Məhkəmə qərarları › İş №e-2(006)-3800/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3800/2025

12.01.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3800/2025 12.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibinin Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, Cavabdeh4, Cavabdeh2 iştirakları ilə, İddiaçı "xxxx" MMC və Qaçqınların və X30 üzrə Dövlət Komitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 qarşı "mənzildən çıxarılma" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı "xxxx" MMC və Qaçqınların və X30 üzrə Dövlət Komitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 qarşı "mənzildən çıxarılma" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hazırkı mülki iş üzrə cavabdehlər – Cavabdeh2 və onun ailə üzvləri - Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 ilə birlikdə mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Salatın Əsgərova, Süleyman Rüstəm və Mikayıl Rəfili küçələrinin əhatə etdiyi torpaq sahəsində inşa olunan yaşayış binasının A bloku, 15-ci mərtəbə, 15/7 saylı mənzilin boşaldılaraq çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsində yerləşən 22 nömrəli ev mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Lakin cavabdehlər, özlərini məcburi köçkün kimi təqdim edərək uzun müddətdir iddiaçıya məxsus evdə yaşayıblar. "xxxx" Construction MMC tərəfindən iddiaçının evi sökülərək yerində hündürmərtəbəli bina tikmiş və mənzil hazır olandan sonra yenə də cavabdehlərin bir hissəsi iddiaçının mənzilini təkrar zəbt edib. Hal-hazırda iddiaçının mənzilində yaşayırlar. Dəfələrlə mənzilin boşaldılmasını tələb etməyinə baxmayaraq mənzildən çıxmırlar. Ona görə də məcbur olub hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş, mülki işə iştirakı olmadan baxıb X1 iddiasının tam təmin edilməsi, Cavabdeh2 iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh4 iddiaya etiraz edərək bildirmişdir ki, iddia tələbi ilə razı deyil, belə ki onun həyat yoldaşı Cavabdeh2 bu mənzilli 1992-ci ildə 52 saylı MKİS-in rəisindən pul verərək almışdır. Bu mənzili alan zaman heç kim mənzildə qeydiyyatda olmayıb, mənzil Bakıdan köçüb getmiş ermənilərin evi olub, mənzil yaşanması mümkün olmayan, uçub dağılmış, qapıpəncərəsi belə olmayan, hətta işığı suyu olmayan bir mənzil olub, bunu sübut edən foto şəkilləri ərizəsinə əlavə etmişdir. Bu vəziyyəti qonşular təsdiq edə bilər. 1992-ci ilin martında həyat yoldaşının Füzulidə yaşayan valideynlərinin evini ermənilər top mərmisi ilə dağıtdıları üçün yoldaşı valideynlərini gətirib bu mənzildə yerləşdirmiş və MKİS-də və İH-də köçkün kimi qeydiyyata aldırmışdır. Bunları sübut edən MKİS-dən arayışları təqdim etmişdir. Yoldaşı evi alan zaman evə çıxarış verilməmişdir və MKİS-in rəisi söz vermişdir ki, bir müddət sonra yoldaşına bu mənzildə qeydiyyata salıb sənədi təqdim edəcəkdir. Lakin rəis qəfil dünyasını dəyişdiyi üçün mənzili sənədləşdirə bilməmişdir. Yoldaşı bu mənzili öz və vəsaiti hesabına MKİS-in və İcra Hakimiyyətinin razılığı ilə söküb təzədən tikmiş və mənzili yaşayışa yararlı vəziyyətə gətirmişdir və 27 il ərzində bu mənzilini öz vəsaitə hesabına dəfələrlə təmin etdirmişdir. Mənzilə öz adına işıq, su, qaz, telefon xətləri çəkdirmiş və bütün kommunalları öz adına olmaqla yoldaşı ödəmişdir. Bunları sübut edən şəkilləri və sənədləri ərizəsinə əlavə etmişdir. Sədaətxanım Bağırovanın və polis generalı Səlhab Bağırovun adına heç bir kommunal sənəd olmayıb. Yoldaşı dəfələrlə evi sənədləşdirmək istəsə də, yoldaşına bildirmişlər ki, Ulu öndərin 1995-ci ildə, Cənab Prezidentin 2004-cü il 01 iyun tarixli 298 nömrəli sərəncamına əsasən məcburi köçkünlərin 1992-1998-ci illərdə məskunlaşdığı mənzilləri özəlləşdirmək mümkün deyil. X56 həyat yoldaşı Sədaətxanım Bağırovanın adına 25 yanvar 1997ci il tarixdə hansı yolla bu mənzilin 44 kv.metrinə çıxarış ala bilib. Halbuki bu mənzil 120 kv.m və 4 otaqdan ibarət olub. İddiaçının təqdim etdiyi çıxarışın arxiv kötüyü yoxdur. Orada yaşayan qonşular cavabdehlərin orada yaşamasını təsdiq etmək üçün şahidlik edə bilərlər. 27 il ərzində heç kim Sədaətxanım Bağırovanı bir gün də olsa bu məzildə görməyib və onları tanımırlar. Ümumiyyətlə onlar o xarabalıqda yaşamırdılar. "xxxx" MMC şirkəti cavabdehləri məhkəmə icraçılarının vasitəsi ilə yeni mənzilə köçürəndə bu mənzildə yaşamaq üçün heç bir şərait olmamışdır. Çünki bu bina istismara hazır deyildi və istismara qəbul aktı yox idi. Şirkət cavabdehləri qeyri-qanuni orada yaşamağa məcbur etmişdir, çünki kirayə pulunu verməkdən imtina edir. Cavabdehin yoldaşı öz vəsaiti hesabına burada şərait yaratmış, üç-dörd ay burda zülm çəkmiş və sonra 21 aprel 2025-ci il tarixdə bu mənzilə köçmüşlər. Yoldaşı və iki övladının qeydiyyatı olduğu bina ev yox, yataqxanadır. Hal-hazırda 1992-ci ildən bu yataqxanada Qubadlı və Zəngilan məcburi köçkünləri yaşayır. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbinə etiraz etdi, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" MMC-nin və Qaçqınların və X30 üzrə Dövlət Komitəsinin nümayəndələri, həmçinin digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə həmin şəxslərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı "çıxarışın ləğv edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 adına Süleyman Rüstəm küçəsi, ev 22 olan çıxarışın saxta və qanunsuz olması və işin e-2(066)-3800/2025 saylı işə birləşdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə məhkəməyə vəsatətlə müraciət edərək bildirmişdir ki, X5 tərəfindən Cavabdeh2 və qeyrilərinə qarşı “mənzildən çıxarma tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Lakin sonuncu məhkəmə iclası zamanı Cavabdeh2 bildirmişdir ki, o da iddiaçı X3 qarşı “çıxarışın ləğv edilməsi barədə” iddia ərizəsi ilə məhkəmə müraciət edib. Həmin mülki iş hal-hazırda 2(006)-5087/2025 nömrəsi ilə qeydiyyata alınaraq baxılması üçün Nəsimi Rayon Məhkəməsinin icraatına verilmişdir. Həmin iddia ərizəsində də Cavabdeh2 qeyd etmişdir ki, hər iki mülki iş bir icraatda birləşdirilsin. Həmçinin, mülki işin xarakterindən də görünür ki, hər iki mülki işin bir icraatda birləşdirilib baxılması məqsədəmüvafiqdir. Odur ki, Nəsimi Rayon Məhkəməsinin icraatında olan 2(006)-5087/2025 saylı mülki işi hazırkı 2(006)-3800/2025 saylı mülki işlə birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan 2(006)- 5087/2025 saylı mülki işlə hazırkı 2(006)-3800/2025 saylı mülki iş bir icraatda birləşdirilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli e-2(006)-3800/2025 saylı qərardadı ilə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı "çıxarışın ləğv edilməsi" tələbinə dair hissədə mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bakı şəhəri İcra hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MH seriyalı 068688 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsindəki 22 nömrəli yaşayış evinin mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və xx.xx.1997-ci il tarixdə qeydiyyat aparılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1234/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" MMC cavabdehlər X4, X12, X22, X18, X13, X8, X23, X24, X19, X20, X37, X14, X21, Cavabdeh2 və Cavabdeh4 qarşı digər yaşayış sahəsi verilməklə yaşayış sahəsindən çıxarılma və qəzalı vəziyyətdə olan mənzillərin sökülməsinə maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmə qətnaməsi ilə iddia təmin edilmiş, Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 27 dekabr 2016-cı il tarixli sərəncamı ilə Nəsimi rayonu, Azadlıq prospekti, Mikayıl Rəfili, Süleyman Rüstəm, Salatın Əskərova küçələrinin kəsişməsindəki məhəllədə çoxmənzilli yaşayış binasının tikintisi üçün "xxxx" MMC-yə ayrılmış torpaq sahəsinin ərazisində ünvan 1 ünvanında yerləşməklə cavabdeh X2 mülkiyyətində olan sənəd üzrə yaşayış sahəsi 68.70 kv.m olmaqla iki yaşayış otağından, faktiki olaraq isə ümumi sahəsi 75,78 kv.m olmaqla üç otaqdan ibarət mənzilin əvəzinə həmin mənzilin faktiki həcminə 15% əlavə edilməklə həmin ərazidə MMC tərəfindən yeni inşa ediləcək yaşayış binasının A blokunda 87,14 kv.m təmirli 3 (üç) otaqlı yaşayış sahəsinin mülkiyyətçi X2 adına rəsmiləşdirilməsi, yeni mənzil hazır vəziyyətdə təhvil verilənədək aylıq 350 manat kirayə haqqı və mənzilin boşaldılması üçün 300 manat birdəfəlik kompensasiya ilə təmin olunmaqla, eyni zamanda yeni mənzil təmirli vəziyyətdə təhvil verildikdən sonra cavabdehlər X25, X15, X38, X39, X33, X34, X42, X26, X35, Cavabdeh2, Cavabdeh4 yetkinlik yaşına çatmayan ailə üzvləri ilə birlikdə yeni mənzilə köçürülməsi şərti ilə ünvan 1 ünvanında yerləşən mənzildən cavabdeh X7, X27, Bağırov Səhlab oğlu, X36, X25, X15, X38, X39, X33, X34, X42, X26, X35, Cavabdeh2, Cavabdeh4 yetkinlik yaşına çatmayan ailə üzvləri ilə birlikdə çıxarılmaları, həmin mənzilin boşaldılması, qəzalı vəziyyətdə olan həmin mənzilin (Süleyman Rüstəm küçəsi ev 22 ünvanında yerləşən) "xxxx" MMC tərəfindən sökülməsinə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdehlər X25, Cavabdeh2 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş,Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti MKTB 52 saylı MKİS tərəfindən verilmiş 2007, 2017-ci illərə aid arayışların surətindən görünür ki, Cavabdeh2 ünvan 2 ünvanındakı 1 saylı mənzildə Füzuli rayonundan gəlmiş məcburi köçkün kimi qeydiyyatdadı və yaşayır, həyat yoldaşı Cavabdeh4, övladları Cavabdeh1 və Cavabdeh3 həmin ünvanda qeydiyyatsız yaşayırlar. Təqdim edilmiş "xxxx" ASC, "xxxx" ASC və “Azəriqaz” kommunal xidmət ödənişlərinə dair qəbzlərin surətlərindən görünür ki, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi ünvanında 2010, 2012, 2017-ci illərdə kommunal xidmətlər üzrə abonent Cavabdeh2 olmuşdur. Birinci tərəf - tikinti şirkəti "xxxx" MMC və ikinci tərəf - Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış müqavilənin predmetini ikinci tərəfin müvəqqəti olaraq məskunlaşdığı Nəsimi rayonu, Azadlıq prospekti, Mikayıl Rəfili, Süleyman Rüstəm və Salatın Əsgərova küçələrinin əhatə etdiyi ərazidə Süleyman Rüstəm küçəsi ev 22 ünvanında yerləşməklə X2 mülkiyyətində olan çıxarış üzrə 3 otaqlı ümumi sahəsi 68,70 kv.m., faktiki sahəsi 75,78 kv.m.-dən ibarət, yaşayış üçün təhlükəli vəziyyətdə olan mənzildən ailə üzvləri ilə birlikdə çıxaraq, həmin mənzili tam boşaldaraq sökülməsi üçün birinci tərəfə təhvil verilməsi, əvəzində bu müqavilə ilə şərtləşdirilmiş müddətdə və qaydada "xxxx" MMC tərəfindən aylıq olaraq ödənilən kirayə haqqının ödənilməsi və söküntü aparılan ünvanda inşa ediləcək yeni yaşayış binasında mülkiyyətçi İddiaçı Böyükağa qızının adına rəsmiləşdirilməklə veriləcək yeni mənzil tam hazır olduqdan sonra ikinci tərəfin ailə üzvləri ilə birlikdə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(006)-1234/2019 saylı qətnaməsində nəzərdə tutulan şərtlər daxilində müvəqqəti olaraq (məcburi köçkün kimi dövlət tərəfindən yaşayış sahəsi ilə təmin olunanadək) yeni mənzilə köçürülməsi ilə bağlı tərəflərin qarşılıqlı hüquq və öhdəliklərini təşkil edir. Podratçı şirkət "xxxx" MMC ilə mülkiyyətçi X5 arasında bağlanmış Qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və yerində yeni mənzillə təmin edilməsinə dair 30 aprel 2022-ci il tarixli müqavilədən görünür ki, Nəsimi rayonu Azadlıq pr-ti, Mikayıl Rəfili, Süleyman Rüstəm və Salatın Əsgərova küçələrinin əhatə etdiyi ərazidə Süleyman Rüstəm küçəsi, ev 22 ünvanında X1 mülkiyyətində olan Çıxarış üzrə 3 (üç) otaqlı ümumi sahəsi 68.70 kv.m, faktiki sahəsi 75.78 kv.m-dən sahəsi olan yaşayış üçün təhlükəli vəziyyətdə olan mənzilləri olduğu halda yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, tikiləcək yeni binada A blokunda 15-ci mərtəbədəsində 87,40 kv.m 3 (üç) otaqlı uyğun təmirli mənzilin inşasını təmin edəcəyini, "Sifarişçi" isə inşa edilmiş bu mənzili "Mülkiyyətçi"nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC-nin 19 may 2025-ci il tarixli arayışından görünür ki, Draft Construction MMC ilə bağlanmış 30 aprel 2022-ci il tarixli qəzalı vəziyyətdə olan mənzilin sökülməsi və yerində yeni mənzillə təmin edilməsinə dair müqaviləyə əsasən X3 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Salatın Əsgərova, Süleyman Rüstəm və Mikayıl Rəfili küçələrinin əhatə etdiyi torpaq sahəsində inşa olunan yaşayış binasının A blok 15-ci mərtəbə 87.40 kv m 15/7 saylı 3 otaqlı təmirli mənzildə hal-hazırda Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 xx.xx.2025-ci il tarixdən yaşayırlar. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin məhkəməyə ünvanlandığı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1954-cü il təvəllüdlü İddiaçı xx.xx.2004-cü il tarixdən hazıradək ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Qeyd olunan şəxsin qeydiyyata alınmasına əsas olmuş sənədlərin saxlanma müddəti (5 il) bitdiyi üçün müvafiq qaydada məhv edildiyindən məhkəməyə göndərilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Qaçqınların və X30 Üzrə Dövlət Komitəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Komitənin Regional idarəetmə və status şöbəsinin 2007-2025-ci illəri əhatə edən elektron məlumat bazasında Cavabdeh2 məcburi köçkün statusunu təsdiq edən sənədin verilməsi barədə qeyd aşkar edilməmişdir. ********** saylı xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 100,60 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 43-cü maddənin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. 43-cü maddənin İİ hissəsinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyində öz əmlakını geri tələb edə bilər. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 169.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 17.1-ci maddəsinə əsasən mənzil fondu – Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur. 84-cü maddəsinə əsasən, yaşayış sahəsinin yerləşdiyi ev (bina) sökülməli olduqda; yaşayış sahəsi yaşamaq üçün yararsız hesab edildikdə vətəndaşlar sosial kirayə müqavilələri ilə digər abadlaşdırılmış yaşayış sahələri verilməklə yaşadıqları yaşayış sahələrindən çıxarılırlar. 86-cı maddəsinə əsasən, sosial kirayə müqaviləsi ilə verilmiş yaşayış sahəsi qeyri-yaşayış sahəsinə keçirilməli olduqda və ya yaşamaq üçün yararsız hesab edildikdə, həmin yaşayış sahəsindən çıxarılan vətəndaşlara kirayəyə verən tərəfindən sosial kirayə müqaviləsi əsasında digər abadlaşdırılmış yaşayış sahəsi verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmənin mövqeyi: Məhkəmə hazırkı iddia tələbini işdə olan sübutlarla və tərəflərin izahatları ilə müqayisəli şəkildə tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi əsassızdır. Belə ki, iddiaçı cavabdehlərin onun mülkiyyətində olan mənzildən çıxarılmasını tələb etmiş, cavabdehlər isə iddiaya etiraz mövqeyində olmuşlar. İşin mübahisəsiz halı olaraq müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsindəki 22 nömrəli yaşayış evinin mənzili X1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və xx.xx.1997-ci il tarixdə qeydiyyat aparılmışdır. Cavabdehlər iddiaya etiraz edərkən bildirmişlər ki, həmin ünvanda 19 mənzil olmasına baxmayaraq iddiaçının mülkiyyət hüquqlarının hansı mənzilə münasibətdə tanınması onun adına verilmiş qeydiyyat vəsiqəsində öz əksini tapmamışdır. Bundan əlavə tədqiq edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1234/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsində həmin mülki işin mübahisəsiz halı olaraq müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsindəki 22 №-li evin 1-ci mərtəbəsində 44.0 kv.m. sahəsi olan 2 otaqlı həyət evidir. Mənzil X2 mülkiyyətindədir. Mənzildə 4 nəfər qeydiyyatdadır. Lakin mənzildə yaşamırlar. Digər cavabdehlər X25, X15, X6 Almaz Bilal qızı, X33, X34, X42, X26, X35, Cavabdeh2 və Cavabdeh4 ünvan 5 ünvanda müvəqqəti qeydiyyatdadırlar və yaşayırlar. Hazırkı mülki işin gedişatı zamanı cavabdehlərin təqdim etdiyi dəlillərlə (mənzilin kommunal xərclərinin onlar tərəfindən ödənilməsi barədə qəbzlər) onların həmin mənzildə faktiki olaraq yaşamaları öz təsdiqini tapmışdır. Məhkəmə qətnaməsi əsasında cavabdehlərin həmin ünvanda yaşaması nəzərə alınmaqla yaşadıqları yaşayış sahəsinin qəzalı və istismara yararsız vəziyyətdə olması, həmçinin vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması əsası ilə yeni inşa ediləcək yaşayış binasında yaşayış sahəsinin mülkiyyətçi X2 adına rəsmiləşdirilməsi şərti ilə birdəfəlik kompensasiya verilməsi və yeni mənzil təmirli vəziyyətdə təhvil verildikdən sonra cavabdehlər X25, X15, X38, X39, X33, X34, X42, X26, X35, Cavabdeh2 və Cavabdeh4 yetkinlik yaşına çatmayan ailə üzvləri ilə birlikdə yeni mənzilə köçürülməsi şərti ilə ünvan 1 ünvanında yerləşən mənzildən cavabdeh X7, X27, Bağırov Səhlab oğlu, X36, X25, X15, X38, X39, X33, X34, X42, X26, X35, Cavabdeh2 və Cavabdeh4 yetkinlik yaşına çatmayan ailə üzvləri ilə birlikdə həmin mənzildən çıxarılmaları və mənzilin boşaldılması qət edilmişdir. Göründüyü kimi, cavabdehlərin həmin mənzilə köçürülməsi məhkəmə qətnaməsi əsasında olmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı mülkiyyət hüquqlarının pozulmasına istinad edərək cavabdehlərin mənzildən çıxarılmasını tələb etmək üçün əvvəla onların həmin mənzilə köçürülməsini müəyyən edən qətnaməni mübahisələndirməli idi. Nə qədər ki, sözügedən qətnamə qanuni qüvvəsini almaqla mübahisələndirilməmiş və ləğv edilməmişdir, məhkəmə hesab edir ki, dövlətin adından qəbul edilmiş qətnamə əsasında mənzilə köçürülməsi təmin edilmiş cavabdehlərin həmin mənzildən çıxarılmaları qanunsuz və ədalətsiz olar. Demək ki, həmin araşdırma nəticəsində sökülmək üçün tikinti şirkətinə təhvil verilmiş yaşayış sahəsi üzrə hazırki iş üzrə cavabdehlərin həmin yaşayış sahəsinə münasibətdə hüquqlarının mövcudluğu tanınmışdır. Həmçinin məhkəmə qətnaməsindən əlavə olaraq da qeyd edilməlidir ki, tikinti şirkəti ilə hazırki iş üzrə cavabdeh Nümayəndələ 24.10..2019-cu il tarixdə, İddiaçı ilə isə xx.xx.2022-ci il tarixdə eyni mənzilə münasibətdə müqavilələr bağlanmışdır. Hər nə qədər də sökülmüş mənzil üzrə mülkiyyət hüquqları İddiaçı adına qeydiyyata alınmış olsa da, işin araşdırılmış hallarına əsasən müəyyən edilən hal ondan ibarət olmuşdur ki, həmin yaşayış sahəsində məhz hazırki iş üzrə cavabdehlər davamlı yaşayaraq həmin mənzildən yaşayış sahəsi kimi istifadə edərək kommunal xidmət haqlarını da ödəmişlər. Məhz bu səbəbdəndir ki, məhkəmə qətnaməsi ilə İddiaçı sökülən mənzil əvəzinə verilməsi nəzərdə tutulan mənzilə məhz elə cavabdehlərin köçürülməsi qət edilmişdir. Həmçinin nəzərə alınmalıdır ki, tikinti şirkəti eyni mənzillə bağlı daha əvvəlki tarixdə Nümayəndələ müqavilə bağlamışdır ki, bu hal da özlüyündə hazırki iddianın predmeti olan mənzilə Nümayəndə üstün hüquqlarının olmasına dəlalət edir. Belə olan təqdirdə isə İddiaçı mülkiyyətçi olmasına baxmayaraq ona əvəzləşdirilmə qaydasında verilmiş mənzildən Nümayəndə və onun ailə üzvlərinin çıxarılmasına dair tələbinin əsassız olması labüddür. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı "xxxx" MMC və Qaçqınların və X30 üzrə Dövlət Komitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 qarşı "mənzildən çıxarılma" tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 100,60 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" MMC və Qaçqınların və X30 üzrə Dövlət Komitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 qarşı "mənzildən çıxarılma" tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 100,60 (bir yüz manat altmış qəpik) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar