Məhkəmə qərarları › İş №e-2(006)-3879/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-3879/2024

04.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-3879/2024 04.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçının nümayəndələri (vəkilləri) Nümayəndə və Vəkil3, Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli çıxarışla qeydiyyata alınaraq xüsusi mülkiyyətinə verilən ünvan 1 ünvanda olan 01717 kv.metr torpaq sahəsində yerləşən 244 kv.metr qeyri-yaşayış sahəsindən cavabdehin əmlakları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən ünvan 1 ünvanda yerləşən 1396.30 kv.metr qeyri-yaşayış binası və 0.1717 kv.metr ölçüdə torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022ci il tarixdə daşınmaz əmlakın reyestrində xüsusi mülkiyyət hüquqları qeydiyyata alınaraq İddiaçı MMC-nin adına çıxarış verilmişdir. Cavabdeh heç bir əsas olmadan MMC-yə məxsus ərazidə yerləşən 244 kv.metr qeyri-yaşayış sahəsindən istifadə edərək, mülkiyyət hüquqlarını məhdudlaşdırır. Dəfələrlə ona həmin qeyri-yaşayış sahəsini boşaldaraq MMCyə təhvil verilməsi bildirilsə də, o həmin sahəni icarəyə götürdüyünü bildirərək, könüllü olaraq boşaltmaq istəmir. Eyni zamanda cavabdeh bildirir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3988/2014 saylı xx.xx.2014-cü il tarixli qərarı ilə ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 1396.3 kv.metr təşkil edən Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi, Nəsimi rayon Mədəni-Maarif İdarəsinin Mərkəzləşdirilmiş Mühasibatlığının balansında olan qeyri-yaşayış sahəsinin "xxxx" MTK-ya icarəyə verilməsi barədə AR ƏMDK-nin 177 saylı xx.xx.2007-ci il tarixli və həmin qeyri-yaşayış sahəsinin 100 % dəyəri ilə icarəçi "xxxx" MTK-ya satın almaq üçün təklif edilməsi barədə 232 saylı xx.xx.2007-ci il tarixli sərəncamları ləğv edildiyindən istifadə etdiyi 244 kv.metr qeyri-yaşayış sahəsi ona məxsusdur. Qeyd edir ki, qanuni qüvvəsini alan məhkəmə qərarlarına əsasən İddiaçı MMC, sifarişçi Xətai rayon İcra şöbəsinin, təşkilatçı "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 35 nömrəli X1 Protokola uyğun olaraq "xxxx" MTK-ya məxsus olan ünvan 1 ünvanda 0.17169 ha torpaq sahəsində yerləşən 34 otaqlı, ümumi sahəsi 1396.3 kv.metr daşınmaz əmlakı Alqı- satqı müqaviləsi ilə 7.000.000 (yeddi milyon) manata hərracdan almışdır. Onu da bildirir ki, iddiaçı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Bakı şəhər Mədəniyyət Baş İdarəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, üçüncü şəxslər "xxxx" MTK-ya və İddiaçı MMC-yə qarşı “Qeyri-yaşayış sahəsinin və onun yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi barədə sərəncamların və həmin sərəncamlar əsasında verilmiş şəhadətnamələrin ləğv edilməsi və daşınmaz əmlakların iddiaçının balansına qaytarılmasına dair” iddia ərizəsi Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1075/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-2188/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı və Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)-2562/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə qərardad dəyişdirilmədən saxlanılmışdır. Həmin məhkəmə aktlarında göstərilmişdir ki, Cavabdeh tərəfindən iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət olunaraq, qeyd edilən qeyri-yaşayış obyektinin yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsinə dair Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2007-ci il tarixli, 307 nömrəli sərəncamın ləğv edilməsi xahiş edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(81)- 1928/2017 nömrəli qərarı ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(103)-2297/2017 nömrəli qərardadı ilə 1-ci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2- 1(102)-605/2018 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qərardadı qüvvədə saxlanılmışdır. Məhkəmələr tərəfindən qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsində iddiaçı Cavabdeh məxsus hər hansı qeyriyaşayış binası mövcud olmadığına görə, onun həmin torpaq sahəsi ilə bağlı iddia irəli sürməyə subyektiv hüququ yoxdur. Göründüyü kimi Cavabdeh heç bir qanuni əsas olmadan İddiaçı MMC-nin xüsusi mülkiyyət hüquqlarını pozmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq, mübahisənin predmetini nəzərə alaraq hesab edir ki, hazırkı iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə mülki işin məhkəmə aidiyyəti üzrə göndərilməsinə etiraz etdiyini bildirmiş və qeyd etmişdir ki, işə burada yəni, Bakı şəhər Nəsimi Rayon Məhkəməsində baxılmalıdır. Çünki, mübahisə predmetinin kommersiya fəaliyyəti ilə əlaqəsi yoxdur və cavabdehin VÖEN hesabının olması işə bu məhkəmədə baxılmasına mane olmur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil3 mülki işin məhkəmə aidiyyəti üzrə göndərilməsinə etiraz etdiyini bildirmişdir.Belə ki, onların iddia tələbi Cavabdeh qarşı məhz onun fərdi şəxs kimi onların mülkiyyətində olan qeyri-yaşayış sahəsindən çıxarılma ilə bağlıdır, həmin tələbi onlar mülkiyyət hüquqlarından istifadə edərək irəli sürürlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 mülki işin məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi ilə bağlı məsələnin həllini məhkəmənin səlahiyyətinə həvalə etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh mülki işin məhkəmə aidiyyəti üzrə göndərilməsinə etiraz etmiş və işə Bakı şəhəri Nəsimi Rayon məhkəməsində baxılmalı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 31.1-ci maddəsinin tələbinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.4-cü maddəsinin tələbinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 403-1.1-ci maddəsində isə müəyyən edilmişdir ki, işdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli, 10 saylı qərarının 11-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Qeyd edilən Qərarın 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Qeyd edilməlidir ki, iş üzrə İddiaçı sahibkarlıq fəaliyyəti subyekti olması mübahisəolunmazdır. Eyni zamanda araşdırma zamanı Cavabdeh xx.xx.2012-ci il tarixdən əsas fəaliyyət istiqaməti akkumlyatorların, ilkin elementlərin batareyalarının təmiri və texniki xidməti olmaqla aktiv sahibkarlıq fəaliyyəti məşğul olması müəyyən edilmişdir. Həmçinin cavabdeh iddiaçı tərəfindən onun çıxarılması tələbi irəli sürülmüş qeyri-yaşayış sahəsində ona daha əvvəlki tarixlərdə verilmiş icarə əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını bildirmişdir. Hazırda da həmin qeyri-yaşayış sahəsini digər şəxsə icarə müqaviləsi əsasında icarəyə vermişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər kommersiya fəaliyyəti ilə məşğul olan şəxslərdir, mübahisənin predmetini isə bir sahibkarlıq subyektinin digər sahibkarlıq subyektini ikincinin sahibkarlıq fəaliyyətini həyata keçirdiyi qeyri-yaşayış sahəsindən çıxarılması tələbi təşkil edir. Bu səbəbdən məhkəmə hesab edir ki, iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 26, 263, 264cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsindən çıxarılması” tələbinə dair iddiasına əsasən mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar