Məhkəmə qərarları › İş №e-2(006)-3918/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3918/2025

08.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3918/2025 08.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “overdraft nəticəsində yaranmış borcun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “overdraft nəticəsində yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, CP-USD- 237358-02 saylı “Kart hesabı müqaviləsi”nə əsasən xx.xx.2025-ci il tarixinə Banka borclu olduğu 216,90 manat məbləğində əsas borc, 27,42 manat məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə 244,32 manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə CP-USD-237358- 02 saylı “Kart hesabı müqaviləsi” bağlanmışdır. Hesabdan çıxarış məlumatlarına əsasən müştəri tərəfindən həyata keçirilmiş kart əməliyyatları nəticəsində overdraft baş vermişdir. Yaranmış overdraft nəticəsində cavabdehin Banka 216,90 manat məbləğində əsas borc, 27,42 manat məbləğində cərimə borcu, ümumilikdə isə 244,32 manat məbləğində borcu yaranmışdır. Tərəflər arasında bağlanmış kart hesabı müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “Kredit alan”ın vəzifəsidir. “Kart hesabı müqaviləsinin” 3.3.7-ci bəndinə görə kart hesabı üzrə ödəniş limiti çərçivəsində kart əməliyyatları aparmaq və kart hesabı üzrə texniki overdraftının yol verməmək, texniki kart overdraftı yaranacağı təqdirdə texniki overdraftın yarandığı andan etibarən Banka olan borcu ödəmək, əks halda, müştəriyə bankın tarifləri ilə nəzərdə tutulan miqdarda dəbbə pulu hesablanacaq. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəflərindən cavabdehə dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilələrin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən ərizə ilə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, CP-USD-237358-02 saylı “Kart hesabı müqaviləsi”nə əsasən xx.xx.2025-ci il tarixinə Banka borclu olduğu 216,90 ABŞ dolları məbləğində əsas borc, 27,42 ABŞ dolları məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə 244,32 ABŞ dolları pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə bankın nümayəndəsinin iştirakı olmadan baxılaraq, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etdiyini bildirmiş, lakin həmin məbləği ödəməyə imkanı olmadığını qeyd etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli CP-USD-237358-02 nömrəli “Kart hesabı müqaviləsi”nin surətindən görünür ki, Bank Müştərinin kart vasitəsilə aparılan əməliyyatlarını həyata keçirmək üçün Müştəriyə AZ08VTBA**********7358USD002 kart hesabı açmaq, həmçinin PİN-kodu olan qapalı zərfi (Müştərinin özü tərəfindən PİN kodun seçilməsi halları istisna olmaqla (PİN SET xidməti)) və kartı təqdim etmək öhdəliyini, Müştəri isə Banka komisyon haqlarını ödəmək öhdəliyini üzərinə götürmüşdür. Həmin müqavilənin 3.3.7-ci bəndində göstərilmişdir ki, Kart hesabı üzrə ödəniş limiti çərçivəsində kart əməliyyatları aparmaq və Kart hesabı üzrə texniki kart overdraftının yaranmasına yol verməmək texniki kart overdraftı yaranacağı təqdirdə Texniki overdraftın yarandığı andan etibarən Banka olan borcunu ödəmək vəzifəsi nəzərdə tutulmuş, əks halda, müştəriyə bankın tarifləri ilə nəzəndə tutulan miqdarda dəbbə pulu hesablanacaq. Həmçinin, müqavilənin 5.1-ci bəndində göstərilmişdir ki, müqavilə 12 (on iki) ay müddətinə bağlanılır, tərəflərin imzalan və möhürü olan tərəfin möhürü ilə hüquqi qüvvəyə minir. Bu müqavilə ərizə- razılaşma əsasında prolonqasiya (uzadılma) edildikdə,müqavilə eyni şərflərlə həmin ərizə-razılaşmada göstərilən müddətə bağlanılmış hesab edilir. Müştəri ərizəsi əsasında müqaviləyə istənilən vaxt xitam verilə bilər. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, xx.xx.2020-ci il tarixində kart hesabından kifayət qədər vəsait olmadığı halda cavabdeh tərəfindən 216,90 dollar nağdlaşdırma əməliyyatı həyata keçirilmiş və bunun nəticəsində texniki overdraft yaranmışdır. Yaranmış texniki overdraftın nəticəsində cavabdehin xx.xx.2025-ci il tarixinə Banka 216,90 dollar məbləğində əsas borc, 27,42 dolllar məbləğində cərimə borcu, ümumilikdə isə 244,32 dollar məbləğində overdraft borcu mövcuddur. “Courier Service” tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ünvanlanmış məktubun surətindən görünür ki, cavabdehə məxsus telefon nömrəsi ilə heç bir əlaqə yaratmaq mümkün olmamış və qeyd olunmuş ünvanda qapı bağlıdır. Bu səbəbdən pretenziya məktubu geri qaytarılmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli arayışın surətindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli, CP-USD-237358-02 nömrəli “Kart hesabı müqaviləsi” üzrə xx.xx.2025-ci il tarixə olan borcu – 216,90 ABŞ dolları əsas və 27,42 ABŞ dolları cərimə borcu olmaqla, 244,32 ABŞ dolları təşkil edir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş AZ08VTBA**********7358USD002 kart hesabından çıxarışın surətindən görünür ki, cavabdehin xx.xx.2020-ci il tarixdə 216,90 ABŞ dolları məbləğində overdraft borcu yaranmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfindən toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, iddiaçının cavabdehə göstərdiyi bank xidmətlərindən cavabdeh istifadə etmiş, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdehin kart hesabı üzərindən əməliyyat keçirməsi nəticəsində texniki overdraft yaranmışdır. Qeyd edilən məsələ tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli CP-USD-237358-02 nömrəli müqavilə ilə tənzimlənir. Lakin, işin faktiki hallarından müəyyən edildiyi kimi cavabdehin tərəfindən kart hesabında zəruri vəsaitin olmamasına baxmayaraq banka məxsus vəsaitdən istifadəsi təqdim edilmiş hesabdan çıxarışa əsasən 2020-ci ildə texniki overdraftla nəticələnmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 216,90 ABŞ dolları məbləğində əsas borc, 27,42 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 244,32 ABŞ dolları pul məbləği ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilin. Cavabdeh 216,90 (iki yüz on altı dollar, doxsan sent) ABŞ dolları məbləğində əsas borc, 27,42 (iyirmi yeddi dollar, qırx iki sent) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 244,32 (iki yüz qırx dörd dollar, otuz iki sent) ABŞ dolları pul məbləği ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar