Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-4074/2024 02.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Miriyeva Həbibə Novruz qızı, İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı ipoteka predetinə tutmanın yönəldilməsi tələbinə dair bildirişin etibarsız hesab edilməsi tələbi barədə iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı ipoteka predetinə tutmanın yönəldilməsi tələbinə dair bildirişin etibarsız hesab edilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırımışdır ki, "xxxx" ASC tərəfindən borc qoyan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və ipoteka qoyan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra "xxxx" MMC) “ipoteka predmetinə tutmanın yönəldilməsinə dair” xx.xx.2024cü il tarixli, 6-2-22/2- 24902/2024 nömrəli Bildiriş göndərilmişdir. Həmin bildiriş xx.xx.2024-cü il tarixdə “Garant Post” sürətli poçt daşıma xidmətinin kuryerinə təqdim olunmuş və xx.xx.2024-cü il tarixdə iddiaçı "xxxx" MMC-yə çatdırılmışdır. Bildirişdən görünür ki, "xxxx" ASC ilə "xxxx" MMC və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış RQ-223 nömrəli xx.xx.2020-ci il tarixli Əsas kredit müqaviləsinə əsasən borcalanlara xx.xx.2025 tarixinədək 33.000.000 manat ekvivalent məbləğində bərpa olunan kredit limiti açılmışdır. xx.xx.2021-ci il tarixində xx.xx.2020-ci il tarixli, RQ-223 saylı əsas kredit müqaviləsinə edilmiş əlavə və dəyişikliklərin edilməsi haqqında 02 saylı Əlavə saziş imzalanmış və kredit limit məbləği 29.000.000 manat ekvivalenti müəyyən edilmişdir. Əsas kredit müqaviləsinin təminatı kimi "xxxx" ASC ilə "xxxx" MMC və "xxxx" MMC arasında bağlanmış RQ-223/İP-010 nömrəli, xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsinə əsasən "xxxx" MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1344.2 kv.m olan əmlak kompleksi kimi müəssisə ipoteka yüklü edilmişdir. Daha sonra yuxarıda göstərilən Əsas kredit müqaviləsi daxilində "xxxx" ASC ilə "xxxx" MMC və "xxxx" MMC arasında RQ-1702 nömrəli, xx.xx.2022-ci il tarixli Əlavə kredit müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən "xxxx" MMC-yə borc alanın borc verən qarşısında olan bütün nağd öhdəlikləri üzrə qalıq məbləği xx.xx.2022-ci il tarixinə 15.272.845,59 manat ekvivalenti təşkil edən kredit/kredit xətlərinin və ilk tranş verilən günə faiz və gecikdirilmiş borcların restruziyası, həmçinin sənədli əməliyyatlar üzrə Benefisiarlar tələb edildiyi təqdirdə kreditə keçən öhdəliklərinin restrukturizasiyası məqsədilə illik 10 faiz olmaqla, 36 ay müddətinə (xx.xx.2025-ci il tarixinədək) 22.000.000 manat məbləğində bərpa olunmayan kredit xətti açılmışdır. "xxxx" ASC tərəfindən iddiaçıya ünvanlanmış ipoteka predmetinə tutmanın yönəldilməsinə dair xx.xx.2024-cü il tarixli, 6-2-22/2-24902/2024 nömrəli Bildiriş qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyindən etibarsız hesab edilməlidir. Belə ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə əks olunmalı məlumatların dairəsi “İpoteka haqqında” Qanunla müəyyən edilmişdir. "xxxx" ASC tərəfindən iddiaçıya ünvanlanmış 6-2-22/2- 24902/2024 nömrəli, xx.xx.2024-cü il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişdən görünür ki, Bildiriş “İpoteka haqqında Qanun”un 36.2-ci maddəsinin tələblərinə uyğun deyildir. Mübahisələndirilən bildirişdə icra olunmalı öhdəlik barədə zəruri və tam məlumatlar öz əksini tapmamışdır. Həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında Bildirişdə ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq barədə məlumat qeyd edilməmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı aidiyyət qaydalarına riayət etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 13-cü bəndində göstərilmişdir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Həmin qərarın 14-cü bəndinə əsasən əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlara əsasən, iddiaçı "xxxx" MMC Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyatdan keçmişdir və onun adına aktiv vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN **********) mövcuddur. Fəaliyyət istiqamətini ticarət mərkəzinin icarəyə verilməsi üzrə fəaliyyət təşkil edir. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlara əsasən, cavabdeh "xxxx" ASC qeydiyyatdan keçmişdir və onun adına aktiv vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN **********) mövcuddur. Fəaliyyət istiqamətini pul tədavülünün tənzimlənməsi və emissiya əməliyyatlarının uçotu (pulun dövrə buraxılması) təşkil edir. Məhkəmə hesab edir ki, işin hallarından göründüyü kimi, hər iki tərəf hüquqi şəxs olmaqla fəaliyyət istiqamətlərini yalnız sahibkarlıq fəaliyyətindən irəli gələn hallar təşkil edir. Tələbdən də göründüyü kimi, iddiaçı tərəfindən etibarsız hesab edilməsi tələb edilən ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş məhz "xxxx" ASC ilə "xxxx" MMC və "xxxx" MMC arasında bağlanmış borcalanlara 33.000.000 manat məbləğində kredit limiti açılması barədə xx.xx.2020-ci il tarixli Əsas kredit müqaviləsi ilə bağlı olan "xxxx" ASC ilə "xxxx" MMC və "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsindən irəli gəlmişdir. Belə olan halda məhkəmə mübahisənin predmetini və subyektiv tərkibi nəzərə alaraq hesab edir ki, hazırkı mübahisəyə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğundan ümumi məhkəmədə yox, ərazi yurisdiksiyası üzrə müvafiq kommersiya məhkəməsində baxılmalıdır . Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinin tələbinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. 114.2-ci maddəsinə əsasən dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasinin Qanununun 5.1.2-ci maddəsinə və Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş «Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması» Qaydalarının 2.1.2-ci bəndinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC tərəfindən ("xxxx" MMC, VÖEN **********, qəbz nömrəsi **********, tarix: 30.07.24, saat: 20:38:02) ödənilmiş 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən iddiaçı "xxxx" MMC-yə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçıya aidiyyəti üzrə müvafiq kommersiya məhkəməsinə müraciət etmək hüququ izah olunmaqla, ərizə və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149, 152.1, 152.1.3, 152.1.5, 152.2, 152.3, 152.4, 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı ipoteka predetinə tutmanın yönəldilməsi tələbinə dair bildirişin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilsin. İddiaçı tərəfindən ("xxxx" MMC, VÖEN **********, qəbz nömrəsi **********, tarix: 30.07.24, saat: 20:38:02) ödənilmiş 100 manat (yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən iddiaçı "xxxx" MMC-yə geri qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №e-2(006)-4074/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-4074/2024
02.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver