Məhkəmə qərarları › İş №e-2(006)-3920/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3920/2022

30.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3920/2022 30.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Nəsimi Rayon Məhkəməsi Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X10 oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, üçüncü şəxs X5 və onun vəkili Vəkil2 iştirakları ilə İddiaçı cavabdeh Bakı şəhəri 14 saylı Dövlət Notariat Kontoruna qarşı "icra qeydinin ləğv edilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri 14 saylı Dövlət Notariat Kontoruna qarşı "icra qeydinin ləğv edilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə X7 arasında Bakı şəhəri 14 saylı Notariat Ofisində xx.xx.2018-ci il tarixdə 3M-1397 reyestr nömrəli kredit müqaviləsi imzalanmışdır. Həmin kredit müqaviləsinə əsasən X7 iddiaçıya 230.000 manat məbləğində borc pul vermişdir. Eyni zamanda, həmin tarixdə kredit müqaviləsinin təminatı kimi ipoteka müqaviləsi bağlanmış və İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Sonradan iddiaçı həmin kredit müqaviləsi üzrə 140.000 ABŞ dolları məbləğində pul vəsaitini X6 ödəmişdir. Bu fakt cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarla və xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla öz təsdiqini tapır. Notariat Ofisi isə bu halları nəzərə almamış, borc məbləğinin mübahisəli olmasını bilə-bilə xx.xx.2019-cu il tarixdə icra qeydi vermişdir. Həmin icra qeydi Suraxanı rayon İcra və probasiya şöbəsinə göndərilmiş və xx.xx.2019-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İddiaçıya məxsus ipoteka predmeti olan əmlak açıq hərracdan satışa çıxarılmışdır. Yalnız bu zaman iddiaçı notariat ofisi tərəfindən hüquqlarının pozulduğunu bilmişdir. Göstərilənlərə əsasən Bakı şəhəri 14 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 8İ-3515 reyestr nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında üçüncü şəxs X7 və onun vəkili Vəkil2 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişlər. Cavabdeh Bakı Şəhəri 14 Saylı Dövlət Notariat Kontoru tərəfindən məhkəməyə məktub göndərilərək, işə onların nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Məhkəmə işə cavabdeh Bakı Şəhəri 14 Saylı Dövlət Notariat Kontorunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının, onun nümayəndəsi və vəkilinin, üçüncü şəxs və onun vəkilinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan X7 ilə İddiaçı arasında bağlanmış Bakı şəhəri 14 saylı notariat kontorunun notariusu E.Q.Əliyev tərəfindən təsdiq edilmiş 20 noyabr 2018-ci il tarixli, reyestr nömrəsi 3M-1397 olan kredit müqaviləsinə əsasən Əhmədov X1 Hənifə Azər oğlundan xx.xx.2018-ci il tarixə kimi 230.000 manat məbləğində pulu borc götürmüşdür. İş materiallarında olan X7 ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, tərəflər arasında bağlanmış reyestr nömrəsi 3M-1397 olan kredit müqaviləsinin təminatı kimi İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 327,5 kv.m olan fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri 500.000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, iş üzrə İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət təqibinin başlanılmasının rədd edilməsi, iş üzrə İddiaçı, X3, X4 və X7 aralarında yaranmış mübahisələrin həll edilməsi məqsədilə məhkəmə orqanlarına müraciət etməsinin izah edilməsi, iş üzrə İddiaçı pul vəsaitinin tələb edilməsi ilə bağlı mülki mübahisə olduğundan araşdırma predmetinə görə qəbul edilmiş qərardan məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Nəsimi rayon prokuroruna şikayət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, Hənifə Bədəlov Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində verdiyi izahatında 20.000 ABŞ dolları və 120.000 ABŞ dolları almasını təsdiq etmişdir. İş materiallarında olan Bakı şəhəri 14 saylı notariat kontorunun xx.xx.2019-cu il tarixli, 8İ-3515 reyestr nömrəli icra qeydindən görünür ki, "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən həmin sənədlər üzrə xx.xx.1978-ci ildə Salyan şəhərində anadan olan, ünvan 3 ünvanın qeydiyyatda olan X5 xeyrinə xx.xx.1958ci ildə Sabirabad rayonunda anadan olan, ünvan 4 ünvanında qeydiyyatda olan İddiaçı xx.xx.2018-ci tarixli müddət üçün vaxtında ödənilməmiş 230.000 manat tutulmalıdır. Əsaslandırıcı hissə: Hazırki tələblə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı (borcalan) İddiaçı, onunla iş üzrə üçüncü şəxs (kreditor) H.Bədəlov arasında xx.xx.2018-ci il tarixdə notarial qaydada bağlanmış “Kredit müqaviləsinə” əsasən xx.xx.2018-ci il tarixdə qaytarılması şərti ilə H.Bədəlovdan 230.000 manat məbləğində pulu borc almışdır. Borcun qeyd edilən tarixə kimi qaytarılmaması işin mübahisəsız halı olsa da, sonrakı müddətdə borcun qaytarılıbqaytarılmaması işin mübahisəli halını təşkil edir. Məhkəmə onu da qeyd edir ki, xx.xx.2020-ci il tarixdə Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin qəbul etdiyi “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardaddan görünür ki, yuxarıda qeyd edilən borc məsələsi polis orqanı tərəfindən aparılmış tədqiqatın predmeti olmuş, araşdırma zamanı (kreditor) Hənifə Bədəlov izahat verərkən (borclu) İddiaçı tərəfindən ona 20.000 ABŞ dolları və 120.000 ABŞ dollarının qaytarıldığını bildirmişdir. Məhkəmə baxışı zamanı xx.xx.2019-cu il tarixli “İcra qeydinin” verilməsi üçün əsas olmuş 3M-1397 №-li notariat içinin notarial qaydada təsdiq edilmiş surətini 14 saylı Notariat Ofisindən almış və həmin işin materiallarına baxış keçirmişdir Notariat işindən görünür ki, borcun qismən ödənilməsi barədə borclu İddiaçı ərizəsi Notariat Ofisinə xx.xx.2019-cu il tarixdə, yəni “İcra qeydi” notarius tərəfindən verilməmişdən əvvəl daxil olmuşdur. Göründüyü kimi, “İcra qeydi” verilən zaman notariat orqanında məlumat olmuşdur ki, borc mübahisəsiz deyil. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. Bundan əlavə, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 77-ci maddəsinə əsasən icra qeydləri aşağıdakı məlumatları özündə əks etdirməlidir: 1) icra qeydini aparan notariusun vəzifəsi, soyadı, adı və atasının adı; 2) tələbkarın adı və ünvanı; 3) borclunun adı və ünvanı; 4) ödəniləsi məbləğ və tələb olunub alınası əşyalar, çatası faiz və peniyalarla birlikdə; 5) haqqın miqdarı, tələbkarın ödəyəcəyi dövlət rüsumunun və ya borcludan tutulmalı olan dövlət rüsumunun məbləği; 6) icra qeydinin aparıldığı tarix (il, ay, gün); 7) icra qeydinin reyestrdə rəsmiləşdirildiyi say; 8) icra qeydini aparan notariusun imzası, möhürü. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli, 167 saylı qərarı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161-ci bəndinə əsasən borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli, 156 saylı qərarı ilə təsdiq edilmiş Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda qeyd olunur ki, pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər üzrə icra qeydinin aparılması üçün notariat qaydasında təsdiq edilmiş əqdin əsli; ödəniş müddətinin keçirilməsi (əmlakın qaytarılması və ya verilməsi) haqqında notarius vasitəsi ilə kreditorun borcluya göndərdiyi yazılı bildiriş təqdim olunur. Qeyd edilən maddi hüquq normasının tələblərindən işin müəyyən edilmiş halına yanaşdıqda müəyyən edilir ki, notarius, borcun mübahisəli olduğu barədə məlumatlı olduğundan “İcra qeydini” verə bilməzdi. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri 14 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 8İ-3515 reyestr nömrəli icra qeydi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Nəticə hissəsi: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri 14 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 8İ-3515 reyestr nömrəli icra qeydi ləğv edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar