Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3840/2022 21.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı - İddiaçı, İddiaçı nümayəndəsi və vəkili - Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən vurulmuş maddi ziyana görə 175.000 (bir yüz yetmiş beş min) manat, mənəvi ziyana görə 300.000 (üç yüz min) manat, cəmi 475.000 (dörd yüz yetmiş beş min) manat pul vəsaitinin alınaraq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, İddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-138/2019 nömrəli 07 yanvar 2019-cu il tarixli hökmü ilə AR CM-nin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 07 iyun 2018-ci il tarixdən hesablanmışdır. Həmin hökmdən İddiaçı apellyasiyaşikayəti verib, birinci instansiya məhkəməsində bildirdiyi kimi, elan edlilmiş ittihamda təqsirinin olmamasını, heç bir cinayət törətməməsini, günahsız olmasına baxmayaraq barəsində ittiham hökmü çıxarılmasını qeyd edərək, hökmün ləğv edilib barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 17 aprel 2019-cu il tarixlin qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-138/2019 nömrəli 07 yanvar 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. Həmin qərardan İddiaçı kassasiya şikayəti verərək, eyni əsaslarla qərarın ləğv edilib, barəsində bəraət hökmü çıxarılmasını xahiş etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının 1(102)-24/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 17 aprel 2019-cu il tarixli qərarı ləğv edilərək, iş yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-138/2019 nömrəli 07 yanvar 2019-cu il tarixli hökmü ləğv edilərək, İddiaçı AR CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. Həmçinin İddiaçı tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilmişdir. Həmin qərardan dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə Azərbaycan Respublikası Ali Məhkəməsində baxılmış, məhkəmə kollegiyasının 1(102) 634/2022 saylı 07 iyun 2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır. Bildirmək istəyirəm ki, İddiaçı istintaq və məhkəmə orqanlarının ona əsassız ittiham elan edərək tutulması, həbsə alıması, məhkum edilməsi ilə bağlı bərpa olunmaz maddi və mənəvi ziyan vurmuşlar. Belə ki, yuxarıda qeyd olunduğu kimi İddiaçı 07 iyul 2018-ci il şübhəli şəxs qismində tutulmaqla həmin tarixdən azadlığı əlindən alınmış və məhkəmələrdə işinə baxılarkən günahsız olduğunu bildirsə də, bununla bağlı yuxarı instansiya məhkəməsinə şikayət versə də, qanunda nəzərdə tutumuş qaydada müraciətlər etsə də heç bir nəticə olmamış və həbsdə neçə illər qaldıqdan sonra nəhayət Bakı Apellyasiya Məhkəməsinin ədalətli araşdırmasından sonra, məhkəmə kollegiyasının 19 noyabr 2021-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-138/2019 nömrəli 07 yanvar 2019-cu il tarixli hökmü ləğv edilərək, ona bəraət verildikdən sonra azadlığa çıxmışdır. Beləliklə, İddiaçı 07 iyul 2018-ci il tarixdən 19 noyabr 2021-ci il tarixədək, yəni 3 il 5 ay 12 gün əsassız olaraq məhkum olunaraq həbsdə saxlanmışdır. Bundan başqa, Bakı Apellyasiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli qərarı ilə ona bəraət verilib, azadlığa çıxsa da, qeyd olunan qərardan verilmiş əsassız apellyasiya protestinə baxılanadək keçən müddər ərzində də stres və sarsıntılar keçirmişdir. Keçən həmin müddət ərzində İddiaçı çox böyük izdirablar çəkmişdir. Belə ki, heç bir günahı olmadan onun ağır cinayətdə ittiham olunması və təqsirinin olmamasına heç kimin inanmamasını görüb etiraz əlaməti olaraq məhkəmə zalında pəncərənin qırılmış şüşəsi ilə özünü qarın nahiyyəsindən doğramış və özünü öldürmək istəmişdır. İşin qeyd olunan həmin halı AR SN Ağdaş rayon Xəstəxanasının ambulator, stasionar xəstənin xəstəlik tarixindən çıxarış, həmçinin 4790 №-li X9 ilə təsdiq olunur. Həmin sənədlərdən göründüyü kimi İddiaçı qarnının ön divarında olan ağrılar, şişkinliklər və başqa narahatlıqlarla bağlı cərahiyyə şöbəsinə müraciət etmiş, həkim müayinəsi zamanı onun qarnının ön divarının kəsikdən sonra çoxsaylı çapıqların olması və kiskin ağrıların olması müəyyən edilmiş, bununla bağlı müalicə təyin edilmişdir. (həmin arayışı iddia ərizəmə əlavə edəcəyəm) Qeyd olunan maddə ilə ittiham olunmasına görə qızının nişanı qaytarılmış və ailə üzvləri ondan üz döndərmişlər. Bundan başqa, qeyd etmək istəyirəm ki, İddiaçı Rusiya Federasiyasında yaşayıb orada da işləmişdir. Azərbaycan Respublikasına qızının nişan mərasimi ilə bağlı gəlmiş və qeyd olunan ittihamla bağlı tutulmuşdur. Rusiya Federasiyasında Fud Sity bazarında 2017-ci ilin sentyabr ayından 2018-ci ilin mart ayınadək işləmiş, günə 4500-5500 Rus rublu, yəni Azərbaycan manatı ilə 120-130 manat pul qazanmışdır. Həmin halı qeyd olunan dövlərdə Rusiya Federasiyasında olmaqla İddiaçılə eyni bazarda işləyən iş yoldaşları da təsdiq edə bilərlər və qeyd olunan şəxslərin şahid qismində dindirilmələri üçün məhkəmənin iclasındaiştirakları təmin ediləcəkdir. İstintaq orqanlarının bilavasitə qanunsuz hərəkətləri, məhkəmə orqanlarının laqeydliliyi nəticəsində düşdüyü çıxılmaz durum və narahatçılıq özünü mənəvi sarsıntılar və iztirablarla biruzə vermişdir. Bütün bunlar İddiaçı psixoloji stress yaratmış, daim əsəb və sarsıntı keçirtmiş və bu onda immunitetin zəifləməsinə gətirib çıxarmışdır. Daimi həyəcan nəticədə xəstəliyə tutulmuşdur. Bu gündə mənəvi iztirablar keçirir, sosial adaptasiya olunmaqda çətinlik çəkir. Əsassız cinayət işinin başlanmasına və təqsirləndirilən şəxs kimi cəlb edilməsi, tutulmaqla, məhkum edilməsi və bunun nəticəsində yəni 3 il 5 ay 12 gün həbsdə qalması nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. Beləliklə, Rusiya Federasiyasında bazarda işləməklə günə minimum 120 manat qazanmış, həbsdə 3 il 5 ay 12 gün qalmış və barəsində çıxarılmış bəraət hökmündən verilmiş kassasiya protestinə baxılanadək 07 iyun 2022-ci il tarixinədək Azərbaycan Respublikasını tərk edib işinə qayıda bilməmiş, keçən həmin müddət də 6 ay 18 gün də işləyə bilməmiş qazanc əldə etməmişdir. Buna görə də İddiaçı 3 il 5 ay 12gün+ 6 ay 18 gün= 4 il, 4 il =1460 gün, 1460 gün * 120=175200 manat yalnız işsiz qalması ilə bağlı maddi ziyan dəymişdir. Bundan başqa, heç bir təqsiri olmadan həyatının 3 il 5 ay 12 gününün dəmir barmaqlıqlar arasında keçirməsi, buna görə ailəsinin ondan üz döndərməsi, beləliliklə də keçirdiyi sters və izdirabın mənəvi ziyanını pulla ödənilməsilə, keçmiş həmin zamanı kompensasiya edə bilməsə də, ona vurulmuş mənəvi ziyana görə 300.000 (üç yüz min) manat kompensasiya ödənilərsə bundan sonrakı həyatını qaydasına salmasına qismən kömək ola bilər. Sonradan - xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X7 “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə iddia ərizəsinə etirazla müraciət etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbi dövlət büdcəsinə yönədliyindən məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin məhkəmə prosesinə cəlb olunması, onların təqsirinin müəyyən edilməsi və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktların məhkəmə qərarında göstərilməsi barədə qanunsuz hərəkətə yol vermiş vəzifəli şəxslərin məhkəmə prosesinə cəlb olunması məqsədəmüvafiqdir. İddiaçı ərizəsində keçirdiyi fiziki, mənəvi sarsıntıları, onun barəsində mənfi fikrin formalaşmasını və onu əhatə edən şəxslərlə münasibətlərinin pisləşməsinə dair sübutlar təqdim etməmişdir. Bundan başqa iddiaçı mənəvi zərərin miqdarını heç bir meyara söykənmədən şəxsi istəyi ilə müəyyən etmiş və ağlabatan deyildir. Eyni zamanda iddiaçı maddi ziyanla bağlı Rusiyada çalışarkən gündəlik gəlirinin 120 manat olmasına istinad etsə də buna dair faktlar, sənədlər təqdim etməmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi barədə qətnmaə çıxarılmalıdır. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X7 “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə vəsatətlə müraciət etmiş və qanunsuz hərəkətlərə yol vermiş vəzifəli şəxslərin cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid X1 ifadə verərək bildirdi ki, iddiaçı qonşusudur, 2017-ci il tarixdə iddiaçı ilə birlikdə Rusiya Federasiyasının Moskva şəhərində meyvə ticarəti ilə məşğul olmuşlar, iddiaçını uşaq vaxtından tanıyır, 15 il müddətində iddiaçı Moskvaya gedib gəlmişdir, meyvə ticarəti ilə məşğul olarkən pulu nağd alırdıq (gündəlik gəlir 120-150 manat arası olurdu) və bununla bağlı heç bir rəsmi sənəd imzalamırdıq. Məhkəmə iclasında iştirak edən şahid X4 ifadə verərək bildirdi ki, iddiaçı həmyerlisidir, iddiaçını uşaq vaxtından tanıyır, iddiaçı ilə birlikdə Rusiya Federasiyasının Moskva şəhərində “Food city”-də birlikdə meyvə-tərəvəz ticarəti ilə məşğul olmuşlar. 2019cu il tarixə qədər Moskva şəhərində işləmişəm, pulu nağd alırdıq (gündəlik gəlir 120-150 manat arası olurdu) və bununla bağlı heç bir rəsmi sənəd imzalamırdıq. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı və onun nümayəndəsinin izahatlarını, şahid ifadələrini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 yanvar 2019-cu il tarixli 1(101)-138/2019 saylı hökmündən görünür ki, təqsirləndirilən şəxs İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasını ciddi rejimli cəaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 07 iyun 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 17 aprel 2019-ci il tarixli qərarından görünür ki, apellyasia şikayəti təmin edilməmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 yanvar 2019-cu il tarixli 1(101)-138/2019 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-24/2021 saylı, 16 fevral 2021-ci il tarixli qərarından görünür ki, kassasiya şikayəti təmin edilmiş Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 17 aprel 2019-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işi həmin məhkəməyə yeni apellyasiya baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 19 noyabr 2021-ci il tarixli 1(103)-660/2021 saylı hökmündən görünür ki, apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 yanvar 2019-cu il tarixli 1(101)-138/2019 saylı hökmü ləğv edilmiş, İddiaçı təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmiş, barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilərək, dərhal məhkəmə zalından həbsdən azad edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 07 iyun 2022-ci il tarixli 1(102)-634/2022 saylı qərarından görünür ki, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 19 noyabr 2021-ci il tarixli 1(103)-660/2021 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ağdaş RMX xəstəlik tarixindən çıxarış (forma № 27) və 027341 saylı ambulator tibbi kitabçanın əslindən görünür ki, İddiaçı qarnın ön divarının kəsikdən sonra çoxsaylı çapıqları (şüşə ilə özü-özünə xəsarət yetirmişdir) diaqnozu qoyulmuşdur. AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1967-ci il tarixdə Azərbaycan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşıdır. 13.07.2022-ci il tarixli, reyestrdə 7E-6149 nömrəl ilə qeyd edilmiş etibarnamədən (əsli) və ******* nömrəli orderdən görünür ki, Vəkil İddiaçı ütibarnamə üzrə nümayəndəsi və vəkilidir. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunmuş (cəzaçəkmə müddətinin başlanğıcının 07 iyun 2018-ci il tarixdən hesablanmışdır), Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 19 noyabr 2021-ci il tarixli 1(103)-660/2021 saylı hökmü ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. Məhkəmə İddiaçı qanunsuz olaraq məhkum olunduğuna görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası Dövlət Büdcəsindən iddiaçının ona dəymiş maddi və mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına hüquqi qiymət verərək hesab edir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyri-maddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər. İnsan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü maddəsində göstərilir ki, «hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var». Bəyannamənin 9cu maddəsinə müvafiq olaraq «heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz». Məhkəmə qeyd edir ki, zərər çəkmiş şəxsə kompensasiya ödənilməsi milli qanunvericilik normaları ilə aşağıdakı qaydada tənzimlənir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56.0.2 və 56.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6—39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş və həmçinin, bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Göstərilən Qanunun 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Göstərilənlərlə yanaşı məhkəmə hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi təkcə onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi ilə yanaşı, ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyrimaddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür. Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi - ziyanın təminindən ibarət olması kimi göstərilmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd etmişdir ki, şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 29 noyabr 1985-ci il tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətindən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, və ya əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannaməyə istinad edilmişdir. Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır. Lakin nəzərə almaq lazımdır ki, iddiaçı ona maddi ziyan dəyməsinin məhkəmə tərəfindən müəyyən edilməsi üçün müvafiq sübutları təqdim etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra hallarda ərizəçinin ona maddi ziyan dəyməsini sübuta yetirmədiyinə görə ona maddi ziyana görə kompensasiya ödənilməsindən imtina etmişdir. (Məsələn, «Güleç Türkiyəyə qarşı», 27 iyul 1998-ci il; «Dikmə Türkiyəyə qarşı» 11 iyul 2000-ci il). İddiaçıya vurulmuş maddi ziyanla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ona maddi 175.000 manat ziyanın vurulduğunu bildirsə də, qeyd olunan iddia tələbini əsaslandıracaq sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, şahid ifadələri isə məhkəmə tərəfindən hazırkı maddi ziyanla bağlı tələbin təmin edilməsi üçün mötəbər sübut kimi qəbul edilə bilməz. Buna görə də məhkəmə hesab edir ki, X5 iddia tələbi vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi hissəsində rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) Yuxarıda qeyd olunanlara baxmayaraq, məhkəmə hesab edir ki, iddiaçının əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində ona mənəvi zərər vurulmuşdur. Məhkəmə iddiaçıya vurulmuş mənəvi zərərin ödənilməsi məsələsini aşağıdakı qaydada həll edilməsini məqsədəmüvafiq hesab edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tə--rəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əm-lak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), ha-be-lə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X3rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə mənəvi zərərin iddia edilən məbləğdə təmin edilməsini mümkün hesab etməyərək, iddianın bu hissəsini qismən, yəni – İddiaçı qanunsuz həbsdə saxlandığı 41 ay 12 gün müddətində olan dövr üçün (xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək) hər aya görə 1000 (bir min) manat, ümumilikdə 41000 manat həcmində təmin olunmasını ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə 41000 (qırx bir min) manat məbləğində mənəvi zərərin əvəzi ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə 41.000 (qırx bir min) manat məbləğində mənəvi zərərin əvəzi ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №e-2(006)-3840/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3840/2022
21.09.2022 · Sair mülki iş - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver