Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4332/2022 13.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc olaraq 5000 (beş min) manat, iddia qaldırmaq üçün ödənilmiş 75 (yetmiş beş) manat dövlət rüsumu, vəkilə ödənilmiş 100 (yüz) manat da daxil olmaqla 4500 manat +225 manat+75 manat= 4800 manat (dörd min səkkiz yüz manat) manat ümumilikdə 5425 (beş min dörd yüz iyirmi beş manat) vəsaitin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırılmışdır ki, təhsil alan X2 qanuni nümayəndəsi Cavabdeh ilə İddiaçı MMC arasında “Təhsil Xidmətlərinin göstərilməsi haqqında” 0260-21 saylı, xx.xx.2021-ci il tarixli müqavilə bağlanılmışdır. Müqaviləyə əlavə olaraq tərəflər arasında xx.xx.2021-ci il tarixli Razılaşdırma Protokolu bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən, “Lisey” “Təhsilan”a Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi təhsil xidmətlətinin təşkilini, 1.2-ci maddəyə əsasən isə Təhsilanın “Qanuni nümayəndəsi” isə bu müqavilənin ayrılmaz hissəsi hesab edilən xx.xx.2021-ci il tarixli Razılaşdırma Protokolunda müəyyən edilmiş qaydada və müddətdə təhsil haqqı məbləğini “Lisey”ə ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci maddəsinə əsasən təhsil haqqı 5000 manat təşkil etməkdədi. Lisey tərəfindən təhsil xidməti tam göstərilsə də cavabdeh təhsil haqqını bu günədək ödəməmişdir. Həmin pul vəsaitinin ödənilməsi ilə bağlı şifahi müraciətlərimiz nəticəsiz qalmışdır. Məhkəmənin diqqətinə çatdırırıq ki, Lisey böyük kollektivə malikdir. İşçilərin əmək haqları, sosial sığortalar, vergilər, icarə haqları, dərs ləvazimatlarının alınması, binanın saxlanılması, o cümlədən elektrik, su, kommunal ödənişlər kimi cari xərclərin ödəmək məcburiyyətindədir. Liseyin yeganə gəlirləri isə təhsil alanların ödənişləri hesabına formalaşır. Cavabdeh üzərinə götürdüyü öhdəliyi vaxtında yerinə yetirmədiyini nəzərə alaraq hesab edirik ki, son bir il ərzində ödənişləri etmədiyinə görə Mərkəzi Bankın uçot dərəcəsi ilə, ən azı 5% lə dəymiş zərər, vəkilə ödənilən 100 manat vəsait, 75 manat dövlət rüsumu ondan tutularaq Liseyə ödənilməlidir. Hesab edirik ki, 5000 manat X 5% = 250 manat + 100 manat + 75 manat = 5425 (beş min dörd yüz iyirmi beş manat) cavabdehdən alınaraq Liseyə ödənilməlidir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Təhsil Xidmətlərinin Göstərilməsi haqqında xx.xx.2021-ci il tarixli, 0260-21 №-li Müqavilənin surətindən görünür ki, Cavabdeh illik təhsil haqqı müddətini bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən 0260-21 saylı, xx.xx.2021-ci il tarixli Razılaşdırma Protokolunda müəyyən edilmiş qaydada və müddətdə Liseyə ödəməyi öhdəsinə götürür. xx.xx.2021-ci il tarixli Razılaşdırma Protokolunun surətindən görünür ki, illik təhsil haqqı 5000 manat təşkil edir. Ödəniş cədvəlində müəyyənləşdirilmiş qaydaya əsasən cavabdehin bu məbləği ilkin ödəniş olaraq 1000 AZN, növbəti aylar isə xx.xx.2022-ci il tarixədək ayda 500 AZN olaraq ödəməsi nəzərdə tutulmuşdur. xx.xx.2022-ci il tarixli, İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış məktubdan görünür ki, cavabdeh pretenziya qaydasında xəbərdar edilmişdir. İş materiallarında olan qəbzin surətindən göründüyü kimi, iddiaçı tərəfindən hüquqi xidmətlərin göstərilməsi üçün 100 manat məbləğinə vəsait Bakı şəhəri 18 saylı Vəkil Bürosuna ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyi icra etməyərək, illik 5000 manat olaraq nəzərdə tutulmuş təhsil haqqını ödəməmişdir. Eyni zamanda iş materiallarında olan qəbzin surətindən göründüyü kimi, iddiaçı tərəfindən hüquqi xidmətlərin göstərilməsi üçün 100 manat məbləğinə vəsait Bakı şəhəri 18 saylı Vəkil Bürosuna ödənilmişdir. Qalan məbləğin tutulması ilə bağlı iddiaçı zəruri sübutları məhkəməyə təqdim etməmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, müqavilədə borca görə faizlərin ödənilməsi nəzərdə tutulmamışdır. Eyni zamanda iddiaçı tərəfindən hüququ pozulmasaydı, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 75 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 5000 manat məbləğində borc, 100 manat vəkilə ödənilmiş xidmət haqqı və ödənilmiş 75 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. İddia hüquqi xidmət xərci və qalan məbləğlər hissəsində rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 5000 manat məbləğində borc, 100 manat vəkilə ödənilmiş xidmət haqqı və ödənilmiş 75 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №e-2(006)-4332/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4332/2022
13.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver