Məhkəmə qərarları › İş №e-2(006)-3793/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3793/2022

22.11.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3793/2022 22.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlaka payların müəyyən edilməsi” tələbi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlaka payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış M-6247 №-li mənzilin alqı-satqı müqavilələrinə əsasən, “AAAF-Park” Yaşayış Massivinin 23 saylı küçəsində inşa edilmiş bina 2, mərtəbə 2, 8 saylı mənzil, ümumi sahəsi 46.2 kv.metrdən ibarət 1 otaqlı mənzilə ½ payının müəyyən edilməsi və hazırki iş üzrə ödədiyi 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2008-ci ildə Cavabdeh ilə rəsmi ailə qurmuşdur və birgə nikahlarından iki övladları olmuşdur. xx.xx.2010-cu il təvəllüdlü X3 və X4. Ailə qurduqları zaman münasibətləri yaxşı olmuşdur. Uzun müddət bir yerdə yaşasalar da, lakin onların xüsusi mülkiyyət hüququ əsasında mənzilləri olmamışdır. O zaman onlar qərara gəlmişlər ki, onlara münasib yerdə ailələri üçün mənzil alsınlar. Ona görə həyat yoldaşı Cavabdeh xx.xx.2021-ci ildə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlə M- 6247 №-li mənzilin alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, Cəmiyyət ünvan 1 ünvanında “AAAF-Park” Yaşayış Massivinin 23 saylı küçəsində inşa edilən bina 2, mərtəbə 2, 8 saylı mənzil, ümumi sahəsi 46.2 kv.metr-dən ibarət 1 otaqlı mənzili razılaşdırılmış məbləğdə pul vəsaitinin ödənilməsi şərtilə onlara təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən “Bu müqavilə üzrə mənzilin 1 kv.metr sahəsi üçün 580.09 manat pul olmaqla, ümumi 26.800 manat müəyyən edilmişdir”. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, “alıcı, müqavilə qiymətindən 26.800 manat məbləğində tam olaraq ödəmişdir”. Mənzili təmir etmişlər və hazırda həmin mənzildə yaşayırlar. xx.xx.2021-ci il tarixdə M-Kommunal Service MM-in direktoru tərəfindən verilmiş Arayışda qeyd edilmişdir ki, AAAF-İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Xırdalan şəhəri, Heydər Əliyev pros., 167 ünvanda AAAF-Park” Yaşayış Massivində yerləşən 23 saylı küçədə inşa edilmiş 02 saylı yaşayış binasının 08 saylı mənzilinə kommunal borcunun olmadığı qeyd edilmişdir. Lakin, sonradan Cavabdeh ailəsinə baxmamış, övladlarının maddi və mənəvi tələbatlarının ödənilməsi üçün heç bir hərəkət etməmişdir. Uzun müddət ailəsini tərk edib getmiş və övladları ilə maraqlanmamışdır. Ona görə məcbur olub məhkəməyə müraciət etmişdir və Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-446/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsilə onunla Cavabdeh arasında nikahları pozulmuş və iki azyaşlı övladların onun himayəsində saxlanılması və cavabdehdən övladlarının saxlanılması üçün hər ay hər bir övladı üçün 193 manat, cəmi 386 manat alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qeyd edir ki, yaşadıqları mənzil onların birgə nikahda olduqları müddətdə alınmışdır və həmin mənzil obyektiv səbəblərdən xüsusi mülkiyyət kimi Reyestr Xidmətindən qeydiyyatdan keçməsə də, lakin həmin mənzilə sərf edilmiş vəsait onların paylı mülkiyyəti hesab olunur. Ona görə də hazırda birgə nikah dövründə aldıqları mənzilə ½ paylarının müəyyən edilməsi zərurəti olmuşdur. Birgə nikah dövründə aldıqları əmlaka ½ paylarının müəyyən edilməsi üçün Mediasiya Şurasına müraciət etmiş, lakin cavabdeh mediasiya şurasına gəlməkdən imtian etmişdir. Mediasiya sessiyasında iştirakdan imtina edilməsi barədə ona xx.xx.2021-ci il tarixdə 2021-002604 saylı arayış verilmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilən Cavabdeh məhkəmə baxış iclasında iştirak etməmiş, iştirak etməməsinin üzrlü səbəbləri barədə qabaqcadan məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsinin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən, iddia ərizəsi təmin edilməlidir. Mülki işin materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 446/2022 saylı, xx.xx.2022-ci il tarixli Qətnaməsinə əsasən, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2008-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsində bağlanmış və 936 nömrə ilə qeyd edilmiş nikahın pozulması, boşanmadan sonra birgə nikahdan olan xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü X2 anaları İddiaçı himayəsində saxlanılmalarının müəyyən edilməsi, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Mülki işin materiallarında olan Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən 04 iyun 2022-ci il tarixdə verilən, AZ-İ № 426184 seriyalı nikahın pozulması haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh və İddiaçı arasında bağlanmış nikaha Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikah pozulduqdan sonra qadına “Qasımova” soyadı verilmişdir. Mülki işin materiallarında olan 07 aprel 2021-ci il tarixli "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış M-6247 №-li mənzilin Alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cəmiyyət Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” Yaşayış Massivinin 23 saylı küçəsində inşa edilən bina 2, mərtəbə 2, ümumi sahəsi 46.2 kv.metr ibarət, 1 otaqlı 8№-li mənzili alıcıya təhvil verməyi, alıcı isə bunun qarşılığında Cəmiyyətə razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilən Arayışdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 07 aprel 2021-ci il tarixli, M-6247 nömrəli mənzilin alqısatqı müqaviləsi üzrə daşınmaz əmlakın dəyəri 26.800 (iyirmi altı min səkkiz yüz) manat məbləğində tam ödənilmişdir. Mülki işin materiallarında olan 30 dekabr 2021-ci il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışdan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə, 16/00-17/00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir (Mediator: E.Hüseynova). Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4-cü maddəsinə əsasən, bu maddəyə əsasən, paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən, ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. 31.2-ci maddəsinə əsasən, nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. 36.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3-cü maddəsinə əsasən, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 37.2-ci maddəsinə əsasən, ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ərarvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər 21 noyabr 2008-ci il tarixdə birgə nikaha daxil olmuşlar. Birgə nikahda olduqları dövrdə 07 aprel 2021-ci il tarixdə mənzilin alqı-satqı müqaviləsi əsasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” Yaşayış Massivinin 23 saylı küçəsində inşa edilən bina 2, mərtəbə 2, ümumi sahəsi 46.2 kv.metr ibarət, 1 otaqlı 8№-li mənzili əldə etmişlər. Əmlakın dəyəri olan 26.800 manat məbləğində pul vəsaiti tam şəkildə ödənilmişdir. Məhkəmə qeyd edir ki, mübahisələndirilən daşınmaz əmlak tərəflərin birgə nikah dövründə əldə edildiyindən ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. Hazırda İddiaçı iddiada mübahisəli əmlaka ½ hissədə pay hüququnun tanınmasını tələb edir. Məhkəmə yuxarıda sadalanan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia tələbi bu hissədə tam əsaslıdır və iddiaçının mübahisəli əmlaka ½ hissədə pay hüququ tanınmalıdır. Məhkəmə iddia tələbinin “iddiaçı tərəfindən dövlət rüsumu olaraq ödədiyi 100 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq ona qaytarılması” hissəsini də əsaslı hesab edir və bildirir ki, bu hissədə də iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən də göründüyü kimi iddiaçı tərəfindən iddianın qaldırılması üçün 100 (yüz) manat məbləğində pul vəsaiti ödənilmişdir. İddia tələbi təmin edildiyi üçün həmin pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış M-6247 №-li mənzilin alqı-satqı müqaviləsinə əsasən, “AAAF-Park” yaşayış massivinin 23 saylı küçəsində inşa edilmiş bina 2, mərtəbə 2, 8 saylı mənzil, ümumi sahəsi 46.2 kv.m-dən ibarət 1 otaqlı mənzilin ½ hissəsi üzərində İddiaçı pay hüququ müəyyən edilməli, ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış M-6247 №-li mənzilin alqı-satqı müqaviləsinə əsasən, “AAAF-Park” yaşayış massivinin 23 saylı küçəsində inşa edilmiş bina 2, mərtəbə 2, 8 saylı mənzil, ümumi sahəsi 46.2 kv.m-dən ibarət 1 otaqlı mənzilin ½ hissəsi üzərində İddiaçı pay hüququ müəyyən edilsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar