Məhkəmə qərarları › İş №e-2(006)-4208/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4208/2024

15.10.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4208/2024 15.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yeni qaydalarla AZ 1014, ünvan 1 ünvanında yerləşən mənzilə dair istifadə hüququnun itirilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, ev 105 ünvanında yerləşən 2 saylı mənzilin mülkiyyətçisidir. Həmin mənzil ona xx.xx.2016cı il tarixdə əvvəllər rəsmi nikahda olduğu Cavabdeh tərəfindən bağışlanılmış və həmin mənzilə dair iddiaçının xüsusi mülkiyyət hüququ Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ******* nömrəli Çıxarışla qeydə alınmışdır. Tərəflərin nikahı 18 avqust 2016-cı il tarixdə pozulmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2017-ci il tarixli arayışına əsasən qeyd edilən ünvanda hazırda iddiaçı ilə birlikdə xx.xx.1978-ci il təvəllüdlü Cavabdeh, xx.xx.2002-ci il təvəllüdlü X2 və Nümayəndə2 Ramil qızı qeydiyyatdadırlar. "xxxx" MMC ilə bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən həmin mənzil sökülərək yerində inşa edilmiş çoxmənzilli, hündürmərtəbəli binada mənzil verilmişdir. Çıxarışa edilmiş əlavəyə əsasən mənzilin ünvanı AZ 1014, ünvan 2r. Sözügedən bağışlama müqaviləsi üzrə mənzilin keçmiş sahibi mənzildən pasport qeydiyyatından çıxmağı öhdəsinə götürsə də, boşandıqdan sonra başqa ölkəyə getməsinə baxmayaraq, qeydiyyatdan çıxmamışdır. Uzun müddətdir ki, cavabdeh xarici ölkədə yaşadığına görə hal-hazırda onun harada olması barədə iddiaçının məlumatı yoxdur. Bununla bağlı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə sorğu verilmişdir. Göründüyü kimi, hazırki hal iddiaçının mənzil üzərində mülkiyyət hüquqlarını pozur.

3. İddiaçının vəkili-nümayəndəsi Nümayəndə1 “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə təqdim edərək, Cavabdeh ünvan 3 ünvanında yerləşən mənzil üzərində istifadə hüququnun 18 noyabr 2017-ci il tarixə itirilməsi (mövcud olmaması) faktının təsdiq edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etsə də, iş üzrə məhkəmə baxışı mərhələsində iddia tələbinin dəyişdirilməsi yolverilməz olduğundan, məhkəmənin e-2(006)-4208/2024 nörməli, xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizənin yolverilməzliyinə görə icraata qəbul olunmasından imtina edilərək, ərizənin geri qaytarılması qərara alınmışdır.

a) Məhkəmə prosesi:

4. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir.

6. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

7. Cavabdeh (Hədiyyə verən) ilə İddiaçı (Hədiyyə alan) arasında notariat qaydasında bağlanmış daşınmaz əmlakın xx.xx.2016-cı il tarixli bağışlanması müqaviləsindən görünür ki, Hədiyyə verən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 45 kv.metr olan mənzili Hədiyyə alanın mülkiyyətinə vermişdir.

8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışdan görünür ki, ünvan 4 Yeni qaydalarla: AZ 1014, Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, 117, M1, m2 ünvanında yerləşən mənzil (reyestr nömrəsi: **********05-05101-093010) tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 2365 nömrəli reyestr kitabının 220315 nömrəli vərəqində xx.xx.2016-cı il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********);

9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2219/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 09 mart 2002-ci il tarixdə Bakı şəhəri Səadət Sarayında bağlanmış və 337 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahından olan 28 dekabr 2002-ci il təvəllüdlü X2 və Nümayəndə2 Ramil qızı adlı əkiz uşaqlarının İddiaçı yanında saxlanılması qət edilmişdir.

10. Nikahın pozulması haqqında AZ-İ seriyalı 255802 nömrəli şəhadətnamədən görünür ki, Cavabdeh İddiaçı ilə olan nikahı ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 18 avqust 2016-cı il tarixdə 200 nömrə ilə qeyd edilmişdir.

11. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2017-ci il tarixli ******* nömrəli arayışdan görünür ki, Cavabdeh ünvan 4 ünvanında yerləşən mənzildə qeydiyyatdadır.

12. "xxxx" MMC (“Tikinti şirkəti”) ilə İddiaçı (“Əmlak mülkiyyətçisi”) arasında bağlanmış xx.xx.2017-ci il tarixli 003 nömrəli müqavilədən görünür ki, əmlak mülkiyyətçisi bu müqaviləyə əsasən xx.xx.2016-cı il tarixində, ********** qeydiyyat və **********05-05101-093010 reyestr nömrəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № ******* saylı Çıxarış” ilə öz mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 49,9 kv.metrdən (faktiki sahə - 50,0 k.v.metr) ibarət yaşayış sahəsini sökülmək üçün "xxxx" MMC-yə təhvil verməyi, bu müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada tikinti şirkəti tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş mənzili qəbul etməyi öhdəsinə götürür. Tikinti şirkəti ünvan 4 ünvanında yerləşən əmlak mülkiyyətçisinin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada 60 kv.metr təmirli mənzili əmlak mülkiyyətçisinin mülkiyyətinə verməyi öhdəsinə götürür və s.

13. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, ev 105, 2 saylı mənzil (yeni qaydalarla: AZ 1014, Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, 117, M1, m2) Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli 314 nömrəli Sərəncamına, xx.xx.2001-ci il tarixli forma 2 arayışına, xx.xx.2001-ci il tarixli 36/514 nömrəli arxiv arayışına, 005513 nömrəli, xx.xx.1995-ci il tarixli orderə (surət) əsasən ilkin olaraq X1 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 2 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2015-ci il tarixli 2V-70 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2015-ci il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir. 3 saylı Bakı ASAN xidmət mərkəzində kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2016-cı il tarixli 4Ə-243 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən xx.xx.2016-cı il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.

14. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Cavabdeh ünvanı ünvan 5r. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

15. Beləliklə, iş materialları əsasında məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh xx.xx.2002-ci il tarixdə nikaha daxil olmuşlar.

16. xx.xx.2015-ci il tarixdə hazırkı mübahisənin predmeti olan – Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, ev 105 ünvanında yerləşən 2 saylı mənzil (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, 117, M1, m2) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən cavabdehin adına qeydiyyatdan keçmiş, cavabdeh xx.xx.2016-cı il tarixdə bağlanmış bağışlama müqaviləsinə əsasən, həmin mənzili iddiaçıya bağışlamış və xx.xx.2016-cı il tarixdə mənzil iddiaçının adına qeydiyyata alınmışdır.

17. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 200 nömrə ilə qeyd edilmişdir.

18. İddiaçı ilə tikinti fəaliyyətini həyata keçirən "xxxx" MMC arasında xx.xx.2017-ci ildə bağlanmış müqaviləyə əsasən, iddiaçı həmin mənzili sökülmək üçün MMC-yə verməyi, MMC isə əvəzində ona yeni tikiləcək binada mənzil verməyi öhdələrinə götürmüşlər. Hazırda müqavilə icra olunmuş, mənzil sökülmüş, əvəzində iddiaçıya yeni mənzil verilmişdir.

19. Cavabdeh iddiaçı ilə nikahı pozulduqdan sonra həmin mənzildə yaşamasa da (“AZEMİS” Elektron Məhkəmə İnformasiya Sisteminin Sərhədkeçmə məlumatları bölməsindən və tərəflərin (iddiaçının vəkili-nümayəndəsi və cavabdehin nümayəndəsinin) izahatından məlum olur ki, cavabdeh xarici ölkədə yaşayır), hələ də mübahisə predmeti olan mənzildə qeydiyyatdadır.

20. Hazırda iddiaçı cavabdehin ona məxsus mənzildə qeydiyyatda qalmasının onun hüquqlarını pozduğunu bildirərək, cavabdehin həmin evdən istifadə hüququnun itirilməsi haqqında qətnamə qəbul edilməsini xahiş edir.

c) Məhkəmənin mövqeyi:

21. Hazırkı mübahisəyə məhkəmə tərəfindən baxılaraq müvafiq hüquqi qiymət verilməsi ona görə zəruridir ki, qanunvericiliyin tələbinə görə, əvvəlki mənzilə olan hüquqlar əvəz kimi verilən mənzilə keçir. Bu da o deməkdir ki, hazırda sökülmüş mənzildə qeydiyyatda qalan cavabdehin istifadə hüququ vardırsa, cavabdehin həmin mənzilin əvəzinə müqavilə əsasında iddiaçıya verilmiş yeni mənzilə dair də hüquqları yaranmış olur.

22. Məhkəmə hesab edir ki, cavabdehin mənzildə istifadə hüququnun olub-olmaması (itirilib-itirilməməsi) məsələsini araşdırmaq və hazırkı mübahisəni hüquqi baxımdan düzgün həll etmək üçün ilk öncə mənzilin iddiaçının mülkiyyətinə keçməsi tarixinə diqqət yetirilməlidir. Çünki cavabdehin iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüququnun yaranması və itirilməsi barədə mübahisə ilk növbədə mübahisənin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarının həmin mübahisəyə tətbiq edilməsi nəticəsində həll edilməlidir (Mülki Prosessual Məcəllə, maddə 217.2).

23. Beləliklə, məhkəmənin qənaətinə görə, 2016-cı ildə iddiaçının mülkiyyətinə keçmiş evdən cavabdehin istifadə hüququnun yaranıb-yaranmaması məsələsinin araşdırılması zamanı, həmçinin, onun həmin evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə olan iddia tələbinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarındakı göstərişlərə müvafiq olaraq, hazırda qüvvədə olan Mənzil Məcəlləsinin müvafiq normaları tətbiq edilərək hüquqi qiymət verilməlidir.

24. Məhkəmə qeyd etməyi zəruri sayır ki, mübahisə predmeti olan mənzilin 2016-cı ildə bağlanmış bağışlama müqaviləsinə əsasən, cavabdeh tərəfindən (özü vərəsəlik qaydasında əldə etmişdir) əvəzsiz olaraq iddiaçıya bağışlanması, yəni iddiaçının həmin mənzili bağışlama müqaviləsi əsasında əldə etməsi və əmlakın birgə mülkiyyət hesab edilən kateqoriyaya aid olmaması, mənzil iddiaçının mülkiyyətinə keçdikdən sonra cavabdeh həmin mənzildə iddiaçı ilə birlikdə yaşadığından, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-30.2-ci maddələrinə müvafiq olaraq, onun həmin evdən istifadə hüququnun yaranması, lakin sonradan tərəflərin münasibətləri pozulduğundan və aralarında olan nikaha məhkəmə qaydasında xitam verildiyindən, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə, cavabdehin həmin mənzilə istifadə hüququnu itirməsi (ən geci nikahın pozulması dövlət qeydiyyatına alındığı gündən - xx.xx.2016-cı il tarixdən) və hazırda formal olaraq qeydiyyatda qalması müəyyən edilmişdir.

25. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehin Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, ev 105 ünvanında yerləşən 2 saylı mənzilə (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, 117, M1, m2) istifadə hüququ itirilmiş hesab edilməlidir.

d) Tətbiq edilən hüquq və gəlinən nəticə:

26. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Maddə 29, İ-İİ hissələr. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; Maddə 60, İ hissə. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir; Maddə 71, İ-İİ hissələr. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir; Maddə 125, Vİİ hissə. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 6.1.4. Mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

28. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 30.1-30.2. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarı: Mənzil Məcəlləsi qüvvəyə mindiyi tarixdən onun müddəalarına zidd olan Mülki Məcəllənin 228.5-ci maddəsinin “həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır” müddəası, faktiki olaraq öz hüquqi qüvvəsini itirdiyindən tətbiq edilə bilməz. Məhz buna görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.2-217.4. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

32. Məhkəmə qeyd etməyi zəruri sayır ki, istifadə hüququ mülkiyyətçi ilə bu hüquqa malik şəxslər arasında davam edən, vaxtaşırı dəyişə və xitam verilə bilən münasibətlərlə bağlı olduğundan, həmişəlik və ya ehtiyat bir hüquq sayılmır. Yuxarıda da qeyd edildiyi kimi, cavabdeh hazırda iddiaçıya məxsus mənzildə yaşamır, sadəcə formal olaraq qeydiyyatda saxlanılır. Onun həmin evdən istifadə hüququ itirildiyi halda, formal olaraq hələ də qeydiyyatda qalması isə iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Qanunda nəzərdə tutulmuş əsaslar yarandıqda istifadə hüququn aradan qalxması (xətm olması) və ya itirilməsinin mümkün olması da məhz mülkiyyətçinin üstün hüquqlarının olması ilə əlaqəlidir.

33. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, ev 105 ünvanında yerləşən 2 saylı mənzilə (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, 117, M1, m2) istifadə hüququ itirilmiş hesab edilməlidir.

Nəticə:

34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, ev 105 ünvanında yerləşən 2 saylı mənzilə (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, 117, M1, m2) istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar