Məhkəmə qərarları › İş №e-2(006)-3771/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3771/2025

12.08.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3771/2025 12.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Fərəcova Gülşən Sabit qızının sədrliyi, Əliyev Əmrah Səbuhi oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə və Cavabdeh nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı işə bərpa tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq , müəyyən etdi:

1. İşin halları: İddiaçı xx.xx.2025-ci il tarixli, HR xx-xx/2025 saylı əmrin ləğv edilməsi, İddiaçı yenidən Cavabdeh MMC-yə direktor vəzifəsinə bərpa edilməsi, qanunsuz işdən çıxarıldığına görə xx.xx.2025-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqınının hesablanaraq ödənilməsi, 1500 (bir min beş yüz) manat vəkil xərci, 57.75 manat mediasiya ödənişinin Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Cavabdeh MMC (bundan sonra MMC) arasında xx.xx.2023-cü il tarixində əmək müqaviləsi bağlanaraq cavabdeh təşkilata direktor vəzifəsinə işə qəbul edilmişdir. Sözü gedən əmək müqaviləsi müddətsiz bağlanmışdır və həmin müqaviləyə əsasən işçiyə hər ay 4000 (dörd min) manat gross məbləğdə əmək haqqının ödənilməsi qeyd edilmişdir. MMC-nin Ümumi yığıncağının xx.xx.2025-ci il tarixli qərarı ilə İddiaçı xx.xx.2025-ci il tarixində HR xxxx/2025 saylı əmrlə işdən azad olunmuşdur. Aşağıdakı əsaslar görə əmri qanunsuz hesab edirik: xx.xx.2025-ci ildə təsisçilərin ümumi yığıncağı keçirilsə də İddiaçı iştirakı təmin olunmamış və işdən çıxarılması barədə yalnız xx.xx.2025-ci il tarixində məlumatlandırılmışdır və həmin tarixdə əmrlə tanış edilmişdir. Halbuki MMC-nin Ümumi yığıncağının xx.xx.2025-ci il tarixli qərarında İddiaçı işdə sonun gününün xx.xx.2025-ci il tarixi olması göstərilsə də həmin tarixdə o, öz vəzifələrini icra etmiş işdən azad olunması barədə məlumatsız olmuşdur. xx.xx.2025-ci il tarixində də eyni ilə öz vəzifələrinin icrasını görmək üçün iş yerinə gəldik də şifahi olaraq işdən azad olunması barədə ona məlumat verilmişdir. Onun son iş tarixi xx.xx.2025-ci il tarixi olsaydi, xx.xx.2025-ci il tarixində İddiaçı işə gəlməzdi və əmr də xx.xx.2025-ci il tarixində imzalanmalı idi. Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci bəndinə əsasən Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Göründüyü kimi qərarda son iş günü xx.xx.2025-ci il göstərilsə də İddiaçı faktiki son iş günü xx.xx.2025-ci il olmuşdur. Həmin Maddənin 2-ci və 3-cü bəndlərinə əsasən elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. MMC işdən azad olma ilə bağlı qərar verərkən xx.xx.2025-ci il tarixli Əmək Müqaviləsinin 10.4.4-cü maddəsinə istinad etmişdir. Halbuki Əmək müqaviləsinin 10.4.4-cü maddəsi qanunvericiliyin tələblərinə ziddir. Belə ki, Əmək Məcəlləsində işçinin dərhal işdən azad olunması məsələsi nəzərdə tutulmamışdır. Buna görə də hazırki maddə bağlandığı tarixdən etibarsızdır. Bundan başqa, İddiaçı müəssisənin direktoru olduğuna görə əmri özü imzalamalı olduğu halda onun adından əmr hazırlansa da əmr onun tərəfindən imzalanmamışdır. Onun işdən azad olunması barədə bildiriş də elektron sistemə mühasib tərəfindən asan imza ilə əlavə olunmuşdur. MMC-nin Ümumi yığıncağının xx.xx.2025-ci il tarixli qərarında İddiaçı işdən çıxarılma səbəbi kimi MMC-nin maliyyə vəziyyətinin pisləşməsi, mənfəətin olmaması göstərilsə də əmək müqaviləsində buna görə İddiaçı məsuliyyət daşımalı olması və yaxud da bu əsasla işdən azad oluna biləcəyi göstərilməmişdir. Həmçinin, İddiaçı direktor vəzifəsinə qəbul olunan zaman MMC-nin maliyyə vəziyyəti mənfidə olmuşdur. Onun direktor olduğu ildə isə MMC mənfidən çıxmışdır. Əmək müqaviləsinin 10.3-cü maddəsində bu müqavilənin AR Əmək Məcəlləsinin tələblərinə müvafiq olaraq ləğv edilməsi nəzərdə də tutulsa da İddiaçı münasibətdə qanunvericiliyin tələbləri pozulmuşdur. Həmçinin hesab edirik ki, cavabdeh MMC tərəfindən İddiaçı qanunsuz işdən çıxarıldığına görə cavabdeh ona işdən çıxarıldığı günün sonrakı günündən yəni xx.xx.2025-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqını ödəməyə borclu olduğunu qeyd etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə yazılı etirazında qeyd etmişdir ki, iddiaçı qeyd edir ki, Cəmiyyətin xx.xx.2025-ci il tarixdə keçirilmiş ümumi yığıncağında onun iştirakı təmin edilməmişdir.Cəmiyyətin iştirakçılarının ümumi yığıncağında cəmiyyətin paylarının əlli faizindən artıq hissəsinə malik olan iştirakçıları iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir.Hazırda xx.xx.2025-ci il tarixli qərar "X1" MMC-nin növbədənkənar ümumi yığıncağında, onun yeganə təsisçisi X5 tərəfindən qəbul edilmiş və o ümumi yığıncağın səlahiyyətlərini təkbaşına həyata keçirmişdir. İddiaçı həmçinin qeyd edir ki, ümumi yığıncağın qərarında iddiaçının son iş günü 1 aprel 2025-ci il göstərilsə də, o, 2 aprel 2025-ci il tarixində azad edilmişdir. O, həmçinin 1 aprel 2025-ci il tarixdə öz əmək funksiyalarını icra etmiş və onun yalnız 2 aprel 2025-ci il tarixdə işdən çıxarıldığı barədə məlumatı olmuşdur.Göründüyü kimi, iddiaçı ilə əmək münasibətlərinə Konstitusiya Məhkəməsinin Qərarında göstərildiyi kimi, Mülki Məcəllənin tələblərinə uyğun xitam verilmiş və onunla son haqq-hesab Əmək Məcəlləsinin normalarına uyğun aparılmışdır.Odur ki, iddiaçının bu arqumenti də əsassızdır.İddiaçı daha sonra qeyd edir ki, Cəmiyyət işdən azad etmə qərarını əmək müqaviləsinin 10.4.4-cü maddəsinə əsasən əsaslandırsa da, həmin maddə qanunvericiliyə zidd olduğundan etibarsızdır, çünki Əmək Məcəlləsində işçinin dərhal işdən azad olunması nəzərdə tutulmayıb.İlk olaraq qeyd edilməlidir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinin 10.4.4- cü maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75.2(d) maddəsini rəhbər tutaraq, işçi birmənalı olaraq razılaşır ki, "X1" MMCnin baş direktoru vəzifəsindən azad edilməsi barədə qərarı bu müqavilənin işəgötürən tərəfindən dərhal ləğv edilməsi üçün əsasdır. Əmək Məcəlləsinin 75.2 (d) maddəsinə əsasən əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə aşağıdakı əlavə hallar nəzərdə tutula bilər: d) bu maddənin tələblərinə əməl edilməklə tərəflərin müəyyən etdiyi digər hallar .Göründüyü kimi, tərəflər əmək müqaviləsinin ləğvi səbəblərindən biri kimi Cəmiyyətin Ümumi Yığıncağının direktorun səlahiyyətlərinə xitam verilməsinə dair qərarını göstərmişlər. İddiaçı isə həmin əmək müqaviləsini imzalamaqla şərti qəbul etmişdir.Ümumiyyətlə qeyd edilməlidir ki, hüquqi şəxslə hüquqi şəxsin icra orqanının arasında olan münasibət daha çox mülki xarakterlidir.Həmin qərarda həmçinin qeyd edilmişdir ki, hüquqi şəxslə hüquqi şəxsin idarəetmə orqanı arasında yaranan münasibətlər əsasən mülki xarakterli olmaqla mülki qanunvericiliyin müvafiq normaları ilə tənzimlənsə də, hüquqi şəxsin icra orqanının rəhbərinin əmək və sosial hüquqlarının qorunması məqsədilə hüquqi şəxsin təsisçisi ilə faktiki əmək münasibətlərində olan icra orqanının rəhbəri ilə arasında əmək müqaviləsi rəsmiləşdirilməlidir. Həmçinin Mülki Məcəllənin 91.3.2-ci maddəsinə əsasən cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aid edilmişdir.Göründüyü kimi, hüquqi şəxs ilə onun icra orqanı (direktoru) əsasında olan münasibət daha çox mülki xarakter daşıyır, cəmiyyətin direktorunun səlahiyyətlərinə də xitam verilməsi mülki qanunvericiliyə əsasən həll edilməlidir.Mülki Məcəlləyə görə isə direktorun səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək cəmiyyətin ümumi yığıncağının müstəsna səlahiyyəti olduğundan hazırkı halda da Cəmiyyətin təsisçisi iddiaçının səlahiyyətlərinə xitam verilməsi barədə qərar qəbul etməklə və həmin qərar əsasənda da tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verməkdə haqlı olmuşdur.Bundan başqa, İddiaçı qeyd edir ki, o, Cəmiyyətin direktoru olduğuna görə əmək müqaviləsinə xitam verilməsinə dair əmri də o imzalamalı idi.Qeyd edilməlidir ki, KM Qərarında təsbit edilmiş mövqeyə uyğun olaraq, İddiaçı ilə bağlanmış əmək müqaviləsində işəgötürən qismində Cəmiyyətin yeganə təsisçisi çıxış etmişdir.Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən, işəgötürən tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir.Hazırkı mübahisədə isə təsisçi işəgötürən qismində çıxış etdiyindən, əmr də onun tərəfindən qəbul edilmiş və müvafiq olaraq İddiaçıya təqdim edilmişdir.İddiaçı son olaraq iddia ərizəsində göstərmişdir ki, Cəmiyyətin ümumi yığıncağının qərarına əsasən, İddiaçının işdən çıxarılma səbəbi kimi Cəmiyyətin maliyyə vəziyyətinin pisləşməsi göstərilmişdir. Halbuki, əmək müqaviləsində buna görə məsuliyyəti iddiaçının daşımalı olduğu və ya bu əsasla işdən azad oluna biləcəyi təsbit edilməmişdir.Halbuki, Cəmiyyətin ümumi yığıncağının 26 mart 2025-cü il tarixli qərarında İddiaçının səlahiyyətlərinə xitam verilməsi səbəbi ümumiyyətlə göstərilməmişdir. Mülki Məcəllənin 91.3-cü maddəsinə əsasən, icra orqanının səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının ümumi yığıncağının səlahiyyətidir və belə xitam üçün hər hansı bir səbəb tələb olunmur.Lakin qeyd edilməlidir ki, ümumilikdə hüquqi şəxsin icra orqanı həmin hüquqi şəxsin maliyyə vəziyyətinin pisləşməsinə görə məsuliyyət daşıya bilər.Belə ki, Mülki Məcəllənin 49.3-cü maddəsinə əsasən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır.Həmçinin, Əmək Məcəlləsinin 193-cü maddəsinə uyğun olaraq, mülkiyyətçi ilə əmək müqaviləsi əsasında fəaliyyət göstərən işəgötürən, özünün qanunazidd hərəkətləri nəticəsində mülkiyyətçiyə vurduğu ziyana görə bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada və hallarda tam maddi məsuliyyət daşıyır.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında qeyd edilir ki: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir." İddiaçı isə iddia ərizəsində istinad etdiyi halları sübuta yetirə bilməmişdir.Odur ki, iddia tamamilə əsassızdır.İddiaçı Cavabdehnə qarşı əmrin ləğvi, işə bərpa və əmək haqqının ödənilməsinə dair iddiasının rədd edilməsinə, iddiaçının hazırkı iş ilə bağlı maraqlarının qorunması üçün göstərilən hüquqi xidmətlərə görə BM Morrison Partners hüquq şirkətinə ödənilmiş 4,000 manat məbləğin iddiaçıdan tutulmasına dair qətnamə qəbul edəsiniz.

2. Məhkəmə iclasında verilən izahatlar: Məhkəmə iclasında iddiaçının vəkili iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, iddia tələbinin təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi həmcinin bildirmişdir ki, baxmayaraq ki, xx.xx.2025-ci ildən etibarən iddiaçı cavabdeh MMC-də fəaliyyət göstərmir, lakin onun elektron imzasından xx.xx.2025-28.0.2025-ci il tarixləri aralığında istifadə edilmişdir.Bununla bağlı Dövlət Vegi Xidmətinə sorğu göndərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili iddiaya qarşı etiraz ərizəsində qeyd edilənlərə uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini xahiş etdi.

3.İş materialları: İş materiallarında olan 21 Dekabr 2023-cü il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh MMC (Bundan sonra MMC) arasında xx.xx.2025--ci il tarixində əmək müqaviləsi bağlanaraq cavabdeh təşkilata direktor vəzifəsinə işə qəbul edilmişdir. Sözü gedən əmək müqaviləsi müddətsiz bağlanmışdır və həmin müqaviləyə əsasən işçiyə hər ay 4000 (dörd min) manat məbləğdə əmək haqqının ödənilməsi qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin Ümumi yığıncağının xx.xx.2025-ci il tarixli qərarı ilə İddiaçı xx.xx.2025-ci il tarixində HR xx-xx/2025 saylı əmrlə işdən azad olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixində HR xx-xx/2025 saylı əmrdən görünür ki, Əmək muqaviləsinin 1.0,4.4-cü maddəsi nəzərə alınmaqla, Cavabdeh MMC-i ilə X3 arasında imzalanmış 21 dekabr 2025-cü il tarixli əmək müqaviləsinə 02 aprel 2025-ci il tarixdə AR Əmək Məcəlləsinin 68.2 (e) maddəsinə əsasən xitam verilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 5- 98/2-254 /2025 nömrəli sorğu məktubuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 iyul 2025-ci il tarixli , 3-21-2-1/2- 75606/2025 saylı məktubuna əlavə edilmiş ASAN imzası ilə aparılan əməliyyatlara dair çıxarışdan görünür ki, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixləri aralığında İddiaçı ASAN imzası ilə əməliyyatların aparılması müəyyən edilmişdir.

4. Tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: Maddə 3:

3. İşəgötürən – tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs. Maddə 68. 1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Maddə 75. 1. Tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər.

2. Əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə aşağıdakı əlavə hallar nəzərdə tutula bilər: a) tərəflərin qarşılıqlı razılığı; b) səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışması sağlamlığı üçün təhlükəli olduğu barədə tibb müəssisəsinin müvafiq rəyinə görə; c) əmək funksiyasının müəyyən müddətdə icrası zamanı müvafiq iş yerində peşə xəstəliyinə tutulmanın yüksək ehtimalı olduğu halda; ç) işin və ya göstərilən xidmətlərin həcminin azalması ilə əlaqədar müəyyən dövr keçdikdən sonra işçi ilə hökmən yenidən əmək müqaviləsi bağlayacağı şərti ilə işəgötürən yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) məcburi öhdəlik götürdükdə; d) bu maddənin tələblərinə əməl edilməklə tərəflərin müəyyən etdiyi digər hallar.

3. Tərəflər əmək münasibətlərinin gələcəkdə daha dolğun tənzimlənməsini təmin etmək məqsədi ilə bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş hallardan işçinin əmək şəraitinə uyğun olanını əmək müqaviləsinə hökmən daxil etməlidirlər.

4. Əmək müqaviləsinə ona xitam verilməsi barədə tərəflərin nəzərdə tutduqları hallar bu Məcəllənin 2-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş işçinin və işəgötürənin hüquqlarının təminatı prinsiplərinə zidd olmamalıdır.

5. Əmək müqaviləsinə xitam verilməsinə dair tərəflər onların şərəf və ləyaqətini alçaldan, bu Məcəllədə nəzərdə tutulan hüquqlarını məhdudlaşdırmağa yönəldilən şərtlər müəyyən edə bilməzlər. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 300.1. Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 91.1. Məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda, habelə ictimai əhəmiyyətli qurumlarda cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya) təftiş komissiyası (müfəttiş) yaradılır. Məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və ya təkbaşçı) yaradılır. Cəmiyyətin kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri onun iştirakçıları olmayanların sırasından da seçilə bilər. 91.1-1. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. Hər bir iştirakçının cəmiyyətin iştirakçılarının ümumi yığıncağında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla), şəxsən iştirak etmək və ya bu Məcəllə ilə müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq, ümumi yığıncağın gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək hüququ vardır. İştirakçıların həmin hüquqlarını məhdudlaşdıran hər hansı razılaşma və ya hərəkət etibarsızdır. Cəmiyyətin iştirakçılarının ümumi yığıncaqda hər bir iştirakçının onun nizamnamə kapitalındakı payına mütənasib səsi vardır. Cəmiyyətin iştirakçısı olmayan kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri ümumi yığıncaqda məşvərətçi səs hüququ ilə iştirak edə bilər. Bu Məcəllə ilə cəmiyyətin iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edilən məsələlərdən başqa, cəmiyyətin nizamnaməsinə uyğun olaraq cəmiyyətin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə digər məsələlər də aid edilə bilər. Nizamnamədə müəyyən edilibedilməməsindən asılı olmayaraq, ümumi yığıncaq cəmiyyətin fəaliyyəti ilə əlaqədar istənilən məsələni müzakirə edə bilər. 91.1-3. Cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağı qanunda və ya nizamnamədə müəyyən edilən hallarda və qaydada çağırılır. Növbədənkənar ümumi yığıncaq icra orqanının öz təşəbbüsü ilə, habelə direktorlar şurasının (müşahidə şurasının), təftiş komissiyasının (müfəttişin) və ya bütün səslərin azı onda birinə malik olan iştirakçıların tələbi ilə, habelə qanunla müəyyən edilən digər şəxslər tərəfindən çağırılır. Ləğvetmə prosesində olan cəmiyyətin növbədənkənar ümumi yığıncağı ləğvetmə komissiyası tərəfindən çağırılır. 91.1-7. Bir iştirakçıdan ibarət olan cəmiyyətdə ümumi yığıncağın səlahiyyətlərinə aid olan məsələlər barəsində qərarlar həmin iştirakçı tərəfindən təkbaşına qəbul edilir və yazılı surətdə rəsmiləşdirilir. 91.3. Məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: 91.3.2. cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək; 19 fevral 2025-ci il tarixli Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Qərarı. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

5.İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını, tərəflərin izahatlarını, sübutları hər tərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. İşin mübahisəsiz halıdır ki, İddiaçı Cavabdeh MMC (Bundan sonra MMC) arasında xx.xx.2023-cü il tarixində əmək müqaviləsi bağlanaraq cavabdeh təşkilata direktor vəzifəsinə işə qəbul edilmişdir, MMC-nin Ümumi yığıncağının xx.xx.2025-ci il tarixli qərarı ilə İddiaçı xx.xx.2025-ci il tarixində HR xx-xx/2025 saylı əmrlə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “e” bəndinə əsasən xitam verilmişdir. İddiaçının mübahisələndirdiyi hallar isə onunla əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin qanunsuz olmasıdır. İddiaçının iddiasına görə: ümumi yığıcağın keçirilməsindən iddiaçının xəbəri olmayıb, ümumi yığıncağın qərarında son iş günü xx.xx.2025-ci il tarixi qeyd olunsa da faktiki olaraq əmr xx.xx.2025-ci il tarixində verilmiş və həmin gün onunla son haqqhesab aparılmışdır. Əmək müqaviləsinin 10.4.4-cü maddəsi etibarsızdır, çünki Əmək Məcəlləsində əmək müqaviləsinin dərhal ləğvi nəzərdə tutulmamışdır.Ümumi yığıncağın qərarında maliyyə vəziyyətinin pisləşdiyi qeyd olunsa da bu hal doğru deyil. İddiaçı direktor olduğundan əmri özü imzalamalı olduğu halda onun tərəfindən imzalanmamışdır. Əvvəla, məhkəmə onu qeyd edir ki, ümumi yığıncağın keçirilməsində iddiaçının məlumatının olmaması cavabdeh tərəfindən təsdiqləndiyindən bu hal mübahisəli deyil. Yuxarıda qeyd olunmuş, AR. Mülki Məcəlləsinin 91.1-1-ci maddəsinin məzmunundan aydın olur ki, ümumi yığıncağın iclasında iştirak etmək cəmiyyətin iştirakçılarının mütləq hüququdur və məhdudlaşdırılması yolverilməzdir. Lakin cəmiyyətin icra orqanının rəhbərinin ümumi yığıcaqda iştirak etmək kimi bir mütləq hüququ qanunvericilikdə təsbit olunmamışdır. Qeyd olunan maddədə, yalnız “......cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri ümumi yığıncaqda məşvərətçi səs hüququ ilə iştirak edə bilər” müddəası qeyd olunub. Maddənin məzmununun qramatik təfsirindən də görünür ki, bu şərt imperativ yox dispozitivdir. Yəni, ümumi yığıncağın iclasına direktorun çağrılmaması qanun pozuntusu kimi qiymətləndirilə bilməz. Ümumi yığıncağın qərarında son iş gününün xx.xx.2025-ci il tarixi qeyd olunmasına baxmayaraq, əmrin tarixinin xx.xx.2025-ci olması və həmin gün iddiaçı ilə son haqq-hesabın aparılmasına münasibətdə isə məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.3-cü hissəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49, 91, 91-2.1 və 91-2.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 19 fevral 2025-ci il tarixli Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında qeyd olunur ki, “Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, hüquqi şəxsin təsisşisi ilə onun icra orqanı arasında olan münasibətlər daha çox mülki hüquqi xarakter daşısa da, aralarında əmək müqaviləsinin bağlanması yol veriləndir və təcrübədə bir çox hallarda tərəflər arasındakı münasibətlərin xarakteri onun məhz əmək münasibətləri olduğunu göstərir. Həmçinin Konstitusiyanın 59-cu maddəsindən irəli gələrək, hüquqi şəxsin müstəqilliyinin, o cümlədən qanuni mənafelərinin, sərmayənin qorunması məqsədilə hüquqi şəxslə onun idarəetmə orqanında təmsil olunan şəxs arasında yaranmış münasibətlərin xitamı məsələsi Mülki Məcəllənin normaları əsasında həll edilməlidir”. Həmin qərarının nəticə hissəsində qeyd olunur ki, “.... hüquqi şəxslə hüquqi şəxsin idarəetmə orqanı arasında yaranan münasibətlər əsasən mülki hüquqi xarakterli olmaqla mülki qanunvericiliyin müvafiq normaları ilə tənzimlənsə də, hüquqi şəxsin icra orqanının rəhbərinin əmək və sosial hüquqlarının qorunması məqsədilə hüquqi şəxsin təsisçisi ilə faktiki əmək münasibətlərində olan icra orqanının rəhbəri arasında əmək müqaviləsi rəsmiləşdirilməlidir”. Qeyd olunan müddəalardan belə bir nəticə çıxır ki, direktorun hüquqi şəxsin idarəetmə orqanına təyin olunması və fəaliyyətinə xitam verilməsi Mülki Məcəllə ilə tənzimlənir. Lakin onun əmək və sosial hüquqları isə (məzuniyyətə çıxmaq, əmək haqqı almaq,lazımi əmək şəraitinin yaradılması və s.) Əmək Məcəlləsi ilə qorunur. Digər tərəfdən AR Mülki Məcəlləsinin 91.3-cü maddəsinə əsasən, cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Yuxarıda qeyd olunan normalar hazırkı işin faktiki hallarına tam uyğun gəlir. Beləki, cəmiyyətin icra orqanın rəhbərinin ümumi yığıncağın qərarı ilə səlahiyyətinə xitam verilməsi mümkündür və bu xitam məsələsi Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunduğu kimi, Mülki Məcəllə ilə tənzimlənir. Hazırkı işdə iddiaçının fəaliyyətinə xitam verilməsi ilə bağlı ümumi yığıcağın qərarı olduğundan əmrin verilmə tarixinin bir gün sonra olması iddiaçının yenidən işə bərpasına əsas verə bilməz. Həmcinin, iddiaçı öz iddia ərizəsində yalnız əmri mübahisələndirmiş, onun ləğv olunmasını tələb etmişdir, ümumi yığıncağın qərarını yox. Halbuki, mübahisələndirilən əmr məhz cəmiyyətin ümumi yığıncağının qərarı əsasında qəbul edilmişdir. Əmək müqaviləsinin 10.4.4-cü maddəsinin etibarsızlığı ilə bağlı isə məhkəmə qeyd edir ki, icra orqanının rəhbəri ilə cəmiyyət arasında müqaviləni bağlamış, iddiaçı müqavilə bağlayarkən həmin şərtlə tanış olmuş və iradə ifadəsi göstərərək müqaviləni imzalanmışdı. İddiaçının həmin şərtin etibarsızlığı ilə bağlı yeganə dəlili Əmək Məcəlləsində əmək müqaviləsinə dərhal xitam verilməsi ilə bağlı müddəanın olmaması olmuşdur, həmin bəndin etibarsızlığına səbəb olan digər dəlilləri məhkəməyə təqdim etməmiş və bildirməmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, xəbərdalıq müddəti gözlənilməklə əmək müqaviləsinə xitam verilməsi halları Əmək Məcəlləsinin 77-ci maddəsində qeyd olunmuşdur, həmin maddədə isə “İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir” deyə qeyd olunduğundan Əmək Məcəlləsinin 68-ci maddəsinin “e” bəndinin tətbiqi zamanı həmin müddətlərin gözlənilməsi tələb olunmur. Digər tərəfdən, yuxarıda qeyd olunan mövqeyin davamı olaraq, icra orqanın rəhbəri ilə cəmiyyət arasında münasibətlər mülki hüquqi xarakter daşıyır və tərəflər bərabər hüquqlu subyektlər kimi bu münasibətlərə öz iradələri ilə daxil olurlar. İradə ifadəsinin zədələnməsi halı isə işin araşdırılması zamanı aşkar olunmamış və iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə qeyd edir ki, AR Əmək Məcəlləsinin 68-ci maddəsinin “e” bəndinə əsasən, tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar əmək müqaviləsinə xitam əsasları sırasında verilmişdir. Məcəllənin 75-ci maddəsində isə həmin hallar sadalanmış, onlardan biri də “bu maddənin tələblərinə əməl edilməklə tərəflərin müəyyən etdiyi digər hallar” kimi qeyd olunmuşdur. Deməli, tərəflər əmək müqaviləsində onun xitam olunması əsaslarını özlərinin qarşılıqlı razılığı əsasında müəyyən etmək səlahiyyətinə malikdirlər.Beləliklə, tərəflər arasındakı əmək müqaviləsinin 10.4.4-cü bəndi həm Mülki Məcəllə, həm Əmək Məcəlləsinin normalarına uyğundur. İddiaçının qeyd etdiyi digər bir məsələ, ümumi yığıncağın qərarında maliyyə vəziyyətinin pisləşdiyi qeyd olunsa da, bu halın doğru olmaması olmuşdur. Lakin cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi və iş materiallarına əlavə olunmuş ümumi yığıcağın qərarında ümumiyyətlə belə bir məsələ(maliyyə vəziyyəti ilə bağlı) qeyd olunmamışdır. İddiaçı həmcinin, direktor olduğundan əmri özü imzalamalı olduğu halda onun tərəfindən imzalanmamasını bildirmişdir. Buna münasibətdə isə məhkəmə qeyd edir ki, iş materiallarında olan əmək müqaviləsinin və əmək müqaviləsinin xitam verilməsi ilə bağlı əmrin surətindən görünür ki, əmək müqaviləsi işəgötürən kimi kim tərəfindən imzalanmışdırsa, əmr də həmin şəxs tərəfindən imzalanmışdır. Yəni, Cavabdeh MMC-nin yeganə iştirakçısı olan “Moovie Holding Limited” şirkətinin direktoru X4muşdur. İddiaçı isə həmin şəxsin əmək müqaviləsini bağlamaq və xitam vermək səlahiyyətinin olubolmamasını mübahisələndirmir, iddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatda bunu təsdiq edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsinin vəsatəti əsasında verilmiş sorğuya cavab olaraq, müəyyən edilmişdir ki, iddiaçı ilə əmək münasibətlərinə xx.xx.2025-ci ildə xitam verilsə də, onun elektron imzasından xx.xx.2025-ci ilədək istifadə edilmişdir. Bu hal, cavabdehin nümayəndəsi tərəfindən də qəbul edilmiş olduğundan işin mübahisəsiz halıdır. Beləki, cavabdeh “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna istinad edərək, bildirmişdir ki, əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş Əmək və X2 Nazirliyinin sisteminə 2 aprel 2024-cü il tarixdə daxil edilib(bildiriş iş materiallarına əlavə edilib) və müvafiq sənədlərdə dəyişikliklərin edilməsi üçün Dövlət Vergi Xidmətinə müraciət edilmişdir. Lakin bu müəyyən vaxt tələb edir. Ona görə də, baxmayaq ki, iddiaçının fəaliyyətinə xitam verilmişdir, xitam və onun Dövlət Vergi Xidmətində qeydə alınması zamanı fərqli ola bilər. Məhkəmə bu hala münasibətdə qeyd edir ki, iddiaçının, adına olan elektron imzadan istifadə edilməsini öz hüququnun pozuntusu kimi qiymətləndirməsi mümkündür və bunun üçün müvafiq hüquqi müdafiə vasitələrindən istifadə edə bilər. Lakin hazırkı işin-əmək mübahisəsinin mahiyyəti üzrə həlli üçün heç bir əhəmiyyət kəsb etmir. Elektron imzadan istifadə edilməsi faktı iddiaçının yenidən işə bərpa edilməsinə əsas verə bilməz. İşə bərpa üçün yalnız işdən azad etmənin qanunsuzluğu öz təsdiqini tapmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh”nə qarşı işə bərpa tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Fərəcova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar