Məhkəmə qərarları › İş №e-2(006)-3733/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3733/2022

14.09.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3733/2022 14.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Maraqlı şəxs MMC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh MMC-nə və Maraqlı şəxs MMC-nə qarşı “süni maneələrin aradan qaldırılması tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-nə qarşı “süni maneələrin aradan qaldırılması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək binanı idarə edən təşkilat olan Maraqlı şəxs MMC-ni də cavabdeh qismində işə cəlb olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixlərdə cavabdeh "xxxx" MTK ilə iddiaçı arasında mənzillərin alqı-satqısına dair bağlanmış VR01/59 №-li və VR01/65 №-li müqavilələrə əsasən iddiaçı cavabdehdən ünvan 1 ünvanında, “Vurğun Residence” yaşayış kompleksində yerləşən sahəsi 94,10 kv.m. olan 4 saylı 2 otaqlı və sahəsi 133,40 kv.m. olan 3 saylı 3 otaqlı mənzilləri almışdır. Eyni zamanda, iddiaçı xx.xx.2017-ci il tarixdə VR01/64 №-li müqaviləyə əsasən cavabdehdən Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti, 360 ünvanında tikilən Kompleksin -15.40 səviyyəsində yerləşən P63 nömrəli avtomobil dayanacaq sahəsini də almışdır. Bundan sonra tərəflər arasında xx.xx.2018-ci il tarixli V28/18 №-li “müqaviləyə dəyişikllik edilməsi barədə Razılaşma”ya əsasən Kompleksin -15.40 səviyyəsində yerləşən P63 nömrəli avtomobil dayanacağı sahəsi, Kompleksin -12.30 səviyyəsində yerləşən P73 nömrəli avtomobil dayanacağı sahəsinə dəyişdirilmişdir. Bu müqavilə üzrə əmlakın dəyəri 50.000 manat məbləğində müəyyən edilmiş və iddiaçı tərəfindən həmin məbləğ ödənilərək daşınmaz əmlak sonuncunun mülkiyyətinə verilmişdir. Xeyli müddətdir ki, avtomobil dayanacağı sahəsi iddiaçının mülkiyyətində və sərəncamında olmasına baxmayaraq, cavabdeh son vaxtlar iddiaçının həmin sahədən rahat istifadəsinə süni əngəllər yaratmağa çalışır. Belə ki, cavabdeh avtomobil dayanacağı sahəsinə iddiaçının avtomobillə girişini əngəlləməklə, yalnız bir avtomobilin əraziyə girişinə icazə verildiyini, digər avtomobili idarə edərkən onun girişinin mümkün olmadığını, məhdud sayda gedib-gəlməli olmağını və s. absurd əsaslarla iddiaçıya süni maneələr yaradır. Dəfələrlə cavabdehə qanunsuz olaraq əmlakından istifadəsinə maneəçilik törətməməsini, qanunsuz əməllərinə son verməsini, məsələnin aralarında sülh yolu ilə həll edilməli olmasını bildirsə də cavabdeh heç bir razılığa gəlməmişdir. İddiaçı cavabdehlə aralarında razılığa gələ bilmədiyi üçün hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh heç bir qanuni əsas olmadan iddiaçının hərəkətlərində pozuntu halı aşkar etmədən və səbəbini bildirmədən, öz səlahiyyətlərinə aid olmayan qanunsuz müdaxilələr etməklə, iddiaçının mülkiyyət hüquqlarını pozmuş və hələ də pozamaqda davam edir. Odur ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən iddiaçı ilə "xxxx" MTK arasında xx.xx.2018-ci il tarixdə bağlanmış V28/18 №-li Razılaşma üzrə satılmış, Kompleksin - 12.30 səviyyəsində yerləşən P73 nömrəli avtomobil dayanacağı sahəsindən iddiaçının sərbəst istifadəsinə və girişinə cavabdeh tərəfindən yaradılan süni və qanunsuz maneələrin (yalnız bir avtomobilin əraziyə girişinə və qarajda saxlanılmasına icazə verildiyi, digər avtomobili idarə edərkən onun girişinin mümkün olmadığı, gediş-gəlişin məhdudlaşdırılması və s.) aradan qaldırılması, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat məbləğində pulun cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Maraqlı şəxs MMC-nin nümayəndəsi X2 iddianı qəbul etməyərək bildirmişdir ki, maraqlarını məhkəmədə təmsil etdiyi Maraqlı şəxs MMC “Vurğun Residence” yaşayış kompleksinin idarəedici təşkilatı qismində çıxış edir. İddiaçının Cavabdeh MMC ilə bağladığı müqaviləyə əsasən yalnız bir avtomobil dayanacağı sahəsi əldə etmişdir. Bir avtomobil dayanacağında yalnız bir avtomobilin saxlanılması mümkündür. İddiaçının istifadəsində iki avtomobil mövcuddur və hər iki avtomobilə dair məlumatlar parkinqə nəzarət edən sistem vasitəsilə qeydiyyata alınmışdır. İddiaçının istifadəsində olan P73 nömrəli sahədə artıq avtomobil saxlanıldığı halda, elektron sistem digər avtomobilin avtoduracaq sahəsinə buraxılmamasını təmin edir. Daxili araşdırma nəticəsində müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən Kompleksin daxilində avtoduracaq sahəsindən istifadə ilə əlaqədar tətbiq edilən ümumi qaydalara məhəl qoyulmamış və hər iki avtomobil ümumi yeraltı avtoduracaq sahəsinə daxil edilərək, avtomobillərdən ikincisi ya Kompleksin digər sakininə məxsus olan yerdə, ya da iddiaçının özünə məxsus olan yerdə sıxışdırılaraq saxlanılmışdır. Bu da avtoduracağın ümumi sahəsinə müdaxilə hesab edilərək, digər avtomobillərin keçidinə, həmçinin parklanmasına maneə yaradır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, sonuncunun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan sifarişçi İddiaçı ilə icraçı Cavabdeh MTK arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən iddiaçı cavabdehdən Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti, 360 ünvanında tikilən Kompleksin -15.40 səviyyəsində yerləşən P63 nömrəli avtomobil dayanacaq sahəsini almışdır. İşdə olan tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Müqaviləyə dəyişikllik edilməsi barədə Razılaşma”ya əsasən Kompleksin -15.40 səviyyəsində yerləşən P63 nömrəli avtomobil dayanacağı sahəsi, Kompleksin -12.30 səviyyəsində yerləşən P73 nömrəli avtomobil dayanacağı sahəsinə dəyişdirilmişdir. Bu müqavilələr üzrə əmlakın dəyəri 50.000 manat məbləğində müəyyən edilmiş və iddiaçı tərəfindən həmin məbləğ ödənilərək daşınmaz əmlak sonuncunun mülkiyyətinə verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında “Vurğun Residence” yaşayış kompleksində yerləşən avtodayanacaqda dayanacaq sahəsinin alqısatqısı ilə bağlı müqavilə bağlanmış və iddiaçı 50.000 manat məbləğində pul vəsaitini Cavabdeh MTK-ya ödəyərək həmin sahəni əldə etmişdir. Hazırda qeyd olunan yaşayış kompleksi digər cavabdeh olan Maraqlı şəxs MMC tərəfindən idarə olunur. İddiaçının mülkiyyətində iki ədəd avtomobil olduğuna görə o hər iki avtomobili əldə etdiyi dayanacaq yerində saxlayır, cavabdehlər isə həmin avtodayanacaq yerinin yalnız bir avtomobil üçün nəzərdə tutulduğuna istinad edərək iddiaçıya əldə etdiyi avtodayanacaq yerində ikinci avtomobilin saxlanmasına maneçilik yaradır. Hazırki mübahisə ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 60.1-ci maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müsafiəsinə təminar verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.4-cü maddəsinə əsasən mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin əsas prinsiplərindəndir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 71-ci maddəsinin birinci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Həmin Məcəllənin 170.1 və 170.2-ci maddələrinə görə ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, «mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir». Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, «Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı prinsipləri mülki dövriyyəni təmin etmək, sahibkarlıq fəaliyyətini dəstəkləmək, sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmağa yönəldilmiş fundamental doktrina hesab olunur və mülki-hüquq münasibətləri iştirakçılarının (qanunvericiliklə nəzərdə tutulan hədlərdə) maraqlarının tarazlaşdırılmış tənzimlənməsinə xidmət edir. Bu baxımdan əmlak hüquqlarının reallaşdırılması, öhdəliklərin yerinə yetirilməsilə bağlı münasibətlərə hər hansı qanunsuz müdaxilə edilməsi, maneə yaradılması məqbul hesab oluna bilməz». Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz». İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı» iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. «Sporronq və Lonnpot İsveçə qarşı» işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ şərti və qeyri-sabit xarakter almış olur. Avropa İnsan Hüquqları Məhkəməsinin praktikası üzrə «Vinterverp Niderlanda qarşı» (A33(1979)) işdə Məhkəmə bildirmişdir ki, «Hüquqi müəyyənlik prinsipi lazımi qaydada əlçatan olan və kifayət qədər dəqiq ifadə edilən, yəni «qanun» anlayışının tələblərinə cavab verən dövlətdaxili normativ aktların mövcud olmasını və onlara riayət edilməsini nəzərdə tutur. Eyni zamanda, «X4 LTD» şirkəti İrlandiyaya qarşı» işdə (A222(1991)) Avropa Məhkəməsi qərara almışdır ki, müəyyən halların baş verəcəyini hüquqa uyğun olaraq gözləmə 1-ci maddənin müdafiə etdiyi hüquq sayıla bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında bağlanmış nə xx.xx.2017-ci il tarixli müqavilədə, nə də xx.xx.2018-ci il tarixli “Müqaviləyə dəyişikllik edilməsi barədə Razılaşma”da iddiaçının əldə etdiyi avtodayanacaq yerinin məhz bir avtomobil üçün nəzərdə tutulması barədə qeyd-şərt öz əksini tapmamışdır. Digər tərəfdən, həm iddiaçı, həm də cavabdeh Maraqlı şəxs MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş fotoşəkillərdən görünür ki, iddiaçı iki ədəd avtomobilini ona aid olan sahədə yerləşdirəndə ikinci (irəlidə duran) avtomobilin qabaq hissəsi müəyyən qədər avtoduracağın ümumi sahəsinə müdaxilə edir ki, bunun da digər avtomobillərin keçidinə, həmçinin parklanmasına hər-hansı maneə yaradılması istisna olunur. Göründüyü kimi, cavabdehlər heç bir qanuni əsas olmadan öz səlahiyyətlərinə aid olmayan müdaxilələr etməklə, iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırmışdılar. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçı ilə "xxxx" MTK arasında xx.xx.2018-ci il tarixdə bağlanmış V28/18 №-li Razılaşma üzrə satılmış, Kompleksin -12.30 səviyyəsində yerləşən P73 nömrəli avtomobil dayanacağı sahəsindən iddiaçının sərbəst istifadəsinə və girişinə cavabdehlər tərəfindən yaradılan maneələrin (yalnız bir avtomobilin əraziyə girişinə və qarajda saxlanılmasına icazə verildiyi, digər avtomobili idarə edərkən onun girişinin mümkün olmadığı, gediş-gəlişin məhdudlaşdırılması və s.) aradan qaldırılması, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat məbləğində pulun cavabdehlərdən alınaraq iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə cavabdeh "xxxx" MTK arasında xx.xx.2018-ci il tarixdə bağlanmış V28/18 №-li Razılaşma üzrə satılmış, “Vurğun Residence” Yaşayış Kompleksinin -12.30 səviyyəsində yerləşən P73 nömrəli avtomobil dayanacağı sahəsindən iddiaçının sərbəst istifadəsinə və girişinə cavabdehlər Maraqlı şəxs MMC və "xxxx" MMC tərəfindən yaradılan maneələr (yalnız bir avtomobilin əraziyə girişinə və qarajda saxlanılmasına icazə verilməsi, digər avtomobili idarə edərkən onun girişinin mümkün olmadığı, gediş-gəlişin məhdudlaşdırılması və s.) aradan qaldırılsın. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (bir yüz) manat məbləğində pul cavabdehlərdən alınaraq iddiaçının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar