Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4128/2022 14.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh "X9" MMC-yə qarşı "əmək müqaviləsinin ləğv edilməsi tələbi"nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "X9" MMC-yə qarşı "əmək müqaviləsinin ləğv edilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X9” MMC tərəfindən iddiaçının məlumatı olmadan, qanunsuz olaraq əmək müqaviləsi bağlanaraq resepşn vəzifəsinə işə qəbul olunmuşdur. İddiaçı qeyd olunan şirkəti heç vaxt tanımamış, nə səbəblə, nə məqsədlə onunla əmək müqaviləsi bağladıqlarını bilməmişdir. Həmin şirkətlə iddiaçı arasında xx.xx.2020-ci il tarixli əmək müqaviləsi bağlandığını yalnız elektron informasiya sistemi vasitəsi ilə bilmişdir. Lakin qeyd olunan müddət ərzində iddiaçı, “X9” MMC-yə ümumiyyətlə getməmişdir. Həmin iş yeri artıq bağlanmış və bu günə qədər nə səbəbdən bağlanması barədə iddiaçının məlumatı olmamışdır. Qeyd olunan şirkətdə yaxından tanıdığı X2 yalnız 1 ay müqaviləsi olmadan işləmişdir. Daha sonra onunla da məlumatı olmadan əmək müqaviləsi bağlanmışdır. İddiaçının şəxsi məlumatları rəfiqəsinin telefonundan qanunsuz yolla əldə edilərək onunla şirkət arasında müqavilə bağlanmışdır. İddiaçı başqa işə düzəlmək üçün müxtəlif qurumlara və şirkətlərə müraciət etsə də, ona əvvəlki iş yerində əmək müqaviləsinə xitam verilmədiyi, bu barədə elektron informasiya sisteminə bildiriş göndərilmədiyi bildirilmişdir. Bundan sonra iddiaçı, “X9” MMC-yə mediasiya prosesinin tədbiqi barədə təklif məktubu ilə müraciət etmişdir. xx.xx.2022-ci il tarixdə mediasiya təyin edilmiş, lakin cavabdeh mediasiyada iştirak etməmişdir. Bununla əlaqədar mediator tərəfindən arayış təqdim edilmişdir. Bu günə qədər iddiaçıya heç bir cavab verilməmiş, nə də ki, rəhbərliyi tapa bilməmişdir. Sadalananlardan göründüyü kimi, tərəflər arasında qanunsuz olaraq bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsi ləğv edilmədiyi üçün və elektron informasiya sistemindən silinmədiyi üçün iddiaçı işsiz qalmış, başqa işə düzələ bilmir, bununla da əmək hüquqları pozulur. İddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilsə də, heç bir cavab verilməmişdir. Göstərilənlərə əsasən İddiaçı ilə “X9” MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə bağlandığı tarixdən xitam verilmiş hesab olunması, xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə məlumatın elektron informasiya sisteminə daxil edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti 3 saylı region üzrə X3 həvalə edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X4 iddia tələbinin təmin olunmasına etiraz etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh "X9" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin materiallarında olan məhkəmənin sorğusu əsasında əldə edilmiş əmək müqaviləsi məlumatından görünür ki, İddiaçı iş yeri "X9" MMC, vəzifəsi resepşn, müddətli əmək müqaviləsinin bağlandığı tarix xx.xx.2020-ci ildir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, dövlət reyestrində fəaliyyəti aktiv olan "X9" MMC-nin (VÖEN: **********) xx.xx.2019-cu il tarixdə dövlət qeydiyyatından keçmiş olduğu barədə məlumat mövcuddur. Əsaslandırıcı hissə: Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə xx.xx.2020-ci il tarixdə əmək müqaviləsi bağlanmış, sonradan iddiaçı əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı işəgötürənə müraciət etsə də, müraciəti cavabsız qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin «c» bəndinə əsasən əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir. Məhkəmə qeyd edir ki, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi ilə bağlı Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda Əmək Məcəlləsində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək müqaviləsinə xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş “Əmək müqaviləsi bildirişi”nin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Göründüyü kimi iddiaçının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron sistemində əmək müqaviləsi bildirişinin ləğv edilməməsi onun başqa bir işdə çalışmasına maneə törədir. Nəticədə bu hal iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarır. Məhkəmə iddia tələbinin “əmək müqaviləsinə bağlandığı tarixdən xitam verilmiş hesab olunması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Həmçinin, məhkəmə iddia tələbinin “3 saylı region üzrə X3 həvalə edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbin həmin hissədə də əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Müki Məcəlləsinin 53.3-cü maddəsinə əsasən nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı ilə “X9” MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilmiş hesab olunmalı, xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə məlumatın elektron informasiya sisteminə daxil edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə həvalə edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə “X9” MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilmiş hesab olunsun. xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə məlumatın elektron informasiya sisteminə daxil edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №e-2(006)-4128/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4128/2022
14.12.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver