Məhkəmə qərarları › İş №e-2(006)-397/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-397/2024

13.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-397/2024 13.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdehnə qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, 10 may 2018-ci il tarixli 028/01 №-li müqavilə üzrə İddiaçı ünvan 1 ünvanının sakini və mülkiyyətçisi Cavabdeh, "xxxx" MMC/AZ1111, Bakı şəhəri, Nəsimi rayonu Cavad xan küçəsi 2-ci mkr.ev 56, mənzil 120/ adından X2 (AZE 07993957, xx.xx.2010 Sabunçu RPİ) ilə aşağıdakı məzmunda müqavilə bağladılar. Müqavilənin predmeti: Maddə 1.1- Tərəflər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı Qərarının 1.3 maddəsinin tələblərinin və bu həmin müqavilənin icrası ilə əlaqədar olaraq aşağıda göstərilən məzmunda üzərlərinə öhdəliklər götürdülər. Müqavilənin 1.1.1-ci bəndinə müvafiq olaraq: “əmlak mülkiyyətçisi” bu Müqaviləyə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən qeydiyyata alınmış RX seriyalı, ******* №-li, xx.xx.2017-ci il tarixli Çıxarış ilə öz mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 58,6 kv.metrdən (faktiki 66,5 kv.metr) ibarət yaşayış sahəsini sökülmək üçün Cavabdeh MMC-yə təhvil verməyi, bu Müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada “Tikinti şirkəti” tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli, çoxmərtəbəli yaşayış binasında onun üçün nəzərdə tutulmuş mənzili qəbul etməyi öhdəsinə götürür. 1.1.2. “Tikinti şirkəti” ünvan 3 ünvanda yerləşən “Əmlak mülkiyyətçisinin” mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, çoxmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada 79,73 kv.metr təmirlimənzili“əmlak mülkiyyətçisinin”mülkiyyətinə verməyi öhdəsinə götürür. 1.2. “Tikinti şirkəti” inşa edəcəyi çoxmənzilli, çoxmərtəbəli yaşayış binasının tikintisi başa çatdırana və “əmlak mülkiyyətçisini” mənzil ilə təmin edən günədək onun müvəqqəti yaşayışını təmin etmək məqsədi ilə “Əmlak mülkiyyətçisinə” konpensasiya şəklində aylıq 450 (dörd yüz əlli) manat məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə 3 ayda bir dəfə ödəyir. “Əmlak mülkiyyətçisinin” kommunal borcları olduğu halda “tikinti şirkəti”həmin məbləğləri ona veriləsi kirayə haqlarından tutaraq ödənişlərini təmin edəcəkdir. Həmin Müqavilənin 01 saylı Əlavəsinə müvafiq olaraq: 1.1.1.2 bəndinə əsasən “əmlak mülkiyyətçisi”nə veriləcək 79,7 kv.metr nəzərdə tutulan təmirli mənzilə 7,7 kv.metr sahə əlavə olunaraq ümumi sahəsi 87,4 kv.metr təşkil edir. 1.1.1.3 bəndinə əsasən mənzilə əlavə olunmuş 7,7 kv.metr təmirsiz sahənin 1 kv.metr satış qiyməti 1.700.0 (bir min yeddi yüz) manat təşkil edir. 1.1.1.4 bəndinə əsasən 7,67 kv.metr əlavə sahənin dəyəri 13,090.0 (on üç min doxsan) manat təşkil edir. 1.1.1.5 “əmlak mülkiyyətçisi” ödəniləcək 13,090.0 (on üç min doxsan) manat məbləğdən 79,7 kv.metr veriləcək mənzilin təmir xərci 10.361,0 (on min üç yüzaltmış bir) manat çıxılaraq, qalan 2729,0 (iki min yeddi yüz iyirmi doqquz) manat məbləği nəğd şəkildə “tikinti şirkəti”nə ödəməyi öhdəsinə götürür. 1.2. “tikinti şirkəti” ünvan 3 ünvanında yerləşən əmlak mülkiyyətçisinin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, çoxmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada 87,4 kv.metr təmirsiz mənzili əmlak mülkiyyətçisinin mülkiyyətinə verməyi öhdəsinə götürür. İddiaçı aşağıda şərh edəcəyi hallara və müvafiq normalara istinad edərək cavabdehin müqavilədən əmələ gələn öhdəliklərin yerinə yetirməməsi və əsassız varlanması qənaətindədir. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, reyestr nömrəsi: **********32-05301-093014 nömrli Texniki Pasporta əsasən: Bakı şəhəri, Nəsimi rayonu, Abbas Zamanov küçəsi ev 26, mənzil 51 (yeni qaydalarla: AZ1007, Bakı şəhəri, Nəsimi rayonu, Abbas Zamanov küç.26, M10, m2) ünvanda yerləşən mənzilin ümumi sahəsi 75,7 kv.metr təşkil edir. Mənzilin sahəsinin hesablanması qanunvericiliyin tələbinə müvafiq olaraq Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi kollegiyasının xx.xx.2012-ci il tarixli Qərarına əsaslanmışdır. Müqaviləyə 01 saylı Əlavənin 1.1.1.2 bəndinə əsasən iddiaçıya verilməli olan mənzil 79,7 kv.metr sahədən ibarət olmalı idi. Lakin təqdim etdiyi çıxarışdan müəyyən olunur ki, mənzil bu bənddə nəzərdə tutulmuş sahədən 4 (dörd) kv.metr az verilmişdir. Həmin 1.1.1.2 -ci bəndə müvafiq olaraq 79,7 kv.metr sahədən ibarət olan mənzil təmirli olmalı idi. Yenə də həmin 1.1.1.2-ci bəndə, o cümlədən 01 saylı əlavənin 1.1.1.5-ci bəndinə əsasən ona əlavə, təmirsiz 7,7 kv.metr sahə veriləcəyi halda, həmin 7,7 kv.metr sahənin 13,090 (on üç min doxsan) manat təşkil edən ümumi dəyərindən 2729 (iki min yedi yüz iyirmi doqquz) manat cavabdehə ödəyərək 10361 (on min üç yüz altmış bir) manat ona güzəşt olunaraq həmin məbləğə özü tərəfindən mənzilini təmir etməli idi. Lakin mənzilinin təmirinə çəkdiyi xərcin və ödədiyi 2729 manat pul vəsaitinin müqabilində cavabdeh müqavilədə nəzərdə tutulan əlavə, təmirsiz 7,7 kv.metr sahəni iddiaçıya təqdim etməmişdir. Bununla da əsassız olaraq iddiaçıdan 2729 manat pul almış, o cümlədən əlavə sahəni vermədiyi halda mənzil sahəsinin onun hesabına təmir olunmasına nail olmuşdur. Beləliklə, iddiaçıya mənzilinin təmiri üçün çəkdiyi 10361 (on min üç yüz altmış bir) manat və onlara ödədiyi 2729 manatla birlikdə (10361+2729=13090) (on üç min doxsan) manat zərər vurulmuşdur. Yeri gəlmişkən, iddiaçıya verilmiş mənzil sahəsi suvaqsız, daxili qapıları olmadan yalnız çöl qapısı və pəncərələri mövcud olmuşdur. Həmin 01 saylı əlavənin 1.1.1.3-cü bəndinə əsasən təmirsiz 1 (bir) kv.metr sahənin satış qiyməti 1700 manat təşkil edir. Beləliklə, cavabdeh iddiaçıya verməli olduğu 79,7 kv.metr mənzil sahəsinin yerinə 75,7 kv.metr sahə verməklə 4 (dörd) kv.metr sahə vermişdir ki, 1 kv.metr sahənin dəyərinin 1700 manat olmasını nəzərə alaraq buna görə (1700x4=6800) ona 6800 (altı min səkkiz yüz) manat zərər vurulmuşdur. Beləliklə, cavabdeh müqavilənin 1.1.2 və 2.2.4-cü bəndlərini, müqaviləyə 01 əlavənin 1.1.1.2, 1.1.1.5, 1.2-ci bəndlərini pozmuşdur. Cavabdeh həmçinin müqavilənin digər bəndlərinə də riayət etməmişdir. Belə ki, müqavilənin 1.2-ci bəndinə əsasən: 1.2. “Tikinti şirkəti” inşa edəcəyi çoxmənzilli, çoxmərtəbəli yaşayış binasının tikintisi başa çatdırana və “əmlak mülkiyyətçisini” mənzil ilə təmin edən günədək onun müvəqqəti yaşayışını təmin etmək məqsədi ilə “Əmlak mülkiyyətçisinə” konpensasiya şəklində aylıq 450 (dörd yüz əlli) manat məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə 3 ayda bir dəfə ödəyir. “Əmlak mülkiyyətçisinin” kommunal borcları olduğu halda “tikinti şirkəti” həmin məbləğləri ona veriləsi kirayə haqlarından tutaraq ödənişlərini təmin edəcəkdir. Müqavilənin 2.2.3 bəndinə əsasən: əmlak mülkiyyətçisinə bu müqavilənin 1.2-ci bəndində nəzərdə tutulmuş kirayə haqqının ödənişini təmin etmək öhdəliyi götürür. Halbuki, cavabdeh ödəməli olduğu aylıq 450 manat kirayə haqqını 2022-ci ilin oktyabr ayından ödənişini dayandırmışdır, baxmayaraq ki, inşaat işləri bu günədək davam edir. Belə ki, məhkəməyə təqdim etdiyi foto şəkillərdən aydın olur ki, inşaat işləri hal-hazırda da aparılmaqla hətta giriş qapılarının pilləkənləri belə quraşdırılmamışdır. Bu da sakinlərin mənzillərinə qalxmaları üçün ciddi təhlükə yaradır. Hesab edir ki, cavabdeh inşaatla əlaqədar bütün tamamlama işlərini başa vurmaqla vətəndaşların təhlükəsizliyini təmin etdikdən sonra, yalnız kirayə haqqının ödənilməsini dayandıra bilərdi. Bununla əlaqədar cavabdehin hazırki günədək kirayə haqqını ödəməli olması qənaətindədir. Belə ki, hesab edir ki, cavabdeh hazırda iddiaçıya 5400 (beş min dörd yüz) manat kirayə haqqı olaraq əlavə ödəniş etməlidir. Göstərilənlərə əsasən cavabdehdən mənzilinin təmiri üçün sərf etmiş olduğu 10361 (on min üç yüz altmış bir) manat və onlara ödədiyi 2729 (iki min yeddi yüz iyirmi doqquz) manat pul vəsaitinin tutularaq iddiaçıya verilməsi və ya müqaviləyə 01 saylı əlavənin 1.1.1.2 bəndinə əsasən 7,7 kv.metr sahənin iddiaçıya verilməsi, cavabdeh tərəfindən iddiaçıya verilməli olan 79,7 kv.metr mənzil sahəsinin yerinə 75,7 kv.metr sahə verməklə 4 (dörd) kv.metr sahə az verdikləri üçün, 4 kv.metr sahənin ümumi dəyəri olan 6800 (altı min səkkiz yüz) manat pulun cavabdehdən tutularaq iddiaçıya verilməsi və ya həmin 4 kv.metr mənzil sahəsinin iddiaçıya verilməsinin qət edilməsi xahiş edilmişdir. Beləliklə, yuxarıda qeyd olunan pul vəsaitlərinin yerinə müqavilə üzrə iddiaçıya verilməli olan 7,7 kv.metr +4 (dörd) = 11,7 kv.metr (on bir tam onda yeddi) kv.metr mənzil sahəsinin verilməsi, 2022-ci ilin oktyabr ayından aylıq 450 manat kirayə haqqının dayandırılmasını nəzərə alaraq həmin aydan hazırki günədək 10 ay hesablanmaqla 4500 (dörd min beş yüz) manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 3.Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, əksik verilmiş 11.7 kv.m x 1700 manat=19890 manat olduğundan cavabdehdən iddiaçı tərəfin xeyrinə 19890 manatın tutularaq ödənilməsini xahiş etmişdir. 4.Ərizə onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 028/01 saylı müqaviləyə 01 saylı edilmiş əlavənin 1.1.1.2. maddəsinə müvafiq olaraq əmlak mülkiyyətçisinə 87,4 kv.m təşkil edən mənzil sahəsi verilməli idi. Mövcud Çıxarışa əsasən faktiki olaraq 75.7 kv.metr mənzil sahəsi verilməsi müəyyən edilir. Tərəflərindən, o cümlədən 3-16-16/2- 10/9405 nömrəli ekspert rəyi ilə müəyyən edilir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu bəndinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları” na əsasən İddiaçı müqavilədə nəzərdə tutulmuş 87.4 kv.m mənzil sahəsindən 11.7 kv.m mənzil sahəsi əskik verilmişdir. 5.Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil “cavabdehin əsl cavabdehlə dəyişdirilməsi”nə dair vəsatətlə müraciət edərək, e-2(006)-397/2024 saylı mülki iş üzrə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əsl Cavabdeh ilə əvəz edilməsini xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 6.Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, 10 may 2018-ci il tarixli müqaviləyə əsasən onun mülkiyyətində olan, sahəsi 66.5 kv.m. olan mənzilin cavabdehə verilməsi müqabilində, cavabdeh tərəfindən ona 80 kv.m-lik təmirli mənzil verilməsi və həmçinin, onun tərəfindən əlavə olaraq 2729 əlavə pulun ödəniləcəyi təqdirdə ona əlavə olaraq 7.7 kv.metr sahənin veriləcəyi razılaşdırılmışdır. Ancaq o, mənzili verərək, əlavə olaraq 2729 manat pulu ödəsə də, ona müqavilənin ziddinə olaraq 75.7 kv.m-lik və təmirsiz mənzil verilmişdir. Həmçinin, məhkəmə tərəfindən iki dəfə ekspertiza keçirilmiş və birinci ekspert rəyi də faktiki sahənin həmin ölçüdə olmasını təsdiq etmişdir. İkinci ekspert isə azalma əmsalları tətbiq etməmiş və əsassız rəy vermişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 7.Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia tələbinin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 8.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməy heç bir məlumat verməmişlər. Məhkəmə hazırki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 9.Məhkəmə iddiaçının və onun nümayəndəsi və vəkilinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 10.Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2018-ci il tarixli müqavilə, daha sonra isə həmin müqaviləyə xx.xx.2021-ci il tarixli Əlavə 01 bağlanılmış, müqaviləyə əsasən iddiaçı mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 58,6 kv.metrdən ibarət (faktiki 66,5 kv.metr) ibarət yaşayış sahəsini sökülmək üçün cavabdehə təhvil verməyi, əlavə olaraq 2729 manat pulu ödəməyi, cavabdeh isə veriləcək 79,7 kv.metr nəzərdə tutulan təmirli mənzilə 7,7 kv.metr sahə əlavə olunaraq ümumi 87,4 kv.metr sahənin verilməsini öhdələrinə götürmüşlər. Hazırda iddiaçı cavabdeh tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilmədiyini iddia edərək, ona əksik verilmiş 11.7 kv.metr sahənin dəyəri olan 19.890 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. b) Mülki işin materialları: 11.Mülki işin materiallarında olan Cavabdeh MMC tərəfindən verilən 00629 nömrəli, xx.xx.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 028/01 saylı müqaviləyə əsasən 2729 manat məbləğində əlavə sahə üçün pul ödənilmişdir. 12.Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddia qaldırılması üçün İddiaçı tərəfindən 155 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 13.Mülki işin materiallarında olan birinci tərəf İddiaçı və ikinci tərəf "xxxx" MMC arasında bağlanan xx.xx.2018-ci il tarixli müqavilədən görünür ki, həmin müqaviləyə əsasən “əmlak mülkiyyətçisi” bu Müqaviləyə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən qeydiyyata alınmış RX seriyalı, ******* №-li, xx.xx.2017-ci il tarixli Çıxarış ilə öz mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 58,6 kv.metrdən (faktiki 66,5 kv.metr) ibarət yaşayış sahəsini sökülmək üçün Cavabdeh MMC-yə təhvil verməyi, bu Müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada “Tikinti şirkəti” tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli, çoxmərtəbəli yaşayış binasında onun üçün nəzərdə tutulmuş mənzili qəbul etməyi öhdəsinə götürür (1.1.1). “Tikinti şirkəti” ünvan 5 ünvanda yerləşən “Əmlak mülkiyyətçisinin” mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, çoxmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada 79,73 kv.metr təmirli mənzili “əmlak mülkiyyətçisinin” mülkiyyətinə verməyi öhdəsinə götürür (1.1.2). “Tikinti şirkəti” inşa edəcəyi çoxmənzilli, çoxmərtəbəli yaşayış binasının tikintisi başa çatdırana və “əmlak mülkiyyətçisini” mənzil ilə təmin edən günədək onun müvəqqəti yaşayışını təmin etmək məqsədi ilə “Əmlak mülkiyyətçisinə” konpensasiya şəklində aylıq 450 (dörd yüz əlli) manat məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə 3 ayda bir dəfə ödəyir. “Əmlak mülkiyyətçisinin” kommunal borcları olduğu halda “tikinti şirkəti”həmin məbləğləri ona veriləsi kirayə haqlarından tutaraq ödənişlərini təmin edəcəkdir (1.2). 14.Mülki işin materiallarında olan AR İN ƏMDX DƏDKR PHŞ 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2023-cü il tarixli texniki pasportdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Abbas Zamanov küçəsi, ev 26, mənzil 51 (Yeni qaydalarla: AZ 1007, Bakı şəhəri, Nəsimi rayonu, Abbas Zamanov küçəsi, 26, M10, m2) İddiaçı adına **********32-05301- 093014 reyestr nömrəsi ilə qeydə alınmışdır. Həmin mənzilin yaşayış sahəsi 38,9 kv.m olmaqla ümumi sahəsi 75,7 kv.m təşkil edir. 15.Mülki işin materiallarında olan 27 may 2021-ci il tarixli 028/01 nömrəli müqaviləyə Əlavə 01-dən görünür ki, “əmlak mülkiyyətçisi”nə veriləcək 79,7 kv.metr nəzərdə tutulan təmirli mənzilə 7,7 kv.metr sahə əlavə olunaraq ümumi sahəsi 87,4 kv.metr təşkil edir (1.1.1.2). Mənzilə əlavə olunmuş 7,7 kv.metr təmirsiz sahənin 1 kv.metr satış qiyməti 1.700.0 (bir min yeddi yüz) manat təşkil edir (1.1.1.3). 7,67 kv.metr əlavə sahənin dəyəri 13,090.0 (on üç min doxsan) manat təşkil edir (1.1.1.4). “əmlak mülkiyyətçisi” ödəniləcək 13,090.0 (on üç min doxsan) manat məbləğdən 79,7 kv.metr veriləcək mənzilin təmir xərci 10.361,0 (on min üç yüzaltmış bir) manat çıxılaraq, qalan 2729,0 (iki min yeddi yüz iyirmi doqquz) manat məbləği nəğd şəkildə “tikinti şirkəti”nə ödəməyi öhdəsinə götürür (1.1.1.5). “tikinti şirkəti” ünvan 3 ünvanında yerləşən əmlak mülkiyyətçisinin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, çoxmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada 87,4 kv.metr təmirsiz mənzili əmlak mülkiyyətçisinin mülkiyyətinə verməyi öhdəsinə götürür (1.2). 16.Mülki işin materiallarında olan AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/9405 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsində inşa edilmiş, 15 saylı evin 40 saylı mənzilinin ümumi sahəsinin 75,7 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsində inşa edilmiş, 15 saylı evin 40 saylı mənzilində təmir-tikinti işlərinin aparıldığı müəyyən olunur. Aparılmış təmir-tikinti işlərinin orta bazar dəyərinə uyğun qiymətləri təqribən 21351,9 manat məbləğində təşkil edir (mal-material və xidmət xərcləri və s. daxil olmaqla) və ayrı-ayrılıqda görülmüş işlər rəyə əlavə edilmiş smetada göstərilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. 17.Mülki işin materiallarında olan AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/3206 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsində inşa edilmiş, 15 saylı evin 40 saylı mənzilinin (həm içdən-içə, həm çöldən-çölə ölçülər nəzərə alınmaqla) Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsi və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı nəzərə alınmamaqla ümumi sahəsi 87,4 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. 18.Mülki işin materiallarında olan AR İN Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024cü il tarixli sorğuya cavab məktubundan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) xx.xx.2016-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır və ləğv edilməsi barədə məlumat aşkar edilməmişdir. Eyni zamanda, dövlət reyestr məlumatlarına əsasən "xxxx"xxxx"xxxx" Mənzil-Tikinti Kooperatividir (VÖEN **********). c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 19.Məhkəmə iddia tələbinə münasibətdə ilkin olaraq qeyd edir ki, tərəflər ilk olaraq öz aralarında podrat münasibətlərinə girmiş və bundan sonra tərəflər arasında verilmiş sifariş əsasında sahənin ölçüsü ilə bağlı mübahisə yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Həmin Məcəllə) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 20.Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 21.Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 22.Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 23.Həmin Məcəllənin 448.1-ci və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 24.Həmin Məcəllənin 445.2 və 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 25.Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

26. Mülki Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 27.Həmin Məcəllənin 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 28.Məhkəmə hazırki iddia tələbinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı hazırki tələbi ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarından göründüyü kimi tərəflər arasında bağlanan 27 may 2021-ci il tarixli 028/01 nömrəli müqaviləyə Əlavə 01-dən göründüyü kimi iddiaçı mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən və və 58,6 kv.m-dən ibarət (faktiki sahəsi 66,5 kv.m) yaşayış sahəsini sökülmək üçün Cavabdeh MMC-yə təhvil verməyi, həmçinin əlavə olaraq ona verilən sahəyə görə 2729 manat məbləğində pulu verməyi, cavabdeh isə iddiaçıya veriləcək 79,7 kv.m nəzərdə tutulan təmirli mənzilə 7,7 kv.m sahə əlavə olunaraq ümumilikdə 87,4 kv.m sahə verilməsinə dair razılığa gəlmişlər. Lakin iddiaçı tərəfindən ona razılaşdırılmış həcmdə mənzil təhvil verilməsi müqabilində üzərinə düşən öhdəlikləri tam icra etsə də, cavabdehin təhvil verdiyi mənzili qəbul etdikdə müqavilə öhdəliklərinin lazımınca icra edilmədiyini aşkar etmişdir. Məhkəmə tərəfindən də araşdırılan hallardan göründüyü kimi cavabdeh tərəf müqavilə üzrə üzərinə düşən öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya təhvil verilən Bakı şəhəri, Nəsimi rayonu, Abbas Zamanov küçəsi, ev 26, m. 51-ə dair (Yeni qaydalarla: AZ 1007, Bakı şəhəi, Nəsimi rayonu, Abbas Zamanov küçəsi, 26, M10, m2) texniki pasportdan göründüyü kimi həmin yaşayış sahəsinin ümumi ölçüsü 75,7 kv.m təşkil edir. 29.Bundan başqa, təhvil verilən mənzilin sahəsinin müqavilədə müəyyən edilən razılaşmaya uyğun olmaması halı məhkəməyə təqdim edilən ekspertiza rəyi əsasında da öz təsdiqini tapmışdır. Belə ki, təqdim edilən xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/9405 nömrəli ekspert rəyi əsasında Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsində inşa edilmiş, 15 saylı evin 40 saylı mənzilinin ümumi sahəsinin 75,7 kv.m olduğu aşkar edilmişdir. 30.Beləliklə də, məhkəmə xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/9405 nömrəli ekspert rəyini hazırki iş üzrə mötəbər sübut növü qəbul edərək qeyd edir ki, həqiqətən də tərəflər arasında bağlanan müqavilə üzrə cavabdeh şirkət iddiaçıya ümumi sahəsi 87,4 kv.m olan yaşayış sahəsini verməli olduğu halda, iddiaçıya ümumi sahəsi 75,7 kv.m olan (yəni verilməli olan sahədən 11,7 kv.m az) yaşayış sahəsi verilmişdir. 31.Məhkəmə həmçinin qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə cavabdeh tərəf üzərinə “ümumi sahə” anlayışını tətbiq etməklə üzərinə 87.4 kv.m sahəsinin iddiaçıya təhvil verilməsinə dair öhdəlik götürmüşdür. Həmin müqavilə bir əsas müqavilədən ibarət olmaqla , ümumi sahənin hesablanma qaydası barədə əlavə akt, müqavilə bəndində şərt razılaşdırılmamışdır. Bu halda isə müqavilədəki “ümumi sahə” anlayışı blanket xarakter daşımaqla Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.5-ci maddəsini aktivləşdirmişdir. Həmin maddəyə əsasən yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarət olması təsbit edilmişdir. Yəni bu halda əgər cavabdeh tərəf ümumi sahənin anlayışına tərəflər arasında müqavilə çərçivəsində aydınlıq gətirməmişlərsə bu halda sahənin ölçüləri ilə bağlı risk cavabdehin üzərinə düşməlidir. 32.Bundan əlavə isə məhkəmə həmçinin qeyd edir ki, hesab etsəkki, cavabdeh tərəf bunu(ümumi sahənin ölçülərini) daha ayıqlıq göstərərək nəzərə almamışdır, bu halda da belə sözügedən mənzilin sahə ölçüsündə cavabdeh hesablamada səhvlik etmişdir. Belə ki, məhkəmə tərəfindən keçirilmiş ekspertiza rəylərinə əsasən mənzilin azalma əmsalları (Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin 59.2 və 59.3-cü bəndlərində, eyni zamanda Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2012-ci il tarixli 7 saylı qərarı ilə təsdiq olunmuş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması” qaydalarının 3.8-ci bəndinə əsasən mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri 0.3 azaltma) tətbiq edilməməklə sahəsi 80,3 kv.m təşkil etmişdir. Geriyə qalan sahə (87,4- 80,3= 7,1 kv.m sahə) isə mənzil sahibinin həm faktiki, həm fiziki cəhətdən istifadə etməsinin mümkün olmayan sahələrini təşkil etmişdir ki, buda ağlabatan deyildir (həmin sahələri divaraltı, şaxtalar və arakəsmələr təşkil etmişdir). Bundan əlavə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə müəyyən edilmişdir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Yəni sözügedən sahələrin sırf mülkiyyətçiyə satılması alıcının hüquqlarının pozulması ilə nəticələnmişdir. Bu halda isə hüquqi məntiq ondan ibarət olmuşdur ki, həmin sahə(lər)ə mülkiyyətçi (alıcı) tərəfindən konstruktiv dəyişiklik edilməsi qeyri-mümkündür (öz sahəsinə sonradan qatılması mənasında). 33.Bu halda isə mülki işin materiallarında olan Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixdə bağlanmış müqavilənin 2.2.4-cü bəndində göstərilmişdir ki, əmlak mülkiyyətçilərinə veriləcək sahə layihəyə uyğun ölçüdən az olduğu təqdirdə yaranan nisbətin pul şəklində əmlak mülkiyyətçilərinə ödəmək (1 kv.m-1700 manat) tikinti şirkətinin vəzifəsidir. 34.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 35.Məhkəmə hesab edir ki, cavabdehin hərəkətlərinin öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq razılaşdırılmış ölçüdə mənzili iddiaçıya təhvil verməmişdir.

36. Bundan əlavə məhkəmə subyektiv cavabdehin düzgün seçilməsi ilə bağlı qeyd edir ki, iddiaçı ilkin olaraq xx.xx.2018-ci il tarixdə "xxxx" MMC ilə müqavilə bağlasada sonradan edilmiş deyişlik nəticə sonuncu müqavilə (xx.xx.2021-ci il tarixli) Cavabdeh MMC arasında bağlanmışdır. Lakin bundan sonrada sonuncu şirkət hüquqi vəziyyətini xx.xx.2022-ci il tarixdə dəyişərək Cavabdeh MTK –ya çevrilmişdir. Yəni hazırki cavabdehi iddiaçı düzgün seçmişdir. 37.Beləliklə, məhkəmə qeyd edilən halları hesab edir ki, iddia təmin edilməklə, iddiaçıya veriləcək olan ümumi 87,4 kv.m yaşayış sahəsinin faktiki olaraq 75,7 kv.m olması müəyyən edildiyindən həmin fərq – 19.890 (87,4 – 75,7=11,7; 11,7x1700=19.890) manat cavabdehdən tutulmaqla iddiaçının xeyrinə ödənilməlidir. 38.Bundan başqa, Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə əsasən ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 39.Hazırki iş üzrə iddia tələbi təmin edildiyindən, aparılmış ekspertiza tədqiqatının dəyəri (xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/9405 nömrəli ekspert rəyi) 100 (bir yüz) manat Cavabdehndən alınaraq Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülməlidir. 40.Həmçinin, məhkəmə təqdim edilən 04 sentyabr 2024-cü il tarixli, 10/3206 saylı ekspert rəyinə münasibətdə isə qeyd etməyi zəruri hesab edir ki, həmin rəy hazırki iş üzrə məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilə bilməzdi. Belə ki, həmin rəy əsasında təqdim edilən ilkin rəydən fərqli olaraq iddiaçıya verilən mənzilin sahəsinin müqavilə şərtlərinə uyğun olması, yəni mənzilin sahəsinin 87,4 kv.m olması müəyyən edilsə də, rəyə nəzər saldıqda görünür ki, sözügedən rəyi tərtib edən ekspert mənzilin sahəsini hesablayarkən azalma əmsallarını tətbiq etməmiş və ümumi sahənin ölçüsündə səhvlik edilmişdir. Halbuki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin 59.2 və 59.3-cü bəndlərində, eyni zamanda Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2012-ci il tarixli 7 saylı qərarı ilə təsdiq olunmuş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması” qaydalarının 3.8-ci bəndinə əsasən mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri 0.3 azaltma əmsallarına vurulmaqla hesablanır. 41.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 42.Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 43.Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 44.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehndən 19.890 AZN (on doqquz min səkkiz yüz doxsan manat) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Aparılmış ekspertiza tədqiqatının dəyəri (xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/9405 nömrəli ekspert rəyi) 100 (bir yüz) manat Cavabdehndən alınaraq Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar