Məhkəmə qərarları › İş №e-2(006)-3923/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3923/2025

26.09.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3923/2025 26.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Fərəcova Gülşən Sabit qızının sədrliyi, Əliyev Əmrah Səbuhi oğlunun katibliyi ilə, İddiaçının vəkil və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “işə bərpa, məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «işə bərpa, məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən qəbul edilmiş 22 aprel 2025-ci il tarixli, xxxxxxx000104 saylı əmrin ləğv edilməsini, əvvəlki iş yeri olan "xxxx" ASC Nərimanov RETSİ-nin enerji satış şöbəsində nəzarətçi mühəndis vəzifəsinə işə bərpa olunması və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsin onunla əsaslandırmışdır ki, o, xx.xx.2013-cü il tarixdən "xxxx" ASC Nərimanov RETSİ-nin enerji satış şöbəsində nəzarətçi mühəndis vəzifəsində işləmiş,nəzarətçi mühəndis işlədiyi dövrlərdə Nərimanov RETSİ-nin rəisi Nadir Şiriyev və Nərimanov RETSİ-nin satış rəisi Seymur Rzayev mütəmadi olaraq vətəndaşlardan ödənişlərin yığılmayacağı təqdirdə onu və digər əməkdaşları işdən çıxarmaqla hədələdiyini,bütün bunlar hər ay üzrə ödənişlərin yığılması dövründə müxtəlif vasitələrlə, yəni Nərimanov RETSİ-nin sahə aparıcıları vasitəsilə bizim ödənişlərin yığılması istiqamətində işlərindən razı olmadıqlarını bildirir və belə olacağı təqdirdə onlarla yollarını ayıracaqlarını bildirdiklərini, halbuki, həmin rəhbər vəzifədə çalışan şəxslərin bizdən tələb etdikləri metodlar vətəndaşların hüquqlarının pozulmasına səbəb olacağını, bu səbəbdən də bəzi əmrlərin yerinə yetirilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq tərəflərindən mümkün olmadığını, daha sonra xx.xx.2025-ci il tarixdə işə gələrkən ona əvvəlcədən heç bir xəbərdarlıq edilmədən xx.xx.2025-ci il tarixli əmrlə artıq işdən azad edildiyi bildirilmişdir. Bunun hansı əsaslarla və hansı səbəblərlə baş verdiyi soruşulduqda ona “öz xahişinlə ərizə yazmısan” deyə cavab verildiyini, lakin tərəfindən belə bir ərizə yazılmadığını qeyd etdikdə isə “istəyirsənsə başqa maddə ilə çıxaraq sonra heç bir yerdə işləyə bilməyəsən” cavabı verildiyini, qanunsuz olaraq işdən azad edilməsinə baxmayaraq, bu günədək ona heç bir təzminat ödənilməmiş, bununla da konstitusion hüquqlarının kobud şəkildə pozulduğunu, bu səbəbdən tərəfindən xx.xx.2025-ci il tarixdə məsələnin həll edilməsi istiqamətində Bakı 2 saylı Mediasiya Təşkilatına müraciət edildiyini, lakin qarşı tərəfin bütün dəvətlərə baxmayaraq İMS-də iştirak etmədiyini bildirmişdir. "xxxx" ASC tərəfindən qəbul edilmiş 22 aprel 2025-ci il tarixli, xxxxxxx000104 saylı əmr ləğv edilməsi, əvvəlki iş yeri olan, "xxxx" ASC Nərimanov RETSİ-nin enerji satış şöbəsində nəzarətçi mühəndis vəzifəsinə işə bərpa olunması və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında verilən izahatlar: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın təmin edilməsini və eyni zamanda işdən çıxarılma ilə bağlı ərizədə olan imzanın iddiaçıya məxsus olubolmamasının müəyyən edilməsinin zərurətinin yarandığını qeyd edərək, iş üzrə ekspertizanın təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmcinin etirazında bildirmişdir ki, məhkəməyə müraciət üçün 1 aylıq müddət ötürülmüşdür. Belə ki, əmrin surəti tərəfə 22 aprel 2025-ci ildə təqdim edilmiş, mediasiya xx.xx.2025-ci il tarixdə keçirilmişdir və arayış verilmiş,lakin tərəf məhkəməyə xx.xx.2025-ci ildə müraciət etmişdir. 26 sentyabr 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında, iddiaçının şifahi vəsatəti ilə video konfrans keçirilmiş, ekspert Mətanət Muradova videokonfransla iclasa qoşulmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 avqust 2025 ci il tarixli 4/1287 saylı rəyi barəsində ona verilən sualları cavablandırmış, tətqiqatın nəticəsinin doğruluğunu təstiq etmişdir. İş materialları: 04 noyabr 2013-cü il tarixli K-13-2672 saylı əmrdən görünür ki, İddiaçı 01 noyabr 2013-cü il tarixdən "xxxx" ASC Nərimanov RETSİ-nin enerji satış şöbəsinin 9 N-li sahəsinin 3N-li ərazisinə 1 aylıq sınaq müddəti ilə nəzarətçi mühəndis vəzifəsinə təyin olunmuşdur. Əmək haqqı ştat cədvəlinə uyğun olaraq müəyyən edilmişdir. Əmrin verilməsinə əsasİşə qəbul komisiyasının 68 saylı xx.xx.2013-cü il tarixli protokolu, ərizə və əmək müqaviləsi göstərilmişdir. İddiaçı "xxxx" ASC-nin sədrinə 21 aprel 2025-ci il tarixli ərizəsindən görünür ki, onu 22 aprel 2025-ci il tarixdən öz xahişi ilə işdən azad edilməsini xahiş etmişdir. 22 aprel 2025-ci il tarixli K/25-01424 saylı əmrdən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən xitam verilmişdir. Əmrdə iddiaçının Əmək Məcəlləsində təsbit olunmuş hüquqlarının təmin edilməsi üçün göstərişlər verilmişdir (son haqq-hesabın ödənilməsi ilə bağlı). İş materiallarına cavabdeh tərəfindən təqdim edilmiş, Nərimanov RETSİ-nin rəisi tərəfindən İddiaçı fərqli tarixlərda allınan iltzam xarakterli ərizələr əlavə edilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli MSB2-00445/25 saylı arayışdan görünür ki, "xxxx" ASC-nin nümayəndəsi ilkin mediasiya sessiyasına gəlməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, 60 manat mediasiya xərcini ödəmişdir. ünvan 1 ünvanladığı məlumata əsasən, mediasiya arayışında qeyd olunan xx.xx.2025-ci il tarixin texniki səhvlik olduğu, mediasiya sessiyasının xx.xx.2025-ci il tarixində keçirildiyi və arayışın tərəflərə xx.xx.2025-ci ildə təqdim olunduğu bildirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 avqust 2025 ci il tarixli 4/1287 saylı rəyinin tətqiqatın nəticəsi hissəsində qeyd olunur ki, ekspertə təqdim edilmiş,İddiaçı adından "xxxx" ASC-nin sədrinə ünvanlanmış xx.xx.2025ci il tarixli ərizədə “Mustafayev B” əlyazmaları və həmin əlyazmaların qarşısındakı imza İddiaçı tərəfindən icra olunmuşdur. Hazırda iddiaçı əmək müqaviləsinə qanunvericiliyin tələblərinə zidd olaraq xitam verilməsini mübahisələndirərək işdən çıxma barədə ərizəni özünün yazmadığını əsaslandırmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 97. Məhkəmənin ekspertiza təyin etməsi 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Maddə 69. Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası

1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.

2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.

3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. 3-1. Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda xidmət keçən, yaxud müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən xaricdə beynəlxalq təşkilatın orqanına işləməyə göndərilən diplomatik xidmət orqanı əməkdaşının dövlət orqanında, dövlətin adından yaradılan publik hüquqi şəxsdə, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxsdə və büdcə təşkilatında təyinatlı vəzifədə (peşədə) işləyən arvadının (ərinin) ərizəsində göstərdiyi gün onun əmək müqaviləsi ləğv edilə bilər.

4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.

5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.

6. İşçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir.

7. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.

“Mediasiya haqqında” Azərbaycan Respublikasının qanunu: 29.2. Tərəflər və ya onlardan biri onlara mediatorun (mediasiya təşkilatının) və ya digər tərəfin bu Qanunun 22.1-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və ilkin mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən ilkin mediasiya sessiyası barədə bildirişi təqdim etməsindən sonra tərəflər və ya onlardan biri ilkin mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı ilkin mediasiya sessiyasında iştirak edən tərəflərə təqdim edir. Maddə 35. İddia müddətlərinin axımının dayandırılması 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. 35.2. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.

İşə baxan məhkəmənin mövqeyi: Hazırkı əmək mübahisəsində iddiaçı əmək müqaviləsinin xitam verilməsi barədə əmrin ləğv edilməsini tələb etmiş və tələbinin əsası olaraq həmin işdən çıxma barədə ərizənin özü tərəfindən yazılmadığını və imzalanmadığını bildirmişdir. Qeyd olunan hal xüsusi bilik tələb etdiyindən, məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. Həmin ekspertizanın nəticəsində imzanın və xəttin iddiaçıya məxsus olduğu müəyyən olunmuşdur. Əmək Məcəlləsinin 69.5-ci maddəsinə əsasən, işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Maddənin məzmunundan görünür ki, xəbərdarlıq müddəti bitmədən yalnız o halda əmək müqaviləsinə xitam verilə bilər ki,işçi ərizəsində əmək münasibətlərinin dayandırılmasını istədiyi günü göstərmiş olsun. Deməli, əgər işçi işdən azad olunmaq istədiyi günü qeyd edibsə, bu zaman işəgötürən işçinin ərizəsinə əsasən, xəbərdarlıq müddətini gözləmədən əmək müqaviləsinə xitam verə bilər. Hazırkı işdə, iddiaçı tərəfindən bu qaydada yazılı ərizə təqdim olunmuş və işəgötürən həmin ərizəyə əsaslanaraq əmək müqaviləsinə xitam vermişdir. Belə olan halda, əmək münasibətlərinə xitam işçinin təşəbbüsü ilə baş vermiş hesab edilir. İşəgötürən tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq işçinin ərizəsinə əsasən xitam verilmişdirsə, sonradan həmin işçinin işə bərpası üçün hüquqi əsas mövcud deyildir.Yalnız hər iki tərəfin – işçinin və işəgötürənin qarşılıqlı razılığı ilə əmək münasibətlərinin bərpası mümkün ola bilər. Lakin işəgötürən tərəfindən bu barədə razılıq verilmədiyindən, işçinin işə bərpa tələbi hüquqi cəhətdən əsassız hesab edilməlidir.Digər tərəfdən, iddiaçı ərizəni hədə-qorxu və ya təzyiq altında yazdığını deyil , özünün yazmadığını iddia etmişdir. Mülki mühakimə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı işdə iddiaçının həmin ərizəni yazmadığını göstərən hər hansı sübut yoxdur.Bundan əlavə, iddiaçı işdən çıxarma əmrinin qanunsuz olmasını təsdiq edən digər bir əsas göstərməmiş və bu əsasa dair hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında cavabdeh etirazının əsaslarından biri kimi bildirmişdir ki, iddiaçı iddia müddətini ötürüb. Beləki, əmrin surəti iddiaçıya 22 aprel 2025-ci ildə təqdim edilmiş, mediasiya xx.xx.2025-ci il tarixdə keçirilmişdir və arayış verilmiş,lakin tərəf məhkəməyə xx.xx.2025-ci ildə müraciət etmişdir. ünvan 1 ünvanladığı məlumata əsasən, mediasiya arayışında qeyd olunan xx.xx.2025-ci il tarixin texniki səhvlik olduğu, mediasiya sessiyasının xx.xx.2025-ci il tarixində keçirildiyi və arayışın tərəflərə xx.xx.2025-ci ildə təqdim olunduğu bildirilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, nə qədər mediasiya təşkilatı özü mediasiya ilə bağlı arayışı tərəfə xx.xx.2025-ci ildə təqdim etdiyini etiraf edir və mediasiya prosesinin tətbiqi iddia müddətinin axımını dayandırır, o zaman iddia müddəti ötürülmüş hesab edilə, məhz bu əsasla iddia rədd edilə bilməz. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Məhkəmə mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «işə bərpa, məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia rədd edilsin. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “işə bərpa, məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 138 manatın İddiaçı alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin.(VÖEN **********, müxbir hesab AZ41NABZ********************) Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Fərəcova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar