrində təcrübə tələbləri müəyyən edilmişdir. Həmçinin, bu vakansiya üzrə qəbul ediləcək işçi ilə bağlı tələblər Azərbaycan Respublikası Mərkəzi X13 21 fevral 2024-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Sığortaçılarda korporativ idarəetmə Standartları” ilə tənzimlənir. Həmin Standartlarla müəyyən edilmiş tələblərə cavab verən namizədlərin işə götürülməsi həyata keçirilir. Eləcə də müəssisənin 29 iyul 2024-cü il tarixdə təsdiq edilmiş Təşkilati Strukturuna nəzər yetirilsə görünür ki, Komplayens Departamenti və Hüquq Departamenti kurasiya üzrə idarə heyəti fərqli üzvlərinə tabedirlər və bu struktur qurumlar tamamilə ayrı idarəçilik qaydalarına uyğun təşkil olunurlar. İddiaçı karyerası ərzində əsas fəaliyyətinin məhkəmə istiqaməti ilə bağlı olduğunu, təcrübəsinə əsasən ixtisaslaşdığı hüquq sahəsinin mülki prosessual hüquq olduğunu, Standartların daha öncədən tətbiq edildiyi maliyyə institutlarında (məsələn bank) təcrübəsi olmadığını və xarici dil biliklərinin kifayət etmədiyini nəzərə aldıqda bu vakansiya üzrə uyğun namizəd hesab olunmamışdır. AR Əmək Məcəlləsinin 77-ci maddəsinin birinci hissəsinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl müəssisədə bir ildən beş ilədək əmək stajı olan işçi azı dörd təqvim həftəsi qabaqcadan rəsmi xəbərdar edilməlidir. Əmək qanunvericiliyinin bu tələbi gözlənilməklə İddiaçı ixtisar səbəbi ilə əmək münasibətlərinə xitam veriləcəyi barədə 4 təqvim həftəsi qabaqcadan xəbərdar edilmiş, həftənin bir iş günü əmək funksiyasının icrasından azad edilməklə yeni iş yeri axtarmaq üçün ona şərait yaradılmışdır. Burada işçilərin sayının azaldılması və ştatların ixtisarı anlayışlarını da birbirindən fərqləndirmək yerinə düşərdi. Çünki, hazırkı mübahisə üzrə cavabdeh "xxxx" ASC-də ştatların ixtisarı yox, işçilərin - yəni bir ştat vahidinin azaldılması həyata keçirilmişdir. Belə ki, işçilərin sayının ixtisarı dedikdə, konkret vəzifə üzrə ştat vahidlərinin azaldılması (eyni funksiyaları yerinə yetirən işçilərin arasından bir neçəsinin ixtisarı) başa düşülür. Ştatların ixtisarı dedikdə isə, konkret vəzifənin ümumilikdə müəssisənin ştat cədvəlindən çıxarılması (eyni və ya oxşar funksiyaları həyata keçirən bütün işçilərin ixtisarı) başa düşülür. Hazırkı mübahisə üzrə ştat ixtisarı deyil, bir ştat vahidinin ixtisarı həyata keçirilmişdir. Çünki İddiaçı subroqasiya işləri üzrə müəssisəni məhkəmədə təmsil etdiyindən və son 6 ayda subroqasiya işlərinin olmamasından irəli gələrək məhz onun tutduğu ştat vahidinin ixtisarı qərara alınmışdır. - "xxxx" ASC-nin məhkəmənin xx.xx.2024-cü il tarixli sorğusuna və xx.xx.2024-cü il tarixli qərardadına cavabdan görünür ki: Qeyd olunan vəzifələrdə hal-hazırda 3 əməkdaş çalışır. Korporativ hüquq şöbəsinin rəhbəri -X12; Baş hüquqşünas - X11; Kiçik hüquqşünas - X8. Korporativ Hüquq şöbəsində korporativ istiqamət üzrə hüquqşünas vəzifəsində çalışan X10 23 08 2024-ou il tarixdə öz istəyi ilə işdən çıxmışdır. Bundan sonra onun tutduğu ştat vahidi də ixtisar edilmişdir və hazırda şöbədə 3 vəzifə mövcuddur. İddiaçı ixtisarını zəruri edən hal "xxxx" Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin 08 may 2024-cü il tarixli 47-24 nömrəli protokoluna əsasən qəbul olunmuş qərarlarla bağlıdır. Belə ki, İdarə Heyəti Cəmiyyətin Korporativ hüquq şöbəsinin icraatında olan 412 subroqasiya işin birbaşa olaraq ilkin iddia tələbi əsasında, hissəvi ödəniş barədə razılıq əldə olunmuş işlərin isə icra vəziyyətinə uyğun olaraq blok rəhbərinin razılığı alınmaqla Korporativ hüquq şöbəsi tərəfindən məhkəmədə iddia qaldırılmadan bağlanması müəyyən edilmişdir. Habelə qərarın qəbul edildiyi tarixdən etibarən tənzimlənən sığorta hadisələri üzrə avtomobilin yazılı etibarnamə, yol vərəqəsi və s. yazılı sənəd olmadan sahibinin şifahi razılığı əsasında idarə olunması hallarında subroqasiya qaydasında pul tələbinin irəli sürülməməsi barədə qərar qəbul etmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətində subroqasiya qaydasında pul tələbi ilə bağlı iddiaların məhkəməyə göndərilməsi və məhkəmələrdə şirkətin təmsil olunması Hüquq Departamentinin Korporativ hüquq şöbəsində “Hüquqşünas” vəzifəsində çalışan İddiaçı tərəfindən həyata keçirilmişdir. Elektron məhkəmə sistemi üzərindən şirkətin subroqasiya qaydasında pul tələbi ilə bağlı iddialarına baxdıqda da bu istiqamətdə bütün işlərin İddiaçı tərəfindən icra olunduğunu görmək mümkündür. Subroqasiya mübahisələrinin olmadığı halda bununla bağlı ştat saxlamaq və həmin ştatı tutan işçiyə əlavə əmək haqqı və digər ödənişləri etmək təbii ki, müəssisənin mənafeyinə uyğun hesab edilmir və bu zərurətdən irəli gələrək iddiaçının tutduğu ştat vahidinin ixtisar edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Qanunvericiliyin qeyd olunan tələbi nəzərə alınmaqla maliyyə sektorunda vətəndaşlarla, habelə xarici təşkilat və qurumlarla əlaqədə fəaliyyət göstərən "xxxx" ASCnin hüquq istiqamətində çalışan əməkdaşların dil bilikləri, hüquq düşüncəsi və yazı qabiliyyətləri əsasında işçilərin peşəkarlıq səviyyəsi qiymətləndirilmişdir. İddiaçı istər dil bilikləri olaraq, istərsə də yazı bacarıqları olaraq digər əməkdaşlardan daha aşağı qiymətləndirilmişdir. Buna əyani sübut olaraq İddiaçı hazırkı iş üzrə məhkəməyə təqdim etdiyi ərizəni və ya barəsində aparılan araşdırmalar zamanı verdiyi yazılı izahatları (ifadələri) nəzərdən keçirdikdə də onun bir hüquqşünas olaraq yazı bacarıqlarının hansı səviyyədə olması məlum olur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq ştat vahidinin ixtisar edilməsi barədə xəbərdarlıq bildirişi şöbənin subroqasiya işlərini aparan əməkdaşa - İddiaçı verilmişdir. 2023-cü il ərzində 57 işçi tutduğu vəzifədən azad olunmuş, əvəzində isə 75 işçi işə qəbul edilmişdir. Boşalan yerlərin əvəzinə işə qəbul olunmuş şəxslərdən əlavə olaraq bir il ərzində işə qəbul edilmiş 18 nəfərin 11-i informasiya texnologiyaları sahəsi üzrə (proqramçı, DevOps üzrə mütəxəssis, sistem inzibatçısı və s.) çalışan mütəxəssislərdir. 2024-cü il üzrə isə avqust ayının sonuna qədər 47 işçi tutduğu vəzifədən azad olunmuş, əvəzində isə 74 işçi işə qəbul edilmişdir. Boş yerlərin əvəzinə işə qəbul olunmuş şəxslərdən əlavə olaraq sözügedən dövr ərzində işə qəbul edilmiş 27 nəfərin 11-i informasiya texnologiyaları sahəsi üzrə (proqramçı, DevOps üzrə mütəxəssis, Data arxitekturu, sistem inzibatçısı və s.) çalışan mütəxəssislərdir. Sorğulanan müddət ərzində məhkəmədə şirkətin təmsil olunması üzrə heç bir işçi işə qəbul edilməmişdir. Göründüyü kimi, "xxxx" ASC öz strategiyasına uyğun olaraq informasiya texnologiyaları sahəsi üzrə transformasiyaya başlamışdır. Bu məqsədlə zəruri olan informasiya infrastrukturunun formalaşdırılması məqsədilə məhz informasiya texnologiyaları sahəsi üzrə (proqramçı, DevOps üzrə mütəxəssis, Data arxitekturu, sistem inzibatçısı və s.) çalışan mütəxəssislərin sayını artırmışdır. Bunun səbəbi isə Azərbaycan Respublikası Mərkəzi X17 tərəfindən təsdiq olunmuş “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyasına əsasən sığorta sektorunun inkişaf strategiyasında əsas istiqamət olaraq rəqəmsallaşmanın dəstəklənməsi, maliyyə bazarlarında kiber dayanıqlılığın gücləndirilməsi, data əsaslı “SupTechVRegTech” informasiya həllərinin tətbiqi və s. müəyyən edilməsidir. 2023-2024-cü il tarixlərində Hüquq Departamentinə 5 işçi işə qəbul edilmiş və 4 işçi müxtəlif səbəblərdən işdən ayrılmışdır. Hüquq Departamentinin tərkibində 2 şöbə və birbaşa olaraq departament rəhbərinə tabe olan korporativ katiblik istiqaməti fəaliyyət göstərir. Şöbələrdən biri Korporativ hüquq şöbəsi, digəri isə Subroqasiya şöbəsidir. Subroqasiya şöbəsində çalışan 3 əməkdaşdan biri - X3 xx.xx.2024-cü il tarixdə müəssisədə başqa işə (Sığorta iddialarının tənzimlənməsi departamentinə) keçirilmişdir. Onun yerinə isə xx.xx.2024-cü il tarixdə (yəni, iddiaçı ilə əmək münasibətlərinə xitam veriləndən sonra) Abdullazadə-Osman Haxverdi oğlu yeni işçi kimi işə qəbul edilmişdir. Yəni, O.Abdullazadə işə qəbul edilərkən artıq İddiaçı ilə əmək münasibətlərinə xitam verilmişdi. “PAŞA Sığorta" Açıq Səhmdar Cəmiyyəti subroqasiya qaydasında pul tələbinə dair iddia ilə məhkəməyə sonuncu dəfə 05 mart 2024-cü il tarixində müraciət etmişdir. Artıq- 7 aydan uzun müddətdir ki, Cəmiyyət subroqasiya tələbinə dair iddia irəli sürülməsi hüququndan istifadə etmir. Sonuncu dəfə 05 mart 2024-cü il tarixində "xxxx" ASC adından məhkəməyə İddiaçı tərəfindən müraciət olunmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq bildiririk ki, hal-hazırda Hüquq departamentinin icraatında məhkəməyə verilməsi planlaşdırılan subroqasiya işi mövcud deyildir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Hüquq departamentinin Korporativ hüquq şöbəsində “Hüquqşünas” vəzifəsində çalışan İddiaçı əmək müqaviləsi xx.xx.2024-cü il tarixində ləğv olunmuş və həmin tarixdən sonra eyni vəzifəyə heç bir işçi işə qəbul olunmamışdır. Hal-hazırda sözügedən departamentdə, habelə şöbədə “Hüquqşünas” vəzifəsi üzrə vakant yer mövcud deyildir. Artıq 7 aydan uzun müddətdir ki, Cəmiyyət subroqasiya tələbinə dair iddia irəli sürülməsi hüququndan istifadə etmir. Sonuncu dəfə 05 mart 2024-cü il tarixində "xxxx" ASC adından məhkəməyə İddiaçı tərəfindən müraciət olunmuşdur. Gələcəkdə də bu istiqamət üzrə yeni işçinin işə cəlb olunması işəgötürən tərəfindən planlaşdırılmır. Cəmiyyətin məhkəmədə təmsilçiliklə bağlı təmsil etmək zərurəti ortaya çıxdıqda bu fəaliyyət Korporativ hüquq şöbəsində Baş hüquqşünas vəzifəsində çalışan X11 tərəfindən icra olunur. İddiaçının əmək müqaviləsinin 05 avqust 2024-cü il tarixində ləğv olunduğunu nəzərə aldıqda iddiaçının işdə olduğu 5 ay ərzində də məhkəməyə heç bir iddia göndərilməyib. Yuxanda qeyd olunanları nəzərə alaraq bildiririk ki, hal-hazırda Hüquq departamentinin icraatında məhkəməyə verilməsi planlaşdırılan subroqasiya işi mövcud deyildir. Qərardadda ASC-də iddiaçının ixtisasına və peşə vəzifəsinə uyğun olan digər vakant vəzifələrin olub-olmaması ilə bağlı məlumatların məhkəməyə təqdim edilməsi tələb olunur. Qeyd edildiyi kimi, iddiaçının dil biliklərinin olmaması, eləcə də yazı bacarıqlarının aşağı olması səbəbindən müəssisədə onun əvvəlki işlədiyi vəzifə üzrə peşə və ixtisasına uyğun heç bir vakant vəzifə olmamışdır. Mülki iş materiallarına İddiaçı, X2 izahatları və Whatsapp” sosial şəbəkədə olan yazışmaları əlavə edilmişdirlər. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə ilk olaraq onu qeyd edir ki, İddiaçı iddia tələbi 5 hissədən ibarətdir: 1."xxxx" ASC tərəfindən barəsində tərtib olunmuş “Xidməti cəza verilməsi” barədə 268 nömrəli əmrin ləğv edilməsi; 2.Əmək müqaviləsinə xitam verilməsi barədə" 05 avqust 2024-cü il tarixli 569 nömrəli əmrin ləğv edilməsi;
3. işə bərpa olması; 4.məcburi iş buraxma ilə əlaqədar ödənilməli olan əmək haqqının ona ödənilməsi; 5.ilkin mediasiya sessiyası keçirilməsi üçün tərəfindən ödənilmiş 60,00 manatın "xxxx" ASC-dən tutularaq ona ödənilməsi. İşin göstərilən halları ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 11-ci maddəsinə əsasən bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüququ işəgötürənin əsas hüquqlarından biridir. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hisəsinə görə əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. 70-ci maddəsinin «b» bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71.1-ci maddəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Həmin maddənin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. 77.1-77.3-cü maddələrinin tələblərinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin "xxxx" və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. 78-ci maddəsinə əsasən, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. 80-ci maddəsinin birinci və ikinci bəndlərinə əsasən, 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 84-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. 172-ci maddəsinin 5-ci hissəsinə müvafiq olaraq, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. 185-ci maddəsinin tələblərinə görə əmək funksiyasının yüksək peşəkarlıq səviyyəsində yerinə yetirilməsində, müəssisədaxili intizam qaydalarına əməl edilməsində fərqlənmiş işçilər işəgötürən tərəfindən pul və ya qiymətli əşyalar hədiyyə edilməklə; əlavə məzuniyyət verilməklə; əmək haqqına fərdi əlavə edilməklə; daha yüksək məbləğdə fərdi sığorta edilməklə; sanatoriya-kurort müalicəsi, turist səfərləri yollayışının haqqı ödənilməklə; müəyyən edilmiş qaydada dövlət təltifinə təqdim olunmaq barədə vəsatət qaldırmaqla və digər həvəsləndirmə vasitələri ilə mükafatlandırıla bilərlər. 186.1-ci maddəsinin tələblərinə görə işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından suiistifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 186.2-ci maddəsinə görə işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. 187-ci maddəsinin 1-3-cü hissələrinə əsasən, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 188-ci maddəsinin 1-2-ci hissələrinə görə, intizam tənbehi, yalnız işçi ilə əmək müqaviləsi bağlamaq, onun şərtlərini dəyişdirmək və ona xitam vermək səlahiyyətinə malik olan işəgötürən tərəfindən verilə bilər. Müəssisənin nizamnaməsində (əsasnaməsində) başqa hal nəzərdə tutulmayıbsa, işəgötürən işçilərə intizam tənbehi vermək səlahiyyətini əmri (sərəncamı, qərarı) ilə özünün müavinlərindən birinə, müəssisədən kənarda yerləşən struktur bölməsinin rəhbərinə həvalə edə bilər. Həmin əmrdə (sərəncamda, qərarda) hansı səbəbə görə intizam tənbehi vermək səlahiyyətinin başqa vəzifəli şəxsə həvalə edildiyi əsaslandırılmalı və onun səlahiyyətinin dairəsi dəqiq müəyyən edilməlidir. Həmin Məcəllənin 189-cu maddəsinə əsasən, bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. İntizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. İntizam tənbehi verilməsi barədə əmrdə (sərəncamda, qərarda) işçinin şərəf və ləyaqətini alçaldan, onun şəxsiyyətini, mənəvi hisslərini gözdən salan, habelə intizamsızlığına görə qisas almaq motivli məlumatların göstərilməsi yolverilməzdir. Eyni Məcəllənin 190-cı maddəsinin 1-3-cü hissələrinə görə, intizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur. İşçi verilən intizam tənbehindən nəticə çıxararaq əmək funksiyasını yüksək səviyyədə yerinə yetirərsə, müəssisədaxili əmək və intizam qaydalarını pozmazsa işəgötürən işdə fərqləndirilmə qaydasında intizam tənbehini vaxtından əvvəl öz əmri (sərəncamı, qərarı) ilə ləğv edə bilər. İşçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər. Məhkəmə istinad edilən hüquq normalarının hazırki mülki işə tətbiqi nəticəsində məhkəmə belə qənaətə gəlir ki, iddia tələbinin "xxxx" ASC tərəfindən tərtib olunmuş “Xidməti cəza verilməsi” barədə 268 nömrəli əmrin ləğv edilməsi” hissəsi təmin edilməməlidir. Belə ki, İddiaçı iddia ərizəsində ona verilmiş tənbehin Anar Cəbrayılov ilə aralarında olan borc münasibətləri ilə bağlı olduğunu və bunun intizam tənbehi üçün əsas olmadığını bildirsə də işin araşdırılan hallarından görünür ki, "xxxx" ASC-nin 24 aprel 2024-cü il tarixli 268 saylı Əmri ilə İddiaçı verilmiş tənbeh borc münasibətləri ilə bağlı deyil, iddiaçının iş yoldaşı Anar Cəbrayılova hədə-qorxu gəlməsi ilə bağlıdır. Belə ki, araşdırma zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən pozuntunun xarakterini və İddiaçı humanist niyyətlə Anar Cəbrayılova kömək məqsədilə borc verməsini nəzərə alınaraq ona intizam tənbehinin verilməsi üçün əsas yaranmadığı qənaətinə gəlinmişdir. Lakin daha sonra araşdırmanın nəticələri Anar Cəbrayılov ilə bölüşüldükdən sonra o müraciət və narahatlığının mahiyyətinin yalnız borcla bağlı mübahisə olmadığını və iş yoldaşı İddiaçı ona hədə-qorxu gəldiyini bildirmişdir. Anar Cəbrayılov xx.xx.2024-cü il tarixində yenidən izahat verərək İddiaçı verdiyi borcu geri tələb etmək məqsədilə mübahisə zəminində ona “səni padvallarda çürüdəcəm” deyərək hədə-qorxu gəldiyini bildirmişdir (iş materiallarına əlavə edilmiş “Whatsapp” sosial şəbəkədə olan yazışmalar). "xxxx" ASC-nin Direktorlar Şurasının 21 iyun 2021-ci il tarixli 14-21 saylı protokolu ilə təsdiq edilmiş “X15”nin 4.4-cü bəndinə əsasən iş mühitində hədə-qorxu gəlmə qısnama hesab olunur və şirkət iş yerində qısnama hallarını qəbul etmir. Həmçinin, xx.xx.2019-cu il tarixli “Paşa Sığorta Əməkdaşının Əsasnaməsi”nin “təcavüzdən müdafiə üzrə korporativ siyasət” bölməsinin tələblərinə əsasən, şirkət əməkdaşlar üçün sağlam və təhlükəsiz iş mühitinin yaradılmasına və yüksək əxlaqi prinsipləri, şirkətin bütün əməkdaşlarına ədalətli münasibəti təmin edən idarəetmə praktikasının həyata keçirilməsinə görə məsuliyyəti öz üzərinə götürür. Göründüyü kimi İddiaçı həm X15, həm Əməkdaşın Əsasnaməsi, həm də Əmək Məcəlləsi ilə müəyyən edilmiş öhdəliklərini yerinə yetirməmiş, digər iş yoldaşının hüquqlarını pozmuş, bu səbəbdən də barəsində intizam tənbehi tətbiq edilmişdir. Məhkəmə onu da qeyd edir ki, İddiaçı iddia ərizəsində müəssisənin intizam tənbehinin verilməsi ilə bağlı qanunvericiliklə təsbit edilmiş müddəti ötürdüyünü bildirmiş və bununla da 24 aprel 2024-cü il tarixli 268 saylı Əmrin qanunsuz olduğu üçün ləğv olunmasını tələb etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, İddiaçı verilmiş intizam tənbehi borc münasibətləri ilə bağlı deyil, onun iş yoldaşı olan digər əməkdaşa hədə-qorxu gəlməsi ilə bağlı olmuşdur. Bu pozuntu halı isə Anar Cəbrayılovun xx.xx.2024-cü il tarixində verdiyi izahat əsasında aşkar edilmişdir. Bundan sonra yeni aşkar edilmiş faktla bağlı xx.xx.2024cü il tarixdə İddiaçı yenidən izahatı alınmış, A.Cəbrayilovun izahatında göstərdiyi faktlara münasibət bildirməsi ondan xahiş edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 187-ci maddəsinin ikinci hissəsi ilə nəzərdə tutulan müddətin axımı intizam tənbehinin verilməsinə əsas olan faktın işəgötürən "xxxx" ASC-yə məlum olduğu xx.xx.2024-cü il tarixindən hesablanmalıdır. İddiaçı barəsində tətbiq olunmuş intizam tənbehi xx.xx.2024-cü il tarixdə, yəni iddiaçının (işçinin) işdə olduğu vaxt verilmiş, işçiyə əmrlə tanış olması təklif edilsə də o əmrlə tanış olmaqdan imtina etmişdir. Bundan sonra iddiaçı xx.xx.2024-cü il tarixdən işə çıxdıqdan sonra dəfələrlə əmrlə tanış olması üçün dəvət edilmiş, lakin, hər dəfə bundan imtina etmişdir. Bu hal isə müəssisə işçilərinin iştirakı ilə xx.xx.2024-cü il tarixdə müvafiq qaydada aktlaşdırılmışdır. Bundan sonra iddiaçı xx.xx.2024-cü il tarixdən məzuniyyətə çıxmışdır. Lakin "xxxx" ASC-nin vəkili izahat verərək xx.xx.2024-cü il tarixli “əməkdaşların mükafatlandırılması haqqında” Qərarı ilə İddiaçı əsas fəaliyyət göstəricilərinin qiymətləndirilməsi əsasında 2248,45 manat məbləğində əlavə mükafat verildiyini və "xxxx" intizam tənbehi tətbiq edildikdən sonra xx.xx.2024-cü il tarixdə iddiaçı barəsində “əmək haqqına fərdi əlavə edilməsi” növündə həvəsləndirmə tədbiri tətbiq edildiyini və bununla da xx.xx.2024-cü il tarixli "xxxx" intizam tənbehi qüvvədən düşdüyünü bildirsə də məhkəmə hesab edir ki, ASC tərəfindən İddiaçı ona əlavə mükafat verildiyindən sonra töhmət ilə tanış olması üçün dəvət edilməsi, həmçinin həmin mükafatın əvvəlki iş ili üçün olması 24 aprel 2024-cü il tarixli 268 saylı Əmrin qüvvədən düşmədiyini və öz əhəmiyyətini itirmədiyini sübut edir. Məhkəmə iddia tələbinin “əmək müqaviləsinə xitam verilməsi barədə" 05 avqust 2024-cü il tarixli 569 nömrəli əmrin ləğv edilməsi hissəsi ilə bağlı qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan əmək münasibətlərinə xitam verilə bilməz. Məhkəmə ilk öncə qeyd etməyi zəruri sayır ki, işçilərin sayının işin həcminə uyğunlaşdırılması və kadr potensialının buna mütənasib optimallaşdırılmasının təmin edilməsinə dair məsələnin həlli cavabdeh-hüquqi şəxsin diskresion səlahiyyətlərinə aiddir. Belə ki, müəssisə istehsalın və idarəçiliyinin təşkilini təkmilləşdirmək, təsərrüfat fəaliyyətini yaxşılaşdırmaq, artıq xərclərin qarşısını almaq məqsədilə öz strukturunu və ştat tərkibini müstəqil surətdə müəyyən etmək hüququna malikdir. İşçi ilə əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən ləğv olunduqda və bununla bağlı məhkəmə mübahisəsi yarandıqda işə baxan məhkəmə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunub-olunmaması, işəgötürənin özünün diskresion səlahiyyətlərindən qərəzli şəkildə istifadə edib-etməməsinə dair məsələləri nəzərdən keçirməlidir. Belə ki, Əmək Məcəlləsinin 11-ci maddəsinə əsasən bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüququ işəgötürənin əsas hüquqlarından biridir. Qeyd edilməlidir ki, işçilərin sayının ixtisarı dedikdə, konkret vəzifə üzrə ştat vahidlərinin azaldılması (eyni funksiyaları yerinə yetirən işçilərin arasından bir neçəsinin ixtisarı) başa düşülür. Ştatların ixtisarı dedikdə isə, konkret vəzifənin ümumilikdə müəssisənin ştat cədvəlindən çıxarılması (eyni və ya oxşar funskiyaları həyata keçirən bütün işçilərin ixtisarı) başa düşülür. İxtisar real olmalıdır. İxtisarın real olduğunu aşağıdakı sənədlərin məcmusu təsdiq edir: ixtisar edilmiş ştatlar çıxarılmaqla müəssisənin yeni ştat cədvəlinin təsdiq edilməsi və ya köhnə ştat cədvəlində müvafiq dəyişiklik edilməsi barədə əmr, işdə qalmaqda üstünlük hüquqlarının müqayisəli analizinin nəticələri barədə sənəd, işçiyə ixtisar olunacağı barədə əvvəlcədən məlumat verildiyini təsdiq edən işçinin imzası olan sənəd və ya xəbərdarlıq müddəti əvəzinə iki aylıq əmək haqqının ödənilməsi barədə işçinin yazılı razılığı və belə ödənişin edildiyini təsdiq edən sənəd, xəbərdarlıq müddəti ərzində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçinin hər iş həftəsində azı bir iş günü əmək funksiyasının icrasından azad edilməsi barədə əmr (və ya digər rəsmi sənəd), ixtisar olunan hər bir işçinin əmək müqaviləsinə xitam verilməsi barədə əmr. Qanunvericiliyin qeyd edilən normalarının təhlilindən aydın olur ki, işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Bu halda, işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən əmək müqaviləsinə uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq müəyyən müddətdə rəsmi xəbərdar edilməlidir. Məhkəmə qeyd edir ki, bu xarakterli mübahisənin qanuni həlli baxımından göstərilən əsasla əmək müqaviləsinə xitam verilərkən işçilər üçün müəyyən edilmiş təminatları aydınlaşdırmağı və iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən bu təminatlara əməl edilib-edilməməsinə diqqət yönəlməsi zəruri hesab olunur. Məhz bu baxımdan qanunvericilikdə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verərkən işçilər üçün müəyyən təminatlar müəyyən edilmişdir. Bu hal, həmçinin dövlətin vətəndaşların sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalmaq sahəsində sosial siyasətinin əsas istiqamətlərindən irəli gəlir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə ştat üzrə işçilərin sayının azaldılması (ixtisarı) əsası ilə xitam verilmişdir. Məhkəmə araşdırması zamanı əmək müqaviləsinə xitam verilməsində cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Belə ki, işçi-iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, ixtisarın məqsədəuyğunluğu məsələsi müzakirə edilmiş və gəlinən nəticə əsaslandırılmış, işdə qalmaqda üstünlük hüquqlarının müqayisəli analizinin nəticələri barədə sənədlər tərtib olunmuş, iddiaçı cavabdeh tərəfindən ixtisar səbəbi ilə əmək münasibətlərinə xitam veriləcəyi barədə əmək stajına uyğun şəkildə vaxtında xəbərdar edilmiş, həftənin bir iş günü əmək funksiyasının icrasından azad edilməklə yeni iş yeri axtarmaq üçün ona şərait yaradılmışdır. Məhkəmə kollegiyası birdə vurğulayır ki, işçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işdən çıxarılmasının qanuniliyini və əsaslılığını yoxlayarkən məhkəmə, müəyyən bir vəzifənin və ya bu vəzifə üzrə müəyyən sayda işçilərin ştat cədvəlindən xaric edilməsinin məqsədəuyğunluğu məsələsini həll etmək səlahiyyətində olmur. Belə ki, işçilərin ixtisarının məqsədəuyğunluğu məsələsi hüquqi şəxsin səlahiyyətli rəhbərliyinin əmrləri, habelə ştat cədvəlləri ilə təsdiqlənir. Hazırda da ixtisarın real olub-olmadığı, iddiaçı ilə eyni vəzifə tutan digər işçilərin onunla müqayisədə işdə qalmaqda üstünlüklərin müəyyən edilməsinin düzgün olub-olmadığı, o cümlədən əmək münasibətlərinə xitam verilməsinə səbəbin işəgötürənin iddiaçıya qarşı qərəzli münasibəti olub-olmadığı aydınlaşdırılmalı olan hallardır. Əmək qanunvericiliyinin bu tələbi gözlənilməklə İddiaçı ixtisar səbəbi ilə əmək münasibətlərinə xitam veriləcəyi barədə 4 təqvim həftəsi qabaqcadan xəbərdar edilmiş, həftənin bir iş günü əmək funksiyasının icrasından azad edilməklə yeni iş yeri axtarmaq üçün ona şərait yaradılmışdır. İddiaçının tutduğu və işçilərin sayı azaldılan vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilərin müəyyən edilməsi məqsədilə müvafiq meyarlar üzrə qiymətləndirmə keçirilmiş, iddiaçının peşəkarlıq səviyyəsini digər işçilərə nisbətdə aşağı qiymətləndirilmiş, işdə qalmaqda üstünlük hüquqlarının müqayisəli analizinə görə onun işdə saxlanmasına hüquq verən hər hansı amillər müəyyən edilməmişdir. Həmçinin İddiaçı ərizəsində onun müəssisədə 6 ilə yaxın müddətdə çalışması ştat ixtisarı zamanı ona işdə saxlanılmaqda üstünlük verən hal hesab edilməli olduğunu iddia etsə də məhkəmə hesab edir ki, iddiaçının tutduğu vəzifədə 6 ilə yaxın müddətdə çalışması ona digər işçilərə nisbətdə işdə saxlanılmaqda üstünlük verən hal kimi qiymətləndirilə bilməz. Çünki, Əmək Məcəlləsinin 78-ci maddəsinə əsasən, ixtisar zamanı ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. Yəni, göstərilən maddədən aydın olur ki, ştat ixtisarı zamanı işçinin müəssisədə topladığı staj deyil, onun ixtisası və peşəkarlıq səviyyəsi nəzərə alınır. Aparılmış yoxlama zamanı müəssisənin Korporativ şöbəsində işləyən bütün əməkdaşlar təhsil səviyyəsinə görə İddiaçı üstün qiymətləndirilmişdir. Cavabdehin vəkili tərəfindən məhkəməyə təqdim edilmiş sübutlardan (məhkəmələrə verilmiş iddia ərizələrindən) görünür ki, iddiaçı hüquqşünas vəzifəsi üzrə öz əmək funksiyalarının icrası zamanı da bir sıra pozuntulara yol vermiş, bəzi hallarda məhkəmələrə verilmiş sənədlərdə qüvvədən düşmüş qanunlara istinad etmiş, bəzən mülki hüquq institutlarını bir-birindən fərqləndirməkdə çətinlik çəkmiş, bəzi hallarda isə eyni şəxsə qarşı eyni predmet barəsində iki dəfə məhkəməyə iddia vermişdir. Bütün bu hallar həm müəssisənin subroqasiya işlərinin olmaması, həm də İddiaçı peşəkarlıq səviyyəsi nəzərə alınaraq digər işçilərlə deyil, məhz onunla bağlanmış əmək müqaviləsinin ləğv edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, “Məşğulluq haqqında” AR Qanununun “məşğulluğun təmin edilməsində işəgötürənlərin iştirakı” adlanan 18.2-ci maddəsinə görə işçilərin sayı və ya ştatları ixtisar edildikdə işəgötürənlər işdən çıxarılacaq işçilərin peşəsini, ixtisasını və əməkhaqqının məbləğini göstərməklə, onların sərbəstləşdiriləcəyi barədə Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilən xəbərdarlıq müddətindən az olmayaraq əvvəlcədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) rəsmi məlumat verməlidirlər. Bu məlumat Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda kağız daşıyıcıda, digər hallarda isə elektron informasiya sistemi vasitəsilə təqdim edilməlidir. Məhkəmə qeyd edir ki, cavabdeh "xxxx" ASC Əmək Məcəlləsi 11-ci maddəsinin “ə” bəndi ilə müəyyən edilmiş hüququndan istifadə edərək qanunvericiliyin tələblərinə riayət etməklə ştat ixtisarının həyata keçirilməsi barədə xx.xx.2024-cü il tarixdə qərar qəbul etmiş, bu barədə elə həmin tarixdə İddiaçı xəbərdarlıq bildirişi vermiş, həmçinin xx.xx.2024-cü il tarixli məktubla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 ştat vahidinin ixtisarı barədə rəsmi məlumat vermişdir ki, bunlar iş materiallarına əlavə edilmiş sənədlərlə də sübut olunur. Bundan sonra isə 05 avqust 2024-cü il tarixli 569 nömrəli əmri ilə tamamilə qanuni və əsaslı şəkildə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam vermişdir. Cavabdeh tərəfindən təqdim edilmiş mülahizədən görünür ki, ştat ixtisarı həyata keçirilərkən Hüquq departamentinin tərkibində olan Korporativ Hüquq şöbəsində 4 vəzifə, Subroqasiya Şöbəsində isə 3 vəzifə mövcud olmuş və həmin vəzifələrin hamısı dolu olmuşdur. Bu səbəbdən də iddiaçıya Hüquq Departamenti daxilində başqa bir vəzifə təklif etmək mümkün olmamışdır. Həmin vaxt mövcud olmuş “Komplayns Xidməti üzrə kiçik hüquqşünas/hüquqşünas” vakansiyası ilə bağlı isə Komplayns funksiyasının əsas vəzifəsi risklərin idarə edilməsi ilə bağlı olmuş və həmin vəzifə xüsusi ixtisaslaşmış bilik və təcrübə tələb edir. Həmçinin, bu vakansiya üzrə qəbul ediləcək işçi ilə bağlı tələblər Azərbaycan Respublikası Mərkəzi X13 21 fevral 2024-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Sığortaçılarda korporativ idarəetmə Standartları” ilə tənzimlənir. Həmin Standartlarla müəyyən edilmiş tələblərə cavab verən namizədlərin işə götürülməsi həyata keçirilir. İddiaçı karyerası ərzində əsas fəaliyyətinin məhkəmə istiqaməti ilə bağlı olduğunu, təcrübəsinə əsasən ixtisaslaşdığı hüquq sahəsinin mülki prosessual hüquq olduğunu, Standartların daha öncədən tətbiq edildiyi maliyyə institutlarında (məsələn bank) təcrübəsi olmadığını və xarici dil biliklərinin kifayət etmədiyini nəzərə aldıqda bu vakansiya üzrə uyğun namizəd hesab olunmamışdır. Göründüyü kimi işçilərin sayı azaldılarkən cavabdeh tərəfindən Əmək Məcəlləsinin işəgötürənə aid etdiyi hüquqlardan sui-istifadə hallarına yol verilməmişdir. Cavabdeh işəgötürənin özünün diskresion səlahiyyətlərindən qərəzli şəkildə istifadə edərək iddiaçı ilə əmək münasibətlərinə xitam verilməsi halları da aşkar edilməmişdir. İddiaçının iddia etdiyi kimi ona qarşı qərəzli münasibəti nəticəsində əmək müqaviləsinə real olmayan ixtisar əmri ilə xitam verilməsi ağlabatan görünmür. İddiaçının cavabdeh tərəfindən işçilərin sayı real olaraq azaldılmadığına dair irəli sürdüyü dəlilləri məhkəmə heç bir sübut növü ilə təsdiq edilməməklə əsassız və mülahizə xarakterli sayır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı “əmək müqaviləsinə xitam verilməsi barədə" 05 avqust 2024-cü il tarixli 569 nömrəli əmrin ləğv edilməsi tələbini əsassız olduğundan rədd edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, İddiaçı “əmək müqaviləsinə xitam verilməsi barədə" 05 avqust 2024-cü il tarixli 569 nömrəli əmrin ləğv edilməsi tələbini əsassız olduğundan, “işə bərpa olması və məcburi iş buraxma ilə əlaqədar ödənilməli olan əmək haqqının ona ödənilməsi” tələbləri ilk tələblə birbaşa bağlı olduğundan prosessual qənaət prinsipini nəzərə almaqla rədd edilməlidirlər. Beləliklə, istinad edilən hüquq normalarının hazırki mülki işə tətbiqi nəticəsində məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "əmrin ləğv edilməsi və sair" tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "əmrin ləğv edilməsi və sair" tələbinə dair iddiası təmin edilmədiyindən, iddia tələbinin “ilkin mediasiya sessiyası keçirilməsi üçün tərəfindən ödənilmiş 60,00 manatın "xxxx" ASC-dən tutularaq ona ödənilməsi” hissəsi də rədd edilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "əmrin ləğv edilməsi və sair" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.