Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4236/2023 16.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh «X5 Company» MMC-yə qarşı «işə bərpa» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «X5 Company» MMC-yə qarşı «işə bərpa» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «X5 Company» MMC-nin 07 iyul 2023cü il tarixli 106/23K №-li əmək müqaviləsinə xitam verilməsi barədə əmrini ləğv edərək, İddiaçı işə bərpa edilməsi və məcburi işburaxma dövrünə görə ona əmək haqqının ödənilməsi, vəkilə göstərdiyi yardıma görə 1.000 manat pulun cavabdeh «X5 Company» MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1988-ci il təvəllüdlüdür, ali təhsillidir, beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə təhsil almışdır. İddiaçı 2011-ci ildən aktiv əmək fəaliyyəti ilə məşğuldur, müxtəlif qurumlarda işləmişdir. İddiaçı sonuncu dəfə xx.xx.2022-ci ildə işdən azad edilmişdir. Bu müddət ərzində iddiaçı bir neçə ay işsiz qalmışdır. xx.xx.2022-ci ildə iddiaçı cavabdeh müəssisə «X5 Company» MMC-dən iş təklifi almışdır. İş təklifində əmək müqaviləsinin müddəti 1 il göstərilmişdir. İddiaçı bir neçə ay işsiz qaldığından cavabdehin bu təklifi ilə razılaşmağa məcbur olmuşdur. O, xx.xx.2022-ci ildə cavabdeh müəssisəyə insan resursları üzrə menecer vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinin müddəti 01 iyun 2023-cü ilədək 12 ay olaraq müəyyən edilmişdir (müqavilənin 2.1-ci bəndi). İddiaçı 01 iyun 2022-ci il tarixdən əmək vəzifələrinin icrasına başlamışdır. İşlədiyi müddətdə əmək intizamına yol verməmiş, üzərinə qoyulan vəzifələri layiqincə yerinə yetirmiş və nümunəvi işçi olmağa səy göstərmişdir. İddiaçıya tətbiq edilmiş 3 aylıq sınaq müddəti ərzində PMT Hospitality MMC və Qalaaltı Hotelin həmin dövrdəki rəhbərliyi tərəfindən iddiaçının fəaliyyəti 5 üzərindən yaxşı (4) qiyməti ilə qiymətləndirilmişdir, 2022-ci il üzrə ona təyin edilmiş yazılı hədəfləri yüksək səviyyədə icra etdiyi üçün hədəflərindən «100 faiz yerinə yetirmə» qiyməti almışdır. 07 iyul 2023-cü ildə cavabdeh müəssisə tərəfindən 106/23K №-li əmək müqaviləsinə xitam verilməsi barədə əmr verilmişdir. Əmrdə göstərilmişdir ki, iddiaçı 07 iyul 2023-cü il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən tutduğu vəzifədən azad edilir və onunla bağlanmış əmək müqaviləsi ləğv edilir. İşçinin son iş günü 07 iyun 2023-cü il hesab edilmişdir. Həmin əmr iddiaçıya xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Əmr 07 iyun 2023-cü il tarixli olmasına baxmayaraq, xx.xx.2023-cü il tarixdə iddiaçıya verilərkən işəgötürən tərəfindən əmrə imza qoyularaq və möhür vurularaq ona təqdim edilmişdir. Bu barədə iddiaçı əmrə müvafiq qeyd yazmışdır. İddiaçı onunla əmək müqaviləsinin uzadılmamasının onun əmək hüquqlarını kobud şəkildə pozduğu səbəbilə cavabdeh şirkətlə mübahisənin məhkəmədən kənar həllinə cəhd etmişdir. O, «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq mübahisənin tənzimlənməsi üçün səy göstərmişdir, ancaq bu səylər heç bir səmərə verməmişdir. Bakı şəhəri 18 saylı mediasiya təşkilatının mediator qismində təyin etdiyi mediatoru X1 xx.xx.2023-cü il tarixli № MŞB/18//2023-01200 saylı İlkin mediasya sessiyasında iştirak edilməməsi barədə Arayışında qeyd edilir ki, cavabdeh şirkətin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməyib. Bu səbəbdən də, iddiaçı məhkəməyə müraciət etmişdir. Aşağıdakılara əsasən cavabdeh şirkətin 07 iyul 2023-cü il tarixli, 106/23K №-li əmək müqaviləsinə xitam verilməsinə dair əmri qanunsuz və əsassızdır və məhkəmə qaydasında ləğv edilməlidir. Əvvəla, əmək müqaviləsinin qüvvədə olma vaxtını məhdudlaşdıran halların olmadığı halda, görüləcək işin xarakteri, onun yerinə yetirilməsi şərtləri nəzərə alınmadan iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanması qanunsuzdur və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43-cü maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hüquq və təminatların səviyyəsini azaldır. Məcəllənin həmin maddəsinə əsasən əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verilənədək bu Məcəllə ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz. Faktların təsviri hissəsindən göründüyü kimi, iddiaçı 1 il müddətinə cavabdeh müəssisə ilə əmək müqaviləsi bağlamışdır. Müddətli əmək müqaviləsi bağlanan zaman iddiaçı bir neçə ay ərzində işsiz olmuşdur, buna görə də həmin müqavilənin şərtləri ilə, xüsusən onun müddətli olması ilə razılaşmağa məcbur olmuşdur. Müddətli əmək müqavilələrinin bağlanması hallarında işçi öz işinin keyfiyyətindən asılı olmayaraq daim işdən çıxarılmaq qorxusu altında olur və bu zaman Konstitusiyanın 35-ci maddəsi ilə müəyyən olunmuş əməyə təminat hüququna malik olmur. İşəgötürən tərəfindən işçinin müəyyən edilmiş hüquq və təminatlarının səviyyəsinə əməl olunmaması isə belə hərəkətlərin qanunsuz olmasına səbəb olur. Buna görə də, burada tərəflərin qarşılıqlı razılığından söhbət gedə bilməz. Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü bəndinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Başqa sözlə, iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanması Əmək Məcəlləsinin 45-ci maddəsinin tələbinə zidd olub. Həmçinin, onun çalışdığı sahə sözügedən Məcəllənin 47-ci maddəsinin tələbinə əsasən əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilən hallar siyahısına da aid deyil. İddiaçı insan resursları üzrə menecer vəzifəsində işləmişdir. Bu vəzifə hər bir müəssisədə mövcuddur və vacib vəzifədir. Həmin vəzifə üzrə göstərilən xidmətlər daimi xarakter daşıyır və mövsümi deyil. Hətta iddiaçı işdən azad edildikdən sonra cavabdeh müəssisə internet saytlarında iddiaçının işlədiyi yerə - insan resusrları üzrə menecer vəzifəsinə işçi elanı yerləşdirmişdir. Bu da onu göstərir ki, iddiaçının işi mövsümi xarakter daşımır və cavabdeh müəssisə iddiaçı ilə əmək müqaviləsinə xitam verdikdən sonra yenidən həmin vəzifəyə yeni işçi axtarması məntiqsizdir. Digər tərəfdən, cavabdeh müəssisədə işlədiyi 1 il müddətində iddiaçı haqqında hər hansı intizam tənbeh tədbiri görülməyib. Bundan əlavə, məhkəmənin diqqətinə çatdırılır ki, cavabdeh müəssisədə bütün işçilərlə müddətli əmək müqaviləsi bağlanılır, müqavilə müddətinin bitməsinə az qalmış müəssisə rəhbərliyi ilə münasibətləri yaxşı olmayan işçilərin əmək müqavilələrinin müddəti uzadılmır, əmək münasibətlərinə xitam verilir. İddiaçıya qarşı cavabdeh müəssisənin rəhbərliyinin münasibəti yaxşı olmamışdır. Belə ki, iddiaçı işlədiyi müddət ərzində Qalaaltı hotelində bəzi işçilərin əmək şəraiti, əmək haqqı və məzuniyyət hüquqlarının kobud şəkildə pozulmasının şahidi olub. Belə ki, bəzi işçilərə 30 günlük əmək məzuniyyəti əvəzinə 21 gün əmək məzuniyyəti verilmiş, zərərli sahədə çalışan bəzi işçilərə isə əlavə məzuniyyət verilməmişdir. Eyni zamanda əmək haqqı üzrə avansların verilməsində də müəyyən problemlər mövcud olmuşdur. İddiaçı bu və digər problemlərlə bağlı dəfələrlə hotel rəhbərliyinə müraciət etsə də, hər hansı qabaqlayıcı tədbirlər görülməmişdir. Əksinə müəssisənin maliyyə direktoru vəzifəsini icra edən Kəmalə Əzizova hotelin o vaxtkı rəhbəri olmuş Nazim Süleymanova zəng edərək «İddiaçı işdən çıxarın» deyə təzyiq etmişdir. 2022-ci ilin dekabr ayında PMD Hospitality MMC-nin və Qalaaltı Hotelin rəhbər heyətində müəyyən dəyişikliklər edilərək yeni təyinatlar olmuşdur. Bundan sonra PMD Hospitality MMC-də insan resursları üzrə menecer vəzifəsinə təyin edilmiş Günay Babayeva və Baş maliyyə inzibatçısı və idarə heyətinin üzvü Kəmalə Əzizova iddiaçıya qarşı qərəzli davranmağa başlamışlar və ona qarşı ayrı-seçkilik halları baş vermişdir. Belə ki, - 2023-cü ilin yanvar ayında iddiaçı istisna olmaqla hotelin bütün işçilərinin əmək haqqlarında 10-20 % miqdarında artım olmuşdur; - xx.xx.2023-cü ildə GHS027/23 nömrəli əmrlə 2022-ci il ərzində əmək funksiyalarını yüksək səviyyədə yerinə yetirdiklərinə görə işçilərə mükafat (bonus) verilsə də, iddiaçıya hər hansı mükafat verilməmişdir. Baxmayaraq ki, iddiaçının 2022-ci il üzrə nəticələri və xidməti fəaliyyət üzrə qiyməti mükafat almış digər işçilərlə eyni olmuşdur; - Hotelin direktoru Rəşad Kərimzadə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər işdə olmamışdır. Bundan istifadə edən PMD Hospitality MMC-nin insan resursları üzrə meneceri Günay Babayeva və insan resursları üzrə direktoru X4 Hotelin insan resursları üzrə mütəxəssisi Elçin Rzayevə iddiaçının təcili şəkildə işdən azad edilməsi üçün tapşırıqlar vermişdir. Bunun nəticəsində xx.xx.2023-cü ildə hotelin insan resursları üzrə mütəxəssisi Elçin Rzayev iddiaçıya yaxınlaşaraq əmək müqaviləsinin müddətinin uzadılmamasına dair bildirişi təqdim etmişdir. X3 iş yerində olmadığı üçün bildirişdə onun imzası və möhürü olmadığından iddiaçı bildirişi imzalamaqdan imtina etmişdir və bildirişin kimin tapşırığı ilə verildiyini soruşmuşdur. Elçin Rzayev bu tapşırığın Azad Ömərov və Günay Babayeva tərəfindən verildiyini və bildirişə imza atmalı olduğunu qeyd etmişdir. İddiaçı da məcbur olub bildirişə imza atmışdır və prosesi video lentə almışdır. Həmin gün iddiaçı ona təhkim edilmiş iş kompüterinə daxil olmaq istədikdə məlum olmuşdur ki, onun iş hesabı bloklanmışdır və iddiaçıya məlumat verilmədən işdə olmasına baxmayaraq iş kompüteri və iş e-mailinə daxil olmaq imkanları məhdudlaşdırılmışdır. 07 iyul 2023-cü ildə müəssisənin direktoru Rəşad Kərimzadənin işdə olmamasına baxmayaraq saat 16.09-da əmək müqaviləsinə Elçin Rzayev tərəfindən ƏMAS portalında xitam verilmişdir, lakin işdən çıxma əmri yalnız 10 iyul 2023-cü il tarixdə müəssisənin direktoru tərəfindən əmrə imza və möhür vurularaq iddiaçıya təqdim edilmişdir. İddiaçı ona və digər işçilərə qarşı baş verən qanunsuzluqlar barədə ölkə prezidentinə, X2, Əmək və Əhalinin Sosial müdafiəsi nazirliyinə şikayət etsə də, müraciətlərinə cavab almamışdır. Beləliklə, göründüyü kimi, iddiaçının işdən azad edilməsi əmək qanunvericiliyinin pozulması nəticəsində baş vermişdir və bu səbəbdən iddiaçı əvvəlki işinə bərpa olunmalı, ona məcburi işburaxmaya görə əmək haqqı ödənilməlidir. İddiaçı hüquqlarının müdafiə olunması məqsədi ilə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu ilə müqavilə bağlamışdır və 1.000 manat ödəniş etmişdir. Odur ki, iddia təmin olunacağı təqdirdə həmin pulun cavabdehdən tutulması xahiş olunmuşdur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, 01 iyun 2022-ci il tarixdə müddətli əmək müqaviləsi üzrə işləməyə başlamışdır. Qaydalara əsasən işçilər dörd dəfə avans ala bilərlər. 2022-ci ilin oktyabr ayında avansın sayının artırılması ilə bağlı baş ofisə e-mail vasitəsi ilə müraciət etmişdir. Bu müraciətini Kəmalə xanım bəyənməmişdir. Qeyd edilən dövrdə hər hansı bir əsas göstərilə bilməyəcəyindən onu işdən çıxara bilməmişlər. Müddət bitdikdən sonra onu işdən çıxarmaq üçün ərizəni imzalatmaq istəmişlər, lakin həmin ərizədə otelin direktorunun imzası yox idi və buna görə də, o, ərizəni imzalamaqdan imtina etmişdir. Cümə günü, yəni 07 iyul 2023-cü il tarixdə onu işdən çıxarmışlar. Daha sonra bazar ertəsi işə gəlmişdir ki, direktorla görüşsün. Əmrlə bazar ertəsi tanış olmuşdur. Əmək müqaviləsi ondadır. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddiaçının izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı iddia ərizəsi tamamilə əsassız olmaqla rədd edilməlidir. Belə ki, işçinin əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq ləğv edilmişdir. İşçinin əmək müqaviləsi Əmək Məcəlləsinin 47-ci maddəsinin «f» bəndinə əsasən «tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə bağlanmışdır» əsasən müddətli bağlanmışdır. Müddətli əmək müqaviləsinin müddəti 1 il müəyyən edilmişdir. Əmək müqaviləsinin müddəti bitdiyinə görə işçinin əmək müqaviləsi ləğv edilmişdir. İşçiyə əmək haqqı vaxtlı-vaxtında ödənilmiş və işçi işlədiyi müddət ərzində yüksək əmək haqqı və imtiyazlar almışdır. Belə ki, işçinin əmək haqqı yüksək olduğuna görə, o, işəgötürənin hesabına gəlirlər əldə etmişdir. Əlavə olaraq işçiyə yaşayış evinin təmin edilməsi, iş yerinə gediş-gəlişi üçün nəqliyyat xərcləri və yemək xərcləri hotel tərəfindən qarşılanmışdır. İşçinin əmək müqaviləsində mükafatlandırma nəzərdə tutulmamışdır. Mükafat həvəsləndirici pul vəsaitidir və əsas əmək haqqı sayılmır. Həvəsləndirici vəsaitin verilməsi məsələsi işəgötürənin qərarına əsaslanır. İşçiyə əmək müqaviləsinin uzadılmaması barədə bildiriş təqdim edilmişdir və işçi həmin bildiriş ilə 04 iyul 2023-cü il tarixdə öz imzası ilə tanış olmuşdur. Sonradan işçiyə əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2023-cü il tarixli əmr təqdim edilmiş və son haqq-hesab edilmişdir. Bu səbəbdən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının, iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - İşəgötürən «X5 Company» MMC ilə İddiaçı arasında bağlanmış 01 iyun 2022-ci il tarixli 143 saylı əmək müqaviləsindən görünür ki, İddiaçı ilə 1 il müddətinə – 01 iyun 2023cü il tarixədək əmək müqaviləsi bağlanmış, ilk üç ayı sınaq müddəti olmaqla, iddiaçı İnsan resursları üzrə menecer vəzifəsinə işə qəbul edilmişdir. Müqavilə müfəssəl şəkildə tərtib edilmiş, tərəflər həmin müqavilə şərtləri ilə tanış olaraq onları qəbul etmişlər, müqaviləni mərbəst şəkildə imzalamışlar və əmək müqaviləsi işəgötürənin möhürü ilə təsdiq edilmişdir. - «X5 Company» MMC-nin İddiaçı təqdim etdiyi bildirişdən görünür ki, işəgötürən işçiyə onunla bağlanmış əmək müqaviləsinin müddəti 01 iyun 2023-cü il tarixdə qurtardığı üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə müvafiq olaraq həmin əmək müqaviləsi üzrə münasibətlərin işəgötürən tərəfindən növbəti dövr üçün davam etdirilməyəcəyi barədə məlumat vermiş, 07 iyul 2023-cü il tarixdən etibarən işçi ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam veriləcəyi və əmək qanunvericiliyinin tələblərinə görə son haqq hesab aparılacağı bildirilmişdir. İddiaçı həmin bildirişlə tanış olaraq 04 iyul 2023-cü il tarixdə imzalamışdır. - İşəgötürən «X5 Company» MMC-nin əmək müqaviləsinə xitam verilməsi barədə 07 iyul 2023-cü il tarixli 106/23K saylı əmrindən görünür ki, «X5 Company» MMC-nin İnsan resursları üzrə meneceri İddiaçı 07 iyul 2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. - 07 iyul 2023-cü il tarixli aktdan görünür ki, İddiaçı onunla bağlanmış əmək müqaviləsinə müddətinin başa çatması ilə əlaqədar xitam verilməsinə dair əmrə imza etməkdən imtina etmişdir. - Əmək haqqı üzrə çıxarışdan görünür ki, İddiaçı hesabına 24 iyul 2023-cü il tarixdə son haqq hesab məbləği olan 2.869 manat 27 qəpik yüklənmişdir. - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 537 saylı arayışdan görünür ki, İddiaçı Bakı şəhəri Nəsimi rayon Məhkəməsində mülki işinin aparılması ilə bağlı xx.xx.2023-cü il tarixdə Vəkil1 ilə 861 saylı müqavilə bağlanmış və hüquqi yardımın göstərilməsi ilə bağlı büronun hesabına 1.000 manat pul köçürülmüş, 5 manat m-Pay xidmətinə tutulmuşdur. Beləliklə, vətəndaş İddiaçı hüquqi yardımın göstərilməsinə görə 995 manat xərcləmişdir. - Bakı 18 saylı Mediasiya təşkilatının 07 sentyabr 2023-cü il tarixli MŞB/18/2023- 01200 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, tərəflər arasında yaranmış mübahisə ilə əlaqədar iddiaçı tərəf həmin tarixdə saat 11:30a təyin edilmiş ilkin mediasiya sessiyasına gəlsə də, cavabdeh tərəf həmin sessiyaya gəlməmişdir. İddiaçı tərəfindən ilkin mediasiya sessiyası xərci olaraq 50 mana pul vəsaiti ödənilmişdir. İşin faktiki hallarından göründüyü kimi, işəgötürən Əmək qanunvericiliyinə riayət etməklə, əmək müqaviləsinə xitam vermiş və iddiaçını işdən azad etmişdir. İddiaçının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əsaslı olmuşdur. Cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. İddia əsassızdır və təmin edilə bilməz. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh «X5 Company» MMC-yə qarşı «işə bərpa» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 50 manat mediasiya xərci iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh «X5 Company» MMC-yə qarşı «işə bərpa» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 50 manat mediasiya xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemi vasitəsilə) Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №e-2(006)-4236/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4236/2023
16.11.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver