Məhkəmə qərarları › İş №e-2(006)-3832/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3832/2022

28.09.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3832/2022 28.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndələri X10 və X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasına qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması, işə bərpa və buraxılmış müddət üzrə əməkhaqqının hesablanaraq ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasına qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması, işə bərpa və buraxılmış müddət üzrə əməkhaqqının hesablanaraq ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Müdafiə Nazirliyinin Mərkəzi Poliklinikasının 24 yanvar 2022-ci il tarixli 16 saylı əmrinin ləğv edilməsi, iddiaçının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliknikasının həkim vəzifəsinə işə bərpa edilməsi və işə bərpa olunan günə qədər məcburi iş buraxma müddətində əmək haqqının hesablanaraq ödənilməsi, hüquqlarını müdafiə edən vəkilə ödədiyi 1.000 manat məbləğində pul, mediasiya üçün ödənilən 50 manat məbləğində pul, cəmi 1.050 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2012-ci il tarixli müddətli əmək müqaviləsinə əsasən, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında Həkim vəzifəsində çalışmağa başlamışdır. Həmin əmək müqavilələri iddiaçıya verilmədiyindən hazlrda təqdim edilməsi mümkün deyildir. Müqavilələrin surətinin təqdim edilməsi ilə bağlı cavabdehə müraciət edilsə də, sorğuya müsbət cavab verilməmişdir. Cavabdeh tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli 16 nömrəli əmr ilə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Bundan sonra İddiaçı şikayət ərizələri müxtəlif orqanlara, o cümlədən AR ƏƏSMN yanında X13 Xidmətinə müraciət etmişdir. Xidmətdə aparılan yoxlamalar zamanı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən İddiaçı əmək müqaviləsinə AR Əmək Məcəlləsinin tələbləri pozulmaqla xitam verildiyi müəyyən edilmişdir. Hətta tərəflərindən xx.xx.2022-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının Hərbi Hissə komandiri X17 AR İXM-nin 192.6-cı maddəsi ilə təqsirli bilinmişdir. Daha sonra xx.xx.2022-ci il tarixli MN № ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası bu hüquqpozmaları aradan qaldırmamışdır. Bununla bağlı həmçinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Hərbi Prokurorluğuna da iddiaçı tərəfindən müraciətlər edilmiş və müvafiq cavab məktubları iddiaçıya təqdim edilmişdir. Həmin məktubların surəti iddia ərizəsinə əlavə edilir. İşin faktiki halı ondan ibarətdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası və iddiaçının hazırda işlədiyi Müdafiə Nazirliyinin Stomatoloji Poliklinikası Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinə tabedir. İddiaçının şikayətlərindən sonra rəhbər şəxslər tərəfindən qəbul edilərək ona bildirilmişdir ki, onu işə bərpa edirlər, lakin o artıq fəaliyyətini bir müddət Müdafiə Nazirliyinin Stomatoloji Poliklinikasında eyni əmək şəraitində eyni əmək haqqı miqdarında davam etdirəcəkdir. Sonradan isə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasına geri qayıdacaqdır. Bununla bağlı iddiaçı ilə Müdafiə Nazirliyinin Stomatoloji Poliklinikası arasında xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. İşə başladığı zaman iddiaçı müəyyən etmişdir ki, onun əmək haqqı məbləğində fərq mövcuddur. Eyni zamanda stomatoloji poliklinikada onun işləməsi üçün zəruri avadanlıqlar təchiz olunmamışdır. Bu barədə iradını bildirdikdə ona tezliklə köhnə iş yerinə bərpa olunacağı bildirilmişdir. İddiaçı səbr edərək gözləmişdir. Bunu DƏMX-nin Bakı şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli MN № ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı da təsdiq edir. Belə ki, həmin qərarda törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün işəgötürənə 10 gün müddət vaxt təyin edilmişdir. Hətta, X13 tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda da bu barədə qeyd edilmişdir. Faktiki olaraq əvvəlki işəgötürən tərəfindən iddiaçının əmək şəraiti dəyişdirilmişdir. Sadəcə olaraq həmin əmək şəraitinin dəyişdirilməsinə iddiaçı tərəfindən razılıq verilməyəcəyini cavabdeh bildiyi üçün onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən xitam vermiş, sonradan onu guya yeni yerdə işə təmin etmişdir. Bütün bu qanunsuzluqları başa düşdükdən sonra və Əmək Müfəttişliyi Xidmətinin hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət ərzində aradan qaldırmadığını gördükdən sonra iddiaçı Mediasiya Haqqında AR Qanununun və MPM-in tələbləri nəzərə alınmaqla tərəflər xx.xx.2022-ci il tarixdə mediasiya sessiyasında iştirak etmiş, lakin barışıq əldə edilə bilməmişdir. Bu barədə arayış tərtib olunmuşdur. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia tələbinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçı həkim vəzifəsində çalışıb. İlkin müddətdə o, analıq məzuniyyətində olan şəxsi əvəz edib. Daha sonra işə götürülmüşdür. Cavabdeh iddiaçı ilə müddətli əmək müqaviləsi bağlamışdır. Onu əmin etmişdirlər ki, işə bərpa edəcəklər. Şəxs əmək müqaviləsini bağladıqdan sonra iş yerinə getmişdir. İş yeri çox pis vəziyyətdə olub. Hərbi Poliklinikanın məsul şəxsi barəsində inzibati xəta haqqında protokol ləğv olunmuşdur. O, Əmək Müfəttişliyinə şikayət vermişdir. Müqavilə müddətsiz bağlanmalı idi. Faktiki olaraq müqavilə bağlansa da, iş şəraiti dəyişmiş və çox pis vəziyyətdə olmuşdur. AR Əmək Məcəlləsinin 294, 296-cı maddələrinə əsasən, şəxs hüquqlarını bildiyi andan müraciət etməlidir. Müddəti ötürməmişlər. İddia müddətinin ötürülməsi ilə bağlı ərizə göndərmişdir. Şəxs barəsində sonuncu inzibati tənbeh 2019-cu il tarixdə tətbiq edilmişdir. 1 ildən sonra qüvvəsini itirmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, İddiaçı oğlunun cavabdeh Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasına qarşı işə bərpa tələbinə dair iddia ərizəsi əsassızdır. Belə ki, Azərbaycan Respublikası “Əmək Məcəlləsi”-nin 47-ci maddəsinin “f bəndini rəhbər tutaraq İddiaçı və Mərkəzi Hərbi Poliklinikasının rəisi arasında müddətli əmək müqaviləsi bağlanmışdır. Müddətli əmək müqaviləsinin bağlanmasının səbəbi Azərbaycan Respublikası “Əmək Məcəlləsi”-nin 47-ci maddəsinin “a” bəndində sadalanan hallar idi, yəni əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda”. Bu barədə İddiaçı xəbərdar idi və müqaviləni heç bir irad bildirmədən imzalayırdı. MN Mərkəzi Hərbi Poliklinikanın hərbi təşkilat olması və burdaki xidmətin xüsusi dövlət xidməti olması nəzarə alınaraq bütün hərbi qulluqçulardan və mülki işçilərdən yüksək nizam-intizam tələb olunur. İddiaçı isə işlədiyi dövr ərzində dəfələrlə nizam-intizamsız işçi kimi özünü göstərmiş, bununla bağlı dəfələrlə intizam tənbehinə məruz qalmışdır. Bu səbəbdən İddiaçılə bağlanmış əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar olaraq, Azərbaycan Respublikası “Əmək Məcəlləsi”-nin 73-cü maddəsini rəhbər tutaraq İddiaçı xəbəredici məktub göndərilib və Azərbaycan Respublikası “Əmək Məcəlləsi”-nin 68-ci maddəsinin “b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Bununla bağlı Azərbaycan Respublikası “Əmək Məcəlləsi”-nin 87-ci maddəsinin 3-cü hissəsinə əsasən V. A. Əliyevə əmək kitabçası və əmirdən çıxarışı təqdim edilərək, ona son haqq hesab ödənilmişdir. Lakin, İddiaçı müraciəti nəzarə alaraq Müdafiə Nazirliyinin Tibb İdarəsinin tabeliyində olan X1 öz peşəsinə uyğun, vəzifə maaşı eyni olmaqla, xx.xx.2022-ci il tarixdən həkim-stomatoloq kimi işə qəbul olunmuşdur. Azərbaycan Respublikası “Əmək Məcəlləsi”-nin 294-cü addəsinə əsasən bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır, həmin məcəllənin 296-cı maddəsinə uyğun olaraq işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 (üç) təqvim ayı ərzində müraciət edə bilər. İddiaçı müraciət etdiyi iddia ərizəsində görünür ki, həmin müddət heç bir üzrlü səbəb olmadan buraxılmışdır və İddiaçı 7 (yeddi) ay sonra məhkəməyə müraciət etmişdir. Həmçinin, İddiaçı iddia ərizəsində qeyd etdiyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Bakı şəhər İdarəsi tərəfindən Poliklinika rəisi tibb xidməti polkovniki X3 Xətalar Məcəlləsinin 192.6-cı maddəsi üzrə təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğində cərmə edilməsinə baxmayaraq Nəsimi rayon Məhkəməsinin 3(006)-2026/2022 nömrəli 01 iyul 2022-ci il qərarı ilə ləğv edilərək iş baxılması üçün həmin quruma göndərilmişdir. Həmçinin, Poliklinika rəisi, tibb xidməti polkovniki X17 “Vətən müharibəsi”ndə göstərdiyi fərqlənməyə görə “Vətən Müharbəsi” iştirakçısı adına layiq olunaraq Azərbaycan Respublikası Prezidenti tərəfindən “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunmuşdur. Odur ki, qeyd olunanları nəzərə alaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən X10 iddia tələbinə etiraz edərək onun rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” Arayışdan görünür ki, İddiaçı və cavabdeh AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının etibarnamə üzrə nümayəndəsi X11 xx.xx.2022-ci il tarixində, 14:00-15:00 saatlarında keçirilən ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər (Mediator:F.Mehdiyev). İş materiallarında olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən İddiaçı ünvanlanan xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, ünvanlanmış müraciətdə tibb xidməti polkovniki A.Məmmədov tərəfindən hüquqlarının pozulduğunu qeyd etməyinə baxmayaraq Bakı Hərbi Prokurorluğunda aparılmış araşdırma zamanı izahatı alınarkən cinayət xarakterli məlumat bildirmədiyindən toplanmış araşdırma materialı 16 iyun 2022-ci il tarixdə Tibb İdarəsinə göndərilmişdir. Müraciət əsasında toplanmış araşdırma materialı Azərbaycan Respublikası Müdafiə Nazirinin 16 may 2014cü il tarixli 26 nömrəli qərarı ilə nəzarət yoxlaması zamanı təqdim edilməsi üçün işə alınmışdır. Həmçinin, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 6-cı maddəsinə əsasən, mülki işlər üzrə ədalət mühakiməsi yalnız məhkəməyə aiddir və məhkəmələr tərəfindən qanunla müəyyən olunmuş qaydada həyata keçirilir. Odur ki, ərizədə göstərilən məsələ ilə əlaqədar məhkəmə orqanlarına müraciət edilməsi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən ünvanlanan xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, vətəndaş Əliyev X12 Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında həkim stomatoloq kimi fəaliyyət göstərib, həm Vətən müharibəsi ərəfəsində, həm də müharibədən əvvəlki və sonrakı dövrlərdə vəzifə borclarını yerinə yetirmiş, üzərinə qoyulmuş tapşırıqları bütün xalq kimi səfərbər olmaqla icra etmiş, istər müharibədə xəsarət alan hərbi qulluqçulara, istərsə də digər xəstələrə vəzifə borcundan irəli gələn lazımi stomatoloji xidmətlər göstərmişdir. Bununla belə bildirilmişdir ki, İddiaçı “işdən azad edilməsi” ifadəsi düzgün seçilməmişdir. Belə ki, İddiaçı əmək müqaviləsi əsasında fəaliyyət göstərmiş və müqavilə müddəti 2020-ci ilin noyabr ayında başa çatmasına baxmayaraq peşəkarlığı nəzərə alınaraq komandanlıq tərəfindən onunla olan müqavilə öz razılığı ilə 1 il müddətinə artırılmışdır. Göründüyü kimi, İddiaçılə Mərkəzi Hərbi Poliklinika rəisi arasında olan əmək müqaviləsinin müddəti 2021-ci ilin noyabr ayında başa çatmış, səhhəti ilə əlaqədar işə çıxmadığı üçün həmin müqaviləyə 2022-ci ilin yanvar ayında xitam verilmişdir. Daha sonra İddiaçı peşəkarlığı, təcrübəsi nəzərə alınmış, müqavilə müddəti başa çatan vaxt Tibb İdarəsinin rəhbərliyi tərəfindən qəbul olunmuş və onun təcrübəsindən daha səmərəli istifadə olunması məqsədilə X2 işə qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən ünvanlanan xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Bakı Hərbi Prokurorluğu tərəfindən müəyyən edilmişdir ki, vətəndaş İddiaçı qeyd olunan müraciətində və bununla bağlı vermiş olduğu izahatında Mərkəzi Hərbi Poliklinikanın rəisi tibb xidməti polkovniki Asəf Məmmədov tərəfindən onun hüquqlarının pozulduğunu, eləcə də ona qarşı qanunsuz hərəkətlərə yol verdiyini göstərmiş, lakin istər müraciətində, istərsə də izahatında cinayət xarakterli məlumat bildirməmişdir. İş materiallarında olan 28 aprel 2022-ci il tarixli, MN ******* №-li İnzibati xəta haqqında Protokoldan görünür ki, İddiaçı ilə MN-nin Mərkəzi Hərbi Poliklinikası arasında bağlanmış xx.xx.2012-ci il tarixli (müddətli bağlanmış) əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozularaq xitam verilmişdir. İş materiallarında olan 06 may 2022-ci il tarixli MN ******* №-li İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında Qərardan görünür ki, İddiaçı əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilmişdir. X5 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının rəhbərliyi tərəfindən Bakı şəhər İdarəsinə ünvanlanmış məktubdan və sənədlərdən iddiaçı ilə müəssisə arasında bağlanmış xx.xx.2012-ci il tarixli müddətli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xx.xx.2022-ci il tarixdə xitam verildiyi və son haqq-hesabın (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, ödənilməli əmək haqqı və digər ödəmələr) əmək haqqı bank hesabına köçürüldüyü məlum olmuşdur. İddiaçının əmək müqaviləsinə qanunvericiliyin tələbi pozularaq xitam verildiyindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən inzibati xəta halı yaranmışdır. Əmək müqaviləsinə qanunvericiliyin tələbi pozularaq xitam verildiyindən Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının rəisi X17 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinin tələblərinə uyğun olaraq 06 may 2022-ci il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan 32 №-li Əmək müqaviləsindən görünür ki, işçi İddiaçı ilə işəgötürən X4 arasında müddətli əmək müqaviləsi bağlanmış, işçi xx.xx.2012-ci il tarixdən əsas iş yeri olmaqla cərrahiyyə bölməsinin stomatoloji kabinetinin rəisi vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan 356 №-li Əmək müqaviləsindən görünür ki, işçi İddiaçı ilə işəgötürən X7 arasında müddətsiz əmək müqaviləsi bağlanmış, işçi xx.xx.2022-ci il tarixdən əsas iş yeri olmaqla cərrahi stomatologiya bölməsinin stomatoloji cərrahı olaraq işə başlamışdır. İş materiallarında olan 24 yanvar 2022-ci il tarixli, 16 №-li Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının rəisinin ƏMR-ndən çıxarışdan görünür ki, İddiaçı poliklinikanın Cərrahiyyə bölməsinin stomatoloji kabinetinin həkim-stomatoloqu, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən 24 yanvar 2022-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilərək işdən azad edilmişdir. İddiaçı Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci bəndinə əsasən, əvvəlcədən istifadə etmədiyi (xx.xx.2021-xx.xx.2022-ci iş ili üçün) əsas məzuniyyətə görə 30 təqvim günü üçün pul əvəzi və son haqq-hesabı ödənilmişdir. İş materiallarında olan Arayışdan görünür ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Tibb Baş İdarəsi rəisinin xx.xx.2020-ci il tarixli telefonoqrammasına əsasən xidməti zərurətlə əlaqədar Silahlı Qüvvələrin Baş Klinik Hospitalına ezam olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-2026/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X17 tərəfindən verilmiş şikayət qismən təmin edilərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş baxılması üçün həmin quruma göndərilmişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilən xx.xx.2022-ci il tarixli, 9966 №-li Arayışdan görünür ki, vətəndaş İddiaçı Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının Cərrahiyyə bölməsinin stomatoloji kabinetində işlədiyi müddətdə 2021-ci il üçün cəmi 7463.31 manat əmək haqqısı olmuşdur. İş materiallarında olan Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilmişdir. İş materiallarında olan Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair Məlumatdan görünür ki, əmək müqaviləsinə xitam verilməsi xx.xx.2022-ci il tarixli xxxxxxx0001X0 nömrəli “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2012-ci il tarixdə müddətli əmək müqaviləsi bağlayaraq Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında həkim vəzifəsində çalışmağa başlamışdır. Həmin əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli Əmrlə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Lakin, iş materiallarından göründüyü kimi əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin surəti işçi İddiaçı göndərilməmişdir. 28 aprel 2022-ci il tarixli, MN ******* №-li İnzibati xəta haqqında Protokola əsasən, İddiaçı ilə MN-nin Mərkəzi Hərbi Poliklinikası arasında bağlanmış xx.xx.2012-ci il tarixli (müddətli bağlanmış) əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozularaq xitam verilmişdir. Daha sonra iddiaçı xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən, əvvəlki iş yerinə yox, başqa iş yerinə keçirilmişdir. Hazırda onun əmək haqqı məbləğində fərq mövcuddur. Eyni zamanda stomatoloji poliklinikada onun işləməsi üçün zəruri avadanlıqlar təchiz olunmamışdır. Bununla da iddiaçının hüquqları ciddi şəkildə pozulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 9-cu maddəsinə əsasən, əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq işçilərin əsas hüquqlarından biridir; 12-ci maddəsinə əsasən, əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir; 45-ci maddəsinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir; 54-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş hallar istisna edilməklə əmək şəraitinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz; 56-cı maddəsinə əsasən, istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir; 57-ci maddəsinə əsasən, əmək funksiyasının dəyişdirilməsinə yalnız tərəflərin qarşılıqlı razılığı ilə yol verilir. Birtərəfli qaydada əmək funksiyasının dəyişdirilməsinə, onun dairəsinin azaldılmasına və ya artırılmasına yol verilmir; 62-ci maddəsinin əsasən, işdən kənar edilməsini işəgötürənin və ya başqa vəzifəli şəxslərin ona qarşı qərəzli münasibətinə, saxta sənədlər əsasında həyata keçirildiyinə və digər faktlara görə qanunsuz və əsassız hesab edən işçi pozulmuş hüquqlarının bərpa edilməsi, şərəf və ləyaqətinin müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər; 68-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən, əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsi üçün əsaslardan biridir; 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz; 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsədə tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmişəmək məzuniyyətinə görə pul əvəzi, işçiyəödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir; 84-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər; 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Göründüyü kimi, iddiaçı xx.xx.2012-ci ildən xx.xx.2022-ci il tarixədək fasiləsiz olaraq həmin müəssisədə çalışmışdır. Yəni, faktiki olaraq əmək müqaviləsi müddətsiz olmuşdur. Həmin müddət ərzində işəgötürən qanunvericiliyin tələblərini pozaraq müqavilənin müddəti uzadılmış, xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozularaq xitam verilmiş və iş materiallarından göründüyü kimi xitam verilməsi barədə əmrin surəti işçiyə göndərilməmişdir. Sonradan işə bərpa edilsə də, bu zaman da işçinin hüquqları pozularaq, əmək haqqı və əmək şəraiti fərqli işə keçirilmişdir. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, İddiaçı işdən azad edilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilən xx.xx.2022-ci il tarixli 16 saylı əmri verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri pozulmuş, İddiaçı əmək müqaviləsi həmin Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan ləğv edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələblərinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surəti, işçinin əmək kitabçası, son haqq-hesab və digər ödəmələr sonuncu iş günü işçiyə verilməli olduğu işəgötürən tərəfindən bu tələblərə əməl edilməmişdir. Qeyd edilən pozuntularla əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən cavabdehin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edilmişdir. Göründüyü kimi, İddiaçı işdən azad edilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2022-ci il tarixli 16 saylı əmri Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri pozulmaqla verilmiş, İddiaçı ilə əmək müqaviləsi ləğv edilərkən Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmamışdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əmrin ləğv edilməsi, əvvəlki vəzifəsinə işə bərpa edilməsi və işə bərpa olunan günə qədər məcburi iş buraxmağa görə əmək haqqının hesablanaraq ödənilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi 1.000 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində əsassızdır və rədd edilməlidir. Belə ki, iddiaçı 1.000 manat məbləğində göstərilmiş hüquqi xidmətə görə vəsaitin tutulmasını xahiş edir, lakin bununla bağlı hər hansı bir müqaviləni məhkəməyə təqdim etməmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, iddiaçının mediasiya üçün ödənilən 50 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq ona ödənilməsi barədə tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının 24 yanvar 2022-ci il tarixli, 16 saylı əmri ləğv edilməli, iddiaçı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının həkim vəzifəsinə işə bərpa edilməli, işə bərpa olunan günə qədər məcburi iş buraxma müddətində əmək haqqı hesablanaraq ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının 24 yanvar 2022-ci il tarixli, 16 saylı əmri ləğv edilsin. İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının həkim vəzifəsinə işə bərpa edilsin. İşə bərpa olunan günə qədər məcburi iş buraxma müddətində əmək haqqı hesablanaraq iddiaçıya ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Mediasiya üçün ödənilmiş 50 manat məbləğində pul vəsaiti cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasından tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar