Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-400/2024 22.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi və işdən azad edilmə barədə əmək kitabçasında qeydiyyatın aparılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi və işdən azad edilmə barədə əmək kitabçasında qeydiyyatın aparılması” tələbinə dair iddia ərizəsi və iddia ərizəsinə dəqiqləşmə ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Museyib oğlu cavabdeh "xxxx" QSC-nin “Bakı Yük” Stansiyasının rəhbərliyinin xx.xx.1989-cu il tarixli, 14 saylı əmrinə əsasən xx.xx.1989-cu il tarixdən “Bakı Yük” Stansiyasında təcrübəçi yükqəbuledici vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.1989-cu il tarixdən yükqəbuledici vəzifəsinə sərbəst işləmək üçün buraxılmışdır ("xxxx" QSC-nin “Bakı Yük” Stansiyasının rəhbərliyinin xx.xx.1989-cu il tarixli, 44 saylı əmrinə əsasən). "xxxx" QSC-nin “Bakı Yük” Stansiyasının rəhbərliyinin xx.xx.1989-cu il tarixli, 104 saylı əmrinə əsasən elə qeyd edilən tarixdən həmin satansiyada böyük yükqəbuledici vəzifəsinə təyin edilmişdir. Təqribən 2005-ci ilin sonlarına yaxın İddiaçı boş dayanma ilə əlaqədar "xxxx" QSC-nin “Bakı Yük” Stansiyasının rəhbərliyi tərəfindən öz hesabına məzuniyyətə göndərilmiş, məzuniyyətdən qayıtdıqdan sonra, "xxxx" QSC-nin “Bakı Yük” Stansiyasının rəhbərliyi tərəfindən ondan öz xahişi ilə işdən azad olunması ilə bağlı ərizə alınmış və ona işdən azad edildiyi bildirilmişdir. İddiaçı bir müddət sonra işləmək üçün Rusiya Federasiyasına getmişdir. Təqribən 2022-ci ilin iyul ayının əvvəllərində Rusiya federasiyasından qayıtdıqdan sonra "xxxx" QSC-nin “Bakı Yük” Stansiyasına əmək kitabçasını götürməklə bağlı müraciət etmiş və əmək kitabçası ona təqdim edilərkən əmək kitabçasında işdən azad olunmaqla bağlı hər hansı bir qeydin olmadığını görmüşdür. Bundan sonra “Bakı Yük” Stansiyasının Dadaş adlı məsul əməkdaşı əmrlərin qeydiyyat jurnalını ona göstərmiş və həmin jurnalda onun adı olan qrafanın qarşısında işə qəbul edilməyi ilə bağlı və baş yük qəbuledici vəzifəsinə təyin edilməsi ilə bağlı əmrlərin tarixi və nömrəsi qeyd edilsə də, işdən azad olunması ila bağlı heç bir qeyd aparılmamışdır. Daha sonra Dadaş adlı həmin əməkdaş İddiaçı təklif edib ki, onun əmək kitabçası müvəqqəti olaraq onlarda, yəni cavabdeh qurumda qalsın və onlar, yəni cavabdeh qurumun əməkdaşları öz arxivlərindən İddiaçı işdən azad olunmaqla bağlı ərizəsini və əmrini taparaq, onların əsasında iddiaçının əmək kitabçasında müvafiq qaydada qeydiyyat aparaq, ondan sonra əmək kitabçasını ona, yəni İddiaçı təhvil versinlər. İddiaçı cavabdeh qurumun əməkdaşlarının bu təklifi ilə razılaşsa da, sonradan nə işdən azad olunması ilə bağlı yazdığı ərizənin, nə də ki, işdən azad olunması ila bağlı əmrinin nə “Bakı Yük” Stansiyasının arxivində, nə də "xxxx" QSC-nin Arxiv idarəsində aşkarlanmadığı bildirilmişdir. Belə olan halda İddiaçı onu işə qəbul edən məsul şəxslərlə görüşmək istədiyini bildirmiş, cavabında isə ona onu işə qəbul edən rəhbər işçilərin halhazırda dünyasını dəyişdiyi bildirilmişdir. İddiaçı işdən azad edilməsi ilə bağlı əmək kitabçasında müvafiq qaydada qeydin aparılması üçün dəfələrlə "xxxx" QSC-nin və “Bakı Yük” Stansiyasının rəhbərliyinə müraciətlər ünvanlamışdır. Cavabdeh "xxxx" QSC-nin iddiaçının müraciətinə cavab olaraq, ona ünvanladığı 13-1/2-931/2023-cü il saylı, xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilir ki, onun, yəni iddiaçının əmək fəaliyyətinə dair sənədlər araşdırılmış və heç bir məlumat əldə edilməmişdir. Bu məktubdan sonra İddiaçı məhkəməyə müraciət etmək məqsədi ilə 2023-cü ilin əvvəllərində "xxxx" QSC-yə əmək kitabçasının ona geri qaytarılması ilə bağlı müraciət etmiş və xx.xx.2023-cü il tarixlı təhvil təslim aktına əsasən əmək kitabçası işdən azad olunmağı ilə bağlı heç bir qeyd aparılmadan iddiaçıya təhvil verilmişdir. Mübahisənin məhkəmədənkənar mediasiya qaydasında həlli ilə bağlı Mediasiya Təşkilatına müraciət etsələr də, razılıq əldə edilməmiş, mediasiya sessiyasında iştirak edilməməsinə dair arayış verilmişdir. Bununla yanaşı qanunvericiliklə müddətli əmək kontraktının bağlanması halları imperativ normalara əsasən dəqiq müəyyən edilmişdir. Göstərilənlərə əsasən, İddiaçı xx.xx.2005-ci il tarixdən "xxxx" QSC-nin “Bakı Yük” Stansiyasında böyük yük qəbuledici vəzifəsindən işdən azad edilərək əmək müqaviləsinə xitam verilməsi və işdən azad edilməsi ilə bağlı əmək kitabçasında müvafiq qaydada qeydin aparılmasının cavabdeh "xxxx" QSC-yə həvalə edilməsi, mediasiya prosesinin təşkili ilə bağlı mediatora ödənilmiş 50 manat məbləğində pulun cavabdeh "xxxx" QSCdən alınaraq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin yuxarıdakı məzmununa uyğun izahat verərək və iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirdi ki, İddiaçı tanıyır. Belə ki, bacısı ilə işləmişdir. İddiaçı dəmir yollarında işləyirdi, lakin hansı vəzifədə işləməsini bilmir. Təxminən 2003-2004-cü illərdə işləyirdi. Sonradan işdən çıxıb Rusiyaya getdi. Hazırda işdən çıxıb, pensiyadadır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh "xxxx" QSC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını və çıxışını dinləyib, iddia ərizəsini iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan İddiaçı məxsus xx.xx.1976-cı il tarixli əmək kitabçasının surətindən görünür ki, iddiaçı Q.Musa xx.xx.1989-cu il tarixdə 44 nömrəli əmrlə "xxxx" QSC-də yükqəbuledici vəzifəsinə sərbəst işləmək üçün buraxılmış, xx.xx.1989-cu il tarixli, 104 saylı əmrinə əsasən isə qeyd edilən tarixdən həmin stansiyada böyük yükqəbuledici vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan "xxxx" QSC tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023cü il tarixli məktubdan görünür ki, "xxxx" QSC-nin Sinifdənkənar Bakı yük stansiyasında çalışmış İddiaçı əmək fəaliyyətinə dair sənədlər araşdırılmış və heç bir məlumat əldə edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə göndərilən sorğuya cavab məktubundan görünür ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Monitorinq) altsisteminin “Sığortaolunanların reyestri” bölməsində İddiaçı aid sığortaolunan kimi uçot məlumatı aşkar edilmədiyindən sorğuda qeyd edilən məsələyə dair məlumatların təqdim edilməsi mümkün olmamışdır. İş materiallarında olan mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, həmin tarixdə keçirilən mediasiya sessiyasında cavabdeh "xxxx" QSC iştirak etməmiş, lakin İddiaçı iştirak edərək, 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir (Mediator: İ.Nuranə). Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, İddiaçı xx.xx.1989-cu il tarixdə cavabdeh "xxxx" QSC-də yükqəbuledici vəzifəsinə sərbəst işləmək üçün buraxılmış, xx.xx.1989-cu il tarixli, 104 saylı əmrinə əsasən isə qeyd edilən tarixdən həmin stansiyada böyük yükqəbuledici vəzifəsinə təyin edilmişdir. Daha sonra iddiaçı öz xahişi ilə işdən azad edilmişdir. Sonradan iddiaçıya məlum olmuşdur ki, onun əmək kitabçasında işdən azad edilməsi barədə qeydlər aparılmamışdır. Hazırda iddiaçı onunla cavabdeh "xxxx" QSC arasında bağlanılmış əmək müqaviləsinə xitam verilməsi və işdən azad edilmə ilə bağlı əmək kitabçasında müvafiq qaydada qeydin aparılmasının cavabdehə həvalə edilməsini və onun tərəfindən ödənilmiş mediasiya xərcinin cavabdehdən tuutlması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məsələ ilə bağlı cavabdehə müraciətlər ünvanlasa da, cavab məktubunda onun əmək fəaliyyətinin araşdırıldığı və heç bir məlumatın aşkarlanmadığı qeyd edilmişdir. Bundan sonra iddiaçı əvvəlcə mediasiya təşkilatına müraciət etmiş, lakin cavabdehin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmədiyindən, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə hesab edir ki, iddia tələbi tam haqlı və əsaslıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Həmin Məcəllənin 9-cu maddəsinin “b” bəndinə görə, əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biridir. Sözügedən Məcəllənin 42-ci maddəsinin tələbinə görə, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə görə, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinin “a” bəndinə görə, əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri tərəflərdən birinin təşəbbüsüdür. Sözügedən Məcəllənin 69-cu maddəsinin 1-2-ci hissələri ilə müəyyən edilmişdir ki, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 85-ci maddəsinə əsasən işəgötürən bağlanmış əmək müqavilələrini, onlara edilən dəyişiklikləri, bu müqavilələrlə əlaqədar verilmiş əmrləri (sərəncamları, qərarları), habelə digər əmrləri (sərəncamları, qərarları) xüsusi kitab (jurnal) və ya kompüter vasitəsi ilə xüsusi proqramla uçotunun qeydiyyatını aparmalıdır. Uçot kompüter vasitəsi ilə aparılmırsa, qeydiyyat kitabı səhifələnməli, qaytanlanmalı və kitabın son səhifəsindəki qaytanın düyünü üzərinə müəssisənin möhürü vurulmalıdır. İşəgötürən qeydiyyat kitabını xüsusi uçot sənədi kimi saxlamalı və aparılan qeydlər səliqə ilə həmin kitaba yazılmalıdır. Kitabdakı qeydlərin qaralanmasına, pozulmasına, səhifələrin cırılmasına, dəyişdirilməsinə yol verilmir. Bu maddədə göstərilən sənədlərin uçotu və qeydiyyatı istər kompüter proqramları vasitəsilə, istərsə də əl üsulu ilə həyata keçirilərkən işəgötürən tərəfindən uçot sənədlərinin mühafizəsi təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarı ilə müəyyən edilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının iddiası təmin edilməli, İddiaçı xx.xx.2005-ci il tarixdən "xxxx" QSC-nin “Bakı Yük” Stansiyasında böyük yük qəbuledici vəzifəsindən işdən azad edilərək əmək müqaviləsinə xitam verilməli və işdən azad edilməsi ilə bağlı əmək kitabçasında müvafiq qaydada qeydin aparılmasının cavabdeh "xxxx" QSC-yə həvalə edilməlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2005-ci il tarixdən "xxxx" QSC-nin “Bakı Yük” Stansiyasında böyük yük qəbuledici vəzifəsindən işdən azad edilərək əmək müqaviləsinə xitam verilsin və işdən azad edilməsi ilə bağlı əmək kitabçasında müvafiq qaydada qeydin aparılmasının cavabdeh "xxxx" QSC-yə həvalə edilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-400/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-400/2024
22.01.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver