Məhkəmə qərarları › İş №e-2(006)-43/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-43/2024

29.02.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-43/2024 29.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «əmək haqqına əlavələrin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «əmək haqqına əlavələrin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən xx.xx.2008-ci ildən xx.xx.2019-cu ilədək olan dövrdə hər ay üçün əmək haqqının 20 %-i məbləğində ödənilməli olan əlavələr - ümumilikdə 35.230 manat və ödənilmiş 50 manat mediasiya xərci olmaqla, cəmi 35.235 manat pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə təqdim edərək, "xxxx" ASC-dən xx.xx.2008-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrdə hər ay üçün əmək haqqının 20 faizi məbləğində ödənilməli olan, lakin ödənilməyən əmək haqqına əlavələrin - ümumilikdə 41.374,25 manat məbləğin və ödənilmiş 50 manat mediasiya xərcinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, "xxxx" ASC ilə bağladığı xx.xx.2008-ci il tarixli əmək müqaviləsinə uyğun olaraq həmin ASC-nin Daşkəsən şöbəsinin müdiri vəzifəsinə təyin olunmuş, xx.xx.2022-ci il tarixədək həmin vəzifədə çalışmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixli əmri ilə müddətsiz bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) xitam verilmişdir. İşlədiyi bütün illər ərzində istər əmək qanunvericiliyinin tələblərinə, istərsə də cavabdehin müəyyən etdiyi daxili qaydalara əməl etmiş, işində heç bir nöqsana yol verməmişdir. Cavabdeh tərəfindən bu illər ərzində mükafatlara layiq görülmüşdür. Həmçinin bir neçə dəfə əmək haqqı artırılmış, xx.xx.2019cu ildə cavabdehlə bağladığı əmək müqaviləsinə əlavə imzalanmışdır. Həmin əlavəyə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 159-cu maddəsinə və Nazirlər Kabinetinin 2002-ci il tarixli 137 nömrəli Qərarına müvafiq olaraq əmək funksiyasını dəniz səviyyəsindən 1.500 metrdən 2.000 metrədək yüksəklikdə icra etdiyi (xüsusi şəraitdə) üçün əmək haqqına 20 %-i məbləğində əlavə müəyyən edilmişdir. Həmin tarixdən etibarən işdən çıxdığı vaxtadək əmək haqqına qeyd edilən miqdarda əlavələr edilmişdir. Əmək müqaviləsinə xitam verilərkən son haqq hesabının ödənilməsi zamanı işlədiyi xx.xx.2008ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üçün əmək haqqına əlavə edilməli olan məbləğlər ona ödənilməmişdir. Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 159cu maddəsinə görə əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımlar (əmsallar) müəyyən edilir. Əmək haqqına belə artımların (əmsalların) məbləğinin minimum miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi» haqqında 2002-ci il tarixli 137 nömrəli Qərarında göstərilir: 5. Azərbaycan Respublikasında dəniz səviyyəsindən hündürlükdə yerləşən müəssisə, idarə, təşkilatlarda və ya iş yerlərində çalışan işçilərin əmək haqqında hündürlük 1200 metrdən 1500 metrədək olduqda, artımın (əmsalın) minimum miqdarı 1,1, 1500 metrdən 2000 metrədək olduqda, artımın (əmsalın) minimum miqdarı 1,2, 2000 metrdən yuxarı olduqda isə artımın (əmsalın) minimum miqdarı 1,3 məbləğində müəyyən edilsin. 6. Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1200 metrdən 1500 metrədək, 1500 metrdən 2000 metrədək və 2000 metrdən yuxarıda yerləşən yaşayış məntəqələrinin siyahısı 1 və 2 nömrəli əlavələrə uyğun olaraq müəyyən edilsin. Həmin Qərara edilmiş 1 saylı Əlavədə Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək və 2000 metrdən artıq yüksəklikdə yerləşən yaşayış məntəqələrinin siyahısı göstərilmişdir. Bu siyahıdan aydın olur ki, onun əmək fəaliyyətini yerinə yetirdiyi Daşkəsən şəhəri dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək olan yaşayış məntəqələrinə aiddir. Beləliklə, həm əmək qanunvericliyinin tələblərinə, həm də Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən onun əmək haqqına əlavələr xx.xx.2019-cu il tarixdən deyil, xx.xx.2008-ci il tarixdən ödənilməli idi. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 159-cu maddəsinə və Nazirlər Kabinetinin 2002-ci il tarixli 137 nömrəli Qərarına müvafiq olaraq cavabdeh tərəfindən xx.xx.2008-ci ildən xx.xx.2019-cu ilədək əmək haqqına görə əlavə ödəniləcək məbləğ 35.230 manat təşkil edir. Həmin məbləğ cavabdeh tərəfindən təqdim olunmuş bank hesabından çıxarışlara əsasən müəyyən olunmuşdur. Əslində heç bir əsaslı səbəb olmadan cavabdeh onu işdən azad etməklə maddi vəziyyəti olduqca pisləşmişdir. Artıq bir neçə aydır ki, işsizdir. Ailədə yeganə qazanc gətirən şəxs olaraq hal-hazırda işsiz olması ona təkcə maddi yox, həm də mənəvi-psixoloji təsir edir. Himayəsində olan üç uşaq, həyat yoldaşı, yaşlı və şəkər xəstəsi olan anası ümidini ona bağlamışlar. Övladlarından ikisi tələbədir, ödənişli əsaslarla təhsil alırlar. İşdən azad olunması övladlarının təhsil xərclərini ödəməkdə ona böyük problemlər yaratmışdır. Uşaqların, ailənin maddi ehtiyaclarını ödəmək, anasının müalicələrini aparmaq üçün qohum-əqrəbadan borc istəmək məcburiyyətində qalmışdır. Cavabdehin bu hərəkəti ilə onun Azərbaycan Respublikası Konstitusiyası ilə müəyyən edilən əmək hüquqları pozulmuşdur. Əmək kitabçasını xx.xx.2022-ci il tarixdə cavabdehin Gəncə filialından qəbul etmişdir. Yuxarıda qeyd olunanları nəzərə çatdırmaqla hesab edir ki, məhkəməyə müraciəti qanunvericiliyin tələbinə tam uyğundur və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 159-cu maddəsinə və Nazirlər Kabinetinin 2002-ci il tarixli 137 nömrəli Qərarına müvafiq olaraq cavabdeh tərəfindən xx.xx.2008-ci ildən xx.xx.2019-cu ilədək əmək haqqına görə əlavələr cəmi 35.230 manat məbləğ tutularaq ona ödənilməlidir. «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə görə Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İlkin mediasiya prosesində iştirak etsə də, cavabdeh mediasiya prosesində iştirak etməmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/11-00642 saylı xx.xx.2022-ci il tarixli arayış verilmişdir. «Dövlət rüsumu haqqında» Qanunun 9.1-1-ci maddəsinə görə «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Mediasiya prosesinin keçirilməsi ilə əlaqədar 50 manat mediasiya xərci ödəmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək iddianın rədd olunmasını xahiş etmişdir. Hesab edir ki, cavabdehin bu ərizəsi tamamilə əsassızdır və hazırki iddia tələbinə tətbiq oluna bilməz. Bununla bağlı məhkəməyə ətraflı mülahizə təqdim etmişdir. İddiaçı əmək kitabçasını xx.xx.2022-ci il tarixdə cavabdehin Gəncə filialından qəbul etmişdir. İddiaçının əmək müqaviləsinə xitam verildikdən sonra cavabdeh tərəfindən sənədlərin (əmək kitabçasının) təqdim edildiyi tarixdən aydın olur ki, iddiaçı iddia qaldırmaq üçün tələb olunan müddəti ötürməmişdir. Bundan başqa, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/6581 nömrəli xx.xx.2023-cü il tarixli rəyinə əsasən müəyyən olunmuşdur ki, iddiaçıya xx.xx.2008-ci il tarixdən xx.xx.2019-cu il tarixədək ödənilməli olan məbləğ 233.714,53 manat olmalı olduğu halda, 192.340,28 manat əmək haqqı ödənilmişdir və yaranmış fərq 41.374,25 manat təşkil edir. İddia tələbinə dəqiqləşmə təqdim edərək həmin məbləğin və mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Qeyd olunanları nəzərə alaraq cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinin rədd edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək göstərmişdir ki, iddiaçı iddia ərizəsində qeyd edilən tələblər üzrə iddia müddətini ötürmüşdür, bu da öz növbəsində qanunvericiliyin tələblərinin iddiaçı tərəfindən kobud şəkildə pozulması deməkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3-cü maddəsinə əsasən ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddiaçı xx.xx.2018ci il tarixdən xx.xx.2022-ci il tarixədək Bankın Daşkəsən şöbəsinin müdiri vəzifəsində çalışmışdır. xx.xx.2019-cu il tarixdə iddiaçı ilə bağlanılan əmək müqaviləsinə Əlavə imzalanmış, həmin əlavəyə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 159-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il tarixli, 137 nömrəli Qərarına müvafiq olaraq əmək funksiyasını dəniz səviyəsindən 1500 metrdən 2000 metrədək yüksəklikdə icra etdiyi üçün əmək haqqına 20% məbləğində əlavə müəyyən edilmiş və həmin tarixdən işdən çıxdığı tarixədək əmək haqqına qeyd edilən miqdarda əlavələr edilmişdir. İddiaçı əmək müqaviləsinə xitam verilərkən son haqq-hesabının ödənilməsi zamanı işlədiyi xx.xx.2008-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üçün əmək haqqına əlavə edilməli olan məbləğlərin ona ödənilmədiyini qeyd edir. Aşağıda qeyd edilən səbəblərə görə hesab edir ki, iddiaçı iddia müddətini ötürmüşdür və iddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İddiaçı xx.xx.2008-ci il tarixdə artıq Daşkəsən şöbəsinə müdir vəzifəsinə təyin olunmuşdu və dəniz səviyyəsindən yüksəkdə işlədiyini bilirdi və ya bilməli idi. «Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında» Nazirlər Kabinetinin Qərarı 2002-ci ilə aiddir və həmin qanun kütləvi informasiya vasitələrində dərc olunmuşdur. «Qanunu bilməmək məsuliyyətdən azad etmir» prinsipini də nəzərə aldıqda, iddiaçı artıq Daşkəsən filialına təyin olunduğu vaxt onun əmək haqqına əlavələrin edilməli olduğunu bilməli idi və hüququnun pozulması ilə bağlı ilk növbədə işəgötürənə, onun tərəfindən müraciəti nəzərə alınmadığı halda müvafiq məhkəməyə müraciət edə bilərdi. Lakin iddiaçı nəyəsə görə gözləmiş, məhz onun əmək müqaviləsinə xitam verildikdən sonra bu məbləği tələb etmişdir. Bu da iddiaçı tərəfindən iddia müddətinin kobud şəkildə pozulmasını söyləməyə əsas verir. Qeyd edildiyi kimi, iddiaçının əmək haqqına əlavələr xx.xx.2019-cu il tarixdən etibarən edilməyə başlanmışdır, iddiaçının öz hüququnun pozulmasını aşkar etdiyi zamanın xx.xx.2008-ci il deyil, məhz sözügedən əlavələrin edilməsinə başlandığı an olduğunu fərz etdikdə belə, iddiaçı iddia müddətini ötürmüşdür. Belə ki, iddiaçı həmin vaxta kimi onun yerləşdiyi ərazinin məhz dəniz səviyyəsindən yüksəklikdə olduğunu və ya onun əmək haqqına bunun üçün əlavələrin olduğunu bilməsə idi belə, artıq xx.xx.2019-cu il tarixdə bu pozuntunu özü-özlüyündə aşkar etmişdi və həmin zaman pozulmuş hüquqlarının müdafiəsi üçün müvafiq qaydada müraciət edə bilərdi. İddiaçının bunun üçün işdən çıxmasını və son haqq-hesab zamanı həmin məbləği tələb etməsi də məntiqi uyğunsuzluq təşkil edir. İddiaçı iddia ərizəsində Əmək Məcəlləsinin 296.4-cü maddəsinə istinad edir. Belə ki, həmin maddəyə əsasən işçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Lakin hazırki iddianın heç bir elementi iddiaçının işçi olduğu dönəmdə onun həyatına və sağlamlığına zərər vurulması faktını özündə ehtiva etmir. Bu maddənin indiki iddia tələbi ilə heç bir bağlantısı yoxdur. Bütun bunlar onu təsdiqləyir ki, iddiaçı məhkəməyə müraciət edərkən qanunvericiliklə müəyyən olunan müddət tələbini kobudcasına pozub. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, iddiaçı hər ay əmək haqqı almışdır. İddiaçı əmək müqaviləsinə imza etmiş və həmin əmək müqaviləsində nə qədər əmək haqqı alması öz əksini tapmışdır. Beləliklə də, iddiaçı ona əmək haqqının az verildiyini bilməli idi. Cavabdehə qarşı vaxtında iddia qaldıra bilərdi. Haqq-hesab sənədləri iddiaçıya hər ay verilən əmək haqqıdır. Hesab edir ki, iddia müddəti hər aya mütanasib olaraq hesablanmalıdır. Bundan başqa 2019-cu ildə qərar qəbul edilmişdir və iddiaçı ən azından bu tarixdən iddia ilə məhkəməyə müraciət etməli idi. İddia müddətinin tətbiq edilməsinə dair ərizəni müdafiə edir. Göstərilənlərə əsasən, iddia müddəti tətbiq edilməklə iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki: - İddiaçı "xxxx" ASC-nin Gəncə filialının 10 noyabr 2008-ci il tarixli 208 saylı əmrinə əsasən 30 dekabr 2008-ci il tarixdə tərəflər arasında əmək müqaviləsi bağlanmış və o, xx.xx.2008-ci il tarixdən 3 ay sınaq müddətinə xx.xx.2009-cu il tarixədək Daşkəsən şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. - "xxxx" ASC-nin Gəncə filialının 10 noyabr 2008-ci il tarixli 208 saylı əmrində əmək haqqının 795 manat olması və yüksəkliyə görə əlavə olaraq əmək haqqının 20 %-i həcmində vəsait hesablanması barədə göstəriş yer almışdır. - 30 dekabr 2008-ci il tarixli əmək müqaviləsinə dəyişikliklər haqqında 29 yanvar 2010-cu il tarixdə bağlanmış razılaşmanın şərtlərinə görə, İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti 31 dekabr 2010-cu il tarixədək uzadılmışdır. Eləcə də, işçiyə hər ay 1235 manat məbləğində vəzifə maaşı ödənilməsi, müqavilənin qalan müddəalarının öz qüvvəsində qalması razılaşdırılmışdır; - 30 dekabr 2008-ci il tarixli əmək müqaviləsinə dəyişikliklər haqqında 01 sentyabr 2011-ci il tarixdə bağlanmış razılaşmanın şərtlərinə görə, İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti 31 dekabr 2012-ci il tarixədək uzadılmışdır. Eləcə də, işçiyə hər ay 1285 manat məbləğində vəzifə maaşı ödənilməsi, müqavilənin qalan müddəalarının öz qüvvəsində qalması razılaşdırılmışdır; - 30 dekabr 2008-ci il tarixli əmək müqaviləsinə dəyişikliklər haqqında 17 fevral 2012-ci il tarixdə bağlanmış razılaşmanın şərtlərinə görə, İddiaçı hər ay 1755 manat məbləğində vəzifə maaşı ödənilməsi, müqavilənin qalan müddəalarının öz qüvvəsində qalması razılaşdırılmışdır; - 30 dekabr 2008-ci il tarixli əmək müqaviləsinə dəyişikliklər haqqında 22 fevral 2013-cü il tarixdə bağlanmış razılaşmanın şərtlərinə görə, İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti 31 dekabr 2013-cü il tarixədək uzadılmışdır. Eləcə də, işçiyə hər ay 1895 manat məbləğində vəzifə maaşı ödənilməsi, müqavilənin qalan müddəalarının öz qüvvəsində qalması razılaşdırılmışdır; - 30 dekabr 2008-ci il tarixli əmək müqaviləsinə dəyişikliklər haqqında 07 mart 2014-cü il tarixdə bağlanmış razılaşmanın şərtlərinə görə, İddiaçı ilə bağlanmış əmək müqaviləsinin 2.1-ci bəndinin müqavilənin müddətsiz bağlanması redaksiyasında yazılması, işçiyə hər ay 1625 manat məbləğində vəzifə maaşı ödənilməsi, müqavilənin qalan müddəalarının öz qüvvəsində qalması razılaşdırılmışdır; - 30 dekabr 2008-ci il tarixli əmək müqaviləsinə dəyişikliklər haqqında 12 dekabr 2014-cü il tarixdə bağlanmış razılaşmanın şərtlərinə görə, İddiaçı hər ay 1720 manat məbləğində vəzifə maaşı ödənilməsi, müqavilənin qalan müddəalarının öz qüvvəsində qalması razılaşdırılmışdır; - 30 dekabr 2008-ci il tarixli əmək müqaviləsinə 01 iyul 2019-cu il tarixdə bağlanmış Əlavənin şərtlərinə görə, tərəflər əmək müqaviləsinin 4.4-cü bəndinin dəyişdirilməsi və aşağıdakı yeni redaksiyada verilməsi barədə razılığa gəlmişlər: «4.4. Əmək funksiyasını dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək yüksəklikdə olan iş yerində icra etdiyi üçün (xüsusi şəraitdə) işçinin əmək haqqına 20 %-i məbləğində əlavə müəyyən edilir. (Əmək Məcəlləsinin 159-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il avqust tarixli 137 №-li qərarına əsasən)»; - 30 dekabr 2008-ci il tarixli əmək müqaviləsinə dəyişikliklər haqqında 02 mart 2022-ci il tarixdə bağlanmış razılaşmanın şərtlərinə görə, İddiaçı hər ay 1800 manat məbləğində vəzifə maaşı ödənilməsi, işçinin icbari tibbi sığortalanmasının təmin edilməsi, müqavilənin qalan müddəalarının öz qüvvəsində qalması razılaşdırılmışdır; - Tərəflər arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) xitam verilmişdir; - İddiaçı iddia ərizəsində qeyd etdiyi tələblə bağlı cavabdehə müraciət etmiş, cavabdehə mediasiyanın tətbiqi barədə təklif ünvanlamış, lakin cavabdehin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmiş, bu səbəbdən, Bakı 11 saylı Mediasiya təşkilatı tərəfindən 19 avqust 2022-ci il tarixli MŞB/11-00642 saylı ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayış verilmişdir. Həmin arayışdan göründüyü kimi, iddiaçı xx.xx.2022-ci il tarixə saat 16:30-a təyin olunmuş ilkin mediasiya sessiyasında iştirak etmiş, 50 manat mediasiya xərcini ödəmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 dekabr 2023-cü il tarixli 9/6581 saylı rəyindən görünür ki, tədqiqat zamanı iş materiallarında olan sənədlərə əsasən "xxxx" ASC tərəfindən İddiaçı ödənilmiş məbləğin 192.340,28 manat, ödənilməli olan məbləğin 233.714,53 manat, yaranmış fərqin isə 41.374,25 manat olması müəyyən edilir. Tədqiqatla iş materiallarında olan sənədlərə əsasən xx.xx.2008-ci il tarixli əmək müqaviləsi üzrə xx.xx.2008-ci il tarixdən xx.xx.2010-cu il tarixədək olan dövr üzrə əmək haqqına 20 % miqdarında əlavənin hesablanması müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Beləliklə də, işin araşdırılmış hallarından məlum olur ki, İddiaçı "xxxx" ASC-nin Gəncə filialının 10 noyabr 2008-ci il tarixli 208 saylı əmrinə əsasən xx.xx.2008-ci il tarixdən 3 ay sınaq müddətinə xx.xx.2009-cu il tarixədək əmək müqaviləsi bağlanılmaqla Daşkəsən şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. Əmrdə əmək haqqının 795 manat olması və yüksəkliyə görə əlavə olaraq əmək haqqının 20 %-i həcmində vəsait hesablanması barədə göstəriş yer almışdır. Həmin əmrə əsasən 30 dekabr 2008-ci il tarixdə tərəflər arasında əmək müqaviləsi bağlanmışdır. Bundan başqa, iddiaçı işçi kimi bank və kommersiya sirrinin qorunması və s. ilə əlaqədar öhdəliklər götürmüş, həmin öhdəlik iddiaçı tərəfindən 30 dekabr 2008-ci il tarixdə imzalanmışdır. Bundan başqa, 01 iyun 2020-ci il tarixdə tərəflər arasında tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Buna qədər isə xx.xx.2019-cu il tarixdə iddiaçı ilə bağlanılan əmək müqaviləsinə Əlavə imzalanmış, həmin əlavəyə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 159-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il tarixli, 137 nömrəli Qərarına müvafiq olaraq əmək funksiyasını dəniz səviyəsindən 1500 metrdən 2000 metrədək yüksəklikdə icra etdiyi üçün əmək haqqına 20% məbləğində əlavə müəyyən edilmiş və həmin tarixdən işdən çıxdığı tarixədək əmək haqqına qeyd edilən miqdarda əlavələr edilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) xitam verilmişdir. İşin araşdırılmış hallarından məlum olur ki, əmək qanunvericiliyinin tələblərinə, həm də Nazirlər Kabinetinin «Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi» haqqında 2002-ci il tarixli 137 nömrəli Qərarına əsasən iddiaçının əmək haqqına əlavələr xx.xx.2019-cu il tarixdən ödənilməyə başlanılmışdır. Lakin iddiaçı bu ödəmələrin göstərilən tarixdən deyil, xx.xx.2008-ci il tarixdən ödənilməli olmasını iddia edərək "xxxx" ASC-dən xx.xx.2008-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrdə hər ay üçün əmək haqqının 20 faizi məbləğində ödənilməli olan, lakin ödənilməyən əmək haqqına əlavələrin onun xeyrinə tutulmasını tələb edir. İddianın əsaslılığı baxımından təyin edilmiş və məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 dekabr 2023-cü il tarixli 9/6581 saylı rəyindən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı ödənilmiş məbləğin 192.340,28 manat, ödənilməli olan məbləğin 233.714,53 manat, yaranmış fərqin isə 41.374,25 manat olması müəyyən edilir. Azərbaycan Republikası MPM-nin 101.7 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qeyd edilən qərarına əsasən Azərbaycan Respublikasında dəniz səviyyəsindən hündürlükdə yerləşən müəssisə, idarə, təşkilatlarda və ya iş yerlərində çalışan işçilərin əmək haqqında hündürlük 1200 metrdən 1500 metrədək olduqda, artımın (əmsalın) minimum miqdarı 1,1, 1500 metrdən 2000 metrədək olduqda, artımın (əmsalın) minimum miqdarı 1,2, 2000 metrdən yuxarı olduqda isə artımın (əmsalın) minimum miqdarı 1,3 məbləğində müəyyən edilsin. Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1200 metrdən 1500 metrədək, 1500 metrdən 2000 metrədək və 2000 metrdən yuxarıda yerləşən yaşayış məntəqələrinin siyahısı 1 və 2 nömrəli əlavələrə uyğun olaraq müəyyən edilsin. Həmin Qərara edilmiş 1 saylı Əlavədə Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək və 2000 metrdən artıq yüksəklikdə yerləşən yaşayış məntəqələrinin siyahısı göstərilmişdir. Bu siyahıdan aydın olur ki, onun əmək fəaliyyətini yerinə yetirdiyi Daşkəsən şəhəri dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək olan yaşayış məntəqələrinə aiddir. Məhkəmə cavabdeh tərəfin iddiaya etirazının dəlili kimi iddiaçının Daşkəsən filialına təyin olunduğu vaxt onun əmək haqqına əlavələrin edilməli olduğunu bilməli idi və hüququnun pozulması ilə bağlı ilk növbədə işəgötürənə, onun tərəfindən müraciəti nəzərə alınmadığı halda müvafiq məhkəməyə müraciət edə bilməsi, lakin onun nəyəsə görə gözləməklə, məhz onun əmək müqaviləsinə xitam verildikdən sonra bu məbləği tələb etməsinə istinad etməsinə qiymət verərək hesab edir ki, hər bir şəxs hüququnun pozulması ilə bağlı iddia qaldırmaq hüququna malikdir və onun tələbinə iddiasının əsaslı olub-olmamasından asılı olaraq məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş müddətlər baxımından da hüquqi qiymət verilir. Məhkəmə hesab edir ki, iddiaçıya Azərbaycan Respublikası Əmək Məcəlləsinin 159-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il tarixli, 137 nömrəli Qərarına müvafiq olaraq əmək funksiyasını dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək yüksəklikdə icra etdiyi üçün əmək haqqına 20% məbləğində əlavələr xx.xx.2019-cu il tarixdən deyil, xx.xx.2008-ci il tarixdən ödənilməli olmasına dair tələbləri əsaslı olsa da, o,xx.xx.2008-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrdə hər ay üçün əmək haqqının 20 faizi məbləğində ödəməyə dair iddia tələbini iddia müddətini üzrsüz səbəblərdən ötürməklə məhkəməyə müraciət etmişdir. Halbuki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı hüquqlarının pozulduğunu ona əmək kitabçası təqdim edildiyi vaxt bildiyini qeyd etsə də, əslində ona ödənilməli olan əlavələrin ödənilməməsindən, eləcə də, bu əlavələrin qanunvericiliyə əsasən ödənilməli olmasından xeyli öncədən, yəni xx.xx.2019-cu il tarixdən xəbəri olmuşdur. Cavabdeh tərəf Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianı rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli qərarlar). İddia müddətinin tətbiqinə dair yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyindən göründüyü kimi, iddia əsaslı olarsa məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edə bilərlər. Məhkəmə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «əmək haqqına əlavələrin ödənilməsi» tələbinə dair iddiasına iddia müddətinin tətbiq edilməsi qənaətinə gəlir. Məhkəmə iddiaçı tərəfin Əmək Məcəlləsinin 296.4-cü maddəsinə istinad etməklə (işçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir) hazırki mübahisəyə iddia müddətinin tətbiq edilə bilməməsinə dair dəlilinə qiymət verərək hesab edir ki, göstərilən normada göstərilənlərin iddiaçının cavabdeh təşkilatda işçi olduğu dönəmdə onun həyatına və sağlamlığına zərər vurulması faktını özündə ehtiva etmir. Başqa sözlə, qeyd edilən normanın hazırki iddia tələbi ilə heç bir bağlantısı yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «əmək haqqına əlavələrin ödənilməsi» tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Ödənilmiş 50 manat mediasiya xərci iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «əmək haqqına əlavələrin ödənilməsi» tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilsin. Ödənilmiş 50 manat mediasiya xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar