Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4190/2024 10.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, abunə müqaviləsi üzrə xidmət müqabilində 62.13 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 82.13 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli Abunə müqaviləsinə əsasən cavabdeh bir neçə nömrə üzrə MMC-nin rabitə xidmətlərindən istifadə etmiş və nəticədə onun 62.13 manat məbləğində abunə və xidmət borcu yaranmışdır. Abunə müqaviləsinin 4.1-ci bəndinə əsasən Abunəçi xidmət haqqını, müqavilə ilə müəyyənləşdirilən digər ödənişləri və ya hər hansı borc məbləğlərini hər faktura dövrünün sonunda müvafiq hesab-fakturada nəzərdə tutulan son ödəmə tarixinə qədər (həmin gün də daxil olmaqla) ödəməlidir. Müqavilənin 12.1-ci bəndinə uyğun olaraq, Abunəçi tərəfindən bu müqavilə imzalandıqda və nömrədən istifadə başlandıqda müqavilənin bütün müddəalarına və istifadə qaydalarına riayət etmək öhdəliyi qeyd-şərtsiz qəbul etmiş sayılır. Cavabdehin öz borcunu ödəməsinin son tarixi müəyyən olunsa da, o, müqavilənin qəbul olunan şərtlərini pozaraq borcunun ödənilməsini təmin etməmişdir. Göndərilmiş bildiriş və xəbərdarlıqlara baxmayaraq, Cavabdeh istifadə etdiyi mobil nömrədəki borc iddia ərizəsi verilən tarixədək ödənilməmişdir.
3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırki mülki işə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
a) Məhkəmə prosesi:
4. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, İddiaçı MMC-nin nümayəndəsi X1 “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizələr təqdim edərək, iddia ərizəsində texniki səhv olaraq cəmi məbləğin 82,13 manat göstərilməsini, lakin cəmi məbləğin 92,13 manat kimi qəbul edilməsini xahiş etmiş, cavabdeh iştirak etmədiyindən işə qiyabi icraat qaydasında baxıb iddiaçının nümayəndəsinin də iştirakı olmadan iddiaçının xeyrinə qiyabi qətnamə çıxarılmasına etiraz etmədiyini bildirmiş, Cavabdeh isə gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
5. Məhkəmə, iddiaçının nümayəndəsinin işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsinə əsasən, məhkəmə iclasının 10 dekabr 2024-cü il tarixli qərardadı ilə işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə iddiaçının nümayəndəsinin ərizələrini nəzərdən keçirib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. İddiaçı MMC ilə Cavabdeh (Abunəçi) arasında bağlanmış xx.xx.2022-ci il tarixli abunə müqaviləsindən görünür ki, abunəçi “512061978” mobil telefon nömrəsi üzrə xidmət haqqını, müqavilə ilə müəyyənləşdirilən digər ödənişləri və ya hər hansı borc məbləğlərini hər faktura dövrünün sonunda müvafiq hesab-fakturada nəzərdə tutulan son ödəmə tarixinə qədər (həmin gün də daxil olmaqla) ödəməlidir. Abunəçi tərəfindən bu müqavilə imzalandıqda və nömrədən istidadə başlandıqda müqavilənin bütün müddəalarına və istifadə qaydalarına riayət etmək öhdəliyi qeyd-şərtsiz qəbul edilmiş hesab edilir.
8. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, ona borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.
9. xx.xx.2024-cü il tarixli cari hesab arayışından görünür ki, Cavabdeh “512061978” mobil telefon nömrəsi üzrə 62.13 manat məbləğində ödənilməmiş borcu vardır, son ödəniş tarixi xx.xx.2023cü ildir.
10. Dövlət rüsumunun ödənilməsi barədə məlumatdan görünür ki, iddia ərizəsinin verilməsinə görə 30 manat dövlət rüsumu ödənilmişdir (qəbz nömrəsi: **********).
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
11. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli abunə müqaviləsinə əsasən, cavabdeh iddiaçı tərəfindən göstərilmiş mobil xidmətlərdən istifadə edərək, aylıq xidmət haqqını ödəməyi öz öhdəsinə götürmüş, lakin edilən xəbərdarlığa baxmayaraq, yaranmış borcunu ödəməmişdir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsilə ilə məhkəməyə müraciət etmişdir.
12. Hazırda iddiaçı aralarında olan müqavilə üzrə yaranmış borcun və məhkəmə xərclərinin cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir.
c) Məhkəmənin mövqeyi:
13. Məhkəmə hesab edir ki, tərəflər arasında tapşırıq müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur.
14. İddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi icra etmiş, cavabdeh isə öz öhdəliyini icra etməmişdir. Mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilir.
15. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
d) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 6.2-ci maddə. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 385.1-ci maddə. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddə. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 425.1-ci maddə. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddə. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddə. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 777.1-777.2-ci maddə. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 783.2-ci maddə. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 241.1. Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır.
18. Beləliklə, göstərilənləri ümumiləşdirərək və işin faktiki hallarına toplanmış sübutlarla birgə məcmu halda hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 62.13 (altmış iki manat on üç qəpik) məbləğində pul alınaraq İddiaçı MMC-yə verilməlidir.
19. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən, cavabdehdən 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq iddiaçıya verilməlidir.
Nəticə:
20. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 241-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh 62.13 (altmış iki manat on üç qəpik) məbləğində pul və iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq İddiaçı MMC-yə verilsin. Cavabdeh qiyabi qətnamə ona rəsmən təqdim edildiyi gündən 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Nəsimi Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, rəsmən verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova