Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4253/2024 04.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ X11 oğlunun sədrliyi, X9 qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «yaşayış sahəsinə istifadə hüququnun olmamasının müəyyən edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «yaşayış sahəsinə istifadə hüququnun olmamasının müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən 13 saylı mənzilə (Yeni qaydalarla: ünvan 3iş 48 M2 mənzil 2) istifadə hüququnun olmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüqüqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin **********79- 05101-093002 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 14 noyabr 2023-cü il tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışına əsasən ünvan 1 mənzil 13 (Yeni qaydalarla: ünvan 3iş 48 M2 mənzil 2) xüsusi tam mülkiyyət hüququ əsasında ona məxsusdur. Bununla bağlı qeyd edir ki, onun mülkiyyətində olan mənzil üzrə Cavabdeh hər hansı formada hüquqi bağlılığı olmamış, həmin mənzilə köçməmiş, yaşamamış və onunla birgə təsərrüfat aparmamışdır. Cavabdeh mənzil üzrə qeydiyyata alınması yalnız formal xarekter daşımaqla cavabdehə aid olan hüquqmüəyyənedici sənədlərin, yəni şəxsiyyət vəsiqəsinin və ümumvətəndaş pasportunun alınması məqsədi daşımışdır. Cavabdeh daimi yaşayış yeri Rusiya Federasiyası olmuş, cavabdeh Rusiya Federasiyası vətəndaşı olan şəxslə ailə həyatı qurmuş və ən son əldə olunmuş məlumata əsasən cavabdeh Rusiya Federasiyası vətəndaşı statusu almışdır. Hazırda onun cavabdeh ilə hər hansı əlaqəsi yoxdur, cavabdehin onun mülkiyyətində olan mənzil üzərində olan formal qeydiyyatı onun mülkiyyət hüquqları üzərində olan sərəncam vermək hüququnu məhdudlaşdırmaqdadır. Bu səbəbdən o, pozulmuş mülkiyyət hüquqlarının bərpa edilməsi məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq qeyd etdi ki, Cavabdeh iddiaçının oğludur. Tərəflər arasında heç bir mübahisə yoxdur. İddiaçı yaşlı qadındır, yaşadığı mərtəbədən aşağı düşə bilmir, yaşayışını yaxşı mənada təmin edə bilmir. Cavabdeh bu mənzildən ancaq qeydiyyat məqsədilə istifadə edib. Cavabdehin bu mənzilə qeydiyyatı olsa da, istifadə hüququ yaranmamışdır. İddiaçı sözügedən mənzili 2000-ci illərdə almışdır. Cavabdeh 18 yaşına çatdıqdan sonra Rusiya Federasiyasına köçmüş, demək olar ki, 18 yaşından sonra Azərbaycanda yaşamamışdır. Cavabdehin sağ olub-olmaması barədə məlumatları yoxdur. Onlarda olan məlumata görə isə cavabdeh Rusiya Federasiyasının vətəndaşıdır. İzahatının sonunda iddia tələbinin təmin edilməsini xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin səlahiyyətli şəxsi tərəfindən məhkəməyə ərizə ünvanlanaraq, məhkəmə iclasında iddia tələbinə onların iştirakı olmadan baxılmasına etiraz etmədikləri bildirilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə daxil olmuş ərizəyə əsasən mülki işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin səlahiyyətli nümayəndəsinin, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında dindirilmiş şahid X5 ifadəsində bildirmişdir ki, Asmangül anası, Ruslan isə qardaşıdır. Qardaşı 7 ildir ki, burada yaşamır. O, Moskva şəhərində yaşayır. 7-8 il bundan əvvəl qonaq kimi gəlib vəsiqəsini dəyişərək yenidən çıxıb getmişdir. Ondan sonra Ruslanla heç bir əlaqələri olmamışdır. Həmçinin verilmiş suallara cavabında bildirmişdir ki, qardaşı ilə münasibətləri hər zaman yaxşı olmuşdur. Ruslan Moskvada işləyirdi, sonra evlənib həmin şəhərə köçmüşdür. Köçməmişdən öncə Azərbaycanda tikintidə qəlibçi işləyirdi. Əvvəllər Ruslan buraya gəlib-gedərdi. Sonuncu dəfə sənəd dəyişmək üçün gəlmişdi. Rusiyada bir rus qadınla ailə həyatı qurmuş və iki övladı vardır. Qardaşının uşaqlarını görmüşdür. Belə ki, qardaşı Azərbaycana uşaqları ilə birlikdə gəlmişdir. 7 ildir ki, qəti şəkildə əlaqələri yoxdur. Ona zəng edib əlaqə yaratmağa cəhd etsələr də, nömrəsinə zəng çatmamışdır. Ruslan Azərbaycana tez-tez gəlmirdi, ildə bir dəfə gəlib-gedirdi. Ruslan anasına məxsus sözügedən evdə heç vaxt yaşamamışdır. Lakin o və anası həmin evdə yaşamışlar. Əvvəlki məhkəmə iclasında dindirilmiş şahid X2 ifadəsində bildirmişdir ki, Asmangül yaşlı və xəstə qadındır. O, tək yaşayır. Bir oğlu Roman arada bir anasına gəlib dəyir. Digər oğlu Ruslan isə Moskvada itkin düşüb və tapılmır. Ruslan 7-8 ilə yaxındır ki, burada yoxdur. Həmçinin verilmiş suallara cavabında bildirmişdir ki, Asmangül onun qonşusudur. 2017-ci ildə onlar Asmangülgilə qonşu gəlmişlər. Şahid kimi ifadə verməyi ondan Asmangül xahiş edib. Asmangül evi satmaq istəyir, ona görə də oğlunu evdən qeydiyyatdan çıxarmaq istəyir. Ruslanı şəxsən tanımır, onu heç vaxt görməyib. Asmangül həmişə tək yaşayıb, hərdən bir oğlu Roman gəlir. Asmangülə heç kim baxmır. Qonşusunun dediyinə görə Ruslan əvvəllər zəng edirdi, son bir neçə ildir ki, zəng etmir. Lakin onların münasibətləri korlanmayıb. Belə ki, Asmangül Ruslan barəsində heç vaxt mənfi fikir səsləndirməmişdir. Əvvəlki məhkəmə iclasında dindirilmiş şahid X4 ifadəsində bildirmişdir ki, Asmangül yaşlı qadındır, evini satmaq istəyir. Özü xəstədir, gəzə bilmir, çox əziyyət çəkir. Həmçinin verilmiş suallara cavabında bildirmişdir ki, o, tərəflərin hər ikisini tanıyır. Onlar köhnə evdə qonşuları olublar. Tərəflər arasında heç bir ədavət olmayıb. Asmangül hər iki övladı üçün ayrı-ayrılıqda ev almaq niyyətindədir. O, övladlarını çox istəyir. Ruslanla 7 il bundan əvvəl əlaqələri olub. Ruslan tez-tez gəlmirdi, ildə bir dəfə gəlirdi. Hər ikisini uşaqlığından tanıyır. Ruslan heç vaxt o evdə yaşamayıb. Ruslanı 7-8 il bundan əvvəl görmüşdür. O, pasport almaq üçün gəlmişdi. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, əvvəlki məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrini nəzərə alıb, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən 13 saylı (Yeni qaydalarla: ünvan 3iş 48 M2 mənzil 2) - reyestr nömrəsi: **********79 – 093002, - qeydiyyat nömrəsi: ********** olan mənzil tam mülkiyyət hüququ üzrə 14 noyabr 2023-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında 07 avqust 2024-cü il tarixli ******* nömrəli arayışına əsasən İddiaçı ilə yanaşı X4, Cavabdeh, X7, X1 və X5 də ünvan 1 ünvanında yerləşən 13 saylı mənzildə pasport qeydiyyatındadırlar. Məhkəmənin sorğusu əsasında daxil olmuş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 03 oktyabr 2024-cü il tarixli 3-38-2/33-3644/24 nömrəli məktubu ilə Cavabdeh dövlət sərhədindən hərəkəti (giriş-çıxışı) barədə məlumat təqdim edilmişdir. Həmin məlumatlara görə Cavabdeh 13 yanvar 2004-cü il tarixdən etibarən müxtəlif tarixlərdə dövlət sərhədindən hərəkət etmiş və sonuncu dəfə 16 mart 2017-ci il ölkə hüdudlarını tərk etmişdir. Məhkəmənin sorğusu əsasında daxil olmuş Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin 27 noyabr 2024-cü il tarixli 341459/2017-5-36 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(006)-9634/2017 saylı icra sənədinə əsasən borclu Cavabdeh 2459 manat pul tutularaq X3 və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(006)-8293/2017 saylı icra sənədinə əsasən isə 897 manat pul tutularaq "xxxx" MMC-yə verilməlidir. İcra sənədləri üzrə icraata başlanılmazdan əvvəl borclu Cavabdeh xx.xx.2017-ci il tarixdə ölkə ərazisini tərk etmişdir. Borclu Cavabdeh hər ay pensiyasına inkasso sərəncamı tətbiq olunmuş, hal-hazırda X3 1154 manat, "xxxx" MMC-yə isə 64 manat borcu qalmışdır. Ödəniş qəbzinə əsasən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlqədar 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktik sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülkiyyətin toxunulmazlığı və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsipdən çıxış edilərək qüvvədə olan Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna dair qaydalar müəyyən olunmuşdur. Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: 1) mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; 2) həmin razılaşmanın notariat qaydasında təsdiq olunması; 3) istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Məhkəmə qeyd edir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz halı ondan ibarətdir ki, ünvan 1 ünvanında yerləşən 13 saylı mənzil (Yeni qaydalarla: ünvan 3iş 48 M2 mənzil 2) mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Mülki iş üzrə cavabdeh qismində cəlb edilmiş Cavabdeh isə iddiaçının oğlu olmaqla, həmin mənzildə pasport qeydiyyatındadır. İddiaçının məhkəməyə müraciət etməsində məqsəd ona mülkiyyət hüququ ilə məxsus olan mənzilə Cavabdeh istifadə hüququnun olmamasının müəyyən edilməsi ilə əlaqədardır, hansı ki məhz işin mübahisəli halını təşkil edir. Cavabdehin sözügedən mənzilə istifadə hüququnun olub-olmamasının müəyyən edilməsindən ötrü məhkəmə tərəfindən araşdırmalar aparılmış və bu araşdırmalar zamanı iddiaçı tərəfin izahatı alınmış, şahid ifadələri dinlənilmiş, işdə olan və əlavə olaraq tələb edilmiş sənədlərə baxış keçirilmişdir. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların mövcud olub-olmaması Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd olunan Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, aparılmış araşdırma zamanı iddiaçının irəli sürmüş olduğu tələbinin əsaslılığı işdə olan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, iddiaçı tərəfin izahatı ilə məhkəmə iclasında şahidlərin vermiş olduqları ifadələr arasında hər hansı bir ziddiyyətli məqam aşkar edilməmiş, tam əksinə həmin sübut növləri ilə cavabdehin anasına məxsus mənzildə yaşamadığı, formal olaraq qeydiyyata alındığı, aidiyyəti qurumların məktublarına əsasən isə sonuncunun uzun müddət öncə ölkə hüdudlarını tərk etdiyi müəyyən edilmişdir. Bununla da məhkəmənin qənaətinə görə cavabdehin sözügedən mənzilə istifadə hüququ yaranmamışdır. İstifadə hüququnun yaranmadığı halda cavabdehin mənzildə formal olaraq qeydiyyatda qalması isə mülkiyyətçi olan iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarında qeyd olunur ki, yaşayış sahəsinin mülkiyyətçisinin razılığı ilə onun mülkiyyətində olan yaşayış yeri üzrə qeydiyyata alınma həmin yaşayış sahəsindən istifadə hüququnun yaranmasını ehtiva etmir. Belə ki, qanunvericilik istifadə hüququnun yaranması faktını şəxsin həmin mənzilə qeydiyyatının olub-olmamasından asılı etməmişdir. Mövcud qanunvericilik şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması əsasları ilə yanaşı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarını da nəzərdə tutmuşdur. “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Məhkəmə hesab edir ki, cavabdehin qeyd olunan mənzilə qeydiyyata alınması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin tələbləri baxımından onun vətəndaş hüquqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratsa da, bunun nəticəsində yaranmış həmin hüquqlar Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan elementlərindən biri olan istifadə hüququnu təşkil etmir və onun qeydiyyata alınması həmin mənzildən istifadə hüququnun yaranması kimi qiymətləndirilə bilməz. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ünvan 1 ünvanında yerləşən 13 saylı mənzilə (Yeni qaydalarla: ünvan 3iş 48 M2 mənzil 2) istifadə hüququnun olmaması müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb olmadığından ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ünvan 1 ünvanında yerləşən 13 saylı mənzilə (Yeni qaydalarla: ünvan 3iş 48 M2 mənzil 2) istifadə hüququnun olmaması müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. X12
Məhkəmə qərarları › İş №e-2(006)-4253/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4253/2024
04.12.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver