Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-409/2023 03.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X12 oğlunun katibliyi, İddiaçı, vəkili X1, Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla "xxxx" ASC arasında bağlanmış 23 dekabr 2016-cı il tarixli, 70065372-39 nömrəli əmanət müqaviləsinə əsasən "xxxx" ASC-yə qoyduğu 40.000 manat məbləğində əmanətin qaytarılması və iddia qaldırmaq üçün ödədiyi 210 manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə "xxxx" ASC-nin Binəqədi filialı arasında bağlanmış 23 dekabr 2016-cı il tarixli, 70065372-39 nömrəli əmanət müqaviləsinə əsasən iddiaçı tərəfindən 12 ay müddətinə, hər ay illik 14.2 faiz ödəmək şərti ilə "xxxx" ASC-nin Binəqədi filialına 40.000 manat məbləğində depozit qoyulmuşdur. Müqavilənin şərtlərinə əsasən əmanətçiyə əmanət məbləğinin 80 faizi məbləğində plastik kart vasitəsi ilə kredit xətti açıla və nağd pul krediti verilə bilər. İddiaçı "xxxx" ASC-nin Binəqədi filialı ilə bağladığı 27 dekabr 2016-cı il tarixli, 003T12160023 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən ona 27 noyabr 2017-ci il tarixədək 16000 manat məbləğində və 27 dekabr 2016-cı il tarixli, 003T12160025 nömrəli kredit müqaviləsinə əsasən 27 noyabr 2017-ci il tarixədək 16000 manat məbləğində kredit xətti açılmışdır. Kredit məbləğlərini bir müddət ödədikdən sonra İddiaçı maddi vəziyyəti pisləşdiyindən kredit borclarını ödəyə bilməmişdir. Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətləri nSığortalanması Fondu, 27 dekabr 2016-cı il tarixli, 003T12160023 nömrəli kredit müqaviləsi üzrə 20 oktyabr 2020ci il tarixə olan 9011,31 manat əsas, 5008,39 manat faiz, 5008,39 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanmış 1322,50 manat faiz borcu olmaqla, cəmi 20350,59 manat məbləğində kredit borcunun tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 2(011)-2019/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Eyni zamanda, ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, 27 dekabr 2016-cı il tarixli, 003T12160025 nömrəli kredit müqaviləsi üzrə 20 oktyabr 2020-ci il tarixə olan 15999.65 manat əsas, 8890.95 manat faiz, 8890.95 manat cərimə və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanmış 2348.76 manat faiz borcu olmaqla, cəmi 36130.33 manat məbləğində kredit borcunun tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(011)-2013/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Həmin qətnamədən İddiaçı verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 fevral 2022-ci il tarixli, 2(103)-1930/2022 saylı qətnaməsi ilə təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(011)-2013/2021 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Sözügedən məhkəmə qətnamələri qanuni qüvvəsini almışdır. Göründüyü kimi, məhkəmələr tərəfindən iddia müddəti tətbiq edilərək ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətləri Sığortalanması Fondunun iddiaları təmin edilməmişdir. Belə olan halda 27 dekabr 2016-cı il tarixli, 003T12160023 nömrəli və 27 dekabr 2016-cı il tarixli, 003T12160025 nömrəli kredit müqavilələrinin təminatı olaraq girov qoyulmuş "xxxx" ASC-də olan 40.000 manat məbləğində depozit geri qaytarılmalıdır. Bunun üçün İddiaçı ləğv prosesində olan "xxxx" ASC-yə və onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət etsə də, əmanət məbləğinin ona qaytarılmasından imtina edilmişdir. Ona görə də İddiaçı "xxxx" ASC-də olan 40.000 manat depozit məbləğinin ona qaytarılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı iddia tələbinin həcminin azaldılması və dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, hazırki ərizənin məhkəmənin icraatına qəbul edilməsini, 40.000 manat depozitdən 14.260,43 manat məbləğ çıxıldıqdan sonra qalan 25.739,57 manat məbləğində əmanətin və 23 dekabr 2016-cı il tarixdən "xxxx" ASC-nin lisenziyasının ləğv edildiyi 22 dekabr 2017-ci il tarixədək 40.000 manat depozitə hesablanmış faizlərin müəyyən edilməklə cavabdeh Əmanətlərin Sığortalanması Fondundan alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, hazırki ərizənin məhkəmənin icraatına qəbul edilməsini, cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun əsl cavabdeh Əmanətlərin Sığortalanması Fondu ilə əvəz edilməsini, 40.000 manat depozitdən 14.260,43 manat məbləğ çıxıldıqdan sonra qalan 25.739,57 manat məbləğində əmanətin və 23 dekabr 2016-cı il tarixdən "xxxx" ASC-nin lisenziyasının ləğv edildiyi 22 dekabr 2017-ci il tarixədək 40.000 manat depozitə hesablanmış 651.11 manat məbləğində faizlərin cavabdeh Əmanətlərin Sığortalanması Fondundan alınaraq ona kompensasiya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X5 məhkəməyə etiraz təqdim edərək, mülki işin mümkünsüz hesab edilməsi xahiş edilmişdir. Etiraz belə əsaslandırılmışdır ki, iddia tələbində birbaşa Fonddan pul vəsaitinin tutulması xahiş edilmişdir. Lakin Fond kompensasiya ödənişini “Əmanətlərin Sığortalanması haqqında” Qanunda nəzərdə tutulmuş müddətdə və qaydada həyata keçirir. Qanuna əsasən kompensasiya almaq üçün əmanətçi yazılı ərizə ilə Fonda müraciət edir. Ərizəyə əmanət müqaviləsi, əmanət kitabçası, yaxud qanunverciliyə uyğun olaraq əmanəti təsdiqləyən digər sənədlər və onların surəti əlavə olunur, habelə əmanətçinin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilir. Bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyalarının ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır. Faktiki iddiaçı iddia tələbində etiraf etdiyi kimi sığorta hadisəsi baş verdiyi dövrdə bank qarşısında kifayət qədər öhdəliyi olmuşdur və bu öhdəlik əmanət məbləği ilə əvəzləşdirilmişdir. Həmçinin, sözügedən əvəzləşdirmə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən 2-3.1(103)-76/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadla təsdiq edilmişdir. İddiaçının iddia tələbi üzrə 40 737.24 manat xx.xx.2018-ci il tarixdə BHQ-nın 77.1-ci maddəsinə əsasən kreditor tələbi kimi qeydə alınmış və növbəlik çərçivəsində ödəniləcəkdir. Fond tərəfindən kompensasiya əmanətçinin pul vəsaitini itirməsi riskinin qarşısını almaq məqsədilə yarana biləcək məhdudiyyətlərin əvəzi kimi ödənilir. Beləliklə, fondun əsas məqsədi qoyulan əmanətlərin mülkiyyət kimi geri qaytarılması deyil, əmanətçilərin banklarda olan əmanətlərini sığortalamaqla onlara dəyə biləcək maddi və mənəvi ziyanı ən qısa müddətdə qanunverciliklə müəyyən edilmiş qaydada kompensasiya etməklə ölkənin maliyyə və bank sisteminin inkişafına dəstək olmaqdır. Hazırki mübahisə predmeti olan və birinci instansiya məhkəməsi tərəfindən əmanət üzrə kompensasiya olunacaq məbləğ kimi tanınan kreditor tələbinin növbədənkənar qaydada ödənilməsi digər kreditorların hüquqlarının pozulmasına gətirib çıxaran amildir. İddiaçının kreditor tələbi “Banklar haqqında” Qanuna müvafiq qaydada Bakı Apellyasiya Məhkəməsi tərəfindən təsdiq edilmişdir. Göstərilənlərə əsasən, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “pul” tələbinə dair mülki işin mümkünsüz hesab edilməsinə dair məhkəmə yekun aktının qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X5 yenidən etiraz təqdim edərək, əvvəlki etirazının xahiş edirəm hissəsində göstərilən “mümkünsüz hesab edilmənin” icraata xitam verilməsi kimi qəbul edilməsini, yəni mülki iş üzrə icraata xitam verilməsinə dair yekun məhkəmə aktının qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin və dəqiqləşdirmə barədə sonuncu ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili X6 iddianı müdafiə edib, iddia ərizəsinin və dəqiqləşdirmə barədə sonuncu ərizənin məzmununa uyğun izahat verdi. Əlavə olaraq qeyd etdi ki, iddiaçı ilə "xxxx" ASC arasında kredit müqavilələrinin olmasını danmırlar, lakin həmin müqavilələr üzrə iddiaçının borcu yoxdur. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə iddia müddətinin ötürülməsi səbəbindən cavabdehin İddiaçı qarşı olan iddiaları təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin əvəzləşdirilmənin müəyyən edilməsi barədə qərardadı yekun məhkəmə aktı deyildir, İddiaçı adı həmin qərarda göstərilməmişdir. Buna görə də həmin qərardada əsaslanmaq doğru deyildir. Qeyd olunanlara əsasən, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X5 iddianı qəbul etməyib bildirdi ki, iddia müddətinin tətbiq edilməklə iddianın təmin edilməməsi həmin öhdəliyin xitamına səbəb olmur. Buna görə də hazırki iddia tələbi əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının, cavabdehin nümayəndəsinin izahatını, vəkilin çıxışını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan 23 dekabr 2016-cı il tarixli, 70065372-39 nömrəli “bank əmanəti müqaviləsi”ndən (göy əmanət) və həmin müqaviləyə Əlavə № 1-dən görünür ki, bu Müqaviləyə əsasən "xxxx" ASC əmanətçi İddiaçı və ya əmanətçi üçün daxil olmuş pul məbləğini qəbul etməyi və əmanət məbləğini Müqavilə ilə müəyyən olunmuş qaydada əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürmüşdür. Əmanət xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixinədək 12 (on iki) ay müddətinə qəbul edilmişdir. Bu Müqavilə üzrə Bank tərəfindən qəbul edilən məbləğ 40000 (qırx min) AZN təşkil etmişdir. Bank əmanət üzrə əmanətçiyə, əmanətin saxlanma müddətindən asılı olaraq hər ay illik 14.2 (on dörd tam onda iki) % ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 2(011)-2019/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh İddiaçı qarşı cavabdeh X4 cəmi 20350,59 manat borc – bundan 9011,31 əsas, 5008,39 faiz, 5008,39 cərimə, kredit müqaviləsinin müddəti bitəndən sonra hesablanmış 1322,50 manat faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh İddiaçı tutularaq ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilməsi tələbi barədə iddiasına iddia müddəti tətbiq edilmiş və iddianın rədd edilməsi qət edilmişdir. Mülki işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2-3.1(103)-76/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, ləğvetmə prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun “öhdəliklərin əvəzləşdirməsinə icazə verilməsi haqqında” ərizəsi təmin edilmiş, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci və 82-ci maddələrinin müəyyən etdiyi qaydalar nəzərə alınmaqla, ləğv prosesində olan "xxxx" ASCnin ödənişlərinin növbəliyi çatmış kreditorlarının, onların bank qarşısında olan öhdəlikləri ilə əvəzləşdirilməsinə icazə verilməsi qərara alınmışdır. Mülki işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1930/2022 nömrəli, 15 fevral 2022-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(011)-2013/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinə iddia müddətinin tətbiq edilməklə, iddianın rədd edilməsi qət edilmişdir. Mülki işin materiallarında olan LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun İddiaçı ünvanladığı “borc öhdəliyinin olub-olmaması barədə” xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, "xxxx" ASC tərəfindən aralarında bağlanmış xx.xx.2016-cı il tarixli, 003T12160023 nömrəli kredit müqaviləsi üzrə İddiaçı 11 (on bir) ay müddətinə 16000 (on altı) AZN məbləğində kredit verilmişdir. Bundan başqa "xxxx" ASC tərəfindən aralarında bağlanmış xx.xx.2017-ci il tarixli, KM003T10170012S01 nömrəli kredit müqaviləsi üzrə İddiaçı 60 (altmış) ay müddətinə 15000 (on beş) AZN məbləğində kredit verilmişdir. xx.xx.2022-ci il tarixinə qeyd edilən hər iki kredit müqaviləsi üzrə İddiaçı borc öhdəliyi mövcud deyildir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə İddiaçı tərəfindən 210 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 65/56575 nömrəli cavab məktubundan görünür ki, iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı “kredit borcunun qaytarılması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1930/2022 nömrəli, 15 fevral 2022-ci il tarixli qətnaməsi ilə, cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(011)- 2013/2021 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmişdir. İddia tələbi rədd edilmişdir. Həmin qətnamədən kassasiya şikayəti verilmədiyindən Bakı Apellyasiya Məhkəməsinin 15 fevral 2022-ci il tarixli qətnaməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 393-cü maddəsinə əsasən qanuni qüvvəyə minmişdir. Mülki işin materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 2(011)-2019/2021 saylı qətnaməsi xx.xx.2021-ci il tarixdə qanuni qüvvəsini almışdır. Mülki işin materiallarında olan cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X5 tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli məlumatdan görünür ki, hazırda ləğv prosesində olan "xxxx" ASC-də sığorta hadisəsi baş verən dövrdə iddiaçının bank qarşısında kredit müqavilələri üzrə vaxtı çatmış aşağıdakı öhdəlikləri mövcud olmuşdur:
1. xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə - əsas borc 14683.33 AZN, faiz borcu 126.65 AZN;
2. xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə - əsas borc 9011.31 AZN, faiz borcu 268.60 AZN;
3. xx.xx.2016-cı il tarixli digər kredit müqaviləsi üzrə - əsas borc 15999.65 AZN, faiz borcu 477.86 AZN. Həmin dövrə olan 3 kredit müqaviləsi üzrə cəmi öhdəlik 40567.4 AZN təşkil etmişdir. Həmçinin, iddiaçının yuxarıda qeyd edilən dövrdə Bankda açılan hesablarında 40685.05 AZN ekvivalentində pul vəsaiti mövcud olmuşdur. Bank qarşısında olan öhdəliklərlə bankdakı hesablardakı pul vəsaitləri üzrə əvəzləşmə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2- 3.1(103)-76/2021 nömrəli qərardadına əsasən aparılmışdır. Məlumata əlavə edilmiş çıxarışdan görünür ki, İddiaçı "xxxx" ASC-də olan əmanət hesabında 40685.05 manat məbləğində pul olmuş, kredit müqavilələri üzrə isə 39694.29 manat əsas, 873.11 manat məbləğlərində faiz borcu olmuşdur. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ilə "xxxx" ASC arasında xx.xx.2016-cı il tarixdə bank əmanəti müqaviləsi (göy əmanət) bağlanmış, müqaviləyə əsasən iddiaçı 40000 manat məbləğində pulu əmanət qismində "xxxx" ASC-də açılan hesaba qoymuş, bank ona illik 14.2 faiz ödəmək şərtilə həmin əmanəti qəbul etmiş və müqavilə bir il müddətinə bağlanmışdır. İddiaçı ilə cavabdeh arasında xx.xx.2016-cı il tarixdə 2, xx.xx.2017-ci il tarixdə isə 1 kredit müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 22 dekabr 2017-ci il tarixli 49/1 saylı qərarı ilə "xxxx" ASC–yə bank fəaliyyəti üçün verilmiş lisenziya 23 dekabr 2017-ci il tarixindən ləğv edilmiş, "xxxx" ASC-də sığorta hadisəsi günü 22 dekabr 2017-ci il müəyyən edilmişdir. "xxxx" ASC-də sığorta hadisəsi baş verən günə iddiaçıya məxsus əmanət hesabında 40685.05 manat məbləğində pul vəsaiti olmuşdur. Bununla yanaşı, iddiaçının həmin günə banka müvafiq kredit müqavilələri üzrə cəmi 40567.4 manat məbləğində borcu olmuşdur. Qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə LPO "xxxx" ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun İddiaçı qarşı xx.xx.2016-cı il tarixli müqavilələr üzrə olan borclarına dair iddia tələbləri iddia müddəti keçdiyinə görə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə ləğv prosesində olan "xxxx" ASC-nin ödənişlərinin növbəliyi çatmış kreditorlarının, onların bank qarşısında olan öhdəlikləri ilə əvəzləşdirilməsinə icazə verilmişdir. Həmin qərardad icra olunaraq, iddiaçının bankda olan 40685.05 manat məbləğində əmanəti ilə bank qarşısında olan 40567.4 manat məbləğində öhdəlikləri əvəzləşdirilmiş və iddiaçının bankda cəmi 117.65 manat məbləğində pulu qalmışdır. Hazırda iddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bankda olan 40000 manat məbləğində əmanətindən qalıq kredit borcu olan 14260.43 manat çıxıldıqdan sonra qalan məbləğin və hesablanmış 651.11 manat əmanət faizi üzrə kompensasiyanın ödənilməsini xahiş edir. İddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinə əsaslanaraq, xx.xx.2016-cı il tarixli müqavilələr üzrə borcuna münasibətdə iddia müddətləri tətbiq edildiyindən belə hesab edir ki, həmin müqavilələr üzrə borcu yoxdur, buna görə də həmin müqavilələr üzrə əvəzləşdirilmə aparılması qanuni hesab oluna bilməz. Cavabdeh tərəf sığorta hadisəsi baş verən günə iddiaçının əmanət hesabında 40685.05 manat məbləğində pulun, kredit müqavilələri üzrə 40567.4 manat məbləğində borcunun olduğunu bildirərək, Bakı Apellyasiya Məhkəməsinin qərardadına əsasən müvafiq qaydada əvəzləşdirmə aparıldığını qeyd edir və iddiaçının iddiasının əsassız olduğundan rədd edilməsini xahiş edir. Məhkəmə iddia tələbinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, tələb qismən əsaslıdır. Belə ki, iş materialları əsasında sübut olunur ki, iddiaçı ilə "xxxx" ASC arasında olan kredit müqavilələri üzrə sığorta hadisəsi baş verən – "xxxx" ASC-nin lisenziyası ləğv edilən tarixə iddiaçının bank qarşısında 40567.4 manat məbləğində borcu olmuşdur. Qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilən məsələ ondan ibarət olmuşdur ki, İddiaçı xx.xx.2016-cı il tarixli müqavilələr üzrə "xxxx" ASC qarşısında borc öhdəlikləri vardır, LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun tələbi əsaslıdır, lakin bank İddiaçı həmin borcları məhkəmə qaydasında tələb etmək hüququnu vaxtında həyata keçirməmiş, yəni iddia müddətini ötürmüşdür. X8rşı olan tələblərinin əsaslı olmasına baxmayaraq, məhz həmin kateqoriya tələblər üçün qanunla müəyyənləşdirilmiş iddia müddəti ötürüldüyündən bankın tələbləri təmin edilməmişdir. Bu isə o deməkdir ki, iddiaçının bank qarşısında olan öhdəlikləri qalmış, lakin həmin öhdəlikləri məhkəmə qaydasında tələb etmək hüququ itirilmişdir. Bundan başqa müəyyən olunmuşdur ki, iddiaçının sığorta hadisəsi baş verən – "xxxx" ASC-nin lisenziyası ləğv edilən tarixə bankda açılmış əmanət hesabında 40685.05 manat məbləğində pul olmuşdur. Bakı Apellyasiya Məhkəməsi xx.xx.2021-ci il tarixdə qəbul etdiyi qərardadla ləğv prosesində olan "xxxx" ASC-nin ödənişlərinin növbəliyi çatmış kreditorlarının, onların bank qarşısında olan öhdəlikləri ilə əvəzləşdirilməsinə icazə vermiş, qərardad İddiaçı münasibətdə icra olunaraq əvəzləşdirilmə aparıldıqdan sonra iddiaçının bankda cəmi 117.65 manat məbləğində pulu qalmışdır. Həmin pulun iddiaçıya qaytarılması isə müvafiq qaydada sübuta yetirilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan, iddia qismən təmin olunmalıdır. Göründüyü kimi, iddiaçı ilə "xxxx" ASC arasında əvvəlcə əmanət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı banka sığortalanmış əmanət qoymuş və bank həmin əmanəti və ona hesablanmış faizləri müqavilə ilə müəyyənləşdirilmiş müddətdə geri qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə müddəti ərzində sığorta hadisəsi baş vermiş və bank iddiaçı qarşısında olan öhdəliyini yerinə yetirə bilməmişdir. İddiaçı ilə bank arasında, həmçinin, kredit müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin iddiaçı həmin müqavilələr üzrə öhdəliklərini yerinə yetirməmişdir. Bankın ləğvedicisi tərəfindən həmin kredit müqavilələri üzrə öhdəliklərin icra edilməsi tələbi ilə əlaqədar məhkəməyə müraciət olunsa da, iddia müddəti ötürüldüyündən iddia tələbləri rədd edilmişdir. Bundan sonra növbəliyi çatmış kreditorların, eyni zamanda, öhdəliyi olan borcluların siyahısı Bakı Apellyasiya Məhkəməsinə təqdim olunmuş, iddiaçının adı da həmin siyahıda göstərilmişdir. Bakı Apellyasiya Məhkəməsi qərardad qəbul edərək öhdəliklərin əvəzləşdirilməsinə icazə vermiş, iddiaçıya münasibətdə qərardad icra olunduqdan sonra iddiaçının bankda qalıq pul vəsaiti qalmış, lakin həmin məbləğ ona təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372, 373.3, 375-ci maddələrinə görə, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd edilməlidir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri və qərarı ilə iddia tələbinin müddətin keçməsinə görə təmin edilməməsi öhdəliyə xitam verilməsi üçün əsas ola bilməz. Belə ki, öhdəliyə xitam verilməsi üçün qanunla nəzərdə tutulmuş halların siyahısında iddia müddətinin ötürülməsi səbəbindən iddianın təmin edilməməsini qət edən qanuni qüvvəyə minmiş məhkəmə qətnamə və qərarlarının mövcudluğu halı yoxdur. Məhkəmə təcrübəsində iddia müddətinin tətbiq edilərək iddianın təmin edilməməsi iddia əsaslı olduğu halda mümkündür. Bu da onu qeyd etməyə əsas verir ki, hazırda iddiaçının hər üç müqavilə üzrə borcu mövcuddur, belə ki, məhkəmə qətnaməsi ilə bu, öz təsdiqini tapmışdır. Yəni iddiaçının banka borcunun olması və öhdəliyini icra etməməsi, lakin bankın həmin borcları məhkəmə qaydasında tələb etmə müddətinin ötürülməsi işin mübahisəsiz halını təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli qərarından görünür ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Həmin Qərarda qeyd edilmişdir ki, məhkəmə müdafiə hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” xx.xx.2023-cü il tarixli Qərarından görünür ki, iddia müddəti öhdəliklərin icrası ilə bağlı tələblərə şamil olunmaqla, kreditorun öz tələbini məhkəmə qaydasında məcburi icra etdirmək imkanına qoyulmuş bir məhdudiyyətdir. Belə ki, Mülki Məcəllənin 372.1-ci maddəsinə uyğun olaraq, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 11 fevral tarixli Qərarında da göstərilmişdir ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi özözlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. Odur ki, iddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.1 və 375.2-ci maddələri). Mülki Məcəllənin 551.2-ci maddəsinə görə, aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir: 551.2.1. kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər; 551.2.2. ərzaq məhsulları, qida və içki satışı və ya gələnlərə yaşayış yeri verilməsi üzrə tələblər; 551.2.3. zavod tikintisi, mallar satışı, daşımalar üzrə tələblər, sərbəst peşə adamlarının (məsələn, həkimlərin, vəkillərin və ya məsləhətçilərin) tələbləri, habelə işçilərin əmək münasibətləri üzrə tələbləri; 551.2.4. məhkəmə qərarına əsasən əmələ gələn tələb otuz il keçdikdən sonra qüvvəsini itirir. Bu qayda tələbin daha qısa müddətlə bağlı olduğu halda da tətbiq edilir. Burada qeyd edilməlidir ki, 551-ci maddəsi ilə nəzərdə tutulan “bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir” və “aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir” ifadələrində tələb dedikdə, məhz cavabdeh üçün tanınan prosessual müdafiə vasitəsi olaraq öhdəliklərin məhkəmə qaydasında məcburi icrası ilə bağlı tələblər nəzərdə tutulur. Odur ki, bu müddətlər (551.2.4-cü maddə ilə nəzərdə tutulmuş müddət istisna olmaqla) iddia müddətləri olaraq qəbul edilməlidir. Ümumiyyətlə isə Mülki Məcəllənin 551.2.4-cü maddəsi xaricində, Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı ilə nəzərdə tutulan müddətlər iddia müddətləridir. Vurğulanmalıdır ki, Mülki Məcəllənin 527.1-ci maddəsində öhdəliklərin xitamı əsasları sırasında “müddətin keçməsi” halı sırf hüquqi xarakterinə və ya tərəflərin razılaşmasına əsasən müddətə bağlı öhdəliklərə münasibətdə yaranır. Yəni, bir öhdəlik məhz müəyyən bir müddət üçün əmələ gətirilibsə (məsələn, konkret bir müddətə bağlı xidmətin göstərilməsinə dair öhdəliklər), həmin müddətin keçməsi öhdəliyin xitam olunması nəticəsini yarada bilər. Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu o nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlər hüquqi təbiəti baxımından iddia müddətləridir; Mülki Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulmuş iddia müddətləri tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllənin) 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 739.1-739.2-ci maddələrində qeyd edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 944.1-ci maddəsinə əsasən, bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 950.1-ci maddəsinə görə banklar fiziki şəxslərin əmanətlərinin qaytarılmasını icbari sığorta yolu ilə, qanunda nəzərdə tutulan hallarda isə başqa üsullarla təmin etməlidirlər. «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 2.1.1-ci maddəsinə görə əmanət – hesablanmış faizlər də daxil olmaqla, bankın milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitləridir, o cümlədən notariusun depozit hesabına mədaxil edilmiş fiziki şəxslərə məxsus vəsaitləridir. Həmin Qanunun 2.1.2-ci maddəsinə görə qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu (bundan sonra – Fond) tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir. Həmin Qanunun 2.1.3-cü maddəsinə görə sığortalanmış əmanət – qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir. Həmin Qanunun 2.1.11-ci maddəsinə görə kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir. Həmin Qanunun 4.1.4-cü maddəsinə əsasən Fond sığorta hadisəsi baş verdikdə, əmanətçilərin tələblərinin uçotunu aparır və kompensasiya ödəyir. Həmin Qanunun 25.1.4-cü maddəsinə əsasən əmanətçilərin bu qanuna uyğun olaraq əmanətlər üzrə kompensasiya almaq hüquqları vardır. Həmin Qanunun 26.1-ci maddəsinə əsasən, Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. Həmin Qanunun 26.2-ci maddəsinə görə sığorta hadisəsi baş verdiyi günə əmanətçinin iştirakçı bank qarşısında vaxtı çatmış öhdəliyi olduqda əmanət üzrə kompensasiya hesablanmış faizlər də daxil olmaqla əmanətçinin bank qarşısında icra edilməyən öhdəliyinin hissəsi qorunan əmanətinin məbləğindən çıxılmaqla qalıq hissəsi üzrə ödənilir. Həmin Qanunun 27.2-ci maddəsinə görə əmanətlər üzrə faizlər sığorta hadisəsinin baş verdiyi günə qədər hesablanmış məbləğdə ödənilir, bu şərtlə ki, kompensasiya bu qanunun 26.1-ci maddəsində göstərilən məbləğdən artıq olmasın. «Əmanətlərin tam sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi gündən etibarən faizləri “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 2021-ci il 5 aprel tarixinədək tam sığortalanır. Həmin Qanunun 8.1.20-ci maddəsinə əsasən X7 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir. Həmin Qanunun 5.1-ci maddəsinə görə Əmanətlərin Sığortalanması Fondunun iştirakçı banklarında sığorta hadisəsi baş verdikdə tam sığortalanmış əmanət üzrə kompensasiya əmanətin 100 faizi həcmində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsində nəzərdə tutulan şərt tətbiq edilmədən ödənilir. Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının 01 avqust 2013-cü il tarixli qərarına əsasən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 10 faiz müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla X3 16 sentyabr 2016-cı il tarixli növbədənkənar iclasında qəbul olunmuş qərarına əsasən banklarda qəbul edilən əmanətlərin illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 15 faiz olmaqla 3 (üç) il müddətində tam sığortalanması müəyyən edilmişdir. Eyni zamanda qeyd edilən qərara əsasən yeni müəyyən edilmiş faiz dərəcəsi 16 sentyabr 2016-cı il tarixinə qədər iştirakçı banklarda illik maksimum 15 faizlə milli valyutada qəbul edilmiş əmanətlərin də, 16 sentyabr 2016-cı il tarixindən etibarən qorunan əmanət hesab olunması və Fond tərəfindən sığortalanması üçün zəmin yaratmışdır. Beləliklə, müəyyən edilmişdir ki, sığorta hadisəsi baş verən tarixə iddiaçıya məxsus əmanət hesabında tam sığortalanmış əmanət üzrə ona geri qaytarılmalı 40685.05 manat məbləğində pul olmuş, eyni zamanda, iddiaçının banka kredit müqavilələri üzrə 40567.4 manat məbləğində borcu olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin qərardadı ilə tələblər əvəzləşdirilmiş, iddiaçının bankda 117.65 manat məbləğində pulu qalmışdır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Əmanətlərin Sığortalanması Fondundan 117.65 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən, iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 210 (iki yüz on) manat dövlət rüsumunun 2 (iki) manat hissəsi Cavabdeh Əmanətlərin Sığortalanması Fondundan tutularaq İddiaçı ödənilməli, qalan 208 (iki yüz səkkiz) manat hissəsi isə iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh Əmanətlərin Sığortalanması Fondundan 117.65 (bir yüz on yeddi manat altmış beş qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 210 (iki yüz on) manat dövlət rüsumunun 2 (iki) manat hissəsi Cavabdeh Əmanətlərin Sığortalanması Fondundan tutularaq İddiaçı ödənilsin, qalan 208 (iki yüz səkkiz) manat hissəsi isə iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova