Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4177/2022 24.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı Verdiyeva (Hüseynli) Həqiqət Elşad qızının iştirakı ilə, İddiaçı Verdiyeva (Hüseynli) Həqiqət Elşad qızının Cavabdeh MMC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi və adının elektron informasiya sistemindən çıxarılması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Verdiyeva (Hüseynli) Həqiqət Elşad qızı Cavabdeh MMC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «əmək müqaviləsinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə bağlandığı tarixdən xitam verilmiş hesab edilməsi, xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə məlumatın elektron informasiya sisteminə daxil edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti 3 saylı region üzrə X1 həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, iddiaçı Verdiyeva (Hüseynli) Həqiqət Elşad qızı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsinin X1 həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Verdiyeva (Hüseynli) Həqiqət Elşad qızı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh MMC tərəfindən menecer, səyahət agentliyi vəzifəsinə işə qəbul olunmuşdur. Qeyd olunan şirkətdə 2020-ci ilin fevral ayında 1 ay aralarında heç bir əmək müqaviləsi olmadan işləmiş, daha sonra isə şirkətin bağlanması səbəbi ilə işdən çıxmışdır. Daha sonra onun heç bir məlumatı olmadan işəgötürən özbaşına olaraq onunla xx.xx.2020-ci il tarixli əmək müqaviləsi bağlamış və işəgötürən tərəfindən əmək müqaviləsi bildirişi əsasında aidiyyəti dövlət orqanı tərəfindən elektron informasiya sisteminə daxil edilmişdir. Lakin qeyd olunan müddət ərzində o, Cavabdeh MMC-yə ümumiyyətlə getməmişdir. Həmin iş yeri artıq bağlanmış və bu günə qədər nə səbəbdən bağlanması barədə ona heç bir rəsmi məlumat verilməmişdir. Cavabdeh MMC-nin öz iş fəaliyyətini bərpa etmədiyini və ümumiyyətlə bu şirkətdə işləmək istəmədiyi üçün başqa bir işə düzəlmək istəmiş, lakin ona əvvəlki iş yerində əmək müqaviləsinə xitam verilmədiyi, bu barədə elektron informasiya sisteminə bildiriş göndərilmədiyi bildirilmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC-yə mediasiya prosesinin tətbiqi barədə təklif məktubu ilə müraciət etmişdir. xx.xx.2022-ci il tarixdə mediasiya təyin edilmiş, lakin cavabdeh mediasiyada iştirak etməmişdir. Bununla əlaqədar mediator tərəfindən arayış təqdim edilmişdir. Bu günə qədər ona heç bir cavab verilməmiş, nə də ki, rəhbərliyi tapa bilməmişdir. Sadalananlardan göründüyü kimi, cavabdehlə aralarında qanunsuz olaraq bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsi ləğv edilmədiyi üçün və elektron informasiya sistemindən silinmədiyi üçün işsiz qalmışdır. Başqa işə düzələ bilmir, bununla da əmək hüquqları pozulur. İddiaçı Verdiyeva (Hüseynli) Həqiqət Elşad qızı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh MMC-yə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh MMC-nin və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlər toplusundan görünür ki, kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında İnternet Vergi İdarəsinin məlumatlarına əsasən cavabdeh dövlət qeydiyyatına alınmış, ona müvafiq VÖEN verilmişdir. Cavabdehin qanuni təmsilçisi fiziki şəxs X3 Ashfaq Ahmad adlı şəxsdir. İddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixli müddətli əmək müqaviləsi bağlanmış, müqavilənin bitmə tarixi xx.xx.2021-ci il tarix müəyyən edilmişdir. Əmək müqaviləsinin qüvvədə olma müddətinin uzun müddət öncə bitməsinə baxmayaraq, əmək müqaviləsi bildirişinə elektron informasiya sistemində xitam verilməmişdir (işəgötürən tərəfindən bu barədə məlumat elektron informasiya sisteminə daxil edilməmişdir). Bu səbəbdən idiaçının qanunla qorunan hüquqları pozulmuşdur. Belə ki, o, uzun müddətdir ki, başqa işə düzəlmək və qanunla müəyyən edilmiş qaydada əmək müqaviləsi bağlamaq imkanından məhrum olunmuşdur. Bütün bu halları nəzərə alıb, iddiaçı son çarə olaraq məhkəməyə müraciət etməklə, pozulmuş hüquqlarının bərpa edilməsini xahiş etmişdir. «Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 27 dekabr 2013-cü il tarixli 875-İVQD nömrəli Qanunu əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin yaradılmasının hüquqi əsasını müəyyən etmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinə edilən dəyişiklikliyə əsasən, əmək müqaviləsi bildirişini müvafiq elektron informasiya sisteminə daxil etmək işəgötürənin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin birinci bəndinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə «Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar» təsdiq edilmişdir. Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə elektron sənəd – yəni əmək müqaviləsi bildirişi daxil edilməlidir. Bunun üçün isə işəgötürənlərin və ya onların səlahiyyət verdiyi şəxslərin gücləndirilmiş e-imzası olmalıdır. E-imza işəgötürənin işçi ilə imzaladığı və möhür ilə təsdiq etdiyi əmək müqaviləsinin sistemə daxil edilərkən eyni hüquqi qüvvəni saxlamasını təmin edir. Sistemdə işəgötürən tərəfindən təsdiq edilmiş hüquqi qüvvəyə malik əmək müqaviləsi yerləşdirilir. E-imza vasitəsilə sistemə daxil edilən əmək müqaviləsi bildirişi eynilə kağız üzərində olduğu kimi, hər iki tərəfin hüquqlarını müdafiə edərək, məsuliyyətdən yayınmanın qarşısını alır. Bu sistem işçilərin əmək hüquqlarının pozulmamasına, habelə işəgötürən-işçi münasibətlərinə nəzarəti gücləndirməklə, inkişaf edən və ya inkişafdan qalan fəaliyyət sahələrin ayırd edilməsinin asanlaşmasına, iqtisadi inkişafın tənzimlənməsi üzərində işlərin keyfiyyətinin artmasına, dolayısıyla da sosial rifahın yüksəldilməsinə müsbət təsir göstərir. Məhkəmə yuxarıda sadalananları nəzərdən keçirərək, qeyd etməyi zəruri hesab edir ki, işin faktiki hallarından göründüyü kim, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinin qüvvədə olma müddəti xx.xx.2021-ci il tarixdə bitmiş, lakin əmək müqaviləsi bildirişinə elektron informasiya sistemində xitam verilməmişdir. Göründüyü kimi, iddiaçının iddiası əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçı Verdiyeva (Hüseynli) Həqiqət Elşad qızı ilə Cavabdeh MMC arasında bağlanmış 30 iyun 2020-ci il tarixli əmək müqaviləsinə xitam verilmiş hesab edilməli, iddiaçı Verdiyeva (Hüseynli) Həqiqət Elşad qızının 30 iyun 2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Verdiyeva (Hüseynli) Həqiqət Elşad qızı ilə Cavabdeh MMC arasında bağlanmış 30 iyun 2020-ci il tarixli əmək müqaviləsinə xitam verilmiş hesab edilsin. İddiaçı Verdiyeva (Hüseynli) Həqiqət Elşad qızının 30 iyun 2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-4177/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4177/2022
24.11.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver