Məhkəmə qərarları › İş №e-2(006)-4301/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4301/2024

09.10.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4301/2024 09.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X6 iştirakı ilə, iddiaçı Kamalzadə Aynur Nadir qızının cavabdeh "xxxx" ASC-yə qarşı «əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Kamalzadə Aynur Nadir qızı cavabdeh "xxxx" ASC-yə qarşı «əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin İdarə Heyəti sədrinin xx.xx.2023cü il tarixli 2986k saylı əmrinin ləğv edilməsi, onun Nəsimi filialının pərakəndə satış və xidmət üzrə aparıcı mütəxəssisi vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma üçün əmək haqqının və 57 manat mediasiya xərcinin əvəzinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Kamalzadə Aynur Nadir qızı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin İdarə Heyəti sədrinin xx.xx.2023-cü il tarixli 2986k saylı əmri ilə o, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən Nəsimi filialının pərakəndə satış və xidmət üzrə aparıcı mütəxəssisi vəzifəsindən azad edilmişdir. Əmrin nüsxəsi və əmək kitabçası ona yalnız bu yaxınlarda, çoxsaylı müraciətlərindən sonra təqdim olunmuşdur. Əmr tamamilə əsassızdır. Buna görə də, əmr ləğv edilməli, o, vəzifəsinə bərpa edilməli, ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X9 məhkəmə iclasında iddianı qəbul etmədi, iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etdi və izahatında bildirdi ki, iddiaçının irəli sürdüyü tələblər əsassızdır və məhkəmə tərəfindən rədd edilməlidir. Belə ki, X20 departamenti tərəfindən 2022-2023-cü ilin iyul ayınadək aparılmış monitorinqin nəticələrinə əsasən "xxxx" ASC-nin Nəsimi filialının pərakəndə satış və xidmət üzrə aparıcı mütəxəssisi Kamalzadə Aynur Nadir qızının əmək vəzifələrini kobud şəkildə pozaraq, ona həvalə olunmuş vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi və qanunvericiliyin tələblərinə zidd olan əməliyyatlar aparması müəyyən olunmuşdur. Belə ki, X20 departamenti tərəfindən Nəsimi filialı üzrə aparılan monitorinq zamanı X18 Nadir qızı tərəfindən 3 müştəriyə aid bank sirri hesab edilən məlumatların (bank hesablarından çıxarışlar) başqa üçüncü şəxslərin sifarişi ilə müştərilərin yazılı razılığı olmadan əldə olunması və onlara baxış keçirilməsi, məlumatların əldə edilməsi zamanı digər əməkdaşa məxsus olan və yalnız həmin əməkdaş tərəfindən istifadəsinə icazə verilən profildən istifadə etməsi, müştərilərin növbəsiz olaraq qəbul olunması və xidmət göstərilməsi aşkarlanmışdır. Bundan əlavə Bankın müştərisi xx.xx.2023-cü il tarixində çağrı mərkəzinə zəng edərək xx.xx.2023-cü il tarixdə Bankdan kredit götürdüyü zaman kredit məbləğinin yarısını vasitəçiyə təqdim etdiyini, vasitəçi isə həmin pulun bir hissəsinin bankın əməkdaşına çatacağını ona söylədiyini bildirmiş, bununla bağlı Banka yazılı ərizə ilə müraciət etmişdir. Daxil olan məlumat əsasında araşdırma aparılmış, qeyd olunan müştəriyə krediti rəsmiləşdirən MXS əməkdaşının da məhz Kamalzadə Aynur Nadir qızı olduğu aşkar olunmuşdur. Bununla da, Kamalzadə X19 Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndində göstərilən özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş, Bankla onun arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinin, o cümlədən ABB-nin Korporativ Etika Məcəlləsinin tələblərini pozmuşdur. Qeyd olunanların nəticəsi olaraq Kamalzadə Aynur Nadir qızının xx.xx.2023-cü il tarixli 2986K saylı əmrlə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə xitam verilmişdir. Bildirir ki, X2 xx.xx.2023-cü il tarixdə Bankın məlumat mərkəzinə zəng edərək, Bankdan kredit götürdüyü zaman kredit məbləğinin (9700 AZN) yarısını vasitəçiyə verdiyini, vasitəçi isə həmin pulun bir hissəsinin bankın əməkdaşına çataçağını ona söylədiyini bildirmişdir. Daxil olmuş müraciət üzrə X20 Departamenti (bundan sonra DND) tərəfindən müvafiq qaydada araşdırma aparılmışdır. Aparılan araşdırma zamanı X4 «ARDNŞ»-nin Nəqliyyat İdarəsində avtomobil sürücüsü kimi çalışdığı və əmək haqqını ABB-dən aldığı müəyyən edilmişdir. Müştəri R.Nəsrullayevə xx.xx.2023-cü il tarixdə Nəsimi filialının pərakəndə satış və xidmət üzrə aparıcı mütəxəssisi Kamalzadə Aynur Nadir qızı tərəfindən 9.700 AZN kredit verildiyi müəyyən edilmişdir. Kredit verilməsi prosesi üzrə aparılan videomüşahidə zamanı xx.xx.2023-cü il tarixdə, saat 14:13 radələrində əməkdaşın telefonuna mesaj gəldiyi, əməkdaşın telefona baxaraq Bİ proqramında axtarışı elədiyi və müştəriyə məxsus hesablara baxış elədiyi müşahidə edilmişdir (Hesab çıxarışları üzrə loglara əsasən əməkdaş A.Kamalzadənin Nəsimi filialının digər əməkdaşı T.Allahverdilinin profili ilə 14:16 radələrində müştəri R.Nəsrullayevə məxsus hesab çıxarışına baxdığı öz təsdiqini tapmışdır). Əməkdaş müştərinin hesablarına baxış keçirdikdən sonra telefonda mesaj yazdığı, müştərinin filiala 15:30 radələrində yanında bir nəfər ilə daxil olduğu, Q-maticdən A106 nömrəli qəbzi və A107 nömrəli qəbzi (sonuncunu yanındakı şəxsə təqdim edir) götürdüyü müşahidə edilmişdir. Video müşahidələr və Qmatic üzrə loglar təhlil edilən zaman müştəri R.Nəsrullayevin müxtəlif vaxtlarda (15:31, 15:37 və 16:06 radələrində) Q-maticdən F125, A110 və A118 nömrəli qəbzləri götürdüyü müşahidə edilmişdir. Müştərinin götürdüyü A106, A107 və A110 nömrəli qəbzlər əməkdaş Nəzrin Həsənlinin xidmət etdiyi masada yandığı (15:59, 16:01 və 16:03 radələrində) müəyyən müddət gözlədikdən sonra xidmətin yekunlaşdığı, F125 nömrəli qəbzin 15:59 radələrində əməkdaş Mahmud Mahmudzadənin xidmət etdiyi masada yandığı, müəyyən müddət gözlədikdən sonra xidmətin yekunlaşdığı, əməkdaş A.Kamalzadə tərəfindən müştəriyə sonuncu götürdüyü A118 nömrəli qəbz ilə xidmət etdiyi müəyyən edilmişdir. Əlavə olaraq aparılan videomüşahidə zamanı əməkdaşın müştəriyə xidmət edən zaman mütəmadi olaraq telefon ilə kiməsə mesaj yazdığı müşahidə edilmişdir. Əlavə olaraq yoxlama prosesində xx.xx.2023-cü il tarixdə X2 Banka ərizə ilə müraciət edərək xx.xx.2023-cü il tarixdə Həmid adlı vasitəçinin onun şəxsiyyət vəsiqəsinin şəklini çəkərək ABB bankda çalışan Elçin adlı şəxsə göndərdiyini, Elçin adlı şəxsin təsdiqini aldıqdan sonra, vasitəçinin onu Bankın 28 May küçəsində yerləşən filialında çalışan Aynur xanıma yaxınlaşmasını və ona kreditin ayrılacağını söylədiyini bidirmişdir. Müştəri ərizəsində, Həmid adlı vasitəçinin ona ayrılan 9.700 AZN kreditin 5.600 AZN-ni aldığını, 5.000 AZN hissəsinin Elçin adlı şəxsə, 600 AZN isə vasitəçinin özünə qaldığını bildirmişdir. Qeyd etmək lazımdır ki, müştəri R.Nəsrullayev ilə kommunikasiya zamanı Elçin adlı şəxsin ona özünü ABB ASC-nin köhnə əməkdaşı kimi təqdim etdiyini, hazırda bankda çalışmadığını söylədiyini bildirmişdir. Müştəri R.Nəsullayev tərəfindən təqdim edilən məlumata əsasən Elçin adlı şəxsin soyadını, telefon nömrəsi və onun barədə əlavə məlumatı olmadığı bildirmişdir. Qeyd olunan hal ilə bağlı Elçin adlı şəxsin ABB ASC-nin əməkdaşı olması barədə əlavə eyniləşdirmə aparılması mümkün otmamışdır. Aparılmış araşdırma nəticəsində əməkdaş A.Kamalzadə tərəfindən Bank və əməkdaş arasında olan işgüzar münasibətlərin tənzimlənməsi ilə bağlı bir sıra normativ sənədlərin tələblərinin pozulduğu aşkar olunmuşdur. Belə ki, Kamalzadə Aynur Nadir qızı ilə Bank arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinin işçinin əmək funksiyası və vəzifələri adlanan bölməsinin 3.1-ci bəndinə əsasən bank və kommersiya sirrini qorumaq işçinin vəzifəsidir. 3.3-cü bəndinin «b» yarımbəndinə əsasən əmək intizamına və Bankdaxili intizam qaydalarına riayət etmək, o cümlədən ABB-nin Korporativ Etika Məcəlləsinin və s. tələblərini yerinə yetirmək işçinin vəzifəsidir. Sözügedən sənədlərə baxdıqda müəyyən olunur ki, Kamalzadə Aynur Nadir qızı tərəfindən "xxxx" ASC-də informasiya texnologiyalarından məqbul istifadəyə dair Metodiki göstərişlərin 3.1-ci: «Bankın informasiya texnologiyaları yalnız xidməti zərurətlərlə əlaqədar istifadə edilməlidir, informasiya texnologiyalarından şəxsi məqsədlər üçün istifadə yolverilməzdir»; 4.4-cü «Autentifikasiya məlumatları (şifrələr, fərdi identifikasiya kodları və s.) və İnformasiya daşıyıcıları digər işçilərlə paylaşılmamalıdır» bəndləri, "xxxx" ASC-nin Korporativ Etika Məcəlləsinin 5.14.3-cü: «Bank əməkdaşları istər iş yoldaşlarına, istərsə də müştərilərə münasibətdə ayrı seçkiliyə yol verməməli, diskriminasiya hallarının baş verməsinə şərait yaratmamalıdırlar»; 5.17-ci: «Bank əməkdaşları öz vəzifələrindən sui-istifadə etməməli, vəzifə öhdəliklərindən irəli gələn bütün hərəkətlərdə Bankın mənafelərini öz şəxsi mənafelərindən üstün tutmalıdırlar»; 6.8-ci: «Bank müştərilərə xas məlumatların qorunmasının əsas təminatçısıdır. Qanunvericiliklə müəyyənləşdirilmiş qaydada məlumatların paylaşılması halları İstisna olmaqla, Bank biznes əməliyyatlarında müştərilərə aid məlumatların yalnız onların yazılı razılığı əsasında istifadəsinə və ötürülməsinə diqqət yetirir»; 6.9-cu: «Bank əməkdaşları yalnız öz xidməti vəzifələrinin icrası prosesində onlara məlum olan müştəri məlumatlarının qanunla müəyyən edilən qaydada istifadəsinə çalışmalıdırlar»; 6.22-ci: «Bank haqsız üstünlük əldə etmək, inzibati maneələri aşmaq, Banka fayda verə biləcək hər hansı proseduru, tədbiri sürətləndirmək və sair bu kimi məqsədlərə nail olmaq üçün istər aktiv (rüşvət vermə), istərsə də passiv (rüşvət alma) rüşvətxorluğu qadağan edir» bəndləri, o cümlədən "xxxx" ASC-də müştəri növbələrinin elektron idarə edilməsi sisteminin istifadəsinə dair metodiki göstərişlərin 8.3cü bəndi: «Əməliyyatçılar və xəzinədarlar müştəriləri yalnız növbə ilə qəbul etməlidirlər. Müştəriləri növbəsiz qəbul etmək qadağandır» bəndi kobudcasına pozulmuşdur. Bundan əlavə qeyd edilməlidir ki, A.Kamalzadə tərəfindən bundan öncə də bir neçə dəfə eyni məzmunlu xətalar törədilmiş, ən son xətası üçün ona «sonuncu xəbərdarlıqla şiddətli töhmət» tənbehi verilmiş, lakin o, bu əməlindən islah olunmayaraq oxşar pozuntuları törətməkdə davam etmişdir. Qeyd edilənlərə əsasən qanunvericiliyin tələblərinə uyğun olaraq işçidən izahat alınmış, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı razılıq alınması məqsədilə müvafiq olaraq Həmkarlar İttifaqı təşkilatına müraciət olunmuş, sonuncu tərəfindən razılıq verilmiş və qanunvericiliklə müəyyən edilmiş müddət çərçivəsində (əməkdaşın əmək məzuniyyətində, o cümlədən xəstəlik vərəqəsinə əsasən işdə olmadığı dövrlər nəzərə alınmaqla onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Beləliklə, tərəflər arasında bağlanmış əmək müqaviləsinin 4.29-cu bəndinə əsasən işçi ABB-nin qanuni mənafelərini, hüquqlarını və Bank (kommersiya) sirrini qorumadığı, habelə Bankın nüfuzuna xələl gətirdiyi hallarda işçinin bu təqsirli hərəkətləri əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir və ABB tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə müvafiq olaraq əmək müqaviləsinin qeyd-şərtsiz qaydada ləğv edilməsi üçün əsasdır. Odur ki, yuxarıda qeyd edilən xüsusatları, həmçinin işəgötürən olaraq bankın üzərinə düşən bütün prosessual funskiyaları qanunvericiliyin tələblərinə uyğun şəkildə yerinə yetirməsini nəzərə alaraq hesab edir ki, iddiaçı barəsində intizam tənbehi seçilən zaman "xxxx" ASC heç bir pozuntuya yol verilməmişdir. Aynur Kamalzadə öz vəzifə səlahiyyətlərindən şəxsi məqsədləri naminə sui-istifadə edərək əmək müqaviləsi və qanunvericiliyin tələblərini kobudcasına pozmuşdur. Göstərilən faktlara və qanunvericiliyin tələblərinə əsasən iddia rədd edilməlidir. Eləcə də, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin maddənin 7-ci hissəsinə əsasən mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Qanunun 21.5-ci maddəsinə əsasən mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş «mediasiya prosesinin tətbiqi barədə müqavilə» bağlandığı andan başlanmış sayılır. Həmin Qanunun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Həmin Qanunun 35.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Həmin Qanunun 32.4.2-ci maddəsinə əsasən bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən mediasiya prosesinə xitam verilir. Həmin Qanunun 29.2-ci maddəsinə əsasən tərəflər və ya onlardan biri onlara mediatorun (mediasiya təşkilatının) və ya digər tərəfin bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və ilkin mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən ilkin mediasiya sessiyası barədə bildirişi təqdim etməsindən sonra tərəflər və ya onlardan biri ilkin mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə «İlkin mediasiya sessiyasında iştirak edilməməsi» ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən bildiriş tərəflərə ilkin mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. Yuxarıda qeyd edilən qanunvericilik normalarından aydın olur ki, iddiaçı hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilərdi və bu müraciətdən əvvəl ilkin mediasiya sessiyasında iştirak etmək tələbi mövcud idi. Aşağıda göstərilən faktlara əsasən müəyyən etmək olur ki, iddiaçı sözügedən 1 aylıq müddəti ötürmüşdür. "xxxx" ASC-nin İdarə Heyəti sədrinin xx.xx.2024-cü il tarixli 2986k nömrəli əmrindən bəlli olur ki, xx.xx.2023-cü il tarixdə Kamalzadə Aynur Nadir qızı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən tutduğu vəzifədən azad edilib və onunla bağlanılmış əmək müqaviləsinə xitam verilib. Hazırki ərizəyə əlavə edilən xx.xx.2023-cü il tarixli 6-2- 40/2-27058/2023 saylı məktubdan görünür ki, işəgötürən tərəfindən Kamalzadə Aynur Nadir qızının ünvan 1 ünvana (iddia ərizəsində də qeyd edilən ünvan) onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində xitam verildiyi, həmin iş gününün sonunadək onun əmək kitabçasını təhvil almadığı bildirilmiş, qısa müddət ərzində Banka yaxınlaşaraq əmək kitabçasını təhvil alması xahiş olunmuş, sözügedən məktub sonuncu tərəfindən təhvil alınmışdır (iddia müddəti tətbiq edilməsi barədə ərizəyə poçt qaiməsi əlavə edilmişdir). Bundan əlavə elə həmin gün ona son-haqq hesab məbləği ödənilmişdir. Bununla da iddiaçının Məcəllə ilə təsbit olunmuş hüququnun pozulduğunu aşkar etmək imkanı olmuş, həmin vaxtdan etibarən məhkəməyə müraciət etmək üçün müəyyən olunmuş müddətin axımı başlanmışdır. İş materiallarında olan və iddiaçı tərəfindən göndərilən mediasiya prosesi barədə təklifdən görünür ki, iddiaçı banka xx.xx.2024-cü il tarixli mediasiya prosesinin tətbiqi barədə təklif göndərmiş və həmin təklif banka xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Bununla da «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 21.6 və 35.1-ci maddələrinə əsasən məhkəməyə müraciət etmək üçün müəyyən olunmuş iddia müddətinin axımı mediasiya barədə arayış alınacağı vaxtadək dayandırılır. Tarixlərə diqqət yetirdikdə görünür ki, iddiaçının ən geci xx.xx.2023cü il tarixdə hüququnun pozulduğunu (iddiacı belə hesab edir) aşkar etdiyi vaxtdan mediasiya prosesinin tətbiqi barədə təklifi xx.xx.2024-cü il tarixdə göndərməsinə qədər nəinki 1 ay, 9 aya yaxın vaxt keçmişdir. Bu da o deməkdir ki, iddiaçının mediasiya prosesinin nəticəsi ilə bağlı arayışın alınmasından sonra artıq məhkəməyə nə vaxt müraciət etməsindən asılı olmayaraq qanunvericiliklə əmri mübahisələndirmək ücün müəyyən edilmiş müddəti ötürmüşdür. İş materiallarında olan «Mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış»dan görünür ki, sözügedən arayış xx.xx.2024-cü il tarixdə alınmış və məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmiş və bununla da qanunvericiliyin müəyyən etdiyi normanı kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2.3-cü maddəsinə əsasən ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məlikəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bütun bunlar onu təsdiqləyir ki, iddiaçı məhkəməyə müraciət etmək üçün qanunvericilikdə müəyyən edilmiş 1 təqvim ayı tələbini pozub. Göründüyü kimi, istənilən halda iddia rədd edilməlidir. Belə ki, iddia həm əsassızdır, həm də iddia müddəti iddiaçı tərəfindən üzürlü səbəblər olmadan ötürülmüşdür. Məhkəmədən iddianın iddia müddəti tətbiq edilməklə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materialları: xx.xx.2017-ci il tarixli əmək müqaviləsindən görünür ki, Kamalzadə Aynur Nadir qızı "xxxx" ASC-yə Binəqədi filialının Kredit şöbəsinin istehlak kreditləri üzrə mütəxəssisi vəzifəsinə (peşəsinə) əsas iş yeri olmaqla işə qəbul edilmişdir. İşin birinci 3 ayı sınaq müddəti hesab edilmişdir. Əmək müqaviləsi 18 sentyabr 2018-ci il tarixədək bağlanmışdır. Əmək müqaviləsinə 1 nömrəli əlavəyə əsasən iddiaçı «Banklar haqqında» Qanunun 41-ci maddəsinə və «Kommersiya sirri haqqında» Qanuna əsasən aşağıdakı öhdəlikləri öz üzərinə götürmüşdür: - işlədiyi müddətdə və ondan sonra, xidməti işi ilə əlaqədar ona məlum olan bank və kommersiya sirrini yaymamaq; - bank və kommersiya sirrinin qorunması qaydalarını tənzimləyən əmr və təlimatların tələblərini yerinə yetirmək; - bank və kommersiya sirrini təşkil edən məlumatları bankın əleyhinə istifadə etməmək; - bank və kommersiya sirrini təşkil edən məlumatları kənar şəxslər tərəfindən ondan almaq cəhdləri barədə dərhal Bank təhlükəsizliyi departamentinə məlumat vermək. Bank və kommersiya sirrinin yayılmasına görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyacağı barədə xəbərdar edilmiş iddiaçı həmin əlavə ilə tanış olaraq imzası ilə təsdiq etmişdir. Əmək müqaviləsinə xx.xx.2021-ci il tarixli əlavədən görünür ki, Kamalzadə Aynur Nadir qızı pərakəndə satış və xidmət üzrə mütəxəssisi vəzifəsinə təyin edilmişdir. Əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli əlavədən görünür ki, Kamalzadə Aynur Nadir qızı pərakəndə satış və xidmət üzrə aparıcı mütəxəssisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə razılaşdırılaraq təsdiq edilmiş vəzifə təlimatından görünür ki, Kamalzadə Aynur Nadir qızı vəzifə təlimatının tələbləri (əsas məlumatlar, əsas öhdəliklər, səlahiyyətlər, vəzifəyə dair tələblər) ilə tanış olaraq, xx.xx.2022-ci il tarixdə imzalamışdır. xx.xx.2023-cü il tarixli 1951t saylı əmrdən çıxarışdan görünür ki, bankın Nəsimi filialının pərakəndə satış və xidmət üzrə aparıcı mütəxəssisi Kamalzadə Aynur Nadir qızına sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmişdir. Qeyd olunan töhmətin verilməsinə əsas verən sənədlər toplusu təqdim edilmişdir. Kamalzadə Aynur Nadir qızının xx.xx.2023-cü il tarixli izahatında göstərilmişdir ki, qeyd edilən vaxtda Bİ sistemində problem olmuş və digər əməkdaşın profaylı ilə daxil olmuşdur. Qeyd etmişdir ki, Bİ vasitəsilə yalnız hesablara baxmaq və çıxarış etmək mümkündür. Daha sonra öz profaylı ilə daxil olmuşdur. xx.xx.2023-cü il tarixli işçilərə əmək məzuniyyətinin verilməsi haqqında əmrdən görünür ki, Kamalzadə Aynur Nadir qızına xx.xx.2023-cü i tarixdən xx.xx.2023-cü il tarixədək 14 təqvim günü əmək məzuniyyəti verilmişdir. Əmək qabiliyyətinin olmaması barədə bülletendən görünür ki, Kamalzadə Aynur Nadir qızı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək xəstəliklə əlaqədar işdən azad edilmişdir. xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Daxili nəzarət departamenti tərəfindən aparılmış monitorinqin nəticələri barədə ətraflı məlumat verilməklə, bankın Həmkarlar İttifaqı Komitəsindən Kamalzadə Aynur Nadir qızının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən tutduğu vəzifədən azad edilməsinə münasibət bildirilməsi xahiş olunmuşdur. xx.xx.2023-cü il tarixli 6-2-40/2-26473/2023 saylı məktubdan görünür ki, "xxxx" ASCnin İnsan resurslarının idarə edilməsi departamentinin direktoru M.X10 Nadir qızına müraciət edərək, xəstəlik vərəqinin xx.xx.2023-cü il tarixdə bağlanmasına və xx.xx.2023cü il tarixdə işə başlamalı olmasına baxmayaraq, həmin vaxtdan heç bir məlumat vermədən işə çıxmadığını nəzərinə çatdırmış, qısa müddətdə əlaqə saxlanılması və işə çıxmamanın səbəbini bildirməsi tələb edilmiş, əks halda onunla bağlanmış əmək müqaviləsinə birtərəfli qaydada xitam veriləcəyini bildirmişdir. X1 "xxxx" ASC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, xx.xx.2023cü il tarixdə saat 12:00 radələrində Həmid adlı vasitəçi onun şəxsiyyət vəsiqəsinin surətini çəkərək həmin bankda çalışan Elçin adlı şəxsə göndərmişdir. Elçinin təsdiqini aldıqdan sonra Həmid adlı şəxs 28 May küçəsində yerləşən filialda çalışan Aynur xanıma yaxınlaşmasını və Elçinin tapşırığı ilə kreditin ona ayrılacağını söyləmişdir. Ona ayrılan məbləğ 9.700 manat olmuşdur. Həmid adlı vasitəçi ondan 5.600 manat alaraq, ABB-də çalışan Elçin adlı şəxsə 5.000 manat çatacağını, özü isə vasitəçi olaraq 600 manatını mənimsəmişdir. Bankdan bu işin tam araşdırılaraq ona ayrılan puldan 5.600 manatın silinməsini xahiş etmişdir. Təqdim olunmuş materiallardan görünür ki, qeyd olunan şikayətlə bağlı ətraflı araşdırma aparılmış, kreditin verilməsi prosesi araşdırılmış, videomonitorinq və loqlar təhlil edilmiş, əməkdaş A.Kamalzadənin kredit portfeli üzrə şübhəli hesab edilən kreditlərin araşdırılması həyata keçirilmiş, kreditin rəsmiləşdirilmə prosesi təhlil olunmuş, A.Kamalzadənin izahatı alınmış, aşkarlanmış nöqsanlar detallı şəkildə qeyd olunmaqla müvafiq rəsmiləşdirmə (sənədləşdirmə) işləri yerinə yetirilmişdir. X18 Nadir qızının kredit portfeli üzrə şübhəli hesab edilən kreditlərin araşdırılması barədə İTAŞ_063/2023 (İNM 535) nömrəli arayışdan görünür ki, əməkdaşın əvvəlki intizam tədbirləri -xx.xx.2022-ci il tarixdə yazılı xəbərdarlıq edilmiş, xx.xx.2023-cü il tarixdə şifahi xəbərdarlıq edilmiş, xx.xx.2023-cü il tarixdə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Arayışa əsasən əməkdaşın tutduğu vəzifəyə uyğunluğunun yenidən qiymətləndirilməsi tövsiyə edilmişdir. X18 Nadir qızının vasitəçi ilə kredit verilməsi ilə bağlı daxil olan məlumatın araşdırılması barədə İTAŞ_052/2023 (İNM 487 və İNM 393) nömrəli arayışdan görünür ki, əməkdaşın tutduğu vəzifəyə uyğunluğunun yenidən qiymətləndirilməsi tövsiyə edilmişdir. Kamalzadə Aynur Nadir qızının xx.xx.2023-cü il tarixli izahatından görünür ki, müştəri filialda olmadan bəzən iş prosesində yaxınlarının, tanışlarının və rəhbər şəxslərin xahişi ilə müştəri gələnədək kredit rəsmiləşdirilməsi üçün məlumatlara baxmışdır. Həmçinin başqa müştəri üçün də əvvəlcədən növbə götürülməsini ofis menecerindən xahiş etmiş və həmin müştərini növbəsi keçməsinə baxmayaraq növbəsiz qəbul etmişdir. Eyni tarixli digər izahatda da əməkdaş tanışları, ətrafı və bank əməkdaşları xahiş etdikdə hesaba baxıb yoxlanış edir, kredit götürülməsində köməklik edir, müştərinin çox gözləməməsi üçün növbəsiz və ya digər müştərinin növbəsində müştəri qəbul edir, həmçinin müştəri gələnə qədər onun sənədlərini hazır edir.Bunların qayda pozuntusu olduğunu bilir və bir daha yol verməyəcəyinə söz verir. Elektron yazışmaların ekran görüntüsündən görünür ki, baş mütəxəssis Fuad Bağırov tərəfindən intizam əmrindən çıxarış Kamalzadə Aynur Nadir qızının elektron poçt ünvanına xx.xx.2023-cü il tarixdə göndərilmişdir. X2 tərəfindən edilən müraciətin araşdırılması barədə İTAŞ082/2023 (İNM_595) nömrəli arayışdan görünür ki, əməkdaş X13 tərəfindən digər əməkdaşa məxsus profayldan istifadə edilməsi, əməkdaş X8 tərəfindən Bİ üzrə istifadəçi məlumatların digər əməkdaşa verilməsi, X18 Nadir qızı tərəfindən müştəri olmadan müştəriyə məxsus hesablara baxış edilməsi aşkarlanan nöqsanlar kimi müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli 110 nömrəli iclas protokolundan çıxarışdan göründüyü kimi, qeyd olunan məsələ X5 Rəyasət Heyətinin iclasının gündəliyinə çıxarılaraq müzakirə edilmiş və Kamalzadə Aynur Nadir qızının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən tutduğu vəzifədən azad edilməsinə razılıq verilmişdir. xx.xx.2023-cü il tarixli 2986k saylı əmrdən görünür ki, əmrin verilməsi səbəbləri ətraflı, geniş şəkildə izah edilməklə (iddiaya etirazda mətn tam şəkildə göstərilmişdir), Kamalzadə Aynur Nadir qızı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilmiş və o, tutduğu vəzifədən (filialın pərakəndə satış və xidmət üzrə aparıcı mütəxəssisi) azad edilmişdir. xx.xx.2023-cü il tarixli 6-2-40/2-27058/2023 saylı məktubdan görünür ki, "xxxx" ASCnin İnsan resurslarının idarə edilməsi departamentinin direktoru M.X10 Nadir qızına müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Həmin günün sonunadək iddiaçı əmək kitabçasını təhvil almamışdır. Bu səbəbdən xahiş olunmuşdur ki, iddiaçı qısa müddət ərzində İRİED-ə yaxınlaşıb əmək kitabçasını təhvil alsın. Ekspress kuryer xidmətinin 142960 nömrəli yol qaiməsindən görünür ki, həmin məktub xx.xx.2023-cü il tarixdə ünvana çatdırılmışdır. xx.xx.2024-cü il tarixli məktubdan görünür ki,Aynur Kamalzadənin müraciətinə əsasən Əmək kitabçasının əsli və əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin surəti məktubda qeyd edilən ünvana göndərilmişdir. xx.xx.2024-cü il tarixli hesabdan çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə iddiaçı Kamalzadə Aynur Nadir qızının müvafiq hesab nömrəsinə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar cavabdeh "xxxx" ASC tərəfindən son haqqhesab olan 468,44 manat pul vəsaiti köçürülmüşdür. Bakı 15 saylı Mediasiya Təşkilatının ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli MŞB/MT015/2024-0251/02 saylı arayışından görünür ki, tərəflərin nümayəndələri xx.xx.2024-cü il tarixdə saat 11:00-11:30da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasına iştirak etsələr də, prosesin davam etdiriməsi mümkün olmamışdır. İddiaçının nümayəndəsi tərəfindən 50 manat mediasiya xərci və 7 manat poçt-kargüzarlıq xərci ödənilmişdir. Məhkəmə iclasında cavabdehin təqdim etdiyi aidiyyəti filialda videoçəkilişlərin aparıldığı görüntülərə baxış keçirilmiş və X20 Departamentinin müvafiq araşdırmalara dair arayışlarında qeyd edilən hallar- əməkdaşın iş vaxtından əvvəl komputerdə müvafiq əməliyyat həyata keçirməsi, telefonuna gələn mesajdakı görüntüyə baxaraq elektron sistemdə axtarış etməsi, bir neçə növbə götürmüş şəxsin son olaraq həmin əməkdaşa yaxınlaşaraq kredit rəsmiləşdirməsi görüntülərdən aydın olmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək Məcəlləsinin: 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin ikinci hissəsinə əsasən bu məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla,etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71-ci maddəsinin üçüncü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 72-ci maddəsinin “e” yarımbəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. 73-cü maddəsinin 2-ci hissəsinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün işəgötürən tərəfindən xitam verilə bilər. 84-cü maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı, soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası,həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il,əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir. 84-cü maddəsinin ikinci hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. 300-cü maddəsinin birinci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, hazırki iş üzrə iddiaçı tərəfindən bankdaxili qaydaların pozuntusuna yol verilmişdir. Əməkdaş tərəfindən daha əvvəllər də analoji pozuntulara yol verildiyinə görə 2023-cü il ərzində şifahi xəbərdarlıq və sonuncu xəbərdarlıqla şiddətli töhmət intizam tənbehləri tətbiq edilmişdir. Növbəti dəfə aparılmış araşdırmalar nəticəsində əməkdaşın yenidən bankdaxili qaydaları, onunla işəgötürən arasında bağlanmış əmək müqaviləsinin və ona əlavələrin şərtlərinin pozulması halları müəyyən edilmiş, aşkar edilmiş nöqsanlar barədə əməkdaşın izahatı alınmış, əməkda qayda pozuntularına yol verdiyini bildirmişdir və bir daha bu əməlləri təkrarlamayacağına dair söz vermişdir. Bununla belə sonuncu araşdırma nəticəsində aşkar edilmiş nöqsanlara əsasən əməkdaşın vəzifəyə uyğunluğunun yenidən qiymətləndirilməsi tövsiyə edilmiş, işəgötürən əməkdaşla əmək münasibətlərini davam etdirmək niyyətində olmasına baxmayaraq əməkdaşın növbəti əmək məzuniyyəti, habelə xəstəliklə əlaqədar əmək qabiliyyətsiz olaraq işə çıxmamasından irəli gələrək əmək münasibətlərinə xitam verilməsi mümkün olmamışdır. İşçinin əmək məzuniyyəti və xəstəliklə əlaqədar işdən olmaması nəticəsində onunla əmək münasibətlərini tənzimləmək mümkün olmamış, xx.xx.2023-cü il tarixdə işçiyə müvafiq məzmunda məktub ünvanlanmış, onun işə gəlməməsi səbəblərini bildirməsi tələb olunmuş, əks halda əmək münasibətlərinə xitam verilməsi barədə xəbərdarlıq edilmişdir. Bu müddət çərçivəsində isə müştəri R.Nəsrullayevin müraciəti əsasında yenidən araşdırma aparılmışdır. Lakin, işçinin işdən azad edilməsinə əsas məhz R.Nəsrullayevin müraciəti deyil, daha əvvəlki aşkarlanmış pozuntulara əsasən aparılmış araşdırma nəticəsində onun vəzifəsinə uyğunluğunun yenidən qiymətləndirilməsi və işəgötürənin səlahiyyətli orqanının gəldiyi nəticə olmuşdur. Əməkdaşın işdən azad edilməsinə bütövlükdə onun üzərinə götürdüyü əmək funksiyalarından kənara çıxmalar, habelə əməkdaşın müəssəsisədaxili qaydalara (hazırki halda həmçinin korporativ etika məcəlləsi) riayət etməməsi olmuşdur. İşin faktiki hallarından göründüyü kimi, işəgötürən Əmək qanunvericiliyinə riayət etməklə, əmək müqaviləsinə xitam vermiş və iddiaçını işdən azad etmişdir. İddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əsaslı olmuşdur. Cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. Prosessual qanunvericiliyin göstərişlərinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinin əsaslı olması mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Belə olduğu təqdirdə isə iddia əsaslı hesab oluna və təmin edilə bilməz. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçı Kamalzadə Aynur Nadir qızının cavabdeh "xxxx" ASC-yə qarşı «əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 50 manat mediasiya xərci və 7 manat poçt-kargüzarlıq xərci iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Kamalzadə Aynur Nadir qızının cavabdeh "xxxx" ASC-yə qarşı «əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 50 manat mediasiya xərci və 7 manat poçt-kargüzarlıq xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar