Məhkəmə qərarları › İş №e-2(006)-3891/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3891/2023

07.11.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3891/2023 07.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Azərbaycan Dillər Universiteti” X6 xx.xx.2023-cü il tarixli 1/236 saylı əmrinin ləğv edilməsi, "Azərbaycan Dillər Universiteti” X6 Filologiya fakültəsinin X13 dilçilik kafedrasının professoru vəzifəsinin tutulması üzrə xx.xx.2023-cü il tarixli müsabiqənin İddiaçı aid hissədə nəticələrinin ləğv edilməsi, İddiaçı "Azərbaycan Dillər Universiteti” X7 Ümumi dilçilik kafedrasının tam ştat professoru vəzifəsinə bərpa edilməsi, qanunsuz işdən çıxarıldığına görə cavabdehin ona işdən çıxarıldığı günün sonrakı günündən, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqı hesablanaraq cavabdeh tərəfindən ödənilməsi, İddiaçı ödədiyi 60 manat mediasiya xərci, 1000 manat vəkil xidməti xərci cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı "Azərbaycan Dillər Universiteti” X7 ümumi dilçilik kafedrasının professoru vəzifəsindən xx.xx.2023-cu il tarixdən azad edilməsi və onunla bağlanmış əmək muqaviləsinə xitam verilməsi barədə cavabdeh "Azərbaycan Dillər Universiteti” X6 xx.xx.2023-cü il tarixli 1/236 saylı Əmri qəbul edilmişdir. Cavabdeh "Azərbaycan Dillər Universiteti” X14 xx.xx.2023-cu il tarixli 1/236 saylı Əmrini “seçki müddətinin bitməsi ilə əlaqədar səsvermə nəticələrinə görə müsabiqədən keçməməsi" ilə əsaslandırmışdır. Cavabdeh "Azərbaycan Dillər Universiteti” X6 xx.xx.2023-cü il tarixli 1/236 saylı Əmrini qanunsuz və əsassız hesab etmişdir. Belə ki, İddiaçı ilə cavabdeh "Azərbaycan Dillər Universiteti” X14 arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı ümumi dilçilik kafedrasında 0.5 ştat professoru vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2018-ci il tarixli əmək müqaviləsi xx.xx.2023-cü ilədək bağlanmışdır. Cavabdeh "Azərbaycan Dillər Universiteti” X8 xx.xx.2019-cu il tarixli 1/279 saylı Əmri ilə İddiaçı ümumi dilçilik kafedrasında tam ştat professoru vəzifəsinə keçirilmişdir. xx.xx.2018ci il tarixli əmək müqaviləsinin muddəti xx.xx.2023-cu ilədək olmasına baxmayaraq, İddiaçı ümumi dilçilik kafedrasında tam ştat professoru vəzifəsini xx.xx.2023-cu ilədək icra etməkdə davam etmişdir. Bunu əmək müqaviləsinə xitam verilməsi barədə cavabdeh "Azərbaycan Dillər Universiteti” X8 xx.xx.2023-cu il tarixli 1/236 saylı Əmri də subut edir, orada qeyd edilir ki, İddiaçı “Azərbaycan Dillər Universiteti" X7 Ümumi dilçilik kafedrasının professoru vəzifəsindən xx.xx.2023-cü il tarixdən azad edilsin". xx.xx.2023-cu ildə əmək müqaviləsinin muddətinin qurtarmasına baxmayaraq, bundan sonrakı 1 həftə ərzində nə iddiaçı, nə də ki, cavabdeh müqaviləyə xitam verilməsini tələb etməmişlər, buna ğörə də əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunmalıdır. Bundan başqa, əmək müqaviləsinin xitamına əsas kimi qeyd edilmiş "Azərbaycan Dillər Universiteti” X7 ümumi dilçilik kafedrasının professoru vəzifəsini tutmaq üçün keçirilmiş müsabiqə qanunvericiliyin tələblərini pozmaqla baş vermişdir. İlk növbədə, bildirmişdir ki, İddiaçı 2006-cı ildən, yəni 20 ilə yaxın muddətdə "Azərbaycan Dillər Universiteti” X7 işləmiş və müxtəlif vəzifələr, o cümlədən müsabiqə ilə seçilən vəzifələr tutmuşdur. Hazırda mubahisə predmeti olan musabiqədən əvvəl, 2018-ci ildə "Azərbaycan Dillər Universiteti” X9 ümumi dilçilik kafedrasının professoru vəzifəsini tutmaq üçün keçirilmiş müsabiqədən uğurla keçmiş və indi xitam verilən əmək müqaviləsi bağlanmışdır. Necə ola bilər ki, demək olar ki, eyni şəxslərdən ibarət olan Elmi Şuranın 16 üzvü 2018-ci ildə müsabiqədə İddiaçı lehinə səs verirlər, 2023-cü ildə isə Elmi Şuranın həmin 15 üzvü artıq İddiaçı əleyhinə səs verirlər? Həm də necə ola bilər ki, İddiaçı işləyəcəyi Ümumi dilçilik kafedrası xx.xx.2023-cu il tarixli iclasında musabiqədə onun seçilməsi lehinə rəy verir, xx.xx.2023-cü ildə isə artıq Elmi Şuranın səsverməsində onun seçilməsinin əleyhinə səs verirlər? Necə ola bilər ki, Elmi Şuranın uzvləri İddiaçı çoxsaylı monoqrafiyalarını, tədris vəsaitlərini, proqramlarını, elmi məqalələrini, beynəlxalq və ölkə miqyaslı elmi, praktik konfranslarda məruzələrini, beynəlxalq nəşrlərdə elmi məqalələrini, onun İndoneziya və Malayziya dili üzrə ölkədə yeganə azsaylı, bəlkə də yeganə mütəxəssis olmasını nəzərə almamışlar? Bundan başqa, musabiqə zamanı "Ali Təhsil Muəssisələrində Professor-Müəllim və X1 X2” Əsasnamənin tələbləri də pozulmuşdur. Həmin Əsanamənin 2.6.-cı bəndinə əsasən, butun namizədlərin özlərinin seçilməsi məsələsi muzakirə olunan yığıncaq və elmi şura iclaslarında iştirak etmək hüququ vardır. İddiaçı isə ozunun seçilməsi məsələsi muzakirə olunan yığıncaq və elmi şura iclaslarında iştirak etmək hüququ təmin edilməmişdir. Bütün bunlar müsabiqənin qeyri-obyektiv keçirildiyini ğöstərir. Əmək müqahisəsinin həll edilməsi üçün mediasiya təşkilatına müraciət edilmişdir, müvafiq arayış iddiaya əlavə edilir. Cavabdehin nümayəndəsi və vəkili iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsi müddətli bağlanmışdır. Belə ki, “Ali təhsil müəssisələrində professor- müəllim və kafedra müdiri vəzifələrinin X2 Əsasnamə”-nin 1.1-ci bəndinə əsasən, ali təhsil müəssisələrində kafedra müdiri, professor, dosent, baş müəllim, müəllim və assistent vakant vəzifələri bir qayda olaraq müsabiqə yolu ilə 5 il müddətinə tutulur. Ali təhsil müəssisəsi və ya kafedralar yeni təşkil edildikdə yüksək ixtisaslı mütəxəssisləri işə cəlb etmək zərurəti yarandıqda və digər müstəsna hallarda ayrı-ayrı şəxslər həmin vəzifələri sonradan yalnız müsabiqədən keçməklə (bir ildən çox olmamaq şərtilə) müddətli əmək müqaviləsi bağlamaqla rektorun əmri ilə təyin olunurlar. Həmin müqavilənin müddətinin təkrar uzadılmasına yol verilmir. İddiaçı istinad etdiyi hüquqdan istifadə etməsinə cəhd göstərməsinə, onun bu hüququn məhdulaşdırılmasına dair heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Əsasnamənin qeyd edilən norması ali təhsil müəssisəsinin və ya elmi şuranın üzərinə namizədlərin məcburi iştirakını təmin etmək vəzifəsini deyil, namizədin iştirak etmək hüququnun olduğunu təsbit edir. Namizədlərin bu hüquqdan istifadə etməməsi isə elmi şura iclaslarının legitimliyini və ya həmin şurada qəbul edilən qərarların mötəbərliyini şübhə altına almaq üçün əsas ola bilməz. İddiaçı 2018-ci üdə “Xalq Qəzeti”ndə dərc olunmuş elana əsasən, kafedra üzrə boş elan edilmiş professor vəzifəsini yenidən tutması ilə bağlı sənədlərini təqdim etmiş və Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin Elmi Şurasının 25 may 2018-ci il tarixli, 9 saylı Protokoluna əsasən, kafedra üzrə boş elan edilmiş professor vəzifəsinə yenidən seçilmişdir. Həmin zaman da onun tərəfindən ərizə verilməydiyindən namizəd kimi iclasda iştirak etməmişdir. Bundan əlavə, məhkəmənin nəzərinə çatdırırıq ki, Cavabdeh Filologiya fakültəsinin X13 dilçilik kafedrasının professoru vəzifəsinin tutulması üzrə xx.xx.2023-cü il tarixli müsabiqəyə yalnız 1 nəfər- İddiaçı sənədlərini təqdim etmişdi. Səsvermənin nəticəlinə görə (lehinə- 2 nəfər, əleyhinə- 15 nəfər) iddiaçı həmin vəzifəyə seçilməmiş hesab edilmişdir. Bu səbəbdən həmin vəzifəyə təkrar müsabiqə elan ediləcək və iddiaçının da həmin müsabiqədə yenidən iştirak etmək hüququ var və bu hüquq heç kim tərəfindən məhdudlaşdırılmayıb. Onunla bağlanmış müddətli əmək müqaviləsinə xitam verilməsi isə elmi şuranın qəbul etdiyi qərarın qanunla müəyyən edilmiş nəticəsi olmuşdur. İddiaçının daha bir dəlili - eyni şəxslərdən ibarət olan Elmi Şuranın 16 üzvünün 2018-ci ildə müsabiqədə iddiaçını lehinə səs verdiyi hala, 2023-cü ildə isə Elmi Şuranın həmin 15 üzvünün artıq iddiaçının əleyhinə səs verməsinə şübhə ilə yanaşılması barədə dəlili də ciddi qəbul edilə bilməz. Bundan əlavə, Azərbaycan Dillər Universitetinin rektoru tərəfindən xx.xx.2017-ci il tarixdə təsdiq edilmiş “Azərbaycan Dillər Universitetinin X15 haqqında” Əsasnamənin 8-ci bəndində X10 qərarının ADU-nun rektoru və ya Təhsil naziri tərəfindən ləğv oluna bilməsi nəzərdə tutulsa da, iddiaçı tərəfindən Elmi Şuranın qərarından nə ADU-nun rektoruna, nə də Təhsil nazirinə şikayət verilməmişdir. Yuxarıda şərh edilənlərdən də göründüyü kimi: iddiaçı iddia tələblərinin əsası kimi istinad etdiyi halların mövcudluğunu sübut edə bilməmişdir; Elmi Şuranın qərarından “Azərbaycan Dillər Universitetinin X15 haqqında” Əsasnamənin 8-ci bəndində nəzərdə tutulan nə ADU-nun rektoruna, nə də təhsil nazirinə şikayət verilməmişdir; iddiaçının iddia tələbi “Ali təhsil müəssisələrində professor-müəllim və kafedra müdiri vəzifələrinin X2 Əsasnamə”-nin 1.1ci bəndinin tələbləri nəzərə alınmaqla təmin edilə bilməz; iddiaçının tutmaq istədiyi professor vəzifəsi vakant olaraq qalır və həmin vəzifəyə yaxın vaxtlarda elan ediləcək yeni müsabiqədə iştirak etmək hüququ var. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili iddia tələbini etiraf etmədi və onun rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X5 bildirdi ki, o, Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin dekanı və elmi şuranın sədri olmaqla 4 il yarımdır ki, həmin vəzifədə çalışır. Müsabiqədə seçim müəllimin kollektivdə imic reytinqini nəzərə alaraq gizli səsvermə əsasında aparılır. Həmin reytinq şifahi sorğu əsasında tələbələrlə görüşməklə keçirirlir. İddiaçının tələbə ilə ünsiyyəti aşağı olmuş və hər zaman tələbəni qorxutmaqla yəni aşağı qiymət yazmaqla hədə-qorxu gəlmişdir. İddiaçını akademik kimi qəbul edirik ancaq müəllim kimi yox. Dəfələrlə iddiaçı barəsində araşdlırma aparılmış və tələbələr tərəfindən şifahi şikayətlər daxil olmuşdur. Bununla bağlı iddiaçı ilə şifahi danışıqlar aparılmışdır. İddiaçıya rəsmi olaraq töhmət verilməmişdir. Keçirilən müsabiqədə iddiaçı şuranın üzvü olmadığına görə iştirak etməmiş və 17 nəfər işitirakla gizli səsvermə keçirirlmiş və iddiaçı barəsində 15 nəfər əleyhinə 2 nəfəri isə lehinə səs verilmişdir. Həmin müsabiqədə müəllim tələbə münasibəti müzakirə olunmuşdur. Həmiçinin iddiaçı Təhsil Nazirliyindən, Milli Elmlər Akademiyasından və İqtisad Universitetindən şəxsi keyfiyyətləri görə işdən çıxarılmışdır. Eyni zamanda yenidən müsabiqə keçirilərsə bu barədə də qazetdə elan olunur və istənilən şəxs gəlib iştirak edə bilər. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatını və şahid ifadəsini dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Dillər Universiteti ilə İddiaçı arasında xx.xx.2018ci il tarixdə bağlanmış əmək müqaviləsinin surətindən görünür ki, iddiaçı həmin tarixdən 5 il müddətinə Ümumi dilçilik kafedrasında 0.5 ştat professor vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Dillər Universitetinin xx.xx.2019-cu il tarixli 1/279 saylı əmrinin surətindən görünür ki, həmin əmr Ümumi dilçilik kafedrasının 0.5 ştat f.e.d professoru İddiaçı 15 may 2019-cu il tarixdən Elmi tədqiqatlar və elmi nəşrlər şöbəsinin müdiri və “Dil və ədəbiyyat” jurnalının baş redaktoru vəsifəsindən azad edilməklə həmin tarixdən Ümumi dilçilik kafedrasında tam ştat f.e.d professor vəzifəsinə keçirilməsi, əmək haqqının ştat cədvəli üzrə ödənilməsi haqqında verilmişdir. İş materiallarında olan ADU-nun Filologiya fakültəsinin nəzdində Ümumi dilçilik kafedrasının professoru İddiaçı rektora ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, xx.xx.2023-cü il tarixli “525-ci” qəzetdə dərc olunmuş elana əsasən Filologiya fakültəsinin nəzdində Ümumi dilçilik kafedrası üzrə boş elan edilmiş tam ştat professor vəzifəsini tutmaq üçün müsabiqədə iştirak etməyə icazə verilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Dillər Universitetinin xx.xx.2023-cü il tarixli 1/236 saylı əmrinin surətindən görünür ki, həmin əmr seçki müddətinin bitməsi ilə əlaqədar səsvermə nəticələrinə görə müsabiqədən keçməmiş Ümumi dilçilik kafedrasının professoru fil.e.d İddiaçı, Azərbaycan RespublikasıƏmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xx.xx.2023cü il tarixdən tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi, əməkdaşın istifadə etmədiyi əmək məzuniyyətinə görə 42 gün pul əvəzinin qanunvericiliyə uyğun şəkildə ödənilməsini mühasibatlıq şöbəsinə tapşırılması haqqında verilmişdir. İş materiallarında olan Azərbaycan Dillər Universitetinin Filologiya və jurnalistika fakültəsinin Elmi Şurasının xx.xx.2023-cü il tarixli 09 saylı iclas protokolundan çıxarışdan görünür ki, Azərbaycan Dillər Universitetinin Filologiya və jurnalistika fakültəsi Elmi Şurasının sədri fil.f.d dos.V.E.Ağabəyli Ümumi dilçilik kafedrasının fil.e.d professoru İddiaçı təqdim etdiyi sənədlər haqqında məlumat verdi. Çıxış edən Elmi Şura üzvləri namizəd haqqında müsbət rəy söyləyərək professor vəzifəsinə yenidən seçilməsini tövsiyə etmişlər. Səsvermənin nəticələri lehinə-16 nəfər, əleyhinə-yoxdur, bitərəf-yoxdur. Qərar: Azərbaycan Dillər Universitetinin Ümumi dilçilik kafedrasının fil.e.d professoru İddiaçı xx.xx.2018-ci il tarixli “Xalq qəzeti”ndə dərc olunmuş elana əsasən kafedra üzrə boş elan edilmiş professor vəzifəsinə yenidən seçilmişdir. İş materiallarında olan Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin Elmi Şurasının xx.xx.2023-cü il tarixli 10 saylı iclas protokolundan çıxarışdan görünür ki, Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin nəzdində Ümumi dilçilik kafedrasının professoru İddiaçı 29 aprel 2023-cü il tarixli “525-ci” qəzetdə dərc olunmuş elana əsasən boş elan edilmiş tam ştat professor vəzifəsini yenidən tutmaq üçün müsabiqədə iştirakı barədə. Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsi Elmi Şurasının sədri fil.e.d., prof. X3 Filologiya fakültəsi nəzdində Ümumi dilçilik kafedrasının professoru İddiaçı 29 aprel 2023-cü il tarixli “525-ci” qəzetdə dərc olunmuş elana əsasən boş elan edilmiş tam ştat professor vəzifəsini yenidən tutmaq üçün müsabiqədə iştirakı ilə bağlı müvafiq sənədlərinin kafedra iclasında müzakirəsi baş tutduqdan sonra X12 daxil olduğu haqqında məlumat verdi. Səsvermənin nəticələri: Lehinə - 2 nəfər, Əleyhinə - 15 nəfər, Bitərəf - yoxdur. Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsi nəzdində Ümumi dilçilik kafedrasının professoru İddiaçı 29 aprel 2023-cü İl tarixli "525-ci" qəzetdə dərc olunmuş elana əsasən boş elan edilmiş tam ştat professor vəzifəsini yenidən tutmaq üçün müsabiqədən keçə bilmədiyinə görə həmin vəzifəyə seçilməmiş hesab edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 26.1-ci madəsinə əsasən “Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır.” Azərbaycan Respublikasının Konstitusiyasının 35.2-ci madəsinə əsasən “Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır.” Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.” Həmin Məcəllənin 11.1-ci maddəsinin “b” bəndinə əsasən “Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarındandır.” Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən “Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.” Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış Əmək Müqaviləsinin (bundan sonra Müqavilənin) 1.3-cü bəndinə əsasən bu müqavilə bağlandığı gündən yaranmış əmək münasibətləri, tərəflərin hüquqları, vəzifələri və məsuliyyəti «Əmək məcəlləsi» ilə müəyyən edilmiş qaydalarla və prinsiplərlə tənzimlənir. Müqavilənin 2.1-ci bəndində müqavilənin müddətli bağlanması qeyd edilmişdir. Müqavilənin 2.3-cü bəndinə əsasən əmək müqaviləsi xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 5 il müddətinə bağlanmışdır. Müqavilənin 9.1-ci bəndinə əsasən müqavilə Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərdən birinin təşəbbüsü ilə ləğv edilə bilər. İş materiallarından göründüyü kimi iddiaçı ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə 5 il müddətinə əmək müqaviləsi bağlanılmışdır. Məhkəmə ilk olaraq qeyd edir ki, əmək qanunvericiliyinin tələbindən göründüyü kimi müddətli əmək müqaviləsinin müddəti qurtardıqda həmin əmək müqaviləsinə xitam verilir. Əgər əmək münasibətləri davam etdirilirsə və bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə müqavilə həmin müddətə uzadılmış hesab olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinə əsasdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən “Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.” Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən “İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər.” Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsası 5 ildən artıq olmayan müddət üçün bağlanmış əmək müqavilələrinə şamil edilir. Əgər müddətli əmək müqaviləsi qüvvədə olan qanunvericiliyə zidd olaraq bağlanmışsa və işəgötürənin müddətin bitməsi ilə əlaqədar olaraq müqaviləyə xitam verməsi ilə bağlı mübahisə yaranarsa, bu zaman müqavilənin qanuniliyi məsələsi AR ƏM-in 47-ci maddəsi rəhbər tutulmaqla həll edilməlidir. Bu maddənin əsas tələbi odur ki, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə (yəni, əvvəlcə hansı müddətə bağlanmışsa həmin müddətə) uzadılmış hesab olunur. Müddətin bitməsi ilə bağlı müqaviləyə xitam verilərkən AR ƏM-in 71-ci maddəsində nəzərdə tutulan əlavə təminatlar, həmin maddədə nəzərdə tutulan şərtlər və qaydalar tətbiq edilmir. Lakin müqaviləyə istənilən vaxt xitam verilə bilməz. Ona görə ki, həmin maddənin ikinci hissəsində işçinin iş yerində olmadığı üzrlü hallar təsbit edilmişdir. Həmin hallara işçinin xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması və AR ƏM-in 179cu maddəsində nəzərdə tutulan hallar aid edilmişdir. Bu zaman qanunvericiliklə müəyyən edilmiş aşağıdakı şərtlərə riyaət edilməlidir: a) həmin müqaviləyə yalnız işçi işə çıxdıqdan sonra xitam verilməlidir, b) həmin müqaviləyə işəgötürənin müəyyən etdiyi gündə, lakin işçinin işə çıxdığı gündən bir təqvim həfləsi keçməmiş xitam verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 146-cı maddəsinə əsasən kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işin normal ahəngini pozan amillər — təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmamış, cavabdeh tərəfindən iddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsi, bu barədə xx.xx.2023-cü il tarixdə əmrin verilməsi əmək qanunvericiliyinin göstərilən tələblərinə uyğun olmuşdur. Bu səbəbdən də tələbin “əmrin ləğv edilməsi” və “işə bərpa edilməsi” hissəsində təmin edilə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə “525-ci” qəzetdə dərc olunmuş elana əsasən Filologiya fakültəsinin nəzdində Ümumi dilçilik kafedrası üzrə boş elan edilmiş tam ştat professor vəzifəsini tutmaq üçün müsabiqədə iştirak etməyə icazə verilməsini xahiş etməklə, onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəyindən məlumatlı olmuşdur. Məhkəmə iddia tələbinin “xx.xx.2023-cü il tarixli müsabiqənin İddiaçı aid hissədə nəticələrinin ləğv edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, həmin iclas protokolunun nəticələrinin ləğvinə dair əsaslar mövcud deyildir. Belə ki, hesablayıcı komissiyanın üzvləri yetərsay olmuş və səsvermə sadə səs çoxluğu keçirilməklə dəqiq və səlis ifadə olunmuş mətnlə protokol tərtib edilmişdir. Məhkəmə iddia tələbinin “məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğvi üçün əsaslar olmadığından, bu hissədə də iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edilmədiyindən iddianın “60 manat mediasiya xərci, 1000 manat vəkil xidməti xərci”nin tutulması hissəsi də təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçının Cavabdehnə qarşı əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdehnə qarşı işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar