Məhkəmə qərarları › İş №e-2(006)-4055/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4055/2022

11.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4055/2022 11.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Güldanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı «maddi və mənəvi ziyanın tutulması, borcun silinməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh ASC-yə qarşı «maddi və mənəvi ziyanın tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı həmkəndlisi X3 Cavabdeh ASCdən götürdüyü kreditlə əlaqədar olaraq zamin qalmışdır. Lakin kredit vaxtında tam ödənilmədiyindən bank məhkəməyə müraciət etmiş və Masallı rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(050)-3142/2016 saylı əmri ilə borclu Amil Məmmədov və onun zaminləri kimi iddiaçı ilə yanaşı Xəqani Ağayevdən müştərək qaydada borcun tutulmasına dair əmr verilmişdir. Həmin əmr icraya yönəlmiş və iddiaçının əmək haqqından, eləcə də digər zaminin pensiyasından bir neçə il pul tutulmuşdur. Sonradan Azərbaycan Kredit Bürosundan alınmış Çıxarışdan məlum olmuşdur ki, yuxarıda göstərilən borc xx.xx.2018-ci il tarixdə tam ödənilmişdir. Lakin Cavabdeh ASC bununla bağlı Masallı rayon İcra və Probasiya Şöbəsinə nəinki müvafiq məktub verməmiş, əksinə guya qalmış borcun tutulmasını tələb etmiş və həmin tələbə görə icra məmuru Təhsil Nazirliyinin 14 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə xx.xx.2021-ci il tarixli 3223/2016 saylı məktub göndərmiş və həmin məktub əsasında əmək haqqından 2021-ci ilin may-2022-ci ilin fevral ayları ərzində cəmi 943 manat pul tutulmuşdur. Yuxarıda qeyd etdiyi kimi Amil Məmmədovun borcu xx.xx.2018-ci ildə tam ödənilməsinə baxmayaraq həmin borca görə zamin kimi iddiaçıdan 2021-2022-ci illər ərzində 943 manat pul tutulmuşdur. Bu isə həm qanunvericiliyin, həm də hüquqlarının kobud pozuntusudur. Qanunvericiliyin tələbinə əsasən cavabdehin zamin olduğu müqavilə öhdəliyi aradan qalxmasına baxmayaraq, həmin müqaviləyə istinad edib və kreditin ödənilməsi ilə bağlı icra və probasiya şöbəsinə müvafiq məktub verməli olduğu halda, bunu etməməklə əmək haqqınlan 943 manat pulu əldə etməsi onun hesabına əsassız varlanması qanuna zidd olmaqla bununla bağlı pulundan məhrum olması iddiaçıya vurulmuş ziyan hesab edilir və həmin ziyanı cavabdeh ona ödəməlidir. Cavabdehin hərəkətləri nəticəsində həmçinin iddiaçıya mənəvi ziyan də dəymişdir. Cavabdehin zamin olduğu kredit öhdəliyinin bir neçə il əvvəl icra olunub qurtarmasına baxmayaraq bununla bağlı İcra və Probasiya Şöbəsinə müvafiq məktub verməmiş, əksinə həmin kredit borcuna görə ondan pul tutulmasını tələb etməsi nəticəsində 2 ilə yaxın müddət ərzində hər ay əmək haqqının yarısından məhrum olması, bunun isə maddi vəziyyətinə təsir etməsi, həmçinin dəfələrlə İcra və Probasiya Şöbəsinə, işlədiyi təhsil müəssisəsinin mühasibatlığına getməsi, məcburiyyət qarşısında qalıb vəkilə müraciət etməsi, bütün bunlara günlərlə vaxt sərf etməsi, günlərlə narahatlıq, həyacan keçirməsinə, əsəbləşməsinə səbəb olmuşdur ki, bu da qanunvericiliyin tələbinə əsasən cavabdehin hərəkətləri nəticəsində iddiaçıya mənəvi zərər vurulması deməkdir. Göstərilənlərə əsasən Cavabdeh ASC-dən iddiaçıya vurmuş olduğu maddi ziyana görə 943 manat, mənəvi ziyana görə 2000 manat və dövlət rüsumu kimi ödəmiş olduğu 49 manat pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. 3.Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddia ərizəsində yalnız iddiaçıdan artıq tutulmuş pul vəsaitinin ona qaytarılması tələb edilmişdir. Lakin sonradan məlum olmuşdur ki, Mərkəzi Kredit Reyestrində adına 750,34 manat kredit borcu qeyd edilmişdir. Halbuki həmin borc Amil Məmmədovun həmin bankdan götürdüyü kreditə görə zamin olması ilə bağlı yaranmışdır. Amil Məmmədovun kredit borcu isə 2018-ci ilin dekabr ayında tam ödənilmişdir. Belə olan vəziyyətdə iddiaçının göstərilən məbləğdə borcu ola bilərdi? Bu isə adına Mərkəzi Kredit Reyestrində əsassız olaraq borc yazılmasını göstərir. İddiaçı məhkəməyə iddianı verəndə adına Mərkəzləşdirilmiş Kredit Reyestrində borc qeyd edilməsini bilmirdi. Bunu yalnız Kredit Bürosundan Çıxarışı alandan sonra bilmişdir. Həmin Çıxarışı isə xx.xx.2022-ci il tarixdə saat 16.08-də Bakı 1 saylı «ASAN xidmət» mərkəzindən əldə etmişdir. Bu xüsusat çıxarışda da əks olunmuşdur. Qeyd olunan çıxarış əvvəldən iddiaçıda olmadığından işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər Mərkəzləşdirilmiş Kredit Reyestrində adına olan borcun silinməsi barədə tələb sürə bilməmişdir. Göstrərilənlərə əsasən Cavabdeh ASC-dən iddiaçıya vurmuş olduğu maddi ziyana görə 943 manat, mənəvi ziyana görə 2000 manat pulun və dövlət rüsumu kimi ödəmiş olduğu 49 manat pulun alınıb iddiaçıya verilməsi ilə yanaşı Mərkəzləşdirilmiş Kredit Reyestrində iddiaçının adına Cavabdeh ASC-nə RB-A183525 saylı hesab nömrəsində qeyd edilmiş 750,34 manat borcun silinməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.

4. Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı «borcun silinməsi» hissəsində işin icraatına, həmin tələbə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından xitam verilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin cavabdehin nümayəndəsi A.Məmmədova məhkəməyə ünvanlanmış ərizədə işə onun iştirakı olmadan keçirərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, X3 Cavabdeh ASC-dən götürdüyü kreditlə əlaqədar olaraq İddiaçı zamin kimi iştirak etdiyi kredit müqaviləsinin şərtləri borclu tərəfindən icra olunmadığına görə xx.xx.2016-cı il tarixində məhkəmə əmri çıxarılmışdır. Həmin məhkəmə əmri qanunfmüvafiq surətdə icraya yönəlmişdir. Düşünür ki, bundan sonrakı mərhələ məhkəmə qaydasında deyil icra qaydasında həll olunmalıdır. Odur ki, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

8. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

9. İş materiallarında olan Masallı rayon Məhkəməsinin 2(050)-3142/2016 saylı xx.xx.2016-cı il tarixli məhkəmə əmrin surətindən görünür ki, borclular X1, Məmmədov İddiaçı oğlundan və X2 müştərək qaydada əsas borca görə 3199,70 manat, faiz borcuna görə 449,35 manat, cərimə borcuna görə 1000 manat və dövlət rüsumuna görə 20 manat, cəmi 4669,05 manat məbləğində pul tutularaq Cavabdeh ASC-yə verilməsi əmr edilmişdir.

10. İş materiallarında olan Masallı Regional «ASAN xidmət» mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1983-cü ildə doğulmuş Məmmədov İddiaçı oğlu soyadını «Qəhrəman» soyadına dəyişdirmiş və bu barədə soyadın, adın, ata adının dəyişdirilməsi haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 77 № ilə qeyd edilmişdir.

11. İş materiallarında olan Masallı rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin 14 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə, surəti Cavabdeh ASC-yə və Məmmədov İddiaçı oğluna ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, Masallı rayon Məhkəməsinin 2(050)-3142/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən cavabdeh Masallı rayonu, Ərkivan qəsəbəsində yaşayanlar X4, Məmmədov İddiaçı oğlu və Masallı rayonu, Hüseynhacılı kəndində yaşayan X2 cəmi 4669,05 manat məbləğində pulun tutularaq Cavabdeh ASC-nin hesabına ödənilməlidir. Qeyd olunan icra vərəqəsinin icrasını tam təmin etmək məqsədi ilə icra vərəqəsi borclu Məmmədov İddiaçı oğlunun əmək haqqından 50%-nin 1581,65 manat dövlət rüsumu tutulub Cavabdeh ASC-nə hesabına ödənilsin. Əlavə olaraq icra, könüllü icra üçün müəyyən edilmiş müddətdə təmin edilmədiyindən borclu Məmmədov İddiaçı oğlunun əmək haqqından 110,71 manat məbləğində icra ödənişi tutularaq Masallı rayon İcra və Probasiya şöbəsinin depozit hesabına köçürülməsinə, icra sənədinin icra vəziyyəti barədə Masallı rayon İcra və Probasiya şöbəsinə məlumat verilməsinə göstəriş verilməsini xahiş olunmuşdur.

12. İş materiallarında olan Azərbaycan Kredit Bürosu MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışından görünür ki, X3 xx.xx.20014-cü il tarixli kredit müqaviləsi üzrə olan borc xx.xx.2018-ci il tarixdə tam ödənilmişdir.

13. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin Lənkəran- Astara Regional Təhsil İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Məmmədov İddiaçı oğlu Masallı rayon Ərkivan qəsəbə 4 saylı tam orta məktəbində 2011-ci il tarixdən texniki işçi işləyir. xx.xx.2021-ci il tarixli 3223/2016 icra vərəqəsinə əsasən onun aylıq əmək haqqından 50 faizinin Cavabdeh ASC-nin hesabına köçürülməsi göndərilmişdir. Bildirmək istəyirlər ki, cəmi 1581,65 manat, icra ödənişi 110,71 manat icra deposit hesabına tutularaq hesaba köçürülməsi tələb olunmuşdur. Cərimə tam aylar üzrə tutulmuşdur: 1. May 2021-ci il – 155 manat; 2. İyun 2021-ci il – 155 manat; 3. İyul 2021-ci il – 155 manat; 4. Avqust 2021-ci il – 155 manat; 5. Sentyabr 2021-ci il – 50 manat; 6. Oktyabr 2021-ci il –50 manat; 7. Noyabr 2021-ci il – 50 manat; 8. Dekabr 2021ci il – 50 manat; 9. Yanvar 2022-ci il – 50 manat; 10. Fevral 2022-ci il – 73 manat, cəmi 943 manat.

14. İş materiallarında olan Masallı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Masallı rayon Məhkəməsi tərəfindən verilmiş 2(050)- 3142/2016 saylı, xx.xx.2016-ci il tarixli icra sənədinə əsasən borclu X4 və digərləri Cavabdeh ASC-yə olan borclarını tam ödənmişdir. İcra sənədində göstərilən tələb icra olunduğundan Masallı rayon Məhkəməsi tərəfindən verilmiş 2(050)-3142/2016 saylı, xx.xx.2016-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir.

15. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, həmkəndlisi X3 Cavabdeh ASC-dən götürdüyü kreditlə əlaqədar olaraq zamin qalmışdır. Lakin kredit vaxtında tam ödənilmədiyindən Bank məhkəməyə müraciət etmiş və Masallı rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(050)-3142/2016 saylı əmri ilə borclu Amil Məmmədov və onun zaminləri kimi onunla yanaşı Xəqani Ağayevdən müştərək qaydada borcun tutulmasına dair əmr verilmişdir. Həmin əmr icraya yönəlmiş və onun əmək haqqından, eləcə də digər zaminin pensiyasından bir neçə il pul tutulmuşdur. Kredit Bürosundan alınmış Çıxarışdan məlum olmuşdur ki, yuxarıda göstərilən borc xx.xx.2018-ci il tarixdə tam ödənilmişdir. Lakin Cavabdeh ASC bununla bağlı Masallı rayon İcra və Probasiya Şöbəsinə nəinki müvafiq məktub verməmiş, əksinə güya qalan 1581,65 manat borcun tutulmasını tələb etmiş və həmin tələbə görə icra məmuru Təhsil Nazirliyinin 14 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə məktub göndərmişdir. Nəticədə isə 2021-ci ilin may-2022-ci ilin fevral ayları ərzində əmək haqqından əsassız olaraq 943 manat pul tutulmuşdur. Bankın onun hesabına əsassız varlandığı həmin pul vəsaitinin ona qaytarılmasını, bununla bağlı dəfələrlə Masallı rayonundan Bakı şəhərinə gəlib-getməklə bağlı məruz qaldığı maddi ziyanın və ötən ildən bəri davam edən müddət ərzində əmək haqqından əsassız pul tutulması ilə bağlı keçirdiyi sarsıntıya, əsəbə görə vurulmuş mənəvi ziyana görə 2000 manat pulun ona ödənilməsini xahiş etmişdir.

16. Məhkəmənin sorğusuna cavab olaraq Cavabdeh ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Cavabdeh ASC ilə X4 arasında xx.xx.2014cü il tarixli RBMF-0536 saylı kredit müqaviləsi bağlanmışdır. Qeyd olunan kredit borcu üzrə öhdəliklərin lazımi qaydada icrasını təmin etmək məqsədi ilə Qəhrəman (Məmmədov) İddiaçı oğlu və X5 ilə zaminlik müqavilələri bağlanmışdır. Öhdəliklər vaxtında və lazımi qaydada icra edilmədiyi üçün ərizə ilə məhkəməyə müraciət edilmiş və xx.xx.2016-cı il tarixdə, 2(050)-3142/2016 saylı məhkəmə əmri qəbul edilmişdir. Məhkəmə əmrinə əsasən borclular X4, Qəhrəman (Məmmədov) İddiaçı oğlu və X2 müştərək qaydada 3199,7 manat əsas, 449,35 manat faiz, 1000 manat məbləğində cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi olan 20 manat məbləğində pul tutularaq Cavabdeh ASC-yə verilməlidir. Əlavə edilən sənədlərdən də göründüyü kimi xx.xx.2016-cı il tarixdən (məhkəmə əmri qəbul edildikdən sonra) etibarən cəmi 3199,7 manat vəsait əsas borca, 521,77 manat vəsait faiz borcuna və 351,93 manat vəsait cərimə borcuna silinmiş, məhkəmə əmrində qəbul edilən cəmi 4669,05 manat borcdan cəmi 4073,4 manat ödənilmiş, 595,65 manat məbləğində borc isə hələ də ödənilməmiş olaraq qalmaqdadır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

17. Beləliklə, iş üzrə müəyyən olunmuş faktiki hallardan məlum olur ki, Cavabdeh ASC ilə X4 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Amil Məmmədova kredit verilmiş və həmin kredit müqaviləsinin təminatı kimi X5 və iddiaçı Qəhrəman (Məmmədov) İddiaçı oğlu bank qarşısında zamin kimi çıxış etmişlər. Amil Məmmədov kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirmədiyinə görə bank məhkəməyə müraciət etmiş və Masallı rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(050)-3142/2016 saylı məhkəmə əmrinə əsasən borclular X4, Qəhrəman (Məmmədov) İddiaçı oğlu və X2 müştərək qaydada 3199,7 manat əsas, 449,35 manat faiz, 1000 manat məbləğində cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi olan 20 manat məbləğində pul tutularaq Cavabdeh ASC-yə verilməlidir. Masallı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə icra sənədində göstərilən tələb icra olunduğundan Masallı rayon Məhkəməsinin 2(050)-3142/2016 saylı, xx.xx.2016-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Lakin Cavabdeh ASC-nin məktubuna əsasən məhkəmə əmrində qəbul edilən 4669,05 manat borcdan cəmi 4073,4 manat ödənilmiş, 595,65 manat məbləğində borc ödənilməmiş qalmışdır.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

18. Məhkəmə iddia tələbinin maddi ziyana görə 943 manat məbləğində pulun tutulması hissəsi ilə bağlı qeyd edir ki, həmin hissədə bu məhkəmənin eyni tarixli qərardadı ilə mülki işin icraatına xitam verilmişdir.

19. Məhkəmə iddia tələbinin vurulmuş mənəvi ziyana görə 2000 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb əsaslı hesab edilə bilməz.

20. Belə ki, iddianın əsas hissəsini təşkil edən maddi ziyanın ödənilməsi hissəsinə xitam verildiyindən prosessual qənəat prinsipini əsas götürməklə mənəvi ziayn hissəsini araşdırmağa zərurət qalmamışdır. Lakin məhkəmə mənəvi ziyanın ödənilməsi hissəsi ilə bağlı aşağıdakıarı qeyd etməyiz zəruri hesab edir.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, «Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. “...xüsusi ilə qeyd olunmalıdır ki, mülki qanunvericilikdə şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi həyat sirri və şəxsi tozunulmazlıqla bağlı pozuntuların nəticəsində dəymiş ziyanın ödənilməsi nəzərdə tutulsa da digər şəxsi qeyri-əmlak hüquqlarından və qeyri-maddi nemətlərdən istifadə etmək hüquqlarının pozulması nəticəsində vurulmuş ziyanın ödənilməsi müəyyən olunmamışdır”.

22. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenimunun 3 noyabr 2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.

23. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində mənəvi ziyan çəkməsini göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, 2000 manat mənəvi ziyanın tutulması hissəsində tələb təmin edilməməlidir.

24. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68).

27. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı mənəvi ziyanın tutulması tələbinə dair iddiası təmin edilməməlidir.

28. Məhkəmə iddiaçının sonuncu tələbi olan Mərkəzləşdirilmiş Kredit Reyestrində iddiaçının adına Cavabdeh ASC-nə RB-A183525 saylı hesab nömrəsində qeyd edilmiş 750,34 manat borcun silinməsi öhdəliyinin qoyulması hissəsində qeyd edir ki, iddia tələbi bu hissədə də əsassız olduğundan təmin edilə bilməz.

29. Belə ki, iddiaçının ilkin maddi tələbi icra icraatı qaydasında həll edilməli mübahisə olduğundan və həmin mübahisəyə baxılmadığından (icra icraatı qaydasında tələb yoxdur) borc qalığı mövcud olmuş və həmin hissədə mülki işin icraatına xitam verildiyindən iddia tələbi bu hissədə də rədd edilməlidir.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

31. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

32. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

33. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

35. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbləri təmin olunmadığından, məhkəmə xərcləri iddiaçıya aid edilməli və bu səbəbdən cavabdehdən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 49 (qırx doqquz) manat tutulması hissəsində tələb təmin edilməməlidir.

36. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq,

QƏT ETDİ:

İddiaçı Cavabdeh ASC-yə qarşı «maddi, mənəvi ziyanın tutulması və borcun silinməsi öhdəliyinin qoyulması» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar