Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3972/2025 29.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X2 iştirakları ilə İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğvi işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh «X3” MMC-yə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə onunla işəgötürən arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair 003/X saylı, xx.xx.2025-ci il tarixli əmrinin ləğv edilərək, işinə bərpa olunmaqla məcburi iş buraxmaya görə ödənilməli olan əmək haqqının ödənilməsi, eləcə də mediasiya sessiyası üçün ödədiyi 50 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə aralarında bağlanmış 31 oktyabr 2023-cü il tarixli müddətli əmək müqaviləsinə əsasən Cəmiyyətin Ağdaş rayonu üzrə merçendayzer vəzifəsinə (peşəsinə) işə qəbul edilmişdir. Qanunvericiliyin tələbinə görə müddətli əmək müqaviləsinin müddəti 29 noyabr 2023-cü il tarixdə başa çatmalı idi. Əmək qanunvericiliyinə görə müqavilə müddəti başa çatdıqdan sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İşlədiyi müddətdə cavabdeh Cəmiyyətlə belə hallar olmamışdır. Məlumat üçün bildirmişdir ki, cavabdehlə aralarında bağlanmış müddətli əmək müqaviləsinin nüxsəsi ona verilməmişdir. 06 yanvar 2025-ci il tarixdə ona məlum olmuşdur ki, ona xəbərdarlıq edilmədən və onun xəbəri olmadan 31 oktyabr 2023-cü il tarixdən 29 noyabr 2023-cü il tarixədək bağlanmış müddətli əmək müqaviləsinə 06 yanvar 2025-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilmişdir. Ona görə də o, cavabdeh Cəmiyyətə müraciət edərək aralarında bağlanmış müddətli əmək müqaviləsinə qanunsuz olaraq xitam verildiyini nəzərlərinə çatdıraraq əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsini xahiş etmişdir. Cavabdeh bundan imtina etdiyinə görə onunla aralarında bağlanmış 31 oktyabr 2023-cü il tarixli müddətli əmək müqaviləsinin və həmin müqaviləyə xitam verilməsi barədə əmri tələb etsə də cavabdeh Cəmiyyət müqaviləni və əmri ona verməməklə bundan imtina etmişdir. Bundan sonra o, xx.xx.2025-ci ildə şikayət ərizəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə müraciət edərək Cavabdeh MMC-nin qanunsuz hərəkətlərinə hüquqi qiymət verilməsini və işə bərpa olunmasını xahiş etmişdir. Müraciətinə cavab olaraq X1 Xidməti tərəfindən 10 aprel 2025-ci il tarixli, 3-17- 5/2-M-30535/2025 saylı məktubla bildirilmişdir ki, Xidmət tərəfindən 16 yanvar 2025-ci il tarixdə Cavabdeh MMC-nin ünvanına müraciət olunaraq ona aid olan sənədlərin Xidmətə təqdim olunması xahiş olunmuş, lakin cavabdeh tərəfindən həmin sənədlər təqdim olunmamışdır. Araşdırma zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən onunla Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək bağlanmış müddətli əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilərkən həmin Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinin tələblərinin pozulduğu müəyyən edilmişdir. Bununla bağlı Cavabdeh MMC-nin işəgötürəni barəsində xx.xx.2025-ci iltarixli MN ******* nömrəli inzibati cəriməni şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Qeyd olunanları nəzərə alaraq onun əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli 003/X nömrəli əmri ləğv edərək törədilmiş inzibati xəta pozuntusunun aradan qaldırılması üçün tərəfindən müəssisə rəhbərliyinə məktub ünvanlanmışdır. Məlumat üçün bildirmişdir ki, Xidmət tərəfindən cavabdeh Cəmiyyətin işəgötürəni barəsində inzibati cəriməni şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edildikdən və bu barədə cavabdeh Cəmiyyətin rəhbərliyinə xəbərdarlıq edildikdən sonra Cəmiyyət tərəfindən onunla əlaqə saxlanılmamış, aralarında yaranmış mübahisə müzakirə belə olunmamışdır. Bildirmişdir ki, o, işlədiyi müddət ərzində işinə vicdanla yanaşaraq vəzifəsinin öhdəsindən layiqincə gəlmiş, işində və əmək funksiyasının yerinə yetirilməsində heç bir qanunsuzluğa, özbaşınalığa, səhlənkarlığa və digər mənfi hallara yol verməmişdir. Ona görə də işlədiyi müddət ərzində ona heç bir xəbərdarlıq edilməmiş, irad tutulmamış və töhmət və şiddətli töhmət verilməmişdir. Ona qarşı belə qərəzli mövqe tutmuş Cavabdeh MMC ən azı onun işlədiyi müddətdə heç bir qanun pozuntusuna yol vermədiyinə, işinə vicdanla yanaşmasına hörmətlə yanaşmalı, himayəsində bir nəfər azyaşlı övladının olmasını almalı, indiki çətin vəziyyətdə övladına bir tikə çörək pulu qazanmasına bais olmamalı idi. Cavabdeh etirazla məhkəməyə müraciət edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi kimi onunla cavabdeh arasında 31 oktyabr 2023-cü il tarixdə müddətli (30 gün) əmək müqaviləsi imzalanmış və iddiaçı merçendayzer vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı ilə imzalanan müqavilə işin xüsusiyyətlərinə uyğun olaraq müddətli bağlanılmışdır. İşin xüsusiyyətlərinə uyğun olaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddətinin uzadılmaması qərara alınmış və qanunvericiliyin tələblərinə uyğun olaraq o, əvvəlcədən elektron informasiya sistemi vasitəsilə xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam veriləcəyi barədə məlumatlandırılmışdır. Əlavə olaraq iddiaçı əmək müqaviləsinin müddətinin uzadılmadığını bildiyi üçün xx.xx.2025-ci il tarixdən işə gəlməmiş və üzrsüz səbəbdən işburaxmaya yol vermişdir. Bu səbəbdən cavabdeh 29 dekabr 2024-cü il tarixli 27 nömrəli məktubla işə çıxmamasına dair məlumat verməsini iddiaçıdan tələb etmişdir. Yuxarıda qeyd edilənlərdən aydın olur ki, iddiaçı müqavilə müddətinin uzadılmayacağmı əvvəlcədən bilirdi və əsassız olaraq vəzifə öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmışdır. Həmçinin qeyd etmişdir ki, iddiaçı Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndində göstərilən tələbləri pozmaqla, 1 aylıq müddəti ötürülməklə 5 aydan çox olan müddət keçdikdən sonra məhkəmə müraciət etmiş, iddia müddətinin otürülməsi əsası ilə tələbin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X4 iddia tələbini etiraf etməyərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarından görünür ki, işəgötürən Cavabdeh MMC ilə işçi İddiaçı arasında xx.xx.2023-cü il tarixdə sonuncunun Vest Holding/Biznes blokları/Ticarət sektorları/Qida sektoru/Satış Departamenti/Dağıtımla satış fəaliyyəti/Şəki filialı/Merçendayzinq qrupları, əsas, merçendayzer vəifəsinə işə qəbulu haqqında bağlanmışdır. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən müqavilə 30 gün müddətinə bağlanmışdır. İş materiallarında olan əmək müaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli əmr № 003/X saylı əmrdən görünür ki, Vest Holding/Biznes blokları/Ticarət sektorları/Qida sektoru/Satış Departamenti/Dağıtımla satış fəaliyyəti/Şəki filialı/Merçendayzinq qrupları bölməsində “merçendayzer” vəzifəsində işləyən İddiaçı Elşən qızı ilə bağlanmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 b - əmək müqaviləsinin müddətinin qurtarması maddəsinə əsaəsn xitam verilmişdir. İş materiallarında olan iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, onunla bağlanmış əmək müqaviləsinin uzadılmayacağı, o, xx.xx.2025-ci il tarixdə xitam verilməsi barədə məlumatlandırılmışdır. İş materiallarında olan ƏƏSMN yanında DƏMX Bakı şəhər İdarəsi tərəfindən iddiaçının xx.xx.2025-ci il tarixli müraciətinə cavab olaraq xx.xx.2025-ci il tarixdə ünvanlanan məktubunda göstərilmişdir ki, araşdırma zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsisteminə tərəfindən baxış keçirilərkən, onunla Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək bağlanmış müddətli əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilərkən həmin Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinin tələblərinin pozulduğu məyyən edilmişdir. Bununla bağlı “X3" MMC-nin işəgötürəni barəsində xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati cəriməni şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Qeyd olunanları nəzərə alaraq onun əmək müqavilənizə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli, 003/X nömrəli əmri ləğv edərək törədilmiş inzibati xəta pozuntusunun aradan qaldırılması üçün tərəfindən müəssisə rəhbərliyinə məktub ünvanlanmışdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2026-cı il tarixədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Müraciətində qeyd etdiyi məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İş materiallarında olan Qəbələ 1 saylı Mediasiya Təşkilatının “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışın surətindən görünür ki, ilkin mediasiya sessiyası üçün xx.xx.2025-ci il tarixli ərizə əsasında hər iki tərəfə xx.xx.2025 tarixdə göndərilən bildirişlə xx.xx.2025-ci il tarixdə mediasiya tətbiqi barədə təklif verilməklə, xx.xx.2025-ci il tarixdə MŞQ/MT035-286 nömrəli arayış tərtib edilmişdir. Məhkəmə cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini və əmək qanunvericiliyinin bu sahəni tənzimləyən müddəalarını nəzərə alaraq, iddia tələblərinə ilk növbədə iddia müddətinin tətbiq edilməli olub-olmaması aspektindən qiymət verilməsini zəruri hesab edir. İş materiallarından göründüyü kimi, iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan onunla bağlanmış əmək müqaviləsinin uzadılmayacağı xx.xx.2025-ci il tarixdə əmək müqaviləsinə xitam veriləcəyi barədə məlumatlandırılmışdır. İddiaçıya ünvanlanmış ƏƏSMN yanında DƏMX Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli məktubun məzmunundan bəlli olur ki, iddiaçı xx.xx.2025-ci il tarixdə həmin idarəyə müraciət etməklə hüquqlarının pozulduğunu hesab etmiş və bununla da cavabdehin əmrindən xəbərdar olduğunu təsdiq etmişdir. Bundan sonra, xx.xx.2025-ci il tarixdə mediasiya sessiyası üçün müraciət etməklə və bu barədə bildiriş xx.xx.2025-ci il tarixdə göndərilməklə artıq qanunvericilklə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Qeyd olunan müddətin ötürülməsinə münasibətdə iddiaçı müraciət etdiyi qurumundan cavab məktubunu gözləməsi ilə izah etmişdir. Məhkəmə hesab edir ki, belə yanaşma müddətin ötürülməsinin üzrlü hesab edilməsinə əsas vermir. Həmçinin qeyd olunmalıdır ki, xx.xx.2025-ci il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışın tərtib edilməsindən sonra iddiaçı məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli Qərarına əsasən, Mülki Məcəllənin 375-ci maddəsinə uyğun olaraq, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd olunmalıdır ki, fərdi əmək mübahisələrinin həlli iddia müddətlərinə tabe tutulur. Çünki fərdi əmək mübahisələrinin həllində iddia müddətlərindən bəhs edən Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Bu normada bəhs olunan “hüququnun pozulmasının aşkar edildiyi gün” dedikdə - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gün başa düşülür. Göründüyü kimi iddia müddətinin axımının başlanması üçün bu faktlardan birinin mövcud olması kifayətdir. Lakin nəzərə alınmalıdır ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun L.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli qərarda ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2-ci maddəsi). İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Bələliklə, iddia müddətinin ötürülməsinə dair ərizə təmin olunmaqla, iddianın təmin edilməməsinə əsas yaranmışdır. Buna baxmayaraq, məhkəmə hesab edir ki, iddia tələbinin əsaslı olmasına da diqqət yetirilməli, yoxlanmalı və münasibət bildirilməlidir. Belə ki, tərəflər arasında yaranan münasibətlərə aşağıdakı qanunvericilik normaları və müqavilə şərtləri tətbiq edilməlidir: Azərbaycan Respublikasının Konstitusiyasının 26.1-ci madəsinə əsasən “Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır.” Azərbaycan Respublikasının Konstitusiyasının 35.2-ci madəsinə əsasən “Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır.” Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.” Həmin Məcəllənin 11.1-ci maddəsinin “b” bəndinə əsasən “Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarındandır.” Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən “Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.” Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış Əmək Müqaviləsinin (bundan sonra Müqavilənin) 1.3-cü bəndinə əsasən bu müqavilə bağlandığı gündən yaranmış əmək münasibətləri, tərəflərin hüquqları, vəzifələri və məsuliyyəti «Əmək məcəlləsi» ilə müəyyən edilmiş qaydalarla və prinsiplərlə tənzimlənir. Müqavilənin 2.3-cü bəndində müqavilənin müddətli bağlanması qeyd edilmiş, müqavilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 30 gün müddətinə bağlanmışdır. Müqavilənin 9.1-ci bəndinə əsasən müqavilə Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərdən birinin təşəbbüsü ilə ləğv edilə bilər. Əmək qanunvericiliyinin tələbindən göründüyü kimi müddətli əmək müqaviləsinin müddəti qurtardıqda həmin əmək müqaviləsinə xitam verilir. Əgər əmək münasibətləri davam etdirilirsə və bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə müqavilə həmin müddətə uzadılmış hesab olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinə əsasdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Həmin Məcəllənin 45.5-ci maddəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Məhkəmə eyni zamanda qeyd edir ki, Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 8-ci maddəsində müddətlərin hesablanması qaydaları göstərilməklə, müddət axımının başlanması təqvim üzrə müəyyən edilmiş vaxtın ertəsi günündən hesablandığı, həftələrlə hesablanan müddətlər həftənin sonuncu günündə başa çatır. Təqvim həftələri və günləri ilə hesablanan müddətə qeyri-iş günləri də daxildir. Müqavilədə tərəflər arasında münasibətlərin xitam edilməsinə dair müddət olaraq həftənin müəyyən edilməsi və həmin müddətin xx.xx.2024-cü il tarixdən bir həftə (7 gün) hesablanmasına başlayaraq son tarix xx.xx.2025-ci il tarixinin müəyyən olunması qanunvericiliyin tələbinə və müqavilə şərtlərinə uyğun gəlir. Əmək Məcəlləsinin 47-ci maddəsinə əsasən müddətli əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müəyyən müddətə bağlanıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2024-cü il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar olmadığı təqdirdə, tərəflərin hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsini bağlamaq imkanını ehtiva etməklə, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğun hesab edilsin. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, «X3” MMC tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmamış, cavabdeh tərəfindən iddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsi, bu barədə xx.xx.2025-ci il tarixdə əmrin verilməsi əmək qanunvericiliyinin göstərilən tələblərinə uyğun olmuşdur. Bu səbəbdən də iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh «X3” MMC-yə qarşı əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-3972/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3972/2025
29.08.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver