Məhkəmə qərarları › İş №e-2(006)-3804/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3804/2024

08.10.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3804/2024 08.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının, onun nümayəndəsi vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı İldırım qızının cavabdeh Azərbacan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinə qarşı əmrin ləğv edilməsi və sairə tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı İldırım qızı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi Metodiki və İxtisasartırma Mərkəzinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və X6 tərəfindən keçirilən qərəzli attestasiya komissiyasının qərarına uyğun verilən 3-24-2/3-01-k-66/2024 nömrəli qanunsuz əmrin ləğv edilməsi; 3-24-2/3-01k-66/2024 nömrəli əmr nəticəsində işdən çıxarılan İddiaçı İldırım qızının işə bərpa edilməsi; iddiaçı işə bərpa olunana qədər işəgötürənin təqsiri ucbatından buraxılmış iş günlərinə görə itirilmiş əməkhaqqının işəgötürən tərəfindən tam ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və X6 xx.xx.2024-cü il tarixində attestasiya keçirərək, İddiaçı İldırım qızına münasibətdə qanunsuz qərar qəbul etmiş və onun əmək fəaliyyətinə xx.xx.2024-cü il tarixində əmək məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə xitam vermişdir. Keçirilən attestasiyanın qərəzli olmasını sübut edən hallar vardır. İlkin olaraq vurğulamaq lazımdır ki, xx.xx.2024-cü il tarixində 3-24-2/3-01f 20/2024 nömrəli əmr mərkəzin direktor vəzifəsini icra edən Akif Maarifli tərəfindən imzalanmışdır. Eyni zamanda attestasiya komissiyasının katibi qismində Zemfira Zeynalova tərəfindən xəbərdarlıq bildirişi və attestasiyaya hazırlaşmaq üçün iddiaçıya 30 mövzu təqdim edilərək attestasiyanın Novruz bayramından sonra keçiriləcəyi barədə məlumat verilmişdir. Xəbərdarlıq bildirişi iddiaçıya xx.xx.2024-cü ildə təqdim edilmişdir. İddiaçıya 30 mövzuya hazırlaşmaq üçün bir ay müddət verilmişdir. İddiaçı və digər işçilər sualların mədəniyyət, təhsil sahəsindən xəbəri olmayan, bilik səviyyəsi aşağı olan şəxslər tərəfindən hazırlandığını bildirmiş, onların narazılıqları nəzərə alınaraq həmin suallar proqramdan çıxarılmışdır. Daha sonra xx.xx.2024-cü il tarixində Mədəniyyət Nazirliyinin iki əməkdaşı tərəfindən heç bir rəsmi kommunikasiya vasitəsindən istifadə olunmayaraq “Whatsapp” platformasında qrup yaradılmış, İddiaçı qrupa əlavə edilmişdir. Həmin qrupa əvvəlki 30 mövzuya əlavə 35 mövzu da daxil edərək ümumilikdə 65 mövzu göndərilmiş və bu mövzular əsasında attestasiyanın aparılacağı vurğulanmışdır. Vurğulamaq zəruridir ki, attestasiyanın keçirilməsi qaydalarına müvafiq olaraq attestasiyanın keçirilməsi ilə bağlı şərtləri, qiymətləndirmə meyarlarını, attestasiya komissiyasının sədri və üzvləri haqqında məlumatları əks etdirən heç bir sənəd İddiaçıə təqdim edilməmişdir. xx.xx.2024-cü il tarixində iddiaçı və digər işçilər Novruz bayramı tətilindən sonra işə qayıtdıqda iş vaxtı qrupa attestasiyanın xx.xx.2024-cü il tarixində keçiriləcəyi barədə məlumat göndərilmişdir. İddiaçının və digər işçilərin etirazlarına baxmayaraq attestasiya həmin tarixdə keçirilmişdir. İddiaçı və 30 nəfərə yaxın işçi zorla attestasiya komissiyasının qarşısına çıxarılmışdır. Attestasiyada iştirak etmiş iddiaçı və digər işçilər attestasiya zamanı mövzudan yayınmaların olduğu, kənar suallar verildiyini bildirmişlər. Attestasiyada iştirak etməyə qanuni əsaslarla etiraz edən İddiaçı isə təhqirlərə məruz qalmışdır. Attestasiyada iştirak etməsindən asılı olmayaraq iddiaçıya və digər işçilərə hədə-qorxu gəlinmiş və öz ərizələri ilə işdən çıxmaları təklif edilmişdir. Əks halda əmək kitabçalarının əmək məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləkələnərək işdən çıxarılacaqları bildirilmişdir. 2023-cü ilin fevral tarixində X7 direktor vəzifəsini icra etməyə başlamışdır. İşçilər iddia edirlər ki, Akif Maarifli vəzifəyə təyin olunduqdan sonra onlara qarşı qərəzli davranmış, mərkəzin fəaliyyəti dayanmış, fəaliyyət üzrə heç bir iş görülməmiş və hətta 2023-cü il və 2024-cü il üçün illik iş planı hazırlanmamışdır. Plan hazırlanmamasına rəğmən işçilər arasında ayrı-seçkilik edilmiş və “fəaliyyətində fərqləndiyinə görə” yanlız bir neçə işçiyə mükafat verilmişdir. Baxmayaraq ki, illik iş planı əvvəl də vurğulandığı kimi olmamışdır. Hüquqlarının pozulması ilə əlaqədar iddiaçı və digər işçilər Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Aparatına, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsinə və digər qurumlara müraciət ediblər. Həmçinin xx.xx.2024-cü il tarixində İddiaçı tərəfindən mediasiya müraciəti edilmiş, xx.xx.2024-cü il tarixində ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə mediasiya arayışı əldə edilmişdir. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və X6 tərəfindən keçirilən qərəzli attestasiya komissiyasının qərarına uyğun verilən 3-24-2/3-01-k-66/2024 nömrəli qanunsuz əmrin ləğv edilməsi; 3-24-2/3-01-k-66/2024 nömrəli əmr nəticəsində işdən çıxarılan İddiaçı İldırım qızının işə bərpa edilməsi; iddiaçı işə bərpa olunana qədər işəgötürənin təqsiri ucbatından buraxılmış iş günlərinə görə itirilmiş əmək haqqının işəgötürən tərəfindən tam ödənilməsi, iddia tələbi ilə bağlı yekun məhkəmə çıxarılanadək əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının 3 faizi ödəncin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmədə İddiaçı İldırım qızı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmədə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddiaçının izahatına oxşar izahat verdi. Məhkəmədə cavabdehin nümayəndəsi X3 iddia tələbini etiraf etməyərək, onun təmin olunmamasını xahiş etdi. Həmçinin ərizə təqdim edərək qeyd etdi ki, iddia tələbi üzrə qanunvericiliklə müəyyən edilmiş iddia müddəti iddiaçı tərəfindən buraxılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, mövcud qanunvericilik əmək hüquqlarının müdafiəsi üçün müddətlər müəyyən etmişdir və yalnız həmin müddətlər ərzində səlahiyyətli şəxslər öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilərlər. İddia müddətinin əhəmiyyəti əsasən ondan ibarətdir ki, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, digər tərəfdən, iddia müddəti institutu hüquq münasibətlərində qeyri-müəyyənliyin və qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, ədalət mühakiməsi orqanlarına mübahisəni obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qeyd olunmalıdır ki, iddiaçının əmək müqaviləsinə xitam 2024-cü ilin aprel ayının 26-da verilmiş, iddiaçı mediasiyaya isə 2024-cü ilin may ayının 24-də müraciət etməsi, tərəflər arasında mediasiya prosesinə 02 iyul 2024-cü il tarixində xitam verilməsi, iddiaçı həmin tarixdən 10 gün keçdikdən sonra - 12 iyul 2024-cü il tarixində məhkəməyə müraciət etməsi işin mübahisəsiz hallarıdır. Belə olan halda, Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq iddiaçı üçün əmək müqaviləsinə xitam verilməsinə dair iddia müddətinin axımı 2024-cü ilin aprel ayının 26-da başlanmış, iddia müddəti isə Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə müvafiq olaraq həmin ilin may ayının 26-da bitmişdir. İddiaçı isə iddia müddətini xeyli ötürərək yalnız 2024-cü ilin iyul ayında məhkəməyə müraciət etmişdir. Həmçinin “Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 35.2-ci maddəsinə görə mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Adıçəkilən Qanunun 32.4.2-ci maddəsinin tələbinə görə bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən mediasiya prosesinə xitam verilir. İş materiallarından görünür ki, tərəflər arasında mediasiya prosesinə 2 iyul 2024- cü il tarixində xitam verilsə də, iddiaçı yalnız bu tarixdən 10 gün keçdikdən sonra - 12 iyul 2024-cü il tarixində məhkəməyə müraciət etmişdir. Beləliklə, iddiaçı mediasiya prosesinədək ötürülmüş iddia müddətini əlavə olaraq 8 gün müddətində də ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi Metodiki və İxtisasartırma Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-24- 2/3-01-k-66/2024 əmrinə əsasən mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin “Təhsil, təlim və tədris şöbəsinin Tədris proqramları ilə iş sektoru”nun metodisti İddiaçı İldırım qızı ilə bağlanmış əmək müaviləsinə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respubliksı Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi Metodiki və İxtisasartırma Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-24-2/3-01-f- 20/2024 saylı əmrində: “1.İşçilərin attestasiyasını həyata keçirmək məqsədi ilə 9 nəfərdən ibarət Attestasiya Komissiyası (birinci, ikinci) yaradılsın. 2. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 66-cı maddəsində göstərilən işçilər istisna olmaqla, Mərkəzin işçilərinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 97 saylı qərarı ilə təsdiq edilmiş Azerbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi qaydalarına uyğun olaraq attestasiyadan keçirilsinlər. 3. Hər iki komissiyaya tapşırılsın ki, 3.1 Attestasiya işini aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və Azerbaycan Respublikasının əmək qanurvericiliyinin, işçilərin attestasiya qaydalarının tələblərinə əməl edilməklə aparsın və rəsmiləşdirsin; 3.2 Attestasiyadan keçən işçilərin fəaliyyətinə obyektiv qiymət verilməsini, işçilərin konkret vəzifədə istifadə olunması imkanları haqqında tövsiyələr vermək üçün yalnız işgüzar mənafelərə əsaslanan prinsipial yanaşmanı təmin etsin; 3.3 Attestasiyadan keçən işçilərə yalnız tutduğu vəzifələrə, əmək funksiyalarına, ixtisaslarına dair, yerinə yetirdikləri işlər və onların nəticələri barədə, habelə emək müqavilələri ilə müəyyən edilmiş hüquqlar və vəzifələr dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilməsini təmin etsin. 3.4 Xüsusi bilik tələb edən vəzifələr üzrə işləyən işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması üçün daha yüksək ixtisasa malik mütəxəssislərin cəlb edilməsi və "Komissiya"nın tərkibinə daxil edilməsi, Komissiya”nın və Attestasiyanın keçirilməsinə 1 ay qalmış attestasiyadan keçən işçilər, attestasiyanın keçirilməsi və attestasiyanın keçirilməsi qaydaları barədə məlumatlandırılması attestasiyanın katibinə (Z.Zeynalova) həvalə edilsin. 3.5 Bu əmrin tələblərinin pozulmasına görə təqsirli bilinən işçilərin intizam məsluiyyətinə cəlb olunması əsas sayılsın” qeyd edilmişdir. İş materiallarında olan iddiaçıya ünvanlanmış xəbərdarlıq bildirişi № 09-dan görünür ki, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktorunun xx.xx.2024-cü il tarixli 3-24-2/3-01-f-20/2024 nömrəli əmrinə görə işçilərin peşəkarlıq səviyyəsini yoxlamaq və onların tutduğu vəzifəyə (peşəyə) uyğun olub-olmadığını aşkara çıxarmaq məqsədi ilə attestasiya komissiyası yaradılmışdır. Nəzərinə çatdırılmışdır ki, o, attestasiya olunacaq işçilər kateqoriyasına aiddir. xx.xx.2024-cü il tarixli 3-24-2/3-01-f-20/2024 nömrəli əmrlə təsdiq edilmiş Mədəniyyət üzrə Elmi-Metodiki və X1 Komissiyasının yaradılması haqqında sənədlə Mərkəzin İnsan resurslarının idarə edilməsi sektorunda tanış ola bilər. Attestasiyada iştirak etmədiyi halda attestasiyadan keçirilməmiş hesab olunmaqla, tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən son 5 il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılmasının nəticələri nəzərə alındığı üçün bununla bağlı sənədlərini (sertifikat, diplom və s.) attestasiya komissiyasına təqdim etməsi xahiş olunmuşdur. Xəbərdarlıqda attestasiya zamanı sualların verilməsi nəzərdə tutulmuş məsələlərin siyahısı əlavə edilmiş, eyni zaman bu xəbərdarlığın xx.xx.2024-cü il tarixdə qüvvəyə minəcəyi qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə tərtib edilmiş attestasiyanın nəticələrinə dair protokolda göstərilmişdir ki, “Təhsil, təlim və tədris şöbəsinin Tədris proqramları ilə iş sektoru”nun metodisti İddiaçı İldırım qızı tutduğu vəzifəyə uyğun hesab edilmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və onun tələblərinə görə tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Məhkəmə iclasında, o cümlədən məhkəməyə cavabdeh tərəfindən təqdim edilməklə işə əlavə edilmiş materiallardan müəyyən edildi ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi səbəbi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) göstərilmişdir. Əmək Məcəlləsinin 65-ci maddəsinin 1-ci bəndinə əsasən işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. Həmin Məcəllənin 65-ci maddəsinin 7-ci bəndinə əsasən attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər. Həmin Məcəllənin 67-ci maddəsinin 6-cı bəndinə əsasən attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilən və ya başqa vəzifəyə (peşəyə) keçirilən işçinin iddiası əsasında fərdi əmək mübahisəsinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada yalnız məhkəmələrdə baxılır. “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikasinin Nazirlər Kabinetin Qərarının 1.2-ci bəndinə əsasən müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır. Atesstasiya komissiyasının əsasnaməsinin 6.1.7-ci bəndinə və “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikasinin Nazirlər Kabinetin Qərarının 2.6-cı bəndinə, əsasən attestasiyanın nəticələri əsasında attestasiya komissiyası işçilərə tutduğu vəzifəyə uyğun gəlməsi yaxud tutduğu vəzifəyə uyğun gəlməməsi qərarlardan birini verir. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə tərtib edilmiş attestasiya vərəqində İddiaçı İldırım qızının 270 mümkün baldan 26 bal toplaması əsası ilə tutduğu vəzifəyə uyğun olmadığı qeyd edilməklə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, iş materiallarında olan materiallara əsasən atesstasiyanın qanunvericiklə nəzərdə tutulmuş qaydalardan kənar keçirilməsi və ya bu zaman prosedur pozuntularına yol verilməsi müşahidə olunmur, işçi topladığı bala münasibətdə qiymətləndirilməklə barəsində işəgötürən tərəfindən müvafiq qərar verilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndinə əsasən xitam verilməsi üçün hüquqi əsaslar mövcud olmuşdur. Belə ki, qeyd olunan əsas işəgötürən tərəfindən əmək müqaviləısinin ləğv edilməsi əsaslarından biridir. Bu zaman attestasiya komissiyasının qərarı işəgötürən üçün tövsiyyə xarakteri daşımaqla, bu əsasla əmək müqaviləsinə xitam verilməsi işəgötürənin vəzifəsi deyil, hüququdur. Həmçinin nəzərə alınmalıdır ki, attestasiya komissiyası işçinin tutduğu vəzifəyə uyğun gəlməməsi barədə qərar qəbul edərkən, işçinin peşəkarlıq səviyyəsindən və işəgötürənin imkanlarından asılı olaraq onun digər vəzifəyə keçirilməsi mümkünlüyü araşdırılmalıdır. Beləliklə göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının “əmrin ləğvi və işə bərpa” barədə iddia təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, “əmrin ləğvi və işə bərpa” barədə iddia təmin edilmədiyindən “işə bərpa olunana qədər işəgötürənin təqsiri ucbatından buraxılmış iş günlərinə görə itirilmiş əməkhaqqının işəgötürən tərəfindən tam ödənilməsi, iddia tələbi ilə bağlı yekun məhkəmə çıxarılanadək əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının 3 faizi ödəncin cavabdehdən tutularaq ona ödənilməsi” barədə iddia da təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə cavabdehin iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi barədə ərizəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci madəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 21.5-ci maddəsinə əsasən mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır. Həmin Qanunun 35.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. İş materiallarından görünür ki, iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmr xx.xx.2024-cü il tarixdə tərtib edilmişdir. İş materialllarında olan mediasiya prosesinin tətbiqi barədə təklifdən görünür ki, təklif xx.xx.2024-cü il tarixdə göndərilmişdir. İş materiallarında olan Bakı 10 saylı Mediasiya təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə arayışdan müəyyən olunur ki, tərəflərə bildiriş xx.xx.2024-cü il tarixində göndərilmiş, xx.xx.2024-cü il tarixində qəbul edilmişdir. Beləliklə iş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə əmrlə əmək müqaviləsinə xitam verildikdən sonra xx.xx.2024-cü il tarixdə, yəni 28 gündən sonra, mübahisə barədə mediasiya təşkilatına müraciət etmiş, qarşı tərəfə həmin tarixdə təklif göndərilmişdir. Mediasiya sessiyası barışıq sazişi ilə nəticələnməmiş və bu o deməkdir ki, iddia müddətinin axımı xx.xx.2024-cü il tarixdən davam etmiş, iddiaçı məhkəməyə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etməli olduğu halda - xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Bununla da, o, iddia ərizəsinin verilməsi müddətini 8 gün ötürmüşdür. Beləliklə, iddia müddətinin keçməsinin tətbiq edilməsi barədə ərizə təmin edilməklə, iddia tələbi həmçinin bu əsasla da rədd olunmalıdır. Məhkəmə işə baxılarkən çəkilən xərclərin tutulmasına dair aşağıdakıları qeyd edir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunun ödənilməsindən azad edildiyindən, iddia tələbi isə təmin edilmədiyindən dövlət rüsumu Azərbaycan Respublikasının Dövlət Büdcəsinə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı İldırım qızının cavabdeh Azərbacan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinə qarşı əmrin ləğv edilməsi və sairə tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri Azərbaycan Respublikasının Dövlət Büdcəsinə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar