Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3747/2022 19.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “işə bərpa və s. tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “işə bərpa və s. tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Kəlbəcər rayonunda doğulmuşdur. 1993-cü ildə Kəlbəcər rayonundan məcburi köçkün düşmüşdür. 2017-ci il tarixdən xx.xx.2022-ci ilədək "xxxx" ASC-nə satış kanalları üzrə mütəxəssis vəzifəsində işləmişdir. Həmin müddətdə işdə heç bir problemi və səhlənkarlığı olmamışdır. Hətta rəhbərliyin əmrin vaxtında və layiqincə yerinə yetirməklə rəğbətini qazanmışdır. Belə ki, xx.xx.2017-ci il tarixindən "xxxx" ASC-nin müqavilələr və hesabatlılıq şöbəsində assistent kimi fəaliyyətə başlamışdır. İş prosesində göstərdiyi diqqət və qazandığı uğurlar nəticəsində işlədiyi dövrlərdə telesatış, birbaşa satış, satış kanallarının idarə olunması şöbələrində müvafiq vəzifə dəyişiklikləri olub. İddiaçı işlədiyi müddətdə vəzifə öhdəliklərindən əlavə olaraq şirkətin daha artıq gəlir qazanması üçün kompaniyalarda verdiyi təkliflər uğur qazanmış və şirkətə gəlir gətirmişdir. Bundan əlavə, iş prosesinin dayanmaması və fasiləsiz həyata keçirilməsi üçün qeyri-iş günlərində və qeyri-iş saatlarında şirkət üçün çalışmışdır. xx.xx.2021-ci il tarixində satışların artırılması məqsədi ilə motivasiyalı kompaniya təşkil olunmuşdur. Kompaniyanın şərtlərinə görə komissiyasız 25 000 manat məbləğində və ondan yüksək satış edən əməkdaşa super hədiyyə təqdim olunacaqdı (İphone 12 pro). 3 ay müddətində 30 000 manat civarında ümumi (komisyalı və komisyasız) sığorta satışı həyata keçirdi. Lakin qeyd olunan məbləğ daxilində komisyasiz satış 25 000 manata çatmadığı üçün komissiyalı satışları komanda yoldaşının komissiyasız satışları ilə dəyişdirdi. Kompaniya bitdikdən sonra yoxlanıldı və hədiyyə təqdim olundu. Hədiyyə təqdim olunduqdan 10 gün sonra audit departamentinin əməkdaşları kompaniyada hər hansı bir halın olduğunu soruşduğu zaman çatışmayan məbləğin komanda yoldaşı ilə dəyişdirdiyini bildirdi. Məsələ rəhbərliyə yönləndirildi və iddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsini “ç” bəndinə əsasən işdən azad etdilər. İddiaçının əmək fəaliyyəti dövründə göstərdiyi xidmət qüsursuz və təqdirə layiq olub. Şəxsi işində bununla bağlı təşəkkürlər mövcuddur. xx.xx.2021-ci il tarixdə iddiaçını çağırıb işdən çıxarma barədə əmri ona təqdim etdilər. Sonradan işə bərpa olunmaq istəsə də, bildirdilər ki, artıq işdən azad olunmuşdur. Göstərilənlərə əsasən cavabdeh "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 61 saylı əmrinin ləğv olunması, iddiaçının "xxxx" ASC-yə satış kanalları üzrə mütəxəssis vəzifəsinə bərpa olunmağı, məcburi işburaxma günləri üçün xx.xx.2022-ci il tarixdən məhkəmə qərarı icra olunduğu günə qədər bütün müddət üçün əmək haqqının və əmək haqqına nisbətdə müəyyən olunan əlavələrin, mükafatların hesablanaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək, bildirmişdir ki, iddiaçı sui-istifadə hallarına yol vermiş, işəgötürənə ziyan vurmuşdur. Buna görə də onun işdən azad olunması qanuni olmuşdur. Eyni zamanda, ərizə təqdim edərək, iddia müddətinin ötürülməsi səbəbindən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 61 saylı əmrindən görünür ki, "xxxx" ASC-nin Satış kanalları üzrə mütəxəssisi İddiaçı iş prosesi zamanı AR ƏM-in 10-ci maddəsinin “a” bəndini (əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək) kobud şəkildə pozmuşdur. Beləliklə, bu Məcəllənin 186-cı maddəsinin “ç” bəndini əsas götürərək onunla bağlanmış əmək müqaviləsinə AR ƏM-in 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə) 21 fevral 2022-ci il tarixdə xitam verilməsi və tutduğu vəzifədən azad edilməsi əmr edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Əsaslandırıcı hissə: Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı əmək müqaviləsi üzrə vəzifələrini kobud şəkildə pozduğuna görə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Həmin əmrdən narazı qalmış iddiaçı yuxarıda göstərilən tələbləri irəli sürərək məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə görə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilmə əsaslarından biri də işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasıdır. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı qüvvədə olan əmək qanunvericiliyinə və işəgötürən ilə onun arasında bağlanmış əmək müqaviləsinin müddəalarına zidd olaraq əmək müqaviləsi üzrə öhdəliklərini və əmək funksiyasını vicdanla yerinə yetirməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinə görə aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ona həvalə olunmuş vəzifə səlahiyyətlərindən sui-istifadə edərək əmək funksiyasını vicdanla yerinə yetirməməklə "xxxx" ASC-yə ziyan vurmuşdur. Göründüyü kimi işəgötürən iddiaçını Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad etməklə (əmək müqaviləsinə xitam verməklə) haqlı olmuşdur. Bundan əlavə araşdırmalar zamanı müəyyən olundu ki, İddiaçı xx.xx.2022-ci il tarixli əmrə əsasən (əmrin məzmunu ilə xx.xx.2022-ci il tarixdə tanış olmuşdur) işdən azad olunmuş, iddiaçı xx.xx.2022-ci il tarixli “Mediasiya prosesinin tətbiqi barədə təklif” məktubu ilə "xxxx" ASC-yə müraciət etmiş, həmin məktub xx.xx.2022-ci il tarixində Cəmiyyətə daxil olmuş, hazırki iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmiş və nəticədə iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinin tələbinə görə fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin müddəaya əsaslanaraq, cavabdeh təşkilatın nümayəndəsi ərizə ilə müraciət edərək, iddia müddətinin tətbiq olunmasını və buna görə də iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. İddia müddəti ilə bağlı «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır». Analoji mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında da təkrarlayaraq, Məhkəmə göstərmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanunauyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “işə bərpa və s. tələbi”nə dair iddiası əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “işə bərpa və s. tələbi”nə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №e-2(006)-3747/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3747/2022
19.09.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver