Məhkəmə qərarları › İş №e-2(006)-3803/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3803/2024

10.10.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3803/2024 10.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Bədəlov Nurəddin Natiq oğlunun katibliyi, İddiaçı, vəkili-nümayəndəsi Nümayəndə1, Cavabdeh Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin nümayəndəsi X7 iştirakları ilə İddiaçı cavabdeh Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən keçirilən qərəzli attestasiya komissiyasının qərarına uyğun verilən 3-24-2/3-01-k-69/2024 nömrəli qanunsuz əmrin ləğv edilməsi, həmin əmrin nəticəsində işdən çıxarılan İddiaçı işə bərpa edilməsi və İddiaçı işə bərpa olunana qədər işəgötürənin təqsiri ucbatından buraxılmış iş günlərinə görə itirilmiş əmək haqqının işəgötürən tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi xx.xx.2024-cü il tarixində attestasiya keçirərək, İddiaçı münasibətdə qanunsuz qərar qəbul etmiş və onun əmək fəaliyyətinə xx.xx.2024cü il tarixində Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə xitam verilmişdir. Keçirilən attestasiyanın qərəzli olmasını sübut edən hallar vardır. xx.xx.2024-cü il tarixində 3-24-2/3-01f 20/2024 nömrəli əmr Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzin direktor vəzifəsini icra edən Akif Maarifli tərəfindən imzalanmışdır. Eyni zamanda, attestasiya komissiyasının katibi qismində Zemfira Zeynalova tərəfindən xəbərdarlıq bildirişi və attestasiyaya hazırlaşmaq üçün İddiaçı 30 mövzu təqdim edilərək attestasiyanın “Novruz Bayramı”ndan sonra keçiriləcəyi barədə məlumat verilmişdir. Xəbərdarlıq bildirişi iddiaçıya xx.xx.2024-cü il tarixində təqdim edilmişdir. İddiaçıya 30 mövzuya hazırlaşmaq üçün 1 (bir) ay müddət verilmişdir. İddiaçı və digər işçilər sualların mədəniyyət, təhsil sahəsindən xəbəri olmayan, bilik səviyyəsi aşağı olan şəxslər tərəfindən hazırlandığını bildirmiş, onların narazılıqları nəzərə alınaraq həmin suallar proqramdan çıxarılmışdır. Daha sonra xx.xx.2024-cü il tarixində Mədəniyyət Nazirliyinin 2 (iki) əməkdaşı tərəfindən heç bir rəsmi kommunikasiya vasitəsindən istifadə olunmayaraq “Whatsapp” platformasında qrup yaradılmış, İddiaçı da qrupa əlavə edilmişdir. Həmin qrupa əvvəlki 30 mövzuya əlavə 35 mövzu da daxil edilərək ümumilikdə 65 mövzu göndərilmiş və bu mövzular əsasında attestasiyanın aparılacağı vurğulanmışdır. Attestasiyanın keçirilməsi qaydalarına müvafiq olaraq attestasiyanın keçirilməsi ilə bağlı şərtləri, qiymətləndirmə meyarlarını, attestasiya komissiyasının sədri və üzvləri haqqında məlumatları əks etdirən heç bir sənəd İddiaçı təqdim edilməmişdir. xx.xx.2024-cü il tarixində iddiaçı və digər işçilər “Novruz Bayramı” tətilindən sonra işə qayıtdıqda iş vaxtı qrupa attestasiyanın xx.xx.2024-cü il tarixində keçiriləcəyi barədə məlumat göndərilmişdir. İddiaçı və digər işçilərin etirazlarına baxmayaraq attestasiya həmin tarixdə keçirilmişdir. İddiaçı və 30 nəfərə yaxın işçi zorla attestasiya komissiyasının qarşısına çıxarılmışdır. Attestasiyada iştirak etmiş iddiaçı və digər işçilər attestasiya zamanı mövzüdan yayınmaların olduğu, kənar suallar verildiyini bildirmişlər. Attestasiyada iştirak etməyə qanuni əsaslarla etiraz edən İddiaçı isə təhqirlərə məruz qalmışdır. Attestasiyada iştirak etməsindən asılı olmayaraq iddiaçıya və digər işçilərə hədə-qorxu gəlinmiş və öz ərizələri ilə işdən çıxmaları təklif edilmişdir. Əks halda əmək kitabçalarının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə ləkələnərək işdən çıxarılacaqları bildirilmişdir. 2023-cü ilin fevral ayında X11 üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktor vəzifəsini icra etməyə başlamışdır. İşçilər iddia edirlər ki, Akif Maarifli həmin vəzifəyə təyin olunduqdan sonra onlara qarşı qərəzli davranmış, mərkəzin fəaliyyəti dayanmış, fəaliyyət üzrə heç bir iş görülməmiş və hətta 2023-cü il, 2024-cü il üçün illik iş planı hazırlanmamışdır. Plan hazırlanmamasına rəğmən işçilər arasında ayrı-seçkilik edilmiş və “fəaliyyətində fərqləndiyinə görə” yalnız bir neçə işçiyə mükafat verilmişdir. Baxmayaraq ki, illik iş planı əvvəl də vurğulandığı kimi olmamışdır. Hüquqlarının pozulması ilə əlaqədar iddiaçı və digər işçilər Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Aparatına, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər İdarəsinə və digər qurumlara müraciət ediblər. Həmçinin, xx.xx.2024-cü il tarixində İddiaçı tərəfindən mediasiyaya müraciət olunmuş, xx.xx.2024-cü il tarixində X9 sonra prosesin davam etdirilə bilməməsi barədə mediasiya arayışı əldə edilmişdir.

3. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1 iddia həcminin artırılması barədə idda ərizəsinə əlavə təqdim edərək, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi- Metodiki və X14 tərəfindən keçirilən qərəzli attestasiya komissiyasının qərarına uyğun verilən 3-24- 2/3-01-k-72/2024 nömrəli qanunsuz əmrin ləğv edilməsi, 3-24-2/3-01-k-72/2024 nömrəli əmr nəticəsində işdən çıxarılan İddiaçı işə bərpa edilməsi, iddiaçı işə bərpa olunana qədər işəgötürənin təqsiri ucbatından buraxılmış iş günlərinə görə itirilmiş əmək haqqının işəgötürən tərəfindən tam ödənilməsinin təmin edilməsi, iddia tələbi ilə bağlı yekun məhkəmə aktı çıxarılanadək əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının 3 faizi məbləğində ödəncin hesablanaraq cavabdeh tərəfindən iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdeh Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən məhkəməyə “iddia müddətinin tətbiq edilməsi” barədə vəsatət təqdim edərək, İddiaçı “işə bərpa” tələbinə dair idda ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Vəsatət onunla əsaslandırılmışdır ki, mövcud qanunvericilik əmək hüquqlarının müdafiəsi üçün müddətlər müəyyən etmişdir və yalnız həmin müddələr ərzində səlahiyyətli şəxslər öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilərlər. İddia müddətinin əhəmiyyəti əsasən ondan ibarətdir ki, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, digər tərəfdən, iddia müddəti institutu hüquq münasibətlərində qeyri-müəyyənliyin və qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, ədalət mühakiməsi orqanlarına mübahisəni obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qeyd olunmalıdır ki, İddiaçı əmək müqaviləsinə 2024-cu ilin aprel ayının 26-da xitam verilməsi və bu barədə əmrin ona həmin gün təqdim edilməsi, iddiaçının mediasiyaya 2024-cu ilin may ayının 24də müraciət etməsi, mediasiya prosesinə 2 iyul 2024-cü il tarixində xitam verilməsi, iddiaçının həmin tarixdən 10 gün keçdikdən sonra – 12 iyul 2024-cü il tarixində məhkəməyə müraciət etməsi işin mübahisəsiz hallarıdır. Belə olan halda, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli 3-24-2/3-01-k-69/2024 nömrəli əmrin mübahisələndirilməsinə dair iddia müddətinin axımı 2024-cu ilin aprel ayının 26-da başlanmış, iddiaçı həmin tarixdən 28 gün keçdikdən sonra - 2024-cu ilin 24 may tarixində mediasiyaya müraciət etmişdir. Beləliklə, iddia müddətinin əhəmiyyətli hissəsi iddiaçının mediasiyaya müraciət etdiyi tarixədək keçmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35.2-ci maddəsinə uyğun olaraq, tərəflər arasında mediasiya prosesinə xitam verildiyi 2 iyul 2024cü il tarixindən etibarən iddia müddətinin axımı bərpa olunaraq davam etmiş, iddiaçı isə həmin tarixdən yalnız 10 gün keçdikdən sonra - 12 iyul 2024-cü il tarixində məhkəməyə müraciət etmişdir. Beləliklə, mediasiyaya müraciət edənədək 28 gün, mediasiyadan sonra isə 10 gün olmaqla, iddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ona təqdim olunduğu tarixdən 38 gün keçdikdən sonra məhkəməyə müraciət edərək, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsi ilə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. a) Proses iştirakçılarının izahatları:

6. Məhkəmə iclasında İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin verildiyi gün əmək kitabçasının ona təqdim edildiyini, iddianı müdafiə etdiyini bildirib, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

7. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1 cavabdeh tərəfindən attestasiyanın nəticələrinə dair qərarın verilmədiyini, işçilərə verilən balların necə müəyyən edildiyi barədə məlumatın olmadığını, attestasiya komissiyasının bütün üzvlərinin müvafiq müsahibədə iştirak etdiyinə dair sübutun olmadığını, sualı verən şəxslərin heç o sualların cavabını bilmədiyini, iddiaçının məhkəməyə müraciət etməmişdən əvvəl bir neçə dövlət orqanına müraciət etdiyini və iddia müddətinin ötürülmədiyini bildirmiş, iddianın təmin olunmasını xahiş etmişdir.

8. Məhkəmə iclasında cavabdeh Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin nümayəndəsi X10 iddianı qəbul etmədiyini bildirib, iddia müddətinin tətbiq edilməsini və iddianın əsasız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etdi.

9. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və iddia müddətinin ötürülməsi barədə vəsatəti iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

10. xx.xx.2023-cü il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən “Təhlil, təlim və tədris şöbəsi/Metodiki iş sektoru, Əsas, Metodist” vəzifəsinə qəbul edilmişdir.

11. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-24-2/3-01-k-69/2024 nömrəli əmrindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən Mədəniyyət üzrə Elmi-Metodiki və X4, təlim və tədris şöbəsinin Metodiki iş sektorunun metodisti İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Mədəniyyət üzrə Elmi-Metodiki və X5 Attestasiya Komissiyasının qərarını əks etdirən attestasiya vərəqəsi və xx.xx.2024-cü il tarixli 3-24- 2/3-03-P-3/2024 nömrəli protokol əmrin verilməsinə əsas olan sənədlər olmuşdur.

12. ******* nömrəli əmək kitabçasında edilmiş 8 nömrəli qeyddən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixli 3-24-2/3-01-k-69/2024 nömrəli Əmrə əsasən xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 “c” – peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə” maddəsinə əsasən xitam verilərək tutduğu vəzifədən azad edilmişdir.

13. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin:

14. xx.xx.2024-cü il tarixli “Attestasiya vərəqəsi”ndən görünür ki, attestasiyanın nəticələrinə görə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən xitam verilərək azad edilmişdir. 12 sual verilmiş, 9 suala cavab verilməmiş, 2 suala yanlış cavab verilmiş, 1 suala isə natamam cavab verilmişdir. 270 mümkün baldan 14 bal toplamışdır. “9” səs lehinə, “0” səs əleyhinə verilmişdir.

15. xx.xx.2024-cü il tarixli işçilərinin attestasiyası üzrə İkinci Komissiyanın keçirdiyi attestasiyanın nəticələrinə dair 3-24-2/3-03-P-3/2024 nömrəli Protokoldan görünür ki, Təhlil, təlim və tədris şöbəsinin kadr potensialının təhlili və təlimlərin təşkili sektorunun metodisti İddiaçı və digərləri tutduqları vəzifəyə uyğun hesab edilmirlər.

16. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən İddiaçı ünvanlanmış “işçilərin attestasiyası haqqında” 14 nömrəli Xəbərdarlıq bildirişindən görünür ki, Mərkəzin direktorunun xx.xx.2024-cü il tarixli 3-24-2/3-01-f- 20/2024 nömrəli əmrinə görə işçilərin – peşəkarlıq səviyyəsini yoxlamaq və onların tutduğu vəzifəyə uyğun olub-olmadığını aşkara çıxarmaq məqsədilə attestasiya komissiyası yaradılmışdır. İddiaçı da attestasiya olunacaq işçilər kateqoriyasına aiddir. xx.xx.2024-cü il tarixli 3-24-2/3-01-f- 20/2024 nömrəli əmrlə təsdiq edilmiş Mədəniyyət üzrə Elmi-Metodiki və X2 komissiyasının yaradılması haqqında sənədlə Mərkəzin İnsan resurslarının idarəedilməsi sektorunda tanış olması və attestasiyada iştirak etmədiyi halda attestasiyadan keçirilməmiş hesab olunması bildirilmiş, onun tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən son 5 (beş) il ərzində – peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılmasının nəticələri nəzərə alındığı üçün bununla bağlı sənədlərini (sertifikat, diplom və s.) attestasiya komissiyasına təqdim edilməsi və bu xəbərdarlığın xx.xx.2024-cü il tarixindən qüvvəyə minəcəyi izah edilmişdir.

17. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin 3-24/3-1-k-216/2024 nömrəli xx.xx.2024-cü il tarixli əmrindən görünür ki, Mədəniyyət üzrə X1 direktoru vəzifəsinin əmək funksiyasının icrasının 2024-cü il aprelin 18-dən 3 (üç) ay müddətinə həmin Mərkəzin Planlaşdırma və inkişaf şöbəsinin müdiri X8 həvalə edilməsi əmr edilmişdir.

18. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli “müraciətə cavab məktubu”ndan və ona əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı və digər vətəndaşların Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və X6 İttifaqları Komitəsində əmək hüquqlarının pozulması barədə xx.xx.2024cü il tarixli KOL3-175/1-N-17475/2024 nömrəli kollektiv müraciəti əsasında aparılan araşdırma zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən vətəndaşla xx.xx.2019-cu il tarixində bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) ilə xitam verildiyi müəyyən edilmişdir. Müraciətlə əlaqədar olaraq Komitə tərəfindən sənədlər təqdim olunmamışdır. Təqdim olunan məktubda isə İddiaçı ilə müəssisə arasında yaranmış əmək mübahisəsini məhkəmə qaydasında həll etmək qərarına gəldikləri, hazırda mübahisənin məhkəməyədək həlli üçün mediasiya prosesinin davam etdiyi və mediasiya nəticəsinə uyğun olaraq razılıq əldə edilmədiyi təqdirdə mübahisəyə məhkəmə qaydasında baxılacağı qeyd edilmişdir.

19. İddiaçı tərəfindən X12 Xidməti Bakı şəhər İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli izahatda qeyd edilmişdir ki, o, 2014-cü ildən mədəniyyət sahəsində çalışır, bu 10 il ərzində işində heç bir nöqsan olmamış və hər zaman işçinin öhdəsindən layiqincə gəlməyə çalışmasına baxmayaraq bu ilin mart ayında keçirilən qərəzli, qeyri-obyektiv attetasiya nəticəsində çalışdığı Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru vəzifəsini icra edən Akif Maarifli tərəfindən işdən çıxarılmaqla ona təzyiq göstərildiyi, öz xahişi ilə işdən çıxmadığı təqdirdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə azad ediləcəyi bildirilmişdir. İddiaçı və bir qisim əməkdaşlar isə yenicə təyin olunmuş direktor vəzifəsini icra edən Vüqar Hümbətov tərəfindən xx.xx.2024-cü il tarixində 70-ci maddənin “c” bəndi ilə işdən azad edilmişlər. Bu cür hüquq pozuntusu və məmur özbaşınalığına qarşı tədbir görülməsi xahiş edilmişdir. İzahatını öz imzası ilə təsdiq etmişdir.

20. xx.xx.2023-ci il tarixli əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işçi İddiaçı işəgötürən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən “metodist” vəzifəsinə işə qəbul edilmişdir.

21. xx.xx.2024-cü il tarixli İddiaçı əmək məzuniyyətinin verilməsi haqqında əmrdən görünür ki, Mədəniyyət üzrə Elmi-Metodiki və X4, təlim və tədris şöbəsinin Metodiki iş sektorunun metodisti İddiaçı 2023-2024-cü iş ili üçün 12 fevral 2024-cü il tarixindən 12 gün müddətinə əmək məzuniyyətinin verilməsi, məzuniyyətin bitmə tarixinin xx.xx.2024-cü il hesab edilməsi və işçinin xx.xx.2024-cü il tarixində işə başlaması əmr edilmişdir.

22. Mədəniyyət üzrə Elmi-Metodiki və X2 Komissiyasının yaradılması haqqında xx.xx.2024cü il tarixli əmrindən görünür ki, işçilərin attestasiyasını həyata keçirmək məqsədi ilə təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən ibarət hər komissiyanın say tərkibi 9 (doqquz) nəfər müəyyən edilməklə eyni hüquqa malik iki attestasiya komissiyasının (bundan sonra “Birinci komissiya”, “İkinci komissiya”) yaradılması, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 66-cı maddəsində göstərilən işçilər istisna olmaqla, Mərkəzin işçilərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 97 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”na uyğun olaraq 2024-cü il martın 28-29 tarixlərində attestasiyadan keçirilmələri əmr edilmişdir.

23. Bakı 10 saylı Mediasiya təşkilatının xx.xx.2024-cü il tarixli MŞB/10/2024-00331 nömrəli X9 (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə arayışından görünür ki, tərəflər İddiaçı və Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin nümayəndəsi X10 ilkin mediasiya sessiyasında keçirilən görüşlərdən sonra prosesi davam etdirilməsinə razılıq verməmişlər.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

24. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, Mədəniyyət üzrə Elmi- Metodiki və X2 Komissiyasının xx.xx.2024-cü il tarixli əmrinə əsasən iki attestasiya komissiyasının yaradılması və Mərkəzin işçilərinin 2024-cü il martın 28-29 tarixlərində attestasiyadan keçirilmələri əmr edilmişdir. İddia ərizəsində 14 nömrəli xəbərdarlıq bildirişinin xx.xx.2024-cü il tarixdə iddiaçıya təqdim edildiyi qeyd edilsə də, iddiaçı məhkəmə iclasının gedişində müvafiq sənədlərlə xx.xx.2024cü il tarixdə tanış olduğunu bildirmişdir. xx.xx.2024-cü il tarixdə attestasiya keçirilmiş, attestasiya keçirilməsinin audio-video qeydi aparılmışdır. Attestasiyanın nəticəsi olaraq İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi qərara alınmışdır. Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin 26 aprel 2024-cü il tarixli Əmri ilə İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən həmin tarixdən xitam verilmişdir. xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinin ləğv edilməsi barədə əmr və əmək müqaviləsi iddiaçı tərəfindən təhvil alınmışdır (bu fakt cavabdeh tərəfindən təqdim olunmuş jurnaldan çıxarışda öz əksini tapmış, məhkəmə iclasında iddiaçının özü tərəfindən təsdiqlənmişdir). İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə mediasiyaya müraciət edilmiş, xx.xx.2024-cü il tarixdə X9 sonra prosesin davam etdirilə bilməməsi barədə arayış alınmış, xx.xx.2024-cü il tarixdə iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir.

c) Məhkəmənin mövqeyi:

25. Məhkəmə qeyd edir ki, qanunvericiliyə uyğun olaraq 1 ay qabaqcadan iddiaçıya attestasiyanın keçiriləcəyi barədə məlumat verilmiş, hansı mövzular ilə əlaqəli suallar veriləcəyi barədə məlumat təqdim edilmişdir. Baxmayaraq ki, cavabdehin müvafiq mövzuları vermək kimi öhdəliyi olmamışdır. Attestasiyanın keçirilməsinin audio-video qeydindən də görünür ki, attestasiya vərəqəsində qeyd olunan suallar və cavablar həqiqətən olduğu kimi qeyd olunmuş, yəni sualların çoxuna cavab verilməmişdir. Attestasiya keçirilən zaman komissiya üzvlərinin orada olmaması dəlilinə münasibətdə qeyd edilir ki, attestasiya vərəqəsi bütün üzvlərin imzası ilə təsdiqlənmiş və cavabdeh tərəfindən bütün prosessual müddətlərə riayət olunmuşdur.

26. Məhkəmə cavabdeh tərəfindən təqdim olunmuş iddia müddətinin ötürülməsi barədə ərizəyə münasibətdə qeyd edir ki, məhkəməyə təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, iddiaçı hüququnun pozulduğunu bildiyi gündən 1 təqvim ayı keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçının özünün məhkəmə iclasındakı izahatı ilə də müəyyən edilir ki, o, xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilməsi barədə əmr ilə tanış olaraq əmək kitabçasını təhvil almış, həmin tarixdən artıq işdən azad edilməsi barədə məlumatlı olmuş, yəni iddia müddətinin axımı başlamış, xx.xx.2024-cü il tarixdə onun tərəfindən X12 Xidmətinin Bakı şəhər İdarəsinə izahat ilə müraciət ünvanlanmış, xx.xx.2024-cü il tarixdə (yəni, hüquqlarının pozulduğunu bildiyi vaxtdan 28 gün sonra) mediasiyaya müraciət edilmiş və iddia müddətinin axımı dayanmışdır. xx.xx.2024-cü il tarixdə mediasiya sessiyası yekunlaşmış və bununla da, iddia müddətinin axımı davam etmiş, xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edilmişdir. Göründüyü kimi, iddiaçı 1 təqvim ayı müddətində məhkəməyə müraciət etməyərək, iddia müddətini 5 gün ötürdükdən sonra məhkəməyə müraciət etmişdir. İddiaçı tərəf müxtəlif dövlət orqanlarına müraciət etdiklərini və iddia müddətini ötürmədiklərini bildirsələr də, məhkəmə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsini və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında göstərilən mövqeyini nəzərə almaqla hesab edir ki, iddiaçı tərəfin müraciət etdiyi dövlət orqanları fərdi əmək mübahisələrinə baxan orqan olmadığından, iddiaçının həmin orqanlara müraciət etməsi iddia müddətinin axımına təsir edən (dayandıran, kəsən və s.) bir hərəkət hesab olunmur. Qanunvericiliyə müvafiq olaraq, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması yalnız kollektiv müqavilələrdə nəzərdə tutulmalı və bu orqan müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində yaradılmalıdır. İddiaçı tərəfindən isə məhkəməyə belə bir sübut, habelə iddia müddətinin üzrlü səbəbdən ötürüldüyünü təsdiq edən sübut təqdim edilməmiş, əksinə iddiaçı tərəf iddia müddətinin ötürülmədiyini iddia etmişdir. Məhkəmə tərəfindən müəyyən edilmiş hallardan isə görünür ki, hazırkı iddia üzrə iddia müddəti ötürülmüşdür. Lakin məhkəmə qeyd edir ki, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığı kimi, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Hazırkı iş üzrə isə iddiaçı tərəfin belə bir iddiası olmadığına görə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddia müddətinin üzürlü səbəbdən ötürülməsi halı mövcud deyildir.

27. Qeyd olunan halları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir.

d) Tətbiq edilən hüquq və gəlinən nəticə:

28. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 11-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqlarından biridir. - 65-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. - 65-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. - 65-ci maddəsinin 4-cü hissəsinə əsasən attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir. - 65-ci maddəsinin 5-ci hissəsinə əsasən attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. - 65-ci maddəsinin 6-cı hissəsinə əsasən attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır. - 65-ci maddəsinin 7-ci hissəsinə əsasən attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər. - 67-ci maddəsinin 1-ci hissəsinə əsasən attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. - 67-ci maddəsinin 6-cı hissəsinə əsasən attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilən və ya başqa vəzifəyə (peşəyə) keçirilən işçinin iddiası əsasında fərdi əmək mübahisəsinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada yalnız məhkəmələrdə baxılır. - 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. - 296-cı maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. - 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. - 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. - 296-cı maddəsinin 6-cı hissəsinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. - 296-cı maddəsinin 7-ci hissəsinə əsasən Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. - 297-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır.

29. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: - 28.1-ci maddəsinə əsasən ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. - 35.1 və 35.2-ci maddələrinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. - 32.4.2-ci maddəsinə əsasən bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən mediasiya prosesinə xitam verilir. - 32.1.9-cu maddəsinə əsasən bu Qanunun 21.8-ci, 29.2-ci və 29.3-cü maddələrində göstərilən arayış tərtib olunduqda mediasiya prosesinə xitam verilir. - 29.3-cü maddəsinə əsasən tərəflərdən biri və ya hər ikisi mediasiya prosesini davam etdirməyə razılıq vermədikdə, habelə bu Qanunun 3.3-cü və 26.4-cü maddələrinə əsasən mediator mediasiya prosesinin həyata keçirilməsindən imtina etdikdə, mediator mediasiya prosesinə xitam verir və “X9 sonra prosesin davam etdirilə bilməməsi” ilə bağlı arayışı tərəflərə təqdim edir.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - Sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. - Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur.

31. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına əsasən Fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan və məhkəmələr mübahisələrin həllində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsində müəyyən edilən iddia müddətlərini tətbiq edərkən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeləri nəzərə almalıdırlar. - Qanunverici fərdi əmək mübahisələrinə məhkəməyə qədər və məhkəmələrdə baxılmasını müəyyən etmişdir. Əmək Məcəlləsinin 294-cü maddəsinin 1-ci hissəsinə əsasən, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Əmək Məcəlləsinin 294-cü maddəsinin 2-ci hissəsinə əsasən isə kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır. Həmin maddənin 3-cü hissəsində qeyd olunur ki, əmək müqaviləsində fərdi əmək mübahisələrinin bu Məcəllə ilə müəyyən edilmiş həlli qaydalarından fərqli olan, tərəflərin hüquq bərabərliyi prinsipini və bu Məcəllə ilə nəzərdə tutulmuş əmək, sosial və iqtisadi hüquqlarını pozmayan qaydalar nəzərdə tutula bilər. - Göründüyü kimi, qanunverici bütün fərdi əmək mübahisələrinin məhkəmə qaydasında həllini müəyyən etsə də, bundan istisna olaraq fərdi əmək mübahisələrinə kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində yaradılan müvafiq orqan tərəfindən məhkəməyə qədər baxılmasını da nəzərdə tutmuşdur. - Beləliklə, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanı səciyyələndirən şərtlər aşağıdakılardır: · yaradılmasının kollektiv müqavilədə nəzərdə tutulması; · müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində yaradılması; - Əgər müəssisədə kollektiv müqavilə bağlanmamışsa və ya bağlanmış kollektiv müqavilədə belə bir orqanın yaradılması nəzərdə tutulmamışdırsa, bu zaman Əmək Məcəlləsinin 294-cü maddəsinin 1-ci hissəsinə müvafiq olaraq fərdi əmək mübahisələrinə yalnız məhkəmələrdə baxıla bilər.

32. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər.

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”.

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülkiprosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

35. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır.

36. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyi və onun tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyi, həmçinin, məhkəməyə müraciət etmək üçün iddia müddəti ötürüldüyü üçün İddiaçı cavabdeh Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddiası rədd edilməlidir.

37. Müki Prosessual Məcəllənin: - 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; - 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə:

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdeh Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar