Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4251/2024 04.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əmrin ləğvi, işə bərpa və məcburi günləri üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əmrin ləğvi, işə bərpa və məcburi günləri üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 478 nömrəli əmrini ləğv edilməsi, məcburi işburaxma günləri üçün əmək haqqı ödənilməklə, onun əvvəlki vəzifəsinə bərpa olunmağı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı xx.xx.2012-ci il tarixdə Paşa Sığorta Açıq Səhmdar Cəmiyyətində İnzibati İdarəetmə və Təhlükəsizlik Departamentində İnzibati assistent - sürücü vəzifəsində işə qəbul edilmişdir. Daha sonra xx.xx.2013-cü il tarixində fərdi assistent - sürücü vəzifəsinə keçirilmiş, xx.xx.2014-cü il tarixində isə Fərdi baş assistent-sürücü vəzifəsinə keçirilmişdir. Onun əmək müqaviləsinə xx.xx.2024-cü il tarixli 478 nömrəli əmrə əsasən xx.xx.2024-cü il tarixində xitam verilmişdir. İşdən azad edilmə əsası kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra-ƏM) 70-ci maddəsinin «ç» bəndinə əsasən ƏM-in 10cu maddəsinin “b” bəndində nəzərdə tutulan halların (əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək) kobud şəkildə pozulması göstərilmişdir. Lakin bu əmrin verilməsinə səbəb onun əmək funksiyanı yerinə yetirməməyi və yaxud müəssisədaxili intizam qaydalarını pozmağı yox, şəxsi münasibətlər zəminində olmuşdur. Belə ki, o, iş yoldaşıyla xx.xx.2024-cü il tarixində, təxminən saat 20:20 radələrində, yəni, iş saatından sonra whatsap tətbiqi vasitəsilə yazışdığı zaman səsli mesajı səhvən Nəqliyyat, İnzibati dəstək və Təhlükəsizlik şöbəsinin müdiri Emin Zeynalova göndərmiş və həmin mesajda səhvən onun adını çəkmişdir. Əslində başqa şəxs haqqında danışırdı. Lakin sonradan səsli mesaja qulaq asdıqda səhvən onun adını çəkdiyinin fərqinə varmışdır. Bu sadəcə dostuyla onun arasında olan şəxsi bir yazışma idi. Həmin an çox əsəbi idi, işlərində çətinlik yaranmışdı və həmin an bunu dostuyla (Rüfət Abışovla) bölüşmək istəmişdir, əsəbi olduğundan nə dediyini və mesajı kimə göndərdiyini belə fərqində olmamışdır. Bu hadisədən sonra Emin Zeynalovdan dəfələrlə üzbəüz üzr istəmək istəsə də o, onunla görüşməmiş, lakin, telefon vasitəsilə üzr istəmiş, anlaşılmazlıq olduğunu demiş, əsəbi və fikirli olduğunu izah etmiş və həmin ifadələri əslində onun ünvanına səsləndirdiyini, səhvən onun adını çəkdiyini bildirmişdir. Hətta rəhbərlikdən də üzrə istəmişdir. Buna baxmayaraq, Emin Zeynalov da onu təhqir etmiş, ondan səmimi şəkildə üzr istəməyinə baxmayaraq qanunsuz olaraq, araşdırma aparılmadan ərizə yazıb özünün işdən çıxmağını tələb etmişdir. O, isə ərizə yazmaqdan imtina etmişdir. Bu faktlardan da aydın olur ki, işdən azad edilməyilə onun əmək funksiyası həyata keçirməməyinin və ya müəssisədaxili intizam qaydalarını pozmağını arasında heç bir əlaqə yoxdur. Paşa Sığorta ASC Emin Zeynalovun istəyi ilə şəxsi münasibətlər zəminində qanunsuz olaraq onun əmək qanunvericiliyi ilə qorunan hüquqlarını pozmuşdur. Onun əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “ç» bəndi ilə xitam verilməsi işəgötürən tərəfindən əmək qanunvericiliyinin pozuntusudur. Cavabdeh tərəf mediasiya prosesində də iştirakdan imtina etmişdir. Cavabdehin etirazı: Cavabdeh "xxxx" ASC iddia tələbi ilə bağlı yazılı izahat təqdim edərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixində "xxxx" ASC-nin İnzibati idarəetmə və Satınalmalar departamentinin Nəqliyyat, İnzibati dəstək və Təhlükəsizlik şöbəsinin rəhbəri Emin Zeynalov Cəmiyyətin avtoparkına (dayanacağa) baxış keçirirdi. Baxış zamanı avtomobillərdən birinin avtoparkda (dayanacaqda) olmadığını gördükdən sonra o, avtoparka nəzarətin həvalə olunduğu əməkdaş - Nəqliyyat, İnzibati dəstək və Təhlükəsizlik şöbəsinin sürücüsü İddiaçı ilə əlaqə saxladı. İddiaçı sözügedən avtomobilin avtoparkda (dayanacaqda) olduğunu bildirsə də, Emin Zeynalov bunun həqiqətə uyğun olmadığını aşkarladı. Bunun davamı olaraq İddiaçı avtomobilin açarlarını Andrey adlı əməkdaşın götürdüyünü və avtomobili qaytarmadığını bildirdi. Emin Zeynalov həqiqətə uyğun olmayan məlumat verdiyinə və verilmiş tapşırığı yerinə yetirmədiyinə görə İddiaçı öz iradlarını bildirdi. Bir qədər sonra İddiaçı “Whatsapp” üzərindən Emin Zeynalova səsli mesaj göndərdi. Səsli mesajda İddiaçı həm həmkarı Andrey Meçaykinin, həm də birbaşa rəhbəri Emin Zeynalovun ünvanına təhqirlər səsləndirmiş, nalayiq ifadələrdən istifadə etmişdir. xx.xx.2024-cü il tarixində Emin Zeynalov hadisə ilə bağlı Cəmiyyətin rəhbərliyinə təqdimat ünvanlamış, hadisənin ona nə dərəcədə pis təsir etməsinə baxmayaraq, İddiaçı uzun müddət işlədiyini nəzərə alaraq, töhmət verilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixində İddiaçı hadisə ilə bağlı izahat yazmış, avtomobili təhvil almadığını, Andrey Meçaykini və Emin Zeynalovu təhqir etdiyini, nalayiq ifadələr işlətdiyini etiraf etmişdir. Bunun davamı olaraq İddiaçı baş verənlərin Cəmiyyətin əməkdaşları arasında yayılmasına səbəb olmuşdur. Belə ki, İddiaçı vəkil etdiyi əməkdaşlar Emin Zeynalova müraciət etmiş, İddiaçı bağışlamağı xahiş etmişlər. Tabeliyində çalışan bir əməkdaş tərəfindən Emin Zeynalovun təhqir olunması və bunun məhdud şəxslər dairəsindən kənara çıxması Emin Zeynalovun həm ümumi olaraq şirkət daxilində, həm də onun rəhbərlik etdiyi istiqamətdə şəxsi və işgüzar nüfuzunu ciddi surətdə zədələmişdir. Baş vermiş hadisədən irəli gələrək İddiaçı ilə Emin Zeynalovun münasibətindəki soyuqluq şöbənin digər əməkdaşlarının gözləri qarşısında baş verdiyinə görə yaranmış situasiya Emin Zeynalov və şöbənin digər əməkdaşları arasında rəhbər-işçi münasibətini sual altına qoymuşdur. Nəticə etibarı ilə onun rəhbərlik etdiyi istiqamətdə işin normal ahəngi pozulmuşdur. xx.xx.2024-cü il tarixində İddiaçı ilə birlikdə işləməyin mümkün olmayacağını başa düşən Emin Zeynalov Cəmiyyətin rəhbərliyinə növbəti təqdimat ünvanlamış və İddiaçı əmək müqaviləsinin ləğv olunmasını xahiş etmişdir. Emin Zeynalovun təqdimatları üzrə Cəmiyyətin aidiyyəti struktur bölmələri tərəfindən müvafiq araşdırmalar aparılmış, qeyd edilən halların mövcud olduğu öz təsdiqini tapmış və rəhbərliyə zəruri məlumat verilmişdir. xx.xx.2024-cü il tarixində 478 nömrəli əmrlə İddiaçı əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı bu əmrlə tanış olmuş, əmək kitabçası daxil olmaqla aidiyyəti sənədləri təhvil almışdır. xx.xx.2024-cü il tarixli 478 nömrəli əmrdə də qeyd olunduğu kimi İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin “b” bəndini kobud surətdə pozmuşdur. Əmək Məcəlləsinin 186-cı maddəsini nəzərə alaraq, onunla bağlanmış əmək müqaviləsi Məcəllənin 70-ci maddəsinin “ç» bəndi ilə ləğv edilmişdir. Nəticə olaraq İddiaçı birbaşa rəhbərinin tapşırığını yerinə yetirməmişdir, həmkarı Andrey Meçaykini təhqir etmişdir, birbaşa rəhbəri Emin Zeynalovu təhqir etmişdir, baş verənləri məhdud şəxslər dairəsindən kənara çıxarmışdır. Nəticə etibarilə iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuşdur. Faktiki halları nəzərə alaraq, əmək qanunvericiliyə əsasən, "xxxx" ASC İddiaçı ilə bağlanmış əmək müqaviləsini AR Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etməyə haqlı olmuşdur. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etmədi və eirazda göstərilənlərə uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş: X3 ifadəsində bildirdi ki, maşınlardan birinin Yasamal rayonu ərazisində olduğunu görmüşdür. Nömrə almaq üçün iddiaçıya zəng etmişdir. Bir müddətdən sonra ona “Whatsapp” platformasından səs yazısı gəlmişdir. Qulaq asmışdır ki, iddiaçı hadisəni başqa şəxsə danışır. Səs yazısının sonunda öz adını eşitmişdir. Eyni səs yazısını geriyəiddiaçının özünə göndərmişdir. Dəfələrlə iddiaçı üzrxahlıq etməsi üçün onunla görüşmək istəmiş, lakin nə görüşmüş, nə də telefonla danışmışdır. Bu hadisəyə kimi aralarında heç bir pis münasibət olmamışdır. Səhəri gün olan hadisəni departament müdirinə bildirmişdir. İddiaçıya töhmət verilməsini istəmişdir. Lakin iddiaçı bundan xəbərsiz olmuşdur. Bu məsələ ilə bağlı ona çoxsaylı zənglər daxil olmuşdur. Artıq başa düşmüşdür ki, söhbət idarədə yayılmışdır. Buna görə də əsəbləşmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin «ç» bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə təqdimat vermişdir. Səs yazısını iş saatında atmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı xx.xx.2013-cü il tarixdən müddətsiz əmək müqaviləsi bağlanmaqla “inzibati assistent-sürücü” vəzifəsinə işə qəbul edilmişdir. Daxili Nizam-İntizam Qaydalarının təsdiqlənməsi barədə arayışın surətindən görünr ki, İddiaçı həmin qadalarla tanış olmuş və bunu imzası ilə təsdiq etmişdir. Vəzifə Təlimatının (İzahatı) surətindən görnür ki, "xxxx" ASC-nin vəzifə təlimatı ilə İddiaçı tanış olmuş və bunu imzası ilə təsdiq etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə işəgötürənə verdiyi yazılı izahatında whatsap üzərindən göndərdiyi səsli mesajda Emin Zeynalovun ünvanına təhqiredici kəlmə işlətdiyini, lakin onun adını səhvən çəkdiyini bildirmiş, üzr istəyərək bir daha belə səhv etməyəcəyini bildirmişdir. xx.xx.2024-cü il tarixli təqdimata əsasən, Nəqliyyat, İnzibati dəstək və Təhlükəsizlik şöbəsinin müdiri Emin Zeynalov tərəfindən İddiaçı intizam tənbehi olaraq töhmət verilməsi xahiş olunmuşdur. Əmək kitabçasının surətinə əsasən, İddiaçı xx.xx.2012-ci il tarixdə "xxxx" ASC-nin inzibati idarəetmə və Təhlükəsizlik Departamentində İnzibati Assistent-sürücü vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2013-cü il tarixdə fərdi assistent sürücü vəzifəsinə keçirilmiş, xx.xx.2014-cü il tarixdə fərdi baş assistent sürücü vəzifəsinə keçirilmiş, xx.xx.2015-ci il tarixdə inzibati assistent sürücü vəzifəsinə keçirilmiş, xx.xx.2017-ci il tarixdə sürücü vəzifəsinə keçirilmişdir. xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli 478 saylı əmrinin surətindən görünür ki, "xxxx" ASC-nin sürücüsü İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin "b" bəndini (əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək) kobud şəkildə pozmasına görə Əmək Məcəlləsinin 186-cı maddəsinin «ç» bəndini əsas götürərək, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə 08 iyul 2024-cü il tarixində xitam verilsin və işçinin tutduğu vəzifədən azad edilməsi əmr edilmişdir. Bakı 13 saylı Mediasiya Təşkilatının 06 avqust 2024-cü il tarixli MŞB/13/2024-01082 nömrəli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışına əsasən, İddiaçının əmək mübahisəsi ilə bağlı tələbinə dair xx.xx.2024-cü il tarixdə saat 14:00-da nəzərdə tutulan ilkin mediasiya sessiyasında cavabdeh tərəf iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 35. Əmək hüququ İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır; Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə 129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə 6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Maddə 71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər
2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır; Maddə 80. Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalar Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir; Maddə 186 Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri
2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.
3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Maddə 300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri
1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarı: “Nəzərə alınmalıdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur.”
Konstitusiya Məhkəməsinin Plenumunun N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir Məhkəmənin mövqeyi: Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı xx.xx.2012-ci il tarixdə "xxxx" ASC-nin inzibati idarəetmə və Təhlükəsizlik Departamentində İnzibati Assistent-sürücü vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2017-ci il tarixdə sürücü vəzifəsinə keçirilmişdir. İddiaçı xx.xx.2024cü il tarixində, iş saatından sonra iş yoldaşıyla whatsap tətbiqi vasitəsilə yazışdığı zaman işlətdiyi nalayiq ifadələri əks etdirən səsli mesajı birbaşa rəhbəri - "xxxx" ASC-nin Nəqliyyat, İnzibati dəstək və Təhlükəsizlik şöbəsinin müdiri Emin Zeynalova göndərmiş, həmin haldan irəli gələrək şöbənin müdiri Emin Zeynalov xx.xx.2024-cü il tarixdə İddiaçı intizam tənbehi olaraq töhmət verilməsi barədə təqdimat vermiş, daha sonra iddiaçının əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək barədə yeni təqdimatla işəgötürənə müraciət etmiş, bunun nəticəsində 08 iyul 2024-cü il tarixli əmrlə "xxxx" ASC-nin sürücüsü İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin "b" bəndini (əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək) kobud şəkildə pozmasına görə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilmişdir. Hazırda İddiaçı sözügedən əmrin ləğv edilərək işə bərpa olunmasını və xx.xx.2024cü il tarixdən işə bərpa olunduğu tarixədək məcburi işburaxma müddəti üçün əmək haqqının hesablanaraq ona ödənilməsini xahiş edir və iddiasını, əmrin verilməsinə səbəbin onun tərəfindən əmək funksiyanı yerinə yetirməməsi və yaxud müəssisədaxili intizam qaydalarını pozulmaması deyil, şəxsi münasibətlər zəminində olması, iş yoldaşıyla whatsap tətbiqi vasitəsilə yazışmasının iş vaxtından sonra aparması, səsli mesajda Emin Zeynalovun adını səhvən çəkməsi, buna görə həm ondan, həm də rəhbərlikdən üzr istəməsi, Emin Zeynalovun özünün də iddiaçı ilə yazışmada onu təhqir etməsinə baxmayaraq onun barəsində hər hansı intizam tənbehinin tətbiq edilməməsi, bunun isə ona qarşı qərəzin olmasını təsdiq etməsi ilə əsaslandırır. Cavabdehin nümayəndəsi isə iddiaya etiraz edərək İddiaçı birbaşa rəhbərinin tapşırığını yerinə yetirmədiyini, onun, həmkarı Andrey Meçaykini, habelə birbaşa rəhbəri Emin Zeynalovu təhqir etməsi, baş verənləri məhdud şəxslər dairəsindən kənara çıxarmaqla Emin Zeynalovun həm ümumi olaraq şirkət daxilində, həm də onun rəhbərlik etdiyi istiqamətdə şəxsi və işgüzar nüfuzunu ciddi surətdə zədələməsini göstərərək iddianın rədd olunmasını xahiş edir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının baş verən hadisə nəticəsində əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etməməsinin müəyyən olunmasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməsinin müəyyən edilməsi üçün, ilk olaraq işəgötürənin həmin intizam tənbeh tədbirini tətbiq edərkən özünün Əmək Məcəlləsinin tələblərinə riayət edib-etməməsi araşdırılmalıdır. Mübahisəsizdir ki, əmək münasibətlərinə işəgötürənin təşəbbüsü ilə xitam verilməsi özü-özlüyündə işçi üçün ağır məhrumiyyətlərə səbəb olur. Belə ki, bunun nəticəsində o, işini, ümid etdiyi gəliri itirir. Bu tədbirin isə Əmək Məcəlləsinin 70-ci maddənin «ç» bəndi əsası ilə tətbiq edilməsi işçiyə ən ağır məhrumiyyətlər yaradır, o, gələcəkdə başqa iş tapmaqda da çətinlik çəkir. Bu səbəbdən tətbiq olunan maddi hüquq normasının işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması hazırki halda xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan məhkəmə qeyd edir ki, həmin tənbehin tətbiqinin qanunauyğunluğunun yoxlanılması daha geniş hüquqi araşdırma tələb edir. Məhkəmə işçinin işdən azad edilməsi zamanı işəgötürən tərəfindən qanunvericiliyin tələblərinə riayət edilməsi ilə bağlı qeyd edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilməsi üçün əsaslar mövcud olmamışdır. İşəgötürən əmək qanunvericiliyinə riayət etməməklə, həmçinin işçi tərəfindən yol verilmiş “intizam pozuntusunu” müəyyən edilmiş əsaslar çərçivəsində qiymətləndirməməklə əmək müqaviləsinə xitam vermiş və iddiaçını işdən azad etmişdir. Belə ki, Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə görə, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Göründüyü kimi əmək qanunvericiliyində Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinin şərtləri müəyyən olunmuşdur. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərilmiş AR Əmək Məcəlləsinin 10-cu maddəsinin “b” bəndinə əsasən əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etməməsi nəticəsində iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması, mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrıayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi müəyyən olunmur. Belə ki, 70-ci maddənin ç bəndinin tətbiqini şərtləndirən əsas amil işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə yuxarıda sadalanan halların baş verməsidir ki, iddiaçının iş yoldaşıyla apardığı müvafiq yazışmalar, əvvəla, iş vaxtından sonra həyata keçirilməklə, onun əmək funksiyalarının və ya vəzifə öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı olmamışdır. Görünən odur ki, iddiaçının birbaşa rəhbəri baş vermiş “hadisə” nəticəsində şəxsi və işgüzar nüfuzunun ciddi surətdə zədələməsini əsas götürməklə, sırf şəxsi münasibətlər zəminində iddiaçının işdən çıxarılmasına dair təqdimat vermiş, işəgötürən də həmin təqdimatı əsas götürməklə işçinin əmək müqaviləsinə, bunun üçün əsaslar olmadığı halda, Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam vermişdir. Qeyd edilməlidir ki, əmək hüquq münasibətləri baxımından işçi tərəfindən yol verilmiş əmək hüquq pozuntusuna görə tətbiq edilən məsuliyyət tədbirləri mütənasiblik təşkil etməlidir. Təsadüfi deyildir ki, əmək qanunvericiliyində işçinin yol verdiyi pozuntunun xarakterindən, ağırlığından asılı olaraq fərqli intizam tənbeh tədbirləri nəzərdə tutulub (Əmək Məcəlləsinin 186-cı maddəsi). Qeyd edildiyi kimi əmək qanunvericiliyinə görə əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozan işçinin əmək müqaviləsinə xitam verilməsini ən sərt tənbeh tədbiri kimi müəyyənləşdirmiş, alternativ tənbeh tədbirləri kimi töhmət və ya sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək imkanlarını da nəzərdə tutmuşdur. Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü bəndinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Göstərilənlər onu deməyə əsas verir ki, hazırkı işdə, işəgötürən tərəfindən intizam təhnehi tətbiq olunarkən iddiaçının törətdiyi “xəta”nın xarakterinin nəzərə alınmaması, bununla da işəgötürənin yanaşmasına görə pozuntu hesab edilən halın xarakterinə adekvat olmayan tənbeh tədbirinin tətbiqi Əmək Məcəlləsinin 186-cı maddəsinin tələblərinə zidd olmaqla, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç» bəndinin düzgün tətbiq olunmaması deməkdir. Belə ki, hər hansı hüquq pozuntusuna görə nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin yol verilmiş pozuntunun xarakterinə, ağırlığına və digər vacib xüsusiyyətlərinə mütənasib olması hüququn hamılıqla qəbul edilmiş ümumi prinsiplərindən biridir. İşəgötürən tərəfindən intizam xətası kimi qiymətləndirilən məlum hadisəyə görə işəgötürənin 186-cı maddədə sadalanan intizam tənbeh tədbirlərindən daha yüngül tədbiri tətbiq etmək imkanına malik olduğu, hətta tənbeh tədbiri deyil, yalnız xəbərdarlığın elan olunması belə, kifayət hesab edilə bildiyi halda, iddiaçıya məhz ən ağır intizam tənbehi olan əmək müqaviləsini Əmək Məcəllənin 70-ci maddəsinin "ç” bəndi ilə ləğv etməyə nə dərəcədə zərurət olması işdən məlum deyil. Qeyd olunmalıdır ki, iddiaçının müvafiq hərəkətinin Emin Zeynalovun həm ümumi olaraq şirkət daxilində, həm də onun rəhbərlik etdiyi istiqamətdə şəxsi və işgüzar nüfuzunu ciddi surətdə zədələnməsi kimi hesab edilməsi 70-ci maddənin ç bəndinin tətbiqi üçün deyil, onun məhkəmə qaydasında şərəf və ləyaqətinin müdafiəsi, mənəvi zərərin əvəzinin ödənilməsinin tələb edilməsi üçün əsas ola bilərdi. Məhkəmə bir daha vurğulayır ki, iddiaçının qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla cavabdeh şirkət tərəfindən təqdim edilmiş iddiaçının vəzifə təlimatında öz əksini tapmış əmək funksiyalarını və ya vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməsi halı müəyyən edilməmişdir ki, bu da ona münasibətdə həmin maddənin tətbiqini istisna edir. Göründüyü kimi iddiaçıya intizam tənbehi verən işəgötürən “Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri”ni müəyyən edən 186-cı maddənin 3-cü bəndinin tələblərini pozmuşdur. Bununla da cavabdeh qanunvericiliyin qeyd olunan tələblərinə əməl etməyərək qanunsuz olaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddənin «ç» bəndi ilə xitam vermişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı barəsində intizam tənbehinin verilməsi zamanı əmək qanunvericiliyinin tələbləri pozulduğundan intizam tənbeh tədbirinin tətbiq olunmasına dair xx.xx.2024-cü il tarixdə 478 nömrəli əmr ləğv edilməlidir. Əmr ləğv edildiyindən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçi əvvəlki vəzifəsinə bərpa edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı "xxxx" ASC-nin sürücü vəzifəsi ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilməsi haqqında cavabdeh "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 478 əmrinin ləğv edilməli, İddiaçı işə bərpa edilməli, İddiaçı xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir.
Məhkəmə xərcləri: Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.1-ci maddəsinə əsasən iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən dövlət mədaxilinə tutulmalıdır. Məhkəmə iddiaçının ödənilməsindən azad edildiyi dövlət rüsumunun ödənilməsi ilə bağlı qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün qiymətləndirilməyən iddialar üçün nəzərdə tutulmuş 100 manat məbləğində dövlət rüsumu tutulmaqla dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. İddiaçı "xxxx" ASC-nin sürücü vəzifəsi üzrə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilməsi haqqında cavabdeh "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 478 əmri ləğv edilsin. İddiaçı "xxxx" ASC-də sürücü vəzifəsinə işə bərpa edilsin. İddiaçı xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı işəgötürən tərəfindən hesablanmaqla ödənilsin. Cavabdeh "xxxx" ASC-dən 100 (yüz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Həbibə Miriyeva