Məhkəmə qərarları › İş №e-2(006)-4056/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-4056/2025

11.07.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-4056/2025 11.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abidova Günay Çingiz qızı, İddiaçı ASCnin Cavabdeh qarşı “pul” tələbinə dair sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: Təsviri hissə:

1. İddiaçı ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13990 (on üç min doqquz yüz doxsan) manat məbləğində pul vəsaitinin, eyni zamanda iddiaçı tərəfindən vəkilə ödənilmiş 2000 (iki min) manat xərcin və dövlət rüsumu kimi ödənilmiş 72 (yetmiş iki) manat və mediasiya xərci olaraq ödənilmiş 60 (altmış) manat məbləğində pulun əvəzinin tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 72 manat məbləğində dövlət rüsumu ödənilmişdir).

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin direktoru Cavabdeh fəaliyyət göstərdiyi dövrdə, qanunsuz və əsassız olaraq iddiaçı ilə arasında imzalanmış xx.xx.2021-ci il tarixli, №28A/2022 nömrəli əmək müqaviləsi üzrə direktorun (özünün) əmək haqqını Ümumi Yığıncağın müvafiq qərarları olmadan əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli Əlavə ilə 960 manatdan 970 manata, əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli Əlavə ilə 970 manatdan 1320 manata, əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli Əlavə ilə 1320 manatdan 1700 manata dəyişdirilmişdir. Qeyd edilən əmək haqqı artımlarının ümumi məbləği 7010 manat təşkil edir. Bununla yanaşı Cavabdeh tərəfindən cəmiyyətdə direktor müavini olmuş X3 ƏMAS sistemində bir sıra səlahiyyətlər verilmişdir ki, bu səlahiyyətlərin ona verilməsini təsdiq edən hər hansı qərar və ya əmr aşkar edilməmişdir. Halbuki, direktor müvafininə əlavə səlahiyyətlərin verilməsi barədə ya ümumi yığıncağın birbaşa öz qərarı olmalı, yaxud da bu səlahiyyətlərin direktor müavininə ötürülməsi səlahiyyətinin direktora verilməsi barədə ümumi yığıncağın müvafiq qərarı olmalıdır. Nəticədə cəmiyyətdə direktor müavini olmuş X4 direktorun əmri olmadan özünə əmək haqqı artımı etmiş, xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli Əlavə ilə 1500 manatdan 1550 manata dəyişdirilmiş, bununla da X3 ümumilikdə 400 manat əlavə əmək haqqı ödənilmişdir. Eyni zamanda X3 1550 manat əsassız müavinət ödənişi edilmişdir. Cavabdeh fəaliyyət göstərdiyi dövrdə İddiaçı ASC-nin baş mühasibi olmuş X1 işə qəbulu barədə, xx.xx.2022-ci il tarixində əmək haqqının artırılaraq 1040 manat olması barədə, xx.xx.2023-cü il tarixində əmək haqqının artırılaraq 1470 manat olması barədə və xx.xx.2023-cü il tarixində əmək haqqının artırılaraq 1500 manat olması barədə əmrlər mövcud olmadan ümumilikdə 3530 manat əlavə əmək haqqı ödənilmişdir. Həmçinin əsassız olaraq 1500 manat əsassız müavinət ödənişi edilmişdir. Göründüyü kimi Cavabdeh direktor kimi fəaliyyət göstərdiyi dövrdə əsassız olaraq həm özü üçün, həm də direktor müavini kimi fəaliyyət göstərən X4 və baş mühasib kimi fəaliyyət göstərən X2 üçün əlavə əmək haqqı hesablayaraq ödəmiş, nəticədə İddiaçı ASC-yə ümumilikdə 13990 (on üç min doqquz yüz doxsan) manat ziyan dəymişdir.

3. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi məhkəmə aidiyyəti qaydalarına riayət edilmədən verildiyindən ərizə və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır.

Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar və məhkəmənin mövqeyi:

4. Beləliklə, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin ilkin araşdırılması zamanı məhkəmə tərəfindən müəyyən edildi ki, ərizəçi məhkəmə aidiyyəti normalarına riayət etməmişdir.

5. Belə ki, Cavabdeh İddiaçı ASC-nin keçmiş direktoru olmuşdur. Hazırda İddiaçı ASC cavabdehin öz səlahiyyətlərindən sui-istifadə edərək cəmiyyətə vurduğu maddi ziyanın ona ödənilməsini xahiş edir.

6. Göründüyü kimi, hazırkı mübahisənin mahiyyəti Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən yaradılmış kommersiya fəaliyyəti ilə məşğul olan İddiaçı ASC ilə onun icra orqanının rəhbəri (ASC-nin keçmiş direktoru) arasında hüquqi şəxsin idarə edilməsindən, yəni özünün və işçilərinin əmək haqqı məbləğlərinin əsassız artırılması nəticəsində hüquqi şəxsə vurulan zərərin ödənilməsi haqqındadır.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli Plenumunun qərarına 26-cı bəndinin mahiyyətinə əsasən, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrinə dair işlər üzrə məhkəmə aidiyyətini müəyyən edərkən fiziki şəxsin sahibkarlıq fəaliyyəti ilə məşğul olması (subyektiv tərkib) tələbinin müəyyən edilməsi mütləq deyil. Yəni, bu qəbildən olan işlərə fiziki şəxsin sahibkarlıq subyekti olubolmamasından aslı olmayaraq kommersiya məhkəmələrində baxılır. Çünki, mübahisə onların bağlı olduqları bir sahibkarlıq subyektinin (İddiaçı ASC-nin) özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlir.

8. Yəni, bu qəbildən olan işlər üzrə müvafiq sahibkarlıq subyektinin kommersiya fəaliyyəti ilə məşğul olub-olmaması müəyyən edilməlidir. “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, İddiaçı ASC-nin əsas fəaliyyəti istiqaməti “maşın bazarının icarəyə verilməsi üzrə fəaliyyət” olmaqla kommersiya hüquqi şəxsdir.

9. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının hazırkı iddia tələbi pozulmuş əmək hüquqlarının bərpasına deyil, pozulmuş mülki hüquqların bərpa edilməsinə yönəlmişdir. Belə ki, iddiaçı öz tələbini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.4-49.4.5-ci maddələri ilə əsaslandırmışdır. Yəni, iddiaçı hüquqi şəxs adından çıxış edən şəxsin, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxsin hüquqi şəxsə və ya səhmdara (payçıya) dəyən zərərə görə məsuliyyət daşımasına əsaslanır.

10. Məhkəmə hazırkı mübahisənin predmetini və hüquq münasibətlərinin xarakterini nəzərə alaraq hesab edir ki, hazırkı mübahisə kommersiya hüquqi şəxsi ilə bağlı bir sahibkarlıq subyektinin fəaliyyətinin həyata keçirilməsindən irəli gələn, korporativ tələbdir. Buna görə də aidiyyəti kommersiya məhkəməsində baxılmalıdır.

b) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 1-ci maddə. Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilərlə müəyyən edilir. Maddənin qeyd hissəsinə əsasən bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. 26.1-ci maddə. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 31.1-ci maddə. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 114.1, 114.1.3. Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Maddə 152.1.3. Əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Maddə 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.

12. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 10 №-li Qərarı: Bənd 13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Bənd 19. Eyni zamanda məhkəmələrə izah edilir ki, MPM-in 26.2-ci maddəsində kommersiya məhkəmələrinin müstəsna baxış predmetinə aid edilmiş həmin Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş “Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında” işlərin xarakteri özü-özlüyündə yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsini diktə edir. Eyni yanaşma müflisləşmə, sənaye mülkiyyəti obyektlərinin (əmtəə nişanı, çoğrafi göstərici, ixtira, faydalı model və sənaye nümunəsi) istifadəsi və müdafiəsi ilə bağlı (şəxsi hüquqların müdafiəsinə dair tələblər istisna olmaqla), habelə kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər (təsisçilər, üzvlər, iştirakçılar, hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilən idarəetmə orqanlarının nümayəndələri arasında və ya onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən, o cümlədən hüquqi şəxsin yaradılmasından, yenidən təşkil olunmasından, ləğv edilməsindən, idarə olunmasından, eləcə də səhmlərin, təsis və iştirak paylarının alqı-satqısından ibarət tələblər) üzrə işlərə də aid edilməlidir. Bənd 26. Nəzərə alınmalıdır ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır. Birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar.

13. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən Cədvəl: Mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq Kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblərə (təsisçilər, üzvlər, iştirakçılar, hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilən idarəetmə orqanlarının nümayəndələri arasında və ya onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən, o cümlədən hüquqi şəxsin yaradılmasından, yenidən təşkil olunmasından, ləğv edilməsindən, idarə olunmasından, eləcə də səhmlərin, təsis və iştirak paylarının alqı-satqısından ibarət tələblər) kommersiya məhkəmələri baxır.

14. Göründüyü kimi, hazırki iş üzrə həm hüquq münasibətlərinin xarakterinin, həm də mübahisənin predmetinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması, eyni zamanda iddia tələbinin kommersiya hüquqi şəxsinin fəaliyyətinin həyata keçirilməsindən irəli gələn korporativ tələb olması məhkəmə tərəfindən müəyyən edildiyindən, hazırkı iddia tələbinə aidiyyəti kommersiya məhkəməsində baxılmalıdır.

15. Hesab edirəm ki, işə məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər və ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalı, iddiaçıya aidiyyəti kommersiya məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir.

Nəticə:

16. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31, 152, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİM:

İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 72 (yetmiş iki) manat məbləğində pul İddiaçı ASC-yə geri qaytarılsın (qəbz nömrəsi: **********). İddiaçıya izah edilsin ki, aidiyyəti kommersiya məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar