Məhkəmə qərarları › İş №e-2(006)-3746/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3746/2024

17.10.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3746/2024 17.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və mənzildən istifadə hüququnun müəyyən edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və mənzildən istifadə hüququnun müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı övladı xx.xx.2015-ci il təvəllüdlü X7 ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, X17 küçəsi, ev 174, mənzil 16-ya köçürülməsi və həmin mənzildən istifadə hüquqlarının bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, X17 küçəsi 174 ünvanında yerləşən 16 saylı mənzilə onun oğlu X11 ilə xx.xx.2014-cü tarixdə nikaha daxil olduqdan sonra köçüb yaşamışdır. Qayınatası yəni, Cavabdeh rəsmi qaydada, yəni notarial qaydada razılığı ilə yuxarıda qeyd olunan ünvana, yəni mənzilə qeydiyyata alınmışdır. Həmin mənzildə yaşadığı müddətdə xx.xx.2015-ci il təvəllüdlü X7 anadan olmuşdur. Ailə qurduğu ilk vaxtlar münasibətləri normal olsa da, sonradan cavabdehin oğlunun ona qarşı laqeydlik, hörmətsizlik və ailə münasibətlərinə uymayan hərəkətləri nəticəsində münasibətləri pozulmuşdur. Nəticədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-1265/2021 saylı qətnaməsi ilə X11 ilə nikahlarına xitam verilmişdir. İddiaçı cavabdehə məxsus Bakı şəhəri, Nəsimi rayonu, X17 küçəsi 174 ünvanında yerləşən 16 saylı mənzildə pasport qeydiyyatındadır. Cavabdehin oğlu ilə nikahları pozulduqdan sonra sonuncu onu əsassız olaraq həmin mənzilə yaşamağa buraxmamış və əsassız olaraq yaşamaq hüququndan qeyri-qanuni olaraq məhrum edilmişdir. Bu səbəbdən azyaşlı uşağı xx.xx.2015-ci il təvəllüdlü X7 ilə birlikdə sığınacaqda və sonradan isə kirayədə yaşamağa məcbur qalmışdır. Onun özünü və övladını daimi, yaxud da müvəqqəti yaşayış yeri ilə təmin etməyinə imkanı çatmır. Hətta cavabdehin oğlu aliment öhdəliklərini vaxtında yerinə yetirmir. Ümumiyyətlə, keçmiş qaynatasının və oğlunun yəni, keçmiş həyat yoldaşının əlbir olaraq onu və azyaşlı uşağını mənzildən qovmaqda və yaşamağa imkan verməməkdə əsas səbəbi onun gəlin köçdüyü evi, mənzili satmaq niyyətləridir. Həmin ərazilər plana düşdükdən sonra o, mənzildən uşaqla birlikdə qovulmuş, onun ailəsində söz-söhbətlər səngiməmişdir. Nəticədə onu yaşadığı mənzildən kobudcasına qovmuşlar. Tərəflərin iştirakı və izahatlar: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışının surətindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən Bakı şəhəri, Nəsimi rayonu, X17 küçəsi, ev 174, mənzil 16 ünvanında qeydiyyatdadır. Həmin ünvanda qeydiyyatda olan digər şəxslər qrafasında qeyd olunmuşdur: X7, X2, X12, X6, X8, X13, X11, X3, X9 və X16. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2024-cü il tarixli arayışının surətindən görünür ki, 1944-cü il təvəllüdlü Cavabdeh, ünvan 3 ünvanında qeydiyyatdadır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il trixli, 2(006)-1265/2024 nömrəli qətnaməsinə əsasən iddia tələbi təmin edilərək, X11 ilə İddiaçı arasında xx.xx.2014-cü il tarixdə bağlanmış və 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2014-cü ildə 361 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflər arasında olan nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından olan xx.xx.2015-ci il təvəllüdlü X1 anası İddiaçı yanında qalması müəyyən edilərək, xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X4 20 noyabr 2020-ci il tarixdən başlayaraq (xx.xx.2021-ci il tarixli müvəqqəti alimentin tutulması barədə qərardad nəzərə alınmaqla) hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. X10 ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmlak kirayəsi müqaviləsinin surətindən görünür ki, X5 məxsus ünvan 5 ünvanında yerləşən 1 nömrəli, ikiotaqlı mənzili hər ay 380 manat ödəmək şərti ilə İddiaçı kirayəyə verilmişdir. Müqavilə xx.xx.2025-ci il tarixədək etibarlıdır. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətəlayiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 11.2-ci maddəsinə əsasən oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 13.4-cü maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə, irəli sürülmüş iddia tələbini, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, İddiaçı iş üzrə Cavabdeh övladı X11 ilə birgə nikaha daxil olmuş, 2014-cü ildən etibarən Bakı şəhəri, Nəsimi rayonu, X17 küçəsi 174 ünvanında yerləşən 16 saylı mənzilə köçərək yaşamışdır. İddiaçı X11 ilə birgə nikahından olan övladı X7 da digər ailə üzvləri birlikdə mübahisəli yaşayış sahəsində yaşamışlar. Lakin İddiaçı ilə X11 arasında olan nikaha 2021-ci ildə xitam verildikdən sonra İddiaçı mübahisəli yaşayış sahəsini tərk edərək başqa yaşayış sahəsindən istifadə etməyə başlamışdır. İddiaçının istinad etdiyi kimi onun keçmiş qayınatasının, hazırkı iş üzrə cavabdehin razılığı ilə mübahisəli mənzilə köçərək yaşaması və pasport qeydiyyatına alınması onun mülkiyyətçinin oğlu ilə nikah münasibətlərinə xitam verildikdən sonra həmin mənzildən istifadə hüququnun saxlanmasına əsas verən hal kimi qiymətləndirilə bilməz. Belə ki, şəxsin yaşayış yerində pasport qeydiyyata alınması informativ xarakter daşıyır və onun yaşayış yerində hər hansı mülkiyyət hüququnun yaranmasına əsas vermir. Həmçinin, iddiaçı həmin mənzilin onların yeganə yaşayış sahəsi olmasına dair ötən 3 il ərzində tələb irəli sürməmişdir. Göründüyü kimi iddiaçının həmin mənzildən istifadə hüququ yoxdur. Odur ki, iddiaçının mənzilə köçürülmə, mənzildən istifadə hüququnun bərpa olunması barədə tələbləri əsassızdır və təmin edilməməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və mənzildən istifadə hüququnun bərpa olunması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar